Orxan Saffari. İnqilab (Hekayə)

Orxan Saffari. İnqilab (Hekayə)

Hava qaralmışdı. Dünəndən şəhərdə başlayan etirazlar yavaş-yavaş genişlənirdi. Şəhər səs-küy içində, hər tərəf dağılmış vəziyyətə gəlmişdi. Hərbi və polis qüvvələri şəhərin hər yerinə axışıb etirazçıları zərərsizləşdirirdilər. Adamlar səhər açılandan şəhərə axışıb qarşılarına çıxan hər şeyi dağıdırdılar. Dövlət müəssisələrinə, mağazalara "molotov kokteyli" atır, binaların şüşələrini daşa basırdılar. Ölkədə fövqəladə vəziyyət idi. Ölən və yarananlar da var idi. Təcili yardım maşınlarının səsi elə bir küçə yox idi ki, oradan gəlməsin. Ayaq altında qalıb əzilən yüzlərlə adam, rezin güllələrlə vurulanlar, dəyənəklə döyülənlər və daha nələr nələr. Molotov kokteylləri ətrafda yanğınlar yaradır, yollarda maşınlar aşmış vəziyyətdə idi. Etirazçılar qarşılarına çıxan nə varsa, dağıdırdılar. Daha doğrusu, dağıdırdıq. Şəhərin üstünü qara buludlar örtmüşdü. 

*
Polisin gözyaşardıcı qazından gözüm hələ təzəcə özünə gəlməyə başlayırdı. Qabırğamda isə küt ağrılar var idi. Çətinliklə nəfəs alırdım.

Gözümü açar açmaz onu axtarmağa başladım. Düzdü, çətin məsələ idi amma yenə də küçələrə baxır, qadınları diqqətlə sezirdim. İlahi, qadınlar etiraz edəndə necə də bir vəhşi gözəlliyə çevrilirlər! 

*
Dünən gecə etirazın ilk günü idi. 

Onun kim olduğunu bilmirəm. Bircə onu bilirəm ki, yerə yıxılanda məni vuran polisi taxta ilə arxadan vurmuşdu. Daha doğrusu, vurub qaçdı. Mən də onun arxasınca qaçdım. Adamların arasında itirsəm də, tez də tapdım. Qolunu tutub özümə çəkdim. Saçları havada uçuşub sifətimə çırpıldı
Düzü, o vəziyyətdə bu romantika gəlmirdi ağlıma. Bunları sonradan fikirləşdim. Onunla belə tanış olmuşduq. Bir inqilabda. 

Həm də, adama deyərlər təşəkkür vaxtıdı? O vurhavurda bu nə kübarlıqdı edirəm? Get, inqilabını elə də. 

*
Şəhərdə kimi desən görmək olardı. 
Sagçılar, solçular, siyasətə qarışmayanlar, keçmiş dövlət işçiləri və daha kimlər kimlər. Bütün tanıdıqlarını da burada görmək olardı. İşdən çıxarılan nazirlər də insanların arasında hücuma qarışmışdı. Dəhşətli qarşıdurma idi. Tutulanlar tutulur, döyülənlər döyülür. Polislər ilk əvvəl heç kimə rəhm etmirdi. Necə gəldi, hardan gəldi vururdular. Amma etirazın sonrakı günlərində artıq onların da bir çoxu dəyənəklərini yerə atıb xalqın tərəfinə keçdilər. 

O qızı deyirdim axı. 

İlahi, bu cür gözəllik də qız da etiraz edər? Sənə nə lazımdı? Makiyajın pozulmadımı? Dırnağın qopmadımı, vurarlar, iz düşər o gözəl üzünə...

*
Səhərdən başlayan etirazlar gecə düşəndə səngiyirdi. Yarı adam küçələrdə gecələyir, yarısı da gizlənib səhər çıxırdı. 

*
Adı Yelayda idi. Yəhudi əsilli. Həkim işləyir. Ürək həkimi. Ehh. Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı...

Hakimiyyət isə güzəştə getmək istəmirdi. Hər ötən gün şəhər daha da dağıdılır, insanlara daha çox ziyan gəlirdi. Amma görünür, qarşıda müsbət şeylər olacaqdı. Ən azı etirazçıların tərəfinə qoşulan onlarla hərbiçi və polislərə görə bunu deyə bilərik. Şəhərin hər tərəfində zirehli maşınlar, su şırnaqları var idi. Televiziyadan gördüyümüz bir neçə texnikada gətirmişdilər. İlahi, yaxından necə vahiməli görsənirdi..

Axşam idi. Yelayda ilə gecə səhərə qədər söhbət etdik. Mən ona xilaskarım kimi baxırdım. O isə bir qədər vecsiz idi. Səhərə qədər ona vuruldum. Əslində, məni polisin əlində alanda vurulmuşdum. Daha doğrusu, qığılcım olmuşdu. Bir tərəfdə də yanğınlar. İndi isə ona tamamilə yanmağa başlayırdım. 

Araya salıb yalandan ürəyimin ağrıdığını da dedim. Gülümsündü. Hər şey bitsin, səni əməliyyat edərəm dedi. Razılaşdıq. 
İndi gəl, ilin günün bu vaxtı ürəyini xəstə sal da..

O gecə onun haqqında hər şeyi öyrəndim. Ailəsinin olmamasını, keçmiş ərinin polis olmasını, hətta, hələ də xalqı döyənlərin arasında olmağını. Və başqa nələr nələr. Dedi, ərimi də axtarıram burda.

Mən onun ərini bir yerdə axtarıb, tapdığımız halda isə nəsə edəcəyimizi təklif etdim. Amma o, "bu mənim məsələmdir" deyib, söhbətdən yayındı. 

Səhər açılanda ortalıq yenidən qızışmağa başladı. Qarşıda bizi ağır bir gün gözləyirdi. Siyasi partiyalar, müxalif liderlər də küçələrdə idi. İllərdi görmədiyin adamların hamısı səninlə eyni sırada döyüşürdü. Bu, bütün olanlara baxmayaraq adamlarda başqa bir hisslər yaradırdı. İllərdi yığılıb qalan etiraz ruhunu, cəsarətini bir andaca küçələrə tökürdü camaat. 

Yollarda aşırdılmış maşınların  ətrafında solçuları görə bilərdin. Maskalı solçularun əllərində Molotov kokteyli. Hara gəldi atırdılar. Hətta bilmədən, etirazçılar özü özlərini də zədələyirdi bəzən.

Aralıqda bir nəfəri əlində çəkic və oraq gördüm. Yəqin ki, kommunist idi o da. Bilmirəm. Bəlkə də əlinə keçən bu olub küçəyə çıxanda. 

Biz şəhərin mərkəzinə gəlib ən çox orada yığışırdıq. Müxtəlif yerlərdən gələn adamlar da bizə qoşulur, hücum olanda da ora-buranı dağıdırdılar. 

Şəhər elə bir miskin mənzərə almışdı ki... Küçələri keçdikcə yanıb söndürülən mağazalar, aşan maşınlar, yol boyu taxtalar, dağıdılmış lövhələr, polis və hərbiçilərə atılan daşlar, dəmirlər...

Küçələri addımladıqca belə mənzərələr daha da betər görsənirdi. Diqqət
imi bir şey cəkdi. Bir yerdə küçənin ortasına ət dağılmışdı. Görünür, kimsə evinə alıb aparırmış, qarışıqlığa düşüb. Pişiklər də ətin üstünə daraşmışdı. Adamlar pişiklərin yanlarından oyan buyana qaçırdı. Amma onlar ürkmürdü. Deyəsən, pişiklər də belə etiraz edirdi. Küçə boyunca qan izləri, insan paltarları, tək-tək qalan ayaqqabılar, evlərin pəncərələrindən yellənən bayraqlar... 

Balaca uşaqlar da üzlərini nənələrinin yaylığını bağlayıb, taxtadan düzəlmiş qılınclarla o tərəf bu tərəfə qaçırdılar. 

Mən Yelaydanın yanından ayrılmırdım...

Küçələri gəzib şəhərin mərkəzinə qayıtdıq. Elə insan izdihamını yarıb tən ortaya gəlmək istəyirdik ki, aləm bir-birinə dəydi. Qışqırıqlar, azadlıq, rədd olun şüarları buludlara qədər yüksəlirdi. Hamının birdən eyni sözləri deməsi vahimə yaradırdı. Çığırtılar səngimək bilmirdi. Bir göz qırpımında Yelayda etirazçıların ayaqlarını altına yıxıldı. Əl atıb qaldırdım onu. Hücuma keçdik. Polislərə daşlar atır, dəmir, taxta , bir sözlə əlimizə keçəni tullayırdıq. Amma onların silahlarına görə bacara bilmirdik. Lap qabaqda olanlar rezin güllələrə tuş gəlir, göz yaşardıcı qaz vurulurdu. Polislər əllərinə keçəni tutub xüsusi maşınlara doldururdu. 

Yelayda ilə əl-ələ tutub əlimizdən gələni edirdik. Alınmayacağını görəndə isə ələ keçməmək üçün geri çəkilib qaçırdıq. İzdihamı yara-yara qabağa gəlmişdik. Yelayda həm də ərini axtarırdı. Mən də onu gözdən qoymurdum. 

Üstümüzə gələn polisləri görüb qaçdıq. Ara küçəyə girib bir binanın içinə atdıq özümüzü. Yuxarı qalxdıqca pəncərədən olanlar həm maraqlı, həm də dəhşətli görsənirdi. Polisin kürəyinə tullanıb onu boğmaq istəyən qadını görüb, o vurhavurda özümüzü gülməkdən saxlaya bilmədik. Binanın damına qalxıb təngənəfəs uzandıq. 

İlahi, bu olanlar necə də möhtəşəmdir! Və mən heç nədən qorxmuram. Deyəsən, Yelayda aşiq olmağa başladığıma görə daha da ruhlanırdım. 

Nəfəsimizi dərib aşağı düşdük. Yenidən insanlara qoşulduq. 
*
Həəəə. Gecə danışanda bir-birimizə demişdik ki, əgər aralıqda it-bat olsaq, gecə 9-da parkın yanındakı hovuza gələk. Təbii ki, başqa nəsə olmasa. Ona görə bir qədər rahat idim. 

Günorta idi. Etirazlar davam edirdi. Bir də onda ayıldım ki, Yelaydanı itirmişəm. Ora-bura ha baxsam da, görmədim. Heyifslənsəm də, özümü itirmədim. Nə də olsa axşam görəcəkdim. 

*
Yavaş-yavaş axşam düşürdü. Etirazlar səngiməyə başlayırdı. Saat 9 olanda vədələşdiyimiz yerə qaçdım. Amma Yelayda yox idi. Gözlədim. Ətrafda adamlar çox idi. Deyəsən, mənim kimi gözləyənlər də var idi itirdiklərini.

Hamının gözlədiyi gəldi, mənim Yelaydam yox idi. Gəlmədi. Ona görə qorxmağa başlayırdım. İlahi, ya onu tutublarsa? Bir də necə görəcəm onu? Kaşkı tutmasınlar.. 

Gecə yarısına qədər gözləsəm də, Yelayda gəlmədi ki, gəlmədi. Onun məndən yaxa qurtarmaq istədiyini də fikirləşirdim. Deyəsən, bir az bezdirirdim onu. Bir yandanda inqilab. Nə bilim....

Əlimi ayaqlar yerdən üzülən təki üzdüm. Hələ belə ruhsuz olmamışdım. Mənki onu yenicə tanıyırdım..

Səhər açıldı. Yenə də hər şey olduğu kimi davam edirdi. Amma mən daha o qədər də canfəşanlıq göstərmirdim.. 

2 gün sonra, 27 oktyabr, saat 15:47. 

Gözlərimi xəstəxanada açdım. Başım sarıqlı idi, bədənimdə şiddətli agrılar. Tərpənə bilmirdim. Gözlərim yerindən çıxırdı. Qollarım da kəsik izləri var idi. Durmaq istəyəndə alınmadı. Həm tərpənə bilmədim, həm də ağrıdım. Heç nə yadıma gəlmirdi nə olduğu ilə bağlı.
 
Başımın üstündə tibb bacısı dayanmışdı. Kolidorlarda hərbiçilər o tərəf bu tərəfə gedirdi. 

Üzümü yana çevirəndə əlil arabasında onu gördüm. Əlimi alnıma qoyub xırıldadım. 

Axxx, Yelayda, axx!

Tibb bacısı üzümə baxdı. 
Nəyisiz Yelaydanın?- dedi.

Cavab verə bilmədim. Nəyi idim onun?!

Başını aşağı saldı. Aldığı zərbədən beyin iflici olduğunu, bir daha danışıb yeriyə bilməyəcəyini dedi.

Donub qaldım. Hıqqandım. 

Üstünə dəmir lövhə aşıbmış demə.
Həyata güclə qaytarıblar. Ürəyi də dayanıb hələ... 

Nə deyəcəyimi bilmədim. Üzü üstə çevrilib ağlamaq istədim. Çevrilə də bilmədim heç. 

Əlimi ürəyimə qoydum. Sancırdı.

Televiziyada xəbərlər proqramı gedirdi.

Günün əsas xəbəri:
Hakimiyyət istefaya getmişdi.