
Əlisəmid Kür: "Söz qumbara kimidir" - MÜSAHİBƏ
- 13.05.2013
- 0 Şərh
- 1780 Baxış
Əlisəmid Kür 1990-cı illərdə ədəbiyyatda öz imzasıyala seçilən və sevilən şairlərdəndir. İnsanların yaddaşında qalan çoxsaylı şeirləri var. Bu gün ədəbi prosesdə az-az görünsə də, heç vaxt diqqət mərkəzindən kənarda qalmır Əlisəmid müəllim. Onunla görüşüb söhbət etmək, ədəbi fikirlərini öyrənmək çox maraqlı idi.
– Həbsxana, sürgün, qürbət və s. kimi həyatın ağrılı anlarını yaşamamış yazar həmin mövzularda yaxşı əsər yarada bilərmi?
– Sözsüz ki, kənar müşahidə ilə də nələrisə yazmaq olar, amma bu yaşanılmış qədər təsirli ola bilməz. Məsələn, Nazim Hikmətin zindan şeirləri var. Çox gözəldir. Amma bizdə elə şairlər var ki, həbsxanaya düşüblər, amma yenə də azadlıqdakı kimi yazıblar. Zindanın özündə də azad olmaq olar, amma bu azadlıq da çöldəki azadlıqdan fərqlidir. Ümumiyyətlə, bütün çətin hallarda ən vacib olanı sınmamaqdır. Sınmadığın yerləri yazmaq isə çox çətindir. N.Hikmət məhz həmin məqamları yazırdı. Məsələn, Nazimin "Bu gün bizi günəşə çıxardılar” başlıqlı şeiri necə gözəldir. O anda Nazim içəridə də azad olub. Qıfılı çöldən olan qapıları anlatmaq hər adamın işi deyil. Öz içini yazanda meydana yaxşı şeirlər çıxır. Yazı prosesi nədir? Elə bil bir otağa qapadılmaqdır. Hər şeirin öz otağı olur. Qıfılı çöldən bağlayırlar qalırsan o otaqda. O otaqdan, o şeirdən təmiz çıxmaq lazımdır. Gərək ürəklə ağıl heç vaxt vəhdətini itirməyə. Söz dalağa dəyəndə, ürəyə toxunanda, içini döyəndə onda kağıza gözəl sözlər yazılır. Yox, əgər ürəyində sözün yoxdursa, yalandan hərfləri düzürsən vərəqə. Söz qumbara kimidir. Hərdən gərək partlaya. Partlamadıqca gücünü bilmək olmur. Söz partlayanda qəlpələri ilə birgə reaksiya verir. Səhv etmirəmsə, Pablo Nerudanın sözləridir, deyir ki: "Şair hətta yazmadıqlarında belə özünü gizlədə bilmir”.
– Hər dəfə şeir yazıb bitəndən sonra adama elə gəlir ki, bir də şeir yazmayacaq. Yaxud da ancaq yazılma prosesinin havası insanın xatirində qalır. Sizə görə bu nədir?
– "Özündə olmursan” sözü var ha, bax bu həmin prosesdir. Çünki ürəklə beyin bir yerdə işləyir. Onların ikisi də məşğul olduğuna görə ətrafdakı heç nə sənə təsir edə bilmir. Bəzən indiki şeirləri oxuyursan, görürsən ki, şeirin burnu yoxdur, qulağı kəsikdir, ağzı əyridir. Xahiş edirəm ki, bunu məcaz kimi qəbul edin. Şeir də bir canlı orqanizmdir. Gərək sağlam yarana. Dəfələrlə deyilmiş sözdür: "Şeir doğulur”. Ürəklə beynin vəhdəti olmayanda şeir "şikəst” doğulur. İndi faciəli odur ki, pis yazanlar təkcə özlərini, həm də yazdıqları adamları gözdən salırlar. Nəcib Fazil Qısakürək belə bir şeiri var:
Ölüm gözəl şeydir, pərdə arxasından bir xəbər.
Ölüm gözəl olmasaydı ölərdimi Peyğəmbər?
Bu şeirlə sanki ölümə bir tərif verib. Şeir elə bir nəsnədir ki, gərək oxuyanda tükün biz-biz dura. Gərək yazdığın adamı da hörmətə mindirə biləsən. Yoxsa böyük adamlar haqqında boğazdan yuxarı "dastan”lar bağlayırlar. Bir nəfər də soruşmur ki, a kişi, bu şeirdən nə istəyirsən, nə umursan? Şeir müqəddəsdir. Hansı dildə, hansı dinin nümayəndəsinin yazmasından asılı olmayaraq şeirin dini, milləti yoxdur.
– Sizin iki tut ağacının müqayisəsində yazılmış maraqlı bir şeiriniz var, tutlardan biri bar verir, birinin isə kölgəsi var. Hansı insanlar üçün daha lazımlıdır. Bu müəmmanı heç kəs bilmir. Şairin hansı dövrdə barı hansı dövrdə kölgəsi onu yaşadır?
– Bilirsən, əlli yaşından sonra yazılan şeirlər çox az halda insanları tərpədir. Bəsti Əlibəylinin mənim haqqımda yazdığı yazıda deyirdi ki, Əlisəmidin şeirləri bu yaşda da adamı titrədir. Mənim üçün şair odur ki, onun şeirlərində öz səsi titrəyir. Əgər bu varsa, şairin barı da var, kölgəsi də. Yazıçılar nəyə görə intihar edir? Çünki müəyyən yaşdan sonra yaza bilmirlər. Bu ölümlərə ayrı-ayrı vaxtlarda müxtəlif adlar qoyulur. Birinə deyirlər məşuqəsi onu atdığına görə, biri ailə münaqişəsinə görə, biri tənhalığa görə, və s. bunlar hamısı adqoymalardır. Əslində, onların 99%-i yaza bilmədiklərinə görə özünü öldürür. Bizdə isə intiharlar az olduğuna görə şairlər yaza bilməməyin acığını çox "yazıb” saysız kitab çap etdirməkdən çıxırlar.
– Cavanlıq illərində yazdığın şeirlərin çoxunda qocalıq hissi aydın nəzərə çarpır. Sizcə, bu nə ilə əlaqədardır?
– Mən həmişə macəra axtaran adam olmuşam. Ömrüm qovğalarda keçib. Bəzən də macəralar məni gəlib tapıb. O illər üçün təəssüflənmirəm. O illərdən yaxşı şeirlər çıxarmışam. O illər qıfılı çöllərdən olan qapılardan keçib. Mən hara düşməyimdən asılı olmayaraq həmişə öz hücrəm olub. Həbsxanada da, qürbətdə də, bir sözlə, hər yerdə. Həbsxanada zəlzələ olanda mən oturub şeir yazırdım. Hamı can hayında idi. Mən həmişə şeiri həyatımdan üstün tutmuşam, ona görə də həyat heç vaxt məndən şeiri əsirgəməyib.
– Tənqidçi Cavanşir Yusifli haqqında yazdığınız kiçik yazıda qeyd etmişdiniz ki, Cavanşir sözün namusunu qoruyan adamdır. Sizin üçün sözün namusu nədir?
– Sözün namusunu qorumaq çətin məsələdir. Bu dəqiqə saysız-hesabsız söz dəllalları var. Kim ki, dediyi sözün arxasında durursa, o adam sözün namusunu qoruyur. Amma şübhəsiz ki, söhbət doğru sözdən gedir. Məsələn, rəhmətlik Ənvər Məmmədxanlı. Mən onun tabutuna girmiş dörd adamdan biri olmuşam. İnsan kimi də, yazıçı kimi də onu çox istəyirdim. Ədəbi əxlaqını qoruyub-saxlamış adam idi. İsa Hüseynov gül kimi yazıçı idi. Axırda gəlib eldə şeylər etdi ki, yazdıqlarını elə hala saldı ki, indi oxumaq da olmur. Nəyə görə, nəyin xətrinə belə etdiyi heç kəsə məlum deyil. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyindən şəkli götürülmüş bir yazıçı vardı. Neylədi? Adam da millətinə yuxarıdan aşağı baxarmı? Olmaz belə şey. Bir dəfə də belə bir şey etmişdi. Onda biz dörd nəfər: Vaqif Bayatılı Odər, Zakir Fəxri, Tofiq Qaraqaya və mən onu evinə qədər aparıb ötürürdük ki, kütlə onu parçalamasın. Hər yerdə də müdafiə edirdik. Gör bu adamın içində millətinə qarşı nə qədər kin var imiş ki, o şeylərdən sonra da belə əsər yazdı. Sözün başına nə oyun açırsan, nə olub sənə? Səni dövlət böyütməyib e, səni el böyüdüb, xalq böyüdüb. İndi bu xalqa nə etmək istəyirsən sən? Hansı oyunlar üçün edirsən bunu? "Nobel” mükafatı üçünmü? Yüz "Nobel” mükafatı qurban olsun Şuşanın bir yarpağına, bir tozuna. Bax bu cür milləti aşağılayan yazıçı sözün namusunu qorumayan yazıçıdır.
– Əliağa Vahid haqqında şeir də yazmışsınız. Ona qarşı sizdə böyük hörmət hiss edirəm. Bunun səbəbi Ə.Vahidin şəxsiyyətidir, yoxsa yaradıcılığı?
– Hüseyn Cavidin müəyyən əsərləri olub ki, Cavid o əsərlərin çapı barədə öz əlyazmasında qeyd edib: "İmlasına toxunmadan”. O vaxt həmin əsərləri Əliağa Vahidə veriblər ki, arxaik sözləri dəyişsin, bir qədər müasirləşdirsin, redaktə etsin. Mətnə baxan Ə.Vahid deyib ki, "Mən nəkarəyəm ki, Cavidin dilinə dəyəm?” Bax, budur e, sözün namusunu qorumaq. Namuslu sözə qarşı namuslu hərəkət etmək bu gün bizi Ə.Vahiddən ürəklə danışmağa sövq edir. Bəs bu şairi sevməyəsən, nə edəsən? Yaxşı olan heç nə itmir. Necə ki, Pompey şəhəri əsrlər sonra üzə çıxdı, heykəlləri, qalaları tapdılar. Nəyə halal nəfəs dəyibsə, o heç vaxt yoxa çıxmır, itmir.
– Əlisəmid müəllim, ədəbi prosesdən kənarda dayanmağa üstünlük verirsiniz, bu nə ilə bağlıdır?
– Hər gün çalışıram, yazırasm. Kompyuteri qəbul etmirəm. Bu gün də kağız və qələmlə yazıram. Mən həbsxanada olanda Xəlil Rzanın, Anarın, Tofiq Qaraqayanın, Aydın Uluxanlının mənə yazdığı məktubları var məndə. Hələ də saxlayıram. Necə də gözəldir. Deyirlər elə şairlər var ki, gündə bir şeir deyib videolarını yayır. Bu nə deməkdir? Şair müğənni-zaddır bəyəm?
Mən heç vaxt ədəbiyyatda marafon yarışına qoşulmuram. Bu mənada mən 60 metrə qaçanlardanam. Çox yazmağın də əleyhinəyəm. Cild-cild kitablarla sözün namusunu qorumaq olmaz.
– Həyatınız çox ziqzaqlı keçib. Xatirələrinizi yazırsınız?
– Hər günü yox, müəyyən günləri yazmışam. Amma tapşırmışam ki, mən öləndən sonra çap etsinlər. Bayaqki söhbətimizə qayıdım. Elə adamlar var ki, iki ildən bir kitabı çıxmasa, qorxur ki, onu unudacaqlar. Mənim belə bir qorxum yoxdur. Həmişə də kitablarım satılıb. Şair gərək özünü axtartdıra. Yoxsa elə şair var ki, az qala hamının cibindən çıxır. İmkanı olsa pulun üstünə də öz şəklini vurdurar. Belə şair olar?
Məni Türkiyədə, İranda çox yaxşı tanıyırlar. Şeirlərimi dəfələrlə çap ediblər. Amma heç vaxt şair şöhrəti məni özümdən çıxarmayıb. Əsas şairin şöhrəti deyil, şeirin şöhrətidir. Az çap olunmaq şairi həmişə hörmətli saxlayır. Mənim şeirlərim sıxılmış haldadır. Heç vaxt şeirin içində boş misralar verməmişəm. Sulu, "hədik şeirlər”i oxuculara sırımamışam. Sözü sıxıb-sıxıb şirəsini oxucuya vermək lazımdır. Orxan Vəli ən çox sevdiyim şairdir. Bütün şeirləri bir kitabda toplanıb. Bir kitabla da ədəbiyyatda qalmaq mümkündür. Təki kitabın içindəki şeirlər şeir ola. Məni nə qədər tənqid etsələr nə o tənqid olunduğum yerə düşənəm, nə də nə qədər tərifləsələr onlar deyən yerə qalxanam. Mən öz yerimi gözəl bilən adamam. Şeirin şöhrətini görmüş şairlərdənəm. Bu mənə bəsdir. Şöhrət də təbii şəkildə gəlməlidir. Heç nəyin dalına düşməməlisən. İndi nə qədər adam var ki, şöhrəti girinc eləyib. Yaşlı və orta nəslin yaxşı yadında olar "Yol” adlı qəzet nəşr edirdim. 50 il sonra da, 100 il sonra da gedib açsalar bir dənə də yalan tapmazlar. Bu gün isə adama diri gözlü yalan sırıyırlar. Bunlar mənə çox pis təsir edir. Bu gün televiziyada meyxana deyənləri xalqa şair kimi təqdim edirlər. Sözü hörmətdən salırlar. Nəsə qoşanlarla ciddi ədəbiyyatçıları bir-birinə qarışdırırlar.
– Nəsr əsəri yazmısınız?
– Nəsr əsəri yazmamışam, amma 6-cı hiss barədə "Skarpion” adlı bir dram əsəri yazmışam. Bəzi yazarlara – Səlim Babullaoğlu, Adil Mirseyid və s. zövqlərini bəyəndiyim dostlarıma oxumuşam. Bu arada deyim ki, mən Səlimin zövqünə çox inanıram. Səlim mənim yanıma həbsxanaya gəlmiş və mənimlə bir yerdə qalmış bir insandır, gözəl də şairdi. Mən onun xətrini çox istəyirəm. Əsl şəxsiyyətdir. Ədəbi əxlaqını qoruyan, sözün namusunu qoruyan adamdır. Bu cür adamlarla mən həmişə şeirlərimi və əsərlərimi müzakirə etməyi sevirəm. Çünki onlar heç vaxt adamı aldatmır. Onlar üçün söz bütün münasibətlərin fövqündə dayanır.
Fərid Hüseyn