Yaşar Bünyad. Səs (HEKAYƏ)

Yaşar Bünyad. Səs (HEKAYƏ)

...Hay-həşirinin içindən  qopub qulağıma dolan səsə döndüm. Səs deyildi, elə bil polad burğuydu, qulağımdan girib beynimi eşə-eşə təpəmdən çıxırdı. Nə illah elədim, bazarın yastı  dəmir damına  dəyib cingildəyən  qarmaqarışıq küyün içindən güclə ayırıb "tutduğum” səsin yiyəsini tapa bilmədim. Şübhələrimə son qoymaq üçün qulağımda ilişib qalan tanış səs sahibini  tapmağı gözlərimin umuduna buraxdım. Gözlərim onsuz da oğrun-oğrun  öz işindəydi; bazarın  hər küncünü, hər dəlmə-deşiyini gəzirdi,  darı çuvalında iynə axtaran kimi... 

Hələ də inanmıram ki,  bu iyrənc səs dünyanın o başınacan  yol yoldaşım  olub!  Bəzən  elə gəlirdi ki,  hakim mənimlə birgə ona da  iş kəsibmiş; o səslə yatıb, o səslə durmuşam. Düz iyirmi il!.. Amma indiki səsi diriydi, onu təkcə mən deyil, bütün bazar eşidirdi.  Həmən  səsin dalınca düşmüşəm...

Taksini  iyirmi il ayaq basmadığım doqqazımıza sürdürəcəkdim ki, görüm necə dolanırlar, sağ-salamatdılarmı, yadlarındayammı? Anam indiyə qalmaz, heç olmasa qonşulardan yerini öyrənib ziyarət edərdim. Bəlkə  balaca komamız da çoxdan uçub-dağılıb...  Bazarın qənşərində də pay-pürüş  almaq  üçün düşmüşdüm. Baxıram ki, rayonun  küçələri, meydanları başqalaşıb, güclə tanımaq olur. İndi gəzişdiyim yerdə it boğuşdurmaq, xoruz döyüşdürmək üçün toz-torpaqlı meydança vardı, ətrafda da damına qıpqırmızı şirəylə "Lenin bizimlədir!” yazılmış beş-altı sınıq-salxaq taxta köşk; həftənin şənbə-bazarı kənddən yığışıb gələrdilər alverə. İndi, maşallah, üstüörtülü  bazara dönüb, Allahın verən günü işləyir. Lap şəhərdəki kimi...
Elə də yaşlı deyiləm. Maşallah,  dişlərim cağbacaq, bədənim  dəmir kimi, nə şəkərim, tfu-tfu, nə də adı daş altda qalmış xərçəngim var. Bir tanıyan  rastıma çıxsa, iyirmi il "gedər-gəlməz”də günə-gün yatdığıma inanmazdı , töbə,  inanmazdı! 

İçən olsaydım, günü bu gün  bir quzunun kababını  ötürərdim mədəmə, üstündən  lap buz kimi su da vurardım!.. Hayıf, içmirəm, tövbəliyəm. Kimə desən inanmaz, türmə kimi yerdə heç papirosa meylim çəkmədi, qumar oynamadım, böyrümdə neçəsi qan qusub ölmüşdü, vərəmlilərin içində heç hinağ da olmadım. Özüm də məətəl qalmışdım; pişik kimi yeddicanlıyammış!.. "Şükür!”

Bəlkə də bu iyirmi ildə məni  quduz bir istək yaşadıb – qayıdıb, əlbir-dilbir olaraq  üstümə şər atıb həyatımı məhv edən, məni "türmələrdə çürütdürən”  Simuzərlə  rəisi  öldürmək!  Nə qədər planlar cızmışdım, yollar aramışdım... Fikirləşirdim ki, mən çıxanacan sağ qalsalar, doğulduqlarına peşiman edəcəm, dizin-dizin sürünüb yalvarsalar da aman verməyəcəm!  
Qarışqaya görə and içmərəm, (görmədən-bilmədən tapdalayıb o qədər qarışqa öldürə bilərəm ki!)   ömrümdə  bir dənə toyuq başı kəsməmişəm, amma... uzaq Maqadanda, "zorlama, xüsisi qəddarlıqla adam öldürmə” maddəsiylə cəza çəkmişəm. Hər günüm bir ilə, ilim bir ömürə bərabər olub. Bu neçə ildə  əzəblara, təhqir və işgəncələrə dözmüşəm ki, qayıdıb, fahişələrdən, narkotik alverçilərindən aldığı payla ailəsini dolandıran şərəfsiz rəisdən, onun əlaltısı Simuzərdən intiqamımı alacam. İkisini də öldürəcəm! Buna şübhəm yox idi. Özümü bunu bacaracağıma elə inandırmışdım ki!

Bayaq avtovağzalda taksiyə minəndə söhbət ordan-burdan düşdü, fürsət düşmüşkən  sürücüdən həmən  rəisi soruşdum. Söhbətcil idi. Mən yaşda olsa da, əvvəlcə  tanımadı. Qınamıram, gör neçə il keçib. Handan-hana qayıdıb dedi ki, hə, yadıma düşdü, qardaşı oğlu  yeddincidə oxuyan  qız uşağını zorlayıb öldürmüşdü, onu deyirsən?..  Qulaq günahkarıyam, eşitdiyimdəm o qızın valideynlərinə yaxşıca pul-qızıl verib susdurublarmış, işi də bir yetimin belinə nallayıb göndəriblər gedər-gəlməzə. O vaxt Simuzər vardı, - "mama roza,” - rəisin çörək ağacı, buralısansa  eşitməmiş olmazsan,  o da üzünə durubmuş, iş bitib...  Ay Allah saxlamış, o ki nuh əyyamında işləyib burda. Oğraşın dal ayağıydı, tumsatanlardan da haqq alırdı, şərəfsiz... Ondan sonra yeddi, ya səkkiz rəis dəyişib... Deyəsən rüşvət üstündə çıxartdılar onu, tutmadılar, onsuz da bilirdilər ki, dözməz, niyə tutsunlar?  Doğrudan da üç ay keçmədi, ürəyi partlayıb öldü. Elələri vəzifəsiz, rüşvətsiz havasızlaşır,  boğulurlar...

Sən demə rəisin harınlamış qardaşı oğlu- "oboxees”in zibilindən  hamının xəbəri olubmuş, məndən başqa.  Yiyəsizlik belə şeydi, şərlənməyim bir yana, heç dalımca gələnim də olmamışdı. Kimim vardı axı?...  İstədim sürücüyə deyəm ki, o yetim mənəm, amma dinmədim. Rəisin ölməyinə də sevinə bilmədim.

***
 
...Simuzərin bacısı qızı vardı- Nata. Əsl adını bilmirdim.  (Ay onun adı batsın!) Rəisdən sonra əllisinin altından çıxmışdı. Mən gicbəsər də tamah salmışdım ona. Əlimə beş-on manat düşən kimi qaçırdım yanına. Pula ehtiyacı olmasa da, məndən beş-on manatı götürürdü... Özünün dediyindən, bakirəliyini  on altı yaşı olanda  rəis pozmuşdu, əlbəttə Simuzərin razılığıyla. Bir gün   Simuzər  başımı  tovlayıb mənə  təklif etdi ki, görürəm Nata da vurulub sənə, sən də əl çəkmirsən, pul niyə xərcləyirsən,  yetim oğlansan, al  qızı, yığış gəl yanına, istəsən evlənərsiz, deyərəm toy eləməyə, lap ev-eşik almağa  rəis köməklik eləyər, mənim də əlim üstünüzdə olar,  şəhərdə kimdi sizi tanıyan, köçüb gedərsiz rayondan, qızın da dalına vedrə bağlayan olmaz... "Qızın haa!” Cındırını mənə sırıyırdı, qancıq. Gözləmədiyim təklifdən əsəbilərimi cilovlaya bilmirdim.  Dedim, başın xarabdı, sevgi, vurulmaq nədi? Minnətin olsun! Mən qəhbəsaxlayana oxşayıram?!  Natanı bütün rayon barmaqlayıb, unutmusan? Qayıdasan ki, ay oğraş,  gül kimi uşağa "qəhbə” deyirsən?!.. Başım çevrildi, hövsələdən çıxarmışdı məni. Bir yandan da ehtiyat edirdim. Doğrusu, qorxurdum da. Abırsız adamdı, əli də yekələrin ətəyində,  nə desən edərdi.  Çox höcətləşdik, azca içkiliydim, söhbət o həddə çatdı ki,  vuracaqdım onu. Bax onda məni hədələyib dedi: "Adə, qudurmusan, mənə əl qaldırırsan? Dayan, dayan, it kimi peşiman olacaqsan... Bu da mənim yaxşılığım... Deyəsən məni  tanımırsan haa!  Sən sən ol, mən də Simuzər!.. Özün istədin. Ananı ağlar qoyacam. Səni türmələrdə çürütdürmək mənə borc olsun, Şəmil! Görərsən, Sibir sənin  dədə ocağın olacaq!..”

Oldu da...

O mübahisədən on beş gün sonra  balaca daxmamızın qənşərində iki milis maşını dayandı. Səhər açılhaaçılda milislər evə doluşdu. Heç nə başa düşmürdüm. Soruşanda, leytenant üstümə bağırdı ki, şöbədə başa salarlar. Xəstə anamın yalvar-yaxarına baxmadan qollarımı qandallayıb apardılar, neçə gün milisin  nəm zirzəmisində saxladılar, üç gün quru çörək də vermədilər, elə döyürdülər,  sonra şəhərə göndərdilər, iynə vurdular, işgəncə verib hansısa kağıza qol çəkdirdilər, vəkilsiz-flansız, nə yazıb-pozdular, nə düzüb qoşdular, iki aydan sonra məhkəmədə bildim ki, sən demə, ağır cinayət törətmişəm,  "qız uşağına təcavüz edib sonra da xüsusi qəddarlıqla  öldürmüşəm”, hələ  boynuma  da almışam! Bu azmış kimi,  evimizin  zirzəmisindən on kilo tiryək də  "tapıblar”. Prokuror  üst-üstə iyirmi yeddi il iş istədi, hakim "insaflı” çıxdı,  ilk "cinayətim” olduğundan iyirmi il oxuyub   Maqadana göndərdi – tələm-tələsik...

***

Xəyalım iyirmi il əvvəlin  xatirələrin içində eşələnərkən, gözlərim nəhayət, bazarın qələbəliyində tanış səsin sahibini tapdı. Onun bəlğəmli sinəsindən çıxan xırıltılı çığırtısı uzaq illərdən gələn  əks-səda kimi    qulaqlarımda cingildədi: "Səni türmələrdə çürütdürəcəm!..”

Çıxacaqda, düz dəmir darvazanın sol küncündə  hamam kisəsi, daban daşı, kişi, qadın corabları, dəmir, plasmas dabankeş, ayaqqabı mazları, milçəköldürən, bir yanda da sarıkök, mixək, xına, qara çörəkotu qalaqlanmış taxta yeşiyə yaxınlaşanda,  nimdaş yapon şalının altından onun mənə dikilmiş  solğun, qəmli gözlərini gördüm. Ayaqlarım asfalta mıxlandı. Xeyli baxdım. O idi! Yayın bu bürküsündə,  sanki nəyisə gizlədirmiş kimi dizinin üstünə hər iki yandan yerə sallanan nazik dama-dama bürüncək  atmışdı. Yumru şüşəli eynəyi olsaydı, eynən o nağıldakı qırmızıpapağın nənəsinə oxşayardı. İxtiyarsız dodağım qaçdı.

Elə bil dünyanın çiyninə yüklədiyi  dərd-sərinin  altında mücülüb qalmışdı.  Bir vaxtlar lalə rəngli, parlaq boyalı ətli dodaqlar indi büzükmüş ərik qurusuydu elə bil, ağlı başdan çıxaran odlu-alovlu baxışlar sönmüş, soluxmuş,  bahalı kremlər, ətirlər  dadmış dərisi indi çat vurmuş susuz torpağa bənzəyirdi. Şalın altından görünən boz, pırtlaşıq saçları elə bil həvəngdəstədə döyülmüşdü! 

 Əvvəlki Simuzərdən  diri qalan təkcə səsiydi.

"Bu imansız  keçmişini unutdurmaqdan ötəri gözə kül üfürür, artistlik edir qoca vaxtında. Ay səni, qəhbə!” 

Bu əcaib sözü çoxdan dilimə gətirmirdim. Acı su kimi böğazımdaca saxladım, udqunmadım,  tüpürdüm "sözü”. O olduğunu dəqiqləşdirmək üçün bir az  da yaxınlaşdım,  iyrənə-iyrənə corabları əlləşdirdim - bir şey alan deyildim onsuz da.

- Neçiyədi? - Özgəsi olsaydı, " neçiyədi,  bacı?” - soruşardım. Dilim gəlmədi. 

Bayaqkı xırıltılı səsin  yiyəsi:

- Cütü bir  manata, - cavab verdi, heç başını da qaldırmadı.

- Tay da olur? - Təəccübləndim.

Dinmədi. Sanki  yersiz verilmiş sualın sahibini görmək istədi, başını dikəldib altdan-altdan, acıqla  üzümə baxdı.

- Müharibədi də, a qardaş, - dedi, - bəzən tay da alırlar... – Ürpəndim. Qırışmış barmaqlarıyla corabları əlimdən qapıb yerinə qoydu. - Şey alan deyilsən... 

Özümdən ixtiyarsız ağzına baxdım - bir zamanlar cuhud Simonun zərgər dükanı kimi alışıb-yanan  ağzı indi  "koptorq”un çürük  tərəvəz  qalaqlanmış küncünə  oxşayırdı. Günlərlə yuyulmayan saralmış, üstünə metal qapaq taxılı  alt dişlərinin arasından yemək qalıqları gözə girirdi.  Duyuq düşdü, şalının ucuyla ağzını yaşmaqladı.

"Abır saxlayan olub!.. Hə, Simuzər, halın necədi?.. Bəs deyirdin sənə ölüm yoxdu?.. Ölüm var-dövlət deyil, Simuzər, ölüm hamınındı... Qazdığın quyuların ağzı açıq imiş...”
Corabı əlimdən dartışdıranda əsəbi olduğunu hiss etmişdim. "Tanımadı. Əşi, tanısa da bildirməz, elə qansızdı...”

- Yekə kişisən, nə marıtdıyırsan?  Bir şey almırsansa, yolunla  düz get...

- Simu-zər...  deyilsən? - Gözlərimi sifətindən çəkmədən soruşdum. Özüm də məəttəl qaldım ki, niyə dilim  titrədi. Səsimi tanımadım. Sanki ingilis kraliçasının qənşərindəydim.
- Tutaq ki ... - Yanpörtü,  hikkəylə cavab verdi.

- Tanımadın... məni?

Saymazyana, nə "hə”, nə "yox” dedi. Başını  qaldırıb sifətimə də baxmadı. 

"Ədasından qalmayıb, kaftar...” Allaha and olsun, elə bu dəqiqə, bu saniyə boğazından  ikiəlli yapışıb cücə kimi boğmağa, vaxtından əvvəl gəbərmiş rəisin də acığını ondan çıxmağa hazır idim,  əgər... on üç-on dörd yaşlarında sısqa  qız uşağı  ona yaxınlaşmasaydı.

- Yaxşı ki, gəldin, - qıza çönüb gileyləndi, - bu gün bazar da  ölüb, hava da zaylıyır,  apar məni...

- Deyəsən yağacaq. - Qız başını buladı. Piştaxtanın  altından iri "kitayski” zənbil çıxardıb nənəsinin qarşısındakı malları səliqəylə  yığa-yığa soruşdu. - Dərmanı atmısan?.. Bax, at haa, bahalı dərmandı, ziyanı olmaz... Dədəm deyir saba şəhərə aparacaq səni, iran doxtoruna...

- İran doxtoru ölü dirildəndi? Şəkərin əlacın hələ tapmıblar. Dədənə de, zəhmət çəkməsin... -Sonra da qəmli-qəmli aşağıdan yuxarı qıza baxdı, sonra  məni süzdü, sanki eşidim deyə kinayə ilə, - Əzrayıl gələndə həkimə ehtiyac olmur, - dedi.

Simuzər  "nənə” deyən uşağın hərəkətlərini izləyə-izləyə başını yellədir, məcburən gülümsəyirdisə də xəyalı  uzaqlardaydı , çox uzaqlarda... Və o uzaqlarda deyəsən,  mənim sualımın cavabını axtarırdı... 

Dizi üstündəki  bürüncəyi  götürüb qatlayanda  dizdən aşağı  olmayan ayaqları göründü.  Məncə qəsdən, yarım ayaqlarını görüm deyə üstünü basdırmırdı. Bayaqdan səsimdən diksinən Simuzər baxışlarını ilk dəfəydi düz gözlərimin içinə zilləmişdi. Yəni, ürəyin sakit olsun, bax, elədiklərimin  cəzasını  çəkirəm. Heyrətlə baxdığımdan  örtüyü tələsik qənşərinə sərdi. Nəvəsinin ləngliyinə dilxor olub deyindi.  

Qız da tələsik zənbilin zəncirbəndini çəkdi, çətinliklə qaldırıb nənəsinin qucağına qoydu, arabanın arxasına keçib qısa tutqacdan yapışdı, "gedək” deyib arabanı ehtiyatla qapıya sarı sürdü. "Darıxma, nənəcan, çıxaq çölə,  təmiz havada  sakitləşərsən”. Sonra yanımdan ötüb keçdi.

***

Qız  çəyirtkə kimi zərif idi, barmağınla burnundan sıxsaydın canını tapşırardı. Hər gün neçə dəfə evdən bazara, bazardan evə qədər ağır yüklü arabanı sürsə də, tez-tez dayanıb  nəfəsini dərməsindən görünürdü ki, çox əziyyət çəkir, bəlkə də xəstəydi. Ona yaxınlaşıb arabadan yapışdım. Simuzər duymasın deyə qulağına pıçıldadım:

- Eviniz  uzaqdı?

- Balnisənin yanında, - dedi. Simuzərin evini yaxşı tanıyırdım. Soruşmaqda məqsədim  nəvəsi olduğunu dəqiqləşdirmək idi, yoxsa bayaqdan ağlıma min cür fikir gəlirdi...

- Sən evə cum, - dedim, - de ki, şəhərdən qonağımız gəlib, yaxşı bir çay dəmləsinlər.

Qız elə bil sözümə bəndimiş, kiməm-nəçiyəm soruşmadı, gülümsəyib iti addımlarla uzaqlaşdı. Simuzəri hal aparmışdı, yoxsa xəyalı hardasa gəzirdi - key kimi zənbili qucaqlayıb qalmışdı...  Əyilib "yadına düşdüm?” soruşmasaydım heç qızın aralandığını da hiss eləməzdi. Səsimi eşidər-eşitməz  təşvişlə yerində qurcalanıb geriyə döndü, məni görcək diksindi, ayaqları olsaydı bəlkə də dik atılıb  üzü küçəyə cumardı. "Saxla!” – qışqırıb arabanın qoltuqaltısını yumruqladı.

Mən isə daha sürətlə sürməyə cəhd etdim. Asfalt təzə çəkilsə də yol kələ-kötür idi. Elə bil  tələsiyə düşüb torpağın üstünə çınqıllı qır döşəmişdilər.

- Qorxursan? - soruşdum.

- Saxla deyirəm sənə! - Qışqırmadı, elə bil ətrafdakılardan çəkindi. Onsuz da əvvəlki hikkəsindən əsər-əlamət yox idi. Cavan vaxtları olsaydı, elə qiyyə çəkərdi ki, dəymişim yox,  kalım tökülərdi ayağımın altına.

- Allah  dəvəyə qanad verməyib, Simuzər... O vaxt  məni şərrəyib qara qəpiyə satmasaydın... Bilirsən həbsxanada qazamat yoldaşına şər atana neynillər, Simuzər?.. Yaxşı ki bilmirsən. İyirmi il səsin qulağımda cingildədi, yuxularıma haram qatdı, Simuzər... O səsin dalıyca gəlmişdim... Niyə, niyə ölmədin axı?!

- Lənətə gələsən... Burax, burax  arabanı!.. Ölsün məni istəmiyənnər.

- Hə-əə? Day denən rayonda adam qalmasın da?! Səni bayaq görəndən fikirləşirəm: gör necə üzüpissən ki, Allah da sənnən əl çəkib,  Əzrayıla əziyyət vermək istəməyib...
- Qadam olsun sənin də, Əzrayılın da ürəyinə! Nəyimi aparacaq sənin Əzrayılın, hə?..

"Düz deyirsən, Simuzər, nə o dünyaya layiq cismin var, nə bu dünyalıq adın. Təkcə səsin qalıb, o da nəfəsinlə birgə batıb gedəcəy”. Əsəbimdən arabanı daha sürətlə sürürdüm. Yol bitmək bilmirdi. İyirmi ilin nifrətiylə şişmiş ürəyimi boşaldır, amma yüngülləşə bilmirdim. Tövşüyə-tövşüyə üzüyuxarı, xəstəxana yoluna  döndüm. Köhnə hamamın xarabalığına çatanda hiss etdim ki, o, başını zənbilin üstünə qoyub hıçqırır. Dayanıb qulaq verdim, deyəsən Simuzər ağlayırdı. İnana bilmirdim. İrəli keçib titrəyən əllərindən yapışmaq, başını qaldırıb qırışmış yanağıyla axan göz yaşlarını  silmək, "günah səndə deyil, Simuzər, zəmanədədi,” demək istədim, amma bacarmadım. O için-için ağladıqca qəribə hisslər keçirir, hətta hönkürməyinə  gizlincə  sevinirdim də. "Sənə şəkk gətirən kafirdi, ilahi, bu gözlərdən də yaş çıxarmış?!”

Arabanı   qalaqlanmış daş-kəsək topasına  dirədim,  sakitcə  geri dönüb oradan uzaqlaşdım. "Qoy rahatlansın”.

Əmin idim ki, indi Simuzər bütün həyatını göz qabağına gətirdikcə gedib o dünyanı görəcək, amma oradan  qayıdacağından mənim xəbərim olmayacaq... 

Xırdalan
2019