Elçinin “Ölüm hökmü” romanında sosial-ictimai problemlərin bədii inikası

Elçinin “Ölüm hökmü” romanında sosial-ictimai problemlərin bədii inikası



Röya Məftun qızı

Azərbaycan Dillər Universitetinin "Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi., AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun "Xarici ölkələr və beynəlxalq ədəbi əlaqələr” şöbəsinin doktorantı

    Dövrün tələbi, ictimai-siyasi həyatın təsiri altında Azərbaycan ədəbiyyatında XX əsrin II yarısından etibarən  yeni dünyabaxışını özündə əks etdirən, məzmunca fərqli bədii əsərlərlər meydana gəldi. Zamanın mürəkkəb, çoxqatlı problemlərini əksetdirmə baxımından Elçinin "Ölüm hökmü” romanı 80-ci illərdə yaranan maraqlı nəsr nümunəsidir.

    Yaradıcılığı boyu müxtəlif mövzulara müraciət edən Elçin müxtəlif biçimli hekayələrində, povest və romanlarında  olduğu kimi sözü gedən əsərdə də  toxunduğu problemlərin bədii həllinə müvəffəq olmuş, ideya yükü ilə seçilən dəyərli sənət əsəri yaratmışdır. Əsərdə üç mürəkkəb, ziddiyyətli dövrün ayrı-ayrılıqda təsvirini yaradan yazıçı müxtəlif zaman kəsiyində baş verən hadisələri çox böyük ustalıqla bir-birilə əlaqələndirir.

    "Ölüm hökmü” romanında əsas hadisələr Tülki Gəldi Qəbristanlığında cərəyan edir. Tülkü Gəldi Qəbristanlığı əsərdə şərti məkandır və Sovetlər İttifaqının anoloqu kimi çıxış edir. Bu ərazidə baş verən hadisələr hakimi-mütləq olan ictimai-iqtisadi formasiyanın çatışmazlıqlarını, bütün mahiyyətini özündə əks etdirir. Romanda əsas hədəf  Tülkü Gəldi Qəbristanlığının müdiri Əbdül Qafarzadədir. O, zamanın nəbzini tutan, pul yığmaqdan gözü doymayan, tülkü qədər hiyləgər bir tipdir: "Zamanın öz məhsullarından biri, bəlkə birincisi romanda  Əbdül Qafarzadədir. O son dərəcə güclü, mürəkkəb adamdır. Ilk baxışda sadəliyi, xeyirxahlığı, əliaçıqlığı, nəcibliyi də var, (əslində -maskalanmış nanəciblik!) hətta o qədər sadədir ki, idarəyə avtobusla gəlib-gedir-axı aylığı 135 manat olan Qafarzadə taksilərə gözgörəti  pul səpələyə bilməz!  O qədər "təvazökardır” ki, illərlə bir kostyum geyir- sən demə, bir yox, bir ölçüdə, bir rəngdə alınmış bir neçə dəst kostyumu dəyişə-dəyişə geyinməklə gözə kül üfürür.  İşçilərinin hamısına gün ağlayır, xeyirxahlıq göstərir, çünki hamısı onun nökəri, xidmətçisi, əlaltısıdır... O hər şeydən, hətta heç nədən belə, pul qoparmağı bacarır; molladan da "dolya”alır, qarovulçudan, qəbirqazan alkoqoliklərdən, pul qazanmaq üçün axşamlar taksilərdə yolunu bura salan fahişələrdən, qumarbazlardan da! Hətta morqun otağını texnikum tələbələrinə kirayə verir”. (2. s.7) Bir sözlə Əbdül Qafarzadə daşdan pul çıxardır. Çox firavan bir həyat tərzi keçirən Qafarzadənin iyirmi altı yaşlı oğlu Orduxan avtomobil qəzasında öləndən sonra onun özünün də, ailəsinin də dərdsiz, qəmsiz  firavan həyatlarına "qara xal” düşür.  Amma bu itki də onun pula qarşı olan hərisliyini azaltmır, əksinə oğlunun meyitini evdə qoyub, yağışlı, tufanlı bir gündə illərlə yığdığı qızıl pulları, mücrüdə saxladığı daş-qaşları Orduxanın təzəcə  qazılmış qəbrindəki betonun altına qoyub gizlədir və oğlunu dəfn edəndən  sonra var-dövlətinin qorxusuz bir yerdə olduğunu düşünərək ürəyi rahatlıq tapır.  Bu epizodu izlədikcə Qafarzadənin insanlıqdan nə qədər uzaq birisi olduğunu düşünməmək olmur. Düzdür, o bir ata kimi oğlunun ölümünə çox məyus olur, amma pula qarşı düşkünlük onun üçün bütün hisslərdən yüksəkdə durur. Franklinin təbirincə desək "Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır”. Əbdül Qafarzadə də belələrindəndir.  Onun kimilər həmişə pulun böyük bir güc, qüdrət sahibi olduğuna inanır və ömürlərinin sonuna kimi bu fikirlə də yaşayırlar.

     Uşaq vaxtı  qardaşı  Xıdırın himayəsində böyüyən Əbdül onu itirəndən sonra  həyatda tək qalmış, öz  bacarığı sayəsində həyatın dibindən boy verərək "yoldaş Qafarzadə” olmuşdu. Yazıçı Əbdül Qafarzadənin, onun rəhbərlik etdiyi qəbristanlıqda qarovulçu işləyən Əflatunun mahiyyətini açmaq üçün, onların nə üçün belə bir  əxlaq, mənəviyyat sahibi olduqlarını göstərmək səbəbindən keçmişə ekskurs edir. Məlum olur ki, onların hər ikisi 37-ci ildə vətənin ziyapərvər, qeyrətli, vicdanlı şəxsiyyətlərini xalq düşməni kimi satan, onların sürgün olunmasına, güllələnməsinə səbəb olan millət qatillərinin varisləridirlər. Əbdülün qardaşı Xıdır və onunla dostluq edən Əflatun  onunla eyni  idealogiyaya qulluq edərək,  çuğulluq etməklə hökumət qapısında bir mənsəb sahibi olmaq niyyətində idilər. Qazdığı quyuya özü düşən Xıdır  bütün Azərbaycanı bürüyən taundan özü də xilas ola bilməmişdi. Əflatunu isə tale  Tülkü Gəldi Qəbristanlığına gətirib çıxarmışdı. Vaxtilə Xıdırla dost olmağının hesabına burada qarovulçu işləyirdi. Lakin uzun illər onun mahiyyətini dəyişdirməmiş, mənəviyyatca daha da miskinləşdirmişdi. "Romanda Əflatun və Əbdül Qafarzadə orazları siyasi rejimin 30-cu illərdə əkdiyi toxumdan bitən ağacın meyvəsi kimi qavranılır. Onlardakı əxlaqsızlığın kökləri məlum olur”. (9. s.282) Cavanlığında vəzifə, mənsəb naminə hökumət qapısında "dilənçilik” edən Əflatun, ahıl yaşlarında Əbdülün yanında boynunu burub, yaltaqlıq etməklə məşğuldur. Onun üçün heç bir şey eyib deyil, təki Qafarzadənin əli cibində olsun.

    Müəllif əsər boyu müxtəlif  zamanlarda baş vermiş hadisələrə maraqlı keçidlər edir, canlı təsvirlər yaradır. 80-ci illərdə baş verən hadisələrdən 1937-ci ilin sazaqlı bir qış gününə keçid alan yazıçı müasiri olduğu cəmiyyətin hansı sələfin xələfi olduğunu göstərir. Lakin bu təsvirlərə keçməzdən əvvəl yazıçı məktəb drektoru Ələsgər müəllim və onun müasiri olduğu cəmiyyət haqqında  dolğun təsəvvür yaratmağa çalışır.

Ələsgər müəllim  çox ədalətli, insanpərvər, sözün əsl mənasında mükəmməl insan, yaxşı rəhbərdir. Uzun illər övladı olmasa da,  on il sonra tale onun üzünə gülmüş və qızı Arzu dünyaya gəlmişdi. Əsərdə göstərildiyi kimi Arzu artıq on yaşındadır. O pionerdir, dərs əlaçısıdır. Atası da, müəllimləridə bu balaca qızın parlaq gələcəyinə çox ümidlidirlər. Lakin Arzu hər şeydən əvvəl öz zamanının övladı,  Lenin, Stalin siyasətinin yetirməsidir. Sözügedən müdhiş siyasətin nəticəsi kimi, bu balaca qızı atasını da, anasını da, ümumiyyətlə kimi gəldi satmağa, həbs etdirməyə, güllələtdirməyə hazırdır təki "pioner vicdanına” sədaqətini nümayiş etdirsin.  Təpədən dırnağadək o, sovet ruhunun daşıyığcısıdır. Evdə atası belə  qızının "pioner vicdanından” qorxur. Arzu bütün yaşıdları kimi hər yerdə xalq düşməni axtarır. Onun qorxusundan Ələsgər müəllim Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin kitablarını zirzəmidə gizlədir. O, çox yaxşı bilir ki, Arzu bu kitabları görsə fikirləşmədən onu – doğma atasını xalq düşməni adı altında dövlətə təslim edər.

Suyuna, havasına "taun xofu” çökmüş belə bir zamanda yazıçı Arzunun ad günününə yığışan məktəb müəllimlərinin bir-birinin ardınca yoldaş Stalin və yoldaş Bağırovun şəninə qaldırdıqları badələrin cingiltisi altında dəhşətli bir faciənin təsvirinə keçid alır. İlk badəni qaldıran məktəbin idman müəllimi Xıdır bütün sovet rəhbərlərinin ünvanına təmtəraqlı təriflər yağdırmağa başlayır: " Əziz dostlar! Bu qədəhləri qaldıraq yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi, Azərbaycan bolşeviklərinin sevimli rəhbəri, Azərbaycan zəhmətkeşlərinin qayğıkeş atası, əziz Mir Cəfər Bağırov yoldaşın sağlığına! Yaşasın, min yaşasın yoldaş Mir Cəfər Bağırov!”. (2. s.159) Məclis başlayandan bu cür mənasız, cansıxıcı təriflər Xosrov müəllimi darıxdırır və o hər şeyi unudaraq  "-Mir Cəfər Bağırov yoldaş bizim rəhbərimizdi, düzdü,- dedi. –Amma niyə qoymursuz səhərdən bəri bu gözəl, qızın, -Xosrov müəllim uzun qolunu qaldırıb barmağı ilə Arzunu göstərdi. –sağlığına içək, bu gözəl qızı təbrik edək?..”(2. s.159) Bu ehtiyatsız, səmimi müdaxilənin nəticəsində bütün məclisə sanki su ələnir. Hər kəs anlayır ki, Xosrov müəllim bağışlanmaz, çox ciddi siyasi səhv buraxıb və bu "səhvi” Xıdır müəllim və ya Arzu yuxarıya çatdırsa, bu günkü məclisdə iştirak edən  hər kəs ziyan çəkəcək. Məclis bitəndən sonra həyəcan keçirən Ələsgər müəllim necə dəhşətli bir faciə baş verdiyini bütün mahiyyəti ilə dərk edir. Bütün daxilini çulğalayan dəhşətli qorxu onu çox eybəcər bir addım atmağa təhrik edir. Hər kəsin yaxşı insan, xeyirxah rəhbər kimi tanıdığı Ələsgər müəllim telefonu qaldırıb ad günündə olanları "yuxarıya” xəbər verir. Lakin bu  "kürkünü qorumaq” cəhdi heç bir səmərə vermir, çünki Xosrov, Xıdır və Kamil müəllimlə bərabər Ələsgər müəllimin özünü də   həbs edirlər. Xosrov müəllimdən başqa onların hamısını güllələyirlər. Təsadüf nəticəsində  Xosrov müəllimi Sibirə sürgün edirlər. Əsl səbəbkar Xosrov müəllim olduğu halda onun sağ qaldığını görərkən "sirrini sirdaşa verməyən dünya”nın qəribə işlərinə təəccüblənməmək olmur. Ələsgər müəllim özünü və ailəsini qorumaq üçün Xosrov müəllimdən şikayət edir, amma bu satqınlıq  onun özünün və zamanla da ailəsinin əksinə işləyir. Ələsgər müəllim kimilərin xoş niyyətli "arzuları” onların özlərinin mahiyyətlərinə, şəxsiyyətlərinə uyğun şəkildə çin olur. Arzu atasının gözlədiyi və riyaziyyat müəllimi Əlibala müəlimin təxmin etdiyi kimi Sofya Kovalevskayatək tanınmış, məşhur bir alim olmur. Onun bütün fəaliyyəti sərnişin qatarında "provadnik”  vəzifəsilə məhdudlaşır. Arzu mənən aşınmış, əxlaqca pozulmuş, mənəviyyatca bəsit, mahiyyətcə miskin birisi olmaqdan uzağa gedə bilmir. Bu təsvirlərdən belə bir nəticə hasil olur ki,  "Həyat təmsil kimidir, onu uzunluğuna görə deyil, məzmununa görə qiymətləndirmək lazımdır. Hər cür həyat yox, ancaq yaxşı həyat nemətdir”.

Uzun illərdən sonra Arzu ilə rastlaşıb evinə qonaq gedən  Xosrov müəllim onu dinlədikcə  otuz yeddinci ildə o qədər ziyalının belə bir miskin, bəsit, pozğun birisinə görə həbs olunduqlarına, güllələndiklərinə, özünün isə sürgün olunaraq ən yaxşı vaxtlarının Sibir çöllərində məhv olduğuna görə dəhşətli  sarsınıtı keçirir.  Əgər "Hər bir işin qiyməti onun nəticəsi ilə ölçülür”sə demək Ələsgər müəllimin zəhmətinə, əziyyətinə dəyməzmiş. Çox kiçik yaşlarından manqurtlaşdırılaraq yoldaş Stalinə sədaqət ruhunda tərbiyə olunan Arzu və onun kimilər hakim cəmiyyət tərəfindən alçaqcasına istifadə olunur, zaman keçdikcə isə yararsız, tullantı bir mal kimi xidmət etdikləri  cəmiyyətdən də cıxdaş olunurdular. Onlara etibar olunmur, qabağa çəkilmir, oxuyub adlı-sanlı insanlar kimi şöhrətlənmirdilər.  Çünkü bu hakim dairələrin özləridə bilirdilər ki, "xəyanətin yayı, qışı, gecəsi, gündüzü olmur”, Arzu kimilər yüksək dairələrdə çalışsaydılar gec-tez atalarına, dostlarına, yaxınlarına xain çıxdıqları kimi, onların özlərinə də xəyanət edəcəkdilər.

     "Tonqal”adlı hissədə oxucu gözlərinin dərinliyində böyük dərd gizlənmiş Xosrov müəllimi daha yaxından tanımaq imkanı qazanır və onun taleyinə acıyır. Bu başbəlalı insan təsadüf elə gətirmişdi ki, öz həyat  yolu üzərində üç dəfə dəhşətli epidemiya ilə üz-üzə gəlməli olmuşdu. Hələ gənc yaşlarında ailəsi ilə birlikdə Hadrutda yaşayıb, rus dili müəllimi işləyən Xosrov müəllim təhsilini təkmilləşdirmək üçün bir aylıq Şuşaya getməli olur. Həyat yoldaşı və üç oğlundan çətinliklə ayrılan Xosrov müəllim bir ay sonra Hadruta qayıdanda onu şəhərə buraxmırlar. Bildirirlər ki, artıq iki aya yaxındır şəhərdə taun yayılıb, əhalinin böyük bir qismi bu dəhşətli xəstəliyə yoluxaraq ölüb. Sonra Xosrov müəllim ailəsinin bütün üzvlərinin öldüyünü  bilir. Xəstəliyin daha da yayılmaması üçün həkimlər qərara alırlar ki, meyidləri yandırmaq lazımdır. Meyidləri yandırarkən birdən tonqalın ətrafına yığışan Hadrut camaatı it zingiltisinə bənzəyən bir səsə qulaq kəsilirlər. "Professor Zilberin gözləri qızıl əsgərlərdən bir az aralıda dayanmış bir nəfərə sataşdı; dayanmışdı? – yox o adam it kimi dörd ayaq- dizlərinin əllərinin üstündə durmuşdu və alışıb yanan gözlərilə tonqala baxırdı və içindən elə it zingiltisinə də bənzər  bir səs çıxırdı... Dərd  dizləri və əlləri üzərində dayanmış o adamın simasında insanı lap əvvələ, lap bünövrəyə çəkib aparmışdı, o zamana ki, insan hələ iki ayağı üstə gəzən bir varlıq deyildi, insan hələ heyvandan seçilmirdi, hələ "homo sapiyens”-dən əvvəlki dövrlər idi...”  Bu səhnəni dəhşət içində izləyən professor Zilber sonralar Xosrov müəllimə bağışladığı kitabın ilk səhfəsinə bu sözləri yazır: "Человеку, увидевшего и пережившего ад. Лев Зилбеp” (2. s.88) Cəhənnəmi görən və daxilən onu yaşayan Xosrov müəllim on il sonra ikinci "taunla” Bakıda üz-üzə gəlməli olur. On ildən sonra yaraları təzəcə qaysaq bağlayan, Gülzar adlı bir qadınla ailə quran Xosrov müəllim Ələsgər müəllimgildəki ad günündən sonra isti ocağından didərgin salınıb, Sibirə sürgün olunur. Uzun illərdən sonra bəraət alıb, vətəninə qayıdır.

Başına gələn müsibətlərin nəticəsində yeriyən heykəli xatırladan Xosrov müəllimin tale yolunu izlədikcə qəlbində yatan ağrılı xatirələrin təzyiqi ilə tamamilə keyləşdiyini, ətraf aləmə qarşı laqeyidləşdiyini, "donduğunu” görürük. Bu "don” Əbdül Qafarzadə ilə görüşdüyü vaxt qəflətən açılır və gözümüz qarşısında tamam fərqli Xosrov müəllim canlanır. Əsərin sonunda evində kirayənişin qaldığı Xədicə arvadın basdırılması üçün adamı, pulu olmadığı üçün qəbristanlıqda yer verməyən Əbdül Qafarzadəni görərkən Xosrov müəllimin illərdən bəri içində yığılıb qalan nifrəti vulkan kimi püskürür və  Qafarzadənin boğazından yapışıb boğmağa başlayır, var gücü ilə qışqırır: "Sənsən! Bu müsibətləri başımıza açan sənsən! Məni öldürən sənsən! O tonqalı sən qalamışdın! Sən taunsan! Taun! Taun! Taun!”.   (2. s.217) Bu epizodu izlədikcə bir daha aydın olur ki, illər boyu Xosrov müəllimi fağırlaşdıran, ətə-cana dolub insan kimi yaşamağa qoymayan, özünə və ətraf aləmə etinasızlaşdıran Şura hökuməti qurulduğu gündən onun içinə düşən və daim təqib edən "taun toxumudur” ki,  yüksələn xətlə inkişaf edərək onun varlığını ahıl çağlarında belə rahat buraxmır, tale yolunda daim özünü biruzə verir. Xosrov müəllim Əbdül Qafarzadəni  boğarkən onun simasında sanki taun epidemiyasından, Stalindən, Mir Cəfər Bağırovdan,  ictimai quruluşdan-Sovetlər ölkəsindən, bütün dünyadan öz dərdinin, içində gəzdirdiyi müsibətinin və eyni zamanda da özü kimi insanların heyfini çıxmağa çalışır. Qəbristanlıq işçiləri Əbdül Qafarzadəni Xosrov müəllimin caynaqlarından qurtara bilsələr də, bir neçə dəqiqədən sonra onun qan qusduğunu görürlər. Əsər boyu təsvir olunan hadisələri izlədikcə bir daha aydın olur ki,  müəllifin "taun” adı altında təqdim etdiyi ictimai-siyasi, sosial bəla şüurlu şəkildə 1920-ci ildən etibarən yaradılmış, heç bir zaman tamamilə kökünün kəsilməsinə imkan verilməmiş, müxtəlif dövrlərdə öz ocağından boy verərək dağıdıcı, parçalıyıcı, məhv edici gücünü zaman üzərində "domokl qılıncı” kimi daim silkələmişdir.

     Mənəviyyatca Xosrov müəllimlə eyni dünyanın adamı olan Murad İldırımlının obrazını yaradan yazıçı bu gənc tələbənin  dünyanın yazıyagəlməz problemləri haqqında  daim düşündüyünü, bu qarmaqarışıqlıqdan baş açamağa, çıxış yolu tapmağa çalışdığını göstərir. Daxili suallar bir anda olsa ona rahatlıq vermir.  Saatlarla kitabxanada oturub, Quranı rus dilindən tərcümə edə-edə düşündüyü suallara oxuduğu surələr, ayələr vasitəsilə cavab tapmaq əvəzinə fikirləri, düşüncələri daha da dolaşır, tərəddüdləri bir az da artır. Murad çirkin, başarısız olduğu üçün uşaqlıqdan özünə qapanmış, bu dünyada yeganə doğması, əzizi olan nənəsinin layları, nağıllarını eşidə-eşidə böyümüşdü. Məhz bu laylalar, nağıllar onun milli ruhda böyüməsinə, əsl insan kimi formalaşmasına öz təsirini göstərə bilmişdi.

Uşaqlıqdan kitablar içində böyüyən Murad universitetə daxil olmaq istəyi ilə dəfələrlə imtahan versə də, qəbul imtahanında iştirak edən müəllimlər ona məqbul qiymət  yazmırdılar. Hətta bir dəfə onun bütün suallara cavab verdiyini görən komissiya sədri Murada "Əzizimin cəfası”adlı romanı haqqında sual vermiş, oxuduğu əsərləri xəyal süzgəcindən keçirəndən sonra o belə bir əsəri oxumadığını demiş, nəticədə yenə arzusunda olduğu fükültəyə qəbul ola bilməmişdi. İmtahandan sonra Murad, bütün kitabxanaları ələy-fələy edib, "Əzizimin cəfası”romanını axtarmış, amma tapa bilməmişdi. Uzun axtarışdan sonra ona məlum olmuşdu ki, heç belə bir əsər yox imiş. Sadəcə  heç bir adamı, pulu olmayan gəncə qiymət yazmamaq üçün müəllimlər ona ritorik sual vermişdilər. İnadkar, öz biliyinə inanan gənc növbəti il yenə də imtahan vermiş və universitetin filologiya fakültəsinə qəbul olmuşdu. Lakin bu istəyə, arzuya çatış da onu bir insan kimi xoşbəxt etməmiş, kəndindən, elindən ayrı düşmüş Murad  bu böyük şəhərdə daha da tənhalaşmış, sonucda özünə qapanmışdı: "Murad İldırımlı Bakıda keçirdiyi dörd illik tələbəlik dövründə başa düşmüşdü ki, indi Azərbaycanda və ümumiyyətlə bütün Sovet İttifaqında hünər burasındadır ki, olmayan romanı oxuyasan! "Əzizimin cəfası romanı yox idi, amma sən o olmayan, o yazılmamış romanı  oxumağı bacarmalı idin və tələbə Murad İldırımlı buna qəti əmin olmuşdu ki, bu gün insanlar elə bir dövrdə və elə bir ölkədə yaşayırlar ki, o yazılmamış romanı oxuya bilməsən sənin işlərin heç vaxt düz getməyəcək” (2. s.47)     Romandakı təsvirlərdən görürük ki, öz kökündən, şəcərəsindən ayrı düşən insanlar içərisində Murad kimilərin boy verib görünməsi, cəmiyyətdə üzə çıxması, kimliyini tanıtması  demək olar ki, çox müşkül məsələdir. Aylarla nəşriyyata ayaq döyən yazdığı əsərləri heç cür çap etdirə bilməyən Murad  Mürşid Gülcahani kimi boşboğazların yazdığı mənasız, səviyyəsiz əsərlərin çap olunduğunu görəndə dərin sarsıntı keçirir, yaşadığı cəmiyyətdə yazıb-yaratmağın mənasız olduğunu düşünür. O, fəhmi hissi ilə anlayır ki, bu böyük şəhərdə, arxasız, pulsuz yaşamaq onun üçün həmişə çətin olacaq.  

    Elçin Muradın çox zəngin təxəyyül, dərin düşüncə sahibi, istedadlı gənc olduğunu göstərmək məqsədilə onun qələmindən çıxan "Hər şey keçib gedir” hekayəsini də süjetə daxil edir. . Hekayənin əsas qəhrəmanı Məlik Əhmədlidir. O ixtisasca zooloqdur, elmlər namizədidir. Ailəlidir iki oğul və iki qız atasıdır. İş yoldaşı İbrahimin arvadı Əminənin dəfn günündən qayıdanda onun başına qəribə bir əhvalat gəlir. O, küləkli bir havada dəmir yoluna çatanda, birdən onun yadına düşür ki, qabaqdakı küçədən tramvay yolu keçir və elə bu zamam tramvay gəlib düz onun yaxınlığında dayanır, Məlik Əhmədli tramvaya minir. Tramvayın boş olduğunu görəndə əvvəlcə təəccüblənir. Birdən  tramvayın sürücüsü olduğunu görür, hətta orada qəribə simalı bir sərnişin də var idi. Romanda təsvir olunduğu kimi bu sərnişinin sifəti üçbucağa oxşayırdı, çənəsi çox nazik, alnı isə geniş idi. Bu qeyri-adi sərnişin Məlik Əhmədliyə iki arzusunu yerinə yetirə bilcəyini deyir. O, bu qəribə məxluqa min il yaşamaq istədiyini bildirir. Lakin nə qədər fikirləşirsə daha nə istədiyini yadına sala bilmir. Qəribə məxluq tələsdiyi üçün sabah elə bu vaxt, bu yerdə onu gözləyəcəyini  deyir və ona ikinci arzusu haqqında düşünmək üçün bir gün vaxt verir. Evə gəlib dərin fikirlərə qərq olan Məlik Əhmədli öz uzun ömrü haqqında düşündükcə yuxusu qaçır, tərəddüdləri  daha da artır: "...Külək  yataq otağındakı pəncərənin şüşəsini titrədirdi. Tahirə də narahat idi, gah bu böyrü üstə, gah o böyrü üstə çönürdü və Məlik Əhmədli qaranlıqda ağ bənizi güclə sezilən Tahirəyə baxa-baxa  fikirləşdi ki, minillik ömür müqabilində, bir göz qırpımlıq vaxtdan sonra Tahirə dünyada olmayacaq, sonra Adil, Kamil, Aytən, Zəhra dünyadan köçəcək, sonra onların uşaqları, sonra o uşaqların uşaqları, sonra başqaları, başqaları, başqaları... Məlik Əhmədliyə elə gəldi ki, qaranlıq bir tunelə girib qaçır, qaçır, tuneldən çıxmaq istəyir, qaranlıq onu qovur, amma uzun tunel qurtarmır ki, qurtarmır ki, qurtarmır və Məlik Əhmədlinin ürəyi darıxdı, nəfəsi tıncıxdı, uşaqları bir-bir adbaad gözlərinin qabağına  gətirəndə və fikirləşəndə ki, çox qısa bir müddətdən sonra- əlli ildən, altmış ildən, lap yüz ildən sonra Adil də, Kamil də, Aytən də, Zəhra da dünyada olmayacaq, amma o özü elə hey yaşayacaq, baba olacaq, ulu baba olacaq, sonra  dünyadakı bir çox yad adamların, adamların, tanımadığı- bilmədiyi kəslərin canlı soy kökü olacaq” (2. s.247) Bu cür qarmaqarışıq hisslər içərisində çapalayan Məlik Əhmədli birdən-birə çox yaşamaqdan qorxuya düşür. Onu da anlayır əsrlər bir-birini arxada qoyduqca o ailə üzvlərini də, dostlarını da, yoldaşlarını da unudacaq. Onun fikrincə bu qədər insanı zaman keçdikcə yadda saxlamaq mümkün deyil. bu cür fikirlərlər içərisində Məlik Əhmədli  ona vəd olunmuş vaxtı gözləməyə başalyır. Vədə yetişəndə yol qırağında dayanmış tramvaya minir. Qəribə adam yenə orada idi. Məlik Əhmədli bu qəribə məxluqdan xahiş edir ki, dünənki-birici istəyini ləğv etsin. "İnsandan baş açmaq çətin məsələdir”-deyən qəribə məxluq onun istəyini yerinə yetirib qeyb olur. "Sərnişin uzaqlaşdıqca, qaranlıqda gözdən itdikcə Məlik Əhmədli bütün bədənində bir dəyişmə hiss edirdi, elə bil, qanını dəyişirdilər və bu dəyişməni duyduqca Məlik Əhmədlinin ürəyinin döyüntüsü azaldı, tamam kəsdi, bütün bədəninə bir rahatlıq gəldi...”. (2. s.149) Bu hekayəni oxuyarkən həqiqətən insanın çox mürəkkəb bir  varlıq olduğunu görürük. Demək, əzizlər, doğmalar ətrafında deyilsə, o zaman şirin nemət olan həyat insan üçün ağır, çəkilməz yükə çevrilər.
 Bir-birinə mənən çox yaxın olan Murad İldırımlı ilə, Xosrov müəllim bir evdə gətirib çıxarır. Hər ikisi Xədicə arvadın evində kirayənişin qalır.  Sanki onların biri digərinin başlannğıcı, eyni zamanda da davamıdır. "30-cu illərin müsibəti içindən keçənlərdən təkcə Xosrov müəllim bizim günlərdə yaşayır; sıxıla-sıxıla, sanki bu dünyaya gəlməsini günah saya-saya yaşayan istedadlı cavan yazıçı Murad İldırımlı elə bil, onun kölgəsidir. Aşkarca hiss olunur ki, bu dünya Muradı da Xosrov kimi çox  bərkə-boşa salacaq, ancaq onun çəkdikləri Xosrovunkularla müqayisədə hələ heç nədir. Murad Muxtar Xudavəndə kimi küt redaktorların Mürşüd Gülcahani kimi "adı it dəftərində olmayan” primitiv yazıçıların qabağından baş əyə-əyə keçməlidir, yoxsa, onu ədəbiyyatın həndəvərinə yaxın qoymayacaqlar”.  Ələsgər müəllim kimi nəcib, xeyirxah, vicdanlı bir insan "şərəfsiz” mühitin təsirilə satqınlıq etməyə məcbur qalır. Çünki hər tərəfindən taun vahiməsi pükürən mühit bütün insanları buqəlamunlaşdırmışdır. Belə bir mühitdə yaşayırsa mütləq onun rəngini almalıdır. Əks təqdirdə özünü ələ verəcək, cəmiyyətdən çıxdaşlanacaq. Daxilən qürurlu, yenilməz, öz həmyaşıdlarından fərqlənən Murad İldırımlının Xədicə arvad üçün qəbristanlıqda yer almaq naminə Muxtar Xudavəndəyə yaltaqlanması ilə Ələsgər müəllimin özünü və ailəsini qorumaq naminə qonaqlıqda baş verənləri yuxarıya xəbər verməsi arasında zamanlararası fərqə baxmayaraq məntiqi bağlılıq var. Nəticə eynidir. Ələsgər müəllim də, tələbə Murad da təbiətlərinin əksinə gedərək, xislətlərinə və şəxsiyyətlərin yad olan addımı atmağa məcbur olurlar. Hər ikisi müasiri olduqları cəmiyyətin qurbanlarıdır.

     Əsərin "Olum, ya ölüm” adlı hissəsində Keşlə həbsxanasında məhbusluq həyatı keçirən on iki nəfərdən- Şair, Dramaturq, dörd professor-Ədəbiyyatşünas, Folklorçu, Filosof  və Dilçi, Nəşriyyat Müdiri, Məktəb Müdiri, Xosrov müəllim, bir də Bir Nəfərdən bəhs olunur. Yazıçı konkret olaraq onların adını çəkməsə də  millətin hansı nümayəndələrinin  repressiyaya məruz qaldığına işarə edir. Şair hər bir millətin görən gözü eşidən qulağı, dramaturq- bütün eybəcərlikləri əyani şəkildə tamaşaçıya-xalqa çatdıran, ədəbiyyatşünas-milli ədəbiyyatı öyrənən tədqiq edən, folklorçu hər bir millətin, xalqın milli-etnoqrafiq dəyərlərinin araşdırıcısı, adət-ənənəsinin qoruyucusu, filosof düşünən, bütün ictimai, siyasi, sosial problemləri öz beynindən keçirərək düşünməyi bacaran, dilçi- mənsub olduğu xalqın dilini mükəmməl bilən və eyni zamanda təbliğ edən  millət nümayəndələridir. Halbuki Sovet Sosialist Respublikasının yalnız  bir amalı var idi: millətin düşünən beyinlərini məhv etmək,  yerdə qalanları manqurt ruhunda tərbiyələndirmək. Məhz bu cür siyasətə arxalanan sovet rəhbərləri çox yaxşı analyırdılar ki, millətin ziyalı, dünyagörüşlü, açıq fikirli, ağıllı oğullarını məhv etməsələr, onlar Sovet İttifaqını əldə saxlaya bilməyəcəklər. Dünyanın "gəliş, gedişindən” xəbəri olan insanları məhv edəndən sonra avam kütlənin başını orden, medalla aldadıb, idarə etmək asan məsələ idi. Əsas insanları  imperiyanı idarə etmək üçün gecə-gündüz işlətmək idi. Elə bu səbəbdən Sovet Sosialist Respublikasında hər kəs bir amal, bir məqsəd uğrunda çarpışırdı: plan doldurmaq.  Qızmar günəş altında işləmkdən qapqara olan zəhmətkeş qadınlar, kişilər, qocalar cavanlar, məktəbli uşaqlar pambıq tarlalarında, üzüm bağlarında, çay plantasiyalarında qan-tər içərisində işləyib əmək qahrəmanı olmaq ümidi ilə planı artıqlamsı ilə doldurub yaxalarına qırmızı ulduz taxmaq niyyətindəydilər. Qara camaata bu cür vədlər olunmasaydı Sovetlər Birliyi çətin ki, yetmiş il yaşaya bilərdi. Yazıçı bu məsələyə toxunaraq hətta plan siyasətinin qəbristanlığa da yol açdığını göstərərək bu məntiqsizliyə sənətkarcasına gülmüşdür. Məşhur yazıçı və tənqidçi M.Hüseyn yazır ki, "Ən dürüst fikri belə çılpaq şəkildə bədii əsərin əsasında qoymaq olmaz”. "Ölüm hökm” romanının bir əsər kimi məziyyəti ondadır ki, yazıçı əvvəldən axıra kimi heç bir fikri çılpaq şəkildə vermir, müxtəlif şərti təsvirlər yaradaraq oxucunu düşünməyə sövq edir.

    Əsərdə diqqəti çəkən məqamlardan biri də Gicbəsər adlı itin əsər boyu müəllif tərəfindən diqqət mərkəzində saxlanmasıdır. Müəllif Gicbəsərin Tülkü Gəldi Qəbristanlığına gəlib düşdüyü gündən özünü qatarın altına atdığı məqama kimi, bütün həyat yolunu  təsvir edir . Lap körpə vaxtlarından gəlib qəbristanlığın həyətinə  çıxan it Əbdül Qafarzadənin diqqətini çəkdiyi üçün onu qaravulçu Əflatuna tapşırır. Bildirir ki, küçüyə yaxşı baxsın. O gündən Əflatun Əbdül Qafarzadəyə xoş gəlmək üçün küçüyə qulluq etməyə başlayır, hətta öz otağında ona yer də ayırır. Hər səhər Əbdül Qafarzadəyə xoş gəlmək üçün küçüyü qucağına alıb onun pişvazına çıxır. Qarovulçu Əflatun hər gün səhər də, axşam da küçüyü həyətə gəzdirməyə çıxarır və özünün bu müdhiş vəziyyətinə acıya-acıya düşünürdü ki, "bu dünyada Əbdül Qafarzadənin xoş münasibət göstərdiyi küçük olmaq Əflatun olmaqdan yaxşıdı...”.  
"Küçük süd içə-içə, kolbasa, sosiska, pirojna yeyə-yeyə gözgörəti böyüyürdü və bu küçüyün yüksək qəyyumundan xəbərdar olan Qəbiristanlıq İdarəsinin işçiləri hərdənbir ona dondurma, marmelad, xarici peçenye də verirdilər və bütün bu gedişat ondan xəbər verirdi ki, Tülki Gəldi Qəbiristanlığındakı bu küçüyü gələcəkdə dünyanın ən xoşbəxt itinin taleyi gözləyir”. (2. s.8) Lakin  bu xöşbəxtlik üç aydan çox çəkmir. Əbdül Qafarzadənin oğlu  öləndən sonra bu balaca itə diqqəti azalır. Bu hadisədən istifadə edən Əflatun bir gün iti təpiklə döyüb qəbristanlıqdan qovur. Günlərin bir günü Əbdül Qafarzadə Qəbristanlıq İdarəsinə gələndə hardansa birdən-birə peyda olan küçüyü görür. Böyümüş, dəyişmiş, gözlərində keçmiş etibardan, ümiddən əsər-əlamət qalmayan it  Əbdül Qafarzadəyə tərəf hürməyə başlayır.  Elə həmin gündən it himayədarının gözündən düşür. Vəziyyətin dəyişdiyini görən Əflatun elə həmin vaxtdan bu "ərköyün” küçüyə Gicbəsər adını verir. Naz-nemət içində böyüyən Gicbəsər öz axmaqlığı ucbatından baxımsız bir günə düşür. Hər gün bir qarın çörəyi olan, yemək sarıdan heç bir korluq çəkməyən it daha qəbiristanlıqda qalmaq istəmir və buranı tərk edir. Özünü həyatın qoynuna atır. Küçədə Gicbəsər bir qarın yemək uğrunda min bir əziyyətə qatlaşmalı olur. Küçənin sərt qanunlarına dözə bilməyəcəyini,  azad yaşamğın mümükünsüz olduğunu dərk edəndən it özünü qatarın altına atıb öldürür. Yaşadığı mühitə birinci olaraq etirazını bidirən, axına qarşı gedən  Gicbəsər üzərinə çox böyük sürətlə hücum çəkən axının qarşısında davam gətirə bilmir. Bu təsvirlərdən belə nəticə hasil olur ki, Əbdül Qafarzadələrə insan susur, amma əlinin altında bəslədiyi, naz-nemət içərisində saxladığı it yox.  Humanist ideyalarını  bəşəriyyətə car çəkən dahi  
Nizami yazır  ki:

Dostluğu səndə yox itdə gördüm mən,
İt bilən hörməti ayaqladın sən.
İt sənə dost olar bir sümük atsan,
 Düşmən qədir bilməz olsan da qurban.

    Bu  məşhur şeir parçasında bəhs olunan "ənənəvi”  it sədaqəti görünür, zamanın təpkilərinə, eybəcərliklərinə, haqsızlıqlarına adekvat olaraq, dövrə uyğun şəkildə deformasiyaya uğrayaraq, tamam fərqli biçimdə, xüsusiyyətdə "Ölüm hökmü” romanında obrazlaşır. Artıq dünya o qədər dəyişib ki, itlər onların qabağına atılan sümüklərə daha aldanmır və yeri  gələndə  "ənənəvi hörməti” ayaqlamağı da bacarırlar. "Əbdül Qafarzadə ideoloji əxlaqın özünü təmsil edir. İdarə əhli-Əflatun, Vasili, Mirzəibi, Ağakərim, mayor Məmmədov ideoloji əxlaqın daşıyıcısıdır. İdeoloji əxlaq daşıyıcılığına gedən yol öncə bu əxlaqın qurbanına çevrilməkdən keçir. Tülkü Gəldi Qəbiristanlığında yaşadığı müddətdə it bu yolu keçməlidir. Ya bu əxlaqın "qurban”ı olub onun daşıyıcısına çevrilməlidir, ya da bu mühitdən uzaqlaşmalıdır. Ona yedirilən şirniyyatlar, müxtəlif kolbasa və sosiskalara rəğmən günlərin birində itin "boynunu irəli uzadıb hirslə Əbdül Qafarzadəyə tərəf hürməyə başlaması” ideoloji konveyrdən keçmədiyini, bu əxlaqın qurbanına və daşıyıcısına çevrilmədiyini göstərir”.  308s.
 Çox mürrəkkəb, "pırtlaşıq” bir dövrdə yaşayan ədəbi qəhrəmanların heç biri Gicbəsər kimi addım ata bilmir. Nə Xosrov müəllim, nə Murad İldırımlı.  Halbuki onların vəziyyəti heç də Gicbəsərinkindən fərqli deyildi. Onlar lazım gələn də belə qəzəblərini boğur, ədalətsizlikləri sükutla qarşılayırlar. "Həqiqət o zaman öz dəyərini itirir ki, doğru ilə yalanın paltarı eyni parçadan biçilir. Onları bir-birindən seçmək çətinləşir”.  Görünür, insan daha dözümlü varlıqdır, o həmişə sabahın bu gündən yaxşı olacağına ümidlidir.  Fransız yazıçısı Alfred de Vininin təbirincə desək "Ölüm gələndə biz susmağı bacaran heyvanların böyüklüyünə yüksələ bilmirik”.

"Ölüm hökmü” romanının sonunda çox insanlara qan udduran, haram yollarla var-dövlət, hörmət sahibi olan Əbdül Qafarzadənin tale yolunun belə bir sonluqla bitməsi təbiidir, məntiqlidir. "Ədalət topaldır: ağır-ağır yeriyər, amma gedəcəyi yerə gec-tez çatar”. Zamanın haqsızlıqlarına dözməyən Gicbəsərin intiharı oxucunu pessimist ovqata kökləsə də, Əbdül Qafarzadənin "qızıl teştə qan qusmağı”  yaranmış ümidsizliyi, inamsızlığı aradan qaldırır,  əsər boyu tarıma çəkilmiş sinirləri gərginlikdən azad edərək ədalətin gec də olsa qələbə çalacağına bir daha ümidli edir.

                               
                                                   Ədəbiyyat

1. Aran Səyyad. 1960-1980-cı illər Azərbaycan nəsrində psixologizm. Bakı, Elm, 2004
2. Elçin. Seçilmiş əsərləri. V cild. Bakı, "Çinar-Çap”nəşriyyatı, 2005
3. Əlişanoğlu T. Azərbaycan "yeni nəsri”. Bakı, Elm, 1999
4. Əlişanoğlu T. Əsrdən doğan nəsr. Bakı, Elm, 1999
5. Qasımov H. Müasir Azərbaycan romanı: janrın poetika və tipolojiyası. Bakı, 1994
6. Müasir Azərbaycan ədəbiyyatı. Dərslik. II cild., Bakı, 2007
7. Paşayeva N. İnsan bədii tədqiq obyekti kimi "XXI”- Yeni Nəşrlər Evi, 2003
8. Salamoğlu T. Müasir Azərbaycan romanının poetikası.Bakı, Elm, 2005
9. Salamoğlu T. Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri). Bakı, Nafta-press, 2007
10. Yusifli V. Tənqid və bədii söz. Bakı, Mütərcim, 2002