Rauf Ra - Zaman qövslərində hərəkətlilik

Rauf Ra - Zaman qövslərində hərəkətlilik

Məşriqdən qeydlər:


"Heç bir şey dəyişməz saydığımız keçmiş qədər sürətlə dəyişmir."                                                                                   A.Koyre

180°

Mətn yolculuğu təkcə gələcəyə istiqamətlənmir, bəzən keçmişə də təsir edir. Yəni bu günün gələcəyə doğru olan hərəkətliliyi hərəkətsiz sayılan keçmişi də arxasınca çəkib apara bilir. Lakin bu sadəcə vizual görüntüdür (oxu: düşüncədir) və əsas mexanizm - itələyici qüvvə keçmişin özüdür. Bunu velosiped təkərlərinin hərəkətinə də bənzətmək olar. Arxa təkəri keçmiş, ön təkəri gələcək kimi düşünsək, vizual görüntüdə arxa təkər ön təkərin arxasınca gedir. Başqa formada desək, ön təkər arxa təkəri arxasıyca çəkir. Amma həmişə olduğu kimi burda da görüntülər daxili məzmunu əks etdirmir. Keçmiş və gələcək çevrələrinin "toxunma nöqtəsi" olan "bu gün"ü də pedallara bənzədib hərəkətləndirici nöqtə ilə bənzətməni tamamlamaq olar. Və ya, zənnimcə, çevrələr nöqtələr çoxluğundan ibarətdirsə, bu çoxluqdakı hər bir nöqtəni də "bu gün" adlandırmaq məntiqsiz sayılmaz.

90°

Kazımın (red: Kazım Kazımoviç) şeirlərində də keçmişə təsiretmə və müxtəlif zaman qövslərində hərəkətlilik yaratma cəhdləri hiss olunur. Bunlardan əlavə, müəllif mətnlərarası əlaqələr (intertekstuallıq) yaratmağa çalışır ki, doğrusu, bu onda heç də pis alınmır. Onu da qeyd etmək lazımdır ki, bu əlaqələndirmələr postmodernizmin vurğuladığı, "artıq orjinallığın qalmadığına" işarə etmir. Əksinə müəllif məhz mətnlərarası əlaqələr vasitəsiylə, özünəməxsus orijinallıq yaratmağa çalışır. Və bu intertekstuallıq özündə nə klassik, nə də postmodern cəhətləri daşıyır. Zamanlar arasına keçidetmə cəhdi varsa, bu ən azından pedallara toxunuş deməkdir. İrəliləyə bilmək üçün ilkin toxunuş vacib olsa da, mexanizmi hərəkətə gətirmək davamlılıq və zəhmətin sayəsində baş tuta bilər.

45°

Kazımın şeirlərindəki zaman oyunları hələlik sadəcə dilin səthi qatında baş tutur. Poetik düşüncənin hərəkət nöqtəsinə tam oturuşmaması bəzi şeirlərində tarazlığın pozulmasına gətirib çıxarır ki, bu zaman poeziya ya keçmişə yuvarlanır, ya da hərəkətsiz bir hala gəlir. Mətn gələcəyə yalnız hərəkət olduqda istiqamətlənə bilir.

22,5°

Müəllifin qulağa xoş, düşüncəyə boş təsir ötürən, xüsusi qafiyə uyumu yaratmaq xatirinə yazılan misraları eyniylə mənim də indi etməyə çalışdığım "xoş-boş" uyumu qədər kəsərsiz qalır. Ümumi mətndə çox yaxşı səslənən belə misralar sükuta qərq olduqda sadəcə görüntüyə çevrilir. 

360°

Davamlı hərəkətə sahib olmasa da, intertekstual quruluşlu, gələcəyə istiqamətlənən və keçmişə təsir edə biləcək mətnlər sayəsində zaman arakəsmələrinə toxunuşlar və bu mexanizm fonunda daxili məzmundan kənar, vizual görüntülər.

"Zamanda keçmişə səyahət" uğrunda uğursuz addımlardı...
Beş vaxtdan biri tamamdır,
getməliyəm,
azan verilir...
                                                                                               K.Kazimoviç