Şumer əfsanələri. Enmerkar və Aratta hökmdarı

Şumer əfsanələri. Enmerkar və Aratta hökmdarı

Mətn dövrümüzə ayrı-ayrı parçalar və sözlər halında gəlib çatdığı üçün, poemanın məzmununu verməyin daha yaxşı olacağını düşündük.

 

 

 

Bir dəfə Uruk şəhərinin kahin-hökmdarı, günəş tanrısı Utunun oğlu Enmerkar Aratta dövlətini özünə tabe etmək fikrinə düşdü. Tanrıça İnanna ona köməyini vəd etdi, hər şeydə yardım edəcəyinə söz verdi. Enmerkar Arattaya çaparla xəbər göndərdi ki, Aratta sakinləri həm ona qızıl, gümüş və qiymətli daşlardan vergi versinlər, həm də Eriduda tikilən tanrı Enkinin məbədinin tikintisinə kömək etsinlər.

 

Çapar yeddi dağ aşıb Arattaya çatdı və yerli hökmdara Enmerkarın əmrini çatdırdı. Amma yerli hökmdar Enmerkara boyun əyməkdən imtina etdi, dedi ki, onu tanrıça İnanna özü hökmdar seçib və o, İnannanın himayəsindədir. Çapar isə cavabında dedi ki, İnanna artıq Urukda yaşayır və Enmerkara himayədarlıq edir.

 

Bu xəbər Aratta hökmdarını çaşdırdı. Bir müddət fikirləşəndən sonra çapara cavab verdi. Silahlı döyüş yerinə, hər tərəfdən hökmdarlığın marağını müdafiə edən bir döyüşçünün müsabiqəsini təklif etdi. Bundan başqa, əgər İnanna artıq Arattanı tərk edibsə, onda o Uruk hökmdarıyla danışığa getməyə hazırdır, amma əvvəlcə Uruk hökmdarı ona çoxlu buğda göndərməlidir. Çapar Uruka qayıdıb Aratta hökmdarının cavabını Enmerkara çatdırdı.

 

Enmerkar əvvəlcə müdriklik tanrıçası Nidaboyla məsləhətləşdi, bəzi dini ayinləri icra etdi. Sonra Arattaya bir karvan yükü buğdayla çapar göndərdi ki, əvəzində qızıl, gümüş və ləl-cəvahiratı Uruka gətirsin. Aratta əhalisi buğdanın çoxluğundan vəcdə gəlib daş-qaş və tikinti üçün işçi verməyə razılaşır, amma Aratta hökmdarı qətiyyətlə etiraz edir və çapara Uruk hökmdarının ona vergi verməli olduğunu bildirir.

 

Çapar Uruka qayıdıb Enmerkara xəbər çatdırır, hökmdar yenə hansısa otun köməyilə dini ayinləri icra edir. O, üçüncü dəfə çaparını Arattaya göndərir, amma bu dəfə tapşırıq vermir, sadəcə öz əsasını – hökmdarlıq əsasını Aratta hökmdarına verməyi əmr edir.

 

Hökmdarlıq əsası Aratta hökmdarında dərin təəssürat oyadır, o, İnannanın Arattanı tərk etdiyi üçün üzülür və Enmerkara döyüş müsabiqəsi təklif edir – qoy Uruk hökmdarı öz döyüşçüsünü göndərsin, amma döyüşçü nə qara olmalıdır, nə ağ, nə qəhvəyi, nə sarı, nə də rəngbərəng.

 

İlk baxışdan mənasız görünən bu tələb Enmerkarı çox da narahat etmir, bəlkə də Aratta hökmdarı dərinin rəngini yox, gözün rəngini nəzərdə tutur. Yenə çaparını Arattaya göndərir. O, Aratta hökmdarının müsabiqə təklifini qəbul etməyə hazırdır və öz döyüşüsünü göndərir, amma Aratta hökmdarı qızıl, gümüş və cəvahiratı göndərməlidir. Əks halda Enmerkar Arattanı yerlə-yeksan edəcək.

 

Sonrakı parça dövrümüzə ayrı-ayrı sözlər halında gəlib çatdığı üçün, poemanın bu hissəsini bərpa etmək mümkün olmayıb. Amma araşdırmaçılar düzgün başa düşüblərsə, onda Enmerkar gil lövhə üstündə əmr yazdıran birinci hökmdar olub. Çapar gil lövhəni Aratta hökmdarına verib cavab gözləyir. Bu dəfə gözlənilmədən yağış və tufan tanrısı İşkur Arattaya köməyə gəlir. İşkur küləyin köməkliyiylə şəhərə çoxlu yabanı buğda və lobya gətirir. Aratta hökmdarı bu möcüzəni görən kimi əvvəlki özünəinamı qayıdır. O, çapara bildirir ki, İnanna heç bir halda onu tək qoymayacaq.

 

Mətnin növbəti hissələri də ayrı-ayrı sözlər şəklində qaldığı üçün, çox da başa düşülmür. Amma qalan hissələrdən belə başa düşmək olar ki, nəhayət Aratta əhalisi Uruk hökmdarı Enmerkara qızıl, gümüş və cəvahiratdan ibarət vergi verməli olub.

 

 

 

Tərcümə: Həmid P.