Vasif Əlihüseyn. Qadın portretləri (ŞEİRLƏR)

Vasif Əlihüseyn. Qadın portretləri (ŞEİRLƏR)

  KƏNDİMİZ

bu il də qar yağdı,
bu il də,
isinməyə ümid gəzdi
kəndimiz

aldatdılar, qaz da çəkmədilər
kəndimizə.
   babamdan yadigar "Tut” ağaclarının,
budaqlarını qırdıq yenə də
   bacalar tüstülədi göylərə
soyuqdan

ərləri xaricə
çörək dalıyca getmiş gəlinlər.
bir toyuq başı kəsdirməyə
kişi tapmadılar.

sünnət olunmamış uşaqlara
"Bismillah” deməyi,
bir də "Qiblə”ni göstərdilər.

beləcə hər qış kəndimiz
neçə ağac yandırıb
çəkdi ciyərlərinə

ümidləri
bir az  daha çox qırıldı gəlinlərin
toyuq başı kəsən uşaqların
sayı azaldıqca.


DÜNYANIN ƏN TƏHLÜKƏLİ
MÜHARİBƏSİ

Kəndin işsiz kişilərinin gücü
qadınlarına çatar ancaq
hələ siqaretlərini də
nisyə alarlar dükandan qadınları

Kənd qadınının
ərindən umduğu sevgidi
üzündəki sillə izləri
qadın elə bilir döyülməlidi
kişi elə bilir döyməlidi
burda qadınlar palaz ayaqlayar
kişilər isə qadın...

Atalara qarşı nifrət hissidi
qadın bətninə vurulan təpiklər.

Evə sərxoş gələn kişilər
sonradan anlayacaq
dünyaya şikəst uşaq gətirdiklərini.

Dünyanın
ən təhlükəli müharibəsidi
böyüklərin uşaq yanındakı davası

onlar sonradan görəcəklər
uşaqların bədənindəki
qəlpələrin ağrısını
onda hər şey gec olacaq.

SƏNİ BU ŞƏHƏRDƏ TAPMAQ ÇƏTİNDİ

Mən ən çox anamın şəklini siləndə
təmiz şüşə sildiyimə görə sevinirəm
sən bilmirsən axı,
sevdiyim qadını ən çox anam olsun deyə oxşayıram
oxşayıram ki, anam yuxuma girsin
oxşayıram ki, qadınsız qalmış 
təndirinə çörək yapsın...

Mən ən çox kəndimizə 
anamın məzarına görə gedirəm
gedirəm ki, anam sevinsin
sən də sevin, qadın
sevin ki, səni anam kimi 
sevdim

Atamın uzaqlarda olması
bəlkə də 
anamın ən böyük ayrılığıdı
başqa dildə danışan qadınlara qısqanır onu
başqa dizlərdə qatır atam
qadınsızlığının başını

indi bir uşaq adı tapmaq qədər çətindi
səni bu şəhərdə tapmaq
nə olar qayıt,
qadınsız kişilərin tək qaldığı evə

SÜMSÜK İT TƏK...

yorğun gecədən keçmiş,
bu sərsəri, bu axmaq.
bilirsən mənlik deyil
saç – saqqalı uzatmaq

ev üçün darıxmıram
axı, yoxdu bir kəsim
sən də evdə deyilsən
hər gün evə tələsim

həyətdə paltarlarım
şaxta düşsə, qac olur
qadınsız kişilər də
sümsük it tək, ac olur

sən dediyin təkliyin 
adına nə deyirlər
kişiyə hamı dəli
qadına nə deyirlər?!
 
YERİ ÇƏLİKLƏRİN QOLUNA GİRSİN
 
Hər gün səhər Koroğlu metrosunda dilənən bir ayağı protez qadın üçün

Boynunu çiyninə əyib qolların,
indi söykəndiyin bir çomağın var.
Soyuqda əlini açıb hamıya,
soyuqda sızlayıb ağlamağın var.

Sən axı anasan, hanı oğulun?
gəlib anasının qədrini bilsin.
Qızların vardırsa, qoy xoşbəxt olsun,
oğulun vardırsa, qoy yerə girsin.

Hərə bir söz dedi şikəst canına,
bezdin hər kəlmədən, hər sözdən doydun.
Heç kim inanmadı ayağın yoxdu,
axırda çıxarıb kənara qoydun.

Heç kim köməyinə çatmaz, aya ana,
heç kim istəməz ki, yoluna girsin.
Daha oğlanların girməz qoluna,
yeri çəliklərin qoluna girsin.