Şair Rəşad Məcid haqqında
Tənqid
- 10.10.2019
- 0 Şərh
- 7713 Baxış
Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bilirsiniz, kimin necə və hansı formada yazmasının mənə aidiyyəti olmadığı kimi, düşünürəm, başqalarına da eyni dərəcədə dəxli olmamalıdır. Amma qaldı ki, onun nədən və kimdən yazması, bax bu başqa məsələdir...
Bu yazımda mən sizə, qoy lap belə olsun, sizlərə şair Rəşad Məciddən danışacam. Bir daha da təkrarlayıram – Şair Rəşad Məciddən.
Poeziyasının ölçüsünü götürməkdən ötrü başıma nə Anarı, nə İsa Həbibbəylini, nə Vaqif Yusiflini, nə Bəsti Əlibəylini, nə də başqalarını yığacam. Hələ "Yamyaşıl ümidlər” kitabının dekorativ xarakterli müəllifi Tural Cəfərlini demirəm. Onsuz da Rəşad Məcidin başına çox adam yığışıb.
Yaddan çıxmamış çox vacib və başlıca bir məqamı qeyd edim ki, heç bir şəxsiyyəti zaman kontekstindən kənarda öyrənmək olmaz, eləcə də Rəşad Məcidi.
"Hələ ki vaxt var” manifestli Rəşad Məcidin poeziyası zamana çox yaxındır. Şeirlərinin inkişaf dinamikasına nəzər salanda aydın görünür ki, dünyanın xaosundan, qarışıq, ziddiyyətli olaylarının nəhayətsiz qoynundan çıxmış Rəşad Məcid də yaradıcılığının erkən dövrlərində xəyalən yaratdığı sevgi və gözəllik aləmində bir müddət yaşayaraq formalaşmışdır. Lakin onun rahatlığı və müstəqilliyi tamamilə aldadıcıdır. Çünki bizim zahirən sakit, səbirli və təmkinli görünən, ancaq daxilən çılğın, romantik və lirik qəhrəmanımız həyatın acı gerçəkliyi qarşısında özünü sonralar vecsiz, laqeyd apara bilməmiş, amma xəyal dünyasına heç vaxt xəyanət də etməmişdir. Sovet dövründəki yaradıcılıq meyarlarını bir kənara qoyan Rəşad Məcid 90-cı illərdə yaxşı başa düşmüşdür ki, müasir qlobal problemlərin fövqündə dayanmaq üçün dövrün öz poetik qəhrəmanını yaratmaq lazımdır. Ona görə də, sonda o həm realist, həm də milli ənənəyə sadiq mürəkkəb fazaya gəlib çıxmışdır.
Şənimə sağlıqlar içiləndə də,
Boyuma təriflər biçiləndə də,
Ən qəmli anımda, dərdli anımda,
Ən xoşbəxt anımda, xoş zamanımda,
Yanımda gözəllər qımışanda da,
Dostlar bəlağətlə danışanda da –
səni unutmadım.
Qohumlar başıma yığışanda da,
Uşaqlar ucadan danışanda da,
Nəyinsə təcili barışığında
Evdarlıq, məişət qarışığında,
Ən hirsli çağımda, dərdli çağımda
Dərdlər, problemlər qoparağında –
unutmadım.
Poeziyasının fərdi və ümumi cəhətləri vasitəsilə Rəşad Məcid, əsasən, insan təbiətini, müasir bəşər övladını fərqli-fərqli rakurslardan görür. O, lirik qəhrəmanını müsbət, sxematik obraz timsalında "gözə soxmaqdan” tamamilə uzaqda dayanır.
Bu və ya digər vəziyyətlərdə həmin qəhrəman müsbət tərəflərini bir kənara qoyub birdən-birə mənfi, əsəbi, ərköyün, küsəyən mövqedə dayana bilər, özündə heç vaxt müşahidə olunmamış keyfiyyətləri büruzə verə bilər. Çünki Rəşad Məcidin poeziyasının canında ənənə ilə yanaşı daha çox müasirlik olduğu kimi, eyni zamanda, şöhtərpərəstlik də, şou da, publisistika da vardır.
Poeziyası ilə arasında çox vaxt pərdə çəkən inzibatçı Rəşad Məcid poetik qəhrəmanını real həyatda özündən nə qədər aralı saxlamağa cəhd göstərsə də, əslində həmin qəhrəman onun özüdür, daxili aləmində gedən mübarizənin, qarışıq fikirlər axınının ritmik təcəssümüdür.
Rəşad Məcid bir-birinə zidd olan dünyagörüşlərin heç birisini kulta çevirmir, mütləqləşdirmir, hərəsində həqiqətin bir parçası olduğunu düşünür. Elə bu səbəbdən də şeirlərində dünyanı daha çox ədalı, başaçılmaz və situasiyonal qadın obrazında təsvir edir. Qadın obrazında təcəlla edən qarışıqlıq, ziddiyyət isə gerçəkliyin, daha dəqiq desək, insan reallığının əsas mövcudluq forması kimi meydana çıxır. Alman yazıçısı, şairi və mistiki, əsl adı Fridrix fon Hardenberq olan Novalis kimi Rəşad Məcid də bu qənaətə gəlir ki, xaos insanın öz başlanğıcına, mahiyyətinə qayıtması üçün imkan verir, ona öz zəruriyyətini gerçəkləşdirməyə kömək edir.
Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
Bu məqamda "Bir də gəlməyəcək” və ya "Çiyələk qadın” şeirinin üzərindən sakit ötmək olmaz. Dünya ilə daxili dünyasını qarşılaşdıran, qarışdıran, onu heyrətə gətirib təəccübləndirən, çaşdıran, hər şeyi alt-üst edən şeirdəki qadın obrazı Ruminin "Qadın yaranmış deyil, Yaradandır!” fikrini xatırladır. Bununla belə, düşünürəm ki, həmin şeiri ilə Rəşad Məcid oxucusu üçün ovsunlayıcı sözü tapa bilmişdir.
Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
nə bu dünyada.
Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən,
Təpəri yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,
nə bu dünyanın.
Qəfil gəlişinlə suç eləmisən
Sənsiz keçən ömrü puç eləmisən
Vurmayıb heç zaman belə qar-yagış
nə mənim dünyamı,
nə bu dünyanı
Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.
Rəşad Məcid poeziyasında kimisə təkrar etmir. Bəzən poeziyasının təsirləndiyi mənbələri Səməd Vurğun, Məmməd Araz, Əli Kərim, qismən Sabir Rüstəmxanlı, hətta daha çox rus-Avropa poeziyasını həcamət edən Ramiz Rövşənlə bağlayırlar. Məncə, bu kimi analogiyalar tamamilə sözçülükdən irəli gəlir. Ona görə ki, Rəşad Məcidin poeziyası ədəbiyyatımız üçün, bəlkə də, məktəb yaratmağa hesablanmamış yeni bir təmayüldür. Mən bunu özümdən demirəm. Köhnə iş üsulundan əl çəkməyən ədəbi tənqidçilərimiz buyurub vicdanla Rəşad Məcidi bir daha vərəqləyə bilərlər.
Rəşad Məcidin poeziyasının mayası mənəvi narahatlıqdan, intellektual gərginlikdən tutulub. Şeirlərinin struktur baxımdan sadə, bir növ monoloq formasında qurulmasına baxmayaraq, problematikası açıldıqca bir az kobud dünyanıduyma tərzi tamamilə yaddan çıxır, ən əsası isə oxucu Rəşad Məcidlə təkbətək qalır, dərdinə şərik olur, ona qahmar durur.
Konkret dövrün sosial-siyasi ziddiyyətləri ilə sıx bağlı olması Rəşad Məcidə misilsiz həssaslıqla cəmiyyət həyatında güclə sezilən meyillərin nəticələrini üzə çıxarıb göstərmək mövqeyi qazandırır. Poeziyasında hər bir hadisə, əşya, istək, duyğu rəmzi mahiyyət kəsb edir, özünün stereotip çərçivələrindən çıxıb ümumbəşəri simvola can atır.
Şeirlərində millilik ilə ümumbəşərilik, ənənə ilə novatorluq, düzən ilə düzənsizlik toqquşsa da, amma Rəşad Məcid bütün diqqətini bu ziddiyyətlərin bir-birinə keçməsi məqamına yönəldir. Ona görə də, Rəşad Məcidin poeziyası, xaotik olsa da, tutumludur, konkret və realdır, müəyyən tarixi dövrün məhsuludur, digər tərəfdən də vüsətlidir, geniş ictimai mündəricəyə malikdir.
Qarışdırdın vaxtı, günü, zamanı,
Günlər, aylar bir-birinə qənimdi.
Hardan bilim xoşbəxt günüm hansıdı,
Bu təqvimin hansı ayı mənimdi?
Şərik varmış bu payıza, bu qışa,
Baharın da saxta imiş vüsalı,
Ta yanvarı, dekabrı soruşma,
Bəlkə zorla xilas etdim fevralı.
Yaddaşımda yallı gedən günlərin,
Ən doğmasın qucaqlasam, hünərdi.
Zəhrimara çevrilən bu zamandan
Beş-üç təmiz gün saxlasam, hünərdi.
Rəşad Məcidin poeziyası ayrı-ayrı adamlar arasında gedən çarpışmaların deyil, ziddiyyətli düşüncələrin, şübhələrin parçalayıb dağıtdığı bir insanın öz-özü ilə davasıdır, özünün özündən narazılığıdır. Bu səbəbdən də ədəbiyyatımız üçün spesifik lirik qəhrəmanının daxili aləmi bir tərəfdən konkret tarixi şəraitin əksidirsə, digər tərəfdən, min illərlə üst-üstə qalanmış ziddiyyətlərin mübarizə və toqquşmasıdır.
Heç nə sona yetən deyil,
Bu eşqdə qəfəs bilmərəm.
Bu ruhumda, bu halımda
Barmağımı kəs, bilmərəm.
Əzabı da şirin dadır,
Çoxdan sızıb qanımdadı.
Ruhu hər an yanımdadı,
Ayrı səda, səs bilmərəm.
Mənəm işıq dəstələyən,
Yüz-yüz nəğmə bəstələyən.
Kimdi orda "bəsdi” deyən,
Bəsdi nədi? Bəs bilmərəm.
Rəşad Məcidin sevgiyə münasibəti də orijinaldır. Adi bir təmas, hansısa bir görüş, yaddaş elementi sevgi şeirinin başlanğıcı üçün vasitə ola bilər. O, sevgini Füzuli səviyyəsində ilahiləşdirmir. Ümumiyyətlə, Rəşad Məcidin sevgi şeirləri keçmişi indiyə, tarixi bugünə, hissi yaşantını maddiləşdirməyə hesablanıb. Əsasən Tanrıya ünvanlanmış şeirlərində mistik qat ara-sıra sezilsə də, amma dünyəvilik hər şeyi üstələyir. Bu xüsusda istifadə etdiyi üslub və digər bədii prinsipləri orijinaldır.
İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə.
Bilgisayar kimi, telefon kimi
Beynimi təzələ, ya format eylə.
Yerit yaddaşıma antivirusu,
Qır bu qurd püskürən həşəratları.
Çıxar hamısını yaxşılı-pisli
Lap başdan, sıfırdan başlayım barı.
Bəndənə rəhm edib bir də düşünsən,
Yenidən yaratsan məni, ilahi!
Lütfünü yenə də əsirgəmə gəl,
Çıxar qabağıma onu, ilahi!
Yenə də Cənnəti Yerə gətirib,
Yenə də göylərdə yaşatsın məni!
Yenə də aldatsın, yenə də atsın,
Yenə əzab versin, ağlatsın məni.
Bircə taleyimi başdan yazanda
Məni onsuzluğa düçar etmə sən!
Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar etmə sən!
Şeiriyyətində axıcı lirizmlə yanaşı, kifayət qədər sərt prozaik elementlər vardır. Fəlsəfi-sosial fikirlərlə yüklənməsi şeirlərinin təhlilini qəlizləşdirir. Şairin hər bir əsərinə bitkinlik, özünütəhlil vermək həvəsi isə xaotik fikirlər, düşüncələr axınını hardasa nizamlaya, müəyyən qayda-qanun çərçivəsinə sala bilir.
Təəccüb doğurmadan cəsarətlə deyə bilərəm ki, çoxcəhətli ardıcıl yaradıcılığı ilə şair Rəşad Məcid təkcə ədəbi-tənqidi mülahizələri, publisistikası, təşkilatçılıq fəaliyyəti ilə deyil, həm də spesifik poeziyası ilə bizim hələ çoxları üçün hara getdiyi bilinməyən ədəbiyyatımızda özünə ədəbi şəxsiyyət hüququnu təmin etmişdir.
Olsun ki, şeiri Allah adama
Yaşadıb ömründə tufan yazdırır.
Birinə Məsnəvi, birinə Xəmsə,
Birinə sevgidən roman yazdırır.
Birinə yetmişə yaxınlaşanda
Bir ulduz yollayır ömrün qışında.
Qoyub cavabların axtarışında,
Eyləyib sunami, boran yazdırır.
Mənə də lütf edib öz kərəmini
Yenidən yolladı öz qələmini,
Yaşlı gözlərimin silib nəmini,
Oturdub diz üstə dastan yazdırır.
Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ardarda düzülən söz çələngini –
Özüm yazmıram ki, yazan yazdırır.
QEYD: Məqalədə verilmiş Rəşad Məcidin şeirləri "Çiyələk qadın” kitabından və müxtəlif dövri mətbuat orqanlarından götürülmüşdür.