Namiq Zaman. Xəyanət (Hekayə)

Namiq Zaman. Xəyanət (Hekayə)


"Qoca ulas”ın* yanında qaraltı göründü. Bundan xəbər tutan camaat kəndin yuxarısındakı "Xırman yeri”nə axışdı. Gecə yağan qardan sonra hər yer ağappaq olduğundan, qaraltı daha yaxşı seçilir, diqqəti tez cəlb edirdi. Hava tər-təmiz, buludsuz və günəşli idi. Hamının nəzəri qarşı tərəfə – çayın o tayına, meşə talasındakı qaraltıya yönəlmişdi. Tezliklə hər şey məlum oldu: "Qoca ulas”la qabaq-qənşər balaca bir mağara vardı. Nə vaxtsa gəlib burada "qış yuxusu”na getmiş qonur ayı mağaranı tərk edərək, yavaş-yavaş ordan uzaqlaşırdı. Sinəsi və ayaqları ilə qarı yara-yara "Poçt yolu”nu keçən ayı "Həsənağa”nın düzünə çıxdı. Geriyə çevrildi, çöməlib bir müddət hərəkətsiz qaldı. Ətrafı gözdən keçirib havanı iylədikdən sonra, qollarını yuxarı qaldırıb bir az dikəldi. Boğuq, amma uca səslə nərə çəkdi. "Moruqlunun dərəsi” vəhşi bağırtıya əks-səda verdi. Bu vahiməli səs yeri-göyü silkələdi, ağacların, kolların üstündəki qar yerə töküldü. Kəndin qənşərindəki "Dəmirçi dağı”nın döşündən qopan nəhəng qar topaları diyirlənib "Meşənin başı”nda təpəcik əmələ gətirdi. Bir anda ətrafda civildəşən quşların səsi kəsildi. Qəribə bir səssizlik yarandı. Hamı heyrətlə biri-birinin üzünə baxırdı. Baş verənləri anlamaq çətin idi... 

Qaraltı "Dikyurd”un sinəsilə ilan kimi qıvrılıb-gedən qar basmış yolla üzüyuxarı sürünürdü. Obanın yaşlı sakinləri bu vaxta kimi belə bir hadisəyə rast gəlmədiklərini deyirdilər. Uzun illərdən bəri boş qalmış  mağaraya bu heyvan haradan, necə gəlib girmişdi? Birdən-birə, "qışın oğlan çağı”nda, yuxusundan yarımçıq oyanıb bu vəziyyətdə – gecələrin birində deyil, səhərin açılan vaxtı oranı niyə tərk edirdi? O niyə öldürüləcəyindən qorxmur, özünü hamıya göstərirdi? Bəs bu hikkəli qışqırığın, baş alıb getməyin səbəbi nə idi?.. Cavabsız suallar beyinlərə, düşüncələrə hakim kəsilmişdi. 

Artıq "Çalbayır”ın aşırımında görünən kainatın bu sirli varlığı qürub etməkdə olan günəşin son şəfəqləri içərisində əriyib yox oldu. Heyrətdən donmuş insanlar axşamın ala-toranlığında çəkilib öz evlərinə getdilər. O gecə heç kəsin gözünə yuxu getmədi. 

Səhər açılar-açılmaz ayının izinə düşən adamlar dünən onun "Sarısərçəli meşəsi”nə getdiyini güman etsələr də, az müddətdən sonra yanıldıqlarını gördülər: iz onları aparıb "Qızıl- qaya”nın başına çıxartdı. Atlılar üzü kəndə sarı oturmuş halda donub qalan ayını görüb təəccübləndilər. Yenicə doğan günəşin qızılı şüaları onun üz-gözünü və enli sinəsini dünənki kimi parıldadırdı. Sifətindəki qəzəb və nifrət aydın sezilirdi. Sanki yenə də var gücü ilə bağırmağa, nəyi isə anlatmağa hazırlaşırdı...

Bu söz-söhbət uzun müddət danışıldı. Kəndin ağsaqqal, dünyagörmüş adamları ayının intihar etdiyini və bununla hansısa gizli bir mətləbdən xəbər vermək istədiyini söyləyirdilər.   Bu, həm də yaxın zamanda baş verəcək xoşagəlməz hadisənin ola biləcəyindən və buna hər an hazır olmağın vacibliyindən xəbər verirdi.   
                                               
Əslində, camaat hər şeyə çoxdan hazır idi: aşağı bölgələrdən məmləkətə soxulmuş yadelli quldurları yiyələndikləri ərazilərdən çıxarmaq üçün kəndin əli silah tutanlarının əksəriyyəti, xüsusən cavanlar oraya getmişdilər. Onlar gecə-gündüz səngərdə idi. Döyüşlərdə həlak olanlar, itkin düşənlər vardı, torpaq bir daha şəhid qanı da dadmışdı. Amma bütün bunlara baxmayaraq,  heç  kəs  qorxmur,  ruhdan  düşmürdü. Elin-obanın qeyrətli, cəsur oğulları öz ata-babalarının vaxtilə tutduğu yolla gedərək, silaha sarılmış, bu dəfə nə olur-olsun, azğınlaşmış düşməni tamamilə süpürüb vətənin hüdudlarından kənarlaşdırmağı, zaman-zaman baş qaldıran bu     dava-dalaşa, qan-qadaya birdəfəlik son qoymağı qət etmişdilər. Yenidən öz dönüklüyünü, qaniçənliyini ortaya qoyan bu xain "qonşu” vaxtilə uzaq məmləkətlərdən gəlib buralarda məskən salmış, sonralar ətraf bölgələri də ələ  keçirmək məqsədilə bir-neçə dəfə hücuma keçərək, xeyli dağıntı, tələfat törətmiş, hər dəfə də istəklərinə nail olmuşdular. Ayrı-ayrı vaxtlarda yerli əhali onlara qarşı mübarizə aparsa da, son anda, məmləkəti işğal etmiş daha böyük düşmənin havadarlığı sayəsində burada özlərinə yer eləmiş, zəli kimi əyalətin ortasına sancılmışdılar. İndi isə yenə də baş qaldıraraq, buranın qədim sakinlərini öz məskənlərindən qovmaq istəyirdilər.
Budəfəki ağır döyüşlərdə mühasirədə qalmış, aclıq və itkilərlə üzləşmiş düşmənlər qarşılaşdığı müqavimətdən sarsılaraq, savaşı dayandırmaq, tezliklə buraları tərk etmək fikrindəydilər. Canıyla, qanıyla vətənə bağlı olan igidlərsə, onların başına od ələməkdə davam edirdi. Ölümün üstünə atılan bu ərənlər yaxın günlərdə hər şeyi alt-üst edəcək xain hiyləsindən hələ xəbərsiz idilər...

Kənddə narahatlıq get-gedə artırdı. İllərdən bəri hər cür çətinliyə sinə gərmiş bu insanlar qorxmurdular, onları qarlı qışın bu vədəsi, ailə-uşağın vəziyyəti düşündürürdü. Bir yandan da, əvvəlki kimi sərbəst deyildilər və istədikləri şəkildə mübarizəyə qoşula, öz güclərindən faydalana bilmirdilər. Bunun da səbəbləri vardı: artıq "nizami” ordu yaradılmışdı, könüllü döyüşçülər də ordu ilə birlikdə komandanlığın istəyinə uyğun hərəkət etməyə məcbur idi. 

Hadisələrin axarı xeyli dəyişmişdi. Döyüşə rəhbərlik edənlərin ikibaşlı hərəkəti hamını çaş-baş qoymuşdu. Bəzən könüllü döyüşçülər yersiz əmrlərə tabe olmur, buna görə cəza alırdılar. Təxribatlar güclənir, əsgərlər arasındakı pərakəndəlik get-gedə dərinləşirdi. Onlar sahib olduqları yerlərdən xeyli geriyə çəkilmişdilər, hücumlar çoxlu itki və məğlubiyyətlə nəticələnirdi. Əlverişli yerlərdən uzaqlaşdırılmış əsgərlər aşağı bölgələrdən xəbərsiz idi, aşağılarla əlaqə kəsilmişdi. Döyüşçülərə hər gün geri çəkilmək əmri verilir, düşmənlərsə, bundan istifadə edərək, öz ərazilərini genişləndirirdilər. 

*  *  *

Bu səhəri camaat yenə acı xəbərlə açdı: əsgərlər döyüş meydanından tamamilə arxaya çəkilərək, qonşu obalara qədər gəlib çatmışdılar! Çöhrələrdə hüznlü bir təlaş vardı. Mal-qoyunun mələşməsi, toyuqların, itlərin səsi biri-birinə qarışmışdı. İnsanların ağzında söz də donmuşdu, kimsədən səs çıxmırdı...

Bu vaxtlar torpağın oyanan, quşların bala çıxaran vaxtı idi. Bahar qoxusu, yaz ətri hər tərəfi bürümüşdü. Axşam-səhər əsən ilıq meh dağlara, düzlərə sığal çəkib, dərələrin bal kimi süzülüb gedən dum-duru, ilıq sularında yuyunurdu. Hərdən nərildəyən ildırımın havanı,        dağı-dərəni titrədən gurultusu, göz qamaşdıran şimşəyin göy üzündə damarlanan parlaq işığı, bir anda sellənən yağışın torpağı döyəcləyən iri damcıları möhtəşəm oyanışın əzəmətli təntənəsi kimi, yenə də hər yanı canlandırırdı.  Dumanlı-çiskinli yaz yağışından sonra səmanı bəzəyən    al-əlvan göy qurşağı bu bakirə gözəlliyə yeni bir naxış artırırdı. Kənd camaatının hərilki kimi, qoruyub saxladığı toxumları, tumları səpdiyi şumlar da göyərmişdi. Evlərin yaşıllığa, gülə-çiçəyə qərq olmuş  geniş həyətlərindəki toyuq-cücə günəşin mehriban gülüşündən xumarlanıb, öz həzin nəğmələrini oxuyurdu. İlk baharda çiçəkləyən alça ağacları meşəni saçı yenicə çallamış, müdriklik yaşına qədəm qoyan nurani insana bənzədirdi. Talalarda nərgiz, bənövşə, pəşəməngül, inciçiçəyi sanki biri-birilə bəhsə girib, öz zərif görkəmi, təkrarolunmaz ətirlərilə ətrafdakılara naz satırdı. Bulaqların, dərələrin, çayların yanından keçəndə, suların zümzüməsi kəkotunun, yarpızın, mustafaçiçəyinin, lilparın, zəncirotunun xoş qoxusu, rəngbərəng kəpənəklərin asudə uçuşu, arıların çiçəkdən-çiçəyə qonaraq, onları "əzizləməsi”, "öpüb-oxşaması”, bu füsunkar mənzərədən ilhamlanan quşların şövqlə oxuduğu şux nəğmələr adamı ovsunlayırdı. Bir sözlə, təbiətin ən gözəl, ən təravətli, "torpağın gül, daşların dil açan” çağıydı. Amma bunların heç biri insanların gözünə görünmür, onların ruhunu oxşaya bilmirdi. Çarəsizlik əzabı yaşanırdı... 
Heç kəsin ağlına belə gəlməzdi ki, uzaqlarda gedən savaş nə vaxtsa buralara – "Araz”la "Kür”ün suayrıcına, hər daşı, qayası, keçilməz bənd-bərəsi ilə təbii səngər, alınmaz qala olan bu yerlərə, bu uca dağlara gəlib çata bilər, ölümə belə meydan oxuyan aslan cüssəli igidlər iyrənc oyunların qurbanına çevrilib, yağı qarşısından geri çəkilər. Amma budur, düşmən günbəgün boş qalmış əraziləri ələ keçirir, get-gedə yuxarılara sarı yol alırdı.

Məmləkətin başı üzərindəki qara buludlar getdikcə çoxalır, uğursuzluq küləyi sinəsini didim-didim didirdi: hazırlanmış döyüş planları boşa çıxır, öndə gedən say-seçmə oğullar müəmmalı şəkildə qətlə yetrilir, yaxud "itkin düşürdü”. Obalardakı şəhid məzarlıqlarında savaşda həlak olmuş əsgərlərlə yanaşı uyuyan, düşmən gülləsinə tuş gəlmiş günahsız sakinlərin, qarı-qocanın, gənc və körpənin məzarı da az deyildi.

Ehtiyatı əldən vermək olmazdı. Qadınları, yaşlıları və uşaqları kənddən bir mənzil uzaq olsun deyə, obaların yaylaq yerinə – "Qızılqaya”nın qonşusu, "Mıxtökən”ə, "Murov”a, "Dəlidağ”a "sirdaş” olan "Sarıyoxuş”a aparıb, orada hazırladıqları dəyələrdə yerləşdirdilər. Başının dumanı-çəni çox vaxt əskik olmayan bu dağın zirvəsindən hər yan; "Çilgəz”, "Alaqaya”, "Cinli gədik”, üzüaşağı uzanıb gedən "Qırxqız” silsiləsi və onun aşağı zirvə hüdudu sayılan "Sarıbaba”, "Keşik(çi) dağı”, "Dəmirçidağ”, "Qaragöl”, "İşıqlı” dağı, "Qabaqtəpə” tərəflər, ucsuz-bucaqsız yaylalar... göz işlədikcə görünürdü. Hava aydın və sakit olsa da, arabir əsən sazaq adamın iliyinə işləyirdi. Elə bil baharın nəfəsi buralara gəlib çatmamışdı. Dağlar öz qonaqlarının bu vaxtsız-vədəsiz gəlişini, ağrısını, müsibətini əvvəlcədən duymuş, ciyərinin yanğısını söndürmək üçün başında qar da saxlamışdı. Bulaqlar da əvvəlki kimi bəxtəvərcəsinə çağlamır, sakitcə göz yaşı axıdırdı...

İndi "Qızılqaya” camaatın gözündə daşlaşmış nəhəng ayını xatırladırdı. O ayını ki, o, hələ üç-dörd ay bundan əvvəl, şaxtalı bir qış günündə özünü qurban etməklə, bütün bu olanları camaata xəbər verməyə, onları ayıq-sayıqlığa çağırmağa çalışırdı. Son və əbədi mənzil kimi hər kəsin görə biləcəyi, bəlkə də özünün hamını, hər yeri və hər şeyi müşahidə edə biləcəyi bu məkanı seçmişdi. Yəqin ki, daşlaşıb "Qızılqaya” boyda əzəmətli bir dağa çevrilmiş ayının narahat ruhu bu faciəni kənardan – həmin o uca zirvədən izləyirdi. O artıq cismən torpağa çevrilsə də, indi daha çox "danışa bilirdi”. Onun nə demək istədiyini camaat indi daha aydın başa düşürdü. Lakin gec idi...

Artıq hava qaralırdı. Kəndin üstünü qorxunc bir kabus almışdı. Hökm sürən cansıxıcı sükutu arabir hürən, ulayan itlərin səsi pozurdu. Kənd sakinləri yenə də həyatlarının ən çətin anlarını yaşayırdılar, doğma dam-daş sıxırdı onları. Sümükləri sızıldadan qərib duyğular tüğyan edirdi. İnsanlar sanki bu anda onlardan xeyli uzaqda – məmləkətin güney-gündoğanında satqın əməlinin güdazına getmiş, torpağı, od-ocağı, malı-mülkü talan edilərək ağır işgəncələrə düçar olunan soydaşlarının dəhşətli iniltisini hiss edir, "Araz”ın daşqın sularının gecənin qaranlığında amansızlıqla udub əbədi susqunluğa qərq etdiyi talesiz yurddaşlarının fəryadını eşidirdilər...

Gecəyarısı aşağı obalardakı yanğınların alovu havanı işıqlandırdı. Atışma səsləri,    qulaqbatıran uğultu getdikcə yaxınlaşırdı. Müqavimət göstərməkdə aciz qalan döyüşçülər də geri çəkilməkdə davam edirdilər. 

Danışmaq, hətta düşünmək belə mənasız idi, vaxt itirmək bundan da ağır faciəyə yol aça bilərdi. Əlləri hər yerdən üzülmüş insanlar evlərini tərk edib dağlara üz tutdular...
 
"Sarıyoxuş”da yaşadığı əzabdan və soyuqdan titrəyən insanlar şaqqıltıyla alovlara qərq olub tüstüsü ərşə qalxan kəndləri "seyr edirdilər”. Ürəkdağlayan ah-nalə nidaları gecənin zülmətini param-parça edirdi. "Buzxana”da, "Yelliyurd”da, "Cəhənnəmdərə”də ulayan qurdların səsi haylı-haraylı bir həyatın yetişməkdə olan qəmli sonluğundan xəbər verirdi. Bu müdhiş mənzərə iti bıçaq kimi dağın-daşın sinəsini dəlir, onların sirli yaddaşına hopurdu.

Gecənin dəhşətində vurnuxan insanlar sanki öz doğma məskənini heç zaman tərk etməyən, axır məqamda isə yurdunun daşına, torpağına çevrilib onunla əbədiyyətə qovuşan ayının nəfəsini hiss edir, hənirtisini eşidirdilər. Onun qaranlıqları ilğımtək yarıb-keçən qəzəbli baxışları adamların üzünə, gözlərinə dikilib onlara bir an rahatlıq vermir, üstlərinə nifrət dolu suallar yağdırırdı... 

Səhərin açılmağına az qalırdı. Daha ləngimək olmazdı, hava işıqlaşmamış onlar dağın arxa üzünə, – "Qaragöl” tərəfə keçməli idilər. Xəyanət qurbanı olan bu zavallı insanlar ürəklərini, ruhlarını orada qoyub, acı göz yaşlarıyla əbədi sirdaşları olan dağdan-daşdan, yurd-yuvalarından aralanaraq, sonu görünməyən, ünvanı bilinməyən yolçuluğa qədəm qoydular.
Qarşıda onları məşəqqətli didərginlik həyatı gözləyirdi...