Hacı Ələmdar Mahir. Qəzəllər.

Hacı Ələmdar Mahir. Qəzəllər.

Saqi, insaf elə, ver badəni batdım getdim,
Tərpədə ta məni cingiltisi, yatdım getdim.

Məni aludə edibdir bu xəta girdabı,
Saf gəlib aləmə, səd heyf ki,batdım getdim.

Demə meyxanəyə getmə,gedəcək imanım,
Mən gedəndə ora imanımı atdım getdim.

Qaşların vəsfinə ey xosrovi-xuban,sözdən
Taqi-Kəsra kimi bir möcüzə çatdım getdim.

Gəlməz idim bu fəna mülkünə,gəldim zahid,
Kimisə bəlkə cəhalətdən oyatdım getdim.

Keçmişəm çox belə aləmləri, bir gün bunu da,
Bir də gördüz ki,dəyər-dəyməzə satdım getdim.

Mahir ölsəm də qəmim yox, dolanıb boş-boşuna.
Sürmədim ömrü hədər, nəysə yaratdım getdim.

***

Yüz bəla gəlsə məhəbbət vadisindən dönmərəm,
Mən bu yolda vermişəm bir məhliqa dildarə söz.

Tərifində az danışsam,ey gülüm məzur tut,
Çünki yox bu qəddi-rənayə, bu gül rüxsarə söz.

Yüz nəsihət eyləsən də cahilə kar eyləməz,
Təsir etməz zərrəcə, hər kim desə divarə söz.

Tut sözü daim özündən yüksək, ey şair könül,
Çünki ALLAH göndəribdir Əhmədi-Muxtarə söz.

Hər sözə meyl etmə Mahir,salma qiymətdən sözü,
Çıxdı bir gün bəlkə,qiymət almağa bazarə söz.