Xan Abdulla- Çiyələkli dondurma

Xan Abdulla- Çiyələkli dondurma

                          Çiyələkli dondurma

 

Divlərin, xortdanların

at oynatdığı vaxtlar

çox vədə bundan əqdəm

sevgiliydik sənlə mən.

 

Təsadüfən ayrılmışdıq,

təsadüfən görüşdük.

buz tək baxışlarınla

üzümə baxdın dik-dik.

 

Hava yaman istiydi.

Günəş par-par yanırdı,

mənsə tir-tir əsirdim.

Həmin soyuq baxışlar

nəfəsimi kəsirdi.

 

O baxışlar bir zaman

ruhumu laylasıyla

məsti-xumar edərdi,

özümü unudardım.

Ziyası qaçmış gözlər

alov-alov yanardı.

 

Qışqırardı o gözlər,

necə xoşbəxt olduğun.

Baha başa gəldi çox,

ömrün bizdən aldığı.

 

Su sızmazdı aramızdan,

Necə mehriban idik.

Gör nə günə qalmışıq,

bu yaşda qocalmışıq.

 

Nə sən o sən deyilsən,

nə mən əvvəlki mənəm,

betərdən də betərəm.

 

Acındırım özümü,

yaman xəstələnmişəm,

çürüyür böyrəklərim

beş-on il ömrüm qalıb,

var səndən istəklərim.

 

Əvvəlkitək bax mənə,

əvvəlkitək sarılaq,

heç olmasa bir günlük

bir dolanaq, bir olaq.

 

Heç olmasa bir günlük,

Cəhənnəm bir saatlıq,

o günlərə dönsəydim,

əllərindən yapışıb,

ləblərini öpsəydim

ölsəm də qəm yeməzdim.

O çiyələk tamını

bir daha duymaq üçün

Eh, nələrdən keçməzdim?!

 

Nə olar, elə baxma,

eləcə don-don durma,

mənim şirin-şəkərim.

Çiyələkli dondurmam.