Alpay Azər. Atamın dəfni, hüzrü, bir də başdaşı (Yarımsürrealist hekayə)

Alpay Azər. Atamın dəfni, hüzrü, bir də başdaşı (Yarımsürrealist hekayə)

Bu hekayə 2011-ci ildə keçirilmiş 
III Nəsimi-Debüt Milli Ədəbi Müsabiqəsində nəsr nominasiyası üzrə 2-ci yeri tutmuşdur.

***

Əslində hekayənin adını yazanda hüzr, başdaşı sözlərini dırnaq işarəsinin içində   verməliydim, çünki atam, son vaxtlara qədər Elmlər Akademiyasının Fəlsəfə institutunda quru maaşla dolanan, elmlər doktoru, professor İmran müəllimin bu yaxınlarda yetmiş yaşı  tamam oldu. Göz dəyməsin, sap-sağlamdır, hərdən bir fəsil dəyişəndə təzyiqi aşağı düşür, şokoladla bir stəkan tünd çay, ya dərman içir, təzyiq normaya düşür...
Son vaxtlar nədənsə təqaüdə çıxmış  atam, mən, kiçik qardaşım və anam ölüm, yas mərasimləri barədə tez–tez söhbət edirik. Evdəkilərdən kimsə rəhmətə gedən uzaq, yaxın qohumumuzun hüzründən qayıdanda axşamlar güclü qiybətlər başlayır. Bu söhbətlərin-qiybətlərin əsas mövzusu da yasda verilən yeməklər, bir də yasa başsağlığı verməyə gələn müxtəlif xarakterli adamlar olur...

- Dünən Füzulidən gəliblər, qurduqları çadıra bax, - atam deyinir. – Mən əsəbiləşmiyim neyniyim? Sonra da məni qınıyırsız ki, bəs.... 
Füzulidən olan qohumlarımızdan biri yetmiş beş yaşlı qohumcanlı, hörmətçil, bir vaxtlar kəndə qonaq gedəndə qabağımızda qoyun kəsən, neçə vaxtdan bəri xərçəng xəstəliyindən əziyyət çəkən Kərəm kişi nəhayət ki, dünyasını dəyişdi. Atam üçünə getmişdi, axşamüstü evə gələndə təbii ki, yas mağarında gördüklərindən bizə danışmalıydı.  
- Bunlar  dəhşətdi e, üç yüz manatlıq çadır qurmuşdular.
-  Hardan bildin ki, üç yüz manatdı qiyməti?  - atamdan soruşuram.
-  Birincisi, elə içəri girəndə rəngli-saçaqlı pərdələrdən başa düşdüm ki, bu elə-belə mağarlardan deyil, qiymətini də elə söhbətarası oğlu özü dedi mənə.
- Uff, nə ət tökəndilər. İki daşın arasında onu gərək deyəydi, - qardaşım əsəbiləşir. – Nə lovğa  adamlarıymış bunlar.
- Bəs,  mən onu deyirəm də. Qudurğanlıq və yekəxanalıq, başqa ad tapa bilmirəm belə şeyə.
- Nə bişirmişdilər? - anam soruşur.
- Bozbaş.
- Plov yoxuydu.
- Yox bozbaş, dovğa, pendir, xiyar, bir də göy-göyərti, - atam ironiya ilə deyir.
- Gəl bir, göy-göyərti də qoymayaydılar stola, - anam atamın ironiyasına eyni cür reaksiya verir.
- Mən bir şeyi bilirəm ki, - atam əsəbi halda deyir, - dünyada hansı bir mənasız,  ya yersiz bir adət ortaya çıxsa və sürətlə yer kürəsində yayılsa, onu birinci götürən azərbaycanlılar olacaq... 
Allah rəhmət eləsin Kərəm  kişiyə, əliaçıq, ürəyigeniş adamıydı, üç oğlan, iki qız böyüdüb, oxudub evləndirmişdi. Arvadıyla məcburi köçkünlərin yaşadığı tələbə yataqxanasında qalırdı. Özü, oğlanları, kürəkənləri meyvə-tərəvəz satmaqla özlərini babat dolandırırdılar. 
Atam da ona hirslənir ki, məcburi köçkün ola-ola  üç yüz manatlıq  çadır qurmaq haralarına yaraşır.
 - Yeddisini keçirəcəklər?  - soruşuram. 
- Yox, amma sözsüz ki, qırx verərlər.
- Yəqin ki, elə həmin mağarı da quracaqlar.
- Sözsüz, – atam  əminliklə deyir. -  Məni  eşidin,  balalarım, - atam  eyni emossionallıqla  deyir, - arvad sən də eşit, hardasa sənə də aiddi bu sözlər...
Anam gözlərində şübhə qulaq asmağa başlayır.
- Nə  vaxtsa  mən  də  öləcəm, - hiss olunur ki, atam öz vəsiyyətinə başlayır.
- A kişi bəsdi, sən də yenə ölümdən...
- Ay ana, qoy  sözünü desin, -  anama əsəbləşirəm, düz deyir də, hamımız əvvəl-axır  öləcəyik.
- Nəysə, ona fikir verməyin, – atam anamı nəzərdə tutur. - Bax, deyirəm, öləndə, bir yeddimdə ucuz, yəni yüz manatlıq mağar qurarsız.
- İndi yüz manatlıq mağar olmur. Olsa da külək vurub o dəyqə aşırdar yüz manatlıq mağarı, - anam ironiya ilə deyir.
- Sən hardan bilirsən ki, mən öləndə mütləq külək əsəcək?
- Qəribə söz danışırsan, elə bil Bakıda yaşamırsan.
- Bəs il, qırx məsələsi necə olacaq? – qardaşım soruşur.
- İl vabşe hoppanacaq. Yəni il barədə heç fikirləşmək lazım deyil. Yeddimdə də, deyirəm, ancaq karamel, çay limon. Şokolad, şəkərbura, nə bilim badambura-zad lazım deyil. Yemək də bir cür olsun, məsələn bozbaş.
- Yox bir borş, - anam atmacalarından qalmır. 
- Vallah məndən olsaydı elə borş deyərdim, - atam da zarafatından qalmır. Özü də qışda, isti borşun ləzzər eliyər.
- Smetansız? – mən də zarafata qoşuluram.
- Hmm, - bir qədər tərəddüddən sonra, - smetanla. Əkbər kak-raz smetan yerində işləyir. Dörd il bütün qiymətlərini yazdırdım. Zəhmət çəkər əmisinin hörmətindən çıxar, - bunları atam sanki ciddi söz deyirmiş kimi deyir.
- Bəs  xurma? - qardaşım soruşur
- Xurma? – atam bir az  fikirləşir, başının dalını qaşıyır. - Xurma olar, ya da lazım deyil, bahadır  xurma.
- Niyə ucuzları da var, -  qardaşım deyir.
- Düz deyir, kilosu üç manatdan İran  xurmaları var,  dadlıdır, sənin də  xoşuna gəlir. Balaca, sarı xurmalardı,  - bunu mən deyirəm.
- Hə, yaxşı xurma olar, konfet də ancaq  limonlu karamel alarsız, şokolad lazım deyil.
Anam birdən qəşş edib gülür. Təəccüblənirik.
- Nəyə gülürsən? – atam soruşur.
- A kişi, elə bil özün də iştirak edəcəksən yasda. Limonlu karameli sən xoşduyursan, bəlkə gələn adamların başqa konfetlər xoşuna gəlir.
Biz də gülürük. 
Atam:
- Bir stəkan süzüb qoyarsız boş stulların birinin qabağına. Ruhum öz hüzrümə gələ bilsə böyük məmuniyətlə bir stəkan içərəm.
- Yaxşı, zarafatı qoyaq bir qırağa. Bəs birdən sənin o yekəxana qohumların ağızlarını büzsələr  ki, – anam da artıq  atamın "hüzründə” veriləcək  təamlarla  bağlı diskussiyalarımıza qoşulur.
- Qohumlarım, elə səninkilər də, əgər bunu söz eliyəcəklərsə, qələt  eliyib başlarını daşa döyəcəklər. Siz mən deyəni eləyin, vəssəlam. Yemək isə bozbaş  - atam deyir. – dolma, plov lazım deyil.
- Sən də ağ eləmə, a kişi, onsuz da üçündə heç olmasa biri olmalıdı, dolma ya da plov.
- Dedim axı, üç omayacaq. Yeddimdə bozbaş bəsləridi.
- A kişi nə yeddi-yeddi salmısan. İndi day heç yerdə yeddi keçirmirlər. 
- Əslində yas üç gün olmalıdır, -  qardaşım  yenə söhbətə qoşulur, peyğəmbər səllallahu əleyhi və  səlləmin   hədisi var ki, yas  üç gündən  artıq olmamalıdı, elə bu üç məsələsi də hardasa bizim adətlə də  üst–üstə düşür.
- Əşi dinə qalsa, sən deyirsən, hədis var ki, yas yerində yemək vabşe yasaq olunub, - deyirəm.
- Yox. Ancaq uzaqdan gələnlər yeyə bilərlər, - qardaşım düzəliş  edir.
- Bu mümkün deyil axı? – anam deyir. – Sən necə mağardakılardan soruşacaqsan  ki,  kim  uzaqdan gəlib, birinin qabağına  yemək  qoyacaqsan ki, bu uzadan gəlib, o birilərə  verməyəcəksən ki, bu Bakıda qalır, getsin evində yesin. Elə şey olar? Yox bir, gələn adamlardan kimi tanımırsan, bir-bir yaxınlaşıb soruşasan ki, Bakıda qalırsız yoxsa başqa yerdən gəlmisiz?
- Elə mütləq ac gəlməlidi yasa?! – atam yenə əsəbləşir. – Evində yesin gəlsin də. Camaat yemək yeməyə gəlir, yoxsa baş sağlığı verməyə? Indi yadıma düşdü elə, o gün işdən çıxıb Xeyransagilə gedəndə. – Xeyransa ortancıl bibimdi. – Ordan-burdan söhbət eliyəndən sonra tezcə iki daşın arasında başladı Xanımgildən, - uzaq qohumumuzdu, - doyunca qiybət eləməyə. Ərinnən bir yerdə gedibmişlər Xanımın qayınatasının cümə axşamına başsağlığı verməyə. Bacım giley eliyir ki, bəs qabağımıza təkcə çay, halva, konfet qoymuşdular. Xeyransaya deyirəm, ay qız, neyləməliydilər ki? Dolma, plov qoymalıydılar qabağınıza? Restorana getmişdiz bəyəm? Üstəlik, özün deyirsən ki, cümə axşamına getmişdiz. Qayıtdı ki, ay İmran, bəs  o vaxt Xanımgil üç nəfər, özü, əri, baldızı əliboş gəlmişdilər anamızın cümə axşamına, ama bunnan belə qabaqlarına ətinnən-qarasıynan bir yerdə plov qoymuşduq, nə bilim xiyar-pomidor qoymuşduq. Xeyransa, elə yeznəm də elə danışırlar, elə bil o vaxt Xanımgilə toya gedib pul salıblar, bunlar da borclarını qaytarmıyıb. Hələ məndən olsaydı, deyərdim yeddimdə bozbaş yox, qayğanaq verilsin.    
- Nə xəsis kişisən? – anam qınayıcı tərzdə deyir, - Hər şeyi zarafata salırsan. Yasda da xəsisliyindən qalmırsan. 
- Zarafat-zad eləmirəm, bu xəsislik-zad deyil, - atam anamın sözünü kəsir. – Qoy camaat bir az da azlığa, bir növ dərvişliyə öyrəşsinlər. Heç vecimə də deyil, qoy desinlər xəsisəm. Düz eliyiblər Naxçıvanda yasda yeməyi qadağan ediblər. Ancaq çay, limon, bir də halva. Vəssalam.   
- Lap düz deyir, - atamı dəstəkləyirəm, - doğrudan da, yasla bağlı o qədər yersiz, mənasız adətlərimiz var. Adam ölür, pul verib mağar qururlar, həmin gün sökürlər, birisi gün üçündə təzədən pul verib yenə qururlar.
- Sonra bir də qırxda həmin şey təkrar olunur, - qardaşım əlavə edir. - Nəyə lazımdı bu mənasız yas günləri. Yaxşı, tutaq ki, indi danışırlar ki, Sovet vaxtı ateizm dövlət ideologiyasıydı deyə, ağsaqqallar yığışıb üç, yeddi, qırxı çıxartdılar ki, din yaddan çıxmasın. Yəni hüzrə gələnlər mollanı eşitsinlər, din də unudulmasın. İndi ki, kitab var, televizor var, türk kanalları gecə-gündüz dindən danışır, internet var. İndi ki, atezim ideologiya deyil ki, dinin təbliğində problem yaransın. Yeri gəlmişkən mən də  fürsətdən  istifadə  edərək  eyni  vəsiyyəti  edirəm, - beləcə qardaşım da atamın vəsiyyətinə qoşulur.
- Dayan, sən  hələ  tələsmə, -  atam deyir, -  mən  hələ başdaşı  ilə  bağlı  da  vəsiyyətimi  deməliyəm.
- Bunnarın başı  xarab olub,- anam  ah çəkir. – Ay  kişi,  fikirləşirsən  nə danışırsan? Cümələr, qırx, il keçirtmiyin deyirsən. Bəs camaata nə deyəcəksiz?
- Mən camaata heç nə deyə bilmərəm, çünki o dünyada olacam.
- Səndən soruşmuram.
- Camaata mən bilirəm nə deyəcəm! – hirslə  deyirəm. – Düz deyir də, axı nəyə lazımdır qırx, cümələr, il?! 
- Nə deyəcəksən?!
- Mollanın qulağına pıçıldayıb deyəcəm ki, bunları elan elə: "mərhumun öz  vəsiyyətinə uyğun olaraq yas yiyəsi üç, cümələr, qırx və il  keçirmir. Ancaq yeddisi keçiriləcək, filan gündə”.
- A bala,  fikirləşirsən nə  danışırsan? – anam deyir, - biabır  olarsız  camaatın içində,  o dəyqə qohumların  içində  söz-söhbət yayılacaq ki, bunlar xəsisliklərindən belə eliyirlər, pul xərcləmək istəmirlər. – Atama üzünü tutub, - elə tək xalan qızı  Esmira bunu eşitsə bəsdir, bütün aləmə yayacaq.
- Sən düz demirsən, ay ana. Qohumların  hamısı atamın  xasiyyətini bilirlər. Bilirlər ki,  atam  filosofdur, yəni ən azından filosofların qəribə olduğunu  bilirlər. Qohumlar da ki, deyinib–deyinib axırda susacaqlar, – bunu  qardaşım  deyir.
- Elə məsələ də orasındadır ki, susmayacaqlar, illərlə bunu müzakirə edəcəklər, - anam öz dediyindən hələ də əl çəkmir.
- Mən bir təklif verirəm, - atama tərəf çönərək deyirəm. – Yaxşısı budu sən bir vəsiyyət yazıb qoy bizə. Yazırsan ki, üç, qırx, il, cümə mərasimlərimi keçirməyi qadağan edirəm. Bunu yazıb altından da imza atarsan. Qoyacam bibi və əmilərin, xalan, əminqızlarının qabağına ki, bu da dədəmin yazdığı sənəd. 
- Ay inandılar ha, - qardaşımdı, - əmimiz heç inanmayacaq, fikirləşəcək ki, bunu özümüz yazmışıq.
- Mentalitet məsələsi imkan vermir, yoxsa aparıb bu vəsityyəti notariusda təsdiqlətdirərdim, - dediyimə özümün də gülməyim tutur.
- Əşi hansı əsrdə yaşıyırsız, diktafona yazdıraram, kaseti qoyarsız, eşidərlər - atam çıxış yolu tapır.
- Diktafon nədi, mobil telefon, həm səs, həm də canlı görüntü, - nəhayət qardaşım ən asan yol təklif edir. – Necə deyərlər olar tutarlı sənəd.
- Bacılarım telefonda məni görən kimi başlayacaqlar ühü-ühü ağlamağa, - atam ağlamağı yamsılayır, birdən ciddi sifət alıb, - heç dediklərimə qulaq asacaqlar ki?
- Yox, mən birdən göstərməyəcəm ki, - deyirəm, - mübahisə başlayanda başa salacam ki, bax, belə bir vəsiyyət var, telefona çəkmişik-filan.   

Bir balaca ekskurs eliyim. Bizdə adam ölən günü insanların sifətində həqiqi hüzn, kədər hiss olunur, qohumlar tez yığışır, əsas məsələləri, - meyiti məscidə aparıb yuma, kəfənləmə, mafəyə qoyub evə gətirmə, qəbir yerini danışma, eyni zamanda mağar qurma və nəhayət mərhumu aparıb dəfn etmə, - həll edirlər, qəbristanlıqdan qayıdandan sonra insanlar bir az rahatlanır. Ölən adamın üçündən ilinə qədər yas yerinə gələn adamların, - olduğum kişi məclislərindən danışıram, - sifətindəki ifadə yavaş-yavaş kədərdən təbəssümə, təbəssümdən gülməyə qədər dəyişir. Məsələn, üç mərasimində yasa gələn bəzi insanların sifətində süni də olsa ciddi bir hüzn ifadəsi olur. Bu vaxt arvad məclisində isə ağı deyib ağlayan arvadların qırx-əlli faizi bunu ürəkdən etsələr də, onların da təxminən yarısı ölən adama görə yox, dünyasını dəyişmiş əzizləri yadlarına düşdüyü üçün hönkürüb ağlayırlar.  Qırxda isə vəziyyət dəyişir. Qırx bəzi hallarda mahiyyət baxımdan az da olsa, forma etibarilə tam olaraq toydan az fərqlənir. Məsələn, üçlə müqayisədə qırxa gələnlər daha iştahla yeyirlər, üstəlik daha çox adam gəlir deyə qaşıq-çəngəl səsi bəzən adamın beyninə düşür. Dalınca eyni həvəslə iki-üç stəkan çay içirlər. ("O çaydan birini də gətir”... stəkanı götürəndən sonra "Allah qəbul eləsin”). Qırxı yola verən hüzn yiyəsi ancaq bir şey haqqında fikirləşir, - hansı yeməkləri vermək ki, camaat razı getsin. Qırxda insanların sifətində hüzndən başqa hansı ifadə desən görmək olar. Üçdə bir-iki adam xısın-xısın gülürsə, güləndə isə bunu gizlətməyə çalışırsa, qırxda səslə belə gülməyə cəsarət edən iki-üç adam tapılır. Mən hələ qırxda müzakirə olunan narıncı, məxməri inqilablardan, Çempionlar liqasından, UEFA Kuboku yarışlarından, "yüz faizlik» siyasi proqnozlardan danışmıram.
O ki, qaldı ilə, bu tamam başqa bir mərasimdir. Az-çox il mərasimlərində iştirak edən bir adam kimi əminliklə deyirəm ki, il ölən adama çox az aidiyyatı olan, mənasız bir adətdir. İldə ölən sadəcə səbəbkardır, amma həmin adamın hüzrə gələnlərin artıq yadından çıxmaq ərəfəsində olduğu halda mağar qurmağın mənasını başa düşə bilmirəm. Bu mərasimin sadəcə mərhumun yaxın adamları arasında (cümə axşamıları kimi) keçirilməsi məntiqli olardı. İl müstəsna olaraq yemək mərasimidir. Bir neçə gün qalmış hüzr yiyəsi bu cür düşünür: "Həə, bu ili də yola verək, vəssalam. Oturub fikiləşmək lazımdı, gələnlərə yeməyə nə verək, neçə nəfərlik mağar quraq”. Mağarda isə mərhum və ya mərhuməylə bağlı ən çox bunları eşitmək olur. "Bir il necə tez gəldi. Elə bil dünən rəhmətə getmişdi,” "Yaxşı adamıydı, Allah rəhmət eləsin” və sairə. Dalısınca həmin adamla bağlı gülməli-məzəli əhvalatlar yada düşür: "Rəhmətlik uşaq vaxtı pişiyin quyruğuna ip bağlayıb tut ağacının budağından asmışdı”, "Məllimlərin oturduğu stula knopka qoyurdu” və s. Bəzi insanlarsa üç və qırxdan fərqli olaraq ildə çəkinib eləmədən qəhqəhə çəkib gülür və bu az qala qıraqdakılar tərəfindən təbii qəbul olunur. (Məsələn, üç ya qırxdakı kimi qıraqdan kimsə "Çşş, sss, ayıbdı”, - demir.)  
     
Qayıdaq söhbətimizə. Atam növbəti vəsiyyətinə keçir.
- İndi də sizə başdaşımdan danışım. Elan eliyirəm sizə, başdaşı yerinə yekə bir çay daşı qoyarsız; yumru,  amma təxminən yarım metri uzunluğu olan qalın sal çay daşı. Adımı yazarsız, şəkil də olar, bir də doğum, ölüm tarixi, vəssalam.
- Məndən olsa, yazıları ərəb hərfləriylə, şəkilsiz, - qardaşım deyir, başa düşmürük zarafat edir, yoxsa ciddi deyir.
- Səyləmə, - anam sözünü kəsir, - ərəb hərfləri nədi? Qəbirüstünə gələn camaat baxıb nə oxuyacaq ordan?
- Mən də ərəb hərfləriylə yazılmasının əleyhinəyəm, latın əlifbasında yazılsın. Onsuz da qohumlar biləcək ki, mən nə vaxt vəfat etmişəm, lap yaddarından çıxsın, vecimə deyil, - atam deyir.  
Hamımız  susuruq. Açığı, atamın başdaşı məsələsiylə bağlı dedikləri əvvəlcə mənə də bir az qəribə gəlir, amma bu mövzu qardaşımın  ürəyincədir:
-  Əslinə qalsa heç yazı da olmamalıdır, bu  İslama görə də belədir. Dinə görə qəbir itməlidir. o boyda  Səudiyyə Ərəbistanının kralını dəfn etdilər, başdaşı əvəzinə adi bir daş qoydular, üstündə heç adını, familyasını da yazmadılar.
Birdən yadımda sevdiyim İnqmar Berqmanın internetdə baxdığım məzar daşının şəklini xatırlayıram. Onu kompüterimdə saxlamışam.
- Bir qəyqə, indi sizə bir məşhur adamın  şəklini göstərəcəm, –o biri otaqdan noutbukumu gətirirəm, yandırıram, İ.Berqman-mezar.jpg adlı faylı tapıb açıram. - Baxın, bu da İnqmar Berqman, onun kim olduğunu da yaxşı bilirsiz, bilmirsizsə deyirəm, o dünya  kinematoqrafiyası üçün  şedevrlər vermiş məşhur  İsveç rejisorudur. 
 


Atama bu şəkil  doğurdan ləzzət eliyir, anama  üzünü tutaraq:
- İndi gördün?
- Fikir verin, – deyirəm,  - adi yastı bir daşdı. Ay ata, deyəsən, elə sən deyən çay daşındandı. Heç  şəkil də yoxdur, üstəlik özünün, bir də arvadı İnqridin adı bir boz daşa yazılıb. Arvadı da məşhur pianoçu olub. Bir də hər iki adın altından doğum-ölüm tarixləri, vəssalam. Maraq üçün gəlin internetə girək Səudiyyə krallarından birinin qəbrini quqlda tapaq. İndikindən əvvəlkinin, kral Fəhdin qəbrinə baxaq.
www.google.com axtarış saytına girib www.findgrave.com-dan rəhmətlik kral Fəhdin qəbrinin şəklini tapırıq.
 

 
King Fahd grave is simple as dictated by Muslim custom: A rock marking his interment under gravel and dirt. grief is discouraged, as are tombstones, ornate mausoleums or flowers. His grave is identical to hundreds of others interred in the cemetery.

- Görürsüz? – deyirəm.
- Şəklin altında nə yazılıb? –anam heyrətlə soruşur.
- Hamısını yox, son cümləni tərcümə eliyirəm. Yazır ki, onun qəbri qəbirsannıxdakı digər yüzlərlə qəbirlərdən fərqlənmirdi. Onu da deyim ki, Səudiyyə krallarının hamısının qəbri belə sadədir. 
Sonra kral Fəhdin bioqrafiyası ilə bağlı www.google.com saytından tapdığım başqa bir məlumatı evdəkilərə deyirəm:
- İyirmi beş milyard dollar da pulu olub.
- Bizdə iyirmi beş  milyard dolları olan adam minimum qızıldan özünə iki-üç metrlik heykəl qoydurardı. Ya oğlanları zakaz eləyərdi, - anam öz şərhini verir. 
- Hələ üstəlik həmin heykəldə qalstukun zaponkasını, kostyumunun düymələrini də brilliantdan eliyərdilər, - qardaşım əlavə edir.
- Bəlkə  elə bu cür daşdan olsun sənin başdaşın? Ya da ucuz mərmər?  - nəhayət atamdan soruşuram.
- Yox, mərmər lazım deyil. Mən elə məhz bu cür, kralınkı kimi adi daş istəyirəm. Əslində Berqmanınki də pis deyil, o cür də olar. Mərmər mənimçün meşşanlıq əlamətidir,– atam yenə öz fikirində qalır. - Yoxsa bizimkilər, nəysə, - havada əlini yelləyir.
- Bizimkilərdə şəkil çəkdirmək, videoya çəkilmək xəstəliyi var da, - deyirəm. –Sizə bir şey danışacam, ilk dəfədi danışıram, qulaq asın. Ama çox xahiş edirəm, orda-burda danışmıyın, gedib qulaqlarına çatar, inciyərlər bizdən. Əli dayı rəhmətə gedəndə arvadı mənə şəkil verdi ki, apar bunu fotoatelyedə böyütdür, sonra ver İkrama palatkadan assınlar. "Vobşem” getdim, böyütdürdüm, gətirmişəm. İkram mənə sifət göstərdi ki, bu nə şəkildi gətirmisən. Deyirəm, bəs anan verib bunu. Deyir apar qaytar, de ki, qalstuknan olan şəkli versin. Təzədən getdim, anası kişinin o vaxtın modası olan nazik qara qalstuklu, kostyumlu şəklini verdi, aparıb böyütdürdüm, asdılar mağardan.
- Pah. Əli də guya nazilrikdə şöbə müdiri işliyib, ya idarə rəisi olub. Oğluna qayıdıb deyəydin ki, dədən məktəbdə əmək müəllimi işdiyib də, böyük zibiliydi guya, – anam sanki bu hadisə dünən-srağagün baş veribmiş kimi əsəbiləşdiyindən dedikərimə bu cür reaksiya verir.
- Bayaq VİP çadırlardan danışırdıq. Yeri gəlmişkən, VİP çadırlarda indi mikrafon da qoyurlar. Öz gözlərimlə gördüyümü deyirəm e, eşitdiyimi yox, - birdən iki il əvvəl iş yoldaşımın atasının hüzrü yadıma düşür.
- Harda? – anam soruşur.
- İş yoldaşımın atasının yasında. Niyə danışmamışdım ki? Ama mikrafonun yeri varıydı. Çünki mağar çox uzunuydu deyə molla mikrafonsuz danışsaydı, ayaq tərəfdə oturanlar eşitmiyəcəydilər.
- Tost deyən olmadı ki? – atam ironiya ilə soruşur. 
- Yox, ama molla dəhşət şöhrətpərəstin biriydi. İş yoldaşımın dədəsi karamel fabrikinin direktoru işliyibmiş uzun müddət. İş yoldaşları, biznesmenlər, nə bilim prokurorlar-filan girdilər mağara. Bu vaxt molla kimisə tanıdı, asta-asta mikrafona "Səlim müəllim xoş gəlmisiz”, "İbrahim müəllim xoş gəlmisiz”, - yalan olmasın, dörd-beş adamı salamladı, üzlərinə də gülümsüyə-gülümsüyə, yəni sizi tanıdım. Zalım oğlu elə bil tamadaydı.
- Əslində bu da bir növ piar kimi bir şeydi, - atam deyir, - yəqin o şişkalara işarə vururmuş ki, sabah sizin yasınız düşəndə məni çağırarsız.
- Hələ mən səni inandırım, - qardaşım deyir, - bir müddət sonra şişka dediyin bu adamların yas məclisində molla mikrafonla elan edəcək ki, kim istiyir gəlib burdan baş sağlığı verə bilər ya mərhumun ruhuna bir dua oxuya bilər. Bizimkiləri də bilmirsən? Bir-bir çıxıb ət tökə-tökə öləni tərifləyəcəklər ki, rəhmətlik yaxşı kişiydi, aləm adamıydı.
- Amma bu VİP mağarların bir yaxşı şeyi var, - atam gözlənilmədən deyir. Özüm şəhərin mərkəzində görmüşəm, mağarın yanında iki səyyar tualet qoyurlar.
- Necə yəni səyyar tualet? – anam təəccüblə soruşur.
- Plasmasdan, yığılma tualetlər. Biri kişilər, o biri qadınlarçün. 
- Deyirəm, gör hansı günlərə gəldik çıxdıq? – anam ah çəkir.
- Ah niyə çəkirsən? - atam tənqidi tonda deyir. - VİP çadırlar harınlıq əlaməti olsa da, bu tualet yeganə yerinə düşən şeydi. Adamların çoxu getdikləri yerdə, xüsusilə də bina evləri olan yas yerlərində evə çıxıb tualetə getməyə utanırlar. Məhz belə məqamlarda tualetin yeri var. Yeri gəlmişkən, bir məsləhət verim. Yas yerinə, qışda, ya yayda olsun, getməmişdən əvvəl on dəfə evdə tualetə gedin ki, yasda narahat olmayasız, durub utana-utana yas yiyəsindən soruşmuyasız ki, bağışdıyın, sizdə tualet hardadır. 
- Mikrafon, video, tualet-zad bilmirəm, ama qəbirdaşında şəkil mütləq olmalıdır. – anam elan eliyir. Biz də təəccüblə ona baxırıq, - şəkil məsələsi hələ də yadından çıxmayıbmış.
- Şəkilsiz şey olar? – sözünə davam edir. - Heç  fikirləşirsiz ki, dədənizin ilində qəbir üstə  gələnlər  nə deyər? Deyəcəklər ki, iki yekə oğlu var, ikisi də işləyir, normal maaş alırlar. Atalarına qoyduqları başdaşına  bax. İkincisi də, yas yerində filan qədər pul yığılacaq, bəs deməzlər, bu pul hara gedib, bütün qohumlar rda-burda danışacaqlar ki, yığılan puldan da qıymayıblar ki, bir babat  başdaşı  qoysunlar. Demirəm ki, iki metirlik qara mərmərdən  olsun. Demirəm ki,  beş-on min dollar xərc çəkəsiz, amma hər halda normal bir başdaşı düzəltdirmək olar. 
- Amma anam yasda yığılan  pul barəsində düz deyir, - qardaşım  dindar olduğuna  görə belə məsələlərdə həssasdır. Yəni bir növ çatdırmaq istəyir ki, yığılan pul harasa xərclənməlidir.
- O pul gedəcək yeddimə, - atam anamın sualına cavab verir.
- Bəs artıq qalsa? – qardaşım soruşur.
- Verərsiz mənə, - anam tez dillənir.
-  Hamımız gülüşürük.
- Artıq qalsa, -  qardaşım təklif  verir, – kasıblara ehsan vermək olar, Allah qarşısında savab qazanarıq.
-  Etiraz eləmirəm,  - atam deyir.
-  Mən də dəstəkləyirəm, – dillənirəm.
-  Kasıb elə mən. Üstəlik işsizəm, pensiya almıram, ona görə pul mənə çatır, - anam elə danışır ki, sanki bu gün sabah atamın "yas” mərasimindən pul yığılıb, indi onun xərclənməsini müzakirə edirik.   
- Mən  də adi daşdan məzardaşı vəsiyyət edirəm, - nəhayət mən də öz  vəsiyyətimi elan edirəm, – çay daşı  yox,  amma adı yonulmuş  daş olsun.
- Sizə  bu gün  nə olub elə, ölümdən, qəbristanlıqdan  danışırsız. Başa düşmürəm, başqa mövzu tapmırsız.... 
- Adi daş nəyə deyirsən? - atam anamın sözünü  kəsərək mənə sual verir – Kubik daşı?
- Kubik yox, yerdən çıxarılmış, amma yonulmuş yekə daş, - kompüterdə ekranı göstərərək, – bax,  elə Berqmanın  qəbirdaşı kimi,  şəxsən mənim  xoşuma  gəldi... Ehh, vallah, ən yaxşısı  elə hindlilərin  adətidir, – ah  çəkib deyirəm.
- Hansı? – qardaşım soruşur.
- Öldünsə yandırırlar,  külünü də axıdırlar Qanq  çayına.
- Amma...
- Bilirəm nə deyəcsən, - qardaşımın  sözünü kəsirəm, - bizim dinə görə belə şey  etmək harama  bərabərdir. Razıyam, əslində razı deyiləm, sadəcə müsəlman olduğuma görə qəbul etmək məcburiyyətindəyəm. Amma kaş ki,  bu  dinimizdə icazə veriləydi. Vəsiyyət edərdim ki, məni yandırıb bir ovuc külümü  töksünlər  Xəzər dənizinə.
Hərdən fikirləşirəm ki, evdə oturub rahat-rahat danışırıq, atam öz vəsiyyətini eliyir, mən, qardaşım atamı müdafiə edirik, anamdan başqa üçümüz də eyni vəsiyyəti edirik, eyni sözləri deyirik. Biz hələ reallıqdan uzağıq, amma ölüm baş verəndə vəziyyət tamam başqa  cür olacaq. Əslində atam, mən, qardaşım da bunu gözəl bilirik. 
- Nəysə, bunlar boş şeylərdi, məni başqa şey narahat edir, - atamı mağar söhbəti bezdirir. - Məni qəbirdə dirilmək ehtimalı qorxudur. (Aha yeni maraqlı, həm də trillerfason mövzu ortaya atılır).
- Biz nə edə bilərik ki? – qorxa-qorxa soruşuram.
- Xristianların meyidi üç gün saxlamaq adətinə ona görə hörmətim var, - anam öz fikrini bildirir, - yəni üç günün içində adam dirilib eləsə, həkim-zad çağırmaq olar. Day bizdəki kimi yox, qəbirdə diriləndə, çığıra-çığıra qalıb ürəyi partlamır onların.  
- Allah eləməmiş, dirilib eləsəm, heç mən də bilmirəm siz neyliyə bilərsiz? – atam mənə cavab verir. 
Birdən ağlıma əcaib bir fikir gəlir, "kibrit yandırıb bədəninin müxtəlif yerlərinə vurarıq, reaksiya versən, deməli hələ tam ölməmisən”, tərəddüd eliyirəm, amma sonda təklifimi deyirəm.
- Bu mənim də ağlıma gəlmişdi, - atam deyir. – Hətta isdiyirdim təklif edəm ki, öləndən sonra iynəni odda qızdırıb bir neçə dəfə qoluma, ayağıma lap dərinə batırasız. 
Əslində bunlar boş şeylərdi, qəbirdə dirilən adamlar öləndə, daha doğrusu kliniki ölüm vəziyyətinə düşəndə tamamilə hissiyatlarını itirirlər, onları məsciddə yuyanda, kəfənə bükəndə bədənləri heç nəyə reaksiya vermir. Bəs nə etməli? Ya adamı torpağa basdırandan sonra iki gün gedib qəbrin yanında qalmalısan, səs-zad gəlməsə rahat evə qayıtmaq olar. Yox, atamın üzü gəlməz ki, nə məndən, nə də qardaşımdan bunu xahiş etsin. İki gün, iki gecə qəbristanlıqda qalmaq elə də asan məsələ deyil, ən əsası möhkəm əsəb yiyəsi olmaq lazımdır.
Tapdım! Ən yaxşısı sağ əlinə "zaryadkası” iki-üç gün saxlayan mobil telefon verməkdir, kəfəni də bədənə kip sarımamaq, eləcə yüngülcə bükmək ki, Allah eləməmiş, dirilib eləsə telefonla yaxınlarına zəng edə bilsin. 
Bir az fikirləşəndən sonra telefonla qəbirdən zəng eləmək təklifimi atama deyirəm. Ağlına batır. 
- Olar, ağıllı fikirdi... Onda gərək o biri əlimdə də fənər ola.
- Fənər? Həə, qaranlığa görə deyirsən. Ehtiyac yoxdu, telefonun istənilən knopkasını bassan ekran işıq verəcək.
- Telefonu blakirovkadan çıxarmaq da bir problemdi, - qardaşım deyir.
- Blakirovkaya niyə qoyuruq ki? – təəcüblə soruşuram.
- Ona görə ki, maşında gedəndə dəyqədə bir barmağı yaşıl düyməyə dəyəcək zənglər gedəcək müxtəlif adamlara. 
Mən deyilənlə razılaşıram....
- Qəribə şeylər danışırsız, - anam bu söhbətə qoşulur, atama baxır, - səni hələ qoyuram qırağa. Deyək, Məmmədqulunu basdırdılar. O boyda üstünə torpaq töksələr, heç əlini tərpədə bilməz. Ayılan kimi yerində ürəyi partlayar.
- Hə, sən qadın olduğuna görə dəfndə iştirak eləməmisən. Meyiti kəfənliyib sağ böyrü üstə torpağa qoyandan sonra onun üstünə bir az yuxarı hissədə daşlar qoyurlar..
- Daşlar yox, daş üzlükləri, - atam dəqiqləşdirir.
- Olsun daş üzlükləri. Yəni onu düz meyidin üstünə yox, beş-altı santimetr hündürdə elə qoyurlar ki...
- Sən düz başa salmırsan, qoy mən deyim,- atam dəfn etmənin detallarını anama başa salmaq istəyir. – Deməli, kəfənlənmiş meyidi sağ böyrü üstə qoyurlar, molla "Yasin”i oxuyandan sonra həmin iki daş üzlüyü qazılmış qəbirin qıraqlarına pərçimləyirlər. Meyid qalır boşluqda, sonra sementi tökürlər həmin daş üzlüklərin üstünə.
- Day nə oldu ki, - anam sanki etirazını bildirir.
- Qoy sözümü bitirim. Ondan sonra torpağı tökürlər həmin daş üzlüklərin üstünə. Vəssalam. 
- Mən onu deyirəm ki, - anam bayaq demək istədiyi fikrini bitirmək istəyir. – O daşın üstünə palçıq da tökürlərsə, Allah eləməmiş, orda dirilən adama zaval yoxdu.
- Bəs bayaqdan burda deyirik, belə şeylər olub həyatda, - atam deyir. - Yəni adam qəbirdə dirilib bir gecə qışqırıb. Hələ yalan-doğru deyirlər, bəzilərini sonra xilas da eliyiblər. Bir sözlə, telefon məsələsini unutmayın. 
Hamımız gülürük...
P.S. Əgər Allah Təala, məsəlçün, bəzi (seçilmiş) insanları bir anın içində yox edib havaya çevirmək üsuluyla öldürsəydi, mən də gecə-gündüz Böyük Yaradana dua edərdim ki, məni də bu yolla öldürsün, üstəlik, yox olan kimi düz bir il qohum, dos-tanışların yaddaşlarından silinib gedim. Yenə deyirəm, dinimiz əgər yandırılmağıma icazə versəydi, fikirləşmədən vəsiyyət edərdim ki, meyidimi krematoriyaya göndərsinlər, ən güclü alovda yandırsınlar, bir-iki dəqiqənin içində yanıb bir ovucluq külə dönüm, ordan da birbaşa İoahan Sebastian Baxın 3-cü "Brandenburq konsertinin” möhtəşəm 1-ci hissəsinin sədaları altında helikoptderdən Xəzər dənizinin düz ortasına. 

Yandırın sobada meydimi,
Alovun nəhəng qanadlarında.
Səpin bir ovucluq külümü,
İtsin Xəzərin sularında.

Əvəzində kəfən, meyit yuma, maşında aparılma, ən əsası, qəbristanlıqda yer puluna qənaət olardı. Yalan doğru, deyirlər, Bakıda ən ucuz Hövsan qəbristanlığıdı, hələ orda bir nəfərlik qəbir yeri, eşitdiyimə görə, beş yüz manatdır. 
Yox gizlətməyim, bizim Xırdalan qəbristanlığında on nəfərlik yerimiz var, babam rəhmətə gedəndə o vaxt tanışlıq hesabına çox ucuz qiymətə yer götürdük, yəni hal-hazırda ata tərəfdən potensial ölənlər üçün on nəfərlik yer var. Amma bizim ölüm tariximizi bilən tək Allahdır, yəni bəlkə də mən ölənə qədər nəslimizdən gedənlər on nəfərlik yeri tutacaq. Lap mənə orda yer olsaydı belə, sonda, bayaq dediyim kimi böyük məmnuniyyətlə dəniz doğma Xəzərimizin sularında dəfn olunmaq istərdim. Övladlarıma da tapşırardım tək üçümü keçirsinlər. Deyərdim ki, qohumların dığdığından uzaq olmaqçün yeddi, qırxa iki-üç gün qalmış mobil telefonlarınızı keçirdin, qapı-pəncərəni bağlayın, özünüz də qeyb olun, əkilin Qaxdakı daçamıza, üç-dörd gün dincəlin orda, sonra qayıdın şəhərə. Cümə axşamlarında da telefonu keçirdin ya səssiz rejimə qoyun, qapını döyəndə açmayın. İlimdə özləri başa düşəcək, zəng eləməyəcəklər, nə də mağarı olmayan hüzrə gələcəklər... 


2010, qış,
Bakı