Rövşən Yerfi. Lənətlənmişlər (Povest)
Proza
- 29.05.2012
- 0 Şərh
- 810 Baxış
Neçə vaxtdı Çəməngül ananın gözləri yol çəkirdi. Qış qurtaran kimi otların, güllərin torpağın bağrını yarıb çıxması, bağçada tut ağacının neçə illərdən bəri yenidən çiçəkləməsi onun da ürəyində çoxdankı arzularını oyatmışdı. Yaz başlayandan məktubla, gəlib-gedənlə Paşa xəbər göndərmişdi ki, darıxmasın, gəlir. Özü də bu dəfə daha elə belə yox, birdəfəlik vətənə qayıdır. Çəməngül ana əvvəlcə nə eşidən qulağına, nə də məktubu oxuyan gözlərinə inanmağı gəlməmişdi. Gün hayandan çıxmışdı ki, Paşa belə qəti fikrə gəlmişdi? Olmaya neçə illərdən sonra anası üçün, vətəni üçün qəribsəmişdi? Yoxsa yaşlaşdıqca torpaq onu çəkirdi? Nə səbəbdən olur-olsun, fərqi yoxdur, xəbəri eşidən kimi qəlbinə dolan sevincdən ananın gözləri yaşarmışdı...
On beş ildən çox idi ki, kənddən çıxmışdı. Paşa Çəməngülün gözünün ağı-qarası, yeganə oğlu idi. Onu peşə məktəbini qurtaran ili əsgərliyə apardılar. Əsgərliyini başa vurmağa xeyli qalmış, div kimi dövlət - Sovet İttifaqı dağıldı. Kimin ağlına gələrdi? Getsin o günlər, gəlməsin...Ağır illər idi. Həyat yoldaşının erkən vəfat etməsi, cavan yaşlarından dul qalması Çəməngülü həyatın hər üzünü görməyə vadar etmişdi. Ataları rəhmətə gedəndə Paşanın doqquz, Aynanın altı yaşı vardı. Min bir sədəqə və qurbanla övlad arzusuna qovuşmuş Çəməngül ailə həyatının şirin günlərini doyunca dadmamış, qırx yaşında taleyinə tək ömür sürüb əzab çəkmək yazıldı. Uşaqları pis-yaxşı böyüdüb ərsəyə çatdırmışdı. Gəl ki, övladları nə qədər böyüsələr də qayğıları bitmək bilmirdi. Dolanışıq, təhsil, iş tapmaq kimi çətinliklər rahat nəfəs almağa, göz açmağa aman vermirdi.
Əvvəlki bolluqdan, firavanlıqdan əsər-əlamət belə qalmamışdı. Müstəqilliyə qovuşması ilə ölkəni qıtlıq bürümüşdü. Qiymətlərin «kəllə-çarxa» qalxması mizan-tərəzinin itməsinə, bal ilə şorun dəyərinin bərabərləşməsinə, dərəbəyliyin baş alıb getməsinə səbəb olmuşdu. Hakimiyyətdə oturanlar ölkəni yetərincə idarə edə bilmirdilər. Bir yandan da nankor qonşu “forpost» dövlətin havadarlarının köməyi ilə torpaqlarımıza hücum çəkib rayonları işğal etməsi qara camaatın gününü lap qara etmişdi. Müdafiəsiz qalan əhali əsir düşməmək üçün doğma yurd-yuvasından qaçqın düşmüşdü. Televizorda verilən xəbərlərdən bilmək olmurdu, bu müharibədir, yoxsa oyun? Bir gün bizimkilər hücum çəkib işğal edilmiş bir neçə kəndi xeyli itkilər bahasına azad edirdilər, on gün sonra əmr olunurdu ki, geri çəkilin. Geri çəkilən kimi düşmən yenidən irəliləyib həmin kəndləri tuturdu. Daha soruşan yox idi ki, geri çəkiləcəkdiksə, o «xalxın tifillərini» niyə qırğına qurban edirsiz? Başdıbaşınalıq idi. Cəbhədə olansayaq, hökümətdə də bir-birini eşidən yox idi, hərənin ağzından bir avaz gəlirdi. Xalqa, torpağa görə narahat olmaq əvəzinə, iqtidarla müxalifət vəzifə uğrunda bir-birilərinə kələk gəlməklə məşğul idilər. Cavanları harda gəldi - küçədə, yolda tutub təlimsiz, hazırlıqsız birbaşa cəbhəyə göndərirdilər. Onların arasında təcrübəsizlikdən bir təsadüfi güllənin güdazına gedənlər də az deyildi. Bu günahsız qurbanları «şəhid» adlandırıb el arasında xatirəsini əziz tutsalar da, əslində biçarələrin qismətinə adi, ucuz ölüm nəsib olurdu. Qəhrəmanlıqla vuruşub, heç olmasa bir qarış torpağı düşmən tapdağından azad edərək ölmək üçün də gərək bəxtin olaydı. O bəxtin olub-olmayacağına heç kim zəmanət vermirdi. Odur ki, oğlunu könüllü müharibəyə göndərmək istəyən az idi. Az-çox imkanı olanlar hərə bir yolla övladını səfərbərlikdən yayındırırdı. Gücü çatan oxudurdu, xaricə göndərirdi. Həmkəndlisi dəllək İqbal üç oğlunun üçünə də həkimdən ruhi xəstə kağızı almışdı. Ölənlərin, vuruşanların içərisində bir varlı, yaxud dövlət vəzifələrində işləyən məmur balasını tapa bilməzdin. Çanaq həmişə olduğu kimi, kasıbın başında çatlayırdı. Cəbhəyə könüllü gedib canından keçənlərin ailələrinə olan biganəlik də bir yandan adamı yandırırdı. Ön xəttdə döyüşlər getsə də cəbhədən kənarda al-qırmızıya bürünmüş şəhid məzarlarından başqa heç yerdə müharibə hiss olunmurdu. Kim necə bacarırdı, elə də yaşayırdı. «Xalqımız səbirli, qəhrəman xalqdır», - deyib toy-bayram edənlər də öz işlərində idi, müharibə şəraitindən yararlanıb pul qazanan, varlananlar da...
ƏSƏRİ TAM HALDA BURADAN YÜKLƏ: