
Pərviz. "Hər Sabah Yaşam" kitabından seçmələr
- 05.10.2008
- 0 Şərh
- 693 Baxış
AĞACLARIN AYAQLARI
Sahil parklarında
ağacların üzü
dənizə baxar.
Üzü dənizə bitən
ağacların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.
Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında
boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?
Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...
Ama hanı?..
Ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!
Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.
QATLAMA BIÇAQ, DÜZ ADAM, AZ AĞIR XƏSARƏT...
Qatlama bıçağın
düyməsini basdılar,
şax açıldı,
şaqqaşaraq açıldı,
əyri tiyəsini sapladılar onun şax,
dağ gövdəsinə.
Vüqarını əymək,
qürurunu
qatlamaq üçün sapladılar.
Sapladılar zəhərli iynə kimi
ağ varaq gövdəsinə.
Köpünü alarıq,- dedilər,- bilərsən,
zəvzəvləmək nədi.
Səsini kəsərik,- dedilər,- bilərsən,
"ağacların kökünü kəsirlər"
gəvəzələmək nədi...
Ağ varaq ürəyinin üstündən
ürəyin istəyən deşık açdılar.
Açdılar, ama
can çıxmadı,
can çıxmadı,
bir azcıq qan çıxdı,
bir az da
canında soyuqdəyməsi vardı zatən,
o da
ordan çıxdı.
***
"Az ağır xəsarət" maddəsiylə
iş açıb,
sifarişçilər qoca,
beli bükülmüş
qatlama bıçağı
təqaüdə göndərdilər
və yolladılar bundan belə
Milli Parkda
ağac gövdələrinə
"CAN" yazmağa...
Ağaclara qəbir qazmağa...
İKİ ÇÖRƏK,
BİR PARÇ PİVƏ PARASI
Biz -
Məhbəslər vurğunu deyilik,
köksümüzə saplanan
bıçaqlardan ötrü də
ürəyimiz getmir.
Ayaqlarımızın üstündən sürülən
“kamaz” təkərlərinin qara-qıllı
baldırına da
bir elə vurğunluğumuz,
tutqumuz yox.
Nə ağzımıza sıxılan güllələrə,
nə də
“bandotdel”in “SS” zirzəmilərinə
düşürən pilləkənlərin
sərinliyindən sarı
ağzımızın suyu axır.
Mavi də göyün rəngi...
Bunlar çatmaz dadınıza,
bunlar yetərli deyil,
bizi gözdən salmağa
barı, beləcə deyin:
“Bir ovuc üz qarası
Özgürlük istəyirlər...
Bir də, mütləq, yanında
iki zavod çörəyi,
bir parç pivə parası... ”
İLHAM PƏRİSİ
Xoş gəldin, İlham Pərisi,
Şadam ki, xoş gəldin.
Və madam ki, bu kərə
biryolluq döndün,
və madam ki, sən məndən
(İlahi min şükr)
çörək yox, söz istəyirsən...
Deyirəm, tut qulağını...
döz, istəyirsən,
deyirəm biz...
mən... sən...
Eşidirsən, İlham pərisi,
elə səssiz-səmirsiz
nikaha girsək,
bir şeir altında
ömür-gün sürsək...
eşidirsənmi, barı...
Mən könlümcə
gecə-gündüz yazaram,
hə, vallah, yazaram...
yazaram....
Qulağını açmamış deyirəm,
eşit:
aclıqdan
başımı dizinə qoyub
ölməyə də hazıram.
Hazıram...
DƏLİ ADAM
Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.
Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...
İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində...
yenə də nəşəli adam.
Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına -
qat-qat, mərtəbəli adam.
Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?
Dəli adam... Dəli adam...
ÜZSÜZ ADAM
Üzünü görmədiyin adama
şeirlər yazarsan.
Üzünü görmədiyin adam
izini bilmədiyin yerdən
beş-on günlüyə
bacısına gedər,
qardaşına gedər.
“Həsrətin kilometrləri artdı” deyə,
qızarsan...
***
Üzünü görmədiyinə
“yaşıl gözlüm”,- deyərsən,-
“görürsən də, mən
ömür yox,
qara gün sürmədəyəm”.
***
Görmədiyindən
online sətirlər alarsan:
“Məni görmək istəsən,
bir də gəlməm görüşünə...”
Demək, beləsi də varmış işin -
üzünü görmədən
gözdən itirmək,
hələ tapmadığını əlindən yox,
salıb sözdən itirmək...
***
Görmədiyin üzü
yuxuna girər.
Sənə gözünü açmağa izn verməz, ama
çəkinmədən otağına girər.
Araya qələm qoyub
ensiz yatağına girər.
Ayılıb görərsən
qorxudan hələ də
gözlərin yumuludu.
Üzü nihanın yoxdu,
yerin göyərmiş qələmlərlə doludu.
***
Gördüyün hər adamda
görmədiyin adamın
üzünü ararsan...
Özünü öldürərsən,
yorarsan,
üzlərdən üz seçərsən
o üzə taxmağa.
Barı, yuxularında
gözüyumlu baxmağa...
***
Üzünü görmədiyinin üzündən
şeirlər yazarsan.
Şeirlərinə aşiq olunursa,
demək, sən
üzünü görmədiyin adama
aşiq deyilsən,
sən şairsən, yazarsan...
Səndən adam olmaz,
əbləh adam!
Durub yenə üzdən yazarsan:
“Üzün göy üzüdü sənin
sözüm üzündən gəlib
Sözümün nöqtələri
axıb gözündən gəlib.
Üzün göy üzüdü, sənin
Havana uçur əllərim.
Mənim başımı aldadıb
yanına qaçır əllərim...”
(Şairə alqış,
bir qanadsız quş...)
ADI NƏDİ BU ADAMIN...
(Adını və yaşını bilmədiyim dostun ad gününə)
Adi nədi bu adamın,
bu adamın adı nədi?
barı AD GÜNÜNDƏ bilək.
Oturub susmuşuq yenə,
bilmirik ağlayaq, gülək...
Adı nədi bu adamın?
İçəmmirik sağlığına,
sudan arı saflığına,
yaşının İsalığına...
Görüm, yanasan, ay Fələk!
Adı nədi bu adamın?
Gözünün işığı yatıb
gözəl göy qurşağı yatıb
yarı-yaraşığı yatıb
əlində qaşığı yatıb
toyunda aşığı yatıb,
az qalırıq qəmdən ölək.
Nədi, cızılır alnına?
Göydən süzülür alnına?
Adı nəydi bu adamın?
Baxın... ya-zı-lır alnına:
Baxın, yazıldı ki... Mə-lək.
Mələk...
SEVMƏYƏ MƏHKUMLUQ
Fəvvarələr bağında
gəzintiyə çıxmışam
axşam-axşam.
Qızlar gözəl,
Ay dolu,
su diri,
balıqlar dəli...
Zaman
türk dönəri kimi
yeməli.
Ayaqlarım
dəyirman daşıyca
nəşəli.
Canım oturmağa
boş yer gəzir,
gözlərim səni.
Bircə sənin yerin boşdu,
sənin yerinə
gözləyir məni...
Fəvvarələr bağında
gəzintiyə çıxmışam
axşam-axşam.
Sənin nişanlarını bilmədiyimdən
belə çıxır,
bu gün də
mən yazıq
təkbaşına
bütün qızları sevməyə
məhkumam...
“AYRILIQ”
... Bir də
Səhiyyənin
xəbərdarlığını oxuyub,
buzlamış canınla,
göm-göy, qanı donmuş
ayaqlarınla
qaçıb girərsən yatağına.
Bitən sözünün oduna
yaxıb yenisini
qoyarsan damağına.
Dilinlə çeynərsən,
çevirərsən belədən-belə
dodağın boyu.
Usta bir oyun...
Dişlərinlə sıxıb kötüyünü
dişləm-dişləm,
oynaya-oynaya
ağzında təzə alışdırdığın söz
uyquya dalarsan.
Bayaqdan çırpılmamış kül
dağılar üstünə.
Ağcaqanadlar pərvanə rolunda
yığışar tüstünə...
***
Yuxunda
“AYRILIQ”mı deyərsən, nə?
Ayrılan dodaqlarından
bu qopan sözün
qızılı közü
düşər,
yandırar,
deşər yorğanı...
Sinənə çatanda od
ayılarsan,
atəşdən bayılarsan.
***
“Əşşi, ev cəhənnəmə,- deyərsən,-
bəs bu zəhrimarın kötüyü hanı?..”
***
... Belə olur da hər gün
sübh tezdən dəli adamın
“Ayrılıq”dan ayılanda
qaralır qanı!
Və illah da ağzında
dünən gecədən
sönmüş söz tamı...
HÖKM
“Tükəndi səbrim...
yoruldum...
qanadlı eşşək olmaqdan
biabır oldum.
Əlimdə
faktlar var
Tanrıya dair.
Onun səbri 40 ildi,
pah, mənə nə?
40 il mənim
cəmi ömrümdü...
və sair
və ilaxır.
Mən də bu gündən
gedirəm satılmağa.
Bundan belə
qanadsız at olmağa.
Xoşbəxtəm,
ağam...”
AĞACLAR VƏ QADINLAR
Qadınlar
küçələrə tökülər,
ağaclar - əkilər küçələrə.
Fahişə deyərlər qadının
küçəyə töküləninə,
əkilənlər park olur.
Başının üstə
nə Allah durar, nə göy,
tökülən qadına
bütün sevgilər ögey...
yalnız əkilənə umud.
Ağacların dibində
tərini soyudan...
tökülmüş qadınların gözündən
bitmədən yaş axar.
Parklar fahişələrin gözündən
içdiyi sudan yaşıllaşar,
sıxlaşar.
Gecələr heç kim görməz,
ayaq çəkilincə yörədən
allahsız, göysüz
fahişə qadınlar ağaclarla
necə iç döyüb,
qadınca qucaqlaşar...
GƏL, TƏZƏDƏN
GÖRÜM SƏNİ
İşsiz-gücsüz oturmuşam,
bilmirəm ki,
nə unudum.
Gəl,
təzədən görüm səni,
görüm ki,
yenə unudum.
Gah sev məni,
gah at məni,
göz yaşında
oynat məni...
Min yol öldür,
dirilt məni,
Qoy,
dönə-dönə unudum...
VARMI MƏNİ ÖTÜRƏN
Başım
rədd olub
Qərbə yollansın
çiynimdən
ildırım sürətiylə
qoparaq.
Ayaqlarım
itilsin gözümdən
atılsın,
qurtulsun,
tullansın,
ürəyimi də
belinə alsın
bir baş Şərqə sarı...
Sağ qolum -
Cənuba,
sol qolum -
Şimala
ayırsınlar yolları.
Daha qala bilmirəm,
çıxıb getmək istəyirəm.
Varmı məni ötürən?
Nəşim qoy yerdə qalsın,
canavarlar götürər...
AY BULUDA GİRDİ
Ay
buluda girdi.
Bulud qaraydı,
bozardı,
uddu Ayın
işığını.
Ama
Ayın ürəyi qaralmadı,
bulud çəkildi,
Ay təzədən
doğuldu.
Ay
buluda girdi,
mən
sənin ürəyinə.
Nəfəsin qaraldı,
ürəyin çəkildi,
mən boğuldum.
Ay
yeni buluda girdi...
Mən görmədim,
mən dənizdəydim,
mən
dənizin dibindəydim.
...Mənə
balıqlar
xəbər gətirdi.
SÜRPRİZ
...
pıçapıç...
pıçapıç...
düz bir saat...
yağmur nə danışdı,
nə
pıçıldadı
evlərin qulağına,
damına,
həyətinə,
torpağına,
qumuna,
ağacların yarpağına...
bilmədim,
duymadım.
qürurdan
özümü
o yerə
qoymadım.
Az sonra
gün çıxdı.
Bu arada
səndən
sürpriz məktub gəldi.
Açdım
zərfdən
düyün çıxdı.
Pıçapıç
Nikolaydanqalma
tikilməmiş
bir ev yıxdı...
Ayr. 96%
Gözlədiyimdən
tünd oldu
bu ayrılıq.
Bəs-bəlli,
tər-təmiz
sevgidən çəkildiyi.
Bir “əlli”,
deyə-deyə,
aludəsi oldum
bu zəhrimarın.
Və mən
əməlli-başlı
keflənməyimin
fərqindəyəm
yenə.
Bax,
dilim də
söz tutmur,
üzüm də əcayib
dartılıbdı
dörd yana...
Bu suratda
millətin
üzünə çıxmaq ayıb...
Gedim,
bir az içim,
ayılım...
Və sənə SÖZ!
Bu gündən
bir yolluq atıram daşını
ayrılığın!
YOLÇƏKƏNLƏR
Gözlərin
yol çəkməkdən,
bu üzücü əməkdən
qan-tərə bələşibsə...
Və bu çəkdiyin
bir qədirbilməzin,
bir yolsuzun
evinə aparan yolsa...
Gözlərinin
əyni-başı
qıra bulaşıbsa...
At o yolu,
o asfalt yolu,
yola gəl,
evinizin yolunu
sən mənə göstər.
Könül
istər
bundan belə
səninçün
mənim gözlərim
yol çəksin.
Yol boyu
Dəfnə ağacları
əksin...
SƏRNİŞİNLƏR
Üzünü
görmədim,
səsini görmədim,
yerini bilmədim
yerinin.
Ama
yer altında
bəlkə neçə yol
yanımda oturubsan
canımdaykən yerin,
sənə
şeirlər qoşub
tunelə uçurmuşam
sənin sən olduğunu
fərq etmədən.
Və
bəlkə yüz kərə
sənə verdim yerimi,
ürəyimdəykən
yerin,-
əziz sərnişin.
ÜRƏYİN MÜSƏLMAN DEYİL
Özüm
inanmasam da
dinə,
vallah,
billah,
Allah haqqı,
Tanrı haqqı,
bir partiyalı
bir rəngli,
bir sevgiyə icazəli
sovetdənqalma
adam olsam da,
ürəyim sevgidə
islam yasalı;
qırx eşqə qurulu,
qırx həsrətdən,
ayrılıqdan asılı...
Dünyada
bütün
ürəklərin qanunu
belə yazılıb.
Özünü suçlu bilmə,
yanma, yaxılma,
din əldən getdi,
deyib,
yıxılma,-
sənin ürəyin yoxmu,
yoxsa,
tərsa qızısan?
Bəlkə dünyadan
deyilsən,
ürəyin
müsəlman deyil?..
Ya ürəyin soyuyur,
Ya ürəyində mənəm?
Mən soyuq ət yemirəm,
Qorxma, içini yemə!
AYY... DA...
Bir ortaq
havamız olmadı -
dinləyib
ortaq olmayan
zamanlarda,
məkanlarda,
inləyib
eşq içi tökək.
Bir ortaq
havamız olmadı -
yanımızdakının
havasından boğulanda
çəkək içimizə,
sən orda tək,
mən burda tək.
Bir ortaq
sözümüz belə olmadı, dünyada...
eşitsək
bir iç çəkək:
“Ayy da... ayy da...”
Biz,
ayrı yaşadıq, gülüm,
birimiz yerdə,
birimiz Ayda.
Yaşadıq barı!
Ay daaaaa...
BÜTÜN XANIMLAR SƏNDİ
Səni tanımayınca
bütün xanımlar
gözümdə
Səndi.
Hər hansı
qıza-qadına
azacıq
pis gözlə baxan
bütün kişilər
mənimçün
düşməndi.
BAKIDA ÜMİD
Külək
bu gün,
bu şəhərdə
yalnızlıqdan
cilov gəmirən
evdar qadın kimidi.
Hər şeydən
bezibdi:
adamları qat-qat
dolmalıq pörtməkdən,
ciyərini bişirməkdən,
mənzilinə səpələnən
əşyaların
birini qaldırmaqdan,
birini düşürməkdən.
Göydələn,
alçaq,
tatı
mebellərin
düzümündən
cana doyub,
əsir-coşur yenə,
fikri dəyişməkdi
azacıq
bu yeknəsəq həyatı.
Mənim
zərrəcə
qarışmaq
fikrim yoxdu
evdar qadının
görəcəyi işə.
Ümidim var,
evlərin yerini dəyişəndə
bəlkə,
təsadüfən
evimiz
səninlə
yanaşı düşə...
YALQIZ
Səhərəcən
neçə kərə
gecəni keçirmişəm
qollarımın üstündən
o üzə-bu üzə
xurd-xəşil eləmişəm.
Belədi də
dünyanın gərdişi,
yiyəsizin,
sahibsizin
işi.
Barı,
sizdə insaf olsun,
barı,
biriniz alsın
bu yetim qolları,
bu daş qoları,
bu
qucağı boş qolları
mən dəlinin
əlindən.
XƏSTƏNİN GÜNDƏLİYİNDƏN
Yazırsan,
“sən elə
olduğun yerdəsən,
bircə mən orda yoxam”,-
sən yazırsan,
mən icə elə bilirdim
yanındayam,
canındayam,
qanındayam…
bəlkə də
elədi,
ama
sən orda yoxsan,
özündən gedibsən.
Bir Allah bilir
nədən gedibsən,
hayana gedibsən,
hara gedibsən?.
***
“Xəbərim var,-
yazırsan,-
biri pıçıldadı
qulağıma,
yenə vurubmuşsan
o gecə,
dəmmişsən,
başın
dinc dayanmırmış
yerində,
yenə də aşırmış
sol mələyin,
sağ mələyin
üstünə…
Bəsdi də…
Ay maşallah,
əcəb türkmüşsən,
verdiyin sözün üstündə
möhkəm durubmuşsan…”
Darıldım sevgilim,
qırıldım səndən;
məni qoyub
etibarlı sayıbsan
çuğul,
küpəgirən küləyi.
Bakıda səndən başqa
hamı bilir
onun
dizinin üstədi
çörəyi…
Yoruldum,
yoruldum, sevgilim,
özüm-özümə
“yazırsan” başlıqlı
məktublar yazmaqdan.
Bu gün son kərə
başımın xarablığından
bezirəm.
Verdiyim
elanı oxuyun:
“Mənə yazılmamış
bir düjün
almadığım məktuba
yiyə gəzirəm
indi;
MÜKAFAT QARANTİ!..”
HƏSRƏT BANKI
Yenə sən qaldın,
mən getdim,
Səni ötürməyə
köksümü qoydum.
Sənin ürəyində hesab açdırıb,
Üç-beş faizinə
özümü qoydum...
DÜNYA KEÇİB MƏNDƏN GEDİR
Dünya keçıb məndən gedir,
Mənə sarı gələn yoxdu.
Ölüm, gəlmirsən, heç gəlmə,
Heç sənçün də ölən yoxdu.
Mənə sıxılan güllə də
Eləcənə yandan gedər.
Ürəyim elə pas atıb,
Təkcə qızıl qannan gedər.
Allah, sən də bizə gəlmə,
Özüm özümdən getmişəm.
Mən ölüm, bir axtar məni,
Görək də harda itmişəm?
Vurmanı əzbər bilirsən,
Öyrən dərdi bölməyi də,
Min yol məni öldürəndə,
Bir yol mənnən ölməyi də...
YOXAM
Göyü gəzib dolandım,
Gəldim ki, yerdə yoxam.
Ölüb yerə girirəm
Ki, hələ gorda yoxam.
Könlümü ona qurmuşam,
Tək yaradana qurmuşam.
Bəyəm, toyxana qurmuşam,
Özüm mağarda yoxam.
Çarmıxım şam-şax durubdu,
Qanımda yüz mıx durubdu.
Seyrimə Allah durubdu,
Bircə mən orda yoxam.
YAŞIL İŞIĞIN ÇİÇƏYİ
(16+)
Yaşıl işıq yandı,
içim açıldı
sən keçib getdin,
işıqdan ötə…
ürəyim dayandı.
Getdin
yel kimi -
baxçanda əkilmiş
fidan çiçəyi
uyutmağa,
getdin
sel kimi,
tər ləçəklərindən
öpüb
oyatmağa,
böyütməyə…
İllər geridə
yaşıl işığın
qaldı
sevginə möhtac.
Sən getdin
düşdü yollara
bir qarın tox,
bir qarın ac.
Dörd yol ayrıcında
sənə veriləsi
qırmızı-sarı
güllər
əlində qaldı.
Acımadın
sənə uzalı
çiçək dolu qollara.
Getdin,
öz çəçəyinin
yollarında
yaşıl işıqlar açmağa.
Getdin…
sənin
yaşıl işığa gəlişin
zatən
yaşıl işıqdan qaçmağa...
yaşıl işıqdan qaçmağa…
YAŞAMAQ BOYNUMA DÜŞDÜ
Yaşamaq boynuma düşdü -
boynuna göy kartof yemək düşən
kəndlimiz Xubyar kimi...
O,
göy kartof yeməkdən öldü,
mən -
yaşamaqdan...
Yaşamaq boynuma düşdü -
zalımların,
başkəsənlərin,
bircə sevgiyə görə
ömürlük işkəsənlərin
acığına.
Yaşamaq boynuma düşdü -
yaşamaqdan bıqdıran
acılara inad.
Cavanların
başını yeyə-yeyə
dünyanı tutub gedən
qocalara inad.
Sırf boynuma düşdü,
yoxsa,
nə vardı,
yaşanacaq?
sən də
yanımda yoxkən…
SÜMÜYÜMƏ DÜŞƏN HAVA
Başımı geyindim
ayağıma başmaq kimi,
düşdüm çölün canına
mən dəli axmaq kimi.
Bir çobanın tütəyindən
sümüyümə hava düşdü -
hava nə hava...
Havanı oynamaq üstdə
kənddə bir dava düşdü,
dava nə dava...
Oynatdı məni dönə-dönə,
gəlmədi imana-dinə.
Yoruldum, doymadım yenə
fərəhimdən uşaq kimi.
Təri məni,
bu havanın zoru məni,
üzümdən-gözümdən elədi,
özümü özümdən elədi,
qaldım yerdə çolaq kimi.
Çəkilin, tuş gəlməsin
kimsə daşıma indi.
Sümüyümə düşən hava
gəlir başıma indi...
17.08.89
MOSKVA
DOSTLUQ
Acığımı,
nifrətimi,
acımı
tökməyə
Səndən özgə adam
tapammadım...
Keç günahımdan,
Yaradan...
MƏN İLK KƏRƏ MƏNSİZ
Gecə keçib yarıdan,
yollar qərib, kimsəsiz:
Keçirin işıqforları.
Bir məndim, məndən keçdi...
Məni bir qadın qucub...
Mələklər gəzsin barı...
Keçirin işıqforları!
Keçirin işıqforları...
SƏNƏ ALTINCI MƏKTUB
Döydün qapımı…
Açdım…
Sənin oldu evim…
Evimiz…
Qapın döyüldü…
Açdın…
Evsiz qaldım…
Kirayə ev gəzirəm indi.
ÖLƏNG
Gəl çıx yuxularımdan,
Gəl gir həyatıma, gir.
Hərlən əqrəblərində,
Təzə saatıma gir...
Qəlbinin yarığına
al, verim bas gözümü.
Gözmuncuğu yerinə
tikanla, as gözümü.
Qoy toyumuzu çalsın
qatarların ah səsi.
Gəlini qatar alsın,
bəyi vağzal gecəsi…
Sahil parklarında
ağacların üzü
dənizə baxar.
Üzü dənizə bitən
ağacların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.
Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında
boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?
Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...
Ama hanı?..
Ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!
Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.
QATLAMA BIÇAQ, DÜZ ADAM, AZ AĞIR XƏSARƏT...
Qatlama bıçağın
düyməsini basdılar,
şax açıldı,
şaqqaşaraq açıldı,
əyri tiyəsini sapladılar onun şax,
dağ gövdəsinə.
Vüqarını əymək,
qürurunu
qatlamaq üçün sapladılar.
Sapladılar zəhərli iynə kimi
ağ varaq gövdəsinə.
Köpünü alarıq,- dedilər,- bilərsən,
zəvzəvləmək nədi.
Səsini kəsərik,- dedilər,- bilərsən,
"ağacların kökünü kəsirlər"
gəvəzələmək nədi...
Ağ varaq ürəyinin üstündən
ürəyin istəyən deşık açdılar.
Açdılar, ama
can çıxmadı,
can çıxmadı,
bir azcıq qan çıxdı,
bir az da
canında soyuqdəyməsi vardı zatən,
o da
ordan çıxdı.
***
"Az ağır xəsarət" maddəsiylə
iş açıb,
sifarişçilər qoca,
beli bükülmüş
qatlama bıçağı
təqaüdə göndərdilər
və yolladılar bundan belə
Milli Parkda
ağac gövdələrinə
"CAN" yazmağa...
Ağaclara qəbir qazmağa...
İKİ ÇÖRƏK,
BİR PARÇ PİVƏ PARASI
Biz -
Məhbəslər vurğunu deyilik,
köksümüzə saplanan
bıçaqlardan ötrü də
ürəyimiz getmir.
Ayaqlarımızın üstündən sürülən
“kamaz” təkərlərinin qara-qıllı
baldırına da
bir elə vurğunluğumuz,
tutqumuz yox.
Nə ağzımıza sıxılan güllələrə,
nə də
“bandotdel”in “SS” zirzəmilərinə
düşürən pilləkənlərin
sərinliyindən sarı
ağzımızın suyu axır.
Mavi də göyün rəngi...
Bunlar çatmaz dadınıza,
bunlar yetərli deyil,
bizi gözdən salmağa
barı, beləcə deyin:
“Bir ovuc üz qarası
Özgürlük istəyirlər...
Bir də, mütləq, yanında
iki zavod çörəyi,
bir parç pivə parası... ”
İLHAM PƏRİSİ
Xoş gəldin, İlham Pərisi,
Şadam ki, xoş gəldin.
Və madam ki, bu kərə
biryolluq döndün,
və madam ki, sən məndən
(İlahi min şükr)
çörək yox, söz istəyirsən...
Deyirəm, tut qulağını...
döz, istəyirsən,
deyirəm biz...
mən... sən...
Eşidirsən, İlham pərisi,
elə səssiz-səmirsiz
nikaha girsək,
bir şeir altında
ömür-gün sürsək...
eşidirsənmi, barı...
Mən könlümcə
gecə-gündüz yazaram,
hə, vallah, yazaram...
yazaram....
Qulağını açmamış deyirəm,
eşit:
aclıqdan
başımı dizinə qoyub
ölməyə də hazıram.
Hazıram...
DƏLİ ADAM
Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.
Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam...
İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində...
yenə də nəşəli adam.
Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına -
qat-qat, mərtəbəli adam.
Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?
Dəli adam... Dəli adam...
ÜZSÜZ ADAM
Üzünü görmədiyin adama
şeirlər yazarsan.
Üzünü görmədiyin adam
izini bilmədiyin yerdən
beş-on günlüyə
bacısına gedər,
qardaşına gedər.
“Həsrətin kilometrləri artdı” deyə,
qızarsan...
***
Üzünü görmədiyinə
“yaşıl gözlüm”,- deyərsən,-
“görürsən də, mən
ömür yox,
qara gün sürmədəyəm”.
***
Görmədiyindən
online sətirlər alarsan:
“Məni görmək istəsən,
bir də gəlməm görüşünə...”
Demək, beləsi də varmış işin -
üzünü görmədən
gözdən itirmək,
hələ tapmadığını əlindən yox,
salıb sözdən itirmək...
***
Görmədiyin üzü
yuxuna girər.
Sənə gözünü açmağa izn verməz, ama
çəkinmədən otağına girər.
Araya qələm qoyub
ensiz yatağına girər.
Ayılıb görərsən
qorxudan hələ də
gözlərin yumuludu.
Üzü nihanın yoxdu,
yerin göyərmiş qələmlərlə doludu.
***
Gördüyün hər adamda
görmədiyin adamın
üzünü ararsan...
Özünü öldürərsən,
yorarsan,
üzlərdən üz seçərsən
o üzə taxmağa.
Barı, yuxularında
gözüyumlu baxmağa...
***
Üzünü görmədiyinin üzündən
şeirlər yazarsan.
Şeirlərinə aşiq olunursa,
demək, sən
üzünü görmədiyin adama
aşiq deyilsən,
sən şairsən, yazarsan...
Səndən adam olmaz,
əbləh adam!
Durub yenə üzdən yazarsan:
“Üzün göy üzüdü sənin
sözüm üzündən gəlib
Sözümün nöqtələri
axıb gözündən gəlib.
Üzün göy üzüdü, sənin
Havana uçur əllərim.
Mənim başımı aldadıb
yanına qaçır əllərim...”
(Şairə alqış,
bir qanadsız quş...)
ADI NƏDİ BU ADAMIN...
(Adını və yaşını bilmədiyim dostun ad gününə)
Adi nədi bu adamın,
bu adamın adı nədi?
barı AD GÜNÜNDƏ bilək.
Oturub susmuşuq yenə,
bilmirik ağlayaq, gülək...
Adı nədi bu adamın?
İçəmmirik sağlığına,
sudan arı saflığına,
yaşının İsalığına...
Görüm, yanasan, ay Fələk!
Adı nədi bu adamın?
Gözünün işığı yatıb
gözəl göy qurşağı yatıb
yarı-yaraşığı yatıb
əlində qaşığı yatıb
toyunda aşığı yatıb,
az qalırıq qəmdən ölək.
Nədi, cızılır alnına?
Göydən süzülür alnına?
Adı nəydi bu adamın?
Baxın... ya-zı-lır alnına:
Baxın, yazıldı ki... Mə-lək.
Mələk...
SEVMƏYƏ MƏHKUMLUQ
Fəvvarələr bağında
gəzintiyə çıxmışam
axşam-axşam.
Qızlar gözəl,
Ay dolu,
su diri,
balıqlar dəli...
Zaman
türk dönəri kimi
yeməli.
Ayaqlarım
dəyirman daşıyca
nəşəli.
Canım oturmağa
boş yer gəzir,
gözlərim səni.
Bircə sənin yerin boşdu,
sənin yerinə
gözləyir məni...
Fəvvarələr bağında
gəzintiyə çıxmışam
axşam-axşam.
Sənin nişanlarını bilmədiyimdən
belə çıxır,
bu gün də
mən yazıq
təkbaşına
bütün qızları sevməyə
məhkumam...
“AYRILIQ”
... Bir də
Səhiyyənin
xəbərdarlığını oxuyub,
buzlamış canınla,
göm-göy, qanı donmuş
ayaqlarınla
qaçıb girərsən yatağına.
Bitən sözünün oduna
yaxıb yenisini
qoyarsan damağına.
Dilinlə çeynərsən,
çevirərsən belədən-belə
dodağın boyu.
Usta bir oyun...
Dişlərinlə sıxıb kötüyünü
dişləm-dişləm,
oynaya-oynaya
ağzında təzə alışdırdığın söz
uyquya dalarsan.
Bayaqdan çırpılmamış kül
dağılar üstünə.
Ağcaqanadlar pərvanə rolunda
yığışar tüstünə...
***
Yuxunda
“AYRILIQ”mı deyərsən, nə?
Ayrılan dodaqlarından
bu qopan sözün
qızılı közü
düşər,
yandırar,
deşər yorğanı...
Sinənə çatanda od
ayılarsan,
atəşdən bayılarsan.
***
“Əşşi, ev cəhənnəmə,- deyərsən,-
bəs bu zəhrimarın kötüyü hanı?..”
***
... Belə olur da hər gün
sübh tezdən dəli adamın
“Ayrılıq”dan ayılanda
qaralır qanı!
Və illah da ağzında
dünən gecədən
sönmüş söz tamı...
HÖKM
“Tükəndi səbrim...
yoruldum...
qanadlı eşşək olmaqdan
biabır oldum.
Əlimdə
faktlar var
Tanrıya dair.
Onun səbri 40 ildi,
pah, mənə nə?
40 il mənim
cəmi ömrümdü...
və sair
və ilaxır.
Mən də bu gündən
gedirəm satılmağa.
Bundan belə
qanadsız at olmağa.
Xoşbəxtəm,
ağam...”
AĞACLAR VƏ QADINLAR
Qadınlar
küçələrə tökülər,
ağaclar - əkilər küçələrə.
Fahişə deyərlər qadının
küçəyə töküləninə,
əkilənlər park olur.
Başının üstə
nə Allah durar, nə göy,
tökülən qadına
bütün sevgilər ögey...
yalnız əkilənə umud.
Ağacların dibində
tərini soyudan...
tökülmüş qadınların gözündən
bitmədən yaş axar.
Parklar fahişələrin gözündən
içdiyi sudan yaşıllaşar,
sıxlaşar.
Gecələr heç kim görməz,
ayaq çəkilincə yörədən
allahsız, göysüz
fahişə qadınlar ağaclarla
necə iç döyüb,
qadınca qucaqlaşar...
GƏL, TƏZƏDƏN
GÖRÜM SƏNİ
İşsiz-gücsüz oturmuşam,
bilmirəm ki,
nə unudum.
Gəl,
təzədən görüm səni,
görüm ki,
yenə unudum.
Gah sev məni,
gah at məni,
göz yaşında
oynat məni...
Min yol öldür,
dirilt məni,
Qoy,
dönə-dönə unudum...
VARMI MƏNİ ÖTÜRƏN
Başım
rədd olub
Qərbə yollansın
çiynimdən
ildırım sürətiylə
qoparaq.
Ayaqlarım
itilsin gözümdən
atılsın,
qurtulsun,
tullansın,
ürəyimi də
belinə alsın
bir baş Şərqə sarı...
Sağ qolum -
Cənuba,
sol qolum -
Şimala
ayırsınlar yolları.
Daha qala bilmirəm,
çıxıb getmək istəyirəm.
Varmı məni ötürən?
Nəşim qoy yerdə qalsın,
canavarlar götürər...
AY BULUDA GİRDİ
Ay
buluda girdi.
Bulud qaraydı,
bozardı,
uddu Ayın
işığını.
Ama
Ayın ürəyi qaralmadı,
bulud çəkildi,
Ay təzədən
doğuldu.
Ay
buluda girdi,
mən
sənin ürəyinə.
Nəfəsin qaraldı,
ürəyin çəkildi,
mən boğuldum.
Ay
yeni buluda girdi...
Mən görmədim,
mən dənizdəydim,
mən
dənizin dibindəydim.
...Mənə
balıqlar
xəbər gətirdi.
SÜRPRİZ
...
pıçapıç...
pıçapıç...
düz bir saat...
yağmur nə danışdı,
nə
pıçıldadı
evlərin qulağına,
damına,
həyətinə,
torpağına,
qumuna,
ağacların yarpağına...
bilmədim,
duymadım.
qürurdan
özümü
o yerə
qoymadım.
Az sonra
gün çıxdı.
Bu arada
səndən
sürpriz məktub gəldi.
Açdım
zərfdən
düyün çıxdı.
Pıçapıç
Nikolaydanqalma
tikilməmiş
bir ev yıxdı...
Ayr. 96%
Gözlədiyimdən
tünd oldu
bu ayrılıq.
Bəs-bəlli,
tər-təmiz
sevgidən çəkildiyi.
Bir “əlli”,
deyə-deyə,
aludəsi oldum
bu zəhrimarın.
Və mən
əməlli-başlı
keflənməyimin
fərqindəyəm
yenə.
Bax,
dilim də
söz tutmur,
üzüm də əcayib
dartılıbdı
dörd yana...
Bu suratda
millətin
üzünə çıxmaq ayıb...
Gedim,
bir az içim,
ayılım...
Və sənə SÖZ!
Bu gündən
bir yolluq atıram daşını
ayrılığın!
YOLÇƏKƏNLƏR
Gözlərin
yol çəkməkdən,
bu üzücü əməkdən
qan-tərə bələşibsə...
Və bu çəkdiyin
bir qədirbilməzin,
bir yolsuzun
evinə aparan yolsa...
Gözlərinin
əyni-başı
qıra bulaşıbsa...
At o yolu,
o asfalt yolu,
yola gəl,
evinizin yolunu
sən mənə göstər.
Könül
istər
bundan belə
səninçün
mənim gözlərim
yol çəksin.
Yol boyu
Dəfnə ağacları
əksin...
SƏRNİŞİNLƏR
Üzünü
görmədim,
səsini görmədim,
yerini bilmədim
yerinin.
Ama
yer altında
bəlkə neçə yol
yanımda oturubsan
canımdaykən yerin,
sənə
şeirlər qoşub
tunelə uçurmuşam
sənin sən olduğunu
fərq etmədən.
Və
bəlkə yüz kərə
sənə verdim yerimi,
ürəyimdəykən
yerin,-
əziz sərnişin.
ÜRƏYİN MÜSƏLMAN DEYİL
Özüm
inanmasam da
dinə,
vallah,
billah,
Allah haqqı,
Tanrı haqqı,
bir partiyalı
bir rəngli,
bir sevgiyə icazəli
sovetdənqalma
adam olsam da,
ürəyim sevgidə
islam yasalı;
qırx eşqə qurulu,
qırx həsrətdən,
ayrılıqdan asılı...
Dünyada
bütün
ürəklərin qanunu
belə yazılıb.
Özünü suçlu bilmə,
yanma, yaxılma,
din əldən getdi,
deyib,
yıxılma,-
sənin ürəyin yoxmu,
yoxsa,
tərsa qızısan?
Bəlkə dünyadan
deyilsən,
ürəyin
müsəlman deyil?..
Ya ürəyin soyuyur,
Ya ürəyində mənəm?
Mən soyuq ət yemirəm,
Qorxma, içini yemə!
AYY... DA...
Bir ortaq
havamız olmadı -
dinləyib
ortaq olmayan
zamanlarda,
məkanlarda,
inləyib
eşq içi tökək.
Bir ortaq
havamız olmadı -
yanımızdakının
havasından boğulanda
çəkək içimizə,
sən orda tək,
mən burda tək.
Bir ortaq
sözümüz belə olmadı, dünyada...
eşitsək
bir iç çəkək:
“Ayy da... ayy da...”
Biz,
ayrı yaşadıq, gülüm,
birimiz yerdə,
birimiz Ayda.
Yaşadıq barı!
Ay daaaaa...
BÜTÜN XANIMLAR SƏNDİ
Səni tanımayınca
bütün xanımlar
gözümdə
Səndi.
Hər hansı
qıza-qadına
azacıq
pis gözlə baxan
bütün kişilər
mənimçün
düşməndi.
BAKIDA ÜMİD
Külək
bu gün,
bu şəhərdə
yalnızlıqdan
cilov gəmirən
evdar qadın kimidi.
Hər şeydən
bezibdi:
adamları qat-qat
dolmalıq pörtməkdən,
ciyərini bişirməkdən,
mənzilinə səpələnən
əşyaların
birini qaldırmaqdan,
birini düşürməkdən.
Göydələn,
alçaq,
tatı
mebellərin
düzümündən
cana doyub,
əsir-coşur yenə,
fikri dəyişməkdi
azacıq
bu yeknəsəq həyatı.
Mənim
zərrəcə
qarışmaq
fikrim yoxdu
evdar qadının
görəcəyi işə.
Ümidim var,
evlərin yerini dəyişəndə
bəlkə,
təsadüfən
evimiz
səninlə
yanaşı düşə...
YALQIZ
Səhərəcən
neçə kərə
gecəni keçirmişəm
qollarımın üstündən
o üzə-bu üzə
xurd-xəşil eləmişəm.
Belədi də
dünyanın gərdişi,
yiyəsizin,
sahibsizin
işi.
Barı,
sizdə insaf olsun,
barı,
biriniz alsın
bu yetim qolları,
bu daş qoları,
bu
qucağı boş qolları
mən dəlinin
əlindən.
XƏSTƏNİN GÜNDƏLİYİNDƏN
Yazırsan,
“sən elə
olduğun yerdəsən,
bircə mən orda yoxam”,-
sən yazırsan,
mən icə elə bilirdim
yanındayam,
canındayam,
qanındayam…
bəlkə də
elədi,
ama
sən orda yoxsan,
özündən gedibsən.
Bir Allah bilir
nədən gedibsən,
hayana gedibsən,
hara gedibsən?.
***
“Xəbərim var,-
yazırsan,-
biri pıçıldadı
qulağıma,
yenə vurubmuşsan
o gecə,
dəmmişsən,
başın
dinc dayanmırmış
yerində,
yenə də aşırmış
sol mələyin,
sağ mələyin
üstünə…
Bəsdi də…
Ay maşallah,
əcəb türkmüşsən,
verdiyin sözün üstündə
möhkəm durubmuşsan…”
Darıldım sevgilim,
qırıldım səndən;
məni qoyub
etibarlı sayıbsan
çuğul,
küpəgirən küləyi.
Bakıda səndən başqa
hamı bilir
onun
dizinin üstədi
çörəyi…
Yoruldum,
yoruldum, sevgilim,
özüm-özümə
“yazırsan” başlıqlı
məktublar yazmaqdan.
Bu gün son kərə
başımın xarablığından
bezirəm.
Verdiyim
elanı oxuyun:
“Mənə yazılmamış
bir düjün
almadığım məktuba
yiyə gəzirəm
indi;
MÜKAFAT QARANTİ!..”
HƏSRƏT BANKI
Yenə sən qaldın,
mən getdim,
Səni ötürməyə
köksümü qoydum.
Sənin ürəyində hesab açdırıb,
Üç-beş faizinə
özümü qoydum...
DÜNYA KEÇİB MƏNDƏN GEDİR
Dünya keçıb məndən gedir,
Mənə sarı gələn yoxdu.
Ölüm, gəlmirsən, heç gəlmə,
Heç sənçün də ölən yoxdu.
Mənə sıxılan güllə də
Eləcənə yandan gedər.
Ürəyim elə pas atıb,
Təkcə qızıl qannan gedər.
Allah, sən də bizə gəlmə,
Özüm özümdən getmişəm.
Mən ölüm, bir axtar məni,
Görək də harda itmişəm?
Vurmanı əzbər bilirsən,
Öyrən dərdi bölməyi də,
Min yol məni öldürəndə,
Bir yol mənnən ölməyi də...
YOXAM
Göyü gəzib dolandım,
Gəldim ki, yerdə yoxam.
Ölüb yerə girirəm
Ki, hələ gorda yoxam.
Könlümü ona qurmuşam,
Tək yaradana qurmuşam.
Bəyəm, toyxana qurmuşam,
Özüm mağarda yoxam.
Çarmıxım şam-şax durubdu,
Qanımda yüz mıx durubdu.
Seyrimə Allah durubdu,
Bircə mən orda yoxam.
YAŞIL İŞIĞIN ÇİÇƏYİ
(16+)
Yaşıl işıq yandı,
içim açıldı
sən keçib getdin,
işıqdan ötə…
ürəyim dayandı.
Getdin
yel kimi -
baxçanda əkilmiş
fidan çiçəyi
uyutmağa,
getdin
sel kimi,
tər ləçəklərindən
öpüb
oyatmağa,
böyütməyə…
İllər geridə
yaşıl işığın
qaldı
sevginə möhtac.
Sən getdin
düşdü yollara
bir qarın tox,
bir qarın ac.
Dörd yol ayrıcında
sənə veriləsi
qırmızı-sarı
güllər
əlində qaldı.
Acımadın
sənə uzalı
çiçək dolu qollara.
Getdin,
öz çəçəyinin
yollarında
yaşıl işıqlar açmağa.
Getdin…
sənin
yaşıl işığa gəlişin
zatən
yaşıl işıqdan qaçmağa...
yaşıl işıqdan qaçmağa…
YAŞAMAQ BOYNUMA DÜŞDÜ
Yaşamaq boynuma düşdü -
boynuna göy kartof yemək düşən
kəndlimiz Xubyar kimi...
O,
göy kartof yeməkdən öldü,
mən -
yaşamaqdan...
Yaşamaq boynuma düşdü -
zalımların,
başkəsənlərin,
bircə sevgiyə görə
ömürlük işkəsənlərin
acığına.
Yaşamaq boynuma düşdü -
yaşamaqdan bıqdıran
acılara inad.
Cavanların
başını yeyə-yeyə
dünyanı tutub gedən
qocalara inad.
Sırf boynuma düşdü,
yoxsa,
nə vardı,
yaşanacaq?
sən də
yanımda yoxkən…
SÜMÜYÜMƏ DÜŞƏN HAVA
Başımı geyindim
ayağıma başmaq kimi,
düşdüm çölün canına
mən dəli axmaq kimi.
Bir çobanın tütəyindən
sümüyümə hava düşdü -
hava nə hava...
Havanı oynamaq üstdə
kənddə bir dava düşdü,
dava nə dava...
Oynatdı məni dönə-dönə,
gəlmədi imana-dinə.
Yoruldum, doymadım yenə
fərəhimdən uşaq kimi.
Təri məni,
bu havanın zoru məni,
üzümdən-gözümdən elədi,
özümü özümdən elədi,
qaldım yerdə çolaq kimi.
Çəkilin, tuş gəlməsin
kimsə daşıma indi.
Sümüyümə düşən hava
gəlir başıma indi...
17.08.89
MOSKVA
DOSTLUQ
Acığımı,
nifrətimi,
acımı
tökməyə
Səndən özgə adam
tapammadım...
Keç günahımdan,
Yaradan...
MƏN İLK KƏRƏ MƏNSİZ
Gecə keçib yarıdan,
yollar qərib, kimsəsiz:
Keçirin işıqforları.
Bir məndim, məndən keçdi...
Məni bir qadın qucub...
Mələklər gəzsin barı...
Keçirin işıqforları!
Keçirin işıqforları...
SƏNƏ ALTINCI MƏKTUB
Döydün qapımı…
Açdım…
Sənin oldu evim…
Evimiz…
Qapın döyüldü…
Açdın…
Evsiz qaldım…
Kirayə ev gəzirəm indi.
ÖLƏNG
Gəl çıx yuxularımdan,
Gəl gir həyatıma, gir.
Hərlən əqrəblərində,
Təzə saatıma gir...
Qəlbinin yarığına
al, verim bas gözümü.
Gözmuncuğu yerinə
tikanla, as gözümü.
Qoy toyumuzu çalsın
qatarların ah səsi.
Gəlini qatar alsın,
bəyi vağzal gecəsi…