Vaynerlər kimdir: Onları ciddi qəbul etməliyikmi? (SORĞU)

Vaynerlər kimdir: Onları ciddi qəbul etməliyikmi? (SORĞU)

Vayn - qısa video görüntü vasitəsilə sözdən az istifadə etməklə hansısa fikri izləyiciyə çatdıran yeni peşənin adıdır. Müasir dövrün müstəqil peşəsi olan vayn daha çox sosial şəbəkədə izlənilir. İlk dəfə ABŞ-da yaransa da, qısa zamanda dünyada məşhurluq qazanan yeni istiqamətə daha çox gənclər həvəs göstərir.

İlham Qasımov: "Gənclər arasında vaynın bu qədər maraq doğurmasına səbəb..." 

"Report”a açıqlamasında "Oğlan evi 1” və "Oğlan evi 2” filmlərinin ssenari müəllifi, televiziya aparıcısı, aktyor, rejissor İlham Qasımov bildirib ki, müasir dövrdə vaynı tam ciddi sənət olaraq qəbul eləməliyik: "Çünki vaynerlər müasir dünyada internet vasitəsilə populyarlaşan, zövqlərə təsir edə biləcək şəxsiyyətlərdirlər. Vayn bu günün danılmaz bir hissəsidir. Son illər gənclər arasında vaynın bu qədər maraq doğurmasına səbəb sadə insanların peşəkar arenaya daxil olmaq istəyidir. Əvvəl istedadlı insanlar hansısa universitetdə təhsil alıb, məzun olurdu. İstər incəsənət sahəsində, istərsə də digər sahələrdə. İndi isə internet var. Vayner kütlənin zövqünə uyğun video çəkərək uğur qazanır. Kiçik videolarla başlayıb daha sonra peşəkar sahəyə qoşulanlar da var. Rusiya, Amerika, Türkiyədə məşhur vaynerlər var ki, onlar da digər peşə məktəblərini bitirən aktyorlar qədər məşhurdurlar”.

Fariz Əliyev: "Cəmiyyətdə yenilik olanda həmişə buna əks reaksiya olur"

"Ayıq sürücü”, "Qız qaçırtma”, My name is İntiqam”, "Taxta ayı”, "Şər qarışanda”, "Gizlənqaç”, "Hoqqa” filmlərinin ssenari müəllifi Fariz Əliyev vayner təzahürünün öz-özündən əmələ gəlmədiyini söyləyir: "Buna zəmin yarandı. Sosial şəbəkələr inkişaf elədi və insanlar daha aktiv istifadə etdikdən sonra vaynlar yarandı. Vayn çəkən gənclər özlərini sübut eləməyə çalışırlar. Bu gün Azərbaycanda çox uğurlu vaynerlər var. Hətta bəziləri el dili ilə desək, "partlatdılar” və artıq filmlərə dəvət alırlar. Elə aktyorlar var ki, onlar vaynerlərlə bir filmə çəkilməyi özlərinə sığışdırmırlar. Cəmiyyətdə həmişə yenilik olanda buna əks reaksiya olur. Vayner olaraq fəaliyyət göstərənlər çoxdur və bu normaldır. Zamanla onların arasında rəqabətə tab gətirənlər meydanda qalacaq. Bu gün Rəsulla, Mənsur kimi istedadlı vaynerləri artıq filmlərdə də görürük. Bu gün niyə kimsə onların çəkildiyi filmi qəbul etməməlidir ki? Çox istedadlı uşaqlardır”.

Vaynerləri daha çox işlərindəki azadlığın məşhurlaşdırdığını qeyd edən ssenariçi bildirir ki, hansısa filmdə, serialda, telelayihələrdə idarəedicilər var: "Amma vayner bir özü, bir də telefonu ilə bunu edir. Və heç kim ona nədəsə qadağa qoymur. Bu sözü işlətmə, belə çəkmə demir. Ürəyi necə istəyir, o cür də çəkir. Zamana buraxmaq lazımdır. Vaynerlər çox yaxşı dalğa gətirdilər demirəm, amma ümumiyyətlə "bu lazım deyildir” də demirəm. Bu uşaqlar başqa harada yetişməli idilər? İdman, meyxana, rəqs, səs yarışmaları var, amma istedadlı insanların özünü təsdiq edəcək layihələri yoxdur. Adi film çəkəndə seçim etməliyik. Harada edək? Bu da bizim üçün bir seçim növüdür”.

Taleh Yüzbəyov: ""Dünyaya da yumor və qızlar vasitəsi ilə təqdim olunub..."

Vaynı XXI əsrin yeni sənət növlərindən biri adlandıran vayner Taleh Yüzbəyov bildirir ki, bu, bir növ yumorun bir hissəsidir: "Dünyada müəyyən auditoriyası olan, bir qrup insanın yetişdirmiş olan bir işdir. Rusiyada, Türkiyədə fəaliyyət göstərən vaynerlərin hamısı sosial problemləri çəkib, təqdim etmirlər. Ola bilər ki, kimsə cəmiyyətin sosial problemlərini təqdim edir. Bu sənət Amerikada yaranıb. Dünyaya da yumor və qızlar vasitəsi ilə təqdim olunub. Kimlərsə sosial olaraq nəyisə təbliğ və təqdim edirsə, bu, artıq istisnadır.”

Vayner Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq bölümünü bitirsə də, məşhurluğu vayn peşəsi sayəsində əldə etdiyini bildirir: "Hazırda vaynerliklə məşğul oluram və gələcəkdə də məşğul olacağam. Vayn mənim üçün özünüifadə deməkdir. Kimisə status yazıb, rəsm çəkərək baş verən hadisəyə fikir bildirir, müəyyən kütləyə çatır. Mən də videolarım sayəsində hadisələrə öz münasibətimi bildirirəm və insanlara təqdim edirəm. Bu cür mənə daha rahatdır. Özüm çəkib internetə, sosial şəbəkəyə rahat yükləyirəm. Nəinki gedib kimdənsə nəyisə xahiş etməklə. Bu xətti həmişə saxlayacağam. Nəsə demək istəsəm, bunu vaynlarımla deyəcəyəm”.

Murad Dadaşov: "İstedadlı, amma imkansız insanlar üçün çox gözəl imkandır"

Prodüser Murad Dadaşov internetdə açıq istifadə olunan hansısa janrın bildiyimiz ənənəvi ciddi sənət kimi qəbul oluna bilməcəyini deyir: "Bu sadəcə bir addımdır. İnsanlar asudə zamanı daha səmərəli keçirmək üçün öz kiçik videolarını bədiiləşdirirlər. Bu, kimdəsə uğurlu, kimdəsə uğursuz alınır. Nə mən, nə də başqası vaynı ciddi sənət adlandıra bilməz. Onu ancaq zaman deyəcək. Bu gün sürət dövrüdür. İnsanlar sürətlə ayaqlaşır. Bu gün müasir insanın iri həcmli video çarxa, filmə baxmağa vaxtı yoxdur. Bu baxımdan vayn bu gün dəbdədir. Bu vaynerlər qarşısında ciddi məsuliyyətdir.

Düşünün ki, Instagram-da video məhdudiyyəti bir dəqiqədirsə, vayner nə qədər kreativ və nə qədər hazırcavab, məntiqli olmalıdır ki, bütün fikrini bir dəqiqəyə onu izləyənə çatdıra bilsin. Onlar da bu videonu bəyənməli, baxmalı, paylaşmalı və ya düşünməlidirlər. Vaynerlərin işi asan deyil. İncəsənət nə qədər zövqlə izlənilirsə, mənə görə, sözün yaxşı mənasında qeyri-dəqiq elmdir. Yəni, hansısa həkim, müəllim işində xətaya yol verirsə, dövlət səviyyəsində cəzalandırılır, qadağa qoyulur. Amma heç kim insana musiqi ifa etmə, filmdə çəkilmə, rəsm əsəri çəkmə kimi qadağalar qoya bilmir. Ona görə də bu gün vayn çəkməklə ciddi sənətə gəlmək olmur. Tamaşaçı müəyyən müddətdən sonra bunun nə qədər ciddi, peşəkar olub-olmadığına qərar verəcək.

Vaynın bir müsbət cəhəti var ki, istedadın var və onu kütləyə çatdırmağın düzgün yolunu bilmirsənsə, bu işdə sənə məhdudiyyət qoyulmur. İnsan hər hansı bir istedadını, işini bir dəqiqəyə qısa video ilə göstərə bilirsə, bu zaman kütləyə çatmaq imkanı çoxdur. İstedadlı, amma imkansız insanlar üçün çox gözəl imkandır. Mən komediya janrında bəlli vaynerləri izləyirəm. Zamanla bəzilərində işini ciddiyə alanları da görürəm. Əvvəlki videolarla müqayisə aparanda, hətta düzgün rakursda çəkdiyini, işığı normal nizamladığını, toxunduğu mövzuya daha fərqli baxışdan yanaşdığını, yığcam olmağı bacardığını görürəm. Vaxtım olanda hamısını izləməyə çalışıram”.

Prodüser həyatın insana qarşı olduqca ciddi olduğunu və ona görə də insanların televiziyada, sosial şəbəkədə əyləncə axtardığını bildirib: "Bu cür əyləncə axtarışı vaynerə məşhur olma imkanı verir. Amma mənə elə gəlir ki, hər hansı insan məşhur olursa, bu məşhurluq onun qarşısına çox ciddi məsuliyyət qoyur. Mən demirəm ki, vayner işini atıb sosial layihələrdə iştirak etməlidir. Amma sosial layihələrə də vaxt ayırması vacibdir. İnsan nə qədər tanınsa, bir o qədər də dərk etməlidir ki, onun məşhurluğunun ən böyük göstəricisi məsuliyyət olmalıdır”.

Nigar Adil
Mənbə: Report.Az