MÜSABİQƏ: Şəbnəm Xeyrulla. Hekayə

MÜSABİQƏ: Şəbnəm Xeyrulla. Hekayə

IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin "20-liy"i




“ASSORTI FOR YOU”

Ayrılığımızdan üç ildən çox vaxt keçirdi. İlk ayları, bəlkə də, ili çətinliklə yaşamışdım. Hər günü “sabaha çıxa bilmərəm, ölərəm” fikri ilə keçirdiyim o vaxtlarda həmdəmim ondan qalan xatirələr olurdu. Lənətə gəlmiş xatirələrdən beynimin hansısa yerində qorunub saxlananlar da var idi, maddi olanları da. Telefonumun gizli hissəsində yerləşdirdiyim 713 SMS-lik qovluğu, heç kim tapmasın deyə, noutbukumun “ən dərin” yerlərinə atdım, məndə olan yeganə fotoşəklini və səs yazısını hansı bölgüyə əlavə etdiyimi dəqiq bilmirəm. Axı onları da əldə tutmaq olmur. Baxmayaraq ki, hər gün bu xatirələri üzə çıxarandan sonra noutbukumun ekranını qucaqlaya, telefonumu köksümə sıxa bilmək imkanım olurdu. Hə, ondan mənə qalan bir şey də var: hədiyyə etdiyi musiqi diski. 172 musiqi nömrəsindən ibarət bu diski, öz zövqünə uyğun olaraq, mənim üçün yazmışdı.
Bir gün anladım ki, hər dəfə yenilədiyim, izlərinə taxılıb qaldığım, bu xatirələr düşündüyüm kimi, həmdəmim, yardımçım deyil, əksinə, düşmənlərimdir. Onlardan aldığım qüvvə təsəlli yox, özünüməhvdir. Həmin gün tövbə elədim: onunla bağlı hər şeyi həyatımdan çıxaracağıma, daha haqqında düşünməyəcəyimə söz verdim. Çətin idi, bir günün içində həyatı dəyişə bilməzsən. Gör, nə qədər şeyin üstündən xətt çəkməli idim... Əvvəlcə SMS, fotoşəkil, səs yazısı və diskdən başladım. Onları silməyə, atmağa gücüm çatmasa da, bir daha baxmayacağıma, oxumayacağıma, dinləməyəcəyimə and içdim. Bunlar onu unutmaq yolunda çox adi şeylər olsalar da, hər halda, irəliləyiş idi. Getdikcə onun sevdiyi filmlərə baxmamağa, xoşladığı müəlliflərin əsərlərini oxumamağa, onun ola biləcəyi yerlərə getməməyə çalışırdım. Çətin olsa da, alınırdı. Bu minvalla bir gün onu tamamilə unudacağıma da inanırdım. Bircə, gecələr yatağıma uzananda biixtiyar gözümdən axan yaşlar olmasaydı, hər şey yaxşı olacaqdı. Neyləyim ki, o göz yaşlarını saxlamaq əlimdə deyildi. Nə qədər xoş şeylər haqqında düşünməyə çalışsam da, hər şeyi beynimdən bir kənara atsam da, “gecə ağlamaqları” kəsmək bilmirdi.
Bir dəfə təsadüfən maraqlı xalq inancı haqqında oxudum. Sən demə, göylərdə bir pəri, ya da mələk var. O pəri gecələr ağlayan qızların səsinə həzin bir musiqi kimi qulaq asıb zövq alırmış. Buna görə də hər dəfə gecə düşən kimi həmin pəri səsini dinlədiyi qıza səslənib yenə də ağlamasını istəyər. Qızların səbəbsiz (guya) göz yaşları da buna görə olur. İnanca görə, həmin pəriyə ağlamamaqla qalib gəlmək lazımdır. Yoxsa ömrünün sonuna kimi onun “nəğməkarı” olacaqsanmış.
Bəlkə də, çoxlarını bu əhvalat qorxudardı. Amma mən bunları oxuyandan sonra sevinirdim. Bu dünyada heç kimi, hətta özünü belə xoşbəxt etməyi bacarmadığım halda göylərdəki bir pərini, mələyi ağlamağımla bəxtəvər edə bilirəmsə, nə mutlu mənə. Ömrünün sonuna qədər bir pərinin nəğməkarı olmaqdan, göyləri sevindirməkdən gözəl nə ola bilər?! Bundan sonra hər gecə o pəriyə səslənib, “sənin üçün ağlayıram, qulaq as” deyib göz yaşlarımı axıdardım. Fikrimdə pərinin obrazını da yaratmışdım. Mənim pərim imperissionist rəssamların çəkdiyi qıvrım, sarı saçlı qız deyildi, cavan, keçəl, ümid rəngli gözləri ilə ətrafdakılardan təbəssümünü əskik etməyən bir oğlan idi. Bir sözlə, O idi!

Yuxuya gedə bilmədiyim gecələrin birində radio dinləmək qərarına gəlmişdim. Gecə saat biri keçmişdi, FM dalğasında musiqilər səsləndirilirdi. Təqdimatsız-filansız bir-birinin ardınca səslənən musiqi nömrələri məni elə bir vəziyyətə saldı ki, göz yaşlarım da qurudu. Bu musiqilərin hər biri mənim diskimdən idi – onun mənə hədiyyə etdiyi, adını “Assorti for you” (“Sənin üçün assorti”) qoyduğu diskdən. Bir saatlıq konsert proqramında o diskdən kənar bircə musiqi də səslənmədi. Bu təsadüf həmin gecə yatmağıma da mane oldu. Növbəti gecə yenə də həmin saatı gözləyib radionu qoşdum. Daha burada təsadüf deyilən bir şey yox idi. Bu dəfə səslənənlər dünənki musiqilər olmasa da, yenə də həmin diskdən idilər. Artıq yatağıma ağlamaq ümidi ilə deyil, mənim diskimdən olan musiqiləri dinləmək üçün uzanırdım. Onun mənə sevdirdiyi Enio Morrikone, Alim Qasımov, Akif İslamzadə, Maksim, Faiq Sücəddinov, Ramozotti bu dəfə təkcə mənim üçün deyil, bütün dinləyicilər üçün səslənirdi. Buna görə də hər gecə həmin musiqiləri dinləməyi tövbəmi pozmaq kimi deyil, adi qəbul etməyə çalışırdım.

Kim olsa fikirləşərdi ki, yəqin gecə konsertlərini təşkil edən odur. Amma mən belə düşünə bilmirdim. Çünki onu kifayət qədər tanıyırdım. Bilirdim ki, o indi təsəvvür etdiyim kimi, göylərdə, hansısa mələk məqamındadır, yerlə, özü də hansısa radio ilə bağlılığı ola bilməz.

Təsadüf olmadığı açıq-aşkar olan bu gecə konsertləri beynimdə belə fikir yaradırdı: dicey bir xanımdır. Nə vaxtsa Onu sevib. Elə o xanıma da mənə hədiyyə etdiyi diskdən verib. Nə qədər ağlasığmaz görünsə də, mən belə qəbul edirdim. Yox, bu, qısqanclıq hissi-filan deyildi. Axı onun məni heç vaxt sevmədiyini çox yaxşı bilirdim. Bilirdim ki, o mənə ancaq dost kimi baxıb. Yalnız mən axmaq onu sevmişəm. Buna görə də, ikimiz də ayrılmağa qərar vermişik. İndi həmin xanıma da yazığım gəlirdi. Çünki hiss edirdim ki, o da mənim kimi, ayrılığının acılarını yaşamaqla məşğuldur. Axı qadınlar qarşılıqsız sevdikləri hallarda məhəbbətlərini bu şəkildə ictimailəşdirirlər. Yalnız bircə ümidlə ki, məhəbbətlərindən xəbərdar olanlar arasında sevdikləri də olacaq.

Günlərin birində həmin xanımla tanış olmaq, söhbətlərini dinləmək istəyim yarandı. Radioda işləyən tanışlarımdan birindən gecə saat 1-2 arası hansı diceyin çalışdığını öyrənmək istədim. Məlum oldu ki, həmin saatlarda radioda heç bir dicey olmur, konsertləri daha erkən saatlarda tərtib edib, diskə yazırlar. Kompyuter avtomatik olaraq ardıcıllıqla musiqiləri səsləndirir. O zaman tərtibçinin kimliyini bilmək istədiyimi dedim. Tanışım növbəti gün zəng edib tərtibçinin bir gənc xanım olduğunu dedi. Onunla görüşmək istəyimi bildirdim. Tanışımın böyük səyləri ilə nəhayət ki, görüşümüz baş tutdu...

Qarşımda gözəl, incə bir qadın durmuşdu. Üzündən sual və qorxu oxunurdu. Çəkinə-çəkinə kim olduğumu soruşdu. Sualına sualla cavab verdim, Onun adını çəkib, hələ də sevib-sevmədiyini soruşdum.
Ağzımdan çıxan adı eşidən kimi yerində quruyub qaldı. Elə sifət almışdı ki, az qala, səhv etdiyimi düşündüm. Üzr istəyib uzaqlaşmaq istədiyim məqamda o da mənə sual verdi. Həm də mənimkindən daha sarsıdıcı bir sualı. Adımı çəkib, həmin adam olub-olmadığımı soruşdu. Əvvəl elə bildim ki, yəqin radioda işləyən tanışım ona adımı deyib. Amma üzündəki ifadə onun da mənim kimi nələrisə bildiyindən xəbər verirdi. Çaşqınlığımdan istifadə edib danışmağa başladı:

-                    Onunla dörd ay əvvəl evlənmişik.

Eşitdiyim xəbər ayaqlarımı yerdən üzdü. Axı onun nə vaxtsa evlənəcəyini bilirdim. Bu xəbərə niyə təəccüb edirdim ki. Üzr istəyib uzaqlaşmaq lazımdır. Ailə dağıtmaq, həm də sevdiyimin ailəsini dağıtmaq mənə yaraşmaz. Olmaz!
-                    Bağışlayın... Deyəsən, səhv salmışam. Sizi başqası bilmişəm... Mən...

-                    Narahat olmayın, artıq boşanırıq, - bu sözləri elə sakit dedi ki...

Yox, uzaqlaşmaq lazım deyil. Əvvəlcə, hər şeyi öyrənmək lazımdır. Üç ildən sonra yenidən izinə düşmüşəm. Öyrənməmiş getmək düzgün deyil:
-                    Axı niyə? Onu sevmirsiniz ki?

-                    Mən? Mən sevirdim. İndi də sevirəm. Amma o sevmədi. Bilirsiz, əslində bu yenilik deyil. Lap əvvəldən, evlənməmişdən məni sevmədiyini, heç vaxt da sevə bilməyəcəyini demişdi. Ümumiyyətlə, o heç kimi sevmədiyini deyirdi.

Heç kimi sevə bilməyəcəyi xəbəri mənim üçün yenilik deyildi. Amma bu gənc xanımın ona ərə getməsi məni təəccübləndirirdi. Təəccübümü boğmayıb soruşdum:
-                    Bəs siz? Bunu bilə-bilə evlənməyə razılaşmışdınız?

-                    O mahnılarda deyildiyi kimi, ikimizin yerinə sevə biləcəyimi düşünürdüm. Sevdim də.

-                    Ancaq dörd ay?

-                    Yox. Bu dörd ayda anladım ki, onun “heç vaxt heç kimi sevməyəcəyəm” deməsi yalandır. Əslində, o sevir.

-                    Sevir? Kimi?

-                    Sizi!

Deməyə, sual verməyə söz tapa bilmirdim. Necə yəni məni? Bu mümkün olan şey deyil. Axı bu dünyada heç kəs onun sevgisinə layiq deyil. Mən isə ümumiyyətlə!

O isə hələ də davam edirdi:

-                    Bəli, sizi. Təəccüblənməyin, etiraf eləməsə də, sizi sevir. Hərdən düşünürəm ki, heç özü də sevdiyindən xəbərsizdir. Bilirəm ki, bura diskinizin səsləndirilməsi marağı ilə gəlmisiniz. Düzdür?

Danışa bilmədiyim üçün başımın işarəsi ilə sualına təsdiq cavabı verdim. O elə bil daha təmkinli olduğunu göstərmək üçün dayanmadan danışırdı:

-                    Bu diski nə vaxtsa sizə hədiyyə etdiyini bilirəm. Kompyuterində qovluq kimi bir nüsxəsini də saxlayır. Qovluğu da sizin adınızla adlandırıb. Ona görə kimliyinizi bildim. Hər gecə bu musiqilərə qulaq asırdı. Mən başa düşürdüm ki, o, məhz sizi xatırlamaq üçün musiqiləri dinləyir. O sizi sevir. Əmin olun... İndi də dinləməyini istəyirəm. Bu musiqiləri onun üçün, sizə olan sevgisinə görə səsləndirirəm.

Ağlayırdım. Özümü saxlaya bilməyib onu qucaqladım. Deyəsən, o da buna bənd idi. Hönkürməyə başladı. Hıçqırıqlarla qulağıma pıçıldayırdı:

-                    Yerini deyim. Gedin yanına.

-                    Deməyin, mən onsuz da onun yerini bilirəm. Bilirəm ki, göylərdədir. Hər gecə onun üçün ağlayıram. O da məni eşidir.

Dediyimdən heç nə anlamasa da, başı ilə təsdiq edirdi. Sözlərimə inandığını görüb məni narahat edən sualı da ona verdim:
-                    Bacım, siz bilərsiz, görəsən, o gündüzlər də bizim ağlamağımıza qulaq asır? Asırsa, ağlayaq. Qoy, qulaq asıb özünü xoşbəxt hiss eləsin...