Bakının mərkəzində yeni rəsm qalereyası açıldı

Bakının mərkəzində yeni rəsm qalereyası açıldı

Dekabrın 28-də Bakının mərkəzində – Üzeyir Hacıbəyli küçəsi, 38 ünvanında “LN art centre” qalereyası istifadəyə verilib.

Tədbirdə çıxış edən qalereyanın direktor müavini Aysel Əmirova Yeni ili qarşılamağa hazırlaşdığımız bu günlərdə belə bir incəsənət mərkəzinin istifadəyə verilməsini fırça ustalarımıza ən böyük hədiyyə kimi qiymətləndirib. Bildirib ki, artıq burada mütəmadi olaraq onların əsərləri sərgilənəcəkdir.

A.Əmirova deyib ki, qalereyanın yaradılmasının əsas məqsədi müasir incəsənət nümunələrini üzə çıxarmaq, gənc rəssamların yetkin sənətkar kimi formalaşmasına, bu sənət növünü mükəmməl mənimsəməsinə kömək etmək, eyni zamanda, təqdimatlar keçirmək, Azərbaycanın fırça ustalarının xarici ölkələrdə sərgilərinin açılmasına yardımçı olmaqdan ibarətdir.

Vurğulanıb ki, burada əsasən qalereyanın münsiflər heyətinin rəyinə əsasən seçilmiş rəsmlər nümayiş etdiriləcəkdir. Həmçinin rəssamların əsrlərinin satışı da təşkil olunacaq.

Paytaxtım mərkəzində yeni qalereyanın açılmasını müsbət hal kimi qiymətləndirən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev sənət mərkəzinin işinə uğurlar arzulayıb. F.Babayev deyib ki, nazirlik daim yeni qalereyanın işinə yardımçı olacaq və onların reallaşdıracağı layihələri dəstəkləyəcək.

Sonra tədbir iştirakçıları “LN art centre”nin açılışı şərəfinə təşkil edilmiş sərgi ilə tanış olublar. Ekspozisiyada Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərləri yer alıb.

Bir neçə gün davam edəcək ilk sərgidə ümumilikdə 30-dan çox əsər nümayiş etdirilir.

AzərTAc