Yalçın Tələtoğlu. İstəyirəm bir oğlum olsun (Hekayə)

Yalçın Tələtoğlu. İstəyirəm bir oğlum olsun (Hekayə)

Qar dayanmadan yağırdı. Bütün  günü qarın altında gəzib tamamilə islansam da, axır ki, axtardığım təzəcə yaşıl rənglənmmiş köhnə qəlyanaltıxananı tapdım. Qapını açıb içəri keçdim. Gözlərimi isti bir hücrə cəlb etdi – uzaq bir küncdə bir stol görünürdü.Üstümün qarını cırpmadan, ayaqlarımı sürüyərək birtəhər ora çatdım. Stulun üstünə yayıldım. 

Otaq elə tüstü idi ki, stollar qatı dumana bürünmüş dağların başındakı qayalıqlar kimi görünürdü. Mən çay sifariş etdim. Bir-iki stəkan çay içib özümə gəldim. Yalnız indi yanımda oturmuş yaşlı bir kişinin mənə necə diqqətlə baxdığını gördüm. Armudu stəkandakı ətirli çayı ləzzətlə və qurtum-qurtum içə-içə çənəmi qabağa uzadıb alnımı qırışdırdım. 

- "Sarı ocaq” deyilən yerə getməliyəm. – qocaya dedim.

Bütün otağa səssizlik hakim oldu. Deyəsən söhbət hamını maraqlandırırdı. Mən çayı keyflə içməkdə davam edirdim. Kişi kim olduğumu soruşmadan:

- Ora niyə getmək istəyirsən, oğul? – soruşdu. 

- Əlbəəl catdırmalı oldugum bir şey var. Məktubdur. Həm də bilirəm ki, oraya getmək çətin bir işdir. Buna görə də özümlə lazımi qədər məbləğ də götürmüşəm. Həmin adam kimdirsə məni həmin məntəqəyə sağ salamat aparıb gətirməlidir. İki min verəcəm. – dedim.

  Qəbir sükutuna bənzər səssizlik çökdü. Mən bir stəkan da çay süzüb burada olanlara nəzər salmağa başladım. Onların demək olar ki, hamısı qoca, saqqallı, acıqlı və qüssəli idilər. Hamısı gözlərini yerə dikərək səssizcə oturmuşdular. Sanki hamısı bir-birilə əlbir olaraq, hansısa dəhşətli günahı törətmişdilər.Qabaqlarındakı stollar hamısında bom-boş idi. Təkcə çox qüvvətli görünən bir nəfərin qabağındakı stol dolu idi. O, nə qüssəli, nə də qaşqabaqlı idi. Yaman iştahla yeyirdi. 

  Yanımda əyləşən qoca gözüylə həmin adama işarə etdi. Dəyəsən o, mən axtardığım adam idi. 

- Yol uzağı beş günlükdür. Beş günə görə iki min əladır. Boynuma alıram ki, bu pula dəyər. Əclafın bəxti gətirir. – qoca elə yavaşca mışıldadı ki, mən güclə eşitdim. 

- Niyə hamı sanki eyni  dəzgahdan cıxıbmış  kimi qocadır. – soruşdum. 

  Kişi dəyəsən bu sualıma cavab vermək istəmirdi. Çünki ayağa durub getməyə hazırlaşırdı. Amma nə isə fikirləşib qəribə tərzdə,yaşına yaraşmayan cəldliklə geri döndü və dedi: 

- İndi adamlar tez qocalır. 

  Mən bir şey anlamayaraq ayağa durdum və çay ilə dolu stəkanımı özümlə götürərək qaşqabaqlı adamın yanına getdim.Onun oturdugu stola catıb bir xeyli gözlədim.Hec bir qarşılıq germədiyim ücün: 

- Sizinlə işim olacaq. – ona dedim və heç bir icazəsiz-filansız  stulu cəkib  əyləşdim. 

  O isə qarşılıq verirmiş kimi qarşısındakı bütöv bir toyuğun yarısını kəsib qarşımdakı nimçəyə qoydu, amma heç bir söz demədi. Onsuz da bərk açdığıma görə yeməyə girişdim. 

- Sabah səhər saat altıda çıxacam. –  əlindəki ətsiz sümükləri səliqe ilə diger nimcədəki sümük qalaqlarının üstünə qoyaraq  dedi.  -  Gecikmək olmaz. Altıda səni qəlyanaltının qabağında görməsəm heç nə vecimə də olmadan gedəcəm. Həm də qabaqcadan beh verməlisən. Bayaq dediyin məbləğin tən yarısını. Yenə deyirəm, altıda burada olsan da, olmasan da, gedəcəm. Gözləməyəcəm. – O, bunları deyib parcda olan tünd içkinin hamısını içdi. Sonra yeni sifariş verdiyi qızardılmış toyuğun bir hissəsini kəsib qarşısındakı nimçəyə qoydu və şirin-şirin yeməyə başladı. 

  Mən adamlara baxdım. Onlar yenə də sakitcə oturmuşdular. Bəziləri gözaltı bizim süfrəyə baxırdı. Yəqin onlar ac idilər, düşündüm. Bir tikə də götürüb süfrədən çəkildim. O isə hələ də yeməyində idi. Tünd qoxu verən içkidən yenə sifariş verdi. Əlavə bir toyuq da. Bu məndə ikrah hissi oyatdı. Niyə mən ancaq bu əclafla getməliyəm? Başqası da ola bilər axı. Bi fikirlə dönüb zalı gözdən keçirdim. Burada olanlar sanki nə fikirdə olduğumu anladıqlarından başlarını yenə aşağı salaraq gözlərini pis iş tutmuş adamlar kimi bir nöqtəyə dikdilər. Mən o saat başa düşdüm ki, alternativ yoxdur. Yoxdur heç olmasın. Onsuz da bunların heç birini tanımıram. Hamısı mənim üçün eynidir. Əgər saat altıda görüşəcəyiksə və əlavə heç bir şey haqqında söhbət yoxdursa, deməli, mən stolu tərk edə bilərəm. Mən pul kisəmi çıxarıb oradan min manat ayırdım. Onu stolun üstünə qoyub heç bir söz demədən süfrədən durdum. İçimdə bu adama nifrət yarandığını hiss etdim. Beş gün onunla bir yerdə olacağımdan təəssüflənsəm də, fikirləşdim ki, əvvəl-axır beş gün qurtaracaq. Ofisianta yaxınlaşıb gecələmək üçün otaq sifariş etdim. 
  
Biz səhər saat altıda yola düşdük. Qatı duman yorğan kimi yavaş-yavaş planetin üstünə sərilirdi. Qəsəbəni çıxandan iki saat sonra hündür bir dağın zirvəsinə dırmaşmağa başlayanda duman daha da gücləndi. Demək olar ki, göz-gözü görmürdü. O, qabaqda, mən isə arxada idim. Ona nifrət etsəm də, hərəkətləri mənim üçün maraqlı idi. Yaşı əllini keçərdi, amma çox qıvraq idi. Sifətdən də yaxşı qalmışdı. Heç bir şey danışmadan irəliləyirdik. Onsuz da onunla heç bir şey danışmaq istəmirdim. Bu vaxt onun səsi eşidildi:

- Dağı bacardıqca tez aşmalıyıq. 
- Niyə? – soruşdum.
- Qar daha da güclənəcək. – o dedi. 
- Niyə "Sarı Ocaq”a yol belə çətindir? Məyər bundan da asanını tapmaq olmaz? – soruşdum. 
- Asan yolla əmələ gələn heç bir şeydə xeyir yoxdur. – o dedi. 
- Niyə qəlyanaltıdakı adamlar hamısı qocadırlar? – soruşdum. 

O, bu suala cavab vermədi. 

  Biz artıq dağın zirvəsinə çatmaqda idik. Duman çəkilmişdi. Mən nə qədər yüksəklikdə olduğumuzu indi fərq etdim. 

- Bir azdan qar göydən xəlbirdən  ələnən tək enəcək. Onda daha çətin olacaq. Biz sakitlikdən istifadə edib dağın o biri tərəfinə keçməliyik. Orada gecələmək üçün yer də var. Elə buradaca ayaqüstü bir tikə yeyək.  – o dedi. 

  Mən oturub əməlli bir şey yeyəcəyimizi düşünürdüm. Çünki bərk acmışdım. Onun məni hesaba almadan tək qərar çıxarması xoşuma gəlməmişdi. 

  Hərəmizə qurudulmuş ətlə bir tikə çörək yedik. O, çörəyi iki əli ilə tutaraq uçurumun kənarında dayanmışdı. İri tikələr qopararaq tez-tez çeynəyirdi. Bilirdim ki, qurtaran kimi yola düşəcək. Buna görə də mən də tez yeməyə başladım. 

  ... O artıq yola düşməyə hazırlaşırdı. Məndə isə çörəyin tən yarısı qalmışdı. Onu çantama qoydum. O, bunu görsə də heç bir şey demədən yola düşdü. Hirsimdən bağrım çatlayırdı. 

- Ayağını mən ayağımı qoyduğum yerlərdən qoy. – o dedi.

  Onun nə dediyini anlasam da, əməl etmək istəmirdim. Birdən o geri qanrılıb izlərə baxdı. Heç bir yerdə onun dediyini etməmişdim. Başını qaldırıb diqqətlə məni süzdü. Ondan qorxmadığımı sübut etmək üçün başımı dik tutaraq onun gözlərinin içinə baxdım. O, bir şey demədi və biz davam etdik. 

         Daima hərəketdə oldugumuz ücün soyugu bir elə də hiss etmirdik.Amma arada nə ücünsə bircə dəqiqə də olsa dayananda mən anladım ki,ölməməyimizə səbəb hərəkətdir.

  Bir qədər getdikdən sonra birdən-birə müvazinətimi itirdim. Mənə nə olduğunu anlamağa macal tapmamış bir anda yerin təkinə getməyə başladım. Qışqırmaq istəyəndə ağzıma o qədər qar doldu ki, sanki boğulacaqdım...

  Nə isə məni yuxarı dartaraq saxladı. Mən göydən asılı vəziyyətdə qalmışdım. Nə göy görsənirdi, nə də yer. Huşum özümdə deyildi. Yuxarıya baxdım. İri bir qar topası havada üzən aysberqə oxşayırdı. O, ləngər vuraraq buruldu və sanki haradansa qırılaraq düz üstümə şütüməyə başladı. Məndən dörd-beş metr aşağı bütünlüklə qar idi. Aysberq xoşbəxtlikdən mənə toxunmadan yanımdan keçdi, ora düşərək dinamitlə partladılmış təpə kimi dağıldı və yüz yerə parçalanaraq özü ilə bir yerdə hər yeri uçuraraq yox elədi. Bu da mənim dəhşətə gəlməyim üçün bəs idi. Mən dibi görünməyən uçurumdan asılı qalmışdım...

  Tutacaq bir yer olmadığı üçün nə edəcəyimi bilmirdim. Bir yerdə getdiyim adamı tanımırdım. Heç onun adını da bilmirdim. Sallana qaldığım anda ağlıma gələn yalnız onun  məni vecinə almadan getməsi idi. Belə düşünürdüm.

           İyirmi beş yaşım var. Lənətə gəlmiş müharibədə bütün qohumlarımı itirmişəm. Onları itirəndə bir ya iki yaşında olduğum üçün heç kim yadıma gəlmir. Bir yaşımdan uşaq evində böyümüşəm. Bildiyim, duyduğum, gördüyüm yalnız həmişə çox asanca tərk edilmək olub. Buna görə də ən böyük, yeganə, həmişə mənə sadiq olan dostum nifrət etməkdir. Yenə də nifrət etdim. O, mənə yüngüllük gətirir. Dodaqlarım qaçdı, gülümsündüm və bu zaman yavaş-yavaş yuxarı dartıldığımı hiss etdim. Məni elə asanlıqla dartırdılar ki, bu ya at, ya maşın, ya da yüz adam olmalı idi. Bir azdan iri bir əl yaxamdan yapışaraq məni yuxarı qaldırdı, güvən və rahatlıq hiss etdiyim qarın üstünə qoydu. Sifətim qarın üstünə dəydi. Soyuq yox isti bir şey hiss etdim. Başımı qaldırıb qarın üstünü qıp-qırmızı gördüm. Bu təp-təzə qan idi. 

  Nifrət etdiyim adam qarşımda dizləri üstə oturaraq kəsik-kəsik olmuş qollarını sarımağa hazırlaşırdı. Məni dartarkən nazik kəndir qollarına dolanaraq onları doğram-doğram etmişdi. 

- Ver kömək edim. – dedim.

- Lazım deyil. Özüm öhdəsindən gələrəm, sən hazırlaş, getməliyik. Bir saatdan sonra qaş qaralacaq.

  Onun ləpirlərinin üstü ilə addımlayaraq dağı burulduq və gecə düşdü. İyirmi dəqiqədən sonra bir mağaraya rast gəldik. Bayırdan heç bir şey görsənməsə də, içində balaca bir qapısı var idi. 
- Buna "binə” deyirlər. Ovçular düzəldiblər. Bir neçəsini də mən düzəltmişəm.

  Qapını açıb içəri daxil olduq və balaca stolun üstündəki şamı yandırdıq. Dəmirdən soba,onun qarşısında isə bir qalaq coxdan yarıldıgı hiss olunan odun da var idi. Tezliklə soba alovlandı və bir stəkan isti çay içən kimi şirin yorğunluq məni ölümcül yuxunun qucağına qoydu...

  Səhər tezdən durub yenə də yola düşdük. Qar yağdığına görə yolumuz uzun oldu...

  Üç gündən sonra dağlardan endik. Bərk yorulmuşduq. "Mən yəqin məbləği artırmalı olacam” düşündüm. 

  O, belindəki yükü yerə qoydu. Onun üstündə oturaraq bir siqaret yandırdı. İndi birinci dəfə ona diqqətlə baxdım. Üzündəki ifadə mənə aydın olmayan, yəqin qarmaqarışıq qayğılarla dolu idi. Amma bütün cizgiləri küt olduğuna görə adamı çəkmirdi. Bu müddət ərzində o, məndə özü haqqında dolğun bir fikir formalaşdıra bilməmişdi. Ya o, buna lazım deyildi, ya da belə bir şey bacarmırdı. Hətta məni xilas etməsi də məndə ona qarşı minnətdarlıq hissi düzəldə bilmirdi. Vestern filmlərində olan hinduları xatırladan hərəkətləri lap zəhləmi tökmüşdü. Bu qədər səbrli insana rast gəlməmişdim. Adi bir kəndiri bağlamaq üçün sərf etdiyi vaxta biz nə qədər yol gedə bilərdik. Öz-özümdə ona "hindu” ləqəbini verdim, daha adını soruşmağa ehtiyac duymamaq üçün.   

  Biz yenidən yola düşdük. Bir gündən sonra at arabası olan bir nəfərə rast gəldik. Bu məni sevindirdi. Dəyəsən bizim getdiyimiz istiqamətdə gedirdi. Bizi də arabasına götürdü. Bu, yolumuzu xeyli qısaltmalıydı. 

  Aydın oldu ki, iki günlük yolumuzun üstündə beş kənd var və biz bu kəndlərdən keçib getməliyik. Qaradinməz yoldaşıma nisbətən arabaçı çox gülərüz və mehriban idi. Yaşının çox olmasına baxmayaraq elə hey içir və tərbiyəsiz mahnılar oxuyurdu. Doğrusu bu, məni bir az əyləndirirdi. O, ancaq söyüşlə danışırdı. 

- İnsana həyatda yeyib-içmək, xoş gün-güzaran qalır. – o dedi. Qalan hər şey puç və əfsanədir. Baxın, mən bir qoca tanıyıram. Yaşı səksəni keçib. Qocalmış gilas ağacı kimi içi boşdur. Bugün-sabah aşasıdır. Özü kimi qoca olan qarısı xəstələnib. Özüm gözlərimlə gördüm, bugün-sabahlıqdır. Lap küpəgirənə oxşayır. Bütün günü yorğan-döşəkdədir. Yumağa dönüb. Kişi bu yaşında odun yarıb satır ki, onun üçün həkim çağırsın. Elə qoca çağında nə həkim! Onsuz da öləcək. 

- Bəs odunçunun heç kimi yoxdur? – mən soruşdum. 

- Yox. Daha doğrusu olublar nə vaxtsa. Ermənilər onun bütün ailəsini gözünün qabağında doğrayıblar. 
- Bəs onun evi haradadır? – Hindu soruşdu. 
- Buradan üç kilometr məsafədə. Bu yol düz ora aparır.-deyə,-o əlilə sag tərəfi göstərdi.
  Hindu  arabanı saxlatdı və biz arabadan düşüb həmin istiqamətdə getməyə başladıq. 
- Sən hara gedirsən? – deyə soruşdum. 

O, heç bir cavab verməyərək yoluna davam etməyə başladı. 

- Sən müqaviləni pozursan. – deyə qışqırdım.
- Bu bizi bir, ya da iki gün gecikdirəcək. – o, sakitcə dedi. 

Qaşın qaralmağına bir saat qalmış iyirmiyə yaxın evdən ibarət olan kiçik bir kəndin kənarına çatdıq və odunçunun evini o saat tanıdıq. Həyətdə tör-töküntü şəklində səpələnmiş odun parçaları, Napoleonun Rusiyaya hücumundan sonra pərən-pərən düşən əsgərlərinə bənzəyirdi. Odunları bütün həyət boyunca səliqəsiz olaraq yığılmasının səbəbini artıq bilirdik. Həyəti bütünlüklə ot basmışdı. Onlar vaxtında biçilmədiyindən, indi üstlərini qar da gizlədə bilmirdi. Su quyusunun yanları uçduğuna görə iri bir çalaya bənzəyirdi. İkimiz də bu acınacaqlı mənzərəyə bir qədər tamaşa etdik. Bir neçə dəqiqədən sonra evin qapısı cırıldayaraq açıldı. Oradan arıq, lakin hündür boylu bir qoca eşiyə çıxdı. O, möhkəm geyinmişdi. Əlində iri bir balta var idi. Skamyada əyləşib onu itilədi. Sonra gətirdiyi kötükləri yarmağa çalışdı. Çox yorğun olduğu o dəqiqə hiss olunurdu. Biz ona yaxınlaşdıq. 

- Ver onu mənə . – Hindu dedi. 

Qoca heç bir söz demədən baltanı ona verdi. 

Hindu baltanı qocaya dörd gündən sonra qaytardı. O, qocanın bütün işlərini qaydaya saldı. Ona pul verdi və həkim də cağırdı. 

Biz yenidən yola düşdük. Bu qaradinməz adam indi daha çevik olmuşdu. Onun yeni-yeni xoşagələn, insanpərvər hərəkətləri meydana çıxırdı. Amma buna baxmayaraq o, məni qətiyyən maraqlandırmırdı. Mən tezliklə "Sarı Ocaq”a çatmaq istəyirdim. 

Nəhayət biz birinci kəndə çatdıq. Onu çox canfəşanlıqla qarşıladılar. Kənd onun gəldiyini bir anda bildi. Hərə ona əvvəlcədən hazırlanmış olan (yəqin onun gəlişini gözləyirmişlər) bağlama yük verdi. Sonra digər kəndlərdən olanlar da axışıb gəldilər. Onların hamısında yük var idi. Hamı yükünü bizim yanımıza qoyur və bizə dua edirdi. 

- Axı bütün bunlar nə üçündür? – deyə, təəccüblə soruşdum. 
- Bunlar sadəcə yükdürlər. – o, dedi. 
- Sən bu qədər yükü necə və hara aparacaqsan? Onlar sənin çiyinlərinə sığmayacaq. Bir də ki, sən onlara borclu deyilsən axı. Mən görürəm ki, onların çoxu səni heç tanımır.

  O, mənə fikir vermirdi. Adamların arasından kimisə axtarırdı. Birdən gözləru güldü. Kimisə işarə ilə çağırdı. Bu, balacaboy, sarışın, üz-gözündən tülkülük tökülən birisi idi. O, hindu ilə ikiəlli görüşərək dedi:

- Salam, böyük qardaş, necəsən?
- Maşınını mənə sat.
- Hansını?
- Kuzovu olanı, "QAZ-66”nı. Odur, bax orada dayananı. 
  Bir az kənarda köhnəliyindən sanki özü də utanan bir "QAZ-66” köndələn dayanmışdı.
- Nə danışırsan, yox, sata bilmərəm! – kişi irişdi. 
  Onun belə danışmağı məni qəzəbləndirdi. Həm də camaatın da sanki dayanaraq baxması məni daha da özümdən çıxarırdı. 
- Onun qiyməti neçəyədir?
- On beş min manatdan bir qəpik aşağı deyil. 
- Necə?! Bu dronqletin heç min beş yüz qiyməti yoxdur! – deyə, çığıraraq maşını göstərdim.
- Qoy olsun! – Hindu dedi. 
  Sonra çantasını eşələyərək oradan on üç min pul çıxardı. 
- İki min borca pul ver. – mənə dedi. 

  Mən onu kənara çəkib dedim: 

- Sən bu dəmir yığınını bu xeyirsiz camaatın yükünü daşımaq üçün alırsan. Onlar isə sanki sən onlara borclusanmış kimi lal-mat dayanıb baxırlar.
- İki min borc ver. – o, təkrar dedi. 

  Ayağımı yerə çırparaq yerimdəcə fırlandım. Daha heç bir şey deməyərək ona iki min borc verdim. Biz maşını aldıq. Yarım saatın içində yükləri maşına çox səliqə ilə yüklədilər. Biz yola düşdük. O, siqaret damağında, özündən çox razı halda maşını sürürdü.

- Bəs bu yük hara gedir? – soruşdum. 
- Buradan beş yüz kilometrlikdə bir şəhər var. Orada yaşayan oğul-uşağa yəqin ki. – dedi.  

  Təqribən üç saatdan sonra o, maşını saxladı. Düşüb balaca bir təpənin arxasında gözdən itdi. Bir xeyli onu gözləyəsi oldum. Nəhayət, o, göründü. Əlində bir neçə silah var idi. Birini – "Kalaşnikov” avtomatını mənə uzatdı və dedi:

- Keç sükan arxasına. 

  Mən avtomatı sığallayıb sükan arxasına keçdim. O isə mənim yerimdə oturdu və yuxuya getdi. 

  Fikrim yaman qarışıq idi. Gözlərim önündə canlanan hər bir şey mənə kinonu xatırladırdı.İndiyə qədər olan yetimlik  həyatımı qurdalamağa başladım. O, bütünlüklə xəyal və arzulardan ibarət idi. Amma xəyallarımın heç birində "Kalaşnikov” yox idi. İndi gerçək olan nə idisə məni özünə çəkirdi və mən birinci dəfə adrenalinin nə olduğunu hiss etdim. "Hələ "Sarı Ocaq”ı tapandan sonra gör nə olacaq”deyə fikirləşirdim. Bu vaxt mavi qalstuklu bir adam maşını saxlatmaq istədi. Mən maşını saxlamağın düzgün olmadığını bildiyim üçün, sürəti daha da yüksəltsəm də, o, bunu anlayırmış kimi özünü maşının qabağına atdı. Cəld əyləci basdım. Maşın yolda yarım dairə cızdı. 

- Motoru söndürmə, uşaq! Sükanı düzəlt! Tam sürətlə irəli! – Hindu çığırdı. 

  Lakin mən onu eşitsəm də, gördüklərimdən dəhşətə gəlmişdim. Bütün yol mavi qalstuklu onlarla adamla dolu idi. Onlar qədər eybəcər məxluq heç vaxt görməmişdim. Hinduya baxdım. Deyəsən o da gördüklərinə inanmırdı. 

- Adətən belə çox olmurdular. – o, mızıldadı. - Sür düz üstlərinə. 
- Mən bunu bacarmaram. – deyə, əlimi sükandan çəkdim. 

  O, iki əli ilə yaxamdan yapışaraq məni özünə sarı çəkdi. Sanki tapdalayaraq az qala üstümdən keçərək sükan arxasında oturdu. Elə o dəqiqə də qaza basdı. Mən əlimlə gözlərimi tutdum. Maşına dəyən zərbələrdən və onun gah sağ, gah da ki, sol tərəflərinin qalxıb düşməsindən bilirdim ki, adamlar təkərlərin altına düşür. 

- Avtomatdan atəş açmalısan. – Hindunun səsi eşidildi. 
- Mən adamlara atəş aça bilmərəm. 
- Onlar bizi öldürərlər. Maşındakı bütün yükü də qarət edərlər. 

  Avtomatın lüləsini pəncərədən bayıra çıxardım. Tətiyi isə çəkə bilmədim. Bu vaxt onlardan biri atılıb avtomatdan tutdu. Lülə düz onun boğazına sıxılmışdı. Bircə atəşlə onu yıxa bilərdim. Lakin bunu etməyə cəsarətim çatmadı.

- Bəs indi neynəyəcəksən? – Hindu soruşdu. - O əclafın sifətinə bax. O, artıq başa düşüb ki, sən atəş açmayacaqsan. Onlar bunu tez dərk edirlər və bizi məhv etmək üçün elə bundan istifadə edirlər. Atəş aç, dostum. Göndər onu öz əbədi evinə!

  Mən, avtomatdan yapışan mavi qalstuklu adamın sifətinə baxdım. Lülə boğazına dayansa da onda qəribə arxayınlıq var idi. Doğrudan da, o, mənim atəş açmayacağımı hiss etmişdi. O, mənə qətiyyən fikir vermədən yanındakıları çağırır və onların da atılıb maşına minməklərini istəyirdi. Bu vaxt o, iti bir bıçaq çıxarıb əlimə soxmaq istəyəndə top kimi geriyə uçdu. Dəyəsən tətiyi çəkmişdim. Daha gözləməyərək yaxına gələnlərin hamısını qırmağa başladım. On dəqiqədən sonra onlardan canımız qurtardı. 

  Biz həmin şəhərə girmədik. Onun yanından ötdük. Bir neçə adam bizi qarşıladı. Hindu bütün yükü maşın qarışıq onlara verdi. Biz isə yenidən piyada getməli olduq. 

  Bu qəribə adamın adını hələ də bilmirdim. Doğrusu ona etinasız yanaşmağımın səbəbini anlayıb tapmaq istəyirdim. Axı adamlara qarşı bu qədər pis mövqedə dayanmaq olmaz. Həm də ki, o, mənə heç bir pislik etməmişdi. Tündməcaz, az danışan bu adamı hindulara oxşatmağımdan xoşum gəlirdi. Amma buna baxmayaraq ona inanmırdım. Onun məni istənilən vaxt tərk edə biləcəyi fikri başımdan çıxmırdı. Mənə elə gəlirdi ki, bütün insanlar belədir. Onunla ilk tanışlığımdan məndə yaxşı təəssürat yaratmamışdı. Amma bura qədər etdiklərini yadıma salanda onun heç də pis adam olmadığı göz qabağında idi. Ola bilsin ki, get-gedə onun haqqında fikrim dəyişilə bilərdi. Bütün insanlar haqqında fikrim dəyişilə bilərdi. Görəsən bütün insanlar haqqında fikrim dəyişilə bilərmi və dünyada yaxşı adamlar çoxdurmu? Bəs onlar haradadırlar? Dünyaya nə cür yayılıblar?  Harada azdılar, harada çoxdurlar? Oranı necə müəyyənləşdirə bilərəm və ora necə gedə bilərəm? Neçə illər idi ki, minlərlə bu cür suallar məni düşündürürdü. Amma suallara cavab tapmaq bəzi hallarda çox çətin olur. 

  Cökə ağaclarından ibarət olan pöhrəliyə çatanda artıq hava qaralmaq üzrə idi. Mənə həmişə elə gəlirdi ki, səmadakı ulduzlar adamların özləridir. Həm də ancaq yaxşı adamların. Çünki biz bütün dünyada olan yaxşı insanları görə bilmərik. Onlar yer özündə yaşaya-yaşaya həm də ulduza dönürlər ki, onları hamı görsün, tanısın. Fikirləşirdim ki, başqa cür ola da bilməz. Biz onlara daim yaxın olmalıyıq. Bu mənim uşaqlıq xəyallarımın əsasını təşkil edirdi. Həmişə səmada onları axtarırdım. Başımı qaldırıb səmaya baxdım. Ulduzlar hələ görünmürdü. Mən səmanın hər künc-bucağına boylanmağa başladım. 

- Onları hələ görə bilməzsən. – hindu dedi. - Sən yəqin ki, ulduzları axtarırsan. 
- Haradan bildin ki, ulduzları axtarıram?
- Hərdən mən də onları axtarıram. Mənə elə gəlir ki, hamı onları axtarır. 

  O, bu sözləri deyərkən onun qatı riyakar olduğunu düşündüm. Fikirləşdim ki, ola bilsin ki, ulduzlar haqqında necə olubsa ağzımdan qaçırmışam. İndi o, mənə xoş olsun deyə, bundan istifadə edir. Ona bütün varlığımla nifrət etdim. Üz-gözümü turşudub kənara çəkildim. Bir azdan qatı zülmət hər tərəfi öz aquşuna alanda o, artıq ocaq qalamışdı. Növbə ilə yatmalı olduğumuzu bilə-bilə başımı atıb yatdım. 

  Səhər ikimiz də tezdən oyaq idik. Hərəmizə bir stəkan çay içib, bir tikə də çörək yedik. Yola çıxmağa hazırlaşırdıq ki, uzaqdan iki atlı göründü. Onlar bizə çatanda gördük ki, əslində  at dörd, adam isə ikidir. Məlum oldu ki, onlar "Sarı Ocaq”ın yanından keçəcəklər. Dedilər ki, əgər yolumuz birdirsə, biz də onlarla gedə bilərik. Ancaq atları bizə kirayəyə verəcəklər. Hindu buna razı olmadı. 

- Yox biz özümüz gedərik. – çox inamla dedi. 
- Miniklə yol üç günlükdür, piyada isə beş, bəlkə də altı günlükdür. – nisbətən cavan olan izahedici tərzdə dedi. - Həm də özünüz bilərsiniz.
- Sən niyə razılaşmaq istəmirsən? – mən hindudan soruşdum. 
- Mən bu yolları daha yaxşı tanıyıram. Ora atla getmək olmaz. İndi daha ehtiyyatlı olmaq lazımdır. 
- Biz də yolları tanıyırıq. Buraların adamları olduğumuz üçün yollara əllərimizin içi kimi bələdik. – qırmızı saqqallı olan yekəpər atlı dedi. - Biz adamları daşımaqla məşğuluq. İki adam aparıb mənzil başına çatdırmışıq, indi də geri qayıdırıq. Bəxtinizdən buna görə atlarımız boşdur. Bundan istifadə etmək istəmədiyiniz üçün təəssüf edirik. İndiki zamanda eyni yolçuluqda boş at tapmaq çətindir. 
- Qoy olsun. Təəssübkeşliyinizə görə minnətdarıq. – Hindu dedi. 

  Beş-altı günlük yolu uzadaraq on iki gün etmişik. Bundan sonra hansı macəralarla rastlaşacağımızı, hansı sürprizlərin bizi gözlədiyini fikirləşmək belə istəmirdim. Bu adamın tündməcazlığı, anlaşılmaz hərəkətləri məni artıq təngə gətirmişdi, baxmayaraq ki, o, heç də pis adama oxşamırdı. 

- Mən bu adamlarla gedirəm. – deyə, boş atlardan birinə tərəf addımladım. - Bura qədər məni gətirdiyinə görə çox sağ ol. 
- Sən tanımadığın adamlarla gedə bilməzsən. – deyə, o, az qala qarşımı kəsmək istədi. 
  Mən əlimlə onu kənarlaşdıraraq dedim:
- Sən də tanımadığım adam idin. 

  O, heç bir şey deməyərək başını dik tutub dayandı. Belədə doğrudan da hindu kişilərinə oxşadı. 

- Sənə üç min manat borcum var.-dedi. 
- Eybi yoxdur. Başqa vaxt qaytararsan.-  deyib ayağımı üzəngiyə qoydum və atın belinə qalxdım.Ücümüz də centlmenlər kimi onunla başımızla sagollaşdıq. O dəqiqə də götürülərək çapmağa başladıq. On dəqiqədən sonra mən bir az yavaşlayıb geri baxdım. Pöhrəlik güclə görünürdü... 

  İki saatdan sonra biz kiçik bir çayı keçib yolu sola burulduq. Bir qədər getdikdən sonra daşlı-kəsəkli bir yola düşdük, amma bu yolun sonunda axırı dağlara dirənən meşə görsənirdi. Belə meşəlikdə heç vaxt olmamışdım. 

  Bakıda kiçik bir maşın rəngləmə sexi açmışam. İşi yaxşı bildiyimə görə yaxşı da pul qazanıram. Bildiyimə görə əslən elə Bakılı olmuşuq. Atam işgüzar adam imiş. Şəhərdə özünün balıq dükanı varmış. Ermənilərin hücumu vaxtı ailəsi ilə, yəni anam və mənlə Şuşada bir dostunun evində olub.Nə isə şadyanalıq imiş.  Onda mənim bir-iki yaşım ancaq olub. Bunu mən bir az böyüyüb anlayandan sonra uşaq evində eşitmişdim. Bilirdim ki, atamı da, anamı da ermənilər öldürüblər. Deyirdilər ki, atam çox güclü və qorxmaz imiş. Məni uşaq evinə gətirən adamlar onun camaatı xilas etmək üçün necə döyüşdüyünü gözlərilə görüblər. Təkcə onu bilirdim ki, atamın adı Rəhman olub. Adımı bilmədiklərinə və heç bir sənəd-sünədim olmadığına görə, mənə yetimxanada elə Rəhman adı verib, soy adımı da Rəhmanov qoyublar. Əlbəttə ki, bundan razıyam. Rəhmanov Rəhman Rəhman oğlu. Əla səslənir. Bu əhvalatların üstündən on illər keçib... Məni uşaq evinə təhvil verən Şuşa sakininə də Allah uzun ömür veribmiş. O, bu yaxınlarda əyalətdə olarkən Rəhmanı – yəni mənim atamı təsadüfən avtobusda görüb. Elə yaxın olublar ki, hətta əlini uzatsaymış ona çatarmış. Amma yaxınlaşıb onunla söhbət etməyə, dediyinə görə, ona heç nə mane olmayıb. Nəyçünsə buna curəti çatmayıb. "Mən ona yaxınlaşa bilmədim, oğul” – o, mənə dedi. - Heç bilmirəm nəyə görə. Yəqin ona görə ki, mən həmin adamın Rəhman olmasını çox istəmişəm. Qorxmuşam ki, "Mən sən deyən adam deyiləm deyər”. Amma bu dəqiq odur. Sən onu axtarmalısan. – axır ki, bir ay bundan əvvəl məni tapıb bunları dedi. Çox təkif elədi ki, atamın axtarışında o da iştirak etsin. Lakin razı olmadım, söz verdim ki, onu axtaracam, əgər doğrudan da o olsa, onları mütləq görüşdürəcəm. İndi buna görə yoldayam. Heç kimə də məktub filan aparmıram. 

  Artıq axşam yaxınlaşırdı. Onlar yola çıxandan mənimlə bir kəlmə də kəsməmişdilər. Bir azdan dayandıq. Atlardan düşüb onları ağaca bağladıq. Belə şeylərdə naşı olduğum üçün mənə də kömək etdilər. Cavan oğlan mənə yaxınlaşıb, heç bir şey demədən, gözləmədiyim halda var qüvvəsi ilə sinəmdən vurdu. Mən yerə yıxılıb ağrıdan qovrulmağa başlayanda ikisi də məni təpikləməyə başladılar. Nə qədər edirdimsə, əllərindən qurtara bilmirdim. Heç bir şey soruşmağa da imkan vermirdilər. Sadəcə olaraq döyülməyimin səbəbini bilmək istəyirdim. Qırmızısaqqal axır ki, əyilib sağ qolumdan yapışaraq, onu burmağa başladı. Əclafda az qala ayı gücü var imiş. O, məni ayağa durquzdu. Nə isə soruşmaq istədim. Ağzımı açan kimi cavan bir yumruq ilişdirdi. Bundan üç dişim sınıb düşdü. Bütünlüklə qanın içində idim. Yenə nə isə demək istəyəndə növbəti yumruq gəldi. Anladım ki, bunlar danışmağımı istəmirlər. 
  Məni İsa peyğəmbər kimi ağaca bağlayıb dərindən nəfəs aldılar və qırmızısaqqal sakitcə üstümü axtarmağa başladı. Pul kisəm tez tapıldı. İçində beş min dollar və bir də xırda-xuruş var idi. Qolumdan amerika istehsalı olan gözəl "Taymeks”imi açıb götürdülər. Bunu sevdiyim qız bağışlamışdı. Saata baxa-baxa qaldım. Yenə hər yerimi möhkəm axtardıqdan sonra bir şey tapa bilməyib bir-iki yumruq da ilişdirdikdən sonra əl cəkdilər və bir az kənarda ocaq qaladılar.

  Qəhvədanda su qaynadıb çay dəmlədilər. Başqa bir qabda isə düyü qaynadıb üstünə iki banka ət konservi tökdülər. Bunun iyi məni lap bihuş elədi. Sonra çantalarından araq çıxarıb doyunca yeyib içdilər. Mənə tərəf heç dönüb baxmırdılar da. Sanki yadlarından çıxmışdım. Ocaqdan uzaq olduğuma görə az qala donurdum. Hər tərəf zülmət qaranlıq idi. Nəhayət cavanın səsi eşidildi. Amma bu dəfə o, ermənicə danışırdı. Mən heç bir şey başa düşmürdüm. 

  Bir neçə dəqiqədən sonra cavan ayağa durub mənə yaxınlaşdı və qolumun birini açmağa başladı.Elə acan kimi məni yumruqlamaga başladı .Hamısını qarnıma vururdu. Taqətdən düşüb tək qolum üstündə sallandım. O, digər qolumu da açdı. Mən yerə sərildim. Qollarımdan yapışıb məni ocağa sarı sürüdü. Gözümü açıb qırmızısaqqalı gördüm. O, belini ağaca dayayaraq oturmuşdu. Cavan özü də qırmızısaqqalla üzbəüz başqa bir kötüyün üstündə oturub məni özünə tərəf çəkdi, başımı ayaqlarının üstünə qoyaraq məni arxam üstə uzatdı. İndi mən qırmızısaqqalla üzbəüz idim. O, ayaqlarını yığışdırıb başını mənə tərəf uzatdı, az qala burnu burnuma dəyirdi. Ağzından gələn murdar iy ürəyimi bulandırdı. 

  Cavan bir əli ilə məni tutaraq digərilə başımı tumarlayırdı. Qırmızısaqqal bir xeyli mənə baxdı. Sonra nə isə dedi. Cavanın əli boynumda gəzməyə başladı. Ora ilan kimi soyuq bir şey dolanırdı. Birdən o, iki əlini də buraxıb, məni bir az irəli itələdi və dizlərini kürəyimə dirəyərək dayandı. Hiss elədim ki, ilan kimi soyuq şey boğazımı sıxmağa başlayır. Bu vaxt ölümün astanasında olduğumu anladım və bərk müqavimət göstərməyə başladım. Qırmızısaqqal vəhşi it kimi üstümə aşıb əllərilə ağzımı tutub sıxmağa başladı. Mən ayaqlarımı onun qarnına dirəyib onu üstümdən itələməyə çalışırdım. Amma gücüm tükənmək üzrə idi. Onlar məni boğurdular. Getdikcə müqavimətim zəifləyirdi... 

  Qırmızısaqqalın əlləri öz-özünə boşaldı. Hiss elədim ki, eyni zamanda boynuma dolanan soyuq ilan da daha məni sıxmır. Qırmızısaqqal üstümə uzanıb qalmışdı. Birdən fizika qanunlarının əksinə olaraq əcaib şəkildə üstümdən qalxdı və bir an göydən asıla qalaraq cəld kənara tullandı... Hindu qarşımda dayanmışdı. O, məni dikəldib oturtdu. Rahat nəfəs aldım. Elə bil ilanın ağzından qurtarmışdım. O, məni ikinci dəfə labüd ölümdən qurtardı. 

  Ağzımı duzlu su ilə yaxalayıb yarım stəkan ilıq su içdim. 

  Səhər açılanda ocaqda təptəzə köz, üstündə isə horraya dönmüş düyü var idi. 

- Əla düyüləri var əclafların. Yəqin haradansa çırpışdırıblar. Bir şey yeyə biləcəksən? – mənə baxmadan soruşdu. 

  Mən acından ölürdüm. Ağzım şişib incitsə də doyunca yedim. 

- Yola düşməliyik. – o, dedi. 

  Sözsüz tabe oldum. Biz atları buraxdıq. Hindu piyada getməyə üstünlük verirdi. Bura kiçik təpələrdən ibarət düzənlik idi. 

- Bura bax, sağ ol. – deyə, ona tərəf baxmadan dedim. 

  O, eşitsə də, heç bir şey demədi. Üzündə sevincə bənzər qəribə bir ifadə var idi. Ona baxanda mənə elə gəlirdi ki, biz yüz il yol getsək mən onu anlamayacağam. 

- Sən heç ömründə bir dəfə də olsa arzu etmisən? – soruşdum. 

  O isə cavabında mənə qarşı tərəfi göstərdi:

- Çay. – sadəcə olaraq dedi. 

  Qarşımızda iri bir çay axırdı. Burada elə bir çayın ola biləcəyini gözləmirdim. Sahilboyu isə mavi qalstuklu adamlarla dolu idi. Onlar hansısa inşaat işlərilə məşğul idilər. Çayın üstünü hər iki sahilboyu dəmir konstruksiyalarla hörümçək toru kimi hörərək keçilməz edirdilər. Yalnız hər yarım kilometrdən bir giriş qoyurdular. Biz ağacların arxasında gizlənərək onlara baxırdıq. Bir neçə gün əvvəl rastlaşdığımız həmin eybəcərlər idilər. Başlarını aşağı salaraq çox sakitcə işləyirdilər. 

- Onlar nə ilə məşğuldular? – mən soruşdum. 
- Üç gündən sonra işi bitirib gedəcəklər. – o, dedi.
- Haradan bilirsən?
- Birinci dəfə deyil. – cavab verdi. 

 Bu vaxt iki nəfər bizə yaxınlaşdı. Onlardan biri qəlyanaltıxanada gördüyüm həmin qoca idi. Biz onlarla həmin ərazini tərk edib getdik. Hündür bir təpəyə dırmandıq. Çay oradan daha aydın görünürdü. Mavi qalstuklu adamlar qarışqa kimi qaynaşırdılar. Üç gündən sonra, iki gün ərzində, onlar yığışıb getdilər. Hindu belinə təhlükəsizlik kəməri bağlayaraq, özü ilə bir qədər açar-uçar götürdü və təpədən aşağıya düşərək gözdən itdi. Mən qocadan onun hara getdiyini soruşdum. O, cavab verdi ki, metal konstruksiyanı sökmək üçün getdi. 

- O, bu konstruksiyanı üç dəfə söküb. – qoca dedi. 
- Necə? – mən kinayə ilə ona baxdım. - Bu boyda möhtəşəm layihəni üç dəfə sökmək? Bunun üçün beş yüz Bryus Li, min beş yüz də Çak Norris lazımdır. – mən dedim. 
- Yox, sadəcə vətənpərvər olmaq lazımdır. – o, dedi.
- Axı bu nə deməkdir? – soruşdum. 
- Bunu iri sinditaklar birləşərək edirlər. Çayı camaatdan gizlətmək üçün. Əhali bütün azuqəsini demək olar ki, bu çaydan alır. Onlar çayla camaatın əlaqəsini kəsmək üçün bu murdar toru hörürlər. Çayın bütün sərvətlərini mənimsəyir, sonra camaata baha qiymətə satırlar. Bizim oğlan isə indi gör nə edəcək. Bir azdan başlanacaq. 

  Yarım saat keçməmiş biz dəmir şəbəkənin üstündə balaca bir şeyin vurnuxduğunu gördük. Bu əsl hörümçəyə  oxşayırdı. Amma hörümçəkdən fərqli olaraq o, toxumurdu, sökürdü. O, şəbəkənin üstündə gah bura, gah da digər yerə tullanırdı. Haradan çəkilirdisə həmin yer uçub çayın dibinə gedirdi. O, sanki, dəmirləri əridirdi. Mən binoklla baxıb gördüm ki, o, əlindəki açarlarla bolt qaykaları açır. 

- İki gün ərzində, o, irili-xırdalı altmış yeddi min bolt qayka açacaq. – qoca dedi. - Bu da onun sənə olan borcu. – deyə, mənə üç min pul uzatdı. - Götür, onlar sənindir. Onun tapşırığıdır. 
- Yəni, o tək bu qədər işi görə biləcək?
- Əlbəttə. Təki sindikat xəbər tutmasın. Şəbəkə uçduqca çayın içində qurulmuş tor da məhv olur. Balıqlar irəli gedə bilir. İndi camaat ovla məşğuldur. Şəbəkəni nə qədər çox söksə, o qədər də yaxşı ov olar. 
- Bəs ona niyə kömək eləmirlər? Axı kömək olsa hər şey daha tez olar. 
- Onlar qorxurlar. Qorxurlar ki, sindikat onları məhv edər. Bunə görə də hamısı əzab çəkir. İndi bildin qəlyanaltıxanadakılar niyə tez qocalırlar.
  Mən hər şeyi başa düşmüşdüm. Birdən-birə hinduya – bu qəhrəman adama qarşı məndə böyük bir məhəbbət oyandı. Onu bir daha görməyi arzuladım. 
- Bura bax, qoca, mən də gedirəm ona kömək etməyə. – deyə, hazırlaşmağa başladım. 
- Yox. Bu mümkün deyil. Bunun üçün xüsusi hazırlaşmaq lazımdır. Bu elə də asan deyil. 

  Qocaya telefonla zəng edib dedilər ki, ov bu dəfə çox uğurlu olub. Camaat bütün qışın azuqəsini götürə bilib. Qocanın fərəhdən gözləri gülürdü. Bu vaxt bayaq qocanın yanında olan bəstəboy kişi bizim yanımıza qayıtdı. Tövşüdüyündən danışa bilmirdi. Nəhayət xəbər verdi ki, sindikat bundan xəbər tutub. Az müddətə burada olacaqlar. Rəhmana xəbər vermək lazımdır. Hadisələr elə tez cərəyan edirdi ki, mən söhbətin nədən getdiyini anlayınca atışma səsləri aləmi götürdü. Aşağıda mavi qarışqa sürüsü göründü. Onlar artıq mənə tanış idilər. Hamı cəld silahlandı. Cəmi on iki nəfər idik. Sindikatın ordusunun yanında bu kiçik damla idi. Mənə silah vermədilər. Mən tələb etdim. 

- Bu sənin məsələn deyil. – qoca dedi. 
- Bəs kimin məsələsidir? – mən dedim. - Siz istəyirsiz ki, mən də vaxtsız qocalım? 

  Hamı gülüşdü.

  Biz döyüşə atıldıq. Güllələr hər tərəfdən şığıyır, ağaclara dəyərək onları ot kimi biçirdi.

- Ehtiyyatlı ol cavan oğlan. – qoca qışqırdı. 

 Onunla mən bir yerdə idik. 

- Bəs onun adı nədir? – mən soruşdum. 
- Kimin?
- Məni bura gətirənin, şəbəkəni sökənin. 
- Hə, bizim oğlanın. – deyə, qoca nişan alaraq bir eybəcəri yıxdı. - Rəhman. Ona "Sarı Ocaq”lı Rəhman deyirlər. Əslində o, buralı deyil. Ailəsini vaxtilə Şuşada itirib. Elə o vaxtdan da qalıb "Sarı Ocaq”da. – qoca danışırdı. 

  Mən daha heç bir şey eşitmirdim. Key kimi dayanıb qulaq asırdım. Birdən qoca mənə tərəf döndü və gördü ki, mən tamamilə güllə altında oturmuşam. Güllələr ətrafımdan əcaib səsləri iz kimi buraxıb gedirdilər. Qoca başımdan aşağı basdı. 

- Dəli olmusan, səfeh! – deyə, bağırdı. 

  Birdən mavi qalstuklular da, qoca da, güllələr, hətta göllər, dənizlər, okeanlar, ən hündür dağlar, ən gözəl çiçəklər də mənim üçün öz əhəmiyyətini itirdi. Mən ayağa qalxıb güllələri yağış kimi səpələdim və çaya tərəf götürüldüm. Döyüşçülər bunu hücum kimi qəbul edib, - "Ura!” – deyə, bağıraraq hücuma keçdilər. Döyüş yenidən qızışdı. 

  Mən çaya enib, onun sahilindən iki metr aralı olan kiçik bir təpənin arxasında gizləndim. Güllələr qarşı tərəfdən gələn çəyritkə sürüsü tək az qala gözlə görsənirdilər. Onlar sanki bağıraraq bizi təslim olmağa, ölməyə çağırırdılar. On iki il bundan əvvəl, yetimxanada balaca bir oğlan mənə yaxınlaşıb dedi ki, onu bir müəllim qaralayıb. O, müəllimin adını dedi. Elə bir əclafın adını eşitdim ki, ondan hamı qorxurdu. Onun uşaqları qorxutmaq üçün müxtəlif təsiredici metodları var idi. Rəhbərlik bunu bildiyi halda ona dəyib toxunmurdu. Onun mütərəqqi metodları görən gözü yox idi. İnsanları əsil nasist kimi, insan kimi formalaşmağa macal tapmamış, ruhən sındırır, əzirdi. Onsuz da ondan zəhləm gedirdi. Bu məsələni eşidəndə isə nifrətim təlatümdə olan dənizin dalğaları kimi aşıb daşmağa başladı. Lakin uşaq səhv də edə bilərdi. Mən onu güdməyə başladım və əmin oldum ki, o, balacadan doğrudan da murdar bir şey tələb edir. Uşağa göz verib işıq vermirdi. Başa düşdüm ki, bütün varlığım onu öldürməyi arzulayır. Qarşımı heç kim kəsə bilməzdi. Buna görə də, yaxşı bir fürsət düşən kimi, səksən santim uzunluqda olan,adi vintacan nazikliyində olan dəmir milçini onun üfunətli içinə bir anda yeritdim. Milçinin uc tərəfi ağzından baxanda qida borusundan görünürdü. Həkimlər məəttəl qalmışdılar ki, o, bunu neçə udub. Səbəbini tapmaq uzun cəkmişdi. Gülməkdən uğunurduq. Sonra da əzablı türmə illəri... Mən orada ölümə qarşı dayanmağı öyrənmişdim. 

  Mən yerimi tez-tez dəyişir, hindunu, yəni öz atamı axtarırdım. Belə bir qəhrəmanın mənim atam olması bütün varlığımı riqqətə gətirmişdi. Hindular əslində igid xalqlar olsalar da, indi onu "hindu” adlandırmağımdan utanırdım. Ondan heç olmasa bircə dəfə adını soruşmamağımı yaradan bütün səbəblərə nifrət etdim... 

  Heç bir səs-səmir yox idi. Artıq iki saatdan çox idi ki, döyüş gedirdi. Səngimək əvəzinə daha da qızışırdı. Mən hövsələdən çıxmışdım. Daha heç bir təhlükəsizlik tədbiri görmədən hər dəlmə-deşiyə baş vururdum. Mən elə bir varlığı axtarırdım ki, hətta, ölə biləcəyimi də unutmuşdum. Güllələr sanki bundan əsəbləşərək qeyzlənir, vay-şivən qopara-qopara dalımca düşərək məni qarabaqara izləyirdilər. Onlar hər tərəfimdən şığıyıb keçirdilər. Yerə uzanmağa məcbur oldum. Bunu gözləyirmiş kimi  güllə yağışı kəsdi. Mən arxası üstə yerə uzanmışdım. Qar yağaraq dənəciklərini üzümə səpələyirdi. Boğuq it ulamasına bənzəyən avtomat, pulemyot səsləri də kəsildiyindən sakitlik yarandı. Qar dənəcikləri nə qədər iri olsalar da, sifətimə düşən kimi əriyirdilər. Mən onlar üçün qaynar soba kimi idim. Onlar su damlalarına çevrilərək süzülür və bu zaman sifətimi qıdıqlayırdılar. Bu anda qulağıma kiçik inilti səsi gəldi. Məndən dörd-beş metr aralıda kolların arasında kimsə var idi. Oranı güllə tutmurdu. Amma ora qədər olan yolu güllə tuta bilərdi. Mən bir qədər qalxıb onun Rəhman olduğuna əmin olmaq istədim. Sarı rəngli gödəkcəsindən bunun o olduğunu bildim. Bir balaca hərəkət edən kimi güllələr yolda divara çevrildilər. Başa düşdüm ki, məni izləyirlər. Bədbəxtçilikdən ora başqa yol yox idi. Sol tərəfdən mən kolluğa yaxınlaşmaq üçün gərək böyük bir dairə cızaydım. Bunun mənası olmayacaqdı. Yenə sakit inilti səsi eşidiləndə, daha dözümüm çatmadı. Bir sıçrayışla özümü yolun ortasına atdım. Heç bir güllə-filan olmadı. Sanki bu gözlənilməz hərəkətim onları çaşdırmışdı. Mən gözləməyib irəli cumdum. Kolluğa çatanda o qədər avtomat, pulemyot səsi gəldi ki, elə bil, bütün dünya atəş açmağa başlamışdı. Bizimkilər də cavab atəşi açmağa başladılar. 

  Yaralıya yaxınlaşmağa ürək eləmirdim. O, arxası üstə uzanmışdı.
 
- Məni düz uzat. – o, dedi. 
  Demək məni görürdü.
- Düz, yəni necə? – soruşdum. 
- Düz. – o, yenə təkrar etdi. 
  Xasiyyətini bildiyimə görə daha heç bir şey soruşmadan onun başını qaldırıb dizlərimin üstünə qoydum. Onun sinəsi parça-parça idi. Büsbütün qan içində idi. 
- Sən bura necə gəldin? – güclə soruşdu. 

  Mən heç bir şey demədən ona baxırdım, illərlə arzuladığım, həsrət qaldığım üz cizgilərinə. Onunla bu qədər yol gəlmişdim. Amma onun bu qədər yaraşıqlı olduğunu sezməmişdim. Sevinməyə nəsə mane olurdu. Birdən anladım ki, mən onu əbədi olaraq itirmək üçün tapmışam. Ona heç cür kömək edə bilməyəcəyim aydın olanda bağırmaq, var qüvvəm ilə bağırmaq, bütün dünyanı köməyə çağırmaq istədim. O, necə də yaraşıqlı idi. O, mənim atam idi... Mən hər şeyə nifrət edirdim. Amma bu nifrət elə bil heç yox imiş. Birdən-birə onun yerini nə isə zərif bir duyğu tutmuşdu və incə sözlər deməyimi istəyirdi. Mən isə heç bir şey bilmirdim. Heç bir şey deyə bilmirdim...

  Atam çox yaraşıqlı idi. O, can verirdi... Ona tərəf əyilib, onu iyləmək istədim. Əyildim. Qucaqlayaraq sinəmə basdım. Necə də şirin idi! Mən göz yaşlarımı saxlaya bilmirdim. Heç saxlamaq da istəmirdim. Qoy onlar axıb bütün dünyanı bassın! Mənim yaraşıqlı, gözəl atam var imiş! O, məni indi tərk edəcək!

  Dodaqlarının kənarından süzülən qanı sildim. Mənə baxıb güclə gülümsədi. 

- Yadındadır, – dedi, - məndən soruşdun ki, sənin də arzun varmı? Bilirsənmi, var. Mən bunu indiyə kimi heç kimə deməmişəm. Amma həmişə ehtiyacım olub ki, kimləsə bunu bölüşəm. – onun bu qədər cümləni bir yerdə deməyinə inana bilmirdim. - Bilirsənmi nə istəyirəm? – o, yenə danışmağa başladı. - İstəyirəm ki, bir oğlum olsun və mən onu bəsləyim. Onu yedirim, içirim. Onu böyüdüm. Uca boylu olsun. Yaraşıqlı olsun. İstəyirəm ki, o, yan-yörəmdə olan bütün cavanlar kimi güclü, yaraşıqlı, gözəl, ağıllı olsun. İstəyirəm o, gülərüz olsun, amma qaşlarını çatanda düşmən ondan tük töksün, qorxsun, qaçsın, çəkinsin. Onun qoxusundan bu mahala gəlməsin. 

  İstəyirəm bir oğlum olsun, amiranə baxışlı olsun, səlis yerişli olsun, düz qamətli olsun. Boylu-buxunlu olsun. Özü kimi cavan dostları olsun. Onlar da gözəl olsun... İstəyirəm bir oğlum olsun, yumruğunu düyünləyəndə düşmənin bağrı çatlasın. Qocalara həyan olsun, uşaqların sevimlisi olsun. İstəyirəm bir oğlum olsun, mahalın bütün qızları ona ərə gəlmək istəsin. Lakin o, birini seçib evlənsin, heç birini aldatmasın. – Mən göz yaşları içində ona qulaq asır, için-için ağlayırdım. 

- Mən sənin oğlunam. – dedim. 

 O, yenə gülümsədi. 

- İstəyirəm bir oğlum olsun, onun adı gələndə hamı məhəbbətlə gülümsəsin. 
- Ata, mən sənin oğlunam. – yenə dedim. 
- İstəyirəm onunla yanaşı gedəm, söhbət edəm. O, nə isə deyib məni güldürsün və mən gülməkdən uğunub gedəm.
- Ata, mən sənin oğlunam! – az qala çığırdım. Lakin qəhər məni boğduğundan səsim yavaş idi. 
- İstəyirəm onun haqqında hamı həmişə yaxşı şeylər danışsın, mən də özümü eşitməzliyə vuram, amma gizlincə fəxarət hissi keçirəm. 
- Ata, mən sənin oğlunam. – yavaşca dedim. 
  O, bunu eşidib, yenə gülümsündü.
- Sağ ol buna görə. –  dedi və səmanın dərinliklərinə siyarət etdi. 

  Artıq hava qaralmaq üzrə idi. Göydə irili-xırdalı çoxlu ulduz xırda muncuqlar kimi asılaraq sayrışırdı...