Xulio Kortasar - Parkların vəhdəti - TƏRCÜMƏ

Xulio Kortasar - Parkların vəhdəti - TƏRCÜMƏ


Xulio Kortasar Argentina yazıçısıdır. 1951-ci ildə Xuan Peronun diktaturasından canını qurtarmaq məqsədiylə Argentinanı tərk edib. Ədəbi şöhrət yazıçıya yalnız "Bestiariya” hekayələr kitabı çap olunduqdan sonra gəlir. Bu kitabda insan və heyvanat aləmi arasındakı qarşılıqlı münasibətdən söhbət açılır. "Dama-dama oyunu” tənqidçilər tərəfindən "ilk böyük Latın Amerika romanı” kimi qiymətləndirilir. Əsər elə qurulub ki, sanki bir neçə romanı özündə birləşdirir və oxucuya istədiyi variantı seçmək imkanı verir. "62. Quraşdırma modeli” romanı "Dama-dama oyunu”ndakı bir bölmə üzərində qurulub. "Xronoplar və famlar haqqında hekayə” kitabında yazar diqqəti insan həyatındakı mənasız şərtiliyə yönəldir. "Bütün alovlar alovdur” məcmuəsində aparıcı mövzu müxtəlif zaman və məkan çərçivəsində müxtəlif ölkələrdə baş verənlər arasında oxşarlığın ön plana çəkilməsidir. "Manuelin kitabı” siyasi məzmunludur. Xulio Kortasar 12 fevral 1984-cü ildə Paris şəhərində dünyasını dəyişib.

PARKLARIN VƏHDƏTİ

HEKAYƏ

O, bir neçə gün əvvəl roman oxumağa başladı. Təcili işləri çıxdığından, kitab oxumağa ara verdi, bir də yalnız qatar malikanəyə qayıdarkən, vaqonda kitab oxumağa qayıtdı. Süjetin inkişafı, personajların cizgiləri tədricən onun canına hopurdu. Axşam çağı, öz vəkilinə məktub yazaraq və icarə məsələlərini idarəedici ilə müzakirə edərək, kabinetin lal sükutunda yenidən kitabı açdı. Kabinetin pəncərələri parka açılırdı. Həmin parkda palıd ağacları böyüyürdü. O, öz sevimli kreslosunda əyləşmişdi, kürəyi qapıya istiqamətlənmişdi, bu cürə əyləşmək onu sevmədiyi qonaqların gəlişi barədə düşünməyə sövq edirdi. O, sol əliylə yaşıl məxməri tumarlayaraq, kitabın son fəsillərini oxumağa başladı. Roman qəhrəmanlarının adları və xüsusiyyətləri onun yaddaşına çətinliksiz-filansız yerikləyirdi. O, dərhal cəlbedici süjetin intriqalarına qapıldı. Hansısa anlaşılmaz həzzlərlə cümləbəcümlə, sətirbəsətir adət edilmiş vəziyyətdən ayrılırdı və eyni zamanda duyurdu ki, onun başı hündür söykənəcəyin məxmərində rahatlanır, əlinin altında siqaretlərin olmasını, pəncərələr qarşısında, palıd ağacları arasında axşam küləyinin axımını duyurdu. Oxuduğu hər bir sözlə qəhrəmanların yöndəmsiz didişmələrini canına çəkirdi. Bu obrazlar bir-biriylə daha da yaxınlaşırdılar, hərəkət edib də yaşayırdılar. Mətni oxuyarkən, onların dağlıq komada sonuncu görüşlərinin şahidi oldu. 

Komaya əvvəl qadın daxil oldu. Ürkək-ürkək. Onun ardıyca sevgilisi daxil oldu, üz dərisində sıyrıntı vardı, yeri qızarmışdı. Elə bayaq budağa sürtülmüşdü üzü. Qız onun bənizindən axan qan damcılarını öpüşləriylə dayandırdı, ancaq oğlan üzünü digər tərəfə çevirdi, çünki bu komaya ona görə gəlməmişdi ki, quru yarpaqların gözlərindən gizli, cığır labirintlərindən gizli əlaqələrini təkrarlasın. Onun sinəsində bıçaq qızarırdı, onun altındaysa lap çoxdan gözlədiyi azadlığa inam çırpınırdı. Həyəcanlı dialoqlar yumalanmış ilan kimi səhifələrdə gəzişirdi, duyulurdu ki, hər şey lap əvvəldən qərarlanıb. Hətta sevgilisinə sarınmış bu əllər, bu nəvazişlər, sanki sevgilisindən fikrini dəyişməyi, daşınıb getməməyi diləyirdi, bu əllər yalnız başqa bir bədənin nifrət doğuran cizgilərini xatırladırdı, bu cizgilər məhv edilməliymiş. Heç nə unudulmamışdı: günahsızlıqlar, təsadüflər, mümkün səhvlər. O saatdan eibarən hər anın öz hökmü vardı. Onlar əvvəldən düşündüklərini iki dəfə təkrarladılar, tələm-tələsik pıçıltılar yanağı sığallayan əllərlə kəsilirdi. Hava qaralırdı. 

Artıq bir-birilərinə baxmadan, ümumi işdə bir-birlərinə bağlıykən, onlar komanın qapısı qarşısında ayrıldılar. O, şimala aparan cığırla getməliydi. Əsk istiqamətdə hərəkət etməkdəykən, o, bir anlığa çevrilib arxaya baxdı, qadının qaçmasına, onun havada uçuşan saçlarına baxdı. Oğlan da ağacların arasında, çəpərlərin arxasında özünü gizləyə-gizləyə qaçırdı və nəhayət göyümtül axşam alatoranlığında evə tərəf hərəkət edən xiyabanı sezdi. İtlər susmalıydılar və itlər susurdular. İdarəedici həmin saatda görüşməməliydi və o, buralarda deyildi. Sevgilisi üç pillə addımlayıb eyvana qalxdı və evə daxil oldu. Qulaqlarında çırpınan qanların arasından qadının səsini eşidirdi: əvvəl mavi qonaq otağı, sonra qalereya, üzərinə xalça sərilmiş pilləkan. Yuxarıda iki qapı. Birinci otaqda bir kimsə yoxdur. İkinci otaqda da heç kim. Kabinetin qapısı. Kabinetdə isə, əldə bıçaq, pəncərədən süzülən zərif günəş şüaları, kreslonun yaşıl məxmərlə üzlənmiş hündür arxalığı və kresloda əyləşib, roman oxuyan insan başı.

Tərcümə: Ramil Rahiboğlu
KULT.AZ