Qəşəm Nəcəfzadə. Şair Kəramət Böyükçölə məktub

Qəşəm Nəcəfzadə. Şair Kəramət Böyükçölə məktub

Oğlum, razı deyildim ki, şeir yazasan. Əzablı, enişli, yoxuşlu bu yolda ürəyinin ağrımasına qıymaq istəmirdim. Bu yolda qələbə olmur. Uzaqdadı bu yolun əvvəli. Düşmənlərin çox olacaq, mənim balam, hər dəqiqə, hər an səni sıxacaqlar. Halalca haqqını alacaqlar əlindən.  Zamanda ki insafsız... həqiqətsə uzaqda... Bəlkə  mən də həyatda yox... Atan kimi cibində validol gəzdirəcəksən. Bir nadanın yanında dizlərin titrəyəcək, əllərin əsəcək. Sağ olsaydım, titrəyən dizinə qurban olardım, heç olmasa  etibarlı dostun olardım. Ona görə istəmirdim şeir yazasan. Amma görəndə ki, sən gözünün ucuyla əşyadan və ya əşyanın ifadə etdiyi mənadan əl çəkə bilmirsən, bax, onda "yaz”- dedim. Yazdın da... bir...iki... üç... sonra kitabın çıxdı, "Çatlamış fincan”, özün demiş çatlamış həyat və ya dodaq, ya pəncərə şüşəsi, ya da çatlamış şeirlər. Niyə belə adlar qoydun şeirlərinə?..

Sən ki həyatımı əzbər bilirsən. Yadındadı, balaca vaxtı qoymurdun məni şeir yazmağa.  Bir misra yazan kimi elə möhkəm qışqırırdın ki, əlimdən qələm düşürdü stolun altına. Elə bil mənə deyirdin ki, şair olma, ata ol. Tez südü qızdırıb şüşəyə tökürdüm, anan əmziklə verirdi sənə. Elə bilirdim işlər düzəldi. Amma yenə ağlamaq, gecə konserti, dinləyici iki nəfər, anan və mən. Səni qucağıma alıb həyətdə gəzdirirdim, qucağımda yuxu tuturdu səni. Ay işığı üzündə dolaşırdı, onda da mən ağlamaq istəyirdim. Deyirdim ki, görəsən səni boya-başa çatdıra biləcəyəmmi? Bəzən elə olurdu ki, səni sinəmin üstündə yatırdırdım. Bunu ən çox sən istəyirdin. Onda ürəklərimiz daha çox yaxınlaşırdı bir-birinə.

Bir dəfə qızdırman qalxmışdı, düz qırx. Elə ağlayırdım ki, qonşu arvadları məni güclə kiritdilər. İstəyirdim sən qığıldayasan, at olurdum, keçi olurdum, sənin kimi iməkləyirdim ki, bəlkə dinəsən, bəlkə qızdırmadan qaysaqlanmış dodaqlarının qanqırmızılığı açıla. Sənin üçün nə eləmədim ki... it kimi hürürdüm, pişik kimi  miyoldayırdım, qoyun kimi mələyirdim. Təki bircə dəfə güləsən deyə...

Sən artıq iməkləyirdin. Ürək kardioqramlarımı, dərman reseptlərimi uc-uca bağlayıb evdə "maşın” sürürdün. Çibimdəki dərmanları töküb "ev” tikirdin. Yenə məni qoymurdun şeir yazmağa... Özü də əllərinlə dağıdırdın hər şeyi. Əvvəl əllərini döşəyirdin vərəqlərin üstünə. Mən sənin barmaqlarının arasından misraları güclə yazırdım kağıza. Gördün yox, alınmadı, vərəqlərimi çırıq-cırıq eləyirdin, harda otururdum iməkləyib çatırdın mənə. Ağ kağızları boğub pişik kimi çığırdırdın...

Bir dəfə nə elədim? Birdən-birə ağlıma gəldi bu. Səni aparıb otağın o biri küncünə qoydum. Özümsə keçdim iş başına. Sən iməkləyib mənə çatana kimi iki misra yazdım. Elə sürətlə iməkləyirdin ki, iki misra ancaq yazmaq olurdu.  Səni qucağıma alıb yenə həmin küncə qoyub qayıdırdım "iş yerimə”. Sən gələnə kimi yenə iki misra... Axırda gör neylədim? Səni otağın başqa bir küncünə aparıb nənənin güllü yaylığının bir ucunu toppuş ayağına, bir ucunu isə şifonerin ayağına bağladım. Gəlib yazmağa başladım. Əvvəlçə çox dartındın. Sonra həm öz ayağına, həm də şifonerin ayağına bir xeyli tamaşa elədin. Qayıdıb mənə baxdın, sanki birdən- birə  mənə əziyyət verdiyinə inandığını hiss elədin, ürəyim şan-şan oldu. Gəlib ayağını açdım ki, di gəl cır kağızları. Gəlmədin, yaylığı götürüb ağladın ki, tez ol ayağımı ora bağla. Deyəsən xoşuna gəlmişdi. Sonralar da hey ağlayırdın ki, tez olun, mənim ayağımı şifonerin ayağına bağlayın, yaylığı da əlində hazır tuturdun. Sən öz istəyinlə  ayağını şifonerin qıçına bağladıb saatlarla öz yerində  qığıldayırdın. Bu zamanlar sənin üçün  bir dəftər də ayırmışdım. Dilindən çıxan ilk sözləri və əşyalara qoyduğun adları ora köçürdürdüm. Sən suya "düvə”, qəndə "qaqqa”, ayaqqıbıya "ayçi”, mənə "ava”, avtobusa "aqqouz”, Quluya "lulu”, Sevdaya "deda”, bəbəyə "ənnə”, gözə "qoz” deyirdin. Bəlkə də bunlar sənin ilk şeirin idi. Sözə qədərki anlaşılmaz səsin idi, mənim balam.

Bir dəfə barmağını peç yandırmışdı. Yəqin yoxlamaq istəmişdin ki, görəsən bu nədi? Əlini dönə-dönə sarıtdırdın. Ağlayıb özünü öldürürdün. Anan az qala balaca barmağını yorğanla sarısın. Bunu sən istəyirdin. Bəlkə də elə bilirdin ki, barmağını isti yox, soyuq yandırıb. Nənə yanan barmağına soyuq qatıq sürtdü. Həmişə yediyin qatığı barmağına bulaşmış görəndə daha da qışqırmağa başladın. Axırda əllərinin qatığını yuyub, suluqlamış barmağından öpdüm, sənin dilinlə desəm, "moç” elədim. O saat barmağın  sağaldı. Bəlkə də mənə inandığın üçün sağaldı. Yaran qurtarandan sonra da tez-tez barmağını mənə öpdürərdin. Guya öpməsəydim, barmağında ağrı tutacaqdı.

Bir dəfə nə oldu? Guya yanmasın deyə əllərini arxanda gizlədərək (görünür, sən bir az ağıllanmışdın)  dodaqlarını isti qazana yaxınlaşdırıb yeməkdən xəbərdardar olmaq istədin. Bu dəfə də dodaqların yandı. Şübhəsiz ki, mənim öpməyimlə tezliklə sağaldı. Bu vaxtlarda nənən sənə pendir yedirdəndə dodaqların göynədi, elə bildin ki, pendir də dodaq yandırır. Odu, budu o vaxtdan bəri  dilinə pendir vurmursan. Dodaqların yanandan sonra  bizə ocağı göstərib həmişə deyərdin ki, ”cızza”. Sanki bizə başa salmaq istəyirdin ki, əl vurmayın, əlinizi yandırar.

Bir dəfə çox maraqlı bir hadisə baş verdi. Biz rayona köçmüşdük. 3 yaşın tamam olmasına baxmayaraq, hələ də sosqa əmirdin. Tez-tez də itirirdin. Axırda anan sosqa düşüb itməsin deyə ucuna sap bağlayıb sancaqla paltarının yaxasına bərkitdi. Bir gün fermaya, babanın yanına, Şirinqum qışlağına getdik. Sən qonşunun özün yaşda olan oğlu ilə alaçığın böyründə oynayırdın. Birdən nə görsəm yaxşıdı?  Sən
qonşunun uşağı ilə o qədər yaxın dayanmışdın ki, (sonralar bildim ki, bunu sosqanın sapının gödəkliyi tələb edirmiş) yalnız kandarda iki baş görünürdü. İşə bax, sən   yaxandakı sosqanı qonşunun oğlunun ağzına taxmışdın və özün də onun əlindəki peçeniyələri iştahla yeyirdin. O da sənin sosqanı elə tələsik əmirdi ki... Elə bil bu saat əlindən alacaqlar. O ferma uşağı idi. Sosqanı ilk dəfə idi ki, ləzzətlə dadırdı. Bu "şəhər yeməyi”ndən  tezliklə doymaq istəyirdi.  Səndə ki... Maşallah... Qohum-əqrabanı çağırdim ki, bu maraqlı mənzərəni seyr eləsinlər. Xeyli bu səhnəyə güldük. Eləcə fotoaparatla şəklinizi çəkdim. Mən insan balasının yaşamaq uğrunda mübarizəsinin ibtidai formasını görürdüm.

Gözümün qabağındaca beləcə sürətlə böyüdün. Orta məktəbi bitirib Bakı Dövlət Unversitetinə daxil oldun. Tarixdən dörd test kitabın nəşr olundu. Redaktoru da akademik Nizamı Cəfərov idi. Sonra da şeirlərin... ilk şeir kitabın... Universitetin nəzdində "Metofora” dərnəyini yaratdın... Poeziya gecələri, şairlərlə görüşlər təşkil elədin... Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar gördüyün işlərə şərait yaratdığına görə Bakı Dövlət Unverisitetinin rektoru akademik Abel Məhərrəmova təşəkkür məktubu yazdı... Müasir yazıçılarla əlaqələrin, internetdə fəallığın, şair və yazıçılarla təşkil etdiyin görüşlər, yazdığın şeirlər, "O,”adlı hekayən müasir ədəbi prosesin diqqətindən yaxşı ki, yayınmadı. Səni sevdilər. Dostların mənimkindən çox oldu. Sənin dostların mənim dostlarımdan vəfalı çıxdılar.

Hə, mənim balam, sən yenə mənim üçün körpəsən. Balaca ayaqların, ölçüsü 42 (mənimki 41), balaca boyun 1 m 79 sm (mənimki 1m 74 sm),  yenə də mənim gözlərimdə kövrəkdilər. Qucağıma götürəcək qədər balacadılar.

Bir dəfə bir şerimdə yazmışdım ki, harda şeirlərim qafiyəsizdi, uşaqların üstünü örtmüşəm onda. İndi bu sətirləri yazarkən sən o biri otaqda mışıl-mışıl yatırsan. Kürəyin açıq... üstünü örtüb gəlirəm indi. Yəqin ki, bu yazını sabah oxuyacaqsan. Oxu. Amma bu dediklərimi yadında saxla:
Dönər yemə, mədən ağrıyar, ən çox sulu yeməklər ye. Bir də balaca vaxtı öpdüyüm barmağını unutma. Bir üzük yeri var orda. Sən də öz oğlunun  həmin barmağından öpərsən, yaxşımı?

29 dekabr 2009
Saat 23.30
www.qeshemnecefzade.net