Nicat Həşimzadə - Düşmən dahilərin mehriban qadınları

Nicat Həşimzadə - Düşmən dahilərin mehriban qadınları

Dostoyevki ilə Lev Tostoy arasında çox münaqişələr yaşanıb. Lakin onlar heç zaman görüşməyiblər. Lev Tolstoyun qadını Sofiya Andreyevna Tolstoy dünyaya 19 övlad gətirmişdi. Onlardan 5- i erkən yaşlarda həyatla vidalaşsalar da Sofiya 14 övlad böyütmüşdü. Bundan əlavə "Hərb və sülh” kimi geniş həcmli əsərin 7 dəfə üzünü köçürtmüşdü. O, uşaqlarını səs-küy salmağa qoymurdu ki, əri rahatca işləyə bilsin. Həm də onlar arasında 17 yaş fərqi olub. Maraqlıdır ki, Tolstoy bu cür qadından imtina edib. Dostoyevskinin türk xalqına qarşı münasibəti birmənalı olub. "Karamazov qardaşları” romanında müsəlmanları kafir adlandıran yazıçı "Ölü evindən qeydlər” əsərində türk qılıncının kəskinliyindən danışır. Tolstoy tərəfdarları Dostoyevskini savaşa meyilli yazıçı sayır, Tolstoyun sülhsevər mövqeyindən həvəslə danışırdılar. Onlar arasında paxıllıq münasibətləri var idi. Tolstoyun maddi həyatı qaydasında olub. Dostoyevskinin xanımı Anna Qriqoryevanın dili ilə desək Lev Tolstoy Turgenyev kimi təmin olunmuş yazıçılardan idi. Onun borcları, maddi problemləri olmayıb. Dostoyevski isə bütün həyatı boyu borc ödəyib, hətta borclarını tam ödəmədən öldü. Maddi qayğılarına görə Dostoyevski romanları tələsərək yazır, hətta təkrar oxumadan, düzəliş etmədən çapa göndərirdi.

Lev Tolstoy Dostoyeskinin dilini səliqəsiz hesab edir, romanlarında tələskənlik hiss olunduğunu yazır. Anna Qriqoryevanın gündəliyini oxuyarkən bu suallara cavab tapmaq olur. Tolstoy "Etiraflar” ında mistik qüvvələri həqiqət saymadığını yazır. Dostoyevskinin əsərlərindəsə mistik yanaşmalar, ilahi qüvvələrə inam çoxdur. Tolstoy onun qəhrəmanlarını həddən artıq şişirdilmiş hesab edir. Dostoyevski daim təqib olunub. Məhkəmə hakimiyyətinə qarşı çıxışları onun sürgün olunmasına səbəb olub. Həm də əyyaşlıq və qumar həyatı onun sağlamlığına sağalmaz yaralar vurub. İki dahi yazıçı arasında mübahisəli məqamlar olmasına baxmayaraq onların qadınları rəfiqə olublar. Anna Qriqoryevna Sofiyaya çapetmə sənətinin sirlərini öyrədib. Dostoyevskinin əsərlərini çapa hazırlayan Anna Qriqoryevna bu prosesi Sofiyaya da öyrədib. Xanım Qriqoryevna gündəliyində yazır :

- Mən əmin oldum ki, Sofiya dahi yazarımızın qoruyucu mələyidir.

Tolstoyun Staxova yazdığı məktubda Dostoyevski haqqında yüksək fikirlər var. Lakin Dostoyevski artıq həyatda deyildi. Yüksək fikirlərə görə Anna Qriqoryevna Tolstoya təşəkkür edir. Borclara görə romanları tələsərək yazan Dostoyevski buna görə çox üzülürdü. Bəzən etdiyi kiçik bir qüsur romanlarının ideyasını öldürürdü. Jurnallar onun təmin olunmamış, pula su kimi ehtiyacı olduğuna görə az qonorar ödəyirdilər.

Dostoyevski bədbəxt insan idi. Xoşbəxtlik hissi ona yad idi. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevskinin əksər əsərlərində kədərli uşaq obrazları var. Dünya ədəbiyyatının ən kədərli uşaq obrazlarını məhz Dostoyevski yaradıb. Nümunə kimi " Alçaldılmış və təhqiredilmiş insanlar” romanındakı Nelli, Nestoçka Nezvanova povestindəki Nestoçka obrazları dediklərimin əyani sübutudur.

Birinci yoldaşının və qızının ölümü onda əsəb gərginliyi yaratmışdı. Sonra sekretarıyla evlənən Dostoyevski yenidən borclara düşür və ömrünü qumarxanalarda keçirməyə məcbur olur.

Mən sizə o Dostoyevskidən danışdım ki, Sartr və Kamyu onu mənəvi ataları sayır, Nitşe isə onu həyatının sevinci, bəşəriyyətin nuru sayır. Bəşəriyyətin nurusa ciyər qanaxmasından öldü. Sibirdə yaşadığı sürgün illəri onun ciyərlərini məhv etmişdi. Nitşenin həyatımın sevinci adlandırdığı dahi yazıçı bütün həyatı boyu heç zaman xoşbəxt olmadı.

Nicat Həşimzadə