Səlim Babullaoğlu. İÇƏRİDƏN BAXIŞ (Məruzə)

Səlim Babullaoğlu. İÇƏRİDƏN BAXIŞ (Məruzə)

Azərbaycan Yazıçılar Birliyinin qurultayı öncəsi Səlim Babullaoğlunun "2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti” barədə məruzəsi


Hörmətli cənab sədr!
Hörmətli həmkarlar, xanımlar və cənablar!
Əziz dostlar!

"Bir çaya iki dəfə girmək olmaz” kimi məşhur bir deyim var. Amma bəzi həmkarlarımın məndən bir az əvvəl, indi isə mənim bu zalda, sizin qarşınızda müxtəlif mövzular və ədəbi janrlarla bağlı məruzə üçün yenidən dayanmağımız bütün başqa şeylər kimi bu deyimin də şərtiliyini göstərir. Yaxşıdırmı, pisdirmi? İndiki konkret hal üçün siz bu suala dinləməyə hazırlaşdığınız məruzənin sonunda cavab tapa biləcəksiz. Amma bir şeyi qabaqcadan deyim ki, mənim eyni mövzu – "...tərcümə işinin vəziyyəti ilə bağlı” 7 il sonra bir daha məruzə eləməyimin bir və danılmaz pozitiv tərəfi olacaq: bu, məruzəçi kimi mənə mümkün qədər obyektiv olmaq və əvvəlki dövrlə də bağlı  məruzə etdiyimdən dürüst müqayisə aparmaq  imkanı verəcək.

1. Biz niyə tərcümə edirik?

Biz niyə tərcümə edirik? Bu sualın cavabı cüzi fərqlə elə "biz niyə yazırıq?” sualının cavabı demək olardı. Çünki tərcümə sənəti, tərcüməçilik işi yazmağın başqa adıdır, imperativlər eynidir. "Biz niyə yazırıq ? " sualının cavabı yerinə isə
məruzənin əhatə elədiyi dövrdə bizim bir çox tərcüməçilərimizin favoriti olan böyük türk yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun "avtobioqrafik Nobel nitqi”nin öz tərcüməmdə olaa bir hissəsini təqdim edirəm: "Bildiyiniz kimi, biz yazıçılardan ən çox soruşulan, ən çox sevilən sual budur:  nə üçün yazırsız? İçimdən gəldiyi üçün yazıram. Başqaları kimi normal bir iş görə bilmədiyim üçün yazıram. Mənim yazdığım kimi kitablar yazılsın və oxuyaq deyə yazıram. Hamınıza, hər kəsə hirsləndiyim üçün yazıram. Bir otaqda bütün günü oturub yazmaq çox xoşuma gəldiyi üçün yazıram. Onu dəyişdirəcək yeganə reallığa qatlana bildiyim üçün yazıram. Mən, sonrakılar, hamımız, bizlər İstanbulda, Türkiyədə necə bir həyat yaşadıq, yaşamaqdayıq, bütün dünya bilsin deyə yazıram. Kağızın, qələmin, mürəkkəbin qoxusunu sevdiyim üçün yazıram. Ədəbiyyata, roman sənətinə hər şeydən daha çox inandığım üçün yazıram. Öyrəncəli və asılı olduğum üçün yazıram. Unudulmaqdan qorxduğum üçün yazıram. Gətirdiyi şöhrət və hörmətdən xoşlandığım üçün yazıram. Bir dəfə başladığım bu romanı, bu yazını, bu səhifəni artıq bitirim deyə yazıram. Hər kəs bunu məndən gözləyir deyə yazıram. Kitbaxananın ölümsüzlüyünə və kitabların rəflərdə duruşuna uşaq kimi inandığım üçün yazıram. Həyat, dünya, hər şey inanılmayacaq qədər gözəl və ecazkar olduğu üçün yazıram. Hekayə anlatmaq üçün deyil, hekayə qurmaq üçün yazıram. Daim gediləcək bir yer var varmış- eynən yuxudakı kimi, heç cürə gedə bilmirəm duyğusundan qurtarmaq üçün yazıram. Heç cürə xoşbəxt olmadığım, ola bilmədiyim üçün yazıram. Xoşbəxt olmaq üçün yazıram...”  İndi isə əziz dostlar, eyni mətndə "yazıram” sözünü "tərcümə edirəm” ("çevirirəm”)  və ya "tərcümə edirik” kəlmələri əvəz edin.

Yaşlı-cavan bütün yazıçılar aşağı-yuxarı, cüzi fərqlərlə eyni səbəbdən yazırlar və tərcümə edirlər. Bəzən isə həmişə yazmaq olmur deyə tərcümə edirlər. Həm də ona görə ki, tərcümə sənəti qədər yazıçını formada saxlayan ikinci bir peşə, məşğuliyyət yoxdur. Bəzilərinin təcrübəsində  "peşə” və "məşğuliyyət” sözünün yerinə "sənət”  də yazmaq, onların tərcüməçilik fəaliyyəti haqqında danışanda həmin sözləri "sənətkarlıq” sözü ilə də əvəz etmək olar.

***

Sizə 4 kitabdan danışım.
Xalq yazıçısı Anarın çoxcildliyinin VI cildi; Çingiz Əlioğlunun müəllifi olduğu 2 cildlik "Düyna ədəbiyyatı antologiyası”; Mahir Qarayevin, öz sözləri ilə desək ilk və sonuncu olan "Tənhalıq” kitabı; və Həyat Şəminin "Yazlmayan şeirlər” kitabı.

Birinci kitabda kitabın əsas hissəsini Xalq yazıçısı Anarın müxtəlif illərdə elədiyi  tərcümələr təşkil edir.  Burda qədim dövrlərdən  günümüzə qədər uzanan, Şumer-Akkad mətnlərindən başlayaraq İosif Brodskiyə qədər yol gəlmiş çox geniş yazıçı mütaliəsi, zövqü və peşəkar tərcüməçilik fəaliyyətini görmək olar; 30 müəllifdən və mənbədən edilmiş prozaik, 62 müəllifdən olunmuş poetik tərcümələr toplanıb kitaba. Anar müəllimin tərcümələrinin çoxlu qiymətli tərəfləri var. Əvvəla, bu yazıçının çox uğurlu poeziya tərcüməçisi olduğunu təsdiqləyir; kitabı diqqətlə oxuyanlar o saat anlaya bilər ki, bir çox müəlliflər Azərbaycan dilində ilk dəfə məhz Xalq yazıçısının tərcüməsində səslənmişdir. Şəxsən mənim üçün, poeziya tərcüməsi ilə məşğul olan adam kimi Anarın tərcümələrinin dilimizə münasibətdə necə səlis və axarlı olması ilə dəyərlidir, öyrədicidir.

Çingiz Əlioğlunun tərcüməçiliyi və tərtibçiliyi ilə nəşr olunmuş 2 cildlik antologiya xüsusən birinci cildi, "poetik hissəsi”  ilə adamı heyrətləndirir. 100-ə yaxın müəllifdən edilmiş poetik tərcümələr müxtəlif və qiymətli poetexnolojiəri sərgiləyən laboratoriyadır əslində. Müxtəlif metrikalar, şeir növləri, stixiyalar, intonasiyalar, poetik məktəbləri göstərən nümunələr toplusudur bu antoloji həm də. Fikrimcə, Çingiz Əlioğlunun virtuoz poeziya tərcüməçisi olduğunu təsdiqləyən, ikinci cildinə isə prozaik tərcümələrin toplandığı 1000 səhifəlik bu ikicildlik, məruzənin əhatə elədiyi dövrün ən dəyərli və təkmüəllifli tərcümə antolojisidir, ədəbiyyatı və tərcüməçiliyi peşə seçməyi düşünən cavanlar üçün qiymətli örnək və vəsaitdir.

Zaman-zaman dəyərli müəllif şərhləri ilə müşayiət olunan,  "zərgər səliqəsi ilə tərtib olunmuş”  "Tənhalıq” kitabına Mahir Qarayevin  20 müəllifdən elədiyi poetik tərcümələr toplanıb. Kitabın bir dəyərli tərəfi də budur ki, Mahir Qarayev çevirdiyi mətnlərin orijinallarını da təqdim edir kitabında. Bu bir tərəfdən tərcüməçinin öz işindən arxayınlığının göstəricisidirsə, başqa tərəfdən həmin kitabı müqayisə aparmaq istəyən mütəxəssislər üçün də qiymətli edir. Kitabla bağlı şifahi söhbətlərimdə müəllifə dediyim bir fikri bir daha səsləndirmək istəyirəm kağız üstdə: Mahir Qarayevin Rilkedən elədiyi tərcümələr, xüsusən "Orfeyə sonetlər” silsiləsi olduqca uğurludur, yüksək peşəkarlıqla icra olunub.
Həyat Şəminin kitabı da orijinal şeirlərlə yanaşı müəllifin tərcümələrindən ibarətdir. Odendən, Axmatovadan, Raisa Sarbidən, Svetlana Suslova və başqalarından. Fərdi yaradıcılığında orijinal dəsti-xətti olan Həyatın tərcüməçi kimi işi uğurludur. Üstəgəl, tərcümə üçün mətn seçimi, ona yanaşma tərzi maraqlıdır. Məsələn, Oden kimi maraqlı bir şairə müraciəti və ingiliscədən, orijinaldan tərcümələri diqqət çəkir, bizim ədəbi mühit üçün yeni olan bu müəllifi fraqmentar olsa da təqdim edir.

***

Əziz dostlar, haqqında danışdığım 4 kitabı elə belə nümunə göstərmədim. Diqqət eləsəz, görərsiz ki, bu müəlliflər azalan xəttlə və 10 il fərqlə müxtəlif ədəbi nəsilləri təmsil edirlər. Amma onları birləşdirən bir ümumi cəhət var, tərcüməçilik bu dəyərli ədəbiyyat adamlarının yaradıcı tərcümeyi-hallarında ardıcıl bir iş kimi əhəmiyyətli,ciddi yer tutur. Bu isə elə əvvəldə qoyduğum "biz niyə tərcümə edirik?” sualının əyani cavabıdır. Bu kitablardakı mətnləri, müəllifləri mütaliə və diqqətli təhlil həmin dəyərli söz adamlarımızın mütaliə zövqünü, yaradıcı diapazonunu, yazar kimi formalaşmalarındakı amilləri, təsirləri, pozitiv bəhrələnmələri və bu kimi başqa məqamları da üzə çıxarar. Biz niyə tərcümə edirik və yazırıq? Tərcümə, (elə ədəbiyyat da)  ölməz Getenin sözlərini improvizə eləsək, kainatı bütövləşdirib bir yerə yığan işlərin ən vaciblərindən biridir. Məyər  ədəbiyyat da bu deyilmi? Məyər biz tərcümə vasitəsilə öyrənmirikmi ki, hardasa bir ucqar rus kəndindəki goca mujik elə Azərbaycan köyündəki əkinçi lə eyni cür düşünür? Məyər tərcümə bizə anlatmırmı ki, insanların nəbzi hər yerdə eyni cür vurur? Və bu sualları vermədən, cavab almadan yaşamaq çətin olmazdımı?

2. 150 cildlik: ən əhəmiyyətli ədəbiyyat hadisəsi

Təkcə məruzənin əhatə etdiyi dövrün deyil, ümumiyyətlə müstəqillik illəri tariximizin ən əhəmiyyətli mədəniyyət və ədəbiyyat olayı kimi qiymətləndirdiyim bir  hadisə ilə davam etmək istəyirəm məruzəmə. Bu da Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev cənablarının 24 avqust və 30 dekabr 2007-ci il tarixli sərəncamlarıdır. Həmin məlum sərəncamlar "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində 150 cildliyininnəşri” ni nəzərdə tuturdu və dövlət büdcəsindən bu iş üçün 5000.000 manat vəsait ayrılıldı. Sonuncu sərəncamla nəşr olunacaq əsərlərin siyahısı da təsdiqlənirdi ki,  siyahıya görə əsərlər və müəlliflər 4 bölmədə - "Klassik dünya ədəbiyyatı”, "Müasir dünya ədəbiyyatı”, "Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri” və "Dünya ədəbiyyatı üzrə antologiyalar” başlıqları altında sıralanırdı.Bu bir tərəfdən o vaxtacan mövcud olan tərcümələrin yeni redaktədə nəşri, başqa tərəfdən yeni tərcümələrin ortaya çıxması demək idi. Təbii ki, bu həm də böyük tərcüməçi, redaktor, naşir ordusunun, bir sözlə mütəxəssislərin dövlət himayəsi altında əlverişli şərtlərlə çoxdan gözlədikləri fəaliyyətlə məşğul olmaq imkanıydı.Düşünürəm ki, indi dövlət başçısına tərcüməçilər, yəni, bütün həmkarlarımız adından təşəkkür eləmək yerinə düşər.

Kitabların, mətnlərin hazırlanması Bakı Slavyan Universitetində, universitetin rektoru Kamal Abdullanın rəhbərliyi ilə universitetin bazasında gerçəkləşdirilir və mətnlər üzərində əsas texniki prosesi,koordinasiyanı universitet nəzində fəaliyyət göstərən, dəyərli həmkarımız Salamın rəhbərlik elədiyi "Kitab aləmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi yerinə yetirir. Artıq bədii tərtibatı  "Tutu” nəşriyyatında gerçəkləşdirilən və nəfis şəkildə  "Şərq-Qərb” mətbəəsində  çap olunan 53 kitab işıq üzü görüb, "Kitab klubunun” uğurla həyata keçirdiyi abunə vasitəsilə oxucularımıza çatıb.

Nəşr olunmuş kitablar hansılardır? Baxaq: A.Çexovun "Seçilmiş əsərləri” (27 əsər, tərçüməçilər qrupu), Sədi Şirazinin  "Bustan” (tərc.: Mirmehdi Seyidzadə) və "Gülüstan”ı (poetik tərc.: Məmmədağa Soltan; prozaik tərc.: Rəhim Sultanov və İsmayil Şəms ; ön söz: Məsihağa Məhəmmədi), Homerin "Odisseya” (tərc.: Ələkbər Ziyatay) və "İliada”dası (tərc.:Mikayıl Rzaquluzadə) , Uilyam Şekspirin "Seçilmiş əsərləri”("Romeo və Cülyetta” , "Hamlet”, "Otello”, "Kral Lir”, "Maqbet” – tərc.:  Sabir Mustafa; ön söz: İsmixan Rəhimov), Jül Vernin "Seçilmiş əsərləri” ("İyirmi min lyö su altında” –tərc.: M.Təhmasib və M.Mustafayev;  "Arxipelaq alovlanır” – tərc.: Ə.Ağayev), Aleksandr Puşkinin "Secilmiş əsərləri” ( tərtib edən: Telman Cəfərov; "Yevgeni Onegin”, "Qafqaz əsiri”, "Tunc atlı”, "Kapitan qızı”- tərc.: A.Səhhət, S.Vurğun, M.Rahim, M.Rzaquluzadə, Ə.Tələt, B. Vahabzadə, Q.Qasımzadə, N.Rəfibəyli, Ə.Məmmədxanlı,T.Bayram, E. Borçalı.), Daniel Defonun "Robinzon Kruzo”su (tərc.:Əkbər Ağayev), Lev Tolstoyun "Seçilmiş əsərləri” 3 cilddə (tərc.: Cabbar Məcnunbəyov, Qılman İlkin, Mustafa Əfəndiyev, Məmməd Arif, Beydulla Musayev), Yunus Əmrənin "Əsərləri” (tərtib edən, ön söz və lüğətin müəllifi Cəlal Bəydili), "İngilis ədəbiyyatı antologiyası” (tərtib edən və ön sözün müəllifi: Zeydulla Ağayev; tərc.: Şəhla Nağıyeva, Sabir Mustafa, Əli Səbri,, Əkbər Ağayev, Mikayıl Rzaquluzadə, Məmməd Nəbiyev, Şahin Xəlilov, Hamlet İsaxanlı, Sabir Mustafa, Məmməd Aslan, Ağasəlim Hacıyev, Aydın İbrahimov, Nurəddin Babayev, Elçin Şıxlı, Xəyalə Məmmədova), Nazim Hikmətin "Seçilmiş əsərləri”  (tərtib edən: Aqşin Babayev; ön söz: Anar), Gi de Mopassanın "Seçilmiş əsərləri” (tərc.:  İsmayıl Şıxlı, Hamlet Qoca, Azad Yaşar (ön söz)), Ştefan Svayqın "Seçilmiş əsərləri” ( tərc.: Vilayət Hacıyev(ön söz), Çərkəz Qurbanlı, Zahid Məmmədov, Həmid Arzulu, Afət Nəbi), Yohan Volfanq Getenin "Seçilmiş əsərləri” ( tərc.: Əhməd Cəmi (Faust), Çərkəz Qurbanlı ("Gənc verterin iztirabları”) , Ələmdar İsa, Həmid Arzulu), Çingiz Aytmatovun "Seçilmiş əsərlərii” (tərt:Asif Hacıyev; ön söz: Bəxtiyar Vahabzadə; tərc.: İshaq İbrahimov, Əkrəm Əylisli, Xeyrulla Əliyev, Cəmil Əlibəyov, Qılman Musayev), Knut Hamsunun "Seçilmiş əsərləri” ("Aclıq”, "Torpağın bərəkəti”; tərc. və ön söz: Nadir Qocabəyli), Conatan Sviftin "Qulliverin səyahəti” (tərc.: Mikayıl Rzaquluzadə), Mark Tvenin  "Tom Soyyerin məcaraları” və "Heklberri Finnin məcaraları” (tərc.:Şəfiqə Ağayeva, Hamid Qasımzadə), Orxan Pamukun "Seçilmiş əsərləri” ("Mənim adım qırmızı”, "Nobel nitqi”, "Başqa rənglər”- müsahibələr, "Pəncərədən baxmaq” – tərc.: Nəriman Əbdülrəhmanlı (ön söz)), Mayn Ridin "Seçilmiş əsərləri” ( "Başsız atlı, "Otseolla-seminolların başçısı” -tərc.: Cabbar Məcnunbəyov, Vidadi Rzayev), Viktor Hüqo  "Səfillər” və "Paris Notr Dam kilsəsi” (tərc.:Beydulla Musayev, Mikayıl Rəfili), "Alman ədəbiyyatı antologiyası” (tərc.:Sabit Rəhman, Həmid Arzulu, Əlihəsən Nəcəfov, Vilayət Hacıyev, Ayşə Mollayeva, Aybəniz Abbasova, Teymur Elçin, Səkinə Hüseynova),  Fenimor Kuperin "Ləpirçi” və "Sonuncu Moqikan”ı  (tərc.: Əsəd Zeynalov), Joze Saramaqonun "İsanın incili”, "Təxirə salınmış ölüm” romanları, "İn Nomine Dei” pyesi, "Nobel ntiqi”  (ön söz və tərc.: İlqar Əlfioğlu), Somerset Moemin "Teatr” romanı, "Sadiq arvad”, "Ledi Frederik” pyesləri və novellaları (tərc.: Yaşar), Xulio Kortasarın "Xana-xana oyunu”romanı  və hekayələri (tərc.: Nadir Qocabəyli), Frans Kafkaın "Qəsr”i, novellaları, pritçaları ( tərtibat və ön söz: Vilayət Hacıyev, tərc.: Çərkəz Qurbanlı,Yusif Savalan, Mahir Qarayev), "Antik ədəbiyyat antologiyası” ( tərtibçi Əli Sultanlı və tərc.qrupu), Herman Hessenin "Yalquzaq” romanı , "Knulp” povesti, hekayələri, esseləri, "Nobel ntiqi” ( tərc.: Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Paşa Əlioğlu, Rafiq Haşımov; tərtibçi: Asif Hacılı), Andrey Platonovun "Seçilmiş əsərləri” (tərc.: Nəriman Əbdülrəhmanlı) , Stiven Kinqin "Ölü zona” romanı və hekayələri (tərc.: Etimad Başkeçid), Q.Q.Markesin "Gözlənilən qətlin tarixçəsi” (tərc.: Ə.Əylisli), "Küskün gözəlçələrimi xatırlayarkən”(tərc.: Saday Budaqlı), "Patriarxın payızı” (tərc.:Afaq Məsud), "Polkovnikə məktub yoxdur” (tərc.: İshaq ibrahimov),”Bizlərdə oğru yoxdur”  və hekayələr ( tərc.: Mahir Qarayev, Natiq Səfərov, Arif Əmrahoğlu, Tahir Kazımlı), Luis Sinklerin  "Eorusmit” romanı  və hekayələri (tərc.: Nərgiz Cabbarlı), Corc Oruelin "1984”, "Heyvanıstan”, "Kataloniyaya məhəbbətlə” roman və povesti (ön söz və tərc.:Vilayət Quliyev ), Harold Pinterin "Cırtdanlar” romanı  və pyeslər (tərc.: İlqar Əlfioğlu), Robert Stivensonun "Dəfinələr adası”, "Sahib Ballantre” (tərc.: Ələviyyə Babayeva, Əlişirin Şükürlü), Ernest Heminqueyin "Əcəl zəngi”,  "Qoca və dəniz”i, hekayələri (tərc.: Hacı Hacıyev, Manaf Süleymanov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanli, Ramiz Abbas), Con Qolsuorsinin "Ölümdən güclü”, "Dözümlü adam” roman və povesti, hekayələri (tərc.:Aslan Quliyev), F.Şillerin  "Qaçaqlar” ,"Genuyada Fieskonun sui-qəsdi” və "Məkr və məhəbbət”i (tərc.:Mehdi Məmmədov, Hüseyn Şərif, Nigar Rəfibəyli), Cek Londonun "Martin İden” romanı (tərc.: İslam İbrahimov) , Haynrix Bölün "Seçilmiş əsərləri” (tərtibçi və tərc.: Vilayət Hacıyev, Əkrəm Əylisli, Çərkəz Qurbanlı, Afət Nəbi),Fyodr Dostoyevskinin "Seçilmiş əsərləri” (3 cilddə;  "Cinayət və Cəza” -tərc.: Beydulla Musayev; "İdiot” -tərc.: Hüseyn Şərif), Erix Mariya Remarkın "Zəfər tağı”, "Lissabon gecəsi” romanları (tərc.: Vilayət Hacıyev, Çərkəz Qurbanlı), Qoqolun  "Seçilmiş əsərləri”(tərc.:Sabit Rəhman, İshaq ibrahimov,Mikayıl Rzaquluzadə, Əkbər Ağayev), Selincerin  "Çovdarlıqda uçurumdan qoruyan” romanı və hekayələri (tərc.:Tehran Vəliyev),  Per Laqerkvistin "Varavva”, "Cırtdan” povest və hekayələri (tərc.:İlqar Əlfioğlu), Jorji Amadunun "Qum dəryasının kapitanları” (tərc.: İqar Əlfioğlu).

Bu uzun sadalamadan sonra icazə verin bəzi ümumi qənaətlərimi də bölüşüm sizinlə.

Əziz dostlar, ədəbiyyatla,bədii tərcümə işi ilə peşəkar olanlar xüsusən, eləcə də ana  dilində olan dünya ədəbiyyatı nümunələrinin bütün diqqətli oxucuları da təqdim olunan siyahıda hansı əsərlərin təkrar nəşr, hansılarının isə yeni tərcümələr olduğunu o saat sezdilər. 150 kitab arasından indiyədək nəşr olunmuşların arasından bəziləri haqqında qısa fikilərimi bölüşüm sizinlə. İlk öncə deyim ki, tərcümə olunan, nəşr olunan bütün  əsərlər qiymətlidir, gərgin tərcüməçi işinin nəticəsidir, bu mənada onların arasında fərq qoyulmaz, biz də qoymuruq.

Amma elə əsərlər var ki, onlar bir çox parametləri ilə - ilk növbədə orijinal dildən tərcümə olunması, daha sonra tərcümənin keyfiyyəti, dil baxımından peşəkarlıqla icrası və əlbəttə ki, tərcümə olunan əsərin dünya bədii fikrində, ədəbiyyat tarixində yeri baxımından, üstəgəl  indiyədək dilimizə çevrilməməsi faktı (təəssüf doğursa da belədir!) , yeni olmasıyla xüsusən diqqət çəkir. Fikrimcə, Haynrix Böllün, Corc Oruelin, Harold Pinterin, Selincerin, Remarkın, Orxan Pamukun seçilmiş əsərləri, habelə ingilis və alman ədəbiyyatı antologiyaları sadaladığım bütün prinsipilər baxımından siyahının ən uğurlu tərcümə kitablarıdır ki, Vilayət Hacıyev, Çərkəz Qurbanlı,Zeydulla Ağayev, Vilayət Quliyev, Tehran Vəliyev, Nəriman Əbdülrəhmanlı və   digər tərcüməçilərimizə ayrıca təşəkkür düşür.

Nadir Qocabəylinin Hamsun və Kortasardan elədiyi tərcümələr orijinaldan olunmasa da, olduqca vacib tərcümələrdir. Nadirin hər iki müəllifdən elədiyi tərcümələr həmin müəllifləri Azərbaycan oxucusu ilk dəfə bu həcmdə təqdim edir. Tanıdır. Eyni fikirləri Yaşarın Somerset Moemdən və İlqar Əlfioğlunun  Joze Saramagodan elədiyi tərcümələr haqqında da demək olar. Həm Hamsun və Kortasarın, eləcə də Moem və Saramaqonun əsərləri Azərbaycan türkcəsində uğurla səslənir.


3. Digər kitablar və kitab seriyaları

Kitablar

Yalnız məruzənin əhatə elədiyi dövrün deyil, müstəqillik ilərində bədii tərcümə sahəsindəki ən fundamental, təkmüəllifli tərcümə örnəyini xatırlatmaq istəyirəm: Mahmud Kaşğarinin "Divani Lüğat it Türk”ü. Mükəmməl məlumat və biliklər toplusu yaratmaq işində Qərbi-Avropa maarifçi ensiklopedistlərini 700 yüz il qabaqlayan,  türklərin ilk ensiklopediyası olan Mahmud Kaşğarinin "Divan”ını tanınmış tərcüməçi və alim Ramiz Əskər Bəsim Atalayın tərcüməsi əsasında hazırlamış və çevirmişdir. Bu "Divan”ın dilimizə olan ilk tərcüməsidir. Ramiz Əskərin tərcümə etdiyi və hazırlardığı  4 cildlik, 2000 səhifəlik bu dəyərli töhfə haqqında Xalq yazlçısı Anarın Ramiz Əskərə ünvanladığı, "Ədəbiyyat qəzetində” dərc edilən "açıq məktubda” həm əsərin dünya və ümumtürk bədii fikir tarixində yeri, həm də tərcüməçinin fədakar əməyi haqqında  əlavəyə ehtiyac olmayan dəyərli fikirlər yazılıb deyə, biz də öz növbəmizdə Ramiz Əskərə , nəşrə dəstək olmuş hər bir kəsə təşəkkür edirik.

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Məqalələr və tərcümələr” kitabı  məruzə dövrünə aid, ərəb və şərq ədəbiyyatını tanıdan ən dəyərli kitablardan biridir. Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərovun tərtib etdiyi "Məqalələr və tərcümələr" kitabında Aida xanımın  53 məqaləsi, müxtəlif kitablara yazdığı rəylər , eləcə də Mixail Nuaymə (Livan) ("Ümyaqubun toyuğu”, "İnsan və quş”, "Buz əriyəcək”), Süheyl İdris (Livan)("Azadlıq”), Mahmud əz-Zahir (İraq) ("Boğulmuş hıçqırtılar”), Sahib Cəmal (İraq) ("Yusif”), Macid Zeyyib Ğənama (İordaniya) ("Növbədə dayanmaq”, "Vətənin portreti”) və Məhəmməd Dibdən (Əlcəzair) ("Hasin Dermək”) ustalıqla çevirdiyi əsərlər toplanmışdır.

Ümumtürk folklorunun zirvəsi olan, qırğız eposu "Manas”ın tərcüməçisi, istedadlı və tanınmış şair həmkarımız, eposla bağlı uzun illərdi tədqiqatlar  aparan dəyərli alim və tərcüməçi Adil Cəmilin işini məhz indi, bu sırada qeyd eləmək əlbəttə ki, təsadüfi deyil. Eposun prozaik və yığcam, eyni zamanda uğurlu tərcüməsi onu bütün oxucu kateqoriyaları üçün oxunaqlı və əlçatan edir.

Bu sırada qeyd etməyi lazım bildiyimiz daha bir kitab böyük rus yazıçısı F.M.Dostoyevskinin "Karamazov qardaşları” romanıdır. Tanınmış alim və tərcüməçi  Telman Vəlixanlının tərcümə etdiyi və iki cilddə "Mütərcim” nəşriyyatında çap olunan əsəri milli tərcüməçilik sənətimizin çin olmuş arzusu da hesab eləmək olar. Bədii tərcümə işinə dəyərli töhfə olan bu əsər həm Azərbaycan Yazıçılar Birliyinin (N.Nəcəfov adına mükafat), həm Mədəniyyət və Turizm nazırliyinin ("Qızıl Kəlmə” mükafatı; "tərcümə nominasiyası”na görə əsas mükafat), həm də Rusiyanın Dostoyevskinin tərcüməsinə görə verilən nüfuzlu ödülə layiq görülmüşdür.

Nəşr olunmuş bəzi başqa kitablara da baxaq. Məruzə dövründə  tanınmış nasir və tərcüməçi Kamran Nəzirlinin çevrisində  "Heç kim və heç vaxt ölmür-Dünya ədəbiyyatından seçmələr”  (Cek London,Con Qolsuorsi, Somerset Moem, Edqar Po, Ernest Heminquey, Folkner, Harold Pinter, Markes, Oskar Uayldın daxil olunub) kitabı ( bu kitab da Mədəniyyət və Turizm nazırliyinin "Qızıl Kəlmə” mükafatı; "tərcümə nominasiyası”na görə əsas mükafatını alıb), tanınmış nasir və tərcüməçi Saday Budaqlının tərcüməsində  Mixail Bulqakovun  "Master və Marqarita”sı ( XX əsr dünya ədəbiyyatının məhşur və sirli əsərlərindən olan "Master və Marqarita” nəhayət ki, dilimizə tərcümə olundu; bu olduqca dəyərli tərcümə işi də  "Qızıl Kəlmə”nin  "tərcümə nominasiyası”na görə əsas mükafatıyla qiymətləndirildi), tanınmış şərqşünas alim və tərcüməçi  Məsiağa Məhəmmədinin  Babu Kuhi Bakuvi, Şəms Təbrizi ("On hekayət”), Şeyx Məhəmməd Xiyabani, Söhrab Sepehri, Spujməy Zəryab və  Pərviz Hüseyninin əsərlərinin yer aldığı "Tədqiqlər və tərcümələr” kitabı, gürcü dilindən və gürcü dilinə tərcümə sahəsində artıq klassikə çevrilmiş, tanınmış şair, nasir və dramaturq İmir Məmmədlinin tərcüməsində görkəmli gürcü şairi Vaja Pşavelanın  (" İki poema: "Qonaq və ev sahibi”; "Aluda Ketalauri” ) və Cansuğ Carkvianinin "Şeirlər” kitablarını, tanınmış nasir və tərcüməçi Nəriman Əbdülrəhmanlının tərcüməsində Andrey Platonovun "Seçilmiş əsərləri”və Qoderzi Çoxelinin "Küknarlara məktub”u (hekayələr və roman; T.Mirzə ilə birlikdə ), tanınmış tərcüməçi və tərcüməçilik fəaliyyəti örnəyə, məktəbə çevrilmiş  mərhum  Natiq Səfərovun çevriləri və dostlarının onun haqqında xatirələri toplanmış  "Ən gözəl uçuş” kitabı (Folkner, Steynbek,Platonov, Markes, O.Süleymenovdan elədikləri tərcümələr daxil edilib kitaba; toplayan Nəriman Əbdülrəhmanlı), çağdaş nəsrimizin tanınmış nümayəndəsi Elçin Hüseynbəylinin tərcüməsində Markiz de Sadın "Ehtiraslı Tereza”sı, istedadlı şair və çağdaş rus poeziyasının dəyərli tərcüməçisi Qoca Xalidin çevrisində Vladimir Visotskinin  "Zirvədə izim qalıb” şeirlər kitabı, Robert Minnulinin "Ətirli yarpaqlar” şeir toplusu (tərc.: Məmməd Kazım, Əsəd Cahangir, Həyat Şəmi və İlahə Əhmədova), Oljas Sülemenovun "Kuman nəğməsi” (tərc.: Elxan Zal, Akif Əhmədgil, ön söz: Anar), Q.Lessinqin  "Müdrik Matan”ı (tərc.: Həmid Arzulu), tanınmış şair və tərcüməçi Tofiq Abdinin çevrisində "Əsrar Dədədən Orxan Arasadək- XX əsr türk poeziyasından seçmələr” ( ön söz: Elçin İskəndərzadə), tanınmış yazıçı və tərcüməçi Fəxri Uğurlunun tərcüməsində "Cəlaləddin Rumi və onun məsnəvisi: 30 hekayət”,  Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü” romanı (tərc.:Vaqif  Sultanlı), "Qaraqalpaq xalq nağılları” (tərc.:Nizami Tağısoy), Akif Abbasovun tərcüməsində Touşan Esenova ("Ali təhsilli arvad”; pyes), Mar Bayciyev ("Duel”; pyes), Qrehem Qrin ("Canlılar yaşayan otaq”; pyes) və U.S. Moemin  ("Edvard Barnardın ruh düşkünlüyü”; povest)  kitabları  işıq üzü görmüşdür.

Diqqət çəkən nəşrlər arasında  Xalid Hüseynin "Çərpələng uçuran” romanı (tərc.: Xədicə İsmayıl), Xeyrəddin İvginin "Hüzünlü nəğmələr” şeir kitabı (tərc.: Elxan Yurdoğlu), Revaz Mşveladzenin "Xeyirxah” adlı novellalar toplusu (tərc.: Vüqar Vüqarlı), çuvaş şairəsi Raisa Səbrinin "Hər qürubda sən varsan” poetik toplusu  (tərc.: Həyat Şəmi), Vehbi Vakkasoğlunun "Çanaqqalada savaşanlar və dastan yazan analar” (tərc.:Sərvaz Hüseynoğlu) da var.

Mədəniyyət və Turizm nazirliyinin nəşri olan İslam ölkələri şairlərinin şeirləri toplanmış "Sevgi fəsli” kitabı da (tərtibçi və redaktor Ağacəfər Həsənli) məruzə dövrünün uğurlu kitablarındandır. Bura Türkiyə, İraq, İran,Özbəkistan, Qazaxıstan, Pakistan, Misir,Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Fələstin,Livan, Tatarıstan, Abxaziyadan olan 80-dən artıq şairin şeirləri toplanmışdır . Kitabda Xəlil Rza, Əliağa Kürçaylı,Qasım Qasımzadə, Balaş Azəroğlu, Əhəd Muxtar, Çingiz Əlioğlu, Şahin Fazil,  Ağacəfər Həsənlinin, Nəriman Qasımoğlu,Dilsuzun, Xanəmir və Səlim Babullaoğlunun tərcümələri daxil edilmişdir.

Nazirliyin tərcümə nəşrləri sırasına Lidiya Obuxovanın "Öncə yer vardı” (Yuri Qaqarin haqqında xatirə-povest) kitabıdır. Faşızm üzərində qələbənin 65 illiyinə həsr olunan, XX əsrin əfsanəyə çevrilmiş simalarından biri, kosmosa ilk dəfə yol açan kosmonavt Yuri Qaqarinin həyatından bəhs edən, "Bakı Nağıl Evi”ndə nəfis şəkildə çap olunmuş bu dəyərli tərcümə işinin müəllifi tanınmış və istedadlı şair Vaqif Bəhmənlidir.  Müsahibələrindən birində özünü təvazökarlıqla peşəkar tərcüməçi hesab etməyən şair Vaqif Bəhmənli əslində sözə olduqca diqqət və həssaslıqla, ustalıqla yanaşan tərcüməçidir. Onun 2006-cı ildə nəşr olunan poetik üçcildliyinin 3-cü cildinə daxil edilmiş, "Hər çəməndən bir çiçək” bölümündə toplanmış tərcümələri dediklərimizin əyani sübutudur. Bölümdə Vaqif Bəhmənlinin dünyanın11 şairindən (Qurbannəzər  Əzizov – Türkmənistan, Maksim Tank, Robert Rojdestvenski və Lüdmila Barabaş- Rusiya, Tone Pavçek-Sloveniya, Uilyam Cey Smitt-ABŞ, Şövkət Rəhman- Özbəkistan, Ariel Dorfman-Çili, Orxan Vəli- Türkiyə, İrma Landetta, Q.Q.Lorka- İspaniya) elədiyi tərcümələr daxildir ki, kitab bir tərcüməçinin "ifasında” olduqca maraqlı poetikalar sərgiləyir.

"Müasir İran tənqidinin atası” kimi isimləndirilən görkəmli yazar və filosof Rza Bərahəninin "Qanun” nəşriyyatında nəşr edilən "Şeirlər, müsahibələr, tərcümələr” kiatbı da  məruzənin əhatə elədiyi dəyərli nəşrlərdəndir. Xalq şairi Sabir Rüstəmxanlının naşirliyi, f.e.d. Məsiağa Məhəmmədinin tərtibçi-redaktoluğu ilə nəşr olunan kitabın tərcüməçiləri Məsiağa Məhəmmədi, Səlim Babullaoğlu,Əli Qərəcəlu, Behruz Sədiq və Lalə Cavanşirdir.

Bu illər ərzində nəşr olunmuş daha bir neçə kitabın adını çəkmək yerinə düşərdi. Klasssik alman şeiri nümunələri kimi qocaman tərcüməçi Əlihəsən Şirvanlının Haynrix Haynenin "Şimal dənizi”, Fridrix Şillerin "Balladalar və şeirlər”i fərdi təşəbbüslə və orijinaldan tərcümə olunmasıyala təqdirəlayiqdir. Yenə də klassik alman poeziyasından daha bir tərcümə kitabı Yohan Volfanq fon Getenin "Qərb- Şərq Divanı”dır. Həm bu dəyərli kitabın tərcüməçisi, həm də "Getenin "Qərb-Şərq Divanı”nda "Cənnət” bəhsi” adlı vacib tədqiqat əsərinin müəllifi Ələkbər Qubatovdur.

Maqda Sabonun  "Qapı” kitabının tərcüməsi bir neçə baxımdan maraqlıdır. Əvvəla, kitabın tərcüməçisi adı bu gün hər bir azərbaycanlıya yaxşı tanış olan, qeyrətli həmvətənimiz Ramil Səfərova aiddir. Yəni, bu bir tərəfdən milli heysiyyətimizi qoruyan vətənpərvər qardaşımızın obrazının heç də bədxahlarımızın qələmə verdikləri kimi olmadığını və Ramilin hərtərəfli istedada malik olmasının göstəricisidirsə, digər tərəfdən dilimizə ilk dəfə çevrilməklə macar-Azərbaycan ədəbi mübadilə işinə layiqli töhfədir.

"İrəli” Ədəbi Məclisinin məruzə dövründə nəşr  olunan almanaxında Qismətin (Borxes, Edqar Po, Veronika Şofstal, Şekspir,Herman Hesse, Nordbrand, Gökhan Toxdan) elədiyi poetik tərcümələr, Ariz Tarıverdiyevin (Mərziyə İsfahani, Zərdüşt Eradətmənd, Pərvanə Fərid, Raziyə Recayi və başqalarından) elədiyi poetik və prozaik  tərcümələr, Leyla Şərifovanın O Henridən, Leyla Hüseynovanın Aqnondan elədiyi tərcümələr yer alıb ki, bu da yetişməkdə olan gənc,istedadlı şair, yazıçı və ədəbiyyatçılarımızı həm də tərcüməçi kimi gələcək uğurlu fəaliyyətini nişan verir.

Gənc tərcüməçilərimizlə bağlı fikrimizi davam eləyək.  İstedadlı tərcüməçi Nihalənin orijinaldan çevirdiyi Riçard Baxın "Conatan Livinqston adlı qağayı” əsəri xüsusilə diqqətəlayiqdir. Ötən əsrin 70- ci illərində xüsusən populyar olan bu əsər belletrestik dili, magik realist qatı, alleqorik və utopik məziyyətləri ilə sonradan 90-cı illərdə populyarlaşmağa başlayan Paulo Koelyo və onun romanları tipindəki əsərlərin, üslubun sələfi sayıla bilər.

Daha bir gənc tərcmüməçi Aytən Qiyasovanın orijinaldan tərcüməsində işıq üzü görən Paulo Koelyonun "Kimyagər” romanı da bir çox məziyyətləri ilə diqqətəlayiqdir. Əvvəla, əsər dünyaca populyar müəllifin dilimizə tərcümə olunan ilk əsəridir. Əsər orijinaldan tərcümə olunmaqla yanaşı həm də müəllifin icazəsi ilə nəşr olunub ( belə  təqdirəlayiq faktlar isə az rast gəlinməsi ilə təəssüf doğurur). Yeri gəlmişkən, müəllifin eyniadlı əsəri, sonradan dilimizə daha iki dəfə tərcümə olunub ki, hər ikisi məndə təəccüb doğurub. Çünki sonrakı tərcümələr əvvəlkindən daha keyfiyyətli deyil və yalnız belə olacağı təqdirdə  "Kimyagər”ə təkrar qayıdış özünü doğrulda bilərdi. Bir də, sirr deyil, ümumiyyətlə bədii vaciblik baxımından Koelyo o müəlliflərdən deyil ki, ona təkrar müraciətə ehtiyac olsun.

Son illərdə diqqətçəkən gənc tərcüməçilərdən biri də istedadlı  şair və esseist Fərid Hüseyndir. Fəridin tərcüməçilik fəaliyyəti həm də məhsuldarlığı ilə təqdirəlayiqir. Onun tərcüməsində Orxan Pamukun "Yeni həyat” və "Bəyaz qala” romanları işıq üzü görüb. Yeri gəlmişkən ölkəmizdə çox sevilən və populyar olan ünlü türk romançısı və Nobel mükafatçısı Orxan Pamukun aıçəkilən əsərləri məhz Fəridin "ifasında” dilimizdə ilk dəfədir səslənir. Fərid Hüseynin nəsildaşı, son illərdə parlamaqda olan istedadlı şair və esseist Qismətlə birgə hazırladıqları, 20-dən çox türk şairinin dilimizə çevirdikləri 50 şeiri toplanmış (kitab onların təsis etdikləri "Eşq” seriyasından nəşr olunub)  "Unudulmaz sevgi şeirləri” adlı kitabı da uğurlu tərcümə layihəsidir. Fərid Hüseynin rəhbəri və redaktoru olduğu "Eşq” seriyasından Paulo Koelyonun "İşıq savaşçısının kitabı” əsəri də nəfis tərtibatla  işıq üzü görüb. Həmin kitabda P.Koelyonun 3 romanı və 2 hekayəsi çap edilib, kitabın tərcüməçiləri Nəriman Əbdülrəhmanlı və Aygün Aslanlıdır. Dostoyevskinin "Dəyyus” əsəri də  "Eşq” seriyasının növbəti maraqlı nəşridir. Həmin kitabdakı "Dəyyus” povestini mərhum yazıçı və tərçüməçi Qılman İlkin, "Gülməli adamın yuxusu” hekayəsini isə İlahə Ucaruh tərcümə ediblər. "Eşq” seriayasından nəşr olunan kitablardan biri də son illərdə bestseller olmuş Sərdar Özkanın "İtkin Gül” romanıdır ki, 50-dən çox ölkədə, 45 dildə nəşr olunan bu əsəri dilimizə Təranə Musayeva çevirib. Bu il üçün "Eşq” seriyasından nəşr olunan sonuncu kitab Ahmet Altanın "Bütün cümlələr təzədən yazılmalıdı” adlı esselər kitabıdır ki, bu kitabda yer alan 30 esseni dilimizə Fərid Hüseyn və Təranə Musayeva çeviriblər. Yaxın günlərdə "Eşq” seriyasından Təranə Musayevanın çevirməsində nəşr olunacaq digər kitabsa Elif Şafakın "Ata və bic” romanıdır.

Gənc tərcüməçilərin (Samirə Abdullayeva, Günel Atakişyeva, Fəridə Qiyai, Raisa Miskərli, Vüsalə Mustafayeva, Sonya Piriyeva, Eugenyuş Furini və Yelena Karetinanın) zəhməti ilə ərsəyə gəlmiş olduqca dəyərli tərcümə layihələrindən biri də Polşanın Azərbaycandakı səfirliyinin və Bakı Slavyan Universitetinin dəstəyi  ilə çap olunan "Müasir polyak nəsri antologiyası”dır. Antologiyaya 10 polyak nasirinin  (Stanislav Lem, Marek Hlasko, Maçey Malitski, Yeji Pilx, Ancey Stasyuk, Voyçex Kuçok, Yatsek Dukay, Slavomir Sxutı, Tomaş Pyontek, Dorota Maslovskaya)  16 hekayəsi daxil edilmişdir. Bu dəyərli nəşrin tərtibçisi Lukaş Kaletadır.

Gənc tərcüməçinin işi kimi Afiq Hüseynbəylinin müəllifi olduğu "Böyük urdu şairi Mirzə Qalib” kitabı da diqqət çəkir.Kitaba Mirzə Qalibin müəllifin yaradıcılığından bəhs edən monoqrafiya ilə yanaşı gənc tərcüməçinin şairdən elədiyi poetik tərcümələr də daxil edilib. Kitabın  qiymətli tərəflərindən biri də tərcümə mətnləriylə yanaşı orijinalların da təqdim olunmasıdır ki, bu da nəşri müqayisə aparmaq istəyən mütəxəssislər üçün də əlçatan edir.

Digər gənc tərcüməçilərimiz haqqında, eləcə də fərdi baxışla haqqında danışmaq istədiyim kitablarla bağlı  söhbətimi isə kitab seriyaları, dövri nəşrlər, elektron vasitələr və saytların işi ilə bağlı danışarkən yeri gəldikcə davam edəcəm.
İndilik isə daha iki xüsusi nəşr haqqında da fikrimi bildirməklə məruzənin "kitab” yarımbölməsini yekunlaşdırmaq istəyirəm. Ensiklopedik xarakter daşıyan hər iki nəşr ədəbiyyatla məşğul olan və olmaq istəyən insanların stolüstü kitabı da ola bilər. Hərçənd kitab yalnız onlar üçün nəzərdə tutulmayıb, hər iki kitabın oxucuları müxtəlif adamlar ola bilər.
Filsosof Etibar Əliyevin hazırladığı "Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabı olduqca vacib ensiklopedik mənbədir. Kitabda təsis olunandan bu yana ədəbiyyat üzrə Nobel mükafatı almış bütün yazıçı və şairlər haqqında müfəssəl biqorafik məlumat var. Amma yalnız bioqrafik səciyyə daşımır həmin məlumatlar. Belə ki, müəlliflərə həsr olunmuş yazılarda onların yaradıcılığının məziyyətləri, bədii-estetik, məzmun və üslubi keyfiyyətləri haqqında danışılır, yeri gəldikcə əsərlərdən və müəlliflərin müsahibələrindən parçalar yer alır kitabda. Eyni zamanda  müəlliflərin proqram  xarakteri daşıyan Nobel nitqi və məruzələrindən çıxarışlar, konspektlər təqdim olunur. Oxunaqlı və rahat dillə. Kitabda Qorxmaz Quliyevin, Səlim Babullaoğlunun, Azad Yaşarın, Zakir Fəxri, Günel Mövlud və Nərgiz Cabbarlının tərcümələrindən istifadə olunub. Kitabın məsləhətçiləri doktor-professor Qorxmaz Quliyev, filosof-tənqidçi Şahvələd Çobanoğlu və Səlim Babullaoğludur. Girişdə kitabın müəllifi Etibar Əliyevin "Nobel qardaşları, Bakı nefti və mükafat” adlı maraqlı yazısı, habelə professor Qorxmaz Quliyevin dəyərli "ön sözü” təqdim olunmuşdur. Bu dəyərli həmkarımız Etibar Əliyevin eyni adda hazırladığı ikinci kitabdır.101 nobelçini əhatə edən 2009-cu ildə "Şərq-Qərb” mətbəəsində nəfis tərtibat və yüksək poliqrafiya ilə çap olunan 425 səhifəlik ikinci nəşr 5 il əvvəl hazırlanmış nəşrin yenilənmiş və təkrar işlənmiş variantıdır.

Yenə də ensiklopedik nəşrlərə aid ediləcək daha bir kitab nobel mükafatçıları haqqındadır. Bu da millət vəkili Qənirə Paşayevanın hazırladığı "Nobel mükafatlı qadınlar” kitabıdır. Kitabda digər elmi və ictimai fəaliyyətlərinə görə məşhur mükafatı almış qadınlarla yanaşı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş 11 zərif yazıçı və şairlərdən bəhs olunur.  Kitabın "Ön sözü” Nobel Ailə Cəmiyyəti İdarə heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustaf Nobelə məxsusdur.  Daha sonra "Müəllifdən” başlıqlı daha bir maraqlı yazı var ki, bu da müəllifin onu bu kitabı yazmağa sövq edən səbəblər haqqındadır. Axıcı, oxunaqlı belletrestik dillə yazılan məqalələr müəlliflərin yaraıcılığından seçmələrlə, habelə rəngli və orijinal foto illüstrasiyalarla müşayiət olunur.  Bu kitabın daha bir maraqlı tərəfi təqdim olunan hər bir məqalənin müstəqil oçerk kimi oxuna bilməsindədir. "Elm və təhsil” nəşriyyatında nəfis poliqrafiya ilə çap olunan 456 səhifəlik kitabın məsləhətçisi Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov, redaktorları isə Pərvanə Məmmədli və Flora Xəlilzadədir.

(Davamı olacaq)