MÜSABİQƏ: Samir Kərimoğlu. Şeirlər

MÜSABİQƏ: Samir Kərimoğlu. Şeirlər



IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin "20-liy"i

Düz
iyirmi ildən artıqdı ki,
soxulub xəritəmizə
işğal sözü.

Çoxdan
tor gəlib
həqiqətin gözlərinə...

Hələ də
xaç atası axtarır
canilər sözünə...

OĞLUMA və QIZIMA

Oğlum iməkləyərək
qucaqlayır
bir kitab sözü
gözlərində uşaq təbəssümü
Hələ anlamır
sözün, şeirin
nə olduğunu...

Beləcə,
dərk etmək istəyir,
niyə doğulduğunu...

***

Ən
sevimli rəqəmi
3-dür oğlumun

Onun
bu rəqəmi
niyə sevdiyini
mən anlamırdım?

O isə
hər şeydən
üç istəyir...

***

Gecələr
körpə səsi üçün
üşüyür
O qadının gözləri

Boş beşiyə
saçlarını sərib
yırğalayır, yırğalayır
Qızım
mənə bənzəməz deyərək,
gecə-gündüz gözləyir...

Özü
barmaqlarıyla göstərdi
bu rəqəmi niyə sevdiyini

Biri anamın,
Biri atamın,
Biri də mənim...

"BİZ ŞƏRQLİYİK" silsiləsi

Biz şərqliyik,
günəşə daha yaxınıq.

Kainatın
ən isti ulduzları bizim.

Tez-tez
qonaq gəlir gözlərimizə
allahın mələkləri...

***

Sabah
Şuşada iyirmi dərəcə
isti olacaq,
ağacları,
çiçəkləri,
quşları
qızdırma içində
doğma bir hənirti axtaracaq...

***

Bir
cənub günəşi
alıb apardı
lap uzaqlara
qayğılar dənizində
üzən gəmini...

Bir
cənub günəşi
geriyə qaytardı
qədərin tərs üzünü...

***

Yenə
həlimlik duyulur
nəfəsindən bahar
yaşıl çəmənlərində
çiçəklər gülüşür

Arxamca
hər bahar
tənha ormanda
bir ağ çiçək yüyürür...

***

Soyuq vağzallardan
talelər keçən
gah şimala,
gah cənuba
vağzaldan-vağzala
ömür gecikər...

***

Təqvimdə
havalar yenə soyuq.

Vaxtında
bir daş qurmadıq
sərgərdan ömrümüzə...

***

Şimaldan
qar gətirdim
cənubdan günəş

Qərbdən
gəldi qəribliyim
şərqdə soldu gəncliyim...