
Ziqmund Freyd haqqında - ARAŞDIRMA
- 07.09.2013
- 0 Şərh
- 2874 Baxış
Dünyamızda var olan müxtəlif fikir və nəzəriyyələr axınına nəzərə çarpacaq dərəcədə istiqamət verən və adları hamıdan çox hallanan üç dahi olub:
Karl MARKS (1818-1883)
Ziqmund FREYD (1856-1939)
Albert EYNŞTEYN (1879-1955)
Hər üçünün milliyətcə yəhudi olması faktı bəlkə də bir təsadüf, bəlkə də bir qanunauyğunluqdur, amma biz indi bu barədə fikir yürütməyə, müzakirə açmağa niyyətli deyilik. Təqdim olunan tərcümədə söhbət Z.Freyddən getdiyi üçün burada qısa da olsa, onun həyat və yaradıcılığına nəzər salınacaqdır.
Z. Freyd 06.05.1856 tarixində Moraviya vilayətinin (hazırda Çexiya ərazisidir) Freyburq şəhərində doğulub, ailələrində 8 uşaq olsa da, o uşaqlıqdan öz dərin zehni, heyrət doğuran qabiliyyətləri ilə başqalarından seçilirdi. 17 yaşında gimnaziyanı uğurla bitirən Ziqmund Vyana universitetinə qəbul olunur, təbiətşünaslıq elminə olan dərin həvəsi də burada təhsil aldığı illərdə oyanır. Ali təhsilini başa vurandan sonra bir müddət psixiatr-həkim kimi çalışır, 1885-86-cı illərdə o Parisdə, məşhur həkim Şarkonun yanında praktik təcrübə kursu keçir. Vyanaya dönəndən sonra bir müddət müalicədə hipnozu tətbiq etsə də, sonralar bu metodun özünü doğrultmadığını anlayır və psixoterapiyada «sərbəst assosasiyalar» üsulunu kəşf edir. 1895-ci ildə vyanalı həkim Y.Breyer ilə birlikdə yazdığı «İsteriyanın tədqiqi» adlı əsərində psixoanaliz nəzəriyyəsinin əsas müddəalarını açıqlayır. Bunun ardınca apardığı tədqiqatlarla bağlı onun elmi fikirləri və tədqiqatları aşağıda adı çəkilən əsərlərdə öz əksini tapır: «Röyaların yozumu» (1900), «Gündəlik məişətin psixopatologiyası» (1901), «Hazırcavablıq və onun şüuraltı ilə əlaqəsi» (1905), «Şəhvətlilik nəzəriyyəsi haqda üç məqalə» (1905), «Totem və tabu» (1913), «Həzz prinsipinin o biri üzü» (1919), «Kütlə psixologiyası və insan «Mən»inin analizi» (1921), «Mən və İD (Alt mən)» (1923), «Bir illüziyanın inkişafı» (1927), «Mədəniyyətə qarşı narazılıq» (1929), «Psixoanalizə giriş haqda mühazirələr» (1933), «Müharibə nəyə yarar?» (1932), «Musa və təkallahlılıq» (1939).
Biri-birinin ardınca çap olunan bu əsərlər Freyd nəzəriyyəsinin bütün dünyada yayılmasına, özünə çoxlu davamçılar tapmasına səbəb oldu. 1933-cü ildə Almaniyada hakimiyyətə gələn faşistlər digər dünya mədəniyyəti incilərinin çap olunduğu kitablarla birlikdə Freydin də əsərlərini tonqallarda yandırırdılar. Avstriyanın işğalını, milyonlarla yəhudiyə amansız divan tutulduğunu görən Freyd İngiltərəyə qaçır. Xəstəliyi həmin müddət ərzində xeyli şiddətlənir, çəkdiyi əziyyətlərdən birdəfəlik qurtulmaq üçün o öz həkimindən zəhərli iynə ilə öldürülməsi haqda sonuncu xahişini edir və nəticədə dahi alim 23.09.1939 tarixində gözlərini bu dünyaya yumur.
Freydin psixologiya, psixoterapiya və psixiatriyaya aid zəngin elmi irsi onu öz əsrinin ən görkəmli dühalarından birinə çevirmişdir. Onun ideyalarıdar bir çərçivəyə qapanıb qalmamış, öz dərin təsirini avanqard ədəbiyyat və incəsənətə, sosiologiya və pedaqogikaya, antropologiya və etnoqrafiyaya da göstərmişdir. Atom fizikası üzrə Nobel mükafatı laureatı A. Eynşteyn Freyd nəzəriyyəsinin «yaşadığımız əsrin dünyagörüşünə köklü təsirini etiraf etmişdir. Onun fəlsəfə, antropologiya və psixologiyaya dayanan nəzəriyyəsi əsasında meydana gələn cərəyan və məktəblər elm aləmində ümumi ad altında - «Freyd(izm) məktəbi» kimi məşhurdur. Sonrakı dövrdə onun davamçıları sayılan Karen Horni, Harri Stek Sallivan və Erix Fromm fəlsəfədə və psixologiyada neofreydizm cərəyanının əsasını qoyublar.
Qərbdə Freydə dünyaya tamamilə yeni bir baxış nöqtəsi açan yenilikçi (novator) kimi yanaşır, onu əhəmiyyətinə görə adətən Aristotel, Kopernik, Kolumb, Nyuton və Darvin kimi fikir korifeyləri ilə yanaşı qoyurlar. Təsadüfi deyil ki, Freydin yaradıcı dühasına həmin dövrün T.Mann, T.Drayzer, R.Rollan, S.Sveyq, H.Uells, R.M.Rilke, S.Dali kimi tanınmış sənət ustaları yüksək qiymət vermiş, onunla yaxın dostluq əlaqələri saxlamışlar. Avanqard sənət cərəyanlarından dadaizm, sürrealizm, ekzistensializm, ekspressionizm, «yeni (neo) roman» və adını çəkmədiyimiz neçə-neçə cərəyanın baniləri Freydi özlərinə mənəvi ata sayırdılar.
Bütün bunlara baxmayaraq, hər şeyə şübhə ilə yanaşan, «bizdən olmayan hər şey bizim əleyhimizədir» şüarı ilə yaşayan keçmiş Sovet quruluşu isə 1930-cu illərdən etibarən Freydin əsərlərinin çapını, onun işləyib hazırladığı metodun müalicədə tətbiqini qadağan etmişdi. Halbuki 1920-ci illərdə Moskvada Psixoanaliz institutu fəaliyyət göstərirdi və Freyd özü Moskvanı dünyadakı ən güclü psixoanaliz mərkəzlərindən biri hesab edirdi. Vaxtilə Azərbaycana da hakim olan, müşfiqləri, cavidləri öz qanlı terror və zülm dəyirmanının gözündən keçirən o rejim qarşısına çıxan və işinə gəlməyən hər şeyi tapdayıb keçməyə hazır idi, təki «qurduqları cəmiyyət yad ideologiyaların təsiri altına düşməsin».
1959-cu ildə məşhur fransız yazıçısı, dramaturqu, filosofu və publisisti Jan Pol Sartrın (1905-1980) qələmindən çıxan kinossenaridən müəyyən fraqmentləri oxucuların diqqətinə çatdırmaqla biz bugün vaxtilə Z.Freydin adı ətrafında hörülən qalın divarı bir az da olsa dağıtmaq, onun nəzəriyyəsini illər uzunu bizdən gizlədən qadağan pərdəsini yırtmaq niyyətindəyik. Bu əsər məşhur Hollivud rejissoru Con Hyustonun təklifi ilə qələmə alınmışdı, çünki ikinci dünya müharibəsindən sonra Freyd nəzəriyyəsi son dərəcə geniş təbliğ olunurdu, hətta onu «yeni din» adlandırırdılar. Lakin ssenarinin böyük bir hissəsi tamamlanandan sonra onu oxuyan Hyuston bunu kino çəkilişi üçün yararsız hesab etdiyindən onların ortaq işbirliyi nəticəsiz qalır. 1962-ci ildə Sartrdan xəbərsiz və qismən dəyişikliklər aparmaqla bu ssenari əsasında çəkilən «Freyd. Gizli ehtiras» filmi Amerikada ekranlara çıxır, amma ssenari müəllifi kimi Sartrın adı titrlərdə göstərilmir. Onu da qeyd etməliyik ki, yarımçıq qalan bu kinossenari yazıçının ölümündən sonra çap üzü görmüşdür.
Elnurə Cəlilova
kult.az