
Əxlaqsız və qüdrətli Rasputin haqqında hər şey...
- 18.09.2013
- 0 Şərh
- 2240 Baxış
Az qala bütün heyəti ilə ayağa qaldırılmış Peterburq polisi 1916-cı il dekabrın 17-də Kiçik Neva çayından tanınmaz hala salınmış kişi cəsədi tapdı. Xəbər Çariçaya çatanda saraydan qətlin səbəbkarlarının qısa müddətə tapılması əmri gəldi...
Bu olaydan təxminən 1 il sonrasa taxt-tacdan əl götürmüş imperator II Nikolay nəzarət altında öz ailəsi ilə birlikdə paroxodla Tur çayı boyu Sibirin Tobolsk şəhərinə aparılırdı. Şahidlərdən birinin yazdığına görə, paroxod Pokrovsk kəndinin yaxınlığından keçəndə Çariça sahilboyu sıralanmış sadə kənd evlərinə, hündür təpədəki kilsənin bəzəkli tağına kədərlə baxaraq deyir: "Hər şey onun söylədiyi kimi oldu...".
Bütün Rusiya İmperiyası və 300 illik hakimiyyətini qeyb edən Romanovlar sülaləsi üçün ağır olan həmin günlərdə İmperatriçənin xatırladığı bu adam 1916-cı il şaxtalı dekabr gecəsi öldürülərək çaya atılmış Qriqori Rasputin idi. O, məhbus Çariçanın kədərlə baxdığı kənddə doğulmuş və buradan da Peterburqun ali məclislərinə yol tapmışdı...
Yaşı bilinməyən "qoca”
Onun həyatının böyük hissəsi sirr pərdəsi altındadır. Bu pərdəni qaldırmağa inqilabdan sonra çar rejiminin fəaliyyətini araşdıran Fövqəladə Komissiya da nail olmamışdı. Komissiyaya ifadə verən həmkəndliləri Rasputinin dəqiq doğum tarixi, məşhurlaşana qədərki həyatı barədə tutarlı bir şey bilmirdilər. Ona görə də, Qriqori Rasputinin həyatından danışarkən həmin dövrün ideoloji təbliğatı altında tərtib olunmuş materiallara da müraciət eləməli oluruq.
Əvvəlcə Rusiya tarixinin ən maraqlı simalarından olan bu adamın soyadının mənşəyinə nəzər salaq. Bəzi tədqiqatçılar "Rasputin" ifadəsinə "rasput", yəni "yolayrıcı" kimi şərh vermək istəsələr də, rus dilinin izahlı lüğəti bu sözün məhz "mənəviyyatsız", "pozğun" anlamına gəldiyini göstərir. Nəslin bu soyadı hansı vaxtdan daşıması isə təbii ki, tarixin qaranlıq səhifələrinə aid olan məsələdir.
Bir məqamı da qeyd edək ki, ata Rasputinin ailəsində Qriqoriyə qədər doğulan oğlan uşaqlarının hamısı ölürmüş. Tarixin özünəməxsus ironiyasıdır ki, Hitler, Stalin kimi şər dahilərinin ailələrində də məhz belə olub. Sanki Tanrı Yer üzünü bu ailələrdə doğulan oğlan uşaqlarından qorumaq istəyirmiş...
Rasputinin şəxsiyyəti kimi doğum tarixi də uzun müddət mübahisə mövzusu olub. Sanki onun özü də bütün həyatı boyu doğum tarixinin dolaşığa düşməsinə çalışıb. Məsələn, 1907-ci ildə Rasputin doğum ilinə 4 il artıraraq yazır: "Mənim 42 yaşım var".
Yeddi ildən sonra, yəni 1914-cı ildəsə arxayınlıqla deyir: "İndi 50 yaşın içindəyəm".
Aradan cəmi bir il keçəndən sonrasa artıq hər yerdə özünü 60 yaşlı qoca kimi qələmə verir.
Yaşartırma məsələsinə belə incəliklə diqqət verməyimiz təsadüfi deyil. Məsələ bundadır ki, qocalıq institutu Rusiya kilsəsinin ayrılmaz bir atributu olub. Keçmiş dövrlərdə asket həyat keçirən rahibləri "qoca” adlandırırdılar. 19-cu əsrdəsə artıq Tanrı tərəfindən seçilmiş xüsusi qabiliyyətli adamlara da "qoca” deyilirdi. Hamı inanırdı ki, Yaradan onlara öncəgörüm və loğmanlıq bacarığı verib. Bu baxımdan, Rasputinin yaşını artırmağa çalışmasını anlamaq olar. Bir də doğrudan da, onun sifət quruluşu, vaxtından əvvəl qocalmış qırışlı üzü, uzun saçı və saqqalı hamı tərəfindən "qoca” adlandırılmasına rəvac verirdi. Onu da nəzərə alaq ki, gələcəkdə Peterburqun kübar məclislərində, hətta Rusiya İmperatorunun sarayında belə bu sadə kəndli hamı tərəfindən hörmət və ehtiramla "qoca” adlandırılacaqdı...
Qaranlıq keçmiş
Qriqori Yefimoviç Rasputin 1869-cu il yanvarın 10-da Tobolsk quberniyası Tümen qəzasının Pokrovsk kəndində anadan olub. Xristianlıqda bu tarix müqəddəs Qriqori gününə təsadüf etdiyindən, uşağa da Qriqori adı verirlər.
Sonralar Qriqori yeniyetməlik dövrü haqqında yazacaqdı: "Mən həyatı anlamaq istəyirdim, beynimdə çoxlu suallar vardı, ancaq heç birinə cavab tapa bilmirdim. Onda içməyə başladım".
Əslində, içmək o dövrkü rus kəndlisinə xas xüsusiyyət olduğundan, burada qeyri-adi nəsə axtarmaq da mənasızdı. Ancaq özünün "Həyatım” adlı xatirələrində yazdığı kimi, onun fərqi bütün bunlara baxmayaraq, həmişə axtarışda olmağında və bəşər övladının xilas yolu barədə düşüncələrə dalmağında idi.
Beləcə, o, amansız Sibir həyatının bütün çətinliklərinə dözməklə bərabər, həm də Tanrı haqda düşüncələrlə ömür keçirməkdə davam edir. Həmkəndliləri bu qeyri-adi "Tanrı adamı”nın cavanlıqda dəfələrlə oğurluq etdiyini, sərxoş halda dava saldığını xatırlayırlar. Həqiqətən, Rasputinin işiylə bağlı materiallara nəzər salanda, onun 19-cu əsrin Sibir kəndlisinə xas yaşam tərzi keçirdiyinin şahidi oluruq. Qriqori 18 yaşında "Yuxarı Tur" adlanan ərazidəki monastırı ziyarət edir. Bir ildən sonra doğulduğu kəndə qayıdır və özündən iki yaş böyük Praskovya Fyodorovna ilə evlənir. Onların üç uşaqları doğulur - iki qız, bir oğlan. Rasputinin bəxtindən Praskovya nümunəvi və zəhmətsevər ana olur. Belə qadın isə Qriqori üçün lap göydəndüşmə idi. Çünki evləndikdən sonra müqəddəs yerləri daha çox ziyarət eləməyə başladığından, ev işləriylə yanaşı əkin-biçinlə də arvadı məşğul olurdu.
Sirr başlayır
"Mən bu dünyada ancaq 28 yaşa qədər yaşadım. Sonra yerdənkənar həyatım başladı...”
Rasputinin etiraflarındandır. Həmin dövrdən başlayaraq o, Tur çayının sahili boyu gəzərək, tənha həyat keçirməyə başlayır. "Təcrübəli qəribin yaşantıları”nda yazırdı: "Təbiət mənə Tanrını sevməyi və onunla söhbət eləməyi öyrətdi”.
Beləcə o, Kiyevin, Moskvanın, Peterburqun monastırlarında olur, payi-piyada bir Sibir kəndindən o biri kəndə adlayır, meşələrdə, düzlərdə gecələyir. Və günlərin birində Pokrovska bambaşqa bir adam kimi qayıdır. İçkini, tütünü atır, ət və şirin yeməklərdən imtina eləyir. Kəndlilər dünənki sərxoş dələduzu ələ salsalar da, tənhalıqda keçirdiyi illərdən sonra özünü açıq-aydın "Tanrı adamı” adlandırır.
Ancaq yavaş-yavaş ona inanmağa da başlayırlar. Bir dəfə quraqlıqdan əziyyət çəkən kəndlilərin yarızarafat, yarıciddi şəkildə "qoca, bəlkə yağış yağdırasan” atmacasından sonra, Rasputin əlindəki beli yerə vurur və deyir: "Sabahı gözləyin”. Səhərisi gün isə yağış yağır. Buna oxşar olayların bir neçə dəfə təkrarlanması kifayət edirdi ki, o dövrün rus kəndlisi bu adamın həqiqətən, "Tanrının seçdiyi şəxs” olduğuna inansın...
Ümumiyyətlə, həyatının cavanlıq dönəmi haqda özünün xeyli yazıları olsa da, rus pravoslav kilsəsinə, həmin dövrlər Rusiyada formalaşmış dini baxışlara nəzər salanda, Rasputində formalaşmış nəzəri fikirləri heç də bir fərdin gəldiyi nəticələr kimi qəbul etmək olmaz. Məsələnin kökü daha dərində, 11-ci əsrin Rusiyasında hökm sürən dini vəziyyətin mahiyyətindədir.
Xlıstçı Rasputin
Hələ 10-cu əsrdə xristianlığı qəbul etmiş Rusiyada o dövrlər yenə bütpərəstliyin xeyli əlamətləri qalmaqda idi. Tarixi salnamələr bütpərəstliyə uyğun bu cür ifadələrlə doludur. Məsələn, təxminən "müqəddəs Vasilinin kilsəsi Perun adlı tanrının bütü olan yerdə tikilib” kimi...
Sibirdə isə pravoslavlıqla bütpərəstlik minillər boyu xalqın təfəkküründə və həyat tərzində dərin kök salmışdı. Təsadüfi deyil ki, çar xüsusi xidmət orqanlarının hesabatlarında bu bölgədə xalq loğmanlarının və cadugərlərin çox olması xüsusilə vurğulanırdı. Beləcə, Ural dağlarının ətəklərində və keçilməz Sibir ormanlarında rəsmi kilsəylə yanaşı, həmişə gizli "xalq kilsəsi” də fəaliyyət göstərmişdi. Bu sırada 17-ci əsrdə yaranmış xlıstçılıq təriqəti daha qabarıq özünü göstərir. Xlıstçılıq ideyasına görə, insan bütün həyatı boyu özünün Müqəddəs Ruhla qovuşmasına çalışmalıdır. Təbii ki, bu qovuşmanın yolu asketizmdən keçirdi. Ancaq burada digər təriqətlər üçün xarakterik olmayan bir cəhət də var: nəfsə qalib gəlmək mütləq pozğunluq yolundan keçmək lazımıymış. Tanınmış tədqiqatçı Radzinski yazır: "Xlıstlar günahlardan təmizlənmənin yolunu günahlardan keçməkdə görürdülər. Onların özünəməxsus tövbələri üçün xüsusi məclislər təşkil olunurdu. Bu məclislərdə qocalı-cavanlı hamı günaha batmaqla günahlardan təmizləndiklərini güman edirdilər. Xlıstlara görə, günahlardan qorxmamaq ən böyük şücaətdir”.
Təbii ki, kilsə xlıstlarla həmişə mübarizə aparıb. Rəsmi statistikaya görə, bu cərəyanın daha sürətlə yayılmağa başladığı 18-ci əsrin ortalarında 78 nəfər edam olunmuş, yüzlərlə xlıst uzaq monastırlara göndərilmişdi. Ancaq görülən tədbirlər təriqətin yayılmasının qarşısını ala bilmədi və 19-cu əsrdən başlayaraq sadə kəndlilərin bura axını gücləndi. Zaman-zaman Rasputinin də Rusiyada qadağan olunmuş xlıstlara mənsub olduğu barədə söz-söhbət gəzirdi. Maraqlıdır ki, həm ilkin vaxtlarda, həm də məşhurlaşandan sonra onun əməlləri, deyimləri xlıstçılığa uyğun gəlsə də, dəfələrlə aparılan araşdırmalar bunu sübuta yetirə bilməyib. Ancaq həyatının sonuna qədər yenə Rasputin qeyri-rəsmi şəkildə xlıstlara aid edildi.
Rəsmi kilsəyə gəldikdə, o dövrdə Rusiyada meydan sulayan müxtəlif təriqətlərin, gizli məzhəblərin fonunda o, son dərəcə sönük görünürdü. Hələ Böyük Pyotrun dini vəziyyətə nəzarət eləmək məqsədilə yaratdığı Müqəddəs Sinod da bu işin öhdəsindən gələ bilmirdi. Sabiq baş nazir Vitte xatirələrində yazır: "İndi mənəvi sıxıntı çəkənlər rəsmi kilsəyə deyil, qadağan olunmuş dini sektalara, maddi güzəranından bezənlər isə bolşeviklərin gizli təşkilatlarına üz tuturlar”.
Bəli, yüksək saray əyanları, imperiyanı idarə eləyənlər özləri də başa düşürdülər ki, zəif kilsə çətin anlarında monarxiyaya dayaq dura bilməyəcək.
"Əzabkeş İohan” və fırıldaqçı Filipp
Fransız səfiri Moris Paleoloqun xatirələrindən oxuyuruq: "Bir dəfə İmperator baş nazir Stolıpindən soruşdu: "Sən bilirsənmi mən nə zaman doğulmuşam?”
"Əlbəttə, Ali-həzrətləri, mayın 6-da” deyə baş nazir cavab verdi. Nikolay kədərlə dedi: "Bu gün Əzabkeş İohan günüdür. Hiss edirəm ki, məni çox çətin sınaqlar gözləyir”.
Bu baxımdan, İmperatriçənin 1915-ci ildə ərinə ünvanladığı məktub diqqəti daha çox cəlb edir: "Mən sənin kədərini başa düşürəm, əziz dost. Axı, sən Əzabkeş İohan günündə anadan olmusan...”
Bəli, bütün Rusiya cəmiyyətini ağuşuna almış dini sarsıntı İmperator ailəsindən yan ötməmişdi. Rusiyanın ən ali ailəsi də şəxsi həyatlarında və idareətmədə, əli hər yerdən üzülmüş sadə rus adamları kimi rəsmi kilsəyə deyil, gizli qüvvələrə, maqlara, görücülərə daha çox inanırdılar. Proses hələ Rasputinin Peterburqa ayaq basmadığı illərdən başlamışdı. Bu sırada parisli Filippin adı diqqəti daha çox çəkir. Məsələ bundadır ki, İmperatriçə bir-birinin ardınca üç qız doğduğundan, gələcək varis haqqında söz-söhbətlər səngimək bilmirdi. Onda çar ailəsinə yaxın olan iki bacı - Milisiya və Anastasiya İmperatriçəyə Fransadan məşhur görücü Filippin köməyindən yararlanmağı məsləhət görürlər. 1900-cü ildə Filipp çağırılır və Çariça Aleksandra Fyodorovna ilə birinci görüşdəcə onun ürəyinə girə bilir. Özünün məsləhətləri və moizələri ilə Filipp qısa müddətə Çariça üçün "Tanrı adamı”na çevrilir. Bütün saray bir az da istehza ilə fransız maqın İmperator ailəsinə nə verəcəyini gözləyirdi. Dövlət Dumasının üzvü Polovsev ironiya ilə yazırdı: "Bəli, sən demə, bu fransız fırıldaqçısının köməyi ilə İmperatriçəmiz qız yox, oğlan doğacaqmış...”
1901-ci il iyunun 5-də çariça yenidən doğur. Ancaq bu dəfə də oğlan yox, qız. Buna baxmayaraq, inam cəhətdən möhkəm iradə sahibi olan İmperatriçə yenə Filippin möcüzəsinə inanmaqda davam edir. Hətta rus polisinin Filippin fırıldaqçı olması barədə Parisdən aldığı məlumatların İmperatora çatdırılması da nəticəsiz qalır. Aleksandra Fyodorovna "Tanrı adamı”nı qovmamağı ərindən xahiş edir. Fransız maqın çar ailəsi üzərindəki hökmranlığı bütün sarayı narahat etməyə başlayır. Romanovlar ailəsi təhlükəli maqın saraydan uzaqlaşdırılması üçün böyük knyaz Nikolay Vasilyeviçi Lev Tolstoyun yanına göndərirlər ki, bəlkə onun məktubu İmperatora təsir edə. Xeyli dilə tutulduqdan sonra Tolstoy çara dəhşətli siyasi kataklizmlərin gözlənildiyi barədə məktub göndərməyə razı olur. Böyük yazıçı onu xəbərdar edir: "Əziz qardaşım! Mən Sizə çar kimi deyil, bir İnsan, bir Qardaş kimi müraciət edirəm. Rusiyanın böyük hissəsi gücləndirilmiş mühafizə altındadır. Açıq və məxfi polis ordusu artırılır, həbsxanalar və sürgün yerləri doldurulur, aclıq adi hala çevrilib. Sizi, bizi, bütün Rusiyanı dəhşətli illər gözləyir...”
Bu məktubdan sonra da Filipp yenə sarayda yaşamaqda davam edir. Hətta mövqeləri güclənir, artıq Çariça söhbətlərində və məktublarında onu "bizim dostumuz” adlandırır. Nəhayət, inam qalib gəlir, 1904-cü ildə söz-söhbətlərə son qoyulur. Çariça Rusiyaya varis bəxş edir: Vəliəhd Aleksey Nikolayeviç anadan olur. Çar ailəsinin "bizim dost adlandırdığı” Filipp Fransaya qayıdır. Ancaq heç kəs bilmirdi ki, uzaq Sibirdən Peterburqa yeni bir "Tanrı adamı”, bu dəfə sadə rus kəndlisi Qriqori Yefimoviç Rasputin gəlir...
Siyasi Rusiya
Deyəsən, yaza-yaza biz də o dövrün dini aurasının təsiri altına düşdük. Çünki Rasputinin peyda olmasının səbəblərini yalnız dində axtarmaq, bu olayda doğuran sosial-siyasi motivləri görməmək Çariçanın kor inamına bənzəyər. Ona görə də, "qəhrəmanımızın” Peterburq həyatına keçməzdən əvvəl ötən əsrin ilk onilliyində Rusiyada yaşanan siyasi proseslərə qısa da olsa, nəzər salaq.
1905-ci ildə Rusiyada inqilabın ilk dalğası yatırıldı. İnqilabı boğmaq mümkün olsa da, zahiri dinclik və sakitlik yerini gizli təbliğata vermişdi. Bu təbliğat dayanmadan çar hakimiyyətinin dayaqlarını sarsıtmaqda idi.
1905-ci ilin "torpaq və iradə” şüarı kəndlilər arasında uzun illərdən bəri yatıb qalmış kor instinktin yenidən dirçəlişinə səbəb olmuşdu. Ziyalı təbəqəsi, sollar sosialist yönümlü demokratik respublikaya üstünlük verirdilərsə, mühafizəkarlığa meyl eləyən çevrələr daha çox parlamentarizmə tərəfdar idilər. Bütün bunların fövqündə dayanan varlı burjuaziya isə öz növbəsində hakimiyyətə və ölkədə siyasi nüfuzunu genişləndirməyə can atırdı. Peterburqun, Moskvanın əksər ali məktəblərində aparılan siyasi müzakirələrdə ölkənin yeni bir inqilaba ehtiyac duyması fikri tez-tez səslənirdi. Həm cavan, həm də yaşlı nəslin nümayəndələri Rusiyada sosial bərabərliyin və ümumi ictimai ədalətin bərpasının vacibliyindən danışırdılar.
Bir az xəyalpərəst, bir az da sadəlövh rus ziyalısı isə inqilabı artıq bir dini ideya kimi görür və arzulayırdı. O zamanlar bütün rus mühitində hökm sürən bu əhval-ruhiyyə dövrün ədəbiyyatında və publisistikasında əks olunmuşdu. Dövrün savadlı və hörmətli adamları Rusiyanın dövlət həyatından heç nə anlamadıqlarını açıq-aydın şəkildə büruzə verdilər.
Bunlarla yanaşı I Dünya Müharibəsinin başlanması bütün Rusiya cəmiyyətini dəhşətə gətirdi. Məsələ bundaydı ki, müharibənin başlanmasına qədər ölkədə sənayenin və kənd təsərrüfatının bütün sahələrində böyük uğurlar əldə olunmaqda idi. Ona görə də, böyük itkilərlə başa çatan Rus-Yapon savaşından sonra imperiyanın yenidən sonu görünməz müharibəyə sürüklənməsi cəmiyyətin bütün sahələrində şok effekti yaratmışdı. Bir tərəfdən ölkədə baş verənlər, digər tərəfdən də çar ailəsi daxilindəki problemlər və vəliəhdin səhhəti sanki Rasputinin Peterburqa gəlişini, yüksək dairələr tərəfindən qəbul olunmasını zəruri edirdi.
Ali məclislərə gedən yol
Peterburqa gələndə onun 33 yaşı vardı. Bəlkə də Rasputinin İsa yaşında arzularının arxasınca paytaxta gəlməsi və burada şöhrət tapması təsadüfi deyil. Uzun illər keçirdiyi asketik həyat tərzi özünü göstərirdi. Yaşından xeyli qoca görünən Qriqori insanları ilk baxışda tanıyır, onların həyəcanlarını duyur, hipnotik baxışlarıyla hamıda heyrət və qorxu hissi aşılayırdı. Ancaq özünün dediyinə görə, paytaxta arzusunda olduğu kilsəni tikmək üçün ianə toplamaq məqsədilə gəlsə də, nədənsə birbaşa İlahiyyat Akademiyasının rektoru, yepiskop Sergeyin yanına gedir. Gözəl nitq qabiliyyətinə malik sadə Sibir kəndlisi yepiskopu valeh edir. Ardından onun ali Peterburq dairələri ilə tanışlığı başlayır. Bir neçə il sonra isə artıq bütün Peterburq bu qeyri-adi adamın möcüzəli qabiliyyətləri haqqında danışmağa başlayır.
O dövrdə çar ailəsinə yaxın olan mistik Feofan yazır: "Rus-Yapon savaşı vaxtı admiral Rojdestvenskinin başçılığı ilə eskadra dənizə çıxmışdı. Söhbətlərin birində Rasputindən soruşduq: "Sizcə, yaponlarla döyüş uğurlu olacaqmı?”
Rasputin cavab verdi: "Bütün varlığımla hiss edirəm ki, batacaq”.
Doğrudan da, az keçmir Çusime yaxınlığında döyüşlərdə bütün eskadra sulara qərq olur...
Əlbəttə, Rasputinin yüksək kübar məclislərinə yolu heç hamar olmayıb. Saya gəlməz intriqaları, maneələri dəf etmək üçün loğmanlıq və görücülük, hətta nüfuzedici baxışlar və görünüş kifayət deyildi. Burada lazım məqamda hiylə, gərəkən məqamda sadəlövhlük lazımıydı. Rasputin bunların hamısının öhdəsindən bacarıqla gələ bildi.
Beləliklə, Rasputin Feofanın vasitəsilə Çariçanın yaxın rəfiqələri olan Anastasiya və Milisiya ilə tanış olur. Bu tanışlıq çar ailəsi üçün xüsusilə ağır olan 1905-ci ilə təsadüf edirdi. "Qanlı bazar günü” baş vermişdi, vəliəhd ağır xəstə idi. Bütün paytaxtı fəhlə tətili başına götürmüşdü. Elə həmin ildə də II Nikolay 300 illik Romanovlar sülaləsi və bütün Rusiya imperiyasının həyatını dəyişəcək Konstitusiya imza atır. Məhz belə ağır dövrdə Milisiya, "Qriqori qardaşın” İmperatriçə ilə tanışlığına məqam yetişdiyini anlayır.
Onun Rasputin haqqında söhbətləri çariçanın ürəyincə olur. Doğrudan da, Aleksandra Fyodorovnanın imperiya üçün oğul doğmağa vəsilə olmuş Filippdən sonra bu çətin günlərdə yeni bir "Tanrı adamı”na ehtiyacı vardı. Onu da xatırlasaq ki, parisli Filipp Peterburqu tərk eləyəndə "mən başqa obrazda təccəlla edəcəyəm” demişdi, o zaman həssas qəlbli, əsəbi zəif olan Çariçanın bu tapıntıdan nə qədər sevindiyini təsəvvür eləməmək mümkün deyil. Bəli, onun dörd qızdan sonra oğul doğması üçün Tanrıya dualar etmiş xeyirxah Filippdən sonra sadə rus kəndlisi Qriqori Rasputinə, yaxud özünün adlandırdığı kimi "qocaya” əşəddül-ehtiyacı vardı...
Çar ailəsinin sevimlisi
II Nikolay gündəliyində yazır: "Oktyabrın 16-da Milisiya bizi Tobolsk quberniyasından olan kəndli Qriqori Rasputinlə tanış elədi. Onun söhbətləri maraqlı, maraqlı olduğu qədər də cəzbedici idi”.
Çarın devrilməsindən sonra yaradılmış Fövqəladə Komissiya müstəntiqlərinin suallarına cavab verən Feofan deyir: "Rasputindən eşitdim ki, birinci görüş sabiq çariçada yaxşı təəssüratlar oyadıb”.
Sonrakı hadisələr onun çar ailəsində apardığı söhbətlərin məzmununun nədən ibarət olmasını ehtimal etməyə əsas verir. Rasputin hemofiliyadan əziyyət çəkən şahzadənin vəziyyəti ilə maraqlanır. Məlum olanı budur ki, onu xəstə uşağın yanına aparıblar. Rasputin bütün qabiliyyətini işə salıb, naxoş vəliəhdin özünü yaxşı hiss etməsinə nail olur. Bu görüş barədə İmperator gündəliyində yazır: "Möcüzə, möcüzə! O, səhərisi gün əvvəlki günlərdən fərqi olaraq xeyli gümrah idi”.
Doğrudan da, illər keçəcək və Rasputin dəfələrlə yeniyetmə Alekseyi ölümün pəncəsindən qurtaracaqdı. Görəsən nə baş vermişdi? Bəlkə bu sadə Sibir kəndlisi şaman dualarının hesabına şahzadənin səhhətinə müsbət təsir göstərə bilmişdi? Bu haqda xeyli düşünmək və müzakirə açmaq mümkündür. Ancaq etiraf eləmək lazımdır ki, xəstə şahzadənin anası Aleksandra Fyodorovna ana kimi bu haqda nə düşünə, nə də şübhə eləyə bilərdi. Ona yalnız inanmaq qalırdı. Və o inanırdı...
Bəli, Çariça qətiyyən şübhə etmirdi ki, Rasputin Rusiyanı və Romanovlar sülaləsini qorumaq üçün Tanrı tərəfindən onlara göndərilmiş elçidir...
Çar ailəsindən sonra Nikolayın məsləhəti ilə baş nazir Stolıpin də "Qriqori qardaşı” qəbul edir və deyilənlərə görə, Rasputin onun xəstə qızının sağalmasına kömək edir.
Beləliklə, Rasputinin Peterburq yürüşü xeyirli oldu. Bundan sonra o, dəfələrlə xəstə vəliəhdi real ölümdən xilas etdi, barəsində yazılanlara, deyilənlərə baxmayaraq, çar ailəsinin ən yaxın adamı olaraq qaldı. Artıq Rasputin saraya özü gəlmirdi, onu çağırırdılar...
"Qriqori qardaş”ın "vəliəhd 17 yaşına çatan kimi xəstəliyi sağalacaq”, yaxud "mən sağ olana qədər Romanovlar sülaləsinə xətər toxunmayacaq” sayaq sevindirici və qorxulu açıqlamaları onun Çar ailəsi tərəfindən daha çox himayə edilməsinə səbəb olurdu. Hətta sonralar Rasputinin qızı Mariya da yazırdı ki, atası dəfələrlə onun yanında "Nikolaya demişəm ki, mənim ölümüm, sənin ölümün deməkdir” söyləyib.
Ancaq il ili əvəzlədikcə "Tanrı adamı” ondan narazı olan dövlət məmurlarının nəzarəti altına keçir. Rasputinin artan nüfuzu çara yaxın dairələri ciddi narahat etməyə başlamışdı. Və bu narahatlığa Rasputinin Peterburqda keçirdiyi pozğun həyat tərzi barədə sənədlərdəki faktları və şahidlərin söylədiklərini də əlavə eləmək lazımdır.
Əxlaqsız və qüdrətli Rasputin
Əvvəlcə narazılığa rəvac verən pozğunluqlar haqqında təsəvvür əldə eləmək üçün 1915-ci ildə polis casuslarının təqrirlərinə nəzər salmaq kifayətdir: "1915-ci il dekabrın 1-i. Saat 19 radələrində Rasputin yaşadığı Qoroxova 64 küçəsindən çıxdı və "Villa Rade” restoranına yollandı. Gecə yarıya qədər burada oldu. Evə tam sərxoş vəziyyətdə qayıtdı”. "Dekabrın 3-də gecə evə zorla gəldi, ayaq üstə dura bilmirdi”. "Dekabrın 5-i. Rasputin bütün gecəni restoranda Peterburqun ən məşhur pozğun qadınlarıyla keçirdi, səhərə yaxın hamama getdi”.
Bütün bu təqrirlərin üstünə zaman-zaman "Qriqori qardaş”ın adı ətrafında hallanan zorlama, pərəstişkarları ilə intim səhnələri barədə söz-söhbətləri də gəlsək, o zaman vəziyyətin ciddiliyini təsəvvür eləmək çətin deyil.
Təxminən eyni vaxtda mətbuatda Rasputinə qarşı ciddi hücumlar başlayır. Daxili işlər naziri Protopov yazır: "Rasputin haqqında mətbuatda gedən yazılara qadağa qoyulması barədə birbaşa Çar ailəsindən göstəriş alırdım”.
Bu arada Çariça tərəfindən baş nazir Stolıpinə tənqidi məqalələrin dayandırılması barədə xəbərdarlıq gəlir. Stolıpin demək olar ki, bu xəbərdarlığı qulaqardına vurur və casus şəbəkəsinin topladığı materiallarla Çarın qəbuluna gedir. O, qətiyyətlə Rasputinin saraydan uzaqlaşdırılmasına çalışırdı.
Duma üzvlərindən birinin yazdığına görə, Nikolay, Stolıpinin "Əlahəzrət, bu adam pozğun məclislərdə olur” sözlərindən sonra "nə olsun, orada da dini moizələrlə çıxış edir” deyir və baş nazirin gətirdiyi hesabatı sobaya atır...
Belə çıxır ki, Stolıpini nə Duma, nə sağlar, nə də sollar deyil, məhz Rasputin yıxıbmış...
Sonralar çariçanın qulluqçularından Vırubova məşhur Fövqəladə Komissiyanın 13 saylı protokolunda göstərirdi ki, Rasputin Stolıpin haqqında çox danışır və deyirdi ki, baş nazirin hakimiyyəti lazım olduğundan çox genişlənib".
Jurnalist Sazanov yazır: "Bir dəfə Rasputin mənə dedi ki, çar ona Stolıpinin yerinə namizəd tapmağı tapşırıb. Xeyli təəcüblənsəm də, namizəd kimi atamın dostunun - Nijeqorod qubernatoru Xvostovun adını çəkdim. Rasputin onunla tanış olmaq istədiyini dedi. Səhərisi gün ora yollandıq”.
Onlar Xvostovun yanına gedirlər və Rasputin təklifdən qorxuya düşmüş qubernatora deyir: "Onsuz da, Stolıpinin axırına az qalıb”.
Bu danışıqdan 10 gün sonra bütün Rusiyanı titrədən qətl baş verir: opera teatrında Stolıpin güllələnir... Bir neçə ay sonra isə Nikolayın göstərişi ilə cinayət işinə xitam verilir. Onu da qeyd edək ki, Fövqəladə Komissiya Rasputinin bu qətllə hər hansı bağlılığını sübuta yetirə bilməyib...
Ümumiyyətlə, Rasputinin ciddi şəkildə dövlət işlərinə əl qoyması, mühüm dövlət və dini postlara təyinatda iştirakı barədə bu gün əldə xeyli material var. Fövqəladə Komissiyanın protokolu onun müqəddəs Sinoda, müxtəlif nazirliklərə təyinatında rol oynaması barədə şahidlərin ciddi ifadələrilə zəngindir.
O da maraqlıdır ki, çar sarayından, yaxud nazirlərin arasından Rasputinə qarşı çıxanların demək olar ki, hamısı ya saraydan uzaqlaşdırılır, ya da vəzifədən çıxarılırdı.
Səbrin sonu
Rusiya İmperiyası özünün ən gərgin dövrünü - 1915-ci ili yaşayır. Cəbhədə vəziyyət kritik həddə çatır. Polşa, Litva, Latviya, Belorusiya işğal olunur. Təkcə sentyabr ayında Rusiya cəbhədə 200 mindən çox adam itirir, bütün il boyu isə 1 milyona yaxın rus əsgəri düşmənə əsir düşür.
Rus ordusunun ən bacarıqlı cəbhə generallarından olan İvanov Ali Baş Komandana yazırdı: "Mərmilərimiz, silah-sursatımız çatmır. Almanların dörd top atəşinə yalnız bir dəfə cavab verə bilirik. Əsgərləri balta ilə əlbəyaxa döyüşə göndərməyə məcburuq”.
Üzücü müharibə orduda ciddi zabit qıtlığı da yaratmışdı. O dövrün hesabatlarına görə, orduda 3 min əsgərə 10 zabit düşürdü. İşğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin vəziyyəti isə daha faciəli idi. Çar bəzi təxirəsalınmaz tədbirlər görmək qərarına gəlir və ali baş komandan Suxomlyunovu istefaya göndərərək, bu vəzifəni özü icra eləməyə başlayır.
Ancaq hamı cəbhədəki məğlubiyyətlərin, cəmiyyətdə hökm sürən xaosun səbəblərini Rasputində görürdü. Onun artıq hərbi işlərə də qarışdığı haqda söz-söhbət səngimək bilmirdi. Ancaq bu da maraqlıdır ki, həmin dövrdə Rasputin Çarı və Çariçanı dəfələrlə bu üzücü müharibədən çəkinməyə çağırırdı.
Cəbhədəki uğursuzluqlardan və kasıblıqdan cana doymuş xalqın Peterburqda almanlara qarşı hücumu başlayır. Əvvəlcə hüquq-mühafizə orqanları bu qarışıqlığın qarşısını almağa bir elə həvəs göstərmirlər. Şəhərdə böyük talanlar başlayır. Başıpozuq kütlə alman fabriklərinə və dükanlarına, həmçinin ayrı-ayrı vətəndaşlara hücum edir. Hadisələr "Nikolayın istefasına” və alman casusu hesab edilən Çariçanın ölkədən çıxması tələbinə gətirib çıxaranda iğtişaşın qarşısı silah gücünə alınır. Kütlənin qarşısını alan adam Peterburq qarnizonunun rəisi, məşhur knyaz böyük Feliks Yusupov idi. Rasputinin sonu da bu adamın oğlu kiçik Feliks Yusupovla bağlıdır...
Yusupovlar
Ailə şəcərəsinə görə, Yusupovlar nəslinin kökü Məhəmməd peyğəmbərlə qohumluğa qədər gedib çıxır. Bu nəslin nümayəndələri Misirdə, Suriyada hökmranlıq, Əmir Teymurun ordusunda sərkərdəlik ediblər. Sonralar Krımda Böyük Tatar Ordasına başçılıq etmiş və Kazan xanlığının yaranmasına nail olmuş bu nəslin nümayəndələri İvan Qroznının dövründə geniş ərazilərə sahiblənmişdilər. Həmin dövrdən etibarən Yusupovlar rus hökmdarlarına yaxın olmuş, mühüm dövlət vəzifələri tutaraq, üç əsr ərzində Rusiyanın ən varlı ailəsinə çevrilmişdilər. Ancaq Yusupovların adı tarixdə daha çox Rasputinlə bağlı xatırlanır.
Qətl
1916-cı ilin 16 dekabrında Rasputinə qarşı təşkil olunmuş sui-qəsdin ayrı-ayrı detalları barədə bu gün xeyli yazılı ədəbiyyat var. Qətl ideyasının müəllifi 30 yaşlı knyaz Yusupovun və Dövlət Dumasının üzvü Purişkeviçin xatirələri əsasında sui-qəsdin hazırlanmasını və həyata keçirilməsini izləmək mümkündür.
Vladimir Purişkeviç yazır: "Dövlət Dumasında Rasputinlə bağlı sərt çıxışımdan sonra noyabrın 21-də knyaz Yusupov mənimlə görüşdü və nitqimin nəticə verəcəyinə inanmadığını bildirdi. Mən "nə məsləhət görürsünüz” deyə soruşdum. "Rasputini aradan götürməyi” cavabını eşidəndə, gülərək dedim ki, Rusiyada bunu həyata keçirmək qətiyyətində olan adam tanımıram. Knyaz "tanıyıram, biri elə mən” söylədi və əlavə etdi ki, bu axşam planı müzakirə eləmək üçün onun evinə gəlim.
Axşam Yusupovların evində böyük knyaz Dimitri Pavloviçlə tanış oldum. Biz üçlükdə Rasputini aradan götürmək üçün plan cızdıq. Məlum oldu ki, "qoca”nın etibarını qazandığından, Qriqori Yusupovla görüşlərə mühafizəçisiz gəlir. Ona görə də, Rasputinin Yusupovun evində yaşayan bir gözəl xanımla tanış olmaq istəyini bəhanə eləyərək, onun malikanəyə tək gəlməsinə nail olmaq çətin deyildi. Düz dekabrın 16-na, yəni qətl gününə qədər bütün detalları müzakirə elədik. Bu günlərdə bizə Yusupovun həkim dostu Lazavert də qoşuldu”.
Beləliklə, 1916-cı il dekabrın 16-da knyaz Yusupov Rasputini götürüb, öz evinə gətirir. Köhnə dostlar birlikdə knyazın evindəki yarımzirzəmi otağa keçirlər. Masanın üstündə Rasputini zəhər qatılmış şirniyyat və çaxır gözləyirdi. Ancaq üç-dörd adamı öldürməyə bəs eləyən mərgümüş Rasputinə təsir eləmir. Yusupov dəhşət içində yuxarıda onu gözləyən yoldaşlarının yanına qalxır və Rasputinin ölmədiyini söyləyir.
Bu yerdən başlayaraq, iştirakçıların yazdıqlarında ciddi fərqlər yaranır.
Yusupovun yazdığına görə, Purişkeviç silahı ona verir və aşağı düşüb qocanı güllə ilə vurmağı tapşırır. Yusupov aşağı düşür, Rasputini güllə ilə vurur. Aşağı əyilərək ölüb-ölmədiyini yoxlayanda isə birdən Rasputin gözünü açaraq onun boğazından yapışır və boğmağa başlayır. Bu zaman içəri girən Purişkeviç ikinci gülləni atır. Bundan sonra onlar cəsədi maşına qoyub, Neva körpüsünə aparırlar.
Purişkeviç isə yazır ki, birinci güllədən sonra onlar Rasputinin artıq can verdiyini görüb, yuxarı qalxırlar. Ancaq yarım saatdan sonra qapının açıldığını eşidib aşağı düşəndə bir müddət əvvəl can verən Rasputinin darvazaya tərəf qaçdığını görürlər. Bundan sonra Purişkeviç ikinci gülləni atır. Sonra cəsədi Neva çayına tullayırlar.
Rasputinin həyatı kimi ölümü də xeyli müəmmalar doğurub. Məsələn, onun qətlində İngiltərə kəşfiyyatının casusu Rayner Osvaldın da adı hallanır. Guya, Rasputinin çara müharibədən çıxması barədə məsləhətlər verməsi maraqlı tərəf kimi İngiltərəyə sərf eləmədiyindən, "qoca”nı zərərli hesab eləyən rus əyanları ilə ingilislərin fikirləri üst-üstə düşüb. Bu fərziyyənin müəllifləri cəsədin çəkilmiş şəkillərində açıq-aydın görünən başa atılmış güllənin məhz ingilis casusuna məxsus olduğunu güman edirlər.
Zirzəmi qətlləri
Bu gün Rasputin fenomeninə münasibətdə tarix bizə birmənalı yol göstərməkdə acizdir. Və görünür, bu müəmma elə açılmamış da qalacaq. Ancaq sonluq üçün Rasputin haqda dəyərli araşdırmanın müəllifi Edvard Radzinskinin öz kitabına yazdığı ön sözdən maraqlı heç nə tapa bilmədim. Radzinski yazır: "Rasputinin qətlə yetirildiyi zirzəmiyə düşəndə mənə elə gəldi ki, buranı haradasa görmüşəm. Azacıq fikirləşdim və yaddaşım aydınlayanda dəhşətə gəldim. Bəli, necə də oxşardılar! Bura çar ailəsinin qətlə yetirildiyi, bir neçə il əvvəl gördüyüm zirzəmiyə çox oxşayırdı. Elə buradaca gözümə uzaq Yekaterinburqda bu qətliama başçılıq eləyən Yurovski gəldi. O, əlləriylə üzünü tutmuş çar qızlarına, yaralı halda yerdə çabalayan vəliəhdə son qurğuşun payı "yedizdirirdi”. Barıtın tüstüsü dağıldı və gözlərim önünə sadə Sibir kəndlisi Rasputin gəldi. Bu adam çara doğrusunu söyləyibmiş: "Mənim ölümüm sənin ölümün olacaq”...
İlham Tumas
kulis.az