Bizim Əsəd Cahangir

Bizim Əsəd Cahangir

Müəllif: Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü


Əsər Cahangirlə tanışlığımız təxminən on il bundan qabaq olub. Əvvəl, deyəsən, "Ulduz” jurnalında şair Tofiq Abidinlə müsahibəsini, sonra mübhəm ilhamla qələmə aldığı "Dəmirbaşlar” essesini oxumuşdum. Qeyri-adi yazı nümunəsi kimi yadda qalan "Dəmirbaşlar” essesi məni sözün həqiqi mənasında o vaxtlar ovsunlamışdı. Şəxsi tanışlığımız isə AYB-nın "Natəvan” klubunda hansısa gənc şairin kitabının təqdimat gecəsində baş tutmuşdu. Onunla fikirlərimizi tez-tez zəngləşməklə, gəzintilərə çıxmaqla bölüşərdik. Çılğın fikir axını ilə dolu olan cazibədar nitqini Əsəd daha çox birtərəfli şəxsi qənaətləri üzərində qurardı. O zamanlar postmodern epoxaya daha çox mistik metafizika aləmindən təzəcə qədəm qoymuş Əsədin klassik poeziyamıza, xüsusilə də, Nəsimiyə mənəvi bağlılığı var idi. Nəsiminin ruh azadlığı, elə bil, ona sirli aləmlərə baş vurması üçün stimul verirdi. Şeirə çevrilməmiş, daha çox filosof yazısını xatırladan özünün "Namaz” poemasını o belə ovqatlarının qanadlarında ərsəyə gətirmişdi. Hətta birində "28 May” metrosunun dəhlizində kiminsə bərkdən bəlağətlə qəzəl oxuduğunu eşidib çönükəndə qəzəl oxuyanın Əsəd olduğunu gördüm. Metronun qəzet köşkündən aldığı illik qoroskop kitabçasını əlində tutmuşdu. O, qoroskopa, özünün dediyinə görə, etiqad etməsə də, elə-belə inanırdı. Amma rəqəmlərin insan taleyindəki rolu ilə, Pifaqorun və başqalarının numerologiya təlimilə ciddi maraqlanırdı. Ünsiyyət prosesində başqalarına ruhani təsir bağışlamaq üçün Əsəd ezoterik bacarıqlarından məharətlə istifadə etməyi xoşlayırdı.    

Etiraf edirəm ki, mən ona bir ustad kimi bağlanmışdım. Əsədi yaxından tanıdıqca, ruh aləminə bələd olduqca əmin oldum ki, xarakteri olduqca ziddiyyətli, çətin, situasional və baş açılmazdır. O, elə bil, hansısa böyük bir işi görməyə daxilən təşəbbüs göstərirdi, di gəl ki, zamanmı, yoxsa psixi iradəmi yetərsizliyindən daim əziyyət çəkirdi. Əsədin bütün problemlərin özəyində özünə ruhən lazım olan həm ilahi, həm də dünyəvi şöhrəti təmin edə bilməməyi dururdu. O elə zənn edirdi ki, əgər belə getsə, bu şöhrəti ömrü boyu əldə etməyə müvəffəq olmayacaq; istedadının vicdanı isə əzilib çeynənəcək. Bəlkə, bu, təsvir etdiyim kimi belə deyildi. Amma nədənsə mən onun varlığındakı təbəddülatları belə hiss edirdim. Eləcə də bizim onunla tanışlığımız Əsədin elə bir yaş dövrünə təsadüflənmişdi ki, həmin yaş dövrünün həddindən artıq kəskin keçidi, kəskin təzadı onun şöhrətpərəstlik meyillərinə daha da qüvvət verməli idi, verirdi də. Mənə görə, Əsəd Cahangirin o vaxtkı xarakter portreti kənardan tamamilə şöhrətpərəstlik aurasında nəzərə çarpırdı. Onun qəlbində qaynaşan fikirlər yığını arasından, saf gəncliyin, bir az da sadəlövh uşaqlıq hisslərinin hərarəti ilə çoşub-çağlayan qarşısıalınmaz ehtiras həyəcanları görünürdü. Belə ehtiras həyəcanları onu bir ara şair etmiş, üstəlik şair adının təntənəsindən xoşhallandırmışdı. Əsədin yazıb iri planda təqdim etməyə sonralar həvəs göstərmədiyi şeirləri, məncə, onun spesifik  oynaq iradəsinin şairanə ifadələri idi.      
Ancaq xasiyyətindəki cəhətlərdən biri özünü daha çox hiss etdirirdi. Bu Əsədin, demək olar ki, heyrətamiz dərəcədə özünü inkara meyilli olması idi. Bir dəfə çayxanada oturub şirin-şirin söhbət edərkən o mənə nümunə kimi müasir şairlərdən birinin adını çəkdi, üstəlik həmin şairin hansısa şeirindən bir bənd oxuduqdan sonra onu tərifləyib orijinal, əvəzsiz şair timsalında göylərə qaldırdı. Amma aradan heç üç gün keçməmiş həmin şairin ümumiyyətlə bayağı, istedadsız birisi olduğunu sərbəstcə söylədi. Əsədin bu tip, yəni özünüinkarçı qeyri-sabit yaradıcı eqosu mühafizəkar cəmiyyətimizdə sonralar ciddi daş-qalaq edildi. Deyəsən, ona ilk tutarlı zərbəni bir vaxtlar tez-tez tənqid etdiyi Nizami Cəfərovla Nizaməddin Şəmsizadə müştərək yazdıqları hədələyici açıq məktubla, daha deyəmmərəm harasından, amma endirdilər. Həmin yazı "Ulduz” jurnalının hansısa nömrəsinin birinci səhifəsində yer almışdı. Yazı çıxan günü biz AYB-nın damında oturub söhbətləşirdik. Deyəsən, şair Qəşəm Nəcəfzadə də orada idi. Birdən qapı açıldı, içəriyə xüsusi heyrətlə girən ortayaşlı bir kişi səhifəsi əsəbiliklə qatlanmış əlindəki açıq jurnalı düz Əsədə sarı uzatdı. Sonra da nəzərlərini onun sifətindən yayındırmadı. Jurnalı kişidən laqeydcəsinə alsa da, amma yazını Əsəd təlaşla oxudu, lakin bir söz dinmədi. Məqalənin mətni başdan ayağa ona qarşı ədəbiyyat cəngavərlərinin ciddi təhdidini ifadə edirdi. Yaddan çıxmamış qeyd edim ki, həmin açıq məktubun Gülağa Tənha ilə bağlı xüsusi tərifləyici sonluğu məqalənin ən iyrənc yeri idi. Ona görə ki, Gülağa Tənha barəsindəki eyni fikirləri həm Nizami Cəfərov, həm də Nizaməddin Şəmsizadə klassiklərimiz Nizami, Füzuli haqqında da demişdilər. Hövlnak içəri girmiş həmin orta yaşlı kişi baxışlarıla məqaləni artıq oxuyub qurtarmış Əsədə sanki  "bu, sənə lazımıydımı?” deyirmiş kimi yerində bir az hərəkətsiz dayandı, əvvəlcə dərindən köksünü ötürüb ufuldadı, sonra arxasınca qapını örtmədən çıxıb getdi... 

Ədəbiyyatımızın fövqünə yüksəlməyi qarşısına təxirəsalınmaz vəzifə kimi qoymuş Əsədin konkret mübarizə proqramı yox idi. Gündəmə gətirdiyi tənqidi yazıları məhz bu səbəbdən də bəsit, dolayı təəssüratlar səviyyəsindən o yana gedə bilmirdi. Tədqiq etdiyi ədəbi simaları zövqünə görə seçdiyindən Əsəd hökmlərini hər zaman birtərəfli verirdi. Bir də o hökm verməyi, cümlələrini hökmlər şəklində qurmağı sevirdi. Əslində bu, eqoist model idi. Əsəd isə başa düşmürdü ki, eqoist düşüncəli istedad sahibi Vücudu-Külü qavraya bilməzdi. 

O vaxtlar Əsəd AYB-ya qarşı kəskin müxalifət birliyi kimi yaradılmış AYO-ya daha çox hücumlar təşkil edirdi. Demək olar ki, AYO-nun ideya dayaqlarını yeri gəldi, gəlmədi tənqidini bir vaxtlar baş redaktoru olduğu ədəbi-tənqid dərgisi "Körpü”nün devizinə çevirmişdi. Lakin tədricən "Dəmirbaşlar” essesinin müəllifi deyinə-deyinə, yeni təmayülləri tənqid edə-edə özü də ruhən nəyəsə çevrilirdi. Əslində, "Dəmirbaşlar” yazısı Əsəd Cahangirin manifesti idi. Essenin ideyası cəmiyyətimizin güzgüsü olan ədəbiyyatımızda yeni mərhələnin artıq başladığını bəyan edirdi. Bu indi də elə bir vahiməli mərhələdir ki, onu "Ədəbiyyat” qəzetində, "Azərbaycan” və "Ulduz” jurnallarında, bir sözlə, AYB-da hansısa təzyiqlərin altında bəyan etməkdən çəkinsələr belə, kimsə istər-istəməz, ən pisi də qatı mühafizəkar çevrədə "Axı kral lütdür!” deyəcəkdi. Bunu məhz Əsəd  dedi. NECƏ? Çox sadə reseptlə. Belə ki, Əsəd bir vaxtlar təqdir etdiklərini özünün şəxsi umu-küsülərini də üstünə qoyub bir-bir bəyənməməyə başladı. Bir sözlə, ədəbiyyatı, belə demək, yəqin ki, olar, şouya çevirməyə girişdi. Şounun canı, əlbəttə, qalmaqaldır. Amma o tamamilə yaddan çıxarmışdı ki, meydanda köhlən səyirdən qatı ədəbiyyat mühafizəkarlarına sakinləri olduğu epoxada "deməzsənmi, prinsip yoxdur, ancaq hadisə var; qanun yoxdur, hər şey vəziyyətdən asılıdır” düşüncəsini təlqin etmək dağı dağ üstünə qoymaq kimi bir iş idi.

Düzdür, Əsəd ədəbiyyat elitasına Balzakın Rastinyakı kimi daxil olmağa təşəbbüs göstərsə də, amma o daha çox Dostoyevskinin "İdiot”undakı Mışkinə oxşayırdı. Çünki o filosof idi, ömür boyu filosof olaraq qalacaqdı, hərdəmxəyal... 

Cəmiyyət hər zaman gurultulu, islahatsız yeniliyi qiyaməti doğuracaq bir təsir kimi qavramışdır. Halbuki tədricən heç nədən hay-küyə, vahiməyə düşmüş başlar soyuyanda yerdə yalnız quru təəssüratlar qalır. Əsəd Cahangir də təəssüratdan o yana gedə bilmədi. Ona görə ki, ortaya atmaq istədiyi "yeniliyi” konkret  mövqesizliyi ucbatından özü də köhnəltdi. Çünki şərait və şəraiti ilə hesablaşmağa, "Kanossaya getməy”ə məcbur oldu. Amma peyğəmbərlik sənə canavar dişini qıcıyan şəraitlə heç cürə bir araya sığmır.     

Yaddan çıxmamış qeyd edim ki, yaradıcılığını əvvəllər təqdir etdiyi, sonradan isə guya dramaturgiyasını  bəyənmədiyi yazıçı Elçin Hüseynbəyli Əsədin belə mübhəm, qeyri-səmimi mövqeyini dərindən duyub ona ilk tərifi verməklə postmodern tənqidçi barəsində mülahizələri ümumiləşdirdi. Elçin Hüseynbəyli Əsəd haqqında əsəbiliklə bir vaxt belə demişdi: "Əsəd Cahangir tez-tez fikrini dəyişən buqələmundur”.  
Mən artıq mətbuatda kifayət qədər işıqlandırılmış son illərin və ayların hadisələrinə - Əsədin bitib-tükənmək bilməyən lüzumsuz qalmaqallar seriyasına münasibət bildirmək niyyətində deyiləm. Eləcə də məqsədim Əsədi qamçılamaq, onu öz silahı ilə vurmaq deyil. Axı qarşımda Əsəd adlı Əbədiyyət var! Bununla bahəm demək hər halda yerinə düşərdi ki, Əsəd Cahangirin orijinal yaradıcı, hələ milli şüurumuza uyuşmamış xarakteri hər vəziyyətdə də onu ədəbiyyatımız üçün müqəddəsləşdirərdi!  

26-11-2013
Gəncə