Nicat Həşimzadə   -  Bağışlama məni, Bakı

Nicat Həşimzadə - Bağışlama məni, Bakı

Bakı, sənin saatına görə tənha kişilərin şərab qədəhlərində unudulmasına bir qadın nəfəsi qalıb. 
Bakı, nişanlı qızı zorlayıb gəlin köçmədən dul qoyan , mavi gözlərində bir ümman nifrət gizlədən ,müdrik yazarı qətlə yetirən amansız şəhər, mənim arzularımın da qatilisən.hər küncündə sevgi adlı xatirələr qoymuşam, kədərdən doyub bir nəfəslik sevincə həsrət qalmışam. Ax Bakı , tarixini dağıdan göydələnlər minir belinə . Nüfuzunu itirmisən Bakı, təkcə satılan torpağının qiyməti qalxır, özün çoxdan ölmüsən zavallı, bədbəxt şəhər. Ruhun şad olsun , Bakı. Hələ 1 - ci sinif şagirdi ikən aşiq olduğum Müjgan adlı qızı yad ellərə qovdun, yollarında məni tıxaca salıb tələbəlik dönəmində sevdiyim qızla görüşə gecikdirdin. sonra facebook da bir axmaq qızla virtual seks yaşadım, bu , ilk cinsi həzzim idi. Qız qalasının yanında görüşdük, heç zaman ciddi söhbət etmədik, o mənlə məzələnərdi, mən də onunla və beləcə məzələnə - məzələnə 2 övlad valideyni olduq, uşaqlar böyüdü, onlar da bizimlə məzələndi. . daha sonra vəziyyət bir az da gərginləşdi, 2 uşaq bir qadın birləşib mənimlə məzələnməyə başladılar. Bir psixoloq qadın mənə öyrətmişdi ki, kobudluq etmə, çünki kobudluq ruhi zəiflikdir. mən də bu prinsipi əsas bilib susurdum. ax, neft sularında insan ömürlərini boğan lənətəgəlmiş şəhər, dözə bilmədim, boşandıq, alimentlər ödəməyi bacarana qədər övladlarımın üzünü görə bilirdim. indisə yoxsulam,ömrüm şərab dolu qədəhlərdə tükənir. Bağışlama məni, Bakı, bağışlama, buna layiq deyiləm. Namusuna təcavüz edib damarlarından qan əvəzinə qaz çəkən alçaqlardan qoruya bilmədim səni. Ləyaqətini qoru Bakı, ingilis fahişəsinin üstünə atılma, rus bankirinin altına yıxılma, ax Bakı nə biləydin ki, kapitalizm quldarlığın ən qəddar formasıdır. Nə biləydin ki, qozbel fəhlənin həyat arzuları məscidlərin bönövrəsində dəfn ediləcək, nə biləydin ki, axmaq tələbə üzünə tüpürəcək, üzərində Qala qapılarının rəsmi olan dəftəri şalvarının arxa cibinə qoyacaq. Nə biləydin ki hər gecə səninlə sevişən hərdəmxəyal şair, bəşərin ən tənha varlığı imiş. Ömrün darıxmaqla keçir , Bakı, Sus, sus, sənə danışmaq yaraşmır. Sözlərində Sabir ironiyası gizlənir. Gülmə, Bakı, gülmə ,
təbbəsümündən Mirzə Cəlil komediyası oxunur. Ağlama, Bakı, ağlama. Məhəmmədi sevib İsaya ərə gedən fahişəni xatırlatma mənə. . . Ağlama, göz yaşların qancıq itlərin iniltisinə bənzəyir.dözmə Bakı. səbr eləmə , zaman sənin xoşbəxtliyinin qatilidir. Uçuq həyət daxmalarında həyat daha gözəl idi , ey ağsaçlı məmləkət , qaytar keçmişi. birlikdə dönək ötən illərə, yenidən doğulub yenidən ölək Bakı. . . Bağışlama məni Bakı. . . Ruhum Yad qadın vücudunda gizlənəndə unutdum səni, xəyant etdim, zənginlik adlı gicbəsər arzum bizi özgələşdirdi. Bağışlama,tüpür üzümə, rədd olum, gedim başqa diyara, alma məni qoynuna, qucağında nifrət qoxusu var, burax əlimi, əl çək yaxamdan, bağışlama məni Bakı, Bağışlama.....