Azərbaycan ədəbi mühitinə açıq məktub
Köşə, Esse
- 04.12.2023
- 0 Şərh
- 7680 Baxış
"Sizin tayfa"nın, fəlakət gətirən qatı dumanlı gələcəkdə kiçik sis fənərini sağa-sola yellədiyini görürəm. Başqaları da görürmü?
"Var olmaq” insanların dirəniş "qanunları"ı ilə hərəkət etməsi və ya seçim edə bilməsi (konteksti görmək, qiymətləndirmək, dəyər vermək və mövqe tutmaq) mənasını verir.
Karl Yaspers, həyatda itki və qeyri-müəyyənlik hissi yaradan kədərli anları təsvir etmək üçün sərhəd stuatsiyası (vəziyyəti) konsepsiyasını irəli sürdü.
Sərhəd vəziyyəti bizi yaxşısı və pisi ilə varlığımıza yeni gözlə baxmağa məcbur edir və bu, bəzən ağrılı bir proses ola bilər. Hiss etdiyimiz və yaşadıqlarımız üzərində aktiv şəkildə işləməsək, sərhəddə ilişib qalarıq, bitməyən kədər və ya hərəkəti iflic edən ağrı riski ilə üzləşirik. Ancaq sərhəd vəziyyətindən irəli gələn şeylərə "açıq gözlə" baxsaq dərinləşmiş bir "var oluş" yoluna qədəm qoya bilərik. Mən "bu ağılla" hələ də yaşadığıma şükr edirəm...
Paradoksal olaraq həyatın kövrəkliyi və məhdudiyyətləri içimizdə daha güclü həyat hissi yaradadır. Artan mərhəmət qabiliyyəti təcrübədən də irəli gəlir. Bu yerdə Uilyam Folknerin insanlığın sonunu görməkdən imtina etməsi düz hədəfə vurur. Fəqət mən Raskolnikovun təcrübə predmeti kimi hiss edirəm özümü və o an insanlığın sonunu yox, "bizim tayfa"nın, fəlakət gətirən dumanlı gələcəkdə sis fənərini sağa - sola yellədiyini görürəm. Başqaları da görürmü? Bu tablo Pieter Brueghelin "korların yürüşü" tablosuna bənzəyir və mən həmin tabloda çuxura düşmək üzrə olan soldan 5 - ci koram. Yəni tablonu izləyənə baxan yeganə personajam.
Həyatımız boyu bir çox məhdudiyyət vəziyyətləri yaşadığımız zaman özümüzü yenidən yaratmağa hazır hiss etdiyimiz məqama çata bilərik. Kim olduğumuza dair hər bir fikrimiz həmişə ən kiçik bir dəyişikliklə pozulur. Bu, bizi içimizdə heç vaxt dəyişməyən şeyləri, bütün sərhəd vəziyyətlərində özümüzlə götürdüyümüz şeyləri axtarmağa apara bilər... Katastrof!
Bütün bunlar əslində nədir və bütün bunlarda mənim rolum nədir?
Bu yaxınlarda iyirmi ilin ağrısını atdım çiynimdən. "Dəli Maral"ın faciəsini yazdım. Bizim ədəbi mühitin istər "poqonlu", istərsə də kütləyə oynayan kütləri hekayəni görməzdən gəlib susdular. İllərdir bilincli şəkildə təcrid olunduğumun fərqindəyəm. Bu mənim nə marjinallığım səbəbindəndir, nə də, müxalifliyimdəndir. Hərçənd mənim müxalifliyim yalqız qurdun müxalifliyi kimidir. Susdular - bilirəm, qorxdular... Özlərində olmayandan qorxdular.
Nə isə... Oldu və "öldü".
Bir dəfə "sizinkilər"ə belə bir məktub yazmışdım:
- Oldu ilə öldü arasında incə bir fərq var. Oldu keçmişdirsə, öldü hərəkətdə olan bir insan üçün hazırda olmayan və ya olacaq gələcəkdir. Yoxluğun gələcəyi... Mən artıq "Samsa(ra)"ya da inanmıram. Və o zaman xəyal qırıqlığından əziyyət çəkdim ki, bizim yazıçıların atası sayılan Kafka, Upanişadların "Samsara"sından sadəcə "Ra" sözünü çıxmaqla, böyük şərq mədəniyyətinin qovşağında bizimkiləri tələyə saldı, öz möhtəşəmliyi ilə aldada bildi.
Mənə görə, söz anlayışın yükləndiyi mövzudur. Və bu belə olduqda öz ədəbiyyatı zühur etmiş olur. Mən də inəyini itirən kəndlidən yaza bilərdim fəqət bu anlayışın yükləndiyi söz yox, "bir yığın söz" olacaqdı. Hərçənd ki, inəyini axtaran kəndli böyük yazıçıdır...
Dənizlər tez-tez yuxumu yozur. Məsəlçün mən əminəm ki, dimdiyi ilə dən döyən sərçələrin ayinlərindən xəbərsiz olan indiki şairlərimiz varlığın necə bir bütöv olduğundan da xəbərsizdirlər. Onlar bilmirlər ki, varlıq şüurda hissələrə bölünür. Varlığı bütöv olaraq fəhm edənlər ya mənim kimi axmaq olur, ya da, Allah olur...
Kainatın soyumasına az qalıb. Daha karbon lazım olmayacaq, yeni partlayış üçün. Daha "vedalar"dakı özünə diqqətlər sadəcə insan zəkasının, daxillərdəki itələmələrin, özündən - özünə reaksiyalarının istehsalı kimi qələmə verilməyəcək. Buna ehtiyac olmadığı üçün yox, qələm vermək üçün əl tapılmayacaq. Dünya və bildiyimiz var olan hər şey hərəkət etməkdən imtina etdiyi üçün, müxtəlifliklərdəki görüntülər ortaya çıxmayacaq. Niyə və nə üçün soruşsan, cavabını mən də bilmirəm və bilmək üçün artıq əvvəlki kimi can da atmıram - Bunu da "sizinkilər"ə yazmışdım. Hələ ardı da var idi:
- İt yuxusundan oyanmaq və sonra bir damcı su içmək, sudan keçmək, böyük bir təfəkür məktəbini bir əsanın arxasınca aparmaq, dənizi ikiyə bölməkdən çətin olmamalı idi. Biz nə firondan qorxurduq, nə də Tur dağına çıxmaq niyyətində idik. Biz işığa dırmanmaq, qaranlıqları aydınlatmaq istəyirdik ki, özümüzü it yuxusundan ayılan yox, it dalaşında qapışan gördük. Bu görüntü aləmi mövcudluğun hərisliyi yox, məcburiyyətin tərsliyi idi. Nəhayət, Azərbaycan ədəbiyyatının 90 - ları və 2000 - ləri məcburiyyətin tərsliyindən intihar etdi - saytlarda, təyin olunmuş jurnalistikada. İndi 9-cu həyatını yaşayan mənim kimi 9 canlılar məcburiyyətin tərsliyindən dörd ayaq üstədir - Vətən üçün it kimi darıxıram.
Ey ədəbi mühit! "Sizin tayfa"nın, fəlakət gətirən qatı dumanlı gələcəkdə kiçik sis fənərini sağa - sola yellədiyini görürəm. Başqaları da görürmü?
Hörmətlə:
Elçin Aslangil
Stockholm (2 dekabr 2023)