Çağdaş rus şeiri. Seçmələr.

Çağdaş rus şeiri. Seçmələr.

Aleksey Alyoxin

(1949)Müasir rus şeirinin əhəmiyyətli nümayəndələrindəndir; 1986-cı ildən şair kimi çap olunmağa başlayıb. «Arion» kimi məşhur poeziya jurnalının yaradıcısı (1993) və başyazarıdır. Əsərləri bir çox avropa və şərq dillərinə çevrilib.

Linqvistika dərsi

Əlli iki dil bilən
qoca professor
qəhvə içərkən mənə söylədi ki,
(onda mən gənc idim)
Sizə bu qədər uzun-uzadı
və çoxlu oxumaq lazım deyil.
Cəmi üç söz var və
indi  onları sizin üçün yazacam .

Və o əlli iki dilin hər birində
mütləq sınadığı
adi  qələmi ilə
mənim üçün belə yazdı:
«Salam»,
«Sevirəm»,
«Həmişəlik».

Bibliofil
iki şairə

kitab almaq
evə adam gətirmək kimidi
sizi də eləcə ümumi masanın ətrafına  dürtüşdürəcəklər,
geydirmə üzlü romanlarla
əbədi bakirəliyə məhkum qatı açılmamış Maykovun arasına:
gah cəh-cəh vurur
gah da moral zıqqıldayır
gecələri isə ev sahibi
divarın dalında asqırıb öskürəcək
qocalanda kolumbariyada gəzirmiş kimi
qıraqlarına baxıb adlarını oxusun deyə

İndi

Bu gün baqqaliyə dükanında
öz  eybəcər qocalığıma rast gəldim

və onu yeraltı keçidə qədər ötürdüm
baxışımla

Çağırışçının Urus-Martandakı ölümü

«insan» kəliməsində
«güllə» sözü ilişdi.


Müharibənin bəlaları

hər şey elə bəsitdi ki:
saatın dayanmış əqrəbləri
nahar vaxtını göstərir


Yevgeni Bunimoviç

(1954) son illərin tanınmış şairi, publisisiti və pedaqoqu; Moskvada doğulub və hal-hazırda orda yaşayır; şeir, esse, pedaqoqika və təhsillə bağlı çoxsaylı kitabların müəllifidir; şeirləri ingilis, fransız, alman, çin, rumın, ərəb, flamand və başqa dillərə çevrilib; Moskvanın və Rusiyanın ədəbiyyat və sənət üzrə çoxsaylı prestijli mükafatlarını alıb.

Curriculum Vitae

Əvvəllər oxuyurdu o yeraltı keçiddə
Elə bil ki, üzürdü ağappaq bir gəmidə.

Sonra isə oxudu  ağappaq gəmilərdə,
Sən demə xoşbəxt imiş yeraltı keçidlərdə.


Y.Arabova

Donqar gecə fənərləri salır uzun kölgələr
Haytek üslubu qaralır avtomobil yolunun.
Geri çevrilib görürük: bizi indi nə özgələr,
Nə özümüz tanıyırıq əvvəl olduğumuz kimi.

Nə çəkinən vardı guya,  nə inam, nə xahiş vardı
Sanki ampir kimi yapırdılar  elə bil lap vəba vaxtı.
Gecə şəhərlər gözəlsə, bütün pişiklər qaradı,
Bütün səyyahlar rəqəmsal, bütün mənalar kasaddı.

Gecə məkan bürüş-bürüş- elə bil yanmış kağızdı,
Əgər qeyd olunmuşuqsa burda biz A və B  kimi
Ucu Rəbbin sahəsində bucaq cəmi üçbücağın
daha çox tale deməkdi.


Qədim Roma dəftərindən

ave plenum
necədi səndəki o panoptikum ?

ave sezar
hardadı bildiyin o partmaksimum ?

ave eqo
mühərrik özu də perpetuum

həyat ötüb keçdi
aqibətimiz prezidium

küy bitdi
yerimiz prossenium

nə deməli
əgər  ki, hər şey bir kontinuum ?


Bir nəsil haqqında
A.Yeromenkoya

Əllilərdə-
doğulduq.
altmışlarda-
vurulduq,
yetmişlərdə-
zəvzədik,
səksənlərdə-
xəriflədik.

Ah, dranq nax osten,
dranq nax osten,
ruslar dava  edəcəkmi,
doxsanlarda bizə görən
vətən  oğul  deycəkmi…?


Nina İskrenkonun xatirəsinə

1.

yeri adamı yox
adam yeri  bəzəyir
boya kimi rəngləyir

fırçayla, parçayla
gecələr, gündüzlər
eninə, köndələn

sonra da bir elan yazıb yapışdırır:

Diqqət!
Bura rənglənibdi !

yazı əzəldən belədi

adamlar bəzəyər yeri

amma boş və müqəddəssə,
bir də yoxdusa həmin yer.


2.

yeri adamı yox, adam yeri bəzəyir
bir də yerin şəraiti

eləcə də  şəraitin,
obrazın və hadisənin  vaxtı,
bir də adamın ailə vəziyyəti, baxtı

rəngləyirlər adamı
bəzəyirlər

əcəb bəzənmisən deyirlər
nə gözəlsən deyirlər

gözəl-gözəl tabuta qoyurlar
harasa yerə qoyurlar
qoyurlar.


Timur Kibirov

(1955) son onilin tanınmış rus şairlərindən biridir; onu bəzən «obıvatel» düşüncəsinin ifadəçisi, bəzən son illərin ən qüssəli şairi hesab edirlər; Rusiyanın çox məşhur poeziya mükafatlarını alıb; rus PEN mərkəzinin üzvüdür

Monitorun qarşısında


Gecə vaxtı
monitorun qarşısında
yeniyetmə ər oturub.
Qəlbi hüznlə doludu,
ağlında  şübhələr var,
Dalğındı, Yandeksdən və,
başqa axtarış sistemlərindən soruşur:

«Həyatın mənasını mənim üçün açıqlayın,
Mənə kömək eləyin, bu tapmacanı tez tapın»

Rambler cavab verir,
Ramblerin bütün suallara həmişə cavabı var.

Click-i basan kimi
cavab o saat çıxır .

Sorğu: Həyatın mənası,
təklif olunan saytlar: 111444,
sənəd sayı: 2724010
yeniləri: 3915.


İnfinitiv poeziya
(Jolkovskinin motivləri əsasında)

Snikersləmək
Ara vermək və Tviks yemək
Sonra gərnəşmək
Fərqi hiss eləmək

Yeni nəcib dadı yoxlamaq
Lider olmaq
Ayaqyoluda yüngülləşmək
Özünü yaxşı hiss etmək

Billi qətlə yetirməli-1
Billi qətlə yetirməli-2
«Cek pot» oynamaq-qayğısız yaşamaq
Pörtməmək
Piar etmək
Havalı gəzmək
Ədalılaşmaq
Sığal çəkmək

Dəyərdən salmaq
gömrük vergisindən azad olmaq
Odlandırmaq

Utanmadan, usanmadan-

«Mənim gözəl Rusiyam, hələ bunlar nədi ki,,
Daha pis vaxtların olub, amma düşməyib qiymətin»


Qleb Şulpyakov

(1971)  90-cı illərdə ədəbiyyata gəlmiş Bakı ilə bağlı tanınmış rus şairlərindəndir. Əsərləri «Arion», «Novıy mir», «Drujba narodov», «İnterpoeziya» və başqa populyar jurnallarda  çap olunub. «Puşkin Amerikada» pyesinə görə «İştirakçılar-2005», poeziya üzrə «Triumf» mükafatlarını alıb.


«Palıd qozası» kitabından


* * *

Ortaboy, eynəkli, saqqallı kişi
yanımda, yad dildə dinməz sözləri
üyüdür balıqtək altında Ayın,
yatmıram, yatmırsan, gic gedir başım -
doğurdan məndə bir iş var deməli,
budaqda quş idim, bayquşam indi;
sirli əlifbanın içində qəsdən
uçuram zümzümə edərək pəsdən.

* * *

Əl-əl qaçır qaranlığa elə ki əldən verirsən,
qaçır ağ sap gözədəyməz yun köynəyi sökür, gedir.
Vağzalyanı meydandakı bir kor tutuquşu isə
dilim-dilim hərflərdən bala-bala söz düzəldir;
bitəcək sonra mazurka, qurtaracaq sarı perron,
göyəriçinin tüklərini yel qovacaq künc-bucağa-
həmin ağ sap bir zamanlar bilək idi-qələm tutan,
indi isə çərpələnglər uçurdur o ağ səmaya.



* * *


Qarlı küçələrə çıxacam gecə
elə ki bir səbəb qalmayacaq heç,
vitrin balıqları yalnız üzəcək,
və də üçkünc paket mürgüləmiş süd-
əvvəlin əvvəli, qapqara torpaq,
yunandan varyaqa dönəcəyəm mən,
bir də ki səmatək bomboz kağızda
qalxın söyləyəcək ağ xalat qadın




«Albalı ətri» kitabından

*.
Afanasiy  Məməmədova

1.

«Allah-Allah!»-
qala divarları boyunca əkilmiş sərvlərin
qara budaqları boyunca xəzər küləyi gəzişir, səs salır,
qışa qərq olmuş şəhərə doğru səmt alır.

«Allah-Allah!»-
muzey gözətçisi,
bozarmış paltodakı köhnə bakılı,
açar seçir, bazarda
balıq seçən kimi.Sərdabənin
qapısını açır, amma özü içəri keçmir.
Budanmış sərvin yanında
ovuclarını göyə açaraq gözləyir.

Mən qapını çəkdim və yalın
divarlar arasında tək qaldım.
Zirzəminin ortasında yeddi
sinədaşı donub qalmışdı sanki.
Onlar qayığa da oxşayırdılar,
əhəngə oturmu, batıb  qalmış
(kiçik vaqonlara da)
Bu qayığların altında kim yatırdı?
Yola nə vaxt çıxmışdılar ?
Bir neçə sətirlik kufi hörüklü yazı-
vəssəlam, bu idi onların yadigarı:

«Məlikül şüəraydım
mən şahın sarayında
hər günü mədhlər yazdım,
mən ilin hər ayında.
Səkkiz yüz doxsanıncı
ili qaraydı hicrinin,
köç elədi Xəlilullah,
bu daş altdadı təni…»


Kim tanıyardı səni,söylə mənə,
sən ey Abşeron knyazı?
Şamaxıdan Şəkiyə və daha hara
uzanırdı bir vaxtlar torpaqların.
Əgər o bir neçə sətir olmasaydı,
Kim  idi səninlə kəlmə kəsən?
Necə uzanırsan,uzan,
hansı naxışların altında,
necə istəyirsən tut biləklərini əllərinlə,
sümüyü ətdən,
tozu cəsəddən yalnız zaman ayırır,
amma o da fanidir,keçicidir.


2.

Üçüncü gün qərara aldıq ki,
şəhərdən çıxıb Bayıla gedək.
Eşitmişdim Nobel qardaşlarının
neft buruqları hələ də dimdikdi,
nədənsə onları görmək istədim.
Dənizlə səma görüşürsə
havada açıqdı deməli.
Qulaqlı papaqdakı taksi sürücüsü,
köhnə moskvalı,
üstəgəl mühəndis- kimyaçı
iki şirvana yolun kənarındakı
təpəlikdə düşürtdü bizi,
böyük məscidin yanında.
Yeni tikilirdi məscid,
Liman kranlarının fonunda
ağappaq eklerə bənzəyirdi.
Küləkdən qorunmaq üçün
başını yaylıqla baglayıb
hasarın yanında qaldın,
aşağıdakı kor dənizə baxırdın.
Mən isə  meydan-meydan, hasarlanmış
qəbiristanlığa qalxırdım
sürüşkən yoxuşla,
daha da balaca görünürdün
mən yuxarı qalxdıqca,
daşlar da daha yaşlı görünürdü.
Deşiklər, yuvalar qaralırdı torpaqda,
qəbir, sərdabə qır-qırıntıları.
Yuxarıda hər şey bir-birinə qarışmışdı.
Nəyisə ayırd eləmək olmurdu.
Yalnız külək, hava şırnağı
Qulaqlarımda öz havasını çalırdı.
…Beləcə yatırdı onlar,
Hirkan küləklərinin sığalı altında.
Ayaqları çöldə, adsız-soyadsız,
öz narahat, dəlik-deşik yuvalarında,
Nobel qardaşlarının
paslı qüllələri də
elə hey baş endirirdilər.
Elə onda  fikirləşdim:
eybi yox, qoy ölüm mən,
daş ovxalansın,
yalın ayaqlarım çöldə qalsın,
külək
qəbir daşları üstündəki yazıları aparsın,
ya da zibili qovsun,
ya  şimala tutu üzümü, ya şərqə
çevrilim bir böyrümdən o biri üstə,
amma özgə diliylə özgə ləhcəsiylə,
buruqlayrı saya-saya
təkrarlayım:
«Allah-Allah!»


İrina Ermakova

(1951)  Kerç boğazında, katerdə anadan olub; ixtisasca mühəndisdir; poeziya ilə peşəkarcasına 80-ci illərdən məşğul olur; 5 şeir kitabının müəllifidi; ən yaxşı poeziya kitabına «Moskva hesabı» (2007) mükafatını alıb;hal-hazırda Moskvada yaşayır


* * *


Hər şey ötdü.
Hər şey bitdi.
Bura cənub, bura Krım dağlarıdır.
Təbiətin gur günəşli çağlarıdır.
Elə bil ki, şüşədənəm mən indi.

Bir toz uçub qanad açdı.
Səma Kerçin üzərinə buludlarla cəmləndi,
Vasitəsiz nitqlə fikir səsləndi-
eyvana gəlib çatdım.

Mən əzbərə oxuyuram
Şərab rəngli dalğaları- azaddılar,
Tanrım mənim, nə sonsuzluq, nə ağrı var
İndi artıq utanmıram.

* * *

Kimsə dil ilə danışır,
kimsə ötuşur  başqa cür,
nə sətrə, sözə sığışır
gecənin içində itir.
Əyin-başı yalın, yüngül,
nə sözdən, qeybətdən hürkür,
nə gecənin siyahından-
keçid, səhra, qaranlıq Kerç-
adsız kol-kosluğu keçir,
axırda çıxır bir yola,
çıxır ki, dinləyə bilsin
Allaha gözəl görünən
söhbətini böcəklərin.

Verlen

Mən düşkün imperiyanın qocalmış inkarçısı
keçib gedir içimdən ordusu barbarların,
vurhavurda o fani qürub şeirini yazır
mənim qızıl qələmim, qızıl şeir carçısı.

Qəlbimdə quraqlıqdı, tənbəl bir peşmançılıq.
Pəncərəmin altında qanlı çaxnaşma bitir
Ocaq bir də qalanmır, çürümə uzun çəkir,
Nə təsüfə yer qalıb, nə bir istək var artıq.

Heç bir arzu yox artıq, ölmək də cansıxıcı
Hər şey içilib… Bafill, boşla bu hırıltını!
Hər şey deyilib-bitdi! Hər şey yeyilib-bəsdi!
Bitdi bu axmaq mətn!


Oksana Bulanova

( 1966) Tanınmış rus yazıçısı və şairəsi; yaradıcılığı Türkiyə və Azərbaycanla sıx bağlı olan Oksana Bulanovanın «Türksayağı kofe» romanı iki dəfə böyük tirajla çap olunub, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək dəyərləndirib; «Luç» Ədəbi Birliyininin (2009) və Nəcəf Nəcəfov adına (2009) mükafatların laureatıdır.

Tərəfləri rəngbərəng kub

Demişdin ki, o qırmızıdı.
Demişdim ki, mavidi.
Demişdin- dəyişkəndi,
Demişdim- yox, əksinədi.
Demişdin ki, dördküncdü,
Demişdim- həcmlidi.

Tərəfləri al-əlvan
kuba baxırdıq biz.

***

Biz Mebius vərəqində
iki nöqtə kimiyik.
Səndən nə qədər uzaqlaşsam da
səthindən kənarlaşa bilmirəm.
Bu da bir həndəsədi


***

Yanaqlarımda kəpənək
Qanadlarının incə toxunuşunu hiss elədim.
Gözlərimi açdım,
Anladım ki, kirpiklərindi.

***

Həmin il yaz payızda girdi.
və o qorxdu ki, martda başlayacaq qış.

***

Bu dünyada ən dözülməz şey
telefonun yanında oturub gözləməkdi:
birdən zəng çalar
və o sən olmazsan.

***
Çılpaq payız budağı
görüşlərmizin,
yaddaşımın
qoparma təqvimi kimidi.

***

Güzgünün şüşəsindəki
əksimə baxıram.
Yanımdasan.
Geriyə çevrilməyə qorxuram.
Birdən arxamda olmazsan.

***

Bir daha oxuyun bütün şeirlərimi,
onda sizi necə sevdiyimi təkrarlamaq kimi
üzücü məcburiyyətdən qurtularam

***

Səninlə kiçik bir ayrılıq
çiçəkləmiş ağacdakı
sarı yarpaqdı.
Olmadığın vaxtları
payız adlandırıram mən

***

Yazdığım ehtiraslı sətirlər
ancaq şeir,
yalnızca şeirdi.
Sadəcə şeir,
başqa bir şey deyil.
Amma yox!
Mənə inanın!
Xüsusən sonuncu misraya.
Yadınızdadı, Marina deyirdi axı,
şeirlər
sonuncu sözdən ötrü yazılır


Ustada

Patriarş gölünün üstündə axşam
Aynadan yayılır gitara səsi.
Toran çiynimizə salır qara şal,
Sanki sirrə bükür, bələyir bizi.

O qərib rəngləri çəkir hər şeyə
Sirli kölgəsinə qərq olur hər yer.
Niqabın azacıq qaldırır deyə
Mənə də kiçik pay çatır vəhyindən.

Hər şeyi yerinə qoydun asanca
Astadan danışıb yaradılışdan.
Məni inandırdın, demək bu görüş
Alın yazısıymış, çalış ki, danma.

Partriarş gölünə dedin ki, salam,
Sənə cavab verdi əyan-əşrəfi.
Axı heç bilmirdin onda- Ustadsan
Demək olmalıdı bir Marqaritan.


Yevgeni Abdullayev

(1971) tanınmış rus nasiri və şairi; «Daşkənd romanı»na görə «Russkaya premiya»nın sahibidir; Özbəkistanda anadan olub; «Daşkənd şeir məktəbi» Ədəbi Birliyinin yaradıcılarındandır; «Şeirlər və eskizlər» şeir toplusunun müəllifidir; bəzən Söhrab Əflatuni imzası ilə yazır

***

Beş element verin mənə:
Efir, torpaq,od,hava,su.
Yeni dünya yapım yenə,
Yalnız doğa, qalanı puç.

Rəbblə yox gücüm yarışa,
Qoy bununla bitsin bu iş,
Adamı yaratmayım heç,
Onlardan çıxmayır başım.

Amma hər şey tərsinəymiş.
Boşunaymış cadukunluq:
adamsız dünya- yox, budu-
bir adam yapmışam yenə.

***

Görəcəyik biz hələ…Arxasını tap özün;
Ayrılığı - bu heç də başqasından pis deyil.
Məktəb qlobusunu masa üstünə qoydun
Yoxdu deyə atlasın və kitabın yəqin ki…

Görəcəyik biz hələ…Çox rol təsəvvür elə-
Onsuz da ayrılıqdı axırda sonuncu rol.
Qlobus qoyulacaq yenə antresola,
Tozunu almaq üçün qalxmayacaq bir əl-qol.

***

İçində basdırarsan məni axar suların
Qoy, köklərim dirilsin, budaqlarım qol atsın.
Cəngindən qoru məni sən hündür dalğaların
Büzüşməsin bəhərim, yarpaqlarım solmasın.
Qoy, dönüşsün yumruğa,
qoy, çevrilsin salxıma,
Dodaqlarda şipşirin, tumlarında apacı,
Üsyan qaldırsa da ruh, qoy, bədənim utansın.


Tərcümələr Səlim Babullaoğlunundur