Serial- yalnız sabun köpüyü deyil

Serial- yalnız sabun köpüyü deyil

"Xəzər" TV-nin "Yaşananlar" serialı haqqında qeydlər

"Kino həftəsi"

Aygün Aslanlı, kinoşünas

Elə şeylər var ki, onlara qarşı mübarizə apara bilmirik. İstəklərimizə məhəl qoymadan həyatımıza daxil olurlar. Yeganə çıxış yolumuz uyğunlaşmaq, ya da bəxtimiz gətirsə, özümüzə uyğunlaşdırmaqdı. Seriallar kimi… Bir neçə il əvvəl yerli telekanallarda tək-tük  seriallar peyda olmağa başlayanda əksəriyyət tərəfindən birmənalı qarşılanmadı. Elə bu gün də onlara qarşı münasibət birmənalı deyil. Amma heç nəyə baxmayaraq, bütün kanallarda gün ərzində üç-dörd (bəzən daha çox) serial nümayiş olunur. Təəssüf ki, əcnəbi… Çünki yerli kanallar hələlik «sms» toplamağa üstünlük verir, öz seriallarının istehsalına vəsait və zaman ayırmaq istəmir. Halbuki qonşu Türkiyə və bizimlə eyni vaxtda «serial həyatı» yaşamağa başlamış Rusiyada yerli məhsul nəinki «gəlmələri» sıxışdırıb, demək olar ki, mavi ekrandan çıxardıb, hətta ölkədə kino istehsalının dirçəlməsində, inkişafında mühüm rol oynayıb.
Əslində Azərbaycanda da bir neçə dəfə serial istehsalına cəhd olunub. Müxtəlif illərdə ekranlara çıxmış «İtkin gəlin», «Dodaqdan qəlbə», «Bəyaz həyat» melodramları, «Həqiqət anı» siyasi serialı, V. Mustafayevin «Yoxlama» çoxseriyalı qara komediyasını hamı yaxşı xatırlayır. Telekanalların komik serial təcrübəsi də var - «Lider» kanalında yayımlanan «Qonşular» sitkomu çoxları tərəfindən maraqla izlənirdi. Elə adlarını sadaladığım digər seriallar da kifayət qədər tamaşaçı diqqəti toplaya bilmişdi. Amma bu, sadəcə aradabir baş verdiyi üçün televiziya tarixində mərhələyə çevrilə bilmir, Rusiya və Türkiyədəki kimi ciddi nəticələri yoxdu.
Serial istehsalı sahəsində son təcrübə «Xəzər» kanalında artıq dörd seriyası yayımlanmış «Yaşananlar» silsiləsidi.
«Oskar prodakşn» şirkətində istehsal olunan «Yaşananlar» adi «sabun köpüyü» operalarından fərqlənir. Silsilənin hər seriyasında yeni əhvalat baş verir. Onları bir-birilə ideyadan və musiqidən başqa heç nə birləşdirmir.
«Nəfs»in  (ssen.müəl.- Eldəniz Cəfərov, Kəmalə Mirməcidli, Sədi Məmmədov, rejissor Yaşar Əhmədov) qəhrəmanı Malik (Elşən Rüstəmov) yeni vəzifəyə keçən kimi xəstə anasını da, ailəsini də, dostlarını da nəfsinə qurban verir. «Daha yaxşı yaşamaq» üçü haram yola əl atır…
«Böhtan»da (ssen. K. Mirməcidli, rej. Y.Əhmədov) Rüstəm adlı vəkil (Sərvər Əliyev) qonşusu, təmirçi Habilin (İlqar Cahangirov) qarajını alıb, yerində ofis açmaq istəyir. Amma Habilin buna razılıq verməyəcəyinin bildiyi üçün «qanun keşikçiləri» ilə dilbir olub ona böhtan atır. Habili oğurluqda günahlandırıb həbs edirlər. Rüstəm də qarajı ofisə çevirir.
«Tamahkar»da (ssen.Süleyman Fərzəliyev, rej. Natiq Axund) rüşvətxor, istədiyi məbləği almayınca xəstələri əməliyyat etməyən cərrah (Məhəmməd Hüseynov) sonda öz tamahının qurbanı olur. Həkimin acgözlüyü ucbatından vaxtında yardım almayan və dünyasını dəyişən yaralı onun oğlu çıxır.
«Kor həqiqət»də (ssen.Qurban Bədəlov, rej.Anar Əliyev) oğlunun göz əməliyyatı üçün pul tapmayan Elmlər Akademiyasının əməkdaşı (Arzu Hüseynov) həbsdən təzəcə çıxmış və artıq halal zəhmətlə yaşamağa qərar vermiş oğru dostu Səfərəliyə (İlqar Cahangirov) müraciət edir. Səfərəli təsadüfən alimin arvadının heç bir vəchlə əldən buraxmaq istəmədiyi bahalı sırğaları oğurlayır. Pulunu da dostuna verir.
Təbii ki, bütün əhvalatların sonunda hər kəs layiq olduğu ilahi haqqını alır - bəd əməl cəzalandırılır, yaxşı əməl mükafatlandırılır.
Adətən, seriallar əyləncə funksiyası yerinə yetirdiyi və ikinci, hətta üçüncü dərəcəli sənət hesab olunduğu üçün onda yüksək sənət idealları axtarmaq yersiz görünür. (Əlbəttə, varsa, müəlliflərin başucalığıdı). «Yaşananlar»ı isə istəsən, hətta tərifləmək də mümkündü. Məsələn, demək olar ki, «Nəfs», «Böhtan», «Kor həqiqət» filmlərində ritm hissi var, hər üçü rahat baxılır. Epizodlar arasında maraqlı montaj keçidləri edilib (Xəstə anasının yanında oturmuş Malik başını çevirir və kafedə, dostu Azadla üz-üzə çay içir. «Nəfs»). «Tamahkar»ın adını çəkməməyim təsadüfi deyil. Bu filmdə müəlliflər qəhrəmanın günahını sübut eləməyə həddindən çox vaxt sərf eləyiblər. Həkimin oğluyla bağlı xətt isə axıra qədər işlənmədiyindən havadan asılı qalıb.
Əxlaq dərsi, məsləhət, nəsihət olan yerdə pafossuz keçinmək qeyri-mümkündü. Mütləq hansı andasa «ağzın köpüklənməyə» başlayacaq. Amma aktyorlar bütün pafoslu cümlələri mümkün qədər sakit, səmimi səsləndirməyə çalışırlar. Yeri gəlmişkən, hər dörd filmdə aktyor oyununu xüsusi qeyd etmək istərdim. Silsilənin yaradıcıları həm tamaşaçılara, həm də oyunçulara qarşı böyük savaba giriblər. Teatra getmək kimi vərdişi olmayan, sənət barədə düşüncələri televiziyada göstərilənlərlə məhdudlaşan azəri tamaşaçasına Yaşar Nuri, Fuad Poladov, Arif Quliyev, Amaliya Pənahova, Firəngiz Mütəllimovadan başqa istedadlı, diqqətə və sevgiyə layiq aktyorlarımızın olduğunu göstərib, aktyorlara da öz məharətlərini göstərmək imkanı verib.
Amma…
Birinci, kino ən real təbliğat vasitəsidi. İkinci, hər bir sənət əsəri dərəcəsindən, yerindən asılı olmayaraq, dahi «Mona Liza»dan tutmuş,  lap elə «Yaşananlar» serialına qədər müəllifin özünü ifadə etməsidi, dünyaya baxışıdı. Hər kəs həqiqətə öz rakursundan baxır. «Yaşananlar»da da müəllifin (müəlliflərin) mövqeyi, tamaşaçıya ötürdüyü mesaj var: əxlaq, mənəviyyat, səbr, Allaha inam…  Serialın nümayişi üçün seçilən telekanal da bu mesajın altından qalın xətt çəkir… Hamısı çox yaxşı, əla, həyati vacib məfhumlardı, olmalıdı. Amma hər şey bu qədər sadə deyil axı… Bu dəfə yox…
Adı «Yaşananlar»da olsa, bu film demir ki, «hərdən belə hadisələr də olur»… Hərdən, yəni möcüzə kimi… Demir ki, möcüzələrə inanın, ancaq aldanmayın. Onlara güvənib də heç bir iş görmədən, əllərinizi göyə açıb «Allahdan buyruq, ağzıma quyruq» yaşamayın..
«Yaşananlar»da bəstəkar Zaur Zeynalın musiqisi janrın tələblərinə uyğun olaraq lazım gələndə gərginləşib, lazım gələndə xəfifləmir, tempi dəyişmir. Milli, muğam ladlarına köklənmiş, mediativ, lay-lay çalan bu musiqi personajlarla əlbir olub «sus», «səbr elə» (nə olsun ki, danışmağı unutmaq üzrəsən), görsən də, eşitsən də, özünü görməməzliyə, eşitməməzliyə qoy - deyir.. (Allah Sabirə rəhmət eləsin)…
«Yaşananlar» demir ki, səbr eləmək həmişə Allahdan deyil. Səbr mübarizədən sonrakı mərhələdi, əlindən gələn hər şeyi eləyəndən sonra, heç bir çarə qalmayanda növbə səbrindi. «Yaşananlar» demir ki, həkimin, müəllimin rüşvət alanda «səbr» diləyib də pul axtarmağa getmə.. Mübarizə apar, nəyisə dəyişməyə çalış. Səbr eləmək vaxt itirməkdi, iri addımlarla qulluğa yaxınlaşmaqdı..
«Yaşananlar» sadəcə «başını aşağı sal və səbr elə. Sənə böhtan atanın cəzasını Allah verəcək («Böhtan»)» deyir. Səbr elə… Elə də… Necə deyərlər, hər işdə bir xeyir var. Səbr elə, görək, axırı necə olacaq?! Hərçənd bu gedişlə axırımız məlumdu… Amma hərdən möcüzə də olur…