Roald Dahl. Çətirli kişi (Hekayə)

Roald Dahl. Çətirli kişi (Hekayə)

Sizə dünən axşam anamla mənim başıma gələn məzəli bir hadisəni danışmaq istəyirəm. 

Deməli, mənim on iki yaşım var, evin bircə qızıyam. Anamın isə otuz dörd yaşı var, amma demək olar ki, ikimiz də bir boydayıq. Yəni ki, boyumuz aşağı-yuxarı eynidir. 

Dünən axşam anam məni Londona diş həkiminə aparmışdı. Həkim dişlərimi müayinə etdikdən sonra dedi ki, arxa dişlərimin birində qaralmış bir oyuq var. O, dişimi yondu, içini doldurdu. Həkim öz işinin ustasıydı, deyəsən. Özümü çox rahat hiss edirdim, heç bir ağrı-zad hiss eləmədim. Diş xəstəxanasından çıxıb yaxınlıqdakı kafeyə girdik. Anam özünə kofe, mən də bananlı dondurma götürdü.

Təxminən axşam saat altı olardı, biz kafedən çıxdıq. 

Kafedən çıxan kimi  güclü bir yağışın altına düşdük. Anam narahatçılıqla dedi - "Əynimiz də nazikdi, gəl tez bir taksi tutaq, gedək evə”.

 Həqiqətən,  ikimiz də yüngül  gödəkçə  geyinmişdik. Yağış da elə bil vedrədən tökülürdü. 

"Ana, gəl kafeyə qayıdaq. Yağış kəsənə qədər oturub gözləyərik,” - mən anama dedim. Bananlı dondurmanın dadı damağımda qalmışdı, dedim bəlkə qayıdıb otursaq, anam bir dənə də dondurma alar mənə. 

"Yox, qızım, bu yağış kəsənə oxşamır.” - anam dedi. - "Özümüzü tez evə çatdırmalıyıq.”

Biz yağış başımızdan tökə-tökə  yolun kənarında durub taksi gözləyirdik. Taksilər sağa-sola şütüyürdü. Hamısı da dolu. Camaatın işdən çıxan vaxtıydı. Həm də ki, bu cür dəli yağış yağırdı. "Kaş ki, bizim də şəxsi şoferimiz olaydı, gəlib bizi maşınla evə aparaydı.”  - deyə anam ah çəkdi. 

Elə bu vaxt qoca bir kişi bizə yaxınlaşdı. O, balacaboy,  yetmiş, ya bəlkə də ondan da çox yaşı olan bir kişi idi. Kişi bizə yaxınlaşdı, hörmətlə papağını çıxarıb yüngülcə təzim etdi və anama dedi:
"Sizdən dön-dönə üzr istəyirəm…” Çəhrayı sifətli kişinin ağappaq qalın qaşları və bığları vardı. O, yağışdan qorunmaq üçün çətiri başına tutmuşdu. 

"Buyurun.” - anam çox soyuq və ehtinasızlıqla dedi. 

"Sizdən kiçik bir xahiş edə bilərəm?” - kişi utana-utana soruşdu, - "çox kiçik bir xahiş…”

Mən anamın kişiyə necə şübhəli-şübhəli baxdığını izləyirdim. 

Ümumiyyətlə, mənim anam çox  ehtiyatlı, hər şeyə şübhə ilə yanaşan qadındır. O, ən çox iki şeydən ehtiyat edir, bir yad kişilərdən, bir də qaynanmış yumurtadan. Anam həmişə qaynanmış yumurtanı yeməzdən əvvəl  baş hissəsini sındırır. Balaca qaşıqla yumurtanın içini o qədər qarışdırır ki, elə bil orda ya siçan, ya da başqa bir şey axtarır. Yad kişilərlə də həmişə ehtiyatla davranır. Anamın özünün qızıl bir qaydası var. - "Tanımadığın  bir  kişi səninlə  nə qədər səmimi davranırsa, sən ondan bir o qədər də  aralı durmalısan.”

Balacaboy kişi çox hörmətlə, ədəblə davranırdı. Danışığı da  ziyalı, aristokrat  danışığıydı. Gözəl və səliqəli geyimi vardı. Əsil centlmenə oxşayırdı. Bunu onun ayaqqabısından bilmək olardı. Anamın bir məşhur məsəli də vardı ki – "Kişinin centlmen olmağını onun ayaqqabılarından bilmək olar.” Balacaboy kişinin tərtəmiz, qonur rəngli  ayaqqabıları vardı. 
"İş burasındadır ki…” - kişi danışmağa başladı.

"Mən bir az çətinliyə düşmüşəm. Köməyə ehtiyacım var. Amma inandırım sizi, bu çox cüzi bir məsələdir. Xanım, bilirsiz də, mən yaşda qocalar huşsuz-başsız olur.”

Anam çiyinlərini çəkdi və tərs-tərs kişinin gözlərinin içinə baxdı. Düzünü deyim ki, anamın  yuxarıdan aşağı çox pis, soyuq-soyuq baxmaqları var ki, bəzi adamlar anamı elə görəndə özlərini bərk narahat hiss edirlər. Anamın bu xasiyyətindən heç xoşum gəlmir. Bir dəfə anam müəlliməm ilə danışanda o baxışlardan müəllimənin necə birtəhər olduğunun şahidi olmuşam. 
Nə isə,  başını çətirin altında gizlədən kişinin heç vecinə də deyildi. O, günahkarcasına güldü və dedi:

"Xahiş edirəm, xanim, mənə inanın. Mənim kücədə xanımları saxlayıb öz problemlərimi danışmaq kimi bir şakərim yoxdur.”

"Nə bilim, yəqin ki, düz deyirsiz "- anam səbirsizliklə dedi. 

Anamın insafsızlığına çox pis olurdum. 

Ona demək istəyirdim ki, "ay ana, qulaq as, gör bu alicənab, şirindilli kişinin nə  sözü var sənə. Niyə özündən çıxırsan, axı.. "

Amma heç nə demədim. Böyüklərin sohbətinə qarışmağım anamın xoşuna gəlmirdi. 

Kişi çətiri bir əlindən digər əlinə keçirdi. "Heç vaxt belə olmamışdı "- o, dedi. 

 "De görək, nə istəyirsən, ay kişi? Nə olmamışdı? "- anam kobudcasına soruşdu. 

 "Pulqabım, - kişi dedi. "Yəqin ki, o biri jaketimin cibində qalıb. Doğrudan da başımı itirmişəm. "

"Həəə, belə de, deməli, pul istəyirsən? "- anam iztehza ilə soruşdu . 

" Yox, yox. Tanrı xatirinə, yox. Mən heç vaxt dilənçilik etməmişəm. "- kişi dedi. 

"Bıyy, bəs nə istəyirsən, kişi, "- Anam əsəbi halda soruşdu - "qurtar, tez de görum, iliyimizə qədər islanmışıq. "

 "Hə, görürəm ki, islanmısınız. "- o, davam etdi. "ona görə də sizə öz çətirimi vermək istəyirəm, bir şərtlə ki…. 

"Hə, nə şərt? "- anamın  hövsələsi lap daralmışdı. "Mən evə getmək üçün taksi tutmalıyam. Siz mənə taksiyə verməyə bir funt versəz, mən də sizə öz çətirimi verərəm!  "

Anam kişiyə hələ də şübhəli-şübhəli baxırdı. "Pulun yoxdu evə piyada get də, kişi!!! "- anam dedi. 

"Ohhh, kaş ki, gedə biləydim, kaş ki, bu xəstə ayaqlarım sözümə baxaydı, kaş ki… Evdən çox uzaqlaşmışam, piyada getməyə halım yoxdu. "

Anam alt dodağını gəmirirdi. Bu o demək idi ki, anam yavaş- yavaş yumşalırdı. Amma çətiri alıb bir funt vermək super fikir idi. 

"Çox gözəl, təptəzə çətirdi”- kişi çətirini tərifləməyə başladı. 

  "Hə, görürəm. "- anam dedi. 

"Özü də ipəkdəndi. "- Kişi davam etdi. 

"Həə, onu da görürəm. "

"Onda niyə tərəddüd edirsiz, xanım. "- O, təkid etdi. "inandırım sizi bu çətirə iyirmi funt pul vermişəm. Amma bu qəqiqə ən vacibi bu qoca ayaqlarımı sürüyüb evə çatdırmaqdı. Çətir-zad gözümdə deyil.”

Mən gördüm ki, anam pulqabısını eşələyir.O,da gördü ki, mən maraqla anama baxıram. Başa düşdü ki, demək istəyirəm ki, anacan,yazığın gəlsin, xəstə, qoca kişini yorma! Ver o bir funtu, çıxsın getsin, yazıqdı.

Anam məni başa düşdü və kişiyə dedi. - "Yox, ayıb olar mənə, bir funt əvəzinə iyirmi funtluq çətir alım sizdən. Gəlin belə edək, sizə taksi tutum, pulunu da ödəyim,çıxın gedin evinizə, iş də bitsin. "

Kişini elə bil ilan çaldı, qışqırdı. - "Yox, yox, yox. Yüz il, min il qala, mən belə dilənçilik etmərəm. Ağlınızdan belə keçirməyin. Çətiri götürün, gözəl xanım, funtumu verin. Yağışa düşmüş cücə kimi islanmısınız.” 

 Anam mat-məəttəl üzümə baxdı. Elə bil mənə deyirdi, "gördün, pul istəmir də, neyləyim… "

Anam pulqabısını qurdaladı, bir funt çıxarıb kişiyə uzatdı. Kişi pulu götürüb cibinə qoydu, çətiri də anama verdi. O,  təzim etdi, papağını çıxartdı və dedi.”Çox sağ olun, xanım, məni xilas etdiniz, təşəkkür edirəm sizə". 

Sonra da bizdən uzaqlaşdı. 

"Gəl, gəl, qızım, gəl dur çətirin altında. "-anam sevincək dedi. - "Bəxtimiz gətirdi. Həyatım boyu mənim belə gözəl ipək çətirim olmayıb. Ürəyim gəlməyib ki, özümə belə bahalı çətir alım. "
"Anacan, yazığı o qədər çək-çevirə saldın ki… "- yarıincik səslə dilləndim . 

"Yoox, əmin olmaq istəyirdim ki, o, fırıldaqçı deyil, əzizim.”- anam qətiyyətlə dedi. "Və əmin də oldum. Əsil centlmen adam imiş. Üst-başından lap titullu serə, cənaba da oxşayırdı. Bu cür adamlara kömək etməyə dəyər. "

"Düz deyirsən, anacan. "-   dedim və anamın üzünə gülümsədim. 

"Bu da sənə bir dərs olsun, qızım. "- Anam özündən razılıqla davam etdi. "Həyatda belə hadisələr çox olur. Heç vaxt tələsmə. Adamları hərtərəfli yoxla. Əmin ol. Onda heç vaxt  səhv etməzsən. "

"Həə, düz deyirsən , anacan.. Odu eeee… kişi gedir, ora bax, ora bax ”- mən barmağımla yolu keçən kişini göstərdim. 

"Görmürəm, hanı o..,”- anam ora-bura boylandı. 

"Bax, bax, yolu keçdi. Ay aman, anacan, necə də tez-tez gedir, harasa tələsir., "

Biz kişini gözdən qaçırmaq istəmirdik. O, tələsə-tələsə yolu keçdi, küçənin axırına qədər getdi,sonra sola döndü. Çox sürətlə gedirdi … 

" Ana… Heç ayaqları ağrıyan adama oxşamır, aa, bu kişi… "- mən heyrətlə dedim. 

Anam heç nə demədi. 

"Heç taksi axtarana da oxşamır”- yenə mən dedim. 

Anam sakitcə, donmuş halda kişiyə baxa-baxa qalmışdı. Biz kişini uzaqdan aydın izləyə bilirdik. O, əməllicə şütüyürdü. Zebranın üstüylə yolun o biri tərəfinə  əsgərlər paradda addımlayan kimi əllərini yelləyə-yelləyə addımlayırdı. 

Anam yerindəcə quruyub qalmışdı. - "Burda nəsə bir fırıldaq var. "- dedi. 

"Çox maraqlıdı, nə fırıldaqdı, görəsən? "-deyə qaşlarını çatdım. 

"Mən də bilmirəm. "- anam qaqqılladı. "Amma bu işin axırına çıxacam. Gəl görüm mənimlə. "-dedi və qolumdan dartdı. Biz küçəni keçdik. Sonra sola döndük. "Hardadır, o kişi?  Görürsən onu? "-anam soruşdu. 

"Hə, odur,e, gedir. Kişi qarşı küçədən sağa döndü.. 

Biz küçənin tininə çatdıq və sağa döndük. Balaca kişi bizdən iyirmi yard qabaqda idi. O, dovşan kimi tullana-tullana gedirdi. Biz ona çatmaq üçün addımlarımızı yeyinlətməli olduq. 
Yağış  güclənmişdi. Mən aydınca görürdüm ki, yağış kişinin papağından şarhaşar süzülüb çiyinlərini yamyaş etmişdi. Amma biz böyük ipək çətirin altında qupquru qalmışdıq. 
"Çox maraqlıdır, bu kişi görən hara tələsir belə? "- anam elə bil öz-özü ilə danışırdı. 

"Ana, dönüb arxaya baxsa o dəqiqə bizi görəcək. "- mən ehtiyatla dedim. 

"Görsün dəəə. Heç vecimə də deyil. "- anam dedi. "O, bizə yalan danışıb. Dedi ki, yeriyə bilmir, ayaqları sözünə baxmır. Amma gör necə qaçır… İdmançıdı, elə bil... O, yalançının, dələduzun biri imiş.. "
"Ana, belə çıxır ki, o, heç titullu cənab deyilmiş ki…. "- mən bilmədən anamı hirsləndirdim. 

"Sakit ol görüm. Çox danışma… "- Anam hirsləndi. 

Yolun kəsişdiyi yerdən kişi əvvəl sola, sonra sağa buruldu. 

Anam hövsələdən çıxmışdı. - "Yox eeee, bu işin axırına çıxmalıyam. "

"Aaaa, ana, kişi yox oldu. Hara getdi, görəsən?. "- mən ora bura boylandım. 

"Mən gördüm, o qırmızı qapıdan içəri keçdi. "- Anam qapını göstərdi. "Vay, vay, bura pub imiş ki… "

Həqiqətən də kişinin daxil olduğu yer pub idi. Qarşısında böyük hərflərlə "The Red Lion” yazılmışdı. 

"Getmə, ana, biz ora girə bilmərik. "- dedim. 

"Yox, biz elə çöldən baxacayıq "- anam dilləndi. 

Pubın böyük geniş pəncərələri vardı. Çöldən pubın içi ovcumuzun içi kimi aydın görünürdü. Anamın qoluna girib  pubın pəncərəsindən oğrun-oğrun içəri baxırdım. Get-gedə güclənən yağış çətirimizi durmadan döyəcləyirdi. "Bax, bax, ana, kişini görürəm. "- həyəcanla dedim. Yarıqaranlıq otaq müştərilərlə dolu idi. Siqaret tüstüsü otağı başına almışdı. O bəstəboy qoca kişi də adamların arasında idi. O, papağını və gödəkcəsini çıxartmışdı. Kişi bar piştaxtasına yaxınlaşdı. Hündür bar stuluna əyləşdi. Yerini rahatladı. Əllərini çarpazlaşdırıb barmenlə söhbətə  başladı. Dodaqlarının tərpənməsindən hiss etmək olurdu ki, o, barmenə nəsə sifariş verir. Barmen bir neçə dəqiqədən sonra  açıq qonur rəngli maye dolu kicik stəkanı kişinin qarşısına qoydu. Balaca kişi barmenə bir funt verdi. 

"Oyyy, mənim funtum ! "- anam fısıldadı. "Kişi məni dəli edəcək. "

"Görən stəkandakı nədir?.”- mən maraqla soruşdum. 

"Nə olacaq? Viski”. - anam hirslə dedi. "Təmiz viski. "

Barmen funtu alıb o biri pulların içinə atdı.  

"Gör eeeee, qocaya bax, özü də üçqat, teyxa viski  sifariş edib haaaa… "- anam dedi. 

"Üçqat, teyxa nədir, ana? - " deyə maraqla soruşdim. 

"Yəni normadan üç dəfə çox və təmiz viski, qatqıslz,susuz. Ancaq viski"- anam izah etdi. 

Kişi stəkanı götürdü, ləzzətlə, süzə-süzə viskini içməyə başladı. 

”Gülməlidi, o qədər funtu gör nəyə xərclədi. "- anam təəssuflə dedi. 

"Bir funt yox, iyirmi funtluq çətiri nə təhər boğazından içəri keçirdə bildi!.. "- mən güldüm. 

Həə, dəlidi bu kişi. İyirmi funtu gör nəyə xərclədi.

Kişinin üzü allanmışdı, hiss olunurdu ki, babat ləzzət alıb, sifətində yumşaq bir təbəssüm vardı, kefi durulmuşdu. O, dilini çıxarıb  ağ bığını yaladı. Elə bil bığında ilişib qalmış viski damcılarını da sümürüb udmaq istəyirdi...

Bir müddət keçdi. O, yavaşca ayağa qalxdı, camaatın arasından sivişib qapıya tərəf addımladı. Asılqana yaxınlaşdı, papağını başına qoydu, gödəkçəsini geyindi. Sonra, heç kəsin sezə bilməyəcəyi incəliklə asılqandan sırayla asılmış  yaş çətirlərdən birini götürdü və qapıdan çıxdı. 

"Gördün,gördün, sən bir onun hərəkətinə bax, gördün, qoca dələduz… "- anam dəhşətə gəldi. 

"Şşşş…. "- mən pıçıldadım. "Kişi gəlir. "

Biz çətirin altında üzümüzü gizlətdik. Kişi heç bizim tərəfə baxmadı da. Yanımızdan ötüb keçdi. O, təzə çətiri açdı, başına tutdu və küçənin o biri tərəfinə keçdi. 
"Sən bunun tülkülüyünə bax...Mənim daha sözüm qalmadı!.. "- Anam əlini əlinə çırpdı. 

"Həəə, super fikirləşib. "- mən güldüm. 

Biz kişinin dalıyca getdik. O, bayaq bizimlə görüşdüyü mərkəzi küçəyə yollandı. Uzaqdan onun çox rahatlıqla təzə çətirini bir funta necə  çevirdiyinə tamaşa etdik. Bu dəfəki hərifi papaqsız, gödəkçəsiz arıq və uzunboy bir oğlan idi. Sövdələşmə bitəndən sonra kişi oğlandan ayrıldı və camaatın arasında itib batdı. Amma bu dəfə küçənin əks istiqamətinə yollandı. 
"Amma gör necə də ağıllıdı? Bir puba ikinci dəfə getmir, görürsənmi? Başqa puba getdi… Həə, Adam işini qurub da… "- deyə anam heyrətə bulaşmış bir təbəssümlə üzümə baxdı. 
"Həəəə, bütün axşamı beləcə pub-pub gəzəcək şəhəri yəqin. "-  dedim. 

"Hə, yəqin elə olar da.”- anam qəhqəhə çəkdi…

İngilis dilindən çevirən: 
Rauf Qaraişıq