Əfsanə Laçın.  Uşaq hekayələri

Əfsanə Laçın. Uşaq hekayələri

Çilli və Hacaquyruq

Aylar keçdi, il dolandı, cik-ciklərin nağlı yarandı. Bapbalaca bir quş var idi. Adı da Çilli sərçə. Sərçə isti-soyuq, yay-qış bilməzdi. Öz evindən-eşiyindən ayrılmazdı. O budaqdan bu budağa, o çiçəkdən bu çiçəyə uca-uca yaşayırdı. Çoxlu sərcə dostları da var idi. Birlikdə cik-cik  nəğməsi oxuyurdular.

Yaz təzəcə gəlirdi. Ağaclar tumurcuqlayır, torpaqdan körpə yaşıl otlar boy atır, çiçəklər açırdı. Sərçələr tez-tez oxumağa başlamışdı.

Çilli sərçə budaqda tək oturmuşdu. Birdən gözəl bir quş uçub onun oturduğu budağa qondu. Quşun quyruğu haça, özü qapqara, sinəsi ağappaq idi. Sərçə birinci dəfədir ki, belə quş görürdü. O, quşdan soruşdu:  Sən kimsən? Adın nədi?
Quş: Mən qaranquşam. Adım Hacaquyruqdu.

Çilli sərçə: Sən çox qəşəngsən. Bəs bura niyə gəlibsən? Evin haradadı?

Hacaquyruq: Bizim evimizə qış gəldi, qar yağdı. Biz də isti ev tapmaq üçün ucduq-ucduq, uzun yol qət etdik. Nəhayət gəlib bura çatdıq. Bura çox gözəldi. İstidi, rənglidi.

Çilli sərçə: Amma aylar keçəcək, buralara da qar yağacaq.

Hacaquyruq: Onda biz geri qayıdacağıq.

Çilli sərçə: Bizim bir evimiz var. Həmişə burda yaşayırıq. Qar, yağış yağsa da, günəş çıxsa da.
Hacaquyruq: Bizsə tez-tez köçürük. Hara istidi, ora bizim evimizdir.

Qaranquşla sərçə dostlaşdılar. Yaz-yay birlikdə havada süzür, cik-cik nəğməsi oxuyurdular. Qaranquş köç zamanı gördüklərini sərçəyə nağıl edirdi. Sərçə qaranquşun, qaranquş sərçənin yuvasına qonaq gedirdi. Beləcə günlər-aylar keçdi, payız gəldi.

Qaranquşlar köç etməyə hazırlaşırdılar.

Hacaquyruq Çilli ilə vidalaşmaq üçün onun yuvasına gədi.  Çilli çox məyus olmuşdu. Dostundan ayrılmaq istəmirdi.
Çilli: Getmə, qoy onlar getsin, amma sən mənimlə qal.

Hacaquyruq: Axı qala bilmərəm, soyuqdan ölərəm. Sən darıxma, gələn yaz yenə gələcəm. Gözlə məni.

Çillinin başqa əlacı yox idi.

Dostlar vidalaşdılar. O gündən sərçə yazın gəlişini səbirsizliklə gözləyirdi.

İndi hər yaz qaranquşlar sərçələrlə dostlaşır.

Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan, oxuyuram ki, fikirləşib  ağıllı  yol tapasan.

Ağacdələn


Aylar keçdi, il dolandı ağacdələnin nağlı yarandı. Meşədə heyvanlar və başqa quşlarla birgə ağacdələdə yaşayırdı. Ağacdələn gecə-gündüz ağacların qabığı altında gizlənən qurdları dənləyirdi. Tak-tak-tak.

Heyvanlar və quşlar ağacdələnin səsindən yata bilmir, şikayət edirdilər.

Bir gün meşənin sakinləri bir yerə toplaşdılar. Ağacdələni də çağırmışdılar. Hamı növbə ilə durub danışırdı.
Qaratyuq dedi: Cır alma ağacının başında yuva qurmuşam. Elə ki, deyirəm bir az yatıb dincəlim ağacdələn başlayır ağacı döyəcləməyə. Tak-tak-tak.

Ilan: Mən ağacdələni çalsan heç kim məndən inciməsin a!

Dovşan: Ağacdələnin səsi gələndə qorxudan titrəyirəm. Deyirəm bu nə səsdi bəlcə canavardı, bəlkə tülküdü gəlib məni parçalamağa.

Ayı: Mən elə yatıram heç ağacdələndən xəbərimdə olmur.

Ara qarışmışdı.  Heyvanlar və quşlar səs-səsə vermişdilər. Hamı bir ağızdan şikayət edirdi.

Ağacdələn bir söz demədən sakitcə ucub getdi. O, dostlarından incimişdi. Axı, onlar bilmir ki, ağacdələn olmasa ğacları qurd yeyər?!

Meşənin sakinləri birdə gördü ki,  ağacdələn çıxb gedib. O gündən ağacdələnin səsi kəsildi. Ağacdələni gördüm deyən olmadı. Hamı gecələr rahat yatır, səhərlər kefi kök oyanırdı.

Aylar keçirdi, amma ağacdələn  ki, qayıtmırdı. Qurdlar ağacdələni yoxluğundan duyuq düşmüşdülər. Meşədə qurdların çürütmədiyi, koxuş açmadığı, yuva qurmadığı ağac qalmamışdı. Ağacların qabıqları ovulub tökülürdü. Meşənin sakinləri təşvişə düşmüşdülər. Onlar anlayırdılar ki, ağacdələn qayıtmasa ağaclar məhv olacaq. Meşə viran qalacaq.

Meşə sakinləri yenidən bir yerə toplaşdılar. Məşvərət edib qərar verdilər ki, ağacdələni tapsınlar.

Ağacdələni tapmaq üçün quşların hərəsi bir tərəfə uçdu. Çox axtardılar nəhayət ağacdələni tapdılar. Hamı öz günahını bilirdi. Bütün heyvanlar və quşlar ağacdələndən üzr istədilər. Ağacdələn meşənin halını görüb yumşaldı. Dostları ilə barışdı.

O gündən heç kim ağacdələnin səsindən şikayət etmirdi. Ağacdələn yavaş-yavaş ağacları müalicə edirdi. Onun qayıtdığını duyan qurdlar qaçıb canlarını qurtarmağa çalışırdılar.

Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan oxuyuram ki, fikirləşib  ağıllı yol tapasan.