Seyran Səxavət. Bəhanə (roman) - II hissə
Proza
- 17.01.2009
- 0 Şərh
- 811 Baxış
Uşaq hələ toxtamamışdı, qışqırırdı. Cümşüd kişi yaxınlaşıb sağ qulağını qapıya dirədi ki, oğlunun səsini lap yaxından eşitsin. Uşaq o saat səsini xırp kəsdi. Deyəsən qadın uşağı bələyib qurtarmışdı, uşaq da rahatlaşmışdı, axı bələk ana bətnindən sonra körpənin yer üzündə ilkin və rahat vətənidi...
Uşaqtutan qadın qəfil qapını açıb onu içəri dəvət elədi:
- Dibək daşı kimi nə bitmisən burda, keç içəri.
- Yox... yox... sağ ol. - Cümşüd kişi sağolu elə dedi ki, elə bil uşaqtutan qadın onu öz evinə dəvət eliyirdi, - yoox.... yox.
- Utanırsan?
- Bəri bax, - Cümşüd kişi dedi, - sən o dədəyin üz qoyduğu torpaq gədə qəşəngdi?
- Hə... Rüstəm Zaldı... - Qadın istehza ilə cavab verdi, - sən allah, ətimi tökmə... Dədəsi soğan, nənəsi sarımsaq, özü hardan olsun gülməşəkər.
- Sən dədəyin üz qoyduğu torpaq?..
- Dədəmin yanına gedəsən... Qara-zırtıq bir gədədi. Hamı getdi quş gətirdi, sən də boyquş...
- O nə deməkdi?
- O deməkdi ki, vaxtında gedib qəşəng arvad alaydın, uşaqların da qəşəng olaydı, gedib bunu alanda bilmirdin... - əli ilə içərini göstərdi.
Zahı qadın içəridə , Cümşüd kişi də artırmada gülümsədi. Bu kənddə heç kəs belə sözlərdən incimirdi.
- Yəni deyirsən heç üzünə baxmalı deyil?
Qadın qəfil açıq qapıdan artırmaya çıxdı, əlini ölçə-ölçə qışqırmağa başladı:
- Ay camaat, üzərrik gətirin, üzərrik, üzərrik, üzərrik... Üzərriksən havasan, yaman dərdə davasan, üzərriklər çırtdasın, yaman gözlər partdasın... yağınız, ununuz var?
- Nəəəlib?
- Hardadı, gətir...
- Neynirsən?
- Quymax çalajam... Bəs bunun bajıları hanı, qırılıblar?
- Bəs havanı görmürsən, zalım qızı.
- Qar yağıb deyən doğmuyaq? Hıy?
Cümşüd kişi bilmədi nə desin.
- Tez ol! Un gətir, yağ gətir, puça yarmaça at, tez ol!
Cümşüd kişi həyat yoldaşı Göyüşün doğuşuna hazırlıq işləri çərçivəsində bir əsas işi görmüşdü: altı uşağını o biri otağa yığıb ağzına da yekə bir qıfıl asmışdı, uşaqlar qalmışdı pəncərələrdən boylana-boylana. Cümşüd kişi fikirləşmişdi ki, "belə yaxşıdır, qoy əl-ayağa dolaşmasınlar".
Dördçinarlı Seyid Şuşinskinin və Xan Şuşinskinin xəbəri olmadı ki, Qoçəhmədli Cümşüdün arvadı Göyüş doğub...
***
Günlər Cümşüd kişidən, onun arvadı Göyüşdən və təzəcə doğulmuş qara-zırtıq oğlan uşağından icazə almadan Qoçəhmədlinin içindən, böyründən-başından keçib gedirdi. Göyüşün zahılıq müddəti sona yetmək üzrə idi. Qara-zırtıq oğlan uşağı isə hələ də adsız idi; doğum evində dünyaya gəlsəydi heç olmasa nömrəsi olardı, kənddə o da yox idi.
O vaxt Leninin dahiliyi və Qoçəhmədlilərin yaxından köməyi sayəsində, dünyaya məlum olan Sovet Sosialist Respublikaları İttifaqında - SSRİ-də bolşevizm tam və qəti qələbə çalmışdı. Bax, bu mənada bu qara-zırtıq oğlan uşağının adı təhlükə qarşısında idi; elə ad qoya bilərdilər ki, uşaq ömür boyu xəcalətindən siçan deşiyi axtarardı girməyə. Bolşevizmin tam və qəti qələbəsindən sonra Azərbaycanda təzə adlar az qala kütləvi şəkil almağa başladı. Rusiya boyda nəhəng ölkədə bir nəfər də övladına Revalyutsiya adı qoymadı, ancaq Azərbaycanda yüzlərlə İnqilab adlı adam var, bu gün də yaşayırlar. Eşitmisiniz Rusiyada kimsə uşağının adını traktor və yaxud kombayn qoysun? Yox, ancaq bizdə var. Eşitmisiniz kimsə Ermənistanda uşağının adını Əzizbəyov qoysun? Ancaq bizdə Şaumyan adlı adamlar var, elə birini mən tanıyıram, özü də Qoçəhmədlidəndi, məktəb direktoru-zad da işləyib: Şaumyan müəllim, bu yaxınlarda eşitmişəm ki, əlli yaşından sonra adını dəyişib Şahin qoyub; bizlər paytaxtımız Bakıda Şaumyan küçəsinin adını dəyişmədik, bax heylə - burda dərd Qoçəhmədli dərdi olsaydı nə vardı ki... Bakıda Şaumyan küçəsi olanda Qoçəhmədlidə də Şaumyan adında adam olacaq də... Sabir demişkən, "baxdım özümdən böyük öz qoçu qadaşıma". Qoçəhmədlilər də Bakıya baxıb düzlənib də, bəs hara baxmalıydılar, Aşqabada?!
Bizim elə öz kəndimizdə - Füzuli rayonunun yuxarı Yağlıvənd kəndində, orta məktəbdə mənnən bir uşaq oxuyurdu, adı nə olsa yaxşıdır? Pobeda! Uşaqlar onu lağa qoyurdular:
- Pobeda, gəl səni minək, apar bizi Köndələnə çimməyə.
Pobedanın dədəsi bizim kəndin İrənşəlli obasında qəhrəman Sovet xalqının Alman faşizmi üzərindəki qələbəsini belə qeyd eləmişdi - uşağı bədbəxt eləyib qoymuşdu böyrü üstə...
Düzdür, biz orta məktəbi qurtaran ili Pobedanın da adını dəyişib Vaqif qoydular. Ancaq inanın mənə, on yeddi il Pobeda olandan sonra Vaqif olmaq çox çətindi... burda söhbət addan da getmir; xalqın psixologiyasından, onun naməlum ünvana meyl etmə cəhdindən, milyon iki yüz min il tarixi olmasına baxmayaraq, hələ də özünü qeyri-ciddi, bir az da uşaq kimi aparmasından gedir... bunu da fikirləşəndə tüstü adamın təpəsindən çıxır...
Axı, biz nə qədər tüstülənəcəyik... Nə qədər?!
İndi sizləri inandıra bildim ki, yuxarıda dediyim kimi bu qara-zırtıq uşağın adı təhlükə qarşısındadı? Yəni istəmirəm ki, özümüzü unudub başqalarına yarınaq, başqalarının qarşısında əllərimizi yanımıza salıb müti görkəmdə dayanaq.
Rusiyada, yad bir ölkədə baş veən hadisələri dilimizə tərcümə eləyib uşaqlarımıza ad qoymuşuq. Əgər buna xalqın əşədi-ehtiyacı varsa, elə özümüzdə bu gün gedən proseslərin adını uşağımıza verək də - baxmayaraq ki, mən bunun da əleyhinəyəm...
Məsələn, uzun illərdi ki, ölkədə Atəşkəsdi - öz doğma ölkəmizdə. İnanmıram ki, Azərbaycanda kimsə uşağının adını Atəşkəs qoysun... İnanmıram! Qoysunlar də, niyə qoymurlar?! İnqilab qoya bilirlər, Atəşkəs yox? Baxmayaraq ki, yuxarıda dediyim kimi mən bunun da əleyhinəyəm və Atəşkəsdən ad olmaz. Görürsünüz, biz necə məxluqlarıq? Özümüz öz haqqımızda bütün özgələrdən gözəl demişik: - Yada yalaq, qohuma çolaq!
...Cümşüd kişi otuz-otuzbeş kiloluq, quyruğunu çəkib apara bilməyən Qarabağ cinsli saz bir erkək kəsib iki - üç nəfər ağsaqqal, beş-altı nəfər də qohum-qardaş çağırmışdı ki, gəlin uşağın adını qoyaq.
Erkək kəsiləndən son tikəsinə qədər yeyilib qurtarana qədər hərədən bir avaz gəldi; onlarla ad sadalansa da hələlik qəti qərara gələ bilmirdilər.
- Karlen.
Yəni Karl Marksla Lenini birləşdirən uydurma ad.
- Ural...
Qoçəhmədlidən baxanda nə Ural dağı, nə də Ural çayı görünürdü, ancaq Ərgünəş dağı min illərdi Qoçəhmədlinin başının üstündə Ər kişi dayanmışdı.
- Qurultay...
- Qurultay adı çoxdu. - Kimsə etiraz elədi.
- İngilis.
Cümşüd kişi cin atına mindi:
- İngilis arvad adıdı, kəndimizdəki İngilis arvadı tanımırsan... söz danışdı də...
- Bilirsən niyə İngilis deyirəm?
- Yox!
- Ay Cümşüd hirslənmə ee, mən də azdan-çoxdan dünyanı görmüşəm, o biri oğlunun adı Alman deyil?
- Almandı... Alman kişi adıdı...
- Yəni deyirəm ki...
- Dedim olmaz, - Cümşüd kişi fikrini qəti dedi.
- Göyüşə yaraşan ad olsa olar? - Kimsə soruşdu və kimsə Cümşüdün əvəzinə cavab verdi və lap axırda Cümşüd dilləndi:
- Olar, - dedi:
- Bir ad gəlib ağlıma, ancaq qorxuram deməyə.
- De! - Cümşüd kişi onu ürəkləndirdi.
- Deyərəm ha...
- Deyirəm de də...
- Göyüş doğub də... doqquz ay qarnında saxlayıb...
Cümşüd kişi duydu ki, qonşunun zarafat eləməyi vurub başına, dedi:
- Yaxşı de gəlsin, mərifətini göstər görək.
- Ay Cümşüd elə yaraşır ki, Göyüşün adına: Göyüş-Söyüş. - Hamı gülüşdü. Cümşüd kişi Söyüş adını təklif eliyən kişidən soruşdu:
- Sənin arvadının adı nədi?
- Niyə, tanımırsan... Durna...
- Yaxşı mən uşağın adını qoydum Söyüş, ancaq bir şərtim var.
- Nədi?
- Şərtim budu ki, sənin də arvadın ikincanlıdı, bir-iki günə qoyajax yerə, nəyi olsa adını qoyarsan Zurna.
- Zurna niyə?
- Durna - Zurna, yaraşır də...
Qonaqların barmağın kəssən xəbərləri olmazdı, gözləri yaşarana qədər güldülər.
Qoçəhmədlidə son illər, yəni o illərdə, qoyulan adlara fikir verin: Mərkəz, Komitə, Armais, Varaşil, Şaumyan, Alman, İngilis, Qaqarin, Müller, Frunze... Bu adamların içind babatı yenə Alman və İngilisdir. Birtəhər çıxsa da mənə elə gəlir ki, onlar uşaqlarına İngilis, Alman adı verməklə ingilislərə və almanlara inteqrasiya etmək istəyiblər - Qoçəhmədlisayağı inteqrasiya...
- Yaxşı yediniz-işdiniz, durun tərpənin, sizdən bir şey çıxmaz, - Cümşüd kişi gülə-gülə dedi.
Aydınlıq süd kimi idi. Ayın soyuq işığı gümüşü qarın üstünə tökülürdü, lakin onun şırıltısını heç kəs eşitmirdi. Gecə yarıdan keçmişdi. Qoçəhmədli gecələri neçə gündü ki, Peterburqun bəyaz gecələrinə oxşayırdı.
Qonaqlar səksən-yüz metr aralanmışdılar ki, Cümşüd kişi artırmaya çıxdı. Əlini günəşli havada olduğu kimi gözlərinin üstünə qoyub çağırdı:
- Eheey!
Bir-birinin ardınca düzülüb gedən adamlar əvvəlcə dayandılar, sonra da geri çöndülər.
- Uşağın adını qoyduuum!
- Nə qoydun? - Dəstədən iki-üç nəfər eyni vaxtda soruşdu.
- Varaşiloooov!
Dəstə bir anlıq qarın üstündə dondu. Lap axırda bir ayağını çəkə-çəkə gedən qışqırdı:
- Qayıdaq dala?!
- Yooox! -Cümşüd kişi artırmadan içəri girdi.
- Ay Cümşüd, - Göyüş utana-qızara dedi, - uşağın adıynan niyə zarafat eliyirsən?
- Uşağın adıynan zarafat eləmirəm, onlarnan zarafat eliyirəm.
- Həəə?
- Hə.
Göyüş elə bil ki, rahatlanıb toxtadı:
- Bəs uşağın adını nə qoyaq.
- Rəvan.
- Adıynan böyüsün, ay Cümşüd....
- Adıynan böyüsün, ay Göyüş... Onun adını ürəyimdə çoxdan qoymuşdum...
- Həə?..
- Hə.
- Bəs onda bir heylə adamı nəyə yığıb tökmüşdün bura?
- Dedim... nəfsləri qalmasın, yesinlər-içsinlər.
- Yaxşı elədin.
- Yaxşı günün olsun.
Qoçəhmədlidə adqoyma mərasimi beləcə başa çatdı.
***
- Deyirəm, ay Cümşüd altı uşaq böyütmüşəm, bunun kimisini görməmişəm. Adam olan kəsdə heç gözünü yummaz?
- Nağayrır ki?..
- Nağayrajax, bütün günü qışqırır... Sən gündüz çöllərdə olursan, xəbərin olmur...
- Mən elə bilirəm gecələr ağlayır...
- Heylə olsa nə dərdim vardı ki... Ağlayır, ağlayır qızaranacan... qapqara uşaq olur qara qırmızı... bunun axırı noolajax?
- Yaxşı olar...
- O yaxşı olanacan mənim canım çıxar, - Göyüş yorğun-yorğun dilləndi.
Cümşüdün arvadına yazığı gəldi. Doğurdan Rəvan dünyaya gələndən gecəsi-gündüzü yox idi, özü də sınıxmışdı. Cümşüdün ürəyindən çox keçdi ki, yaxşı bir söz tapıb Göyüşə desin, onun könlünü açsın, səbbini alsın, ancaq bu söz yağlı əppək olub göyə çəkildi, tapılmadı ki, tapılmadı. Arvadının onun bu fikrindən xəbəri olmasa da, Cümşüd sarsılan kimi oldu, naəlac qalıb sağ əlini bir dəfə arvadın başına çəkdi, bu da ona təsir eləməyəndə qeyri-iradi başını aşağı salıb bir an susandan sonra, elə belə - xalaxətrin qalmasın ortalığa dedi:
- Bilirsən, ay Göyüş, ürəyimə nə damıb?
Cümşüdün ürəyinə heç nə dammamışdı.
- Nə damıb? - Elə Göyüş də bu sualı Cümşüddən çox ortalığa verdi.
- Ürəyimə damıb ki, bu uşaqdan nəsə bir şey çıxacaq... Göyüş ərinə həmişə inanıb, odur ki, bu dəfə ortalıqdan yox, şəxsən Cümşüdün özündən soruşdu.
- Nə çıxacaq, ay Cümşüd, narkom olacaq? Cümşüd arvadının bu sualına hə cavabı versə, Göyüşün uçmağa qanadı olmayacaqdı.
- Narkom?
- Hə... hə... narkom.
- Yoox... onnan narkom olar?..
- Bəs onda ürəyinə nə damıb? - Hələ də Cümşüdün ürəyinə heç nə dammamışdı, ancaq arvadı gözlərini ona zilləyib cavab gözləyirdi.
- Ürəyimə damıb ki... Bu ki, gecə-gündüz bir belə çığırır, deyirəm bəlkə xanəndə olacaq, toylarda oxuyacaq.
Cümşüd bu sözləri elə belə, candərdi dedi. Arvad sevindi və o sevinən kimi yorğunluğu da zədələndi:
- A Cümşüd, allah ağzından eşitsin, xanəndələr də pis dolanmır... orda oturma burda otur. Seyid Qoçəhmədlidən pulu çuvalnan aparır, nəyinə bəs deyil. - Sonra təbəssüm yağan üzünü ərinə çevirdi, - Allah ağzından eşitsin, ay Cümşüd.
Beləcə Rəvanın xeyir-duasının verdilər və Göyüşün dediyi kimi Allah Cümşüdün ağzından eşitdi, ancaq Allahın Cümşüdün ağzından eşitdiyini nə Göyüş eşitdi, nə də Cümşüd. Göyüş də, Cümşüd də Allahın Cümşüdün ağzından eşitdiyini düz iyirmi ildən sonra eşidəcəklər. Göyüşdən, Cümşüddən sonra bütün qoçəhmədlilər, Füzuli rayonunun camaatı, Bakı, bütün Azərbaycan, Moskva, İstanbul, İran və s. eşidəcəkdi... İyirmi il nədir ki?.. İyirmi il elə iyirmi ildi!
...Rəvan birinci sinifə getdi. Kənd uşaqlarından, uşaqtutan arvad demişkən, ancaq qara-zırtıqlığı ilə fərqlənirdi - ayrı heç nə ilə. Dərsin ortasında ona bərk aclıq gəlirdi, torbasından para təndir çörəyini çıxardıb otürürdü içəri. Buna görə həmişə dalda otururdu ki, müəllim görməsin, utanırdı, ancaq ürəyi də yemək istəyirdi; müəllim görürdü, ancaq üstün vurmurdu. Müəllimin dediklərindən yadında qalan da olurdu, qalmayan da - hamı kimi. Sonra da uşaqlara qoşulub evə gedirdi. Quzuları qabağına qatıb kısdaya-kısdaya aparıdı otarmağa - özü də quzu boyda idi, heç quzuların özləri də ona çoban kimi baxmırdılar, ondan çəkinmirdilər. Rəvanın ömrünə aid olan illər, onların ikimərtəbəli daş evlərinin daş pillələri kimi bir-birinin üstünə hörüldükcə o da böyüyürdü, dəyişirdi. O, böyüdükcə əmək fəaliyyətinin dairəsi də genişlənirdi; tutaq ki, birinci sinifdə ancaq quzu otaran Rəvan yeddinci sinifdə ot yığırdı, doqquzuncu sinifdə təndiri odlamaq üçün kol qırırdı, onuncu sinifdə düsərlə kötük qazırdı. Bütün günü çöldə-bayırda, həmişə hərəkətdə olurdu. Sağlam və güclü böyüyürdü. Məktəbdəki qəşəng qızların hamısını seçib ayıra bilirdi, cücərmişdi - onlardan xoşu gəlirdi, ancaq birinə də bir kəlmə söz deməmişdi. Qara olduğunu böyüdükcə özünə dərd eliyirdi - sinifdə və məktəbdə ən qara uşaq idi də kişinin oğlu. Bəlkə də kiməsə söz deməyə qorxurdu; bu da vardı. Qorxurdu kiməsə söz deyər, o da qayıdır ki, qara-zırtıq, get anqır tayını tap; bu mənada həm qorxurdu, həm də abırını gözləyirdi.
Bir dəfə məktəbdən gələndə anasına dedi:
- Nənə, nənə, o günü bir misal çəkdin eee, onu bir də de...
- Nə bilim, ay bala, gündə o qədər misal çəkirəm ki.
- Nənə, sən allah yadına sal dayna, maa lazımdı ee...
- Vallah yadımdan çıxıb, hansını deyirsən.
- Bilirsən hansıdı...
- Hansıdı? - Anası təəccüblə soruşdu.
- Bilirsən hansıdı... o kişmişdən, ayrannan danışır ee.
Rəvan onda doqquzuncu sinifdə oxuyurdu. Göyüş təcrübəli qadın idi, uşaq deyidi ki... analar belə anlarda övladlarına necə baxarsa, o da elə baxdı və dedi:
- Hə, yadıma düşdü... ağ ayranı itə tökəllər, qara kişmişi cibə.
- Nənə bir də de. - Rəvan xahiş elədi. Anası təkrar eləyən kimi, Rəvan götürüldü.
- Hara getdin, ay uşaq, gəl çörəyini ye.
- Bu saat gəlləm. Rəvan məktəbə tərəf götürüldü. Anası onun dalınca baxa-baxa gülümsəyirdi: "deyəsən bu da cücərdi... Başıma xeyir..."
O məktəbdən qayıdanda kefi saz idi. Bu da Göyüşün gözündən yayınmadı. Anası ona necə diqqətlə baxdısa Rəvan da bunu dərhal hiss elədi - hiss elədi ki, anası heç vaxt ona belə baxmamışdı.
- Nədi, nə baxırsan? - Rəvan təəccüblə anasından soruşdu.
Anasına elə gəldi ki, bayaq atalar misalını ondan soruşandan və tələm-tələsik məktəbə gedib qayıdandan sonra elə bil oğlu böyümüşdü, bir az da təmkinli olmuşdu; bütün bunların içində bir özünü dartmaq da var idi. Göyüş bunu da hiss eliyəndən sonra diqqətlə onun üzünə baxdı, elə bil birinci dəfə görürdü, uşağın üzü nə gündəymiş - sızaq ilə dolu idi; elə bil üzü qızılca çıxartmışdı.
- Rəvan
- Hııı...
- Təndiri odda, çörək bişirəjəm...
Rəvan özü qırdığı böyürtkən kolu ilə təndirə od saldı. Qupquru kol alışdı nə alışdı... çırthaçırtla yanmağa başladı, elə bil ki, yüzlərlə adam çırtıq çalırdı. O bir azdan təndirə kol atanda alov onun üz-gözünü qarsıladı, kiprikləri də bir balaca ütüldü, onun burnuna ütülmüş baş-ayaq çoxusu gəldi. "Nənəmə deyəjəm gələn bazar başəlayaq bişirsin". Ağzı sulandı.
Anasının səsi gəldi:
- Təndir ağarmadı?
- Ağaranda deyəcəm daynaa...
Təndirlə evlərinin arası iyirmi - otuz metr olardı. Anası alt evdə ərsinlə xəmiri kəsib kündələyirdi, səliqə ilə yan-yana düzürdü. Kündələrin içində biri çox balaca idi. Göyüş balaca kündədən Rəvana məməli kökə bişirəcəkdi. Bu dəfə Rəvan təndirin başından qışqırdı:
- Nənə, təndir ağarıb...
- Gəl, kündələri apar təndirin başına. - Anası alt evdən cavab verdi.
Göyüş dizi üstə təndirin başına çökmüşdü. Kündələri yayırdı, sonra da mis kasadan küncüt qatılmış yumurta sarısını ovcunda götrüb yaydığı kündənin üstünə çəkəndən sonra əyilib onu təndirə yapırdı.
- Nənə, mən getdim.
- Getmə, - Göyüş kündəni əli ilə yaya-yaya dedi, - Xəmrəvazım az idi, xəmir yaxşı acımamışdı, otur gözdə, çörək küt getməsin.
Rəvan təndirin başında yanpörtü oturub gözünü təndirə zillədi. Anası lap axırda Rəvanın məməli kökəsini yaymağa başladı. Mis kasanın dibindəki olub-qalan yumurta sarısı ilə küncütü məməli kökənin üstünə əndərib sağ əli ilə kökənin üzünü sığallayandan sonra təndirə yapdı. Rəvan heç kəsin eşidə bilməyəcəyi bir tərzdə pıçıldadı:
- Ağ ayranı itə tökəllər, qara kişimişi cibə.
Anasının qulağı darı dəlirdi: -
Nə dedin? - soruşdu.
- Heç nə...
- Koğanı ver maa.
Rəvan təndirdən bir az aralıda atılmış koğanı gətirib anasına verdi.
- Nənə.
- Nədi?
- Nənə, bir də maa məməli kökə bişirmə.
- Niyə?
- Mən uşaq deyiləm... Məməli kökəni uşağa verəllər.
- Bəs, sən uşaq deyilsən? - Anası təndirin istisindən qarsalanmış, qızarmış üzünü silə-silə gülümsəyib ona baxdı, - uşaqsan, uşaq...
- Yox! Mən uşaq deyiləm.
- Bəs, kimsən?
- Yekəlmişəm.. yekə kişiyəm.
- Sən yekə kişisənsə onda Cümşüd kimdi?
- Cümşüd dədəmdi...
Göyüş soyumaq üçün təndirin başındakı köhnə kilimin üstünə sərdiyi çörəkləri üzü üstə mis teştə yığıb qurtarandan sonra dedi:
- Apar evə... artırmadakı süfrənin üstünə sər, qoy çörək özünü tutsun.
Onuncu sinfin yazı olsa da havalar soyuq idi.
- Nənə.
- Nədi?
- Kartofumuz var?
- Var... neynirsən?
- Təndirə basdırajam... külə...
Rəvan şalvarını dizinə qədər çırmalayıb ayaqlarını da təndirə sallamışdı, külə basdırdığı kartofun bişməyini gözləyirdi. Cibində təkcızıq dəftər vərəqinə bükülmüş duz da var idi. Tez-tez də ətrafa boylanırdı ki, tay-tuşlarından keçən olsa desin:
- Gəlin, kartof yeyək.
...Rəvan dünyaya gələndən sonra çox hadisələr olmuşdu; ata-anası yaşlaşmışdı, bacıları Qəmər, Banu ərə getmişdi, qardaşları İbrahim, Abdulla, Salah, Alman evlənmişdi, atası Cümşüd baba, anası Göyüş nənə olmuşdu. Hitlerin qoçəhmədlilərlə arası dəydiyinə görə Sovet İttifaqına hücum eləmişdi, İlyas poçtalyon olmuşdu, Şaumyan müəllimi məktəb direktoru qoymuşdular. Hürzadın danasını oğurlamışdılar, Stalin ölmüşdü, Migəçevirdən Qoçəhmədliyə işıq çəkmişdilər, yuxarı Yağlıvənddə Köndələn çayının qabağını kəsib göl düzəltmişdilər, Əhəd komsomola keçmişdi. Camal kişinin oğlu Adil on yaşında çaxır içmişdi, İxtiyar əsgərlikdən gəlmişdi, Amerika Yaponiyaya atom bombası atmışdı, Misirxanın keçisi üçayaqlı çəpiş doğmuşdu. Çox şeylər olmuşdu- saymaqla qurtaran deyil. Qabaqda isə olacaqlar var idi - olacağa çarə yoxdu... Məni qınamayın, mənə elə gəlir ki, əgər Rəvanın ata-anası yaşlaşmasaydı, bacıları ərə getməsəydi, qardaşları evlənməsəydi, atası baba, anası nənə olmasaydı, Hitlerin qoçəhmədlilərlə arası dəyib Sovet İttifaqına hücum etməsəydi, İlyas poçtalyon olmasaydı. Şaumyan müəllimi məktəb direktoru qoymasaydılar, Hürzadın danasını oğurlamasaydılar, Stalin ölməsəydi, Mingəçevirdən Qoçəhmədliyə işıq çəkməsəydilər, yuxarı Yağlavənddə Köndələn çayının qabağını kəsib köl düzətməsəydilər, Əhəd komsomola keçməsəydi, Camal kişinin oğlu Adil on yaşında çaxır içməsəydi, İxtiyar əsgərlikdən gəlməsəydi, Amerika Yaponiyaya atom bombası atmasaydı, Misirxanın keçisi üçayaqlı çəpic doğmasaydı, Rəvan on yeddi yaşına gəlib çata bilməzdi. Rəvan anasına deməzdi ki, bir də maa məməli kökə bişirmə, mən uşaq deyiləm... Fikirləşə bilərsiniz ki, bütün bunların Rəvanın on yeddi yaşına çatmasına nə dəxli var? Eybi yoxdu, siz elə fikirləşin. Mən də belə fikirləşirəm... Rəvan onuncu sinifdə oxuyurdu. Bir-iki aydan sonra buraxılış imtahanlarını verə bilsə "Kamal attestatı" alacaqdı, verə bilməsə də alacaqdı, burda elə çətin bir iş yox idi. Rəvan məktəbdən qayıdırdı. Evlərinin aşağısında sinif yoldaşları ilə durub söhbət eliyirdi. Qızğın mübahisə gedirdi:
- Seyid Şuşinski yaxşı oxuyur, yoxsa Qoçəhmədli poçtalyon İlyas?
On yeddi yaş ola, özü də yazağzı - qanın qızan, toxumların və yeniyetmələrin cücərən vaxtı - vallahi elə qızışmışdılar ki, az qalırdılar xoruz kimi bir-birininü üstünə atılsınlar. Rəvan yekunlaşdırmaq istəsə də heç nə alınmadı:
- Mən deyirəm ki, Seyid Şuşinski poçtalyan İlyasdan yaxşı oxuyur.
Uzun, arıq oğlan etiraz elədi:
- Mən də deyirəm ki, qəsd qoysa İlyas onnan yaxşı oxuyar...
- Sən deməyinən deyil ha... - Rəvan Seyidi sinif yoldaşının ayağına vermədi.
- Heç sən deməyinən də deyil, - uzun arıq oğlan dediyinin üstündə durdu, hətta əlavəsini də elədi: - Bəri bax, Seyid Şuşinski İlyası yamsılaya bilər?
- Seyidin nəyinə lazımdı İlyası yamsılamaq?
- Amma İlyas Seyid Şuşinskini qəşəng yamsılayır.
- Noolsun?
- O olsun ki, İlyas ondan yaxşı oxuyur.. adamı olsaydı, vaxtında ortalığa çıxsaydı... indi bütün Qoçəhmədli onun ətəyində namaz qılardı, başına and içərdi... heç kəs İlyasa çata bilməz.
- Allahın olsun, heylə demə, ağzın əyilər. - Rəvan əsəbiləşdi.
Uzun, arıq oğlan dil altda qalmadı:
- Bəri bax Ağabala Abdullayev İlyası yamsılaya bilər? - Özü də cavab verdi, - yox, ancaq İlyas oxusun, üzünü çöndər o tərəfə elə bilərsən ki, Ağabaladı... Bundan danış ee... Komitənin toyunda sən də ordaydın dayna, nə təhər oxudu?
- Sənin muğamatdan qandığın qrafa yoxdu.
Uzun, arıq oğlan Rəvana cavab verməyə macal tapmadı, evinin artırmasında sürahiyə söykənmiş Cümşüdün səsi gəldi: - Süleyman! Ay Süleyman! Mübahisə eliyən uşaqlar əvvəlcə bir-birinə, sonra da ətrafa baxdılar ki, görsünlər Cümşüd kişi kimi çağırır. Nə öz aralarında, nə də ətrafda Süleyman adlı adam olmadığından təəccüblə Cümşüd kişinin üzünə baxırdılar. - Süleyman! Süleyman! Uşaqlar çaş-baş olmuşdular. Axırda Rəvan soruşdu: - Dədə, kimi çağırırsan? - Səni... Uşaqlar bu dəfə məəttəl qaldılar ki, bu kişiyə nə olub. - Bəs Süleyman deyirsən axı... - Rəvan cavab verdi. - Süleyman elə sənsən! Gəl bura, indi səni başa salaram. Rəvan uşaqlardan ayrılıb evə tələsəndə uzun, arıq oğlan arxadan onu səsləyib dedi: - İlyas Seyiddən yaxşı oxuyur! - Və iki əli ilə qulağını tutdu. Rəvan əlini yellətsə də cavab vermədi, daş pillələrlə yuxarı qalxdı. - Salam, dədə. - Salam. Otur. Ata-bala xeyli susdular. Onların arasına çökən sükutu ancaq Cümşüd poza bilərdi, o da pozdu. - Mənim o Mollavəli kəndindəki dostumu tanıyırsan? - Niyə tanımıram, yüz dəfə gəlib bizə, onun da oğlunun adı Rəvandı. Rəvan gördü ki, nəsə atası birtəhərdi; həmişə onunla söz danışanda üzbəüz dayanan kişi indi kürəyini çevirmişdi ona, əlləri də qoltuğunda. On yeddi yaşlı cavan oğlan heç nə başa düşə bilməsə də, xoşagəlməz bir hadisə baş verdiyini duyurdu, duyduqca da ona ağırlıq gətirirdi, elə bil iki nəhəng əl onun çiyinlərindən yapışıb aşağı basırdı. Bu sükut əvvəlkindən ağır idi, qara, enli alnında tər damcıları tumurcuqlamışdı - bir az da belə davam eləsəydi, bütün bədəni cumculuq olacaqdı. - Dədə... - Rəvanın səsi qırıldı. - Ay dədə... - ... - Dədə saa nə olub? - Bu kövrək səsdən elə bil ki, Cümşüd ayıldı. - Qorxma bala, maa heç nə olmayıb. - Bəs onda... - Mənim o Mollavəli kəndindəki dostumu tanıyırsan? - Hə... - Onun oğlunu maşın vurub öldürüb... Rəvanı... Cümşüdün də səsi qırıldı, sonra Cümşüd qırılan səsini düyünləyib Rəvana tərəf çöndü: - Sənin adını dəyişdim. - Mənim adımı niyə? - O kişi bizə qonaq gələndə mən beqəfil sənin adını çağırajam... o yazıq da yanıb töküləcək, qırıq-qırıq olacaq... elə mən özüm də pis olacam... Belə yaxşıdı, Allaha da xoş gedər, bala... - Adımı nə qoyacaqsan? - Süleyman. - Süleyman? - Süleyman. - Mənnən Süleyman olar... Süleyman qoca kişi adıdı. Cümşüd onun dediklərini eşitməzliyə vurdu: - Pasportunda da həylə yazılacaq: Abdullayev Süleyman Cümşüd oğlu. Məktəbdə də jurnalda adını həylə yazacaqlar. Neyliyim, kişiynən çörək kəsmişəm. - Dədə. - Nədi? - Dədə adımı dəyişməsən noolar? - Noolar? - Hə... - Kəsdiyim çörək gözümü tutar... kor qalaram, saa da deyəllər kor Cümşüdün oğlu. Rəvan atasını kor vəziyyətdə, daha ətraflı şəkildə gözlərinin önündə, necə lazımdırsa canlandırdı, hətta atasının əlində yerə döyəcləyə-döyəcləyə getdiyi ağacı da gördü və körən kimi qorxdu: - Yaxşı, dədə, sən deyən olsun. Özlərindən asılı olmayaraq bir-birinin üstünə atıldılar, qucaqlaşdılar; oğul sevinirdi ki, atasını kor olmaqdan qurtardı, ata da sevinirdi ki, övladı kişi adamdı, onu başa düşdü. Uşaq atasını bərk-bərk sıxıb dedi: - Bəs uşaqlar maa Rəvan desə nağayrım? - Cavab vermə... elə bil heç eşitmirsən. - Bəs, müəllim desə ki, Rəvan, çıx loxun qabağına? - Müəllim deməz. - Birdən dedi. - Desə çıxma. Bir də çağırsa dur ayağa, deynən müəllim mənim adım Süleymandı. - Yaxşı... heylə də deyərəm. - Heylə də de. Cümşüd Rəvanın fikrə getdiyini görüb dilləndi: - Özü də məktəbə tapşırmışam, günü sabahdan müəllimlərin hamısı saa Süleyman deyəcək. - Evdəkilərə də tapşır. - Yaxşı. - Kolxoz sədrinə də tapşır. - Yaxşı. - Urus dili müəlliminə demisən? - Hə... - Sağ ol, dədə. - Sən də sağ ol. - Cümşüd Rəvanın alnından öpdü. Rəvan orta məktəbi, Qoçəhmədlidə necə müvəffəqiyyətlə qurtarmaq olardısa, heylə müvəffəqiyyətlə qurtardı, attestatına yazdılar ki, Abdullayev Süleyman Cümşüd oğlu. Qiymətləri isə belə idi: əxlaq beş. Yerdə qalan fənnlərin də hamısı dörd, üç. Süleyman heç bir perspektivi və gələcəyi olmayan bir gənc kimi başladı kolxozda işləməyə. ...Atası ilə adının dəyişdirilməsi barədə elədikləri söhbətin səhəri günü anasından başqa evdə heç kəs yox idi. Süleyman xəlvətə salıb kotan zəncirinə enli xalta ilə bağlanmış itin yanına gəldi, arpa unundan hazırlanmış yalı onun qabağına qoydu. Bozdar it ləyəndəki yalı birnəfəsə, necə iştahla içəri ötürdüsə, Süleyman da acdı, qaçıb alt evdən para təndir çörəyi götürdü, gəvələyə-gəvələyə Bozdarın yanına qayıtdı. Bozdar quyruğu ilə Süleymana reverans eləyib verdiyi yala görə ona təşəkkürünü bildirdi, bayaq çatdıra bilməmişdi. İndi də Süleyman iştahasını Bozdara nümayiş etdirirdi. O son tikəsini də udub Bozdarla üzbəüz, torpağa bitmiş sal daşın üstündə oturdu və Bozdara dedi: - Bozdar... - Ham.. ham... - Qulaq as, Bozdar, dədəm adımı dəyişdi, bu günnən mənim adım Süleymandı, Süleyman. Bozdar Süleymanca bilirdi ki?.. - Bozdar, mən də sənin adını dəyişirəm!.. Bu günnən sənin adın Naqandı, Naqan. Üç-dörd gündən sonra Cümşüd kəfşəndən gəlirdi, evə yaxınlaşanda səs eşitdi: - Naqan! Naqan! Başını qaldırıb baxanda gördü ki, Süleymandı, dil qəfəsə qoymadan təkrar eliyir: - Naqan! Naqan! - Kimnənsən, a bala? Süleyman atasının bu qəfil və gözlənilməz sualından diksinib dedi: - Dədə, itin adını dəyişdim. - Nə?! - Deyirəm itin adını dəyişdim. - Niyə? - Dədə Bozdar nə deməkdi? - Nə bilim əə, it adıdı dayna. - Yoox ee, mənasını bilirsən? - Hardan... - Mən bilirəm. Cümşüd maraqlandı: - Mənası nədi? - Mənası... mənası, yəni "keçisi olan" deməkdi. - Bunu kim deyib, əə, saa? - Bildir yayda Bakıdan Mürşüdgilə bir qonaq gəlmişdi, ərəb-fars dilində oxuyur, tələbədi... Bizə də gəlmişdi. İtdən də elə qorxurdu ki... Dedi itinizin adı nədi? Dedim belə-belə. Güldü... Bax, o maa dedi ki, fars dilində Bozdar "Keçisi olan" deməkdi. Bakıda oxuyur, eee... - İndi itin adı, nooldu deyirsən? - Naqan. - Naqan nədi? - Naqan?.. Naqan, sənin o qoşalülən var, onun kimi bir şeydi, plen Paşanın itinin adı da Naqandı... - Naqannansa elə Qoşalülə qoyaydın, dayna. - Dədə, vallah Naqan yaxşıdı, Naqan... heç çox adam bilmir ki, Naqan nə deməkdi. Cümşüd gülüb dedi: - Adıynan böyüsün... Rəvan... Karıxdım ee... Süleyman. - Hı... - Süleyman, Naqan deyəndə it çönüb baxır? - Hələ yox... yavaş-yavaş öyrədirəm. - Heç bir dəfə də baxmayıb? - Yox... - Onda çətin olajax. Bununla da Qoçəhmədlidə adqoyma və addəyişmə islahatı, hələlik, müvəffəqiyyətlə başa çatdı. Gənc kolxozçu Süleyman Abdullayevin əmək fəaliyyətinin dairəsi bir az da genişləndi; o həm evlərinin mal-qarasına, qoyun-quzusuna, otuna, suyuna, odununa, pəyəsinə, ağılına, quzuluğuna baxırdı, həm də kolxozda işləyib əmək günü qazanırdı. Nadir halda kolxozçu bir sahə üzrə ixtisaslaşa bilərdi; məsələn sağınçı, emalçı, naxırçı və s. Sağınçı alaq eləməyə getməzdi, emalçı ancaq süd maşınında qaymaq çəkərdi, naxırçı da ki, məlumdu kolxozun malını yiyəsiz qoyub biçinə gedə bilməzdi. Bu cür adamlar üç-beş faiz təşkil eliyirdi. Yerdə qalanların hamısı universal olmalıdı və hara göndərsələr ora da getməlidi. Süleyman da ikincilərə aid kolxozçulardan biri idi. Briqadirin, ferma müdirinin işi bir balaca əyilən kimi soruşurdular: - Rəvan hanı? Onu tapın gətirin. Özü olmayanda ona Rəvan deyirdilər, üzünə qarşı isə Süleyman. - Süleyman, biçinçilər susundan yandı, onlara su. Süleyman getdi. - Süleyman, Horadizə hazırlığa taxıl apar. - Süleyman, Kamalan atdan yıxılıb qılçı sınıb, get sınıxçı Mürşüdü çağır. - Süleyman, xırmandan taxılı daşıyanlara kömək elə, hava qaralıb... - Süleyman, bir ağız de, qulaq asaq... - Süleyman, Sonanı ilan vurub, min ata... - Süleyman... Süleyman... Süleyman... Süleyman zirək və üzüyola idi. Hara göndərsələr yarıtmasa geri qayıtmazdı. O, nəinki gələcəyi, heç sabahı haqqında da fikirləşmirdi, başını aşağı salıb işi ilə məşğul ola-ola özünü buraxmışdı taleyin ixtiyarına. Oxumaq, təhsilini davam elətdirmək heç ağlına da gəlmirdi; lap ağlına gəlsəydi də, belə bir sualla üzbəüz dayanmalı olacaqdı: - Hara getsin, nəynən getsin, hansı savadınan getsin? Ancaq Süleymangilin sinifindən Bakıya oxumağa gedənlər də oldu, instituta, texnikuma, peşə məktəbinə girənlər də. Adətən, özünü taleyin tam ixtiyarına buraxanlar belə bir söz də işlədirlər ki, "əşi, nə olar, olar..." Süleyman heç bunu da fikirləşməmişdi; qısa desək, o, özünü taleyin ixtiyarına buraxdığından xəbərsiz idi. Məktəb yoldaşlarının müxtəlif təhsil ocaqlarına qəbul olunması nəinki onu silkələmədi, heç tükü də tərpənmədi. Atası Cümşüddən, anası Göyüşdən, qardaş-bacılarından da bir təşəbbüs gəlmədi - hamısı bir-birinə oxşayırdı, elə bil bir-birinin ağzına tüpürmüşdülər. Ailənin sonbeşiyi haqqında heç kəsin bir arzusu-filanı yox idi; bayaq dediyim kimi nə ata-ananın, nə ilkbeşiyin, nə orta beşiklərin, nə də elə sonbeşiyin özünün. Açığı bu, adama çox qəribə gəlirdi. Heç olmazsa peşə məktəbinə göndərsinlər, getsin dülgərdən-zaddan olsun, kələ kimi oğlandı... Bunu da eliyən olmadı; nəinki olmadı - yaxşı bunu başa düşdük və bildik - heç bu istiqamətdə fikirləşmək istəyən belə olmadı. Nə qəribə adamlar idi bunlar... Özü də harda olur olsun, mal örüşdən qayıdan vaxtı mütləq evdə olmalıydı ki, heyvanları rahatlasın. Heyvanları rahatlamaq da bundan ibarət idi: qoyunları sağsın, həyət-bacadan yumurtaları yığsın, quzuları quzuluğa, qoyunları ağıla, iribuynuzluları tövləyə salsın, atı qaşovlasın, suları qurtarıbsa iki səhəngi xurcun kimi eşşəyin belinə aşırıb Çinar bulağına getsin, toyuqları tara çıxartsın... elə bil evdə bundan başqa uşaq yox idi. Səhər də tülkü durmazdan qalxsın, bir loxma çörək yeyib getsin kolxozun işinə... Gənc və görkəmli kolxozçu Süleyman Abdullayevin iş rejimi belə idi.
(Ardı var)