ARXA KÜÇƏLƏRIN YAZARLARI

ARXA KÜÇƏLƏRIN YAZARLARI

Eldəniz Sadıxlı (Qamçı MEZARUS)
“Bir dəli sevda tək düşəndə ələ,
Bir qurtum şərbət bil, iç getsin elə.
Dünya xali deyil görərsən hələ, -
Dünyanın dərdindən ölməyə nə var?!”
Füzuli Sabiroğlunun bloqundan götürülmüş bu bənd tənqidin başlaya bilmədiyi yerdir. Təkrar emal texnologiyalarının mövcud olduğu müasir dünyada bu cür yazan müəllif ixtiyari tənqidçinin əl-qolunu qandallayır, onu hər hansısa sifətdən və feldən cümlədə sərrast istifadə etməyə qoymur.
Yalnız təəccüb etmək qalır: görəsən, internetdə bloq yaradan, zahirən informasiya çağında yaşayan şəxs, sadəcə olaraq, bu cür hiss etməyi, bu cür düşünməyi, bu cür “fikir” istehsal etməyi necə bacarır? Amma işin ötə yanı bundan ibarətdir ki, Füzuli Sabiroğlu bu misralarıyla Azərbaycan ədəbiyyatının korifeyləri cərgəsindədir. Eyni dadda olan şərab və şərbətləri coğrafiyamızın şəkilləri ədəbiyyat siniflərindən asılmış klassikləri, qəzəlxanları və aşıqları min ildir başına çəkir, dəli sevdaya mübtəla olub çöllərə düşür və dünyanın nədən xali olub-olmadığını tapa bilmirlər. Dünyayla xalilik arasında həmişə bir “NƏDƏN” sualı var. O sual Füzuli Sabiroğlunun yuxarıdakı bəndində ona görə yoxa çıxıb ki, dünyanın nədən xali olduğunu elementar səviyyədə bilmək üçün dünyadan hali olmaq lazımdır. Bax, elə həmin unudulmuş sual Azərbaycan yazarlarının qurduğu cümlələrdə, quraşdırdığı süjetlərdə öz əksini tapmayanda bədii mətnlər informasiya kasadlığı çəkir, bədii dil, hörmətli tənqidçimiz Cavanşir Yusiflinin təbirincə desək, “arxa plan”dan məhrum olur:
“Əliş canını yer üzündən çəkib apardı. Telli bir yumub, beş tökdü. Bu da dünyanın bir tərəfiydi, göz yaşı üstündə oturan tərəfi. Arvadların səs-küyü qab-qacaq cingiltisi kimi Əlişin böyük qardaşının qulağına dolurdu… Çox çəkmədi ki, arvadlardan bir «qırmızı ismarıc» gəldi:- «İndi ağlayaq, yoxsa sonra?» Əlişin böyük qardaşı elə bir zakaz elədi. Bir saatdan sonra–camaat yığışanda.
Bir saatdan sonra ağlaşma başlandı. Hər kəs öz ölüsünü ağlayırdı. Heç kəs Əlişi ağlamırdı. Bircə Tellidən başqa”.
Qəşəm Nəcəfzadənin “Gülümsəyən ağac” hekayəsindəndir. Möhtərəm Qəşəm Nəcəfzadə onun bu hekayəsinə tövrümüzün tənqidi olduğunu duyub bizdən soruşa bilər: “axı, “dilin arxa planı” nədir ki, mənim mətnim ondan xalidir”?
www.kult.az-da ədəbi müzakirələrə qoşulandan stolüstü kitabıma çevrilmiş, Mehmet Rıfatın redaksiyasında Auerbax, Bartez, Derrida, Batur, Benk, Propp kimi tənqid avtoritetlərinin əsərlərindən ibarət parçaların qaynaqlar halında bir araya gətirildiyi “Eleştirel bakış açıları” adlı kitabda yer alan heç bir müəllif “dilin arxa planı” təbirini qullanmış deyil. Heç Cavanşir müəllim özü də bədii tənqidə gətirdiyi terminə sərrast tərif verməyib, onu alğılamaya açıq buraxıb: “«Arxa plan» ifadəsi təsadüfi yerə işlədilməmişdir. Sözün parlaqlığının, «işıq saçmasının», «rəng qatışığının fışqırdığı» mənzərə primitiv təhkiyə strukturuna şərait yaradır, daha doğrusu yazıçının əvvəldən axıra kimi sözun əlində əsir qalmasını şərtləndirir...” Bununla belə, Cavanşir Yusifli telejurnalistikada olan bir istilahı bədii mətnə çox uğurla şamil etməkdədir (əgər belə deyilsə, onda mənim etdiyimi düşünün- E.S). Telejurnalistikada “arxa plan” dedikdə verilən, oxunan informasiyanı “müşayiət edən” görüntü nəzərdə tutulur. Məsələn, dünyada hazırkı maliyyə böhranından bəhs edən informasiyaları efirə verərkən telekanallar birjaların önündən götürülmüş görüntüləri “arxa plan” kimi istifadə edirlər. Obrazlı desəm, bədii dilin “arxa plan”ı radiodan yox, televizordan aldığımız informasiyanın effektidir. Yəni, “zahirən hər şey yerindədir, yəni burda hekayədirsə, hekayə “modeli”, romandırsa, roman “modeli” var, eninə, uzunluğuna, “özünəməxsus” təhkiyə “tempi”nə görə. Əhvalatı bütün təfərrüatı ilə danışmaq, nəzərdə, beynində tutduğu qəlibə doldurmaq və bu işi həmin qəlib ölçüsü qədərində icra etmək” (sitat C.Yusiflidəndir) yox, sözun daşıdığı informasiyanı “mənzərə” ilə yükləyə bilməkdir “arxa plan” yaratmaq.
Bu baxımdan, Qəşəm Nəcəfzadənin yuxarıda istinad edilən “ağlaşma səhnəsində” müəllif “ekranı əməlli-başlı qarışdırır”. Oxucu dünyanın göz yaşı olan tərəfində ağlaşmaya oturdulduğu, necə deyərlər, dəsmalını çıxardıb Əlişə ağı deməyə başladığı anda məlum olur ki, “arvadların səs-küyü qab-qacaq cingiltisi kimi Əlişin böyük qardaşının qulağına dolur” və mərhuma ancaq “camaat eşitsin deyə” ağlamaq lazımdır. Dünyanın göz yaşı olan tərəfi budurmu? Dünyanın göz yaşı olan tərəfin mənzərəsi belə deyil heç şübhəsiz, sadəcə, onun görüntüsünü çəkə bilməyib Qəşəm Nəcəfzadə.
Qəşəm Nəcəfzadədən fərqli olaraq, Jalə İsmayıl “arxa planda” Əliş kişini çox ustalıqla yarada bilib. “Əliş kişinin yad edilməsi” adlı hekayədə Timur və Çingizxanın hərəkətləri və dialoqları, onları izləyən müəllifin təhkiyəsi çoxdan ölmüş babaları Əlişin portretini məharətlə çizir və “fon” çox uğurlu alınır:
“- Ə, sənə qurban olum, hirslənəndə lap özümüzə oxşayırsan e…ən çox da babamız Əlişə…Sən də mi söyürsən, evdə nə var qırırsan hirslənəndə?
- Bə nədi, kişi döyülük?!
- Dilinə qurban! Babamızın ruhu indi nə kef görür, Allah bilir bircə. Kişi indi o dünyada sevindiyindən leysan tökür gözlərindən…Qoy səni bir öpüm… “
Jalənin həmin hekayəsinin, əslində, çox düşündürücü ideyası var. Söyüşkən, arvad döyən, qışqırığı kəndi götürən Əliş kişi, onun post-modernizmi başa düşməyən nəvəsi Çingizxan və post-modernist şair Timur Azərbaycanın hazırkı ədəbi mühitindəki konfliktləri əks etdirir. Timur çağdaş Azərbaycanın yazarı, Çingizxan “obıvatel”i, Əliş kişi “milli-mənəvi dəyərlər” sistemidir. Hekayənin sonunda məlum olur ki, rəhmətlik Əliş kişiylə post-modernist yazar nəvəsinin heç bir fərqi yoxdur: “Ə, babam da ağzını gül açardı, sənin şairlərinin də dilindən düşmür andırların adı. İndi de görüm, səndəki şeirlərlə babamın şeirləri arasında nə tafot var, hə?”
Gerçəkdən son dərəcə maraqlı müşahidə və mülahizədir. Görəsən, qadını “ev heyvanı” adlandıran şair Aqşin Yeniseyin arvada “süpürgə” kimi yanaşan milli-mənəvi dəyərlər sistemimizin bədii təcəssümü olan Əliş kişidən fərqi nədir? Gəlin, Aqşinin Seymur Baycan üçün oxuduğu şeirə baxaq:
Semir, haydı
Özümüzə qoyun ətindən qadın yaratmağın vaxtı gəldi
Əti insan ətindən olanlar çox ucuzdur
Ən bahalıları gecə barlarındadır
Vaxtı gəldi, dostumuzu adamlara göstərib deməyin:
- tanış olun, dostumdur, xalis at ətindəndir, özüm yoğurmuşam
“Qadını yenidən yaratmaq” şərq ölkələri üçün olduqca vacib arzudur. Amma əfsuslar olsun ki, Aqşinin yenidən yaratdığı at-qadın, elə Jalənin “arxa plan qəhrəmanı” Əliş kişinin “mindiyi”dir. Bu məqamda xatırlamaq yerinə düşür: məğlub etdiyi düşməninin atını minən və arvadını yatağa salan Çingizxandan üzü bəri şərq təfəkküründə at və arvad eyni dərəcədə “namus” hesab edilir. Üstəlik, düşüncələrimizdə orta əsrlərdən bu yana yaşayan “atdır, arvaddır...” deyimi də var. Qadına ikinci cins kimi, yalnız seksual zəmində baxmaq post-modernizmin əlaməti deyil:
Semir, bilirsən nə üçün darıxır insan?
Elə bil bu qədər quşun, otun, həşəratın arasında
Nəsə çatışmır,
Elə bil kimsə yoxdur
Mən həmişə bədənimin qabaq tərəfiylə darıxıram
Bədənimin qabağıyla gözləyirəm onu
Semir, bu gün avtobusda bir qoca öz-özünə dedi ki,
yoldaşın olmaması yalnızlıq deyil
Yalnızlıq yolun olmamasıdır!
Heç bir kişi və qadın 24 saat seksual deyil. İnsan sutkanın orta hesabla səkkiz saatını yatır, bəlli sayda cinsi aktdan sonra ehtiras sönür. Sənaye dövrünün fabrik və zavodları informasiya texnologiyaları ilə işlədiyindən ağır kişi əməyinə ehtiyac böyük ölçüdə aradan qalxıb. Odur ki, post-modernist düşüncə gender bərabərliyinə istinad edir, sosial həyatın bütün sahələrində qadınla kişinin eyni hüquqa malik olduğunu vurğulayır, qadını cinsinə görə sorğulamır. Bu mənada Aqşinin “söyməyi” ilə onun öz şeirini ithaf etdiyi Seymur Baycanın “18, 6” adlı skelet-memuarı məzmunca fərqlənir.
Seymur Baycan Aqşin haqqında deyə bilməyəcəyimiz “post-modernist yazar” titulunu haqq edən müəllifdir. Küçə dilini bədii mətnə gətirmək, məişət danışıqlarını olduğu kimi nəsrə salmaq post-modernist ədəbiyyatın məxsusi və ən çox tənqidə məruz qalan cəhətidir. Post-modernist düşüncə bütün ehkamlara və strukturlara qarşı olduğundan ƏDƏBiyyatı da yenidən yapılandırır və onu ETİKiyyat olmaqdan çıxarır. Məhz bu dağıdıcı xarakteriylə Seymur Baycanın adı Azərbaycan ədəbiyyatı tarixinə mütləq düşəcək.
Seymur hər şeydən öncə tipik Azərbaycanlı xarakterinə qarşıdır: “... Azərbaycan aktyorları filmlərdə, teatr tamaşalarında qul, nökər rolunu necə mükəmməl oynayırlar? ... Sanki nökərçilik bizim aktyorların içindən gəlir... hər bir azərbaycanlının ruhunda aktyorluq gizlənir...” İçində nökərçilik, ruhunda aktyorluq olan qadın və kişi obrazları Azərbaycan ədəbiyyatında meydan sulayır və Seymur bədii mətnə gətirdiyi təbii dil, təbii obrazlarla “bədii qəhrəman” mifini sındırır. Seymur qəhrəmanı olduğu romana səmimi, pafosdan uzaq obraz gətirir, onun romandakı ixtiyari başqa bir kişiyə yanaşması ilə, özünə münasibəti fərqlənmir, hər ikisi bəzən söyüşlə xatırlanır. Epizodların birində qəhrəman televizorda izlədiyi qadın aparıcıya belə reaksiya verir:
“Qəhbə, bəs bədbəxt doğulub, bütün ömrü boyu bədbəxt yaşayıb, bədbəxtcəsinə ölənləri hara itirdin? Bunun arıqlığına, döşünün yekəliyinə bax. Allah bilir, lifçiyinin altına iki kilo pambıq doldurub. Sehrli bir pult ola, basasan düyməsini, aparıcının lifçiyi açıla. Lifçiyinin altına doldurduğu pambıqlar tökülə studiyanın ortasına. A, necə də gözəl atalar sözü alındı: açaram lifçiyi, tökərəm pambığı.”
Bu, artıq post-modernizmdir. Əvvəla, televizor modernizmin simvoludur, baxdığı “Raduqa”nı ələ salmaq və aparıcının lifçiyini açan pult arzulamaqla müəllif həmin ekonomik dövrün simvoluna kinayə etməklə oxucunu açıq və dolayı şəkildə “qadını soyundura bilən” kompüterə yönəldir. Digər yandan, “qadını soyundurmaq” post-modern estetikanın həqiqətlə bütünləşməsidir. Post-modern fəlsəfəyə görə, çılpaq olan hər şey həqiqətdir. “Açaram lifçiyi, tökərəm pambığı”- sandığın qadın döşüylə əvəzlənməsi Seymurun daha bir məişət əşyasına ironiyası olmaqla bərabər, həm də xalq müdrikliyinin post-modernist improvizasiyasıdır.
Bir sözlə, Aqşinə, qabartdığı problemə Aqşinin yaradıcılığından baxanda son dərəcə uğurlu görsənən “Əliş kişinin yad edilməsi” Seymur Baycanın yaradıcılığına münasibətdə özünü doğrultmur, hekayənin finalındakı “bədii həll” iflasa uğrayır. Əgər Seymur Baycan klassiklərin heykəlinin kəfənə büründüyünü, boyunlarına ip keçirildiyini gözləri ilə görübsə (bax: 137-ci səhifə), bunu əsərə nədən yansıtmasın və həyatımızda baş verən hadisə niyə geniş mənada ədəbiyyata təsir etməsin? Onların heykəllərinin təmirə ehtiyacı yoxdurmu? – Seymur Baycanın uğurla təmsil etdiyi post-modernist cərəyanın məntiqi mühakiməsi budur. Bu mühakimə qarşısında “klassik” və “post-modernist” məfhumlarla istilah səviyyəsində məzələnən Jalə arqumentsiz görünür və anlayışların dərinliyinə enə bilməmək Jalənin hekayəsinin finalını ELMİ-NƏZƏRI CƏHƏTDƏN (hekayənin ideyası baxımından yox!) iflasa gətirib çıxarır.
Hekayənin ideyasına görə problem bundadır ki, Timur nəzəri cəhətdən post-modernizmin nə oldugunu bilən adam deyil, o, küyə qoşulub. Küyə qoşulmağın nəticəsi “gənc şairin artıq postmodernizmin əsasları, xeyir-şər davası, ədəbiyyatın qütbləşməsi, həyatın özünü şeirə gətirmək, modern estetika barədə” düşünməyib Əliş kişinin məzarının üstünə- dədə-baba yoluna, milliliyə qayıdır və gedib babasına “Quran” oxutmaq olur. Azərbaycanda bir misal var: dəyirmançı oğlunun dədəsinə Quran oxutması.
Bədii tənqidin görəvi yazıçıya ağıl öyrətmək olmasa da, mətndəki boşluqları gözdən qaçırmaq yol verilməzdir. Jalənin öyülən hekayəsinin maketində surət əskikliyi var. “Ənənə”, “yazar”, “obıvatel”, tənqidçi (Yenə babamı nənəm söyərdi ki, söymə, sənin şairlərini heç söyən də yoxdu ki, söyməyin!”) olduğu halda, oxucu yoxdur. Əgər “obıvatel” Çingizxan mətnin içində əmisi oğluna “oxucu”nun fikrini çatdırsaydı və onlar Əliş kişinin məzarı üstündə qayıdanda həmin oxucunun babalarına Quran oxutdurduğunu görsəydilər, final daha dolğun alınar və o obrazdan istifadə edib post-modernizmi nəzəri cəhətdən incələmək olardı. Bu təqdirdə hekayənin ideyasını da daha yaxşı açmaq mümkünüydü. Necə ki, belə bir süjeti Taleh Şahsuvarlı “Babəkin canlanması” romanında qurub. Mətnin yazarı Fateh Yazıçı kənddə yaşayan xalasıgildə öz qəhrəmanı Azin Kürəçiylə görüşür. Onun xalasının əri Zahid sovet oxucusudur, zəngin kitabxanası var, amma son illər oxumağa kitab ala bilmir. Hərdən əlinə düşəndən-düşənə qəzet oxuyur. “Çağırış” qəzetində bacısıoğlunun yazdıqları “tənqidçi”ni– xalasını hürküdür. “Obıvatel” obrazında təsvir edilən “Daqqa” Məiş isə əsərin yazarını və qəhrəmanını “səfeh” hesab edir. Şahsuvarlı bu epizodda maraqlı fənd seçərək yazara, qəhrəmana, oxucuya ərik arağı içirdir, əsərin əsas ideyalarını səmimi ortamda “ağızlarından alır”, “tənqidçi” süfrəyə çay gətirir, “obıvatel”in isə dərsi verilir.
İndi dünyada ədəbiyyat post-modernizm cərəyanının təsirindədir. İqtisadi şərtlərin dəyişməsi, azad bazarın yaranması sosial həyatın bütün sahələrini ağuşuna aldı. Rəssamlıq, memarlıq, musiqi kimi klassik və modern ədəbiyyat da post-modernist axının qabağında duruş gətirə bilmədi. Modernizmin və daha öncəki dövrlərin dəyərlərinin sorğulanmasına, yenidən yapılandırılmasına başlandı. Yeni cərəyanın nümayəndələri ən ağlagəlməz suallar qoydular. Görəsən Faust, Karmen, qədim yunan Tanrıları, orta əsr kralları, qılıncının dalı da, qabağı da kəsən qəhrəmanlar bu gün yaşasaydı necə olardı? Sevindirici haldır ki, bu sual Azərbaycan ədəbiyyatında da qoyulur. Jalə bu sualı qabardaraq Teymurləngi və Çingizxanı “qəbirdən çıxarır”, Seymur Baycan Üzeyir Hacıbəyovgilə gedib nahar eləmək istəyir, Taleh Şahsuvarlı isə Babəki dirildib. Onun qəhrəmanı Azin Kürəçi ölümdən sonra dirilişə inanan xürrəmilərin əsrlər boyu reenkernasiya edəcəyini gözlədikləri Babəkdir. Canlanan Babək müxalif “Azadlıq” blokunun deputatlığa namizədi, demokratik düşərgənin gənc simalarından biri, QHT sədridir. Azərbaycanı Babəkin bir zamanlar qarşı çıxdığı gələcəyə, orta əsr dəyərlərinə- dinə, təhkimçiliyə, qəsrləşməyə qaytaran rejim onun ruhunu daşıyan Azinin səsvermədəki qələbəsini oğurlayır, əsgərliyə göndərir, yolda döyür, həbs edir. Amma o, öz ideallarından vaz keçmir:
“Mən qəbirini də, Sibirini də nəzərə almışam. Zirzəmidə də yatmağa hazıram, türmədə də. Əsla azadlığa xəyanət etməyəcəm, köləliklə razılaşmayacam... Mən “qara gün” düşüncəsinin adamı deyiləm. Siz qara günün adamlarısınız, mən ağ gələcəyin.”
Bu qəhrəman “psevdo” dəyərlər daşımır. Eynən “orijinal” Babək kimi bir gün azad yaşamağı qırx il qul kimi ömür sürməkdən üstün tutur. İntellektual hazırlığı yüksəkdir. Ona görə də əsərdəki bütün dialoqlarda intellektual müzakirələr gedir. Müəllif mistikayla marağa saldığı oxucunu dərin sosial mövzulara çəkir. Bəzən Qarabağ münaqişəsinin həlli xaos nəzəriyyəsindən əsgər Cabbarovun postda kəfləmə atmasına qədər gətirib çıxarılaraq bəsitləşdirilir, bəzən də manqalın üstünə qoyulan setkanın götürülməməsi insan hüquqa və azadlıqlarının boğulması problemini “qloballaşdırır”. Bununla belə, əsərdə post-modern romanın tələblərinə uyğun olaraq, “hökmlər” verilmir, sadəcə, “bir baxış açısı” təqdim edilir, qəhrəman söküb-dağıtmır, müşahidə və müqayisə edir, “addım atmaq” oxucunun öhdəsinə buraxılır. Bu məqsədlə təsirli fənd işlədilir və dolayısıyla deyilir ki, oxucu, sən istəsən əsərdəki Zahid kimi “haqdan qaça”, öz qəhrəmanlarını sata, televiziyaya çıxıb əleyhinə danışa bilərsən, istəsən ona dəstək olarsan.
Əsər post-modern romanın bütün parametrlərinə cavab verir. Mifologiya, mistika ironiya, qopmuş parçalar, qopuq parçaların ikinci dərəcəli süjet xəttləriylə birləşdirilməsi, erotizm, yazarın gözdən itməsi və ölümü kimi tələblər dəqiqliklə işlənib. “İnternet forum” un müzakirə müstəvisi kimi əsərə salınması orijinal addımdır. Yazar bütün roman boyu, obrazlı desək, “minalar” basdırır və sonra onu partladır. Dörd küpün üzərinə çizilmiş dörd bitki- qoz, zeytun, dəfinə və üzüm simvolları əslində mətndəki xəyali parçalarda əks olunan- azadlıq, barışsevərlik, axtarış və imic problemini ehtiva edir. Zeytun bir tərəfdən savaşa nədən olduğu halda, bir yanda barış simvolu kimi təsvir edilir, oxucu ziddiyətə salınır və nəticədə “problem”in kökü ekonomik, siyasi və mədəni müstəvidə açıqlanır. Başqa sözlə, müəllif sözə, kodlara və mətn quruluşuna yenilmir.
İstənilən mətn əsasən üç elementden- hərfdən, sözdən və cümlədən ibarətdir. “Babəkin canlanması” romanında “T” hərfinin “ovlanması” olayında olduğu kimi, səsin də arxa planı var. Bir səsin itməsi informasiya olaraq arxasında böyük bir seçki saxtakarlığını, total düşüncəni “ekrana gətirir”. Əsər boyu sevilən isveçli qız Lovizanın adı Stokholma siyasi mühacirət etmək istəyən jurnalistlərdə səfirlik viza verməyəndə səs dəyişikliyinə məruz qalır, “No VİZA”-ya çevrilir və “məhəbbət” depressiyaya uğrayır. Baş hərfləri “BAŞ BƏY YENİDƏN CANLANACAQ” cümləsi əmələ gətirən gizli xürrəm təşkilatının üzvlük dərəcələri, adətən, internet bloqlarda işlənən “açar sözlər” kimi mətndaxili axtarışa yardımçı olur. Qədim yunanların ezetorik mərasimində rahibin işıq anaforaları yaradaraq əsl yolçuları irəlilətdiyi ötəri şəkildə bildirilir, lakin az keçmiş “Çölsüz evin içi” adlanan fəslin mətni tamamilə səs, söz və ritm təkrarlarından ibarət qurularaq müdhiş bir dil sehrbazlığı sərgilənir. Küçə dili yalnız “araları açıq olan” yazarla qəhrəmanın dialoqlarında istifadə edilir. Arxa plan:
“Cənab Markus qapını açaraq bizim qalacağımız evin dul və tənha sahibəsini- Fiona Darrini içəri dəvət etdi. Hər ikimiz “mama” deyib üstünə yüyürdük. Elşən bizim iştahımızdan keçənlərdən hələ uçaqda olarkən xəbər tutduğundan replika atdı: “çirkin qadın olmur, az araq olur”.
Göründüyü kimi, eynindən ABŞ-da qalacaqları evin sahibəsiylə eşq məcərası yaşamaq keçən Fateh Yazıçı və Azin Kürəçini xəyal qırıqlığına uğradan və onları “mama” xitabını qullanmağa sövq edən QADININ ÇİRKİNLİYİ “arxa plan”da verilir. Üstəlik, Elşənin timsalında “tamaşaçı reaksiyası” ilə “bədii mənzərə” tamamlanır.
Seçdirmələrə fikir verin:

“Otağın ortasına edam kötüyü, kötüyün başına balta qoyulmuşdu. Başımı kötüyün üstünə qoydum. Baş-başa verib dərdləşdik. Baş sındırmağa gərək yoxuydu, bir yana baxanda. İllər öncə yürüməyə başladığım yoldu. Nə iş qalmamışdı başıma gəlməyən? “Başını bu işə soxma” deyib telefonda söyənlər, “başın bədəninə ağırlıq edir” hədəsiylə qabağımı kəsənlər az olmamışdı. Azərbaycandan baş götürüb gedəsi deyildim heç hara, bu ölkənin başına daş salanların qabağından qaçmayacaqdım. Kim istəyir məni başı xarab saysın, kim istəyir başı gicişən. Mən sevgilimin dizinə qoymamışam başımı, ayağının altındakı yola baş qoymuşam, başıma qoyduğum vətəndir edam kötüyü. Bu edam kötüyündən qorxsam uzaqbaşı başımı qurtaracam, amma başıaşağı yaşayacam ömrüm boyu; qorxmasam, başım uca olacaq hər zaman. Başına dolanım Baş Bəy, mən Azinəm, yalana, qorxuya, əsarətə baş əyməyən ruhunam sənin. Adım Babək yox, Azin olanda nə olar, azadlıq uğrunda başdan keçilməzmi? Nədən qorxum axı başına kül olmuş bu taxta qırığından? Taxtadan düzələn çarmıx da çürüyəcək yer üzündə, tabut da, taxt da, bu dünyaya azadlıq qalacaq. Döndü yoxdu, öldü var! Ölsəm, başın sağ olsun, azadlıq! Başımı qaldırdım.”
Bu dilin arxa planı deyil artıq, BÖYÜK PLANIdır!
Azərbaycan ədəbiyyatının böyük planında görünməyən, amma görünməyə tam layiq olan bir müəllif var. Şeirinin dili, işığı və ruhuyla fərqlənən Pərviz Cəbrayıl. Pərviz yaşama, cəmiyyətə, insana üçüncü gözlə baxır, elə incəliklər görür, həssaslıqlar duyur ki, adam onları şəxsən niyə hiss etmədiyinə təəssüflənir: Gəlin, ondan bir şeir oxuyaq:
BÜTÜN XANIMLAR SƏNDİ
Səni tanımayınca
bütün xanımlar
gözümdə
Səndi.
Hər hansı
qıza-qadına
azacıq
pis gözlə baxan
bütün kişilər
mənimçün
düşməndi.
Pərviz bu şeirində ədəbiyyatın ən köhnə və Nobel ödülçüsü Orxan Pamukun timsalinda “ən yeni” mövzusu olan qısqanclıq probleminə özünəməxsus baxış ortaya qoyur. Məchul sevgilisinin əvəzinə bütün qadınları qısqanmaqla tanımadığı qız-gəlinə “ana-bacı gözüylə baxan, qeyrət çəkən” mühafizəkar münasibət sərgiləyən azərbaycanlı şüuruna yeni “link” verir. Müəllif “Barış” şeirindəki gizli erotizmlə qadına cinsəl, suyun gəlməsiylə sosial ehtiyac hiss etdirir, əski nəzmin təbirlərinə incə ironiya ilə yanaşır. Onun qadına ehtiyacı, qadınsız darıxması, qadını uğrunda ölünəcək dəyərə çevirməsi “CAN SAVAŞI” kəlməsində yerbəyer görsənir, bu sözün “arxa planı”nda isə “evrensel harmoniya”nı yaradan gözəlin obrazı canlanır:
Bitdi
Böyük Can Savaşı,
bir həftəlik
qan-qada;
sülh oldu dünyada,
barış gəldi.
***
Sən gəldin...
***
Günəş
daha gözəl saçmadı;
Quşlar
daha ürəkdən uçmadı;
Gözüm
sənin susqundan
su içmədi,
ama
bir həftədən bəri
cayır-cayır yanan evimə
hökumət su verdi.
Evimin divarları
yaşıl geymədi,
döşəməsində
güllər açmadı,
qapım açıldı
birbaş qonaq otağıma.
sənin boş yerinə
göz-qulaq otağıma.
***
Bu gündən sabaha kimi
yaşamdan
iznliyəm,
gəl,
bu gün
doyunca ölək,
bir ömür adına
dincələk.
Pərvizin şeirləri həm də örnəkdir. Azərbaycanın ədəbi məkanında yeni intiriqalara səbəb olmasın, “Bir sabahlıq yaşam”da oxuculara təqdim olunan şeirlər Füzuli Sabiroğluna necə yazmağı (sözə informasiya verməyi), Qəşəm Nəcəfzadəyə necə yazmamağı (ağacları adamlara güldürməməyi) öyrədəcək qədər “əyani vəsaitdir”. “Ağaclar və qadınlar” şeirində olduğu kimi:
Qadınlar
küçələrə tökülər,
ağaclar - əkilər küçələrə.
Fahişə deyərlər qadının
küçəyə töküləninə,
əkilənlər park olur.
Başının üstə
nə Allah durar, nə göy,
tökülən qadına
bütün sevgilər ögey...
yalnız əkilənə umud.
Ağacların dibində
tərini soyudan...
tökülmüş qadınların gözündən
bitmədən yaş axar.
Parklar fahişələrin gözündən
içdiyi sudan yaşıllaşar,
sıxlaşar.
Gecələr heç kim görməz,
ayaq çəkilincə yörədən
allahsız, göysüz
fahişə qadınlar ağaclarla
necə iç döyüb,
qadınca qucaqlaşar...
Bu, tərifin başlaya bilmədiyi yerdir. Tənqid bitsə də...
P.S: Jalənin “Əliş kişinin yad edilməsi” hekayəsini tuş verən Cavanşir Yusifliyə, “Babəkin canlanması” romanının son variantını göndərən Taleh Şahsuvarlıya, kitabının elektron variantını yollayan Pərviz Cəbrayıla, Seymur Baycanın kitabını PDF formatına salaraq oxumama yardım edən dostum Sa1VM118-ə təşəkkür edirəm.