Şəlalə Əbil. ’’Cumanci 2’’ - saqqal darağı və yaxud ailəmizin kino lüksu (Hekayə)

Şəlalə Əbil. ’’Cumanci 2’’ - saqqal darağı və yaxud ailəmizin kino lüksu (Hekayə)

Yola düşməyimizə sayılı günlər qalmış, Nərgizin İsveçdən Azərbaycana, xalalarına ünvanladığı ”Axırıncı dəfə nə vaxt kinoteatda olmusan? ”sualına cavablar müxtəlif olsa da hamısından qırmızı xətlə bir fıkir keçirdi: çoxdan, lap çoxdan. Məqsədi, öz hesabına çox sevdiyi xalalarını kinoteatrda birlikdə filmə baxmağa dəvət etmək, bir neçe saatlıq da olsa onları məişət qayğılarından uzaqlaşdırmaq, hələ də gənc olduqlarını hiss etdirmək, onlarla gözəl bir gün keçirmək idi. Deyirdi, popkorn da alacağam onlar üçün. Filmi də qabaqcadan seçmişti, ’’Cumanci 2’’. 

 Ən büyük bacım N demişdi ki, sonuncu dəfə kinoteatrda orta məktəbdə onuncu sinifdə oxuyanda olub. 40 il qabaq, bir may nümayişində. Bu nümayişlərə məktəblərdən hazırlaşdırılıb, əllərimizdə müxtəlif portret və şüarlarla gedərdik. Bizim üçün bir may nümayişinin ən həyəcanverici anları, rayon kommutəsi binasının qabağında qurulmuş, xalça və güllərlə bəzədilmiş hündür kürsüdən nümayişçilərə əl edən birinci katibin qarşısından keçməyimiz, bir də nümayiş bitəndən sonra rayon mərkəzində yerləşən yeganə kinoteatrda hind filminə baxmağımız idi.  Əsas yük sinif oğlanlarının üstünə düşərdi. Xüsusi canfəşanlıqla bahasına bilet almaq, basabasda adamları dirsəkləri ilə dümsükləyərək sinif qızlarının içəri keçə bilmələri üçün cığır açmaq, film boyu başqa məktəblərin oğlanlarının qızlara söz atıb sataşmamaqları üçün göz qulaq olmaq…

 Bacılarımın bir may nümayişində kinoya getmələrini gizlədərdik atamdan. Bunun üçün bütün nigarançılıq və həyəcan anamın boynuna düşərdi. 

 Yeri gəlmişkən,həmin gun sinif yoldaşları ilə sonuncu dəfə kinoteatrda hind filminə baxan bacımın yanında mən də vardım. Məktəbdən verilmiş, əlimdə tutub bütün nümayiş boyu yuxarı qaldırdığım  bir portreti ( Portretdəki kişinin adı Qrişin idi, yaxşı yadımdadı, amma hələ balaca olduğum üçün (dördüncü sinifdə oxuyurdum) onun kimliyi barədə bir şey bilmirdim) itirdiyimə görə sonradan xəbərdarlıq cəzası alan, qorxmuş, üzülmüş mən. Bu isə başqa bir mövzudur.

 İndi keçid alaq Nərgizin xalalarına ünvanlamış olduğu sualın daha sonrakı bacımın yəni L nın cavablandırmasına. L, Bakıda universitetdə oxuyanda tələbə yoldaşları ilə tez-tez gedərmiş kinoya və axırıncı dəfə baxdığı film də həmin illərə təsadüf edirmiş amma dəqiq hansı film olduğunu xatırlamırmış. Sonrakı bacılarım X və B nin də cavabları aşağı yuxarı buna bənzəyirdi.

 Kinoya gedəcəyimiz gun yaxınlaşdıqca, bu xəbəri Nərgizdən eşidəndə çox sevinmiş və mütləq gedəcəklərini demiş bacılarımın arasında tərəddüd, geri çekilmələr hiss olunmağa başlamışdı. X bacım böyük sevinclə kinoya getmək istədiyini bildirsə də, başqa alternativ kimi onlara getmək, olandan-qalandan yeyib-içib, sabaha qədər söhbət edib, danışıb gülmək  təklifinin üstündə daha israrlı kimi görünmüşdü. Bir də biletlər də çox baha imiş, uşaq  əziyyət çəkib işləyib, qıymır Nərgizin biletlərə bu qədər pul verməyinə.

 Ən böyük bacım N isə heç getmək istəmədiyini, kinoteatrda oturub filmə baxmağın nəyinə lazım olduğunu, hər işinin düzəlib bir saqqal darağının çatmadığını, filmlərə evdə televizorda da baxa bildiyini demişdi. 

 Kiçik bacım B də biletlərin bahalılığına üzülmüş, Nərgizi, xalalarına qarşı əlaçıqlığında və kəmxərcliyində qınamışdı.  

 Yeri gəlmişkən, bacım qızları Gülsüm və Minə də bizimlə idi.

 Bacım L daha sakit görünür, hər şeyi hadisələrin gedişatına buraxmışdı. 

Kinoteatrın qarşısında biletalma mərasiminin gərgin ortamında ziddiyyətli fikirlər hansı filmə və hansı dildə baxacağımıza görə yarandı. Nərgizin fikrində yəqinləşdirdiyi filmin rusca olması, həmin saatda azərbaycan dilində olan yeganə ”Qızqaçırtma 3” (gərək ki, adı belə idi) yerli filmi alternativ kimi araya girsə də sonda ümumi razılaşma ilə ”Cumanci 2” yə baxası olduq. Bu razılaşmanın içində mənim, dilə görə narazı qalan Gülsümə film boyu yardımçı olacağıma söz verməyim də vardı.

  Hələ filmqabağı reklamlar gedəndə balaca Minənin əyilib nigarançılıqla,  film başlayanda da səs tonunun bu qədər yüksək olub olmayacağını soruşanda, anasının yəni bacım B nin migrenini xatırladım. Çox keçmədən bu migren ona, filmin yalnız kiçik bir hissəsinə baxmağa imkan verdi.

 Film qurtarandan sonra isə, axıra qədər baxa bilmədiyinə görə özünü günahkar hiss etməsi, ’’it qursağı yağ götürməz’’ kimi atalar sözünün onun indiki durumuna uyğun gəldiyini dilinə gətirməsi ürəyimi göynətmişdi.

 Sonradan dansa da, gözündəki 3D eynəyi belə, işdən yorğun gəlmiş bacım X nın bütün film boyu yatmasını gizlədə bilmədi ( İnsafla deməliyəm ki, arada ayılıb filmi izlədiyi də olurdu).

 Filmin sonlarına yaxınlaşdıqca personajlar bir kompüter oyununun fiqurlarına çevrildiyi, Minənin gir-çıxda qalıb, yarı canı bayırda başağrısı tutmuş anasının yanında, yarı canı isə filmdə ikən, bacım X nın 3D eynəyinin kölgəsində yuxu bişirdiyi, Gülsümün qolumu dümsükləyib növbəti ”Xala, ata çevrilən hansı personaj idi?” sualını verdiyi bir vaxtda artıq mən də ’’Cumanci 2’’ yə saqqal darağı kimi baxmağa, biletələrə verilən  pula filan qədər ərzak almaq və yaxud Bakıda universitetdə oxuyan Gülsümün kirayədə qaldığı evin bir aylığını vermək olar deyə düşünməyə başlamışdım. 

 Filmə rahatlıqla baxan bir bacım L və bir də arada fürsət tapıb sübut üçün yatan xalasının şəklini çəkməyi unutmayan Nərgiz oldu.  

 Filmdən sonra mənə elə gələcəkdi ki, kino macərasının təskinlik tapdığım və sevindiyim, dəvətlilər üçün isə yeganə maraqlı yeri, həyatlarında ilk dəfə 3D eynəklərini taxdıqları vaxt heyrətlənmələri olmuşdu. Hər şeyə rəğmən, dəyərdi, məncə.