Vaqif Yusifli. Əlli yaşın hekayəti

Vaqif Yusifli. Əlli yaşın hekayəti

Bu gün şair Dayandur Sevginin 50 yaşı tamam olur

Onun çox sadə bir ömür yolu var. Bütün adi insanların ömür yolu kimi. Heç bir qeyri-adilik yoxdu tərcümeyi-halında. Orta məktəb illəri, texnikum təhsili, neftçi kimi əmək fəaliyyəti. Və beləcə bu ömür yolu sonacan davam edə bilərdi. Amma bu adi ömürdə qeyri-adi bir hadisə baş verir. O hiss edir ki, dünyanı, həyatı, hər gün gördüyü çiçəkləri başqa rəngdə görür. Dili ilə deyə bilmədiyi sözlər çiçək kimi içində yığılıb, o sözlər şeirləşir və dünyadakı hər cür naqislikdən, pislikdən, yamanlıqdan qoruyur onu. Və günlərin bir günü içindəki sözlər onun həyat yolunun axırını dəyişdi. Dayandur ömrünü sözə, poeziyaya təslim etdi. Bəlkə də bilmirdi ki, söz yolu hamının gedə biləcəyi yol deyil, bu yolun çətinlikləri rahatlığından qat-qat çoxdu, soyuğu, sazağı istisindən də artıqdı. O yolu gedirsən, gedirsən və birdən dönüb arxaya baxanda bir iz, bir ləpir görəndə elə bil, dünyanı sənə bağışlayırlar.

Dayandur Sevgin də əlli yaşından illərin o tayına boylansa, bir insan və şair ömrünün xoş anları ilə bahəm qəmini, kədərini də seyr edəcək. Amma nə etmək? Ömür insana ona görə verilmir ki, dəqiqəsinəcən xoşbəxt olasan, saniyəsinəcən kef-damaq içində yaşayasan. Onda yaşamağa dəyməzdi ki?

Dayandur bu şair ömründə özü ilə dünya və insanlar arasında bir harmoniya axtarmağa can atıb və çox zaman bu ahəngdarlığı, bu nizamı tapa bilməyib. Və çox şeiri o nizamı, o harmoniyanı tapa bilmədiyinə görə yazmayıb.

Gözümü açandan zülüm görmüşəm,
Hələ qurumayıb gözümün nəmi.
Səni üç balama qurban vermişəm,
Yaza bilmədiyim şeir, bağışla məni.

Bəxt gülsə, yetimin qəlbi açılar,
O da balıq kimi əldən sürüşüb.
Mənə bu dünyada ağrı-acılar,
Sənə bu dünyaya gəlməmək düşüb,
Yaza bilmədiyim şeir, bağışla məni.

Nəyi yaza bilməyibsə, bəlkə də, bu onun itkisidir. Amma şeirlərini-yazdıqlarını küllən nəzərdən keçirəndə Dayandur Sevginin yaza bildikləri çoxdu. Deyim ki, bu əlliyaşlıların taleyi, ömür-gün yolu təzadlı, keşməkeşli olaylarla doludur. Onların gəncliyi sovet imperiyasının süqut illərinə düşdü, bu narahatlıqlar onun da taleyinə, həyatına təsirsiz ötüşmədi. İllərdən bəri qoynunda yaşadığın, ideal sandığın bir quruluş gözlərinin qabağında uçulur. Onsuz da sən onun -o "möhtəşəm" binanın sütunlarının laxladığını görürdün, amma birdən-birə, belə tez uçulduğunu heç yuxunda da görə bilməzdin. Və beləliklə, dünya da, cəmiyyət də, insanlar da, münasibətlər də dəyişir. Əlbəttə, zamanın bu müstəbid dönəmindən şairlər necə təsirlənməyə bilərlər? Bax, əlliyaşlıların taleyində səksəninci illərin sonları və doxsanıncı illər belə faciələrlə yadda qaldı.

Məsələ burasındadır ki, bu faciənin içindən qürurlva keçib getmək var. Dayandurun şeirlərində də mən bunu görürəm.

Əlbəttə, şair ətrafında və cəmiyyətdə baş verən heç bir hadisəyə biganə qala bilməz. Və Dayandurun şeirlərində də istər şikayət ruhu olsun, istərsə də nikbin notlar, bunlar hamısı zamanın şairdə oyatdığı intibalardır. Dayandur belə qısa zaman müddətində məmləkətimizdə baş verən hadisələr nəticəsində insanların necə dəyişdiyinin, necə başqalaşdığının, hətta mənən cılızlaşdığının şahidi olur, bütün bunlar-bu dəyişmələr onun şeirlərində öz əks-sədasını tapır. O, ulu Dədə Qorquda müraciətlə deyir:

Pələngi görürsən kimlər izləyir,
Yaman cılızlaşıb nəsillər, Dədə.
Oğrunun saçını sığal gözləyir,
Doğrunun başını kəsirlər, Dədə.

Tamahdan itiyik, nəfisə qulluq,
Bir bərkə düşdükmü ağlar, sızlarıq.
Sən elə bilmə ki, "Dəli Domrul"uq,
Biz ağlın itirmiş ağılsızlarıq.

Ad verdin sən bizə, "Beyrək" deyilik,
Düşmənə döyüşsüz uduzduq, matıq.
"Koroğlu" deyilik, "Babək" deyilik,
Biz "Keçəl Həmzə"yik, "Səhl Sumbat"ıq.

Götür Qopuzunu özün gəl Dədə,
Qəlbindən bir çəngə od vər sən bizə.
Yaşada bilmədik sən verən adı,
..Dəyiş adımızı, ad ver sən bizə,
Özümüzə yaraşan ad ver sən bizə.

Bu şeir heç şübhəsiz, doxsanıncı illərdə qələmə alınıb və deyim ki, həmin illərdə nəinki məmləkətimizdə, elə bu bu məmləkətdə yaşayan insanların içində də bir xaos, hərcmərclik hökm sürürdü. Mürəkkəb dövr idi və məmləkətimizin taleyi bir tükdən asılı idi. Çünki doğrudan da sabaha inam az idi. Amma sonra hər şey duruldu, aydınlaşdı və ölkədə əmin-amanlıq yarandı, müdrik liderin -Heydər Əliyevin ağıllı siyasəti nəticəsində insanlarda gələcəyə inam yarandı.

Dayandurun şeirindəki "Keçəl Həmzələr, Səhl-Sumbatlar, araq şüşəsinin içində düşmənə qalib gələnlər" hələ də yaşayırlar, elə bu səbəbdən Dayandurun etirazçı şeirləri də azalmır. Amma deyim ki, bu şeirlər insanı ifrat dərdə, qəmə, pessimizmə sürükləmir, bunların içində sənin görə biləcəyin bir işıq da var.

Qara yaxma gəl mənə, özün şərə düşərsən,
Allahdan qismətdirsə mənim payım gələcək.
Mənbəyi ürəyimdi, mənsəbi yer üzüdü,
Dönüb Kürə, Araza axar çayım gələcək.

Alnımı turşatmaram yüz kədərə bələnəm,
Sonuncu tikəmi də dost-tanışla bölənəm,
Mən dərdin içində də sevinc tapa bilənəm,
Vay sənin gününədi, gözlə vayın gələcək.

Dayandur necə şairdir? Əlbəttə, ədəbi aləmdə az-çox tanınan bir şair haqqında bu sualı vermək bəlkə də yerinə düşmür. Amma mən "necə" sualını "necə yazır?" şəklində qoymuram. Bu sualı "onun özünəməxsusluğu nədədir?" şəklində ifadə edirəm. Çünki indiki dövrdə şeirin ümumi səviyyəsindən şikayətlənməyə dəyməz, yazmaq vərdişi problem doğurmur, amma bu çoxluqda, vərdişlərin, səviyyələrin bərabərləşdiyi bir zamanda yeganə meyar məhz özünəməxsusluqda axtarılmalıdır. Dayandur Sevgin bu mənada öz ədəbi nəsli içərisində seçilən, fərqlənən bir şairdir. Onun özünəməxsus deyim tərzi, poetik manerası var. Dayandur istənilən mövzuda yazır və yaza bilər, amma hansı mövzuya əl atsa, o mövzuda yazdığı şeirdə indiyədək rastlaşmadığın ifadələrə, tapıntı misralara tuş gələcəksən. Məsələn, mən onun çoxdan yazdığı "Dərənin dərdi" şeirini ən yaxşı şeirlərindən biri hesab edirəm. Şeirin məzmunu belə bir fikri ifadə edir ki, böyük dağlar əzəmətinə görə dərələrə borcludurlar, çünki dağların dağ ucalığını saxlayan dərələrdir. Bunu cəmiyyət hadisələrinə, insanlararası münasibətlərə keçirdikdə həmin fikir qarşılığını tapırıq. Adi, sadə insanlar olmasaydı, böyük adamlar da böyük olmazdılar.

Dağlar "Yanıq Kərəm", dərə "lələ"di,
"Kərəm"in ardınca çəkdi öz köçün.
Dərələr özünü şəhid elədi,
Dağları göylərə qaldırmaq üçün.

Dərədən güc alıb qalxdı ayağa,
Qoşuldu göylərdə bulud köçünə.
Daşını, qumunu verəndə dağa,
Dağlardan ummadı dərələr heç nə.

..Can atır dağların altından çıxa,
Səsin eşidən yox, hay-haray salıb.
Dərədə taqət yox ayağa qalxa,
Dağda da nə insaf, nə mürvət qalıb.

Dərə -, dərdli dərə, döz, dözək hələ,
Bir gün dərdlərimiz sökülər daş-daş.
Sənin çiynindəki bir dağdı elə,
Mənim çiynimdəki görünmür, qardaş.

Dayndur özünə "Sevgin" təxəllüsünü götürüb, bunu niyə belə eləyib, deyə bilmərəm, amma bu təxəllüsdə SEVGİ sözü var. Və mən Dayandurun sevgi şeirlərini oxuyandan sonra bu təxəllüsü təbii qəbul elədim. Dayandur gözəl sevgi şeirlərinin müəllifidir. Onun sevgi şeirləri yaşanılmış hisslərin, duyğuların məhsuludur və bu şeirlərdə sünilik görmədim. Bu sevgi haçan yaşanılıb-gənclik illərindəmi, otuzdan, qırxdan sonramı-bunun elə bir əhəmiyyəti yoxdur. Sevginin yaşı yoxdur...

Odlu gözlər odlu-odlu baxışa,
Mail olma bir qıyqacı baxışa,
Tale məni necə yıxdı bir işə,
Yalan oldu yar peymanı, yar andı.

Ürəyimə yazılıbdı yar adı,
Sevən qəlbim həsrətindən yaradı,
Çəkdiklərim Allah nəyə yaradı,
Göz yaşımdan ala göllər yarandı.

Nə deyim bu el gözəli kürdə mən,
Guya deyir göyçək olur kürd əmən,
Kürd əlindən qərq olardım Kürdə mən,
Nə yaxşıki yenə məni yar andı.

Məcnun olub yol gəlmişəm sevginə,
Duyğusuza məhəbbət nə, sevgi nə,
Dağ çəkibdir mən Dayandur Sevginə,
Yar deyil ki, ürəyimi yarandı.

Mən bilə-bilə onun sevgi şeirlərinə nümunə kimi bir təcnisini misal gətirdim. Məlumdur ki, təcnis yazmaq şairdən məharət tələb edir. Dayandur bunun öhdəsindən gəlib və həm də bu təcnisdə öz sevgi duyğularını gözəl də ifadə edib.
Dayandur Sevgin əlli yaşına bax belə ürəkaçan şair taleyiylə qədəm qoyub və mən onun şeirlərindəki etirazçı ovqatı, zəmanədən və insanlardan şikayətini də təbii qəbul edirəm. O, öz taleyini yazan şairdir və özü də təbii şairdir, şeirinə yalan gətirmir. Azərbaycan mətbuatında da öz imzasını, dəst-xəttini qoya bilib. Ədəbiyyatı təbliğ edir, müxtəlif nəsillərdən olan yazarların yaradıcılığını təbliğ edir. "Kaspi" qəzetinin seçilən, oxunan bir qəzet olmasında onun da əməyi az deyil.
Əlli yaşın mübarək, Dayandur! Sənin yaza biləcəyin şeirlər hələ qabaqdadır. Uğurlar arzulayıram.