Nərmin Kamal. Şeirlər

Nərmin Kamal. Şeirlər

Həyət

 

Külək qalxdı, hər nə tapsa barmağına dolayır

Bu həyətdə uşaq yoxdu, elə ancaq yarpaqlardı oynayır

Yarpağın da güclüsü, məzlumu var,

Ayaqsız uşaq kimi burdan bura həyətə

qaça bilməyəni var.

Bu komada çoxdu elə yarpaqlar

Palazda var, yorğanda var, divar kağızında var

Palaz elə köhnədi, tarzən gəlsə iplərində tar çalar

Payız bizim palazdakı yarpaqlara bir üfləsə qaldırar

Divar kağızındakı yarpaqlar yaşıl idi,

Yapışqan saraldıqca yarpaqlar da saraldı

Yorğandakı yarpaqlara ayaq qoyma, elə bil

altı boşdu, xəndək örtüb bir ovçu

İndi külək insan ola, girə bizim komaya

Burdan bir yarpaq götürə, yenə çıxa bayıra

qoşa bizim yarpağı da oynaşan yarpaqlara, -

Deyə: Bu uşaqla da oynayın.

 

Tənhalıq

 

İşıqlar söndü, kino kəsildi

yox oldu danışan gülən adamlar,

o adamlar ki, indi burdaydılar,

burda

 

Çıxdım qaranlığa əlimdə fənər

sanki gəmi batıb mən sağ qalmışam

gördüm səmada çoxlu gəmi,

sayrışırlar uzaqda,

uzaqda

 

Vurnuxdum, vurnuxdum zülmət içində

kim görər bu zəif, solğun fənəri

hansı gəmi gələr götürər məni

nə vaxt çatar,

çatar

 

İnək şəkli

 

Restorandan çıxan şən adamlar

qarnı tox, ağzı qəhvəli adamlar

muncuq kimi şəhərə dağıldılar

addım-addım, maşın-maşın çəkildi adamlar

İnəyi özləriylə apardılar.

İnək dartılıb ayrıldı özündən, bulud kimi seyrəldi

indi yığsa, yığsa, bir uşaq yığar onu yalnız

Qarından qarına xətlər çəkər,

İnəyi tamamlar və rənglər.

 

Ana və bala

 

Gərək çıxmayım qarşına olduğum kimi

sənçün də bəzənəm, ana,

çox da ki anamsan, bilirsən məni,

bilirsən harda mən bitirəm, harda başlayır bəzək.

 

Gərək çıxmayam qarşına olduğum kimi

sənçün də bəzənəm, ana,

gözəl yaratdığın bilməyə

ehtiyac duyur hər rəssam, hər ana.

 

Deyirsən axşam

bir cüt araq şüşəsi tapmısan

elə gözəlmişlər, elə bəzəkli

əvvəl qucağında evə aparmış

səhərsə tapdığın yerə atmısan

 

Deyirsən qorxmusan əcəlin gələr

əcəlin ardınca polislər gələr

görərlər evində o şüşələri,

götürüb yazarlar: İçirmiş qarı.

Yazarlar, yazarlar, onlara nə var.

 

Qorxmusan qızın da buna inanar,

bilməz ki, küçədə getdiyin yerdə

sən aşiq olmusan o gözəlliyə

bilməz diz çökmüsən o gözəlliyə

qəlbində, evində əziz dost kimi

bir az yer vermisən o gözəlliyə...

İnanar polisə və bilməz qızın.

 

İnanmazdım, ana.

Bilirəm eşq nədir, gözəllik nədir,

durduğun yerdə işə düşmək nədir,

əyilmək nədir,

qoynuna almaq nədir,

alıb aparmaq nədir...

sonra ayılmaq nədir,

ayılıb utanmaq nədir,

utanıb atmaq nədir,

ayrılmaq nədir,

ayrılıb qaçmaq nədir,

qaçıb unutmaq nədir...

 

gərək sənçün də bəzənəm

araq şüşəsi tək gözəl olam, ana.

 

Xalça muzeyində gəzən yabançı

 

Nə qədər naxış var bu xalçalarda

Bəs qəlbimə yatanı niyə yoxdur?

Əllər, gözlər, ömürlər var burada,

Ömür varsa, iztirab niyə yoxdur?

*

Ölməyibmi, itməyibmi bir kəsi

Atası, anası, uşağı, əri

Al, yaşıl, göymü yaşayıb hər biri?

Qəm xalçası toxuyan niyə yoxdur?

*

Bu öküz buynuzu – güc, qüvvət rəmzi,

Bu çay motividi – hə, bahar gəlib

Bu da butalardı – həyat toxumu

Öz gün güzəranı niyə yoxdur?

*

Bir xalça var burda, xəritə kimi

Bu kənddi, bu meşə, bu da tikanlıq

Getsəm bu ünvanla taparam kəndi

Özünü tapmağa bir güman yoxdur

*

Bağçada nə görüb, köçürüb onlar

Səmada nə görüb köçürüb onlar

Yeddibaş əjdaha toxuyub onlar

Bəs qəlbindəkilər niyə yoxdur?

*

Bu vaxt ötüb keçən bir yerlinin səsi turistin qulağına dəyir:

 

Bizdə də var idi bir belə xalça:

Dimdik-dimdiyə quşlar, ətraf yonca,

Atamla anam onun üstə yaşar

Bəs niyə hey dalaşar, dalaşardı?

*

Toxumağı hörümçəkdən öyrənib

Balıq toru, həsir ilə başlayıb

Axırda Lenini hörüb, maşallah,

Bəs öz dərdi səri niyə yoxdur?

*

Əcəb ağıllıymış bu toxucular

Biri də çeşnidən kənar çıxmayıb.

Hörüb Hafizi də, Nizamini də

Bəs öz ömrü-günü niyə yoxdur?

*

Aha!

Deyəsən tapmışam bir dəlisini

Xalçası həyat kimi, həyat kimi:

Bir-birindən üz çevirmiş iki quş!

Sevirmiş - bunun özgə adı yoxdur.