Zahir Əzəmət. Dostlar, daha nə istəyirsiniz?

Zahir Əzəmət. Dostlar, daha nə istəyirsiniz?

Gənc yazarlarımızın kompleksləri haqqında

Azərbaycan ədəbiyyatının problemləri dedikdə, iki baxış tərzi göz önünə gəlir. Biriləri, heç bir problemin olmadığını deyirlər. Onların fikrinə görə, bu gün heç bir yazarın mövzu və senzura problemi yoxdur, yerdə qalan isə artıq istedadın işidir.

İkincilər isə, yetərincə problem sadalayırlar: naşirlik institutunun yoxluğu, kitab satışı şəbəkələrinin sıradan çıxması, tərcümə prosesinin dünya ədəbi prosesi ilə ayaqlaşmaması, dövlətin yaradıcı qurumlara və yaradıcı şəxslərə münasibətdə ayrı-seçkilik mühiti yaratması və s. Birincilərin yanaşma tərzi tənqidə davamlı deyil. Çünki hər şeyi istedadın üzərinə atmaq çıxış yolu sayıla bilməz. Vəhşi istedad ciddi ədəbiyyat müstəvisində hələ bir şey demək deyildir. Bu istedadın formalaşması, yetişməsi lazımdır. Bu isə öz-özünə baş vermir, bunun üçün dünya ilə səsləşən ədəbi proses, yüksək standartlara cavab verən ədəbi mühit, ciddi ədəbi tənqid və s. gərəklidir. Heç kim anadan Markes və ya Tolstoy doğulmur. Əlbəttə, söhbət doğum şəhadətnaməsinə yazılan addan deyil, ədəbiyyatın şərəf löhvəsinə yazılan addan gedir. Deməli, birincilərin "ədəbiyyatdankənar" problem adlandırdıqları məsələlər əslində ədəbiyyatın və hər bir yazarın problemidir.

Ədəbi prosesin və mühitin yaranmasına təsir edən əsas mexanizmlərdən biri də müstəqil dəyərləndirmə- mükafatlandırma sistemlərinin olmasıdır. Bu sistemlər davamlı olduqda, indi Azərbaycan üçün xəyal olan bir çox mexanizmləri də işə salır. Belə ki, bir yazarın tanınma arealı genişlənir, tənqidin və mədəni ortamın diqqətini çəkir, markaya çevrilir və s.

Əslində, biz "Nəsimi" Milli Ədəbiyyat Mükafatını təsis etdikdə elə bu "xəyalı" hədəf seçmişdik. Hər necə olsa da, axı yazarlarımız, xüsusən də gənclər belə bir ortamın, müstəqil dəyərləndirmə mexanizminin olmamasından tez-tez şikayətlənirdilər. Elə isə, niyə belə bir sistemin kənardan gəlməsini gözləməliydik? Qolumuzu çırmalayıb işə girişdik, müsabiqə təsis etdik və işə başladıq.

Fevralın 2-dən rəsmən start götürən "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinə bu 15 gündə cəmi 7 nəfər müraciət edib. Əsərlərin son qəbulu martın 14-də başa çatır. Deməli, bir aydan da az vaxt qalır. Bəs onda həmişə belə müsabiqələrin yoxluğundan şikayətlənən gənc yazar dostlarımız nədən belə passivlik göstərirlər? Bunun səbəbləri nədir?

Fərdi söhbətlərdən sonra maraqlı və acınacaqlı mənzərə çıxdı ortaya.

Dostlarımızın "səbəb"lərini əsasən iki qrupa ayırmaq olar. Bunları açıqca ortaya qoymaq və müzakirəyə təqdim etmək qərarına gəldim.
Beləliklə:

1. "Birdən qalib gəlməsəm, rüsvay olacam".

- Belə çıxır ki, yazarlarımız ciddi komplekslər içində itib-batmışlar. Hələ ədəbiyyat yolunun başlanğıcında ikən bu kimi düçüncələrə qapılmaq onlara heç də yaxşı gələcək vəd etmir. Bu qədər lokal və tipik azərbaycanlı kimi düşünmək nəyə lazımdır? Axı burada kimin qalib gəlməsi hələ ikinci dərəcəli məsələdir. Əsas olan belə bir mexanizmin yaranması və içində səmimi ədəbiyyat sevgisi olan hər kəsin ona dəstək olmasıdır. Yuxarıda qeyd etdik ki, müsabiqənin davamlı olması başlıca şərtdir. Amma əsərlər təqdim edilmədikdə, təbii, biz də "Azərbaycanda ədəbiyyat və istedad yoxdur" kimi yanlış bir nəticəylə işimizi yarımçıq buraxmaq zorunda qala bilərik. Bəlkə bizim gənc dostlarımızın ədəbiyyat sevgiləri boğazdan yuxarı və ötəri bir hissmiş? Axı bu müsabiqə gənc istedadlar üçün geniş perspektivlər açır: əsərləri diqqət mərkəzinə gələcək, tənqidçilər onların yazdıqlarını təhlil edəcək, onların uzunmüddət "raskrutkası" gedəcək və s. Və bütün bunlar heç də yalnız qaliblər üçün nəzərdə tutulmayıb. Hələ proses baş tutarsa bir çox sürpriz məqamları da özüylə gətirəcək. Bunlar bəlli. Bəlli olmayan gənc yazarlarımızın dumanlı mövqeyi və kompleksləridir.
Bunca sərt danışmağımın səbəbi var, biz təşkilatçılar bütün resurslarımızı, enerjimizi bu işə yönəltdiyimiz halda, dostlarımız fərdi komplekslərə qapılıblar.
Sanki bütün dünya əlində gül-çiçəklə bunların qapısına gəlib, onları başları üzərinə  qaldırmalıymış.

2. "Mən özümü təsdiq etmişəm, qoy başqaları qatılsın"

- Aha, əlbəttə, sən Biləcəridən o tərəfə keçməyən Azərbaycan ədəbiyyatında fırtına yaratmış, dünyanın nüfuzlu ədəbi ödüllərini qazanmış və 30-dan yuxarı dilə tərcümə olunmusan. Hər gün dünyanın nüfuzlu universitetlərində ədəbiyyatdan mühazirələr oxuyursan.

Son söz əvəzi

Əslində, hətta bircə nəfərin qatılması belə o deməkdir ki, müsabiqə  davam edəcək. Üstəlik, bizlər də başladığımız işləri yarımçıq buraxmağı sevməyən adamlarıq. Sadəcə, bu yazını yazmağa, hər şeyi olduğu kimi müzakirəyə təqdim etməyə ehtiyac var idi. Çünki əvvəlcədən bütün prosesin şəffav aparılacağına söz vermişdik.

Hər halda gənc yazar dostlarımızın da martın 14-ə qədər fikirləşmək üçün zamanları var. Vaxt isə gedir...