Yazıçı ilə bəstəkar arasında eşq

Yazıçı ilə bəstəkar arasında eşq

1831-ci ildə Varşavanı  incəsənət paytaxtı Parisə dəyişəndə Frederik Şopenin 20 yaşı ancaq olardı.  Parislilər onun ənənəvi rəqs formasını saxlamış, ancaq yeni məzmunla - səmimi poeziya və dramatizmlə zənginləşdirilmiş   polonezləri (qədim polyak rəqsi və bu rəqs üçün yazılmış musiqi), valsları və  mazurkalarını  (milli polyak rəqsi) qısa zamanda  sevdilər. Frederik eyni zamanda gözəl pianoçu idi.

O,  dinləyicilərini yalnız mükəmməl ifa texnikası ilə deyil,  həm də ifasının dərinliyi və səmimiyyətilə valeh edirdi.  Şopen zahiri görünüşü ilə də bəstələdiyi  musiqini tamamlayırdı. O hətta ən gözəl qadınların ağlını başından alırdı. Frederikin gücü gözəlliyi, sərbəstliyi, iti ağlında idi. Hələ ən vacib olanı - hamının dinlədiyi və heyran olduğu möhtəşəm musiqisini demirik.

Həmin illərdə kişilərin sevimlisi, əsərlərini  Jorj Sand imzası ilə çap edən  yazıçı Avrora Düpen də şöhrətin zirvəsindəydi. Onunla görüşməzdən çox-çox əvvəl Şopen bu qadın yazarın  istedadı, eşq macəraları və  heyrətamiz maneraları haqda eşitmişdi: o, heç kəsi vecinə almadan şalvar və frak geyinir, siqar çəkirdi.

Onlar kübar məclislərdən birində tanış olurlar, söhbətlərinin elə ilk dəqiqələrindən Şopen bu qadına valeh olur: nə kişi geyimi, nə xırıltılı səsi onu korlamamışdı.  Əksinə, bütün bunlar onu maraqlı  və cazibədar edirdi.  O, kənara çəkiləndə lətafəti ətrafa yayılırdı: ağzında siqar olan qayğısız modabaz rolunda çox gülməli görünürdü.

Tezliklə Şopen  və Jorj Sandın birlikdə səyahətə getmələri ilə bağlı məlumatlar yayılır. Hər ikisi tanınmış insanlar olduqlarından bu məlumat cəmiyyətdə ciddi əks-səda doğurmuşdu.  Konservatoriyanın tələbələri maestronun yeni romanını qızğın müzakirə edir, xəbəri eşidən hansısa baronessanın ürəyi gedir, bir məşhur ədəbiyyatçı isə üç gün öz otağından çıxmır... Parisli jurnalist Jül Düfur yazırdı: "Hansı ağıllı deyə bilər ki, iki heykəlin sevgisi bir sutkadan artıq davam edər? Ümumi postamentdə onlar üçün çox darıxdırıcı olacaq. Yataqda isə heykəllər, ümumiyyətlə, gülüncdür...”. 

Fərqli insanlar olduqlarından onları nəyin birləşdirdiyini kənardan anlamaq çətin idi. Eyni zamanda oxşar cəhətləri də  vardı.  Jorj Sandla qarşılaşana qədər Şopenin ilham pəriləri bir-birini əvəz etmişdi: Konstansiya, Delfina Pototskaya, Mariya Vodzinskaya... Onların hərəsi bir cür gözəl idi, amma hər dəfə davamlı münasibətlər  üçün nə isə mane olurdu: gah sosial statusun fərqliliyi,  gah eqoizm, gah xəstəlik, gah da şərait...

Yeni roman isə əvvəlkilərə bənzəmirdi. Dahi bəstəkarı Jorj Sandla yalnız ehtiras yox, dərin sevgi  və səmimi dostluq bağlayırdı. Frederik heç kəslə bu qədər açıq olmamış, professional problemlərini  heç kəslə belə dərindən müzakirə etməmişdi. O, Jorj Sandın ailə üzvünə çevrilmişdi, onun uşaqları Morisa və Solanjla bağlı hər problemi belə özününkü kimi yaşayırdı. Amma onlar xaraktercə fərqli idilər. Jorj Sand heç vaxt yorğunluqdan şikayət etməzdi. O, bütün sutkanı  işlədiyi kimi böyük həvəslə əylənməyi də bacarırıdı. Bu isə gənc yaşlarından xəstə olan Şopeni sıxırdı.

Bununla belə, onların hər ikisi özünü böyük gərginlik tələb edən  yaradıcılığa vermişdi.  Hər ikisinin özünəməxsus yaradıcı sıxıntıları  olurdu.  Amma Jorj Sand bu gərginlik mərhələlərini Frederikdən daha yüngül yaşayırdı. 

Demək olar ki, 10 il, 1838-ci ildən 1847-ci ilə qədər Şopen Düpenlərin ailə qəsrinin daimi sakini olur. "Noan” adlanan bu qəsr qonaqpərvərliyi ilə tanınırdı. Frederik Onore de Balzak, Lui Blan, Pyer Leru  kimi o dövrün tanınmış simaları  ilə Jorj Sandın bu qəsrində tanış olmuşdu. Onların hamısı Şopenin pərəstişkarlarıydılar. Amma buna baxmayaraq, qəsrdə söz sahibi Jorj Sand idi və Frederik bəzən ikinci planda qalması ilə razılaşa bilmirdi.

Onların hissləri bir qış fəslində  Mayorkada tərk edilmiş monastrda sınağa çəkildi.  Bu fantastik dərəcədə gözəl yerdə onların ilhamları sanki fontan vururdu. Şopenin müxtəlif əhvali-ruhiyyəni, ruhun müxtəlif çırpıntılarını  əks etdirən, ancaq əsas xəttini yaşamaq və sevmək arzusu təşkil edən  24 prelüddən ibarət  silsiləsi burada  doğuldu.  

Bədbəxtlikdən  işlərin ən qızğın dönəmində vərəm xəstəsi olan Şopenin vəziyyəti ağırlaşır və o, qan qusmağa başlayır. Jorj Sand yaradıcılıq işlərini bir kənara ataraq, gecə-gündüz demədən onun yatağının başından ayrılmır... İyrənc şayiələrə baxmayaraq, baş vermiş hadisə onların sevgisini laxlatmır, əksinə, daha da möhkəmləndirir. 

Onlar bir-birini çox gözəl başa düşür, bir-birini tamamlayırdılar. Bir dəfə söhbət edərkən Jorj Sand sevimli kəndini xatırlayır və doğma kəndindən  o qədər  poetik və obrazlı danışır ki, mütəəssür olmuş  Şopen də laqeyd qala bilmir. Bu vaxt Jorj Sand: "Əgər bu əhvalat səni bu qədər təsirləndirdisə, mənim sözlərimi musiqiyə çevirə bilərsən” - deyir.  



Öz balaca iti ilə oynamağı sevən Jorj Sand  Şopenə  daha bir mövzu verir: "Sənin yerində olsaydım, mənim itimin şərəfinə də bir musiqi pyesi bəstələyərdim...”.  Bu sözdən sonra bəstəkar  dərhal  fortepianoya yaxınlaşıb və bir melodik vals çalmağa başlayıb.  Sonralar bu valsı onun tanışları və yaxınları "Balaca itin valsı” adlandırırlar...

Anadangəlmə yüksək musiqi duyumu olan Jorj Sand Şopenin musiqisini gözəl başa düşür və onun istedadı qarşısında baş əyirdi.  Ədəbi proseslərdən uzaq olan Şopen isə sevdiyinin  yaradıcılığı ilə o qədər də maraqlanmırdı. Deyilənlərə görə, o, Jorj Sandın bütün əsərlərini oxumamışdı. Bu cür laqeydliklə barışmaq Jorj Sand üçün çətin idi. İncikliklər üst-üstə yığılırdı və Jorj Sandın "Lukresiya Floriani” əsərinin işıq üzü görməsindən sonra  çoxdan simptomları görünən ixtilaf baş verir. Əsərin əsasını təşkil edən sevgi əhvalatı yazıçının Şopenlə romanını xatırladırdı. Jorj Sand bu faktı inkar etməsə də,  Frederik ayrı-ayrı kişilərdən üç uşağı olan aktrisa Lukresiyanın timsalında onu, çətinliyə dözməyən,  qətiyyətsiz  knyaz Karolun timsalında isə özünü dərhal tanıyır.  Bu hadisə Frederikdə şok effekti yaradır:  romanda Şopenin özünəvurğunluq  əlamətləri xüsusi qabardılmış, bəstəkarın  qeyri-real portreti yaradılmışdı. Bir sözlə, bu, daha çox, Şopenin karikaturası idi.

Kitabın süjet xəttinə görə,  reallaşmayan ümidlərinin faciəsini yaşayan Karol və Lukresiya ayrılırlar. Şopen düşünür ki, Jorj Sand onları mənən  zənginləşdirmiş sevgiyə xəyanət edib,  onun heysiyyatına öldürücü zərbə vurulub. O bu acıya birtəhər dözsə də, artıq  münasibətləri çat vermişdi və  kiçik bir bəhanə onların ayrılmasına səbəb ola bilərdi.

Və budur... Ərə getməsi ilə bağlı qızıyla münasibətləri pisləşən Jorj Sand Şopendən də qızı və kürəkəni ilə münasibətləri kəsməyi tələb edəndə Şopen bu tələbin ədalətsiz  olduğunu  bildirir və  bu da onların ayrılmasına gətirib çıxarır.

Şopen ölənə qədər onlar barışmırlar.

Şopenin dostları və tanışları onun Jorj Sandla romanından danışarkən dahi bəstəkarı  əzabkeş kimi təqdim edirdilər. Onlara görə, bu sevgi bəstəkara yalnız iztirab verib. Amma digər xatirələr göstərir ki, Jorj Sandın ünvanına səsləndirilən ittihamlar kifayət qədər şişirdilib. Onunla birlikdə keçirilmiş illər Şopen yaradıcılığının ən məhsuldar dövrü  olub. Qısa ömrü ərzində (Şopen 39 yaşında dünyasını dəyişib) iki konsert və çoxlu fortepiano pyesləri – sonatalar, noktürnlər, etüdlər, fantaziyalar, mahnılar yazıb...

Müasirlərinin xatirələrinə görə, Jorj Sand ayrılıqdan sonra da əvvəlki kimi enerjili, ünsiyyətcil və işgüzar idi. Şopen isə sanki havasız qalmışdı. O, artıq musiqi bəstələyə bilmir, sadəcə, ifa edirdi. Ancaq bu müşahidələr də hər şeydə Jorj Sandı günahlandırmağa əsas vermir. Nə qədər ki, onların sevgisini Jorj Sandın təxəyyülü bəzəyir, yaradıcılığa böyük impuls verirdi, o, sədaqət mücəssəməsi sayılırdı və verdiyinin müqabilində aldığının azlığı onu düşündürmürdü.  Şopen qayğı və diqqət tələb edir, amma əvəzində, Jorj Sandın etdikləri ilə müqayisədə özü hər hansı fədakarlıq göstərmirdi. 

Frederiklə ayrıldıqdan sonra Jorj Sand sanki 10 ildən bəri çiyinlərində dinməz-söyləməz daşıdığı ağır yükdən azad olur. Yəqin ki, onlardan heç biri ayrılığın onlara necə təsir edəcəyini təsəvvür etmirdilər.  Jorj Sand ağlına gətirmirdi ki, Şopenlə ayrılığı belə yüngül keçirəcək.  Şopen isə Jorj Sandsız nə yaşaya, nə də işləyə biləcəyini düşünməmişdi.  O, iztirab çəkir, vurnuxur  və Jorj Sandın geri qayıtmayacağına inana bilmirdi.

Budur, İngiltərəyə gedən bəstəkar oradan dostuna yazırdı: "Mən pis vəziyyətdəyəm, çoxdandır həqiqi sevinc yaşamıram ...mənasız ömür sürürəm və sonumu gözləyirəm.  Özümü çox zəif hiss edirəm və heç nə bəstələyə biılmirəm...Mən heç vaxt qarğış etməmişəm, amma indi Lukresiyanı lənətləməyə hazıram”. 

Şopen Londonda bir neçə konsert verməyi planlaşdırırdı, amma səhhəti ucbatından bu konsertlər baş tutmadı. Bir müddət sonra yenidən Parisə qayıtdı və burada onun səhhəti bir az da pisləşdi.

Jorj Sand bu ağır vaxtlarda keçmiş sevgilisinə baş çəkmək istəsə də, güclü həyəcanlanmanın onun səhhətinə daha pis təsir edəcəyindən qorxan dostları bu görüşün baş tutmasına imkan vermirlər. 

Şopen isə ölümündən bir-neçə gün əvvəl dostuyla  söhbətində sevdiyini sonuncu dəfə xatırlamışdı: "O, mənə demişdi ki, onsuz ölməmə izn verməyəcək və mən gözlərimi onun qolları arasında əbədi yumacam...”

//1937.az