Emil Rasimoğlu. Tural Turana açıq məktub (CAVAB)

Emil Rasimoğlu. Tural Turana açıq məktub (CAVAB)

Gənc şair Tural Turanın Yarpaq.az-da yayımlanan ""2010-cular” nəsli-işıqlı imzalar” adlı məqaləsinə həmkarı Emil Rasimoğlu açıq məktub ünvanlayıb. Həmin cavab məktubunu olduğu kimi təqdim edirik: 

Əzizim, Tural Turan!

Bu günlərdə " "2010-cular” nəsli-işıqlı imzalar” adlı yazını oxudum. Sözügedən nəslin daşıyıcısı kimi öncə onu deyim ki, bu addım təqdir olunası addımdı, böyük sayğıdı, dəyərdi, diqqətdi (hətta günümüzün tənqidçilərini sözün yaxşı mənasında diksindirməkdi)... Bu baxımdan sənə təşəkkür edib, səndən fərqli olaraq qısaca mətləbə, necə deyərlər, sözümün canına keçmək istəyirəm. Hə, bu saat qarşımda olsaydın bəlkə də sözümü kəsib (söz kəsmək adətin olmasa belə) sual edəcəkdin ki, "Niyə məndən fərqli?”. Darıxma, deyəcəyəm...
  
Əvvala, məlum yazı ilə bağlı ümumən onu deyim ki, hazırkı çağımızın gec-gec qarşılaşdığı diri və duru, obyektiv və əhatəli, fərqli xarakteri olan, müxtəlif rakuslardan doğulan baxış tərzləri ilə qurulan bir yazıdır.  Adları çəkilən imzalar hərəsi müxtəlif ədəbi (dayandığı) sferada təhlil olunur, öz ədəbi boyunda göstərilməyə cəhd edilir. Bax, yenə qarşımda olsaydın sözümü kəsib deyəcəkdin ki, "Niyə "cəhd edilir” – deyirsən ki ?” Darıxma onu da deyəcəyəm...

Əzizim Tural, yenə səndən fərqli olaraq açıq deyəcəyəm demək istədiyimi. Bilirsən, sənin məlum yazında bir az da necə deyərlər, mızıldanmağın, ayrı-ayrılıqda sərgilədiyin fikirə yekun vurmamağın var. Yazıda mızıldamazlar, sözün başına ip atıb bir fikiri bir neçə rənglə boyayıb təkrar-təkrar təqdim edərək oxucunun (hətta bəlkə yaradıcılığı haqqında yazdığın şəxsin) gözünə toz atmazlar (məqsəd toz atmaq olmasa da belə)! 

Bircə Fəridə Uğurun şeirləri haqqındakı fikirlərindən başqa, yerdə qalan digərlərinin (Emil Rasimoğlu, Fuad Cəfərli, İntiqam Yaşar, Ümid Nəccari, Ulucay Akif) yaradıcılığı barəsindəki fikirlərinin içində bir qətiyyətsizlik, sözünün canını deməmək, dediyim kimi fikirə yekun vurmamaq var (xüsusi ilə də tənqidi etdiyin istiqamətdə).

Axı, niyə birbaşa yazmırsan ki, "Ay Emil Rasimoğlu, poeziyan bəşəridir, orijinaldı və mən sənin potensialını dünya ədəbiyyatına gedən yolda görsəm də səndən umacağım və sənə deyəcəyim odur ki, mütaliəni möhkəmləndir, artır və dünya ədəbiyyatına yad olan elementləri şeirə gətirmə!”

Axı, niyə birbaşa yazmırsan ki, "Ay Fuad Cəfərli, sənin şeirlərində fərqli ruh, özünəməxsusluq, ahəng olsa da digər tərəfdə orijinal poetik baxışın azlığı ilə bərabər şeirlərini məğlubiyyətə aparan yoruculuq, monotonluq var.”

Axı niyə birbaşa yazmırsan ki, "Ay İntiqam Yaşar, sənin şeirlərin xalq ruhundan,  ənənəvi irsin enerjisindən yoğrulur və elə poeziyanın  xalq ruhundan sonrakı mərhələsində də məhdudlaşır. Yəni, bu ruhdan, ruhun daşıyıcısı olan qəlbdən çıxa bilmir. Hətta poetik özünəməxsusluğun belə bu ruhun və irsə mənsub olan qəlbin içindədir”.

Axı niyə birbaşa yazmırsan ki, "Ay Ümid Nəccari, şeirlərində orijinallıq, bəşərilik olsa da ümumi yaradıcılığında  böyük və köklü dil problemi var.”

Axı niyə birbaşa yazmırsan ki, "Ay Ulucay Akif, sən hələ də öz dəsti-xəttini tapmamısan və şeirlərindəki Qərb havası sadəcə mütaliənin təsirindəndir”.

Əzizim Tural!

Mən sadəcə sənin demək istədiklərini yazdım... Son, yekun fikrim kimi!..