Qadını isitmək üçün Tolstoyun kitabını yandırdı - “Su sərgisi” kitabı haqqında…

Qadını isitmək üçün Tolstoyun kitabını yandırdı - “Su sərgisi” kitabı haqqında…

İradə Musayeva

L.N.Tolstoyun "Sergi ata” povestinin qəhrəmanı Stepan Kasatski əslində özü ilə mübarizədə daxili və zahiri təzahürlərini bir müsbət məqama gətirmək istəyən insanın xarakteri və xisləti, ikili düşüncə məngənəsində sıxılan adamın faciəsi haqqında nümunə ola biləcək bədii portretdir.

Bu obraz öz daxilindəki həqiqi "mən”ini öldürüb ictimai rəylər əsasında müsbət adam imici qazanmaq həsrətilə ömrünü fövtə verən insanlara parodiya kimi yaradılıb.

Özündən qaçan, hər tində, döngədə, psixoloji dramatizm sitüasiyasında yenə özü ilə üz-üzə gələn milyonlarla narahat, natamam insanlar kimi Sergi ata qiyafəli Stepan Kasatski də sanki başqa bir insanın həyatını yaşayır. Sergi ata saxtakarlığı, illüziyası müqabilində Paşenka kimi real və konkret insani xidmətləri ilə seçilən obraz əsil insanlıq, əsil ilahi xidmət və din haqqında sözünü demiş olur…

Gənc yazar Sərdar Aminin yeni əsəri –"Su sərgisi”nin ölüm ayağında olan (beyin xərçəngi diaqnozu qoyulan) qəhrəmanının əlində L.Tolstoyun "Sergi ata” kitabı var. Aydındır ki, kitab təsadüfi detal kimi daxil edilməyib əsərə. Ölümə doğru saatbasaat yaxınlaşdığının fərqində olan oğlan əlində gəzdirdiyi həmin kitabı intihar məqamında yaxaladığı Sonanın əllərini qızdırmaq üçün yandırır. Hətta öz sənədlərini, sürücülük vəsiqəsi, maşının sənədlərini və sairi də…

Bitmiş, ölüm fərmanı yazılmış iki insan lap təsadüfən, bir göz atımı ilə oxunan mesajın illüziyası ilə bir-birini tapır. Əslində intihar etmək üzrə olan qadının xilas yolu vardı: "Onun heç olmasa, seçimi öz əlində idi. İstəsə ölməyə bilərdi”, amma oğlana ayyarımlıq həyat vəd etmişdi həkimlər, yaşaması mümkünsüzdür…

Bu mistik "təsadüf”ün qarşılaşdırdığı insanların arasında qəribə bağlılıq yaranır. İki müxtəlif "qəzadan” – bədbəxtlikdən ölüm ayağına gətirilmiş talesizlər qeyri-ixtiyari olaraq yeni tale yaratmış olurlar özləri üçün. Fələyə güc gəlmək, sayılı günlərdən səmərəli istifadə etmək kimi daxili bir istək əsərin əvvəlində laqeyd, ətrafına və özünə qarşı biganə kimi görünən oğlanın xarakterində ikili obraz şəklini canlandırır.

L.Tolstoyun dramatik faciə qəhrəmanının romantik xəyalına istehzalı bir jestlə (bir dəqiqəlik də olsa kimisə isitmək qəhrəmanlığı ilə) real və təmənnasız xeyirxahlıq cavabı verir. Özü də həmin qəhrəmanın (Stepan Kasatskinin) tale kitabını yandırmaqla…

S.Aminin əsərində Sergi Ata povestinin ideya qığılcımları hər kiçik fraqmentdə, təsvirdə belə işarır. Məsələn, parkı gəzərkən ağaclardan xüsusi, guya quşlar üçün humanistliklə hazırlanmış yuvacıqların asıldığını görür. Əslində isə bu "evcikləri ağacların yola baxan tərəfindən asıblar ki, onlara bu tapşırığı verən rəhbərləri yoxlama vaxtı yuvaları rahat görsün. Elə bil bu balaca evləri quşlara yox, rəhbərləri üçün düzəltmişdilər”.



Ölüm diaqnozu xəbərindən quş kimi yüngülləşən qəhrəman Sona adlı bir qadının intiharının qarşısını aılmaq istəyir və "yəqin ki, belə bir görüşdən sonra Sona heç vaxt intihar etməzdi” qənaəti ilə qızı axtarmağa başlayır.

Həmin günün hadisələri oynaq və fərəhli bir intonasiya ilə nəql olunsa da, hər cümlənin ağrı ifadə edən altqatlı mənası oxucunu sona, enən xətt üzrə cərəyan edən hadisələrə, tükənmişlik, bitmişlik və tənəzzülə kökləyir. Hətta "Günəş Xəzərdən doğmurmuş, Xəzərdə batırmış”- məntiqi də səksəkəli xəbər kimi çatdırılır. "Sahilə yaxınlaşdıq. Bilmədim "Sergi ata”nı öz altıma qoyum, yoxsa, Sonaya verim. Hələ də məni narahat edən o səhnənin necə baş verdiyini anlamıram; əminəm ki, Günəş Bakıya Xəzərdən doğur, ancaq həmin axşam Günəş Xəzərdə batırdı; vicdanıma and olsun ki, həmin an Günəş üz tutduğumuz Xəzərin üfüqündə batmaqda idi…İçimdən "gündəlik” tutmaq keçdi, ay yarımlıq "gündəlik”. Sadəcə əsgərlikdə etdiyimiz kimi təqvim hazırlayıb ayyarımlıq ömrümü gündən-günə pozmaq istəyirdim, başqa heç nə. Yazmaqdan iyrənmişdim. Sona danışırdı. Ara-sıra öz halıma yanır, danışdıqlarının boş xatirat olduğunu düşünürdüm. Həm də teleseriallardan oğurladığı pafosla danışmağı məni incidirdi – ölümlə üz-üzə olmadığı açıq görünürdü. Bəzən də, yenidən quş kimi yüngülləşir, dünya eynimə olmurdu”.

Ayyarımlıq ömür müddəti oğlana tam azadlıq vermişdi. ("Bu bir aylıq, ya da, ayyarımlıq ömrümün üfüqləri o qədər aydındı ki… Azad, yüksüz yaşamaq…”)

Bu azadlığın içində təkcə mərhəmət yox idi, həm də və bir anın içərisində baş qaldıran vəhşilik, qisas və şiddət vardı. O, nə istəsə edə bilərdi, hətta öldürəcəyi adama görə cəzalanmaq, həbs edilmək qorxusu da yox idi"… Mənsə, öləcəm… Bir anın içində danışdığı hekayət gözümdən düşdü… Bu an özümü dünyanın ən hündür binasından ata bilərəm, həm də uçacağıma tam əminliklə. Bu əminlik bəlkə də məni səmada xeyli tutar, uçmağın ətrini duyaram, bəlkə də bir ömür uçaram… Qayıdıb Sonanı öldürmək istədim. Sonra düşündüm ki, bu qətl indiki halım üçün çox da qeyri-adi deyil.

Ancaq yenə də sol əlimlə çənəsindən yapışıb arıq üzü heyrətlə gərilənədək, ağzı balıq azı kimi açılanadək sıxmaq istəyi başımdan çıxmırdı. Qancıq!.. Bir anlıq özümü bütün bəşəriyyətlə bölüşəcək qədər böyük hiss etdim; möhtəşəm bir varlığa dönüb yorğun fahişələrin başını sığallamaq, ehtiraslı qara adamları əmizdirmək, mozaxist qadınlara var gücümlə şiddət göstərmək, sadistləri zalımca döyülmək istədim”.

Bu şiddətin tarixi, məqamı, məkanı bir adamın içindəki istəklə bağlı deyildi. Əsərdə adi söhbətlərin məğzi bizə fakt üçün çoxlu ekvivalentlər təqdim edir.

Məsələn, ocaq başındakı uşaq şişi qızdırıb tərsinə çevirilmiş tısbağanın ayaq deşiyinə soxurdu. "Tüstüyə yaxınlaşdım. Zavallı heyvancığaz illərdir onu qoruyan çanaqdan çıxıb qaçmaq istəyirdi. Daim kədərlə baxan tısbağanın gözlərində indi böyük bir dəhşət vardı. Onu təbiət ləng yaradıb, əvəzində möhkəm çanaqla hədiyyələyib. O çanaq ki, tısbağanı minillərdir bütün vəhşiliklərdən qoruyurdu, indi təbiət ona xəyanət edir; gücü çatmayan bəlaya düçardı”.

Və ya: "Müslüm dayı iki vedrə öküz xayası gətirəcək, manqal yandırıb kabab bişirəcəkdik. Bir az əvvəl sovxoz fermasının öküzlərini axtalayan Müslüm dayı zəhmət haqqı kimi götürdüyü heyvan xayalarını həvəslə şişə çəkəcək, onları anamın bişirdiyi iri lavaşın arasında sıxa-sıxa arabir dadacaq, kömürdən qaralan əllərilə qopardığın bişmiş ağ ətdən bir çimdik də mənim ağzıma qoyacaqdı, az əvvəl axtalanan yaralı öküzlərin qonşu təpədə həvəssiz otlamasına baxa-baxa ağ ətin dadını çıxaracaqdıq”…

Yaddaşda bir "çəhrayı çarx” alverindən qalan acı xatirələr də var. Susmağın müqabili, nifrətin və ilk xəyanət görən adamın qəzəbi…

S.Aminin bu əsərdə L.N.Tolstoy və F.M.Dostoyevski üslubuna xas insanın xislətinə enmək, onu sitüasiyadan-sitüasiyaya bütün xarakteri və düşüncələri etibarilə dəyişdirmək, hətta hərdən tərsinə çevirilmiş tısbağa kimi dönük, tərs, əks formada göstərmək və s. bu kimi metodlarla işləməyə cəhd etdiyini görürük.

Bütün davranışlarında xeyirxah və xilaskar kimi görünən oğlan əslində öz taleyi, aqibəti ilə əlləşir. Qızı sahildə tapıb qucaqlayanda hönkürüb ağlayır. Fəqət bu ağlamaq başqa bir kədərin ifadəsi idi: "Hərçənd özümə görə ağlayırdım. Məni görüb qalxdı. Danışmadan qucaqlaşdıq. Hönkürdüm. Sona da ağlayırdı.Tərs kimi realist Azərbaycan romanlarının belə səhnələrində buludların arxasından çıxan Günəş eyni sifətlə üfüqdən boylandı. Sona heyrətlə mənə baxırdı. Artıq heç nə demədən çıxıb gedə bilərdim”…

"Yanağı yastı çay daşına söykənmiş, saçları bulanlıq suda dalğalanan, gözləri yumulu leşimə baxdım. Astadan çayın üstü ilə axına qarşı uçdum”

Bütün əsər boyu günah və savab, təmizlənməyə, paklaşmağa meyl oğlanın naratlığı kimi izlənir. İstər bətnində erməni körpəsi gəzdirən qadını ölümdən xilas edib ona sahib çıxmaq fədakarlığı, istərsə də son manatlarından birini "Yanıq Kərəm” çalan aşığa verib onun könlünü xoş etmək, yaxud da sükan arxasında yuxulayan, qəza törədib həlak olan direktorun ölüm səbəbini öz üzərinə götürmək dürüstlüyü məhz bu mesajin təzahürüdür.

Assosiasiya onu daxili təlatümləri ilə üz-üzə qoyur. Onun "Suriya travması” əslində ölümünə səbəb olduğu adamın ruhu ilə əlaqələndirilir. Ruhlar, xatirələr, hətta uşaqlıq yaddaşı ona əzab verir.

Əsərdə müəllifin əsas ideyanı, həyat və insanlar, zaman, mühit haqqındakı düşüncələri sona qədər eyni üslubla, eyni psixoloji ovqatla apara bilmədiyi diqqəti cəlb edir. Bütün bunlar monoloq şəklində, bəzən alleqorik fiqurlar vasitəsilə ifadə edilir ki, bu da əsərə qurama, süni fraqmentlər kimi daxil olur. Məsələn, küləyin və çay qırağında rastlaşdığı körpənin monoloqu, eşşəklə bağlı səhnələr və s.

İ.Nəsimi obrazı ilə əlaqəli düşüncələr də əslində ideyanın mahiyyətində ifadə edilər, "Kəs səsini və əbsəm ol, şərhü– bəyanə sığmazam” fəlsəfəsi şeir misrası kimi yox, nəsr mətninin şaxələnən ideya qolu ola bilərdi. Və ya, Mişel Montenin "Bir gün yaşadınızsa, hər şeyi görmüş sayılırsınız. Bir gün bütün günlərə bərabərdir. Başqa bir gündüz, başqa bir gecə yoxdur”- aforizmi havadan asılı sitat kimi deyil, hadisə və obrazların mahiyyətini açıb ortaya qoyan tezis kimi işlənərdi…

S.Aminin bu əsəri yazması üçün topladığı materiallar (xatirələr, müşahidələr, təsvir lövhələri, onu narahat edən insan münasibətləri, talelər haqqında həyatdan götürülmüş fraqmentlər və s.) daha yaxşı mətn ortaya qoymağa imkan verirdi. Lakin müəllifin tələsməsi, müəyyən bir hissədən sonra ritorik suallarla bəlağətli nitq parçaları əlavə edərək ümumi məzmunun bitkinliyinə, mənalılığına xələl gətirməsi uğursuzluğa səbəb olur.

"Körpə ağ eləyirdi. Qəliz fəlsəfi sözləri qığıltıyla eşitmək də güldürüdü məni. Amma səsi hələ də gəlirdi: "Hər şeyi qəlizləşdirərərək qopduğunuz vəhdətdən bir addım da uzaq düşürsüz. Əsl inkişaf batini sadəyə qayıtmaqdadır. Siz ən böyük möcüzələri mürəkkəbliyə vararaq, mürəkkəb analizlərlə deyil, ən sadə şeylərdə axtarmalısız, özündə insan düşüncəsini ovlayan bir şey olmayan sadə liklərdə. "Bu fikirlər başqa baş tapmamış bunları kodlaşdırmaq lazımdır”deyib, yazırsız. Fikir kainatdan beyinə süzüləndə az da olsa özlüyünü saxlayır”.

Bu cür didaktik parçalar mətnin bədii və canlı, həyati enerjili olması prinsiplərinə xələl gətirir.O fəlsəfi, məntiqi qənaətlərə ki, oxucu özü gələ bilər, o fikirlərin hamısını müəllif təhkiyəsində və monoloqlarda, dialoqlarda "xərcləyib qurtarır”…

Aşağıdakı misallarda da eyni "xaric səs” qüsurları diqqətimizi cəlb etdi:

"Onu koda çevirəndə, qandallayıb dəftərə, kompüterə salanda təkcə şəkli qalır. Şəkilsə, şəkildi… Həmin fikir tam enerjisilə sizə ötürülsəydi, böyük həqiqətə qovuşmağınız an məsləsi olardı. Böyük həqiqətsə insan xilqətinin anlamayacağı qədər sadədir. Əslində sağınızda, solunuzda milyonlarla halə var. Sağ tərədə qavraya bilmədiyiniz nə qədər mürəkkəblik varsa, sol tərəfdə də bir o qədər sadəlik var. Bir sola gəlsəydiniz… Bir uşaqlaşa bilsəydiniz. Bircə çirmələnib ana bətninə qayıtmaqla bitən bir həyat yaşaya bilsəydiniz…

Ta, mən sənə dedim, onsuz da siz adamlar beləsiz. Sizin zaman anlayışınız bun dan artıq olmayıb – dedi, dördayaq getdi. Bir azdan uzaqlardan eşşəyin səsi gəlirdi: – Eheyyy!!! Bayaqkı buta sənlik deyildi, Amma nə fərqi, açması çox oxşardı. Sadəcə bir fərq var, sən özünü o dünyada sayırsan, ancaq bu dünyadasan”.

Süjetin reallıq və yuxu, mistik zaman və məkan kontekstində qurulması bəzi məqamlarda müəllifin fərqli üslub, yeni bədii ifadə metodu cəhdindən xəbər verir. Amma mərkəzdə dayanan insan taleləri, sosial, ictimai problemlər get-gedə mistik, ilğımlı bir məkana köçürülür. O məkanda, təmiz və sehirli dünyada əlacsız xəstə şəfa tapır, münasibətlər "ustad-şagird” məqamına gətirilir. Qoca loğman o uzaq dağlarda şəfa və ömür bəxş edən qüvvətək sanki hər şeyi öz üzərinə götürür və nağıl kimi macəra müəllifinə çevrilir. əsərin sonuna doğru hiss edirik ki, S.Amin elə bil obrazlarının sahibi və müəllifi olmaq baxımından zəiflik göstərir…

"Su” möcüzəsi katarsis prosesi kimi ölümə məhkum bir insanın taleyinə qarışır. Ölüm atlı olur, o piyada. Su pərdəsinin arxasında sanki başqa bir dünyada qərarlaşan oğlan üçün ölüm öz hökmünü dəyişir.

Əsərdə təsvirlər, poetik lövhələr, təbiət şəkilləri dolğuncasına əks olunur. "Şəlalənin vahiməli səsi get-gedə məni ovsunlayırdı. Göz işlədikcə hündürlükdən tökülən su yarı yolda ağarır, toz kimi ətrafa səpələnir, aşağıda dəldiyi quyuda təskinlik tapırdı. Soyunub buz kimi suya girdim. Sanasan, canım çıxırdı. Sudan çıxıb şəlalənin arxasına keçdim. Qayanın dibi qupquruydu. Qarşımdakı ağ-appaq sudan çəkilmiş xəfif pərdə dünyanın ən gözəl sərhədi kimi içimə rahatlıq səpirdi”.

Bu əsəri S.Aminin gələcək böyük romanları üçün eksperiment hesab edirəm. Onun nasir istedadı onu bu cür "sınaq kitablar” mərhələsindən böyük uğurlara aparacaq…

teleqraf.com