Yenidən qayıtma sindromu

Yenidən qayıtma sindromu

Əli Ağazadə

Azər Turan ədəbiyyatımızın elə imzalarındandır ki, o imza peygəmbərimizin: "Elm Çində də olsa ğedib öyrənin” məşhur hədisindəki "elm” sözünə alternativ ola bilir, onu oxumaq, öyrənmək istəyirsən. Onun qələmindən (əsərləri) və dilindən (müsahibələri) çıxan nə varsa yalnız ədəbiyyata xidmət edir, ədəbiyyat naminədir. 

Baş redaktoru olduğu "Ədəbiyyat qəzeti”nin dünyaya açdığı "pəncərə”, ədəbiyyat üzrə Nobel mükafatçılarının nitqi və əsərləri, bu ödül sahiblərinin əsərlərindən heç də geri qalmayan (elə nümunələr də olur) tanınmış yazarlarımızın, xüsusən gənclərin bu günki bazar münasibətləri şəraitində təzə deyim və düşüncə tərzi ilə (əksər şeir və hekayələrdə) ədəbiyyatı bizə yenidən sevdirə bilmək bacarıqları, sözsüz ki, bu mətbu orqanının özünəxas düzgün və sağlam istiqamətindən xəbər verir. Bu qəzet hər gün və hər yerdə yolda, işdə, bazarda kirlənən, gözdən və nəzərdən, qiymətdən və ucalıqdan torpağa düşən və çirklənən sözləri yerdən qaldırır, təmizləyir (gözəl əsərlərdə) və yenidən bizə qaytarır. Hər gün və hər yerdə nə qədər söz ölür (ən pis əsərlərdə), müharibə və döyüş sözləri də, qarğış və söyüş sözləri də, geni dəyişdirilmiş məhsullara bənzəyən zərərli sözlər olaraq yerə düşür və bu kimi sözlərin də yerdən qaldırılması, təmizlənməsi işində bir mətbu orqanı kimi bu qəzetin və A. Turanın da xidmətləri danılmaz olur.

Camal Sürəyanı A. Turanın onun, bu türk şairinin öz şeirindən "Laləlidən dünyaya gedən bir tramvaydayız” misrası ilə başlıq verdiyi yazıdan tanıdım, şeirlərini cox sevdim,  "Ölüm”ü də cox sevdim və əzbərlədim. A.Turanın bu yazısı qəzetin 29 iyul 2017-ci il tarixli sayında getmişdi. Bu şeir mənə poeziyamızın ən cox ölümdən yazan bir şairini, həm də necə yazan bir şairini, "Ölüm”ü dünya ədəbiyyatının ən qüdrətli obrazları mərtəbəsinə qaldıran, gah başının tacı, gah ayağının altı edən, hərdən sevdiklərindən onu ayırmaq istəyən sadiq köpək kimi qapının yanından ayrılmayan qara kabus, əzizləri olan övladlarından onu ayrı salmağa can atan qoca kaftar, hərdən o dünyadan bu dünyaya ölümü ilə belə təsir edə bilmək gücü olsun deyə onunla dost, hərdən inamsız elm, hərdən imansız din, ümumiyyətlə, "həyata sev eşqi”ni, " düşmənə sev kini”ni əlindən alana qarşı ən güclü silahını– təbəssümünü ortaya qoyan Əli Kərimi və onun "Vəsiyyət”ini yada saldı. Ə.Kərim poeziyanı "Söz”, "Sevgi”, "Külək” və "Ölüm” adlı canlı, dipdiri, nəhəng obrazları ilə elə bəzəyib ki, Şekspirdən başlamış  C. Sürəyaya kimi bu mözularda yazılan istənilən şeir yaddaş dünyamızda Ə.Kərimi "dirildir”. Şairin ruhu rahat və şad olsun deyə onun  şeirlərindəki "Ölüm” obrazından bəzi nümunələri meydana gətirək:

Ölümdən – xəyanət pis, 
Ölümdən – rəzalət pis!
Bəzən necə gözəlsən,
Ölüm, sən ey səadət!

Ya:

Hardan gəldi çıxdı
Ölüm – bu qoca kaftar,
Yaman kəmfürsətdir,
Görmür ki,
əlimdə nə qədər 
işim var?

Və ya:

Ölümün gözünün içinə baxdım.
Gördüm ölümü də olduğu kimi.

"Ədəbiyyat qəzeti”nin 15 iyul 2017– ci il tarixli sayında C.Sürəyanın Azərbaycan dilinə çevrilmiş şeirləri getmişdi, "Ölüm” şeiri də o sırada idi, nəzər- diqqətdən kənarda qalan çox adi bir şeir. A.Turanın təqdimatında bu qədər təsirləndiyim şeir iki həftə əvvəl heç "tükümü” belə tərpətməmişdi. Görünür, C.Sürəyanın taleyində (ölümündən sonra da) onu mütaliə etmək yox, məhz ona yenidən qayıtma sindromu var. Ülkü Tamərin C.Sürəyaya yazdığı şeir bu sindroma, ona yenidən qayıtma sindromuna, ümumiyytlə, şairin yaradıcılığına baxış və münasbətlərə bir rentgen şüalarıdı, yeri gəlmişkən onu da deyim ki, insanlara , əsərlərə bu kimi düzgün yanaşma və qiymətləndirmələrə "günah yuyan etiraf”lar da deyə bilərik. "Əsər günah yuyan etiraf kimi yazılmalıdır” fikrini A.Turanın şair Çingiz Əlioğlu ilə Türk dünyasının ən qüdrətli yazarlarından biri olan Çingiz Aytmatov barədə söhbətləşməsi olan yazıdan götürmüşəm. Həmin yazıda A. Turan çox dogru qeyd edir ki: "Çingiz Aytmatovun ədəbiyyat dərsi hamıya örnəkdir”. Günah yuyan dua Allaha aiddir, Allah yanındadır, amma günah yuyan etiraf bizlərə, insanlara lazımdır. Camal Sürəyanın özünün belə bir etirafı Edip Cansevər barədədir: "Hər şeyin fazlası zararlıdır ya, Fazla şiirden öldü Edip Cansever”. Qayıdaq Ülkü Tamərin C.Sürəyaya həsr etdiyi şeirə: Deyim ki, Tanrı sözü çox əvvəllər yaratmışdı, söz şeir də olmuşdu, amma elə olmalıydı ki, bu şeirin nuru rentgen şüalarına bənzəməliydi, yazının və yazarın bətnini açıb göstərməliydi. Ona şairin duası da demək olaydı, etirafı da, həm də o günah yuyan etiraf kimi yazılmaliydı ki, ona əsər deyilsin və bir də günah yuyan dua olmalıydı ki, Tanrı bizi bağışlasın:

Tanrı
Bin birinci gece şairi yarattı,
Bin ikinci gece Camalı,
Bin üçüncü gece şiir okudu Tanrı,
Başa döndü sonra,
Kadını yeniden yarattı.

Bu ənənəni mən də pozmadım, C.Sürəyanı öyrənmək və başa düşmək üçün ona yenidən qayıtdım, türkcəsini və Azərbaycan dilinə çevirməsini oxudum. Hala bağlı olan "Ölüm” şeirinin dadı,– duzu, enerjisi, mayası və nüvəsi, şəhdi– şirəsi son misradakı" Üstü qalsın” ifadəsindədir ki, o da Azərbaycan dilinə çevirməsində verilməyib, əslində şair şeiri məhz elə bu son misranın eşqinə yazıb, desək, daha dogrusunu söyləmiş olardıq. Beləliklə, "Üstü qalsın”ın dilimizə çevirmədə verilməməsi şeirin məna və obrazda itirməsinə, "Ölüm”ün necə deyərlər, birbaşa ölməsinə yol açıb. Duyğularının əsiri olan şairlər kövrək olurlar, düşüncələrini şeir edincə sözdən çəkdikləri özlərinə bəs edir. Bir şairimizin burada yerinə düşən şeir qənaəti belədir ki, sözün ən üstünü yenə elə şeirdirvə o deyir :”Sözümün əzalarından qapqara tüstü dagılır. ...Sözalti mənalarından sözümün üstü dagılır”. Tərcümə sənəti şair demişkən, sözün üstünü qorumaq fikrinə düşübsə onun əzalarindan da xəbərdar olmalıdı.

İndi isə Camal Sürəyanın "Ölüm” şeirini və onun Azərbaycan dilinə çevirmələrini təqdim edirik:

Ölüm

Ölüyorum, Tanrım
bu da oldu iştə.
Hər ölüm erkən ölümdür.
Biliyorum, Tanrım.
Amma ayrıca, aldığın 
Bu həyat fəna deyildi...
Üstü kalsın.
Dilimizə çevirməsində:
Ölürəm, Tanrım, ölürəm,
axır ki, bu da başıma gəldi.
Bilirəm, Tanrım, bilirəm,
hər ölüm vaxtsız ölümdür.
Amma deyim ki,
aldığın bu həyat
heç də pis deyildi...

Nə şairliyim, nə də tərcüməçilik qabiliyyətim var, bunu bir istisna halı kimi qəbul edin və mən "Ölüm”ü belə görürəm:

Ölümüm baş tutdu, tanrım,
axır, bu da oldu.
Yaxşı bilirəm, Tanrım,
hər ölüm vaxtsız ölümdür.
Amma, öz aramızda, aldığın
bu həyatın ağzımda dadı vardı...
Qalığı qalsın.