
Ağ kostyumlu ruh (hekayə)
Proza
- 30.09.2014
- 0 Şərh
- 1589 Baxış
Azər Qismət
....Sağ əli əsdikcə zərli-güllü dəvətnamə də titrəyirdi. Anası bayaq qapını kimin taqqıldatmasını soruşanda da danışa bilmirdi. Düşünürdü ki, kiminsə zarafatıdır. Oğlundan səs çıxmadığını görən 70 yaşlı qadın ona yaxınlaşınca bir ömür keçdi.
-Kim idi gələn? Əlindəki nədir?
-Dəvətnamə.
-Biyyy, başımıza xeyir...ver baxım...
Anası zərli güllü dəvətnaməni alıb o üzünə bu üzünə çevirib ürək içində bəylə-gəlinin şəklinə baxıb təəccüblə oğluna baxdı.
-Kim gətirdi?
-Qəbiristanlıqla üzbəüz evdə qalan Rəhiimin oğlunun toyudur.
-Rəhimin oğlu nə tez böyüdü?! Dünənki uşaq döyüldü?!
Oğlunun fikirli halda gözlərini döyməsi ananın qəlbini yaraladı. Çünki neçə illər ərzində oğlunu bircə dəfə də olsa toya çağırmamışdılar.
-Nə yaxşı oldu, qəşəng geyinib-keçinib gedərsən.
-Ay ana...Allah bilir bəlkə də mənlə məzələnirlər...
-Rəhimin nömrəsini tap zəng elə gör nə məsələdir...ya da təpəliyin üstündən keçəndə evlərinə harayla: həm gözaydınlığı ver, həm də gör səni dolamır ki...
Oğlu Rəhimin nömrəsini bilirdi. Ona zəng edib "mübarək olsun” deyib toyun nə vaxt keçiriləcəyini soruşdu. Rəhim dedi ki, "toy bu axşamdır”.
-Deyir, toy bu axşamdır.
-Biyyy, bunu neçə gün əvvəldən deyərdilər də...indi neyləyəcəksən?
Maşını sürüb həyətdən çıxanda anasının arxadan "özünə kostyumla ayaqqabı al” sözlərini eşitdi. Əvvəlcə qəsəbədəki Orxanın şambosundakı çirkabı çəkməli idi. Üç-dörd sifarişdən sonra toyun pulu düzəlirdi.
Orxangilin şambosunu çəkəndə verilən 30 manata yaxşı ayaqqabı almaq olardı. Nisə xalanın şambosunun çirkabı həmişə yan-yörəyə
aşıb-daşırdı, təqaüdçü arvadın 10 manat uzadacağı pula "Allah bərəkət versin” deyəcəkdi. Elə də oldu. Ağbirçəyin 10 manatını da cibinə qoydu: "Bu 10 manatın 5 manatını ofisianta verərəm ki, stola yaxşı qulluq eləsin, 5 manata da şəkil çəkdirərəm”.
Qalırdı kostyum məsələsi. İstəyirdi ağ rəngli kostyum alsın. Qəsəbənin mərkəzindəki kişi geyimləri mağazasının vitrinindəki manekenə ağ kostyum elə yaraşırdı ki. Düzdür, onun qədər nərmə-nazik olmasa da, azacıq qarnı çıxmışdı, əyininə kip oturacağı sual altında idi. Ağ ayaqqabı ilə isə Toto Kutunyoya bənzəyəcəkdi.
Bəhramgilin evdə olmaması qanını qaraltdı, çünki ağ kostyumu onun verəcəyi pula alacağını bayaq planlaşdıranda, vəziyyətin heç də belə olacağını gözləmirdi. İstədi qapılarının ağzındakı şambonun ağzını açıb şlanqı ora salıb çirkabı çəksin, özünü görəndə pulu alar. Anladı ki, Bəhram şundulun biridir, deyəcək "mən onu başqa maşınla özüm çəkdirmişəm”, boynuna qoya bilməyəcək. Qiyasın şambosundakı çirkabı çəkəndə onun "nisyə dəftərinə yazarsan” deməsini də gözləmirdi. Qəsəbə adamları ilə üz-göz ola bilmirdi, həm də qorxurdu ki, yeni nəcis maşınını icarəyə götürən Simranı çağırarlar. Bu da ona fəlakətli olar.
Qəsəbənin çayxanasına girib bir çaydan çay içib toyaqədərki işləri planlaşdırmağı qərara aldı. Adamlara "salaməleykum” deməyinə tək-tük "əleykumsalam” cavablarını eşitdi, buna candərdi salamlar da demək olardı. Burnu girməyən yerə başını soxan, qəsəbənin qeybətcil kişisi olan arıq çayçı çaydanı masaya gətirəndə söz atmağı unutmadı:
-Nəsə kefin kökdür, xeyir ola...
-Axşam toya çağırıblar, - deyə sevincini gizlətmədi.
-Rəhim - oğlunun toyuna səni də çağırıb?
-Bəs necə...Gərək burdan çıxıb qəşəng kostyum alam, hələ ayaqqabı da almalıyam.
-Aaaaa, belə de.
Bir neçə dəqiqədən sonra çayçının digər masadakı kişilərlə zarafatı eşidildi: "Axşam toyxananı iy bürüyəcək”. O, gülüşmə səsindən sonra çaydandan stəkana ikinci çayı tökməyib ordan uzaqlaşdı. Proflaktoriyada işləyən qardaşının yanına getdi ki, kostyum almağa borc pul versin, bir-iki günə qaytarar. Qardaşı köhnə "Jiquli”nin mühərrikini yığdığından əlinə yaxılan mazdan sir-sifətinə də sürtülmüşdü.
-Deyirsən Rəhim səni də oğlunun toyuna çağırıb? Məzələnmə.
-Allah haqqı düz deyirəm. Budey, bu da dəvətnamə.
Qardaşı əlinin mazını əskiyə silib dəvətnaməni alıb baxdı.
-Nə yazılıb bura? Yetişdi toy axşamı, durun yandırın şamı, gəlir oğlan adamı...Bunlar lap gicbəsərdir ki...Belə dəvətnaməni qız toyunda yazırlar e. Nə qədər pul istəyirsən?
-100 manat. Vitrindəki ağ kostyumu alacam.
-İndi ağ kostyum geyinən var? Özünü Çelentanoya oxşadırsan? Dədəmizin aldığı gitaranı da götürüb mağarda dınqıldadarsan... hi-hi-hi...
Qardaşı proflaktoriyanın sementi tökülən divarındakı mıxdan asdığı şalvarının cibindən 100 manat çıxarıb ona uzatdı:
-Həmişə toylarda.
-Sağ ol. İki günə qaytaracam.
-Qaytarmasan da olar...
Kişi geyimi mağazasına getməzdən əvvəl bərbərə tələsdi. Bərbər nə vaxtandır ülgüc dəyilməyən sifətin yumşaq saqqalını asanlıqla təraş etdi. Oğlan dedi ki, odekalonu bol eləsin. Bərbər odekalonu üzündən əlavə onun polverinə də fısqırtdı. Oğlan 100 manatdan 10 manatı bərbərə verdi ki, odekalonu ona satsın, o da satdı. Ətiri cibinə qoyub kostyum almağa qaçdı.
Kişi geyimi mağazasını işlədən oğlan son 5-6 kostyumun da satılmasını gözləyirdi ki, buranı internet klub etsin. Kostyum alan az idi. Həm də belə bahalı kostyumlardansa, başqa mağazalardan ucuzlarını alıb geyinirdilər: "Gərək, Türkiyədən belə bahalı kostyumlar gətirməkdənsə, özümü Şanxaya verəydim” –deyə həmişə deyinirdi. İnternet klub açsaydı - sutkaya iki kostyumun pulunu qazanacaqdı, belə düşünürdü. Rəssamlıq Akademiyasını bitirən satıcı bekarçılıqdan masa üzərinə qoyduğu narla – güldan natürümortunu çəkəndə müştərinin içəri girib "o ağ kostyumu neçəyə verərsiz” deməsindən arxaya dönüb sevindi. Çünki bu ağ kostyumu alverinin lap ilk günündən vitrinə qoysa da, heç kim yaxın durmurdu. Qəsəbədə ağ kostyum geyinəni dolayırdılar. Hələ ağ corab geyinəni fitə basırdılar. Amma ağ kostyum onun xoşuna gəlirdi. Satıcı fırçanı palitraya keçirib əlini yuyub ona yaxınlaşdı:
-Sən o şambolardan çirkabları çəkən oğlan deyilsən?
-Hə, mənəm.
-Kostyumu sənə 100 manata verərəm. Əyninə qutu kimi oturacaq.
-Aşağı yeri yoxdur?
Kostyum doğrudan da ona qutu kimi oturdu. Hərçənd qarnının çıxmasına görə bir az narahatlıq keçirsə də, nəsə yaxşı oturdu. Satıcı ilə müştəri aşağı qiymətə razılaşdılar, elə ağ rəngli ayaqqabı ilə corabı da burdan aldı. Köynək almağa ehtiyac görmədi, ad günündə yeznəsinin hədiyyə verdiyini geyinəcəkdi. Toya atmağa pul qalmadı. Satıcı oğlan müştərinin qanının qaralmasını hiss edib səbəbini öyrənəndə siyirmədən 50 manat çıxarıb ona uzatdı:
-Bizim evimiz köhnə qalanın yanındadır...elə Ağca xala desən tanıyacaqlar...anamgilin şambosu dolub...çirkab aləmi götürüb...onu iki dəfə çəkərsən, hesablaşarıq...bax, mənə atma ha...
-Arxayın olun.
Toyun başlamasına 2 saat qalmışdı. Maşını sürətlə evə sürdü. İçəri girən kimi sükan arxasından düşüb anasını hayladı ki, ona təmiz alt paltarı versin. Hamama girib əməlli-başlı çimdi. Ağ kostyumu geyinib güzgünün qarşısında duranda anası başına duz çevirdi:
-Balam toya gedir...Allah Rəhimin ölənlərinə rəhmət eləsin...Allah onun balalarını saxlasın, - deyə göz yaşlarını saxlaya bilmədi.
Oğlan anasının ağlamasına dözə bilməyib evdən çıxıb qəbiristanlıqla üzbəüz tərəfə piyada getdi. Nəcis maşını ilə getsəydi başlarından tüstüsü çıxanlar çox olacaqdı. Piyada gedə-gedə təzə ayaqqabısına qonan tozları ağaclardan qopardığı yarpaqla silirdi, ya da barmağını tüpürcəkləyib təmizləyirdi.
Təpəlikdən baxanda mağarda 5-6 adam gördü. Düşündü ki, bir az fırlansın, yoxsa tez getdiyinə görə deyərdilər ki, "bu acından ölürmüş ki”. Söyüd ağacının altında 3 siqareti çəkəndən sonra mağar getdikcə dolmağa başladı. O da aramla təpəlikdən aşağı addımladı. Mağara utana-utana girdi. Heç kim "xoş gəldin” edib yer göstərmədi, heç yayxanıb araqdan vuran kişilər də ona "yanımıza gəl” deyə təklif də etmədilər. O, sağ tərəfə gedib bir stulda əyləşdi. Toybəyi içəri girənlərə oğlanın yanındakı boş stullarda əyləşmələrini təklif etsə də, onlar "sən Allah, bizə başqa yer göstər” – deyib mağardan çıxıb gözləyirdilər ki, stullar boşalsa keçib əyləşsinlər, təki onun yanında olmasın.
Oğlan bütün bunları başa düşür, 5-10 dəqiqə oturub mağarı tərk etmək istəyirdi. Bayaqkı yayxanan kişilərin içdikləri arağın dərəcəsi qalxdığından gülməyə nəsə axtaranda gözlərinə o sataşdı, pota kişinin burnunu tutub "puff” eləməsi hamısını güldürdü. "Güldürdü” sözü burda yerinə düşmür, qarınlarını tutub aşağı-yuxarı əyilərək qaqqanaq çəkdilər. Sol tərəfdəki masada əyləşənlər də qaqqanaq çəkənlərin işarə etdikləri istiqamətə baxıb onlar da həmrəylik nümayiş etdirib daha da hündürdən gülüşdülər. Hətta biri lap uzağa gedib bəyin atası Rəhimi çağırıb uca səslə məsləhət də verdi: "Adam oğlunun xeyir işinə nəcis maşını sürəni çağırmaz. Düşər-düşməzi olar”. Rəhim də heç kimlə işi olmayıb sakitcə yeməyini yeyən oğlana baxdı, mağardan çıxıb kababçının yanına getdi ki, əldən iti olsun. Sonra nəmər yazanın yanında oturub dəftərin səhifələrini vərəqlədi ki, qonaqlar nə qədər pul atırlar. Qonşudakı idarə müdürünün imkanlı ola-ola 50 manat nəmər yazdırması qanını qaraltdı: "Mən onun qızının toyunda 100 manat yazdırmışdım, oğlumun toyuna atdığına bax”.
Oğlan gülüş və qaqqanaqlardan canını qurtarmaq üçün yemək paylayandan yarım litr tut arağı gətirməsini xahiş etdi. 200 qram içəndən sonra qaynar lüləkabab da istədi. 100 qram da içəndən sonra tini düzəldi və qaqqanaq çəkənlərə fikir verməyib bir boşqab mal ətindən isti soyutmanı da yedi. Bir dənə siqaret çəkib onun getməsini gözləyənlərin acığına çalğıçılara "Tərəkəmə” rəqsini sifariş etdi. Mağarın ortasında süzdükcə heç kim ona qoşulub oynamadı, əksinə oturanların bəziləri burunları tutub "puff” etdilər, gülməkdən az qaldılar cırılsınlar. Çalğıçılar şəhərdən gəldiklərindən qəsəbədəki bu oğlanı tanımırdılar, adamların gülməsinə təəccüblə baxsalar da, ifalarını şövqlə davam etdirirdilər. Oğlanın yaxşı rəqs etməsini görüb "Yanıq Kərəm”i də "Tərəkəmə”nin ardınca ifa edib onun sevincinə sevinc qatdılar.
Rəqs edəndən sonra köynəyinin tərləməsinə əhəmiyyət verməyən oğlan pencəyini çıxarmadı. Kostyumda yaraşıqlı görünürdü. Cibindən pul çıxarıb nəmər yazdıranda Rəhim yanındakına pıçıldadı ki, "idarə müdürü də 50 manat atır, nəcis maşını sürən də, dağıl belə dünya”.
Oğlan mağardan çıxanda çöldə durub boş yer gözləyənlər özlərini içəri təpib onun yerində əyləşdilər. Yemək paylayandan xahiş etdilər ki, bu masanı ya yuyucu tozla, ya da xlorla silsin ki, üstlərini qoxu basmasın. Masadan yayılan bahalı odekalon ətrini burunlarına çəkməyi özlərinə yaxın qoymaq istəmədilər: "burdan iy gəlir, vəssalam”.
Oğlan təpəliyin üstünə qalxanda hava qaralmışdı. Evə getməyə tələsmədi. Tez getsəydi anası başa düşəcəkdi ki, "oğlunun xətrinə dəyiblər, o da inciyib çıxıb”. O, çömbəlib mağarda oynayanlara baxıb siqaret çəkirdi. Hərdən ucalan rəqslərə özlüyündə çiyinlərini oynadırdı. Tut arağının dərəcəsi aşağı düşmürdü ki, evə səntirləyə-səntirləyə yox, adam balası kimi düz getsin.
Oğlan həmin gecə evə gəlmədi. Anası səhərin açılmasını gözlədi ki, Rəhimgilə getsin.
Gözləri şişən Rəhim qapını açanda ağbirçəyin "oğlum hanı” sualına "oğlun burdan axşamüstü gedib axı” cavabını verdi.
Arvadın oğlunu qəbiristanlıqda tapdılar. Oğlanın başından qan axıntısının izi qalmışdı. Birtəhər ayıldıb xəstəxanaya apardılar. Oğlanı kimin vurmasını araşdıranda məlum oldu ki, onun kəlləsinə suçu Bəhram bellə ilişdirib. Suçu Bəhram sahə müvəkkilinə hadisəni belə danışdı:
-Suyu açıb həyətlərə su verəndən sonra qəbiristanlığın girəcəyindəki krantı bağladım. Arxadan səs eşitdim. Kimsə dedi ki, "siqaretin olmaz?!”. Dönəndə gördüm ki, qarşımda ağ paltarlı biri durub. Elə bildim ruhdur. Əlimdəki bellə başına ilişdirib qaçdım. İndi bilmişəm ki, adam imiş.
İki gündən sonra xəstəxanadan çıxan oğlan özünə söz verdi ki, bir də o ağ kostyumu geyinməyəcək. Və heç vaxt geyinmədi.
SON