Pozulan meyarlar, yaxud bir polemikaya sözardı...

Pozulan meyarlar, yaxud bir polemikaya sözardı...


Tərazuyi-əyari möhnətəm bazari-eşq içrə!

Füzuli


Elnarə Akimova


"Hazır ənənənin dalınca getmək qat-qat asan, sənəti yeni keçidə hazırlamaq qat-qat çətindir. Birinci halda məhz "bazar iqtisadiyyatı”ndan çıxış edirsən: ən cari, kustar ehtiyac baxımından müştəriyə hansı mal, mətah, ideya lazımdırsa piştaxtaya onu qoyursan. Sən "bazar”ın dalınca gedirsən və elə bilirsən zaman sənin dalınca gedir. İkinci halda – ədəbi, mütləq və sabit sənət və həqiqət mövqeyindən xalqa düz söz deyirsən, bəlkə də acı olan, sərfəli olmayan, kütləyə "lazım olmayan” söz deyirsən, amma həqiqəti deyirsən”... (Yaşar Qarayev)


 

Yəqin həmişə belə olub. Ədəbiyyat olan yerdə antiədəbiyyat nümunələri də yaranıb, peşəkarlıq olan yerdə kütlə psixologiyasının tələbini ödəyən fikirlər də özünə yol tapıb. Bunların zəminində isə iki növ səviyyəni ehtiva edən ziyalı obrazları formalaşıb: ədəbiyyat ölçülərini nəzərə almadan, müəyyən maraqlara və məqamlara xidmətin göstəricisi kimi meydana çıxan yanaşma nümayiş etdirənlər, yaxud əksinə, əbədi sənət idealını əsas tutub öz həqiqət çevrəsini cızan, ədəbi dəyərlərə və meyarlara münasibətdə güzəştə getmədən sırf yaradıcılıq faktı arayanlar... Zaman-zaman sinxron, müvazi şəkildə fəaliyyətdə olan hər iki qütbün təmsilçiləri bu gün də cəmiyyətimizdə görünür və təəssüf doğuran odur ki, bu ənənəvi gedişdə mənfi-müsbət nisbəti hələ də ikincinin xeyrinə dəyişmir. Səbəbsə, yalnız birincinin yalançı gücündə deyil, daha dəqiqi, həqiqəti yeritməyə və dəstəkləməyə iqtidarı çatan ziyalı mövqeyinin yoxluğundadır. Bəli, bizdə ikinci səviyyənin meydanı daralıb, onu təmsil edən ziyalı və auditoriyanı tapmaq, toplamaq müşkül işə dönüb. Baş verən proseslərə varıb-görürsən ki, bizdə hələ belə söhbətlərə hazır auditoriya yetişməyib. Bəlkə bu gün ziyalının susması, ən pis halda isə "bazar”ın dalınca getməsi məhz, bu amillə bağlıdır. Yəni, kamil auditoriya olmayan yerdə hansısa dönüş yaratmaq niyyəti, dəyərləri qorumağa dəvət notları səsləndirməyin özü sonda müəllifini Yusif Sərrac kimi kor kütlənin həmləsinə hədəf edə bilər. Mirzə Fətəli Axundzadə haqlı deyildimi xalqın, toplumun şüurunun oyaq olmadığı təqdirdə aparılan bütün islahat cəhdlərinin əbəs olduğunu bildirəndə?! Əslində, ziyalıya həvalə olunan funksiya bu növ stereotip normalar əleyhinə çevrilişdə üzə çıxır. Çünki onun ədəbi tərəqqi hərəkatında aparıcı rolu ötəri zaman və məkana uyğunlaşmağın səviyyəsindən daha dərin və ucadır.

 

"Ziyalının missiyası və rolu məqama xidmət etmək deyil, məqamlar arasında vəhdətə xidmət etməkdir, nəsillərlə əsrlər, yaxınlar və uzaqlar arasında da əlaqə və ahəng yaratmaqdır,işığı keçməyə, şamı sönməyə qoymamaqdır, ocaqdan-ocağa od

daşımaqdır”.

Ötən həftələrin birində bu çağırışı akademik İsa Həbibbəyli etdi. Rəhbərlik etdiyi elmi qurumu, Nizami adına Ədəbiyyat İnstitutunu hər cür naşı, diletant fikirlərin əleyhinə aktiv olmağa, operativ mövqe sərgiləməyə səslədi. Əslində, irsi qorumaq çağırışlarda ehtiva olunmur, əməldə realizəsini tapır. Bu mənada İ.Həbibbəyli ədəbi meyarları pozub daha sonra "rekonstruksiya” işi aparanlardan olmamış, öncədən Yolunun dürüstlüyünə əmin olaraq addım atmış, daim ədəbiyyatımızda həssas ictimai-siyasi mövqeyi ilə seçilmişdır. Bunun ədəbi irsə sədaqət, ziyalı məramına riayət nümayiş etdirən nümunəsi, mütləq və sabit sənət mövqeyinin layiqli ifadəsi, ədəbiyyat üçün ömür "nisar etməyin” bariz örnəyi var ortada. Çünki bir ziyalı kimi dərk edir: mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri o zaman qorunub saxlana bilir ki, xalq keçmişin milli-mənəvi sərvətlərini, ədəbi irsini zamanın sərt sınaqlarından, fəci və dramatik olaylarından uğurla çıxara bilir. Əgər çıxara bilmirsə, dövlətin bütövlüyünü də, millətin tamlığını, "xalq və mən" şüurunun mövcudluğunu da təhlükə qarşısında qoyur! Hətta bu gün özgələşmə kimi bəşəriyyəti ciddi narahatlıq və həyəcan içində saxlayan problemin mənbəyini araşdıran dünya alimləri, filosof və sosioloqları bunun yaranma səbəblərindən birini irs-varis əlaqələrində tarazlığın pozulmasında görürlər. İrs-varis münasibətlərində nizamsızlıq hökm sürən cəmiyyətdə sözlər orijinallığını, millət isə azadlığını qoruyub saxlaya bilmir, harmoniya və sabitlik yox olur, insan və dünya, insan və insan arasında özgələşmə prosesi başlayır və ən pisi də budur ki, bu proses ən apogey məqamında daxili özgələşmə ilə sona varır. Biz bir millət, bir xalq kimi bütün bu fəci reallıqları şəxsi taleyimizdə yaşadıq. Millətimizi o tay-bu tay həsrətlisi edən mənfur irtica dünənimizdən bu günə, sələfdən xələfə, ziyalıdan xalqa gələn genetik kodları, üzvi və mənəvi bağları qırmaqdan da çəkinməmişdi. Əlifbamız dəyişdirilmiş, milli-mənəvi sərvətlərimiz saxtalaşdırılmış, ictimai fikir öndərlərimizin irsi təhriflərə məruz qalmışdır. 60-cı illərin ilıq mühiti irsimizin varisi kimi təmsil olunmağa müəyyən imkanlar vermişdisə də, bütünlükdə keçmişi bərpa işi, vulqar ideoloji konsepsiyaların güdazına getmiş mənəvi sərvətlərimizi mədəniyyət aləminə daxil etmək prosesi 90-cı illərdən, milli müstəqilliyimizi bərpa etdikdən sonra mümkün oldu.

 

O zaman ki, sovet imperiyası süquta uğradı, uzun illər milli mədəniyyətimizi saran "kölgələr” də çəkilib getdi. Sovet dövrünün ideoloji basqısı altında, vulqar-sosioloji mövqenin nəticəsi olaraq meydana çıxan nümunələrin yararsızlığı məlum olandan, yaxud eyni basqı və mövqenin mövcudluğu nəticəsində meydana çıxa bilməyən sənət nümunələrinin həqiqəti dərk ediləndən sonra ədəbi-bədii arsenalımızda hansı boşluqların yaranması nəzərə çarpdı. Milli-mənəvi dəyərləri qiymətləndirmək, təhrif və əyintilərə məruz qalan bədii həqiqətlərin tarixi haqqını bərpa etmək üçün onlara azad təfəkkür məcrasında yenidən qayıdıldı. Bu qayıdış ədəbiyyatın "yeni söz" söyləmək cəhdinin (və borcunun!) reallaşması üçün də tam zəmin yaratdı. 90-cı illərdə Azərbaycan ədəbiyyatı tarixi probleminin yenidən qabarması, onun milli əsaslar, meyar və prinsiplər əsasında yazılmasının zərurətə çevrilməsi bu yöndə qazanılan təcrübə və ənənələrin inkar olunması demək deyildi. Ədəbiyyatşünaslıq elmi bu məsələyə son dərəcə ciddiliklə yanaşaraq, keçmiş tarixçilik ənənələrindən heç də sərf-nəzər edilmədiyini vurğulayır, bu istiqamətdə mövcud olan təcrübəni son dərəcə qiymətli və böyük tədqiqat irsi, tədqiqat sərvəti hesab etdiyini bildirirdi. Əlbəttə, əks münasibət ədəbiyyatın yeni nihilizmi demək olardı və bu halda heç bir ciddi nailiyyətdən, dünənin səhvlərindən xali prinsiplərin tətbiqindən söhbət gedə bilməzdi. Ədəbiyyatşünaslar bu fikirdə idi ki, obyektiv, tarixi qanunauyğunluqlar var və onları primitiv, populist yanaşma tərzi ilə inkar və rədd eləmək gələcək tədqiqatları elmi-nəzəri-metodoloji perspektivdən, miqyaslı, analitik nəzəri səpkidən məhrumluğa gətirib çıxarar. Bu dövrdə ədəbiyyatın klassik irsə müraciətinin zəminində dövrün qarışıq, xaotik proseslərlə müşayiət olunması, yeni təfəkkür tipi formalaşdırmağın vacibliyi faktının doğurduğu nigarançılıq və narahatlıq da dururdu. Məlumdur ki, bütün kəskin keçid dövrlərində klassik irs yeni ədəbi və mədəni quruculuq üçün, yeni ədəbi-estetik dəyərlərin təşəkkülü üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu mərhələ fikrin, düşüncənin dramatikliyi ilə müşayiət olunur və birmənalı olaraq irsə münasibətdə nihilist səciyyəsi ilə yadda qalır. Ədəbi irsimizin daimi təəssübkeşlərindən olan Elçin 2002-ci ildə "Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri" adlı məqaləsində ədəbi prosesdə hakim olan bir çox qarışıq yanaşmaları nəzərdə tutaraq yazırdı: "Azərbaycan qəribə məmləkətdir. Bu gün münbit zəmin, əlverişli şərait yaranıb ki, Füzuli, M.F.Axundzadə, Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatının bir çox başqa klassikləri daha artıq bir həvəslə öyrənilsin, tədqiq olunsun, hakim sovet ideologiyasının 70 il ərzində deməyə imkan vermədikləri indi deyilsin, bu böyük sənətkar və mütəfəkkirlərin milli bədii-estetik təxəyyülün, milli ictimai fikrin tarixində oynadığı rol müəyyənləşdirilsin və s., və i.a., amma siz Azərbaycan mətbuatına baxın və hətta ayrı-ayrı qorxunc siyasi-ictimai mərhələlərdə sovet ideoloji həmlələrinin belə bata bilmədiyi Bakıxanovu, Mirzə Fətəlini, Mirzə Cəlili, hətta Füzulini "ifşa” etmək tendensiyasını aşkar hiss edəcəksiniz".

 

Ədəbi prosesimizdə müxtəlif vaxtlarda qabarmış əsassız inkarçı formullara qarşı cavab reaksiyası ilə çıxış etmək ədəbiyyatın vacib bildiyi məsələlərdən olmuşdur. Bir tərəfdən o, ədəbi irsi, klassik ədəbiyyatı milli dəyərlər işığında nəzərdən keçirir, onu dünəndən fərqli şəkildə təhlilə cəlb edir, digər tərəfdən eyni təəssübkeşlik və irsə sədaqət hissini ədəbi prosesdə özünü göstərən nihilist meyllərə qarşı neqativ münasibətində sübuta yetirməyə çalışırdı. Əlbəttə, ziyalının elmi potensialı yalnız birincinin inkişafı üçün xərclənsəydi ədəbiyyat daha çox yararlanar, daha böyük nailiyyət qazanardı. Xüsusən, keçid mərhələsi kimi xarakterizə olunan 90-cı illərdə belə bir bütövlüyə ehtiyac böyük idi. Lakin nəzərəalsaq ki, ədəbi qarşıdurma, zaman və şəxsiyyət amilinin divana çəkildiyi məqamlar daha çox bu mərhələdə aktuallıq qazanır, o zaman inkarçı meyllərə qarşı mübarizə irsin sabahı, onun yaşarılığı üçün bir o qədər tutum qazanır.

 

Ötən həftələrin birində ANS televiziyasında sərgilənən və Cəlil Məmmədquluzadəyə həsr edilmiş "Şəxsiyyət vəsiqəsi” verilişi ədəbi irsə münasibətdə nihilist meyllərin, inkarçı mövqelərin hələ də funksional olduğunu bəlli etdi. Bəri başdan deyim ki, bizdə ədəbiyyatla bağlı ciddi verilişlər çox az hallarda təşkil olunur. Bəzi televiziya kanalları tərəzinin gözünəmədəniyyət və "bazar”ıqoyub çox dəyərləri çıxdaş eləməyə çalışırlar. Mənəviyyatındəllal tərəzisinə qoyulduğu, daha çox ajiotaj xarakterli, qalmaqala köklənmiş ritmdə, yüngül vəzndə, gərgin ab-havada düzənlənən bu verilişlərin tamaşaçı düşüncəsində heç bir maariflənmə işi aparmadığını anlamağın zamanıdır.

 

Elə hallar olur ki, Azərbaycan ədəbiyyatının yeni tarixi xüsusiyyətlərinin təşəkkülündə milli ədəbi amillərin rolu inkar edilir, ədəbiyyatının indiyə qədər mütərəqqi sayılan ideya dəyərləri, ədəbi-estetik görüşləri təftişə məruz qalır, görkəmli ədəbi şəxsiyyətlərin mövqeləri və irsi qiymətləndirilərkən bundan əvvəlki vulqar sosioloji metodologiyanın prinsiplərinin başqa bir şəkildə təkrarı baş verir.

 

Ədiblələrmizin irsinin doğru-dürüst təbliğ olunması, cəmiyyətə ötürülməsi vacib məqamdır. Ən azı bilmək üçün ki, dünyaya axın prosesinə, mənəvi inteqrasiya və ədəbi dövriyyəyə çağdaş ədəbiyyatımız hansı istiqamətdə pozitiv müdaxilə, yenilik təqdim edə bilər və ümumiyyətlə, ədəbiyyatımız milli varlığımızı görükdürməyə, onu təmsiletmə potensialını ehtiva etməyə hansı dəyərləri ilə qadirdir… Xüsusilə, indiki halda, ədəbi gedişat özü haqda belə bir qənaət formalaşdırırsa ki, son illər ərzində ədəbiyyatımız müəyyən sınaq mərhələsini adlaya bildi. Bu illər ərzində ədəbiyyat təkcə özünü qorumaqla kifayətlənmədi, böyük bir inkişaf yolu keçdi. Yeni tipli əsərlər yarandı, cəsarətli eksperimentlər aparıldı. Bu, yalnız çağdaşlığın gətirdiyi dinamizm deyildi. Bu, həm də milli ədəbi irsin ədəbiyyatda oynadığı rolun, ehtiva elədiyi təcrübənin gücü idi. Bütün yeniliklər və modernləşmə cəhdləri ona nəzərən meydana çıxır və özünü görükdürürdü. O zaman "keçmişdən qurtulmalıyıq, onu bu günə gətirməməliyik” kimi fikirləri fənaya uğratmağın və bu cür əsassız formullara son qoymağın başlıca yolu diqqət hədəfini daha çox yaranan мətnin üzərinə köçürüb, onların milli şüura nə dərəcədə bədii-estetik dəyər qatmasını üzə çıxartmaqla reallaşa bilər. Etiraf edək ki, bu cür təbliğetmə işində ədəbiyyatın öhdəsinə daha böyük məsuliyyət düşür. Belə bir ayrıntının aparılması həm də ona görə vacibdir ki, sabahkı ədəbiyyatın xarakteri, onun keyfiyyət göstəricisi bu gün müəyyənləşir. Sabahkı nəslin estetik baxışının formalaşması zamanını isə heç bir halda milli dəyərlərə etinasız yanaşanların ixtiyarına buraxmaq olmaz.

 

Əvvəlcə burdan başlamaq lazım gəlir: niyə Mirzə Cəlil bu gün bədii idrakı düşündürməkdə davam eləyir. Bəlkə ona görə ki, Mirzə Cəlil bizi bizə daha yaxşı anladır, göstərir, təqdim edir. Bəlkə əsl varlığımıza varmaqdan ötəri Mirzə Cəlil irsinə qayıdıb ordan başlamalıyıq...

 

Ədəbi irsə çağdaş baxışın vüsətləndiyi indiki zamanda Cəlil Məmmədquluzadənin irsi üz tutulan ünvanlardan biridir. Mirzə Cəlilin demək olar ki, bütün əsərlərində zamanın ritminin, ahənginin duyulduğunu, onlardakı simvolların çağın çətinliklərini açmaqda iştirak və kömək etdiyini görmək çətin deyil. Özündə mənsub olduğu millətin ruhunu və potensiallıq dərəcəsini, ədəbiyyatın estetik və ideya-məfkurə məzmununu ehtiva etdiyindən Mirzə Cəlil irsi milli birlik və vəhdət zərurəti, milli mənlik şüurunun və kimliyinin dirçəlişi, milli ovqat və ləyaqət hissinin aşılanması problemlərinin həllində əvəzolunmaz məktəb sayıla bilər. Ədəbin yaradıcılığına yalnız tənqid etdiyi tiplərin rakursundan baxmaq, obyektivi məhz, ora fokuslayaraq qiymət verməyə çalışmaq obyektiv yanaşmanı bəri başqan kənara qoymaq deməkdir. Akademik İsa Həbibbəylinin yazdığı kimi "Cəlil Məmmədquluzadə üçün başlıca hədəf ayrı-ayrı fərdləri, adam­ları, novruzəliləri deyil, milli istiqlala, oyanış və tərəqqiyə qənim kəsilən, ma­neçilik törədən, geniş ictimai zümrələri, daha konkret mənada mövcud siyasi quruluşu tənqid etməkdən, dəyişmək, yeni­ləş­di­məkdən ibarət idi.” Bu mənada zəma­nənin mənəvi-əxlaqi portretini görükdürən Mirzə Cəlil irsinə milli özünüdərk və tərəqqi proseslərinin dərinləşməsinə xidmət edən ölməz ədəbi nümunələr məcmusu kimi xüsusi diqqət yetirmək daha doğru olardı: "Bu gün də-XXI yüzilliyin astanasında da "Nə etməli?", "Necə etməli!” suallarına ən yaxşı cavabı M.Cəlilin əsərlərində tapırıq. "Anamın kitabı” – bütün dövrlərin "ana kitabı” olaraq qalır. "Kiçik adamları" və "artıq adamları", "ölüləri” və "dəliləri", "saqqallı uşaqları" da millətə çevirən, xalqa öz "mən”ini genetik yox, milli səviyyədə dərk etdirən ibrətli əsərləri bizə yaxın yüz ildə hamıdan çox və hamıdan kəskin Məmmədquluzadə yazır. "Bir millət gərək bir kitaba, bir amala tapınsın" – əsrin əvvəlinin bu Mirzə Cəlil təlimi 90-cı illərin də aktual fəlsəfi-elmi təlimi, "milli ideologiyası" olaraq qalır” (Y.Qarayev).

 

Cəlil Məmmədquluzadəyə münasibətdə 90-cı illərdə meydana çıxan bir məqama toxunmaq yerinə düşər. O dövrdə nihilist baxışların yaranmasına rəvac verən səbəblərdən biri, əsasən ədəbi-bədii əsərlərə baş verən Qarabağ münaqişəsi kontekstindən nəzər yetirilməsi ilə əlaqədar idi. Qarabağ obrazı ədəbi fakta, tarixi-ədəbi prosesə yanaşmada, onu dəyərləndirmədə məhək daşı rolunu oynayırdı. Hər əsərin bədii siqləti, səciyyəsi onun bu "obraza" münasibəti səviyyəsində tutum qazanır, bir çox bədii nümunələr bu cür naqis tenden­si­yanın nəticəsi olaraq növbəti qəzəb predmetinə çevrilirdi. N.Nərimanovun "Bahadır və Sona" romanı, Ü.Hacıbəyovun "Əsli və Kərəm”i, C.Cabbarlının "1905-ci ildə”, C.Məmmədquluzadənin "Kamança", S.Vurğunun "Vaqif” pyesləri, M.İbrahimovun "Gələcək gün” və s. əsərlər "ermənilərlə düşmən­çiliyi unutmağa" xidmət edən, Azərbaycanın suverenliyinə, müstəqilliyinə xələl gətirən nümunələr kimi ittiham olunurdular. Halbuki bu əsərlərin missiyası Qarabağ məsələsini həll etməyi məqsədə çevirmək deyildi, daha çox bədii-estetik baxımdan dəyərini qoruyan sənət nümunələri kimi ortada idilər. İndi də keçid dövründən iyirmi ildən çox keçən bir dövrdə yenidən həmin ədada bulunmaq, Mirşahin kimi "qorxaq” deyib yazıçını ittiham etmək, onu üstündə tapança gəzdirə-gəzdirə "qoçuluq” etməməkdə suçlandırmaq məqbul sayılmamalıdır. Digər tərəfdən, Mir Şahin tamamilə başqa kontekstdə bulunub yaradıcılığında satiranı əsas götürən, bu yolla milləti oyatmağa çalışan Mirzə Cəlili ona görə suçlayır ki, məhz satirik yol tutub xalqın çatışmazlığını, naqis cəhətlərini hərtərəfli görə və göstərə bilmişdir.

 

Əvvəla bu gün cəmiyyətin yazara, ədəbiyyata olan münasibətin səviyyəsini görükdürmək və bununla elə fikir sahibinin öz xarakterini ortaya qoyması baxımından bu yanaşmalar simvolik məzmun daşıyır. Elə kanalın da. Vaxtilə bu kanalda sərgilənən "Dahilərin divanı” verilişi eyni missiyanı götürmüşdü üzərinə: ədibləri aşağılamaq, diqqəti onların əsərlərinin deyil, yaradıcılıq psixologiyasından doğan boşluqların üzərinə yönəldib Mətnin səviyyəsini və şəxsiyyət amilini heçə endirmək. M.Cəlilə qorxaq demək üçün ən azı cəsarət amilinin hardan başlanıb qurtardığının sərhədlərini dəqiq müəyyən etmək lazımdır. M.Cəlil o problemlərlə mübarizə aparırdı ki, onlar zəmanəsinin insanlarını, cəmiyyəti konkret inkişafdan saxlayan problemlər idi. M.Cəlil bu problemləri üstündən on, iyirmi il keçəndən sonra ədəbiyyata gətirmirdi ki. O, bunları həmin naqsiliklərin içində yaşayaraq, onlarla hər gün üzləşərək, bəzən gülərək, bəzən də ağrıyaraq qeydə alırdı, sonucda bir zəmanə qəhrəmanı kimi qələmə alırdı. Digər tərəfdən, M.Cəlil hələ millətin formalaşmadığı dövrdə yazıb-yaradırdı. Bu dövrdə dil, düşüncə, milli "mən” duyğusunun mövcudluğundan söhbət belə gedə bilməzdi. M.Cəlil və dövrün digər aydınları bu dəyərlərin milli təfəkkür qatına yeridilməsinə, formalaşmasına, təfəkkür oyanışına gedən yolun beşiyi başında durmuşdular. M.Cəlil cəhalət girdabında boğulan xalqa "ölü” olmayın deyə xitab edirdi, öz dilini yadırğayıb özgə dillərdə danışan insanlara "bir kitaba” tapının deyə ona aparan yolun mifik kodlarını, şifrələrini nişan verirdi. Bu cəsarət yalnız manifestasiyalarla məhdudlaşmırdı, yayıldığı və boy verdiyi ərazilər daha böyük çevrələri – mənəviyyat məsələlərini əhatələyirdi. 1893-cü ildə Nehrəm məktəbində açdığı və müəllimlik etdiyi qız sinfinin səciyyəsində, cəhalətlə, dini fanatizmlə vuruşaraq yazdığı "Ölülər”də, şüur intibahına xidmətin nümunəsi kimi meydana qoyulan "Molla Nəsrəddin” dərgisinin səhifələrində üzə çıxırdı. Bu səhifələrin hər birində tənqid predmetinə çevrilən obyektlərin hər biri kifayət qədər ciddi fiqurlar idi. Cəlil Məmmədquluzadə Nikolay hökuməti – Romanovlar iqtidarı ilə, Osmanlı pad­şahı Soltan Əbdülhəmidlə, İran hökmdarı Mirzə Məhəmmədəli şahla mübarizə aparırdı və belə bir mövqedə bulunmaq onunla sonuclanırdı ki, ədibin ölümünə firva verilirdi, Metex qalası ilə hədələnirdi, başına Nəcəf müctə­hidləri tərəfindən 40 min tümən pul ayrılırdı. Belə bir məqamda – ən kəskin anlarda belə "qan iyi verən” mövzularda yazmağa və mübarizə aparmağa davam eləyən Mirzə Cəlilə heç olmasa qapının cəftəsini bağlayıb yatmasını çox görməyək. O miqyasda cəsarətinin üstündən xəttə çəkib cılız amillərdə tutalğa aramayaq. Biz özümüz necə, qəhrəmanıqmı? Rəhmətlik Rafiq Tağının bu fikrini gündəlik üzləşdiyim bir çox situasiyalarda tez-tez xatırlayıram:biz qorxmadıqlarımıza qarşı qəhrəmanıq! Yəni, dünyasını dəyişən sənətkarlarımıza, zərər gələ bilməyən hədəflərə münasibətdə... Əlbəttə, bütləşdirmirəm, bütün ədəbi şəxsiyyətləri donuq deyil, dinamik yanaşma ilə səciyyələndirmək lazımdır, hətta vacibdir belə. Amma tənqid olunan şəxsin yaradıcılığı buna imkan verməlidir. Mirzə Cəlil haqqında səsləndirilən qənaətlər isə qeyri-elmi və yanlışdır. Məsələn, ədibin niyə yalnız tənqidi əsas bədii priyom seçməsi məsələsi... Satira məhz gerçəklərə istinad edən realizmin əsasında duran ədəbi janrdır. Bu baxımdan cəmiyyətdəki nöqsanları göstərməyə, "xalqa öz ağrıyan yerini göstərməyə” (H.Zərdabi) xidmət edən satira janrının sevgidən törənmədiyini, onun "nifrəti rəmzləndirdiyini”, natamamlıq kompeksi formalaşdırdığını iddia eləmək gülünc səslənir. Mirzə Cəlil də, Mirzə Ələkbər Sabir də, eləcə də digər satiriklərimizin əsərlərinin mayasını təşkil edən tənqid onların cəmiyyətdəki qüsur­ları islah etmək məqsədinin, xalqa can yanğısı və sevgilərinin göstəricisidir. Bir sənətkarın ədəbiyyatda missiyası millət yolunda ölməklə deyil, milləti ayılt­mağa yönəltmiş çalışmalarla çevrələnə bilər. Necə ki, Mirzə Cəlil bunu söz vasitəsilə edirdi, bədii sözün təsirini gücləndirən ədəbi priyom kimi satiradan yararlanırdı. Digər tərəfdən qaranlıqdan yazmaq həmişə cəsarətlilərin işi olub, məhz, qorxaqlar qaranlıqdan qorxarlar, ona sarı addım atmaqdan ehtiyatlanarlar. Amma Mirzə Cəlil qaranlıqdan milləti işığa aparan yolları aramaq üçün yazırdı. "Əslin­də Cəlil Məmməd­qu­lu­zadənin yaradıcılığı xalqımızın qaranlıqdan işığa doğ­ru inkişafının güzgü­sü­dür. Ədibin əsərlərini, yaradıcılıq qayəsini «qaranlığa» bağ­lamaq, ondakı işığı görməmək «Danabaş kəndinin məktəbi» pyesində deyil­diyi kimi, «uçenie svet, neuçenie tğma»dan irəli gəlir. ... Cəlil Məmmədquluzadə cəhalət və istibdad qaranlığı ilə mü­barizə aparmaq, azadlığın mahiyyətini xalqa çatdırmaq, milləti işığa çıxar­maq uğrunda mübarizə aparmışdır. Mirzə Cəlilin əsərlərinin sonluğu düyünün açılması ilə, topa tutulan, tənqid hədəfinə çevrilən tərəfin, zümrənin ifşası ilə, yaxud iç üzünün açılması ilə bitir. Buna ədəbiyyatşünaslıq aləmində razvyazka deyilir. Hətta Mirzə Cəlil yaradıcılığındakı gözlənilməz, novellavari sonluqlar da işığa çağırır. Bütövlükdə Cəlil Məmmədquluzadə işığın carçısıdır. Lakin bu carçılıq reklamçılıq, yaxud şüarçılıq səviyyəsində deyildi” - yazan İsa Həbibbəyli hələ səkkiz il əvvəl "Dahilərin divanı” verilişində M.Cəlillə bağlı yanlış təsəvvürlərdən doğan qeyri-elmi, əsassız mülahizələri öz elmi dəlillərilə təkzib etmiş, ona etiraz əlaməti olaraq yazdığı "Dahilik divana çəkilməz” məqaləsində Mirzə Cəlil yaradıcılığının bədii mahiyyətini, psixoloji əhvalını, onun ideallarını təfərrüatı ilə mənalandıra və obyektiv, elmi-nəzəri şəkildə dəyərləndirə bilmişdir. Mirzə Cəlilin realist ədəbiyyatın, satirik nəsrin inkişafında, xalqın milli-mənəvi özünüdərkinin, şüur oyanışının dərinləşməsindəki xidmətini, milli istiqlal, demokra­tiya hərəkatındakı rolunu hərtərəfli, ədibin əsərlərinə, ictimai-siyasi görüşlərinə istinadən işıqlandıran İsa Həbibbəyli çağdaş dövrün irəli sürdüyü problemlərin, müşkül məsələlərin həllində Mirzə Cəlil ideyalarından yararlanmağı daha doğru yol hesab etdiyini vurğulamışdır. Mirzə Cəlilə qayıtmaq zərurətinin vacibliyini isə akademikin daha öncə yazdığı başqa məqaləsi bəyan edir: "Ədəbi-tarixi faktlar Mirzə Cəlillə ayrılıq məqamından deyil, əksinə, böyük ədibə qayıtmaq dövrünün başlandığından xəbər verir. Mirzə Cəlilə, "Molla Nəsrəddin”ə hər hansı dönüş keçmişə, geriyə qayıdış demək deyildir, həqiqi milli oyanışın, fanatizmdən yaxa qurtarmağın, özünüdərkin cövhəri, əsasıdır. Fikrimizcə, Mirzə Cəlildən öyrənməklə müstəqillik dövrünün çətin keçid proseslərindən daha asan baş çıxarmaq mümkündür”.

 

Ümumiyyətlə, klassiklərə və onların yaratdıqları ədəbi irsə münasibət o zaman durulur və öz həqiqi çəkisini ala bilir ki, onların yaradıcıqlarının məğzi, mahiyyəti tam dərkini tapa bilsin, yaşadıqları dövrlərin obyektiv-tarixi mənzərəsi, milli-mənəvi və əxlaqi gerçəklikləri kontekstdən kənarda qalmasın. Belə məziyyətlərdən sərf-nəzər olunan vakuumda isə sənət ehtiva etdiyi dərinlik və ucalıqda görünə bilməz. Bu gün də ədəbi irsə münasibətdə təşəkkül tapan tendensiyaların naqis, zərərli cəhəti məhz, belə bir amili nəzərə almamaqdan, klassiklərə siyasi olaylar prizmasından yanaşmaqdan irəli gəlir. Halbuki ədəbiyyatşünas Şirindil Alışanlının yazdığı kimi "Müasir siyasi kontekstdə ədəbi hadisəyə qiymət vermək meyli obyektiv dəyərləndirməni bəri başdan kənara qoyur. … Heç bir əsəri, abidəni, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixini real tarixi gerçəklikdən ayırmaq olmaz. Buna əməl etmədikdə Sabir də, Mirzə Cəlil də, C.Cabbarlı, S.Vurğun və Rəsul Rza da yeni repressiyanın qurbanına çevrilirlər".

 

Ədəbi irs özündə xalqın ruhunu və potensiallıq dərəcəsini, ədəbiyyatın estetik və ideya-məfkurə məzmununu təcəssüm etdirən ən etibarlı və tükənməz arsenaldır. Bu gün ona münasibətdə müəyyən haçalanma və qütbləşmə hakim olmuşsa da, mütləq, dominanat bir qanunauyğunluğun öz sabitliyini pozmayacağı şübhəzsizdir: "Hər şey ötüb keçəcək, xalqın həqiqi dəyərləri qalacaq. Zamanın bütün tozanaqlarını və haray-qışqırıqlarını yarıb keçən ədəbi meyarlar qalacaq” (Anar).

 

Bəlkə də elə bir mühit içində yaşayırıq ki, ölümdən sonrakı həyatın zamana qarışan sonsuzluğunda sənətkarın əbədi, fasiləsiz davam edən xidmətinin gücünü sezə bilmirik. Artıq bu zamanın yox, bizim günahımızdır. Bu məqamı çox zaman unutsaq, yaxud lazımınca dərk etməsək də, o öz həqiqətini diktə etməklə hakimi-mütləq olduğunu təsdiqləməkdədir.