Vüsal Bağırlı. Bunker (Hekayə)

Vüsal Bağırlı. Bunker (Hekayə)

Tərəddüd və təşviş içərisindəydim. Görəsən, bu gün evə bazarlıq edim ya yox. Əslində missiyanı şişirtməyə heç ehtiyac da yoxdur. Onsuz da evi bir illik azuqə və ərzaq ehtiyatı ilə təpətıx doldurmuşam. Yalnız, çörək qurtarıb. Vəssalam.

Lakın, əvvəlcə artıq vərdiş və aludəçiliyə çevirdiyim işi gorməli, əllərimi yumalıydım. Özü də düz dirsəyə qədər. Özü də paltar sabunuyla və yaxşıca köpüklətmək şərti ilə. Hər gün, televiziya və mətbuatda dönə-dönə bəyan edilən təhlükəsizlik qaydalarında belə deyilirdi. Qaydalara görə, çölə, bayıra çıxan, həyətə düşən hər bir adam tibbi maska da taxılmalıdır. 
Lakin, maska yoxdur. Yerli-dibli tükənib. Dünən ətrafdakı bütün aptekləri ələk-vələk etsəm də, təəssüf, heç nə tapa bilmədim. Qoyunu gördünmü, heç qığını da görmədim. Nə etmək olar, başqa yol yoxdur, onsuz kecinməliydim. 

Köhnə pal-paltar yığılmış skafdan alabəzək, nimdaş bir şərf tapdım. Boynumu, ağzımı, burnumu bərk-bərk bürüdum. Hətta qulaqlarımı da örtdüm. Hər ehtimala. Axı  deyilənə görə, məlun virus çox təhlükəlidir? Orqanizmin harasında yırtıq- deşik, zəif nöqtə tapdısa, bil ki, işin bitdi. Çağırılmamış qonaq kimi, tez içəri dürtülür və hamını yoluxurmamış sakitləşmir. 
Ən pisi də odur ki, hava- damcı yolu ilə də yayılır. Biri xəstələndimi, bil ki, zəncirvari reaksiya ilə digəri də xəstələnəcək. Bir növ, "domino effekti” kimi bir şey. 
Nə isə, vuruşdum, çalışdım, güc-bəlayla da olsa, paltarımı, libasımı və özümü virusla "döyüşə"  hazır vəziyyətə gətirdim. Hər ehtimala, rezin əlcəklər də taxdım ki, özümü tam şəkildə mühafizə olunmuş əsl cəngavər, Don Kixot kimi hiss edim. 

Çöl qapısına yaxınlaşdım. Düzünü desəm, qorxurdum. Bərk həyəcan keçirirdim. Özümə əminliyim bir andaca uçub yox olmuşdu. Dərindən nəfəs alıb əllərimi qapının dəstəyinə sarı uzatdım. Onlar açıq-aşkar titrəyirdilər. Lakın, özümü birtəhər ələ ala bildim və dəstəyi burub, ehmalca itələdim. 

Qapı da elə bil, qorxa-qorxa, ehtiyatla hərəkət edirdi. Olquqca ləng davranırdı. Nəhayət, o taybatay açıldı. Ən təəccüblüsü bu idi ki,  qorxulu hadisə filan baş vermədi. Blokda tam əmin-amanlıq və dinclik hökm sürürdü. Sanki, dünyadakı bütün hərəkət, zaman ritmi dayanmışdı. Sanki, bütün binada məndən savayı kimsə yaşamırdı.

Əvvəl başımı, sonra bədənimi, axırda da ayaqlarımı dartıb bayıra çıxardım. Mübhəm şübhə köksümə çökmüşdü. Heç cür rahatlıq tapmırdım. Birdən mənə elə göründü ki, blokun qapalı havasında uçuşan girdə, tıkanlı virusları öz gözlərimlə görürəm. Cəld sprey flakonun düyməsini basıb, 96 faizlik  spirti ətrafa püskürtdüm. 

Sonra, sterilli salfetlər dolanmış barmağıma düyməni basdım və  lifti yuxarı dartndı. Qurğu hərəkətə gələn zaman elə uğultu, xırıltı saldı ki, qorxdum o da xəstəliyə yoluxub. Xoşbəxtlikdən içəri boş idi. Zorən şübhə isə durmaq-dayanmaq bilmirdi. O, həssas qəlbimi yenə də öz amansız ağuşuna alıb, həzin-həzin gəmirirdi: 

Görəsən, sonuncu dəfə buraya kim minmişdir? Görəsən içəridə asqıran, öskürən, qaz püskürən olubmu? Gözlərimi yumub, liftə daxil oldum və bir da baxdım ki, artıq aşağıdayam.
Həyətə gül-gülü, bülbül-bülbülü çağırırdı. Çöldə səma parçalı-buludlu, hava meyxoş idi. Hardansa özünü yetirən yüngül bahar mehi üz-gözümü tumarladı. Boynumu-boğazımı oxşadı. Erkən baharın mehriban rəftarından xoşhallansam da, ürəyimdəki şübhə əsla tükənmirdi. Təşviş keçirməyə başladım. 

Görəsən külək də yoluxdura bilərmi? Xəbərdarlıq və karantin təlimatlarında bu haqda heç nə deyilməmişdi axı?! Özümə təsəlli verməyə başladım: yox, qətiyyən mümkün deyil, külək virus yaymır, əksinə, havanı təmizləyir, oksigenli,  ciyərimizə gətirir. 

İstər-istəməz əhvalımı düzəldi. Marketə gedən yolda, tərəddüd qarışıq inamla addımlamağa başladım. Qonşularla görüşmək, salamlaşmaq, söhbət etmək zərurəti yaranmasın deyə, anca yerə baxmağa çalışdım,  Amma  ətrafda heç kəs gözə dəymirdi. Məhəllədə tam sakitçilik hökm sürürdü. Bu isə adamı vahimələndirirdi. 

Marketə çatar-çatmaz ətrafa boylandım. İçəridəki yalnız satıcı idi. O, piştaxta arxasından mənə sarı boylandı, mən də ona baxdım. Sözsüz ki, şübhəli nəzərlərlə bir-birimizi təpədən-dırnağa nəyi var süzdük. Saqqız çeynəyirdi. Ağzında maska filan yox idi deyə, ehtiyatı əldən vermədim. Ondan bacardığım qədər gen durmağa çalışdım. 

Boyat çörəklər səliqə ilə vitrin-rəflərə düzülmüşdü. Yaxınlaşıb götür-qoy etməyə başladım. Görəsən kimsə məndən əvvəl bunlara toxunubmu, bişib-bişmədiyini, yumşaq-bərkliyini öz çirkli, iyrənc barmaqları ilə yoxlayıbmı? Mən çörəklərə qorxuyla baxdım, satıcı da mənə.

Dəhşətli fikirlər beynimdə bir-birinə qarışdı. Lənət olsun, istəmirəm. Çörəksiz də keçinərəm. Faydası yoxdur, onsuz da. Kökəldir adamı. Evdə kartof, makaron, düyü və çörəyi əvəz edən min dənə başqa ərzaq olduğu halda, neynirəm onu !? 

Heç nə almadım. Sağollaşmadan, qapını (dəstəyə toxunmamağa çalışırdım) zərblə çırpıb çıxdım. Birbaş evə tərəf götürüldum. Ən salamat məkana üz tutdum: sarsılmaz Barrikadama, alınmaz Qalama, doğma Bunkerimə qayıtdım…