İlham Qəhrəmandan Laçın Ərməğanı
- 12.10.2009
- 0 Şərh
- 743 Baxış
Redaksiyadan: Tanınmış şair-publisist, bir neçə şeir və publisistik kitabın müəllifi İlham Qəhrəmanın regional folklor seriyasından olan "Laçın folkloru" kitabı işıq üzü görüb.
Kitaba müəllifin uşaqlıqdan üzü bəri Laçında eşitdiyi və Azərbaycanın müxtəlif rayonlarına səpələnmiş laçınlıların dilindən qələmə alınmnış lətifələr, bayatılar, rəvayətlər, əfsanələr, səvələmələr, bəzəmələr, tapmacalar və s. kimi ağız ədəbiyyatı nümunələri toplanıb.
Bu nümunələr özündə xalq dilimizin bədii-estetik gözəlliyini və məna zənginliyini əks etdirir.
Kitabın redaktoru və ön sözünün müəllifi türkoloq-professor, İstanbul Yedditəpə universitetinin müəllimi Kamil Vəli Nərimanoğludur.
Aşağıda sizə Ön sözü və kitabdan bəzi seçmələri təqdim edirik:
***
AY LAÇIN...
Kamil Vəli
Türkoloq-professor, İstanbul Yedditəpə universitetinin müəllimi
Bu sərlövhəni 7-8 il bundan öncə Azər Qaraçənlinin eyni adlı yazısından götürmüşəm. Sonralar ödül alan bu yazının kədər, nisgil və məhəbbət dolu cümlələrinin hərarəti indi də mənim canımdadır. Vətən itkisi, vətən ağrısı haqqında yüzlərcə yazı oxumuşam: hekayə, şeir, roman, oçerk, məqalə, xatirə... ancaq o yazıların heç biri məni Azərin “Ay Laçın”ı qədər duyğulandırmayıb. Söhbət jurnalistika sənətkarlığından getmir.
Bu yazıdakı ağrı fiziki-biolojidir, həsrət gerçək həsrətdir, xiffət insanı içəridən dağıdan xiffətdir. Nədənsə bu yazı mənə Azərin gözlərini xatırladır. Elə bil Azər suya baxıb su üzündə gördüyü dərdini ələmini yazıb.
Azər mənim dostum gözəl şairimiz, alimimiz rəhmətlik Ağa Laçınlının övladıdır. Ağa müəllim də Laçının bir canlı abidəsi idi : ürəyi ilə, saflığı ilə, duzlu-məzəli sözləri və əlbəttə, Laçının özünə bənzər şeirləri ilə. Şair dostum İlham Qəhrəman indi oxumağa başlayacağınız bu kitabın əlyazmasını mənə verəndə kitabın əlyazmasını vərəqlədim və istər-istəməz pıçıldadım: Ay Laçın...
Azərbaycanın başıqarlı dağlarından, yalçın qayalarından, min bir dərdə əlac olan sularından, dupduru təmiz insanlarından söhbət gedirsə, ilk adı çəkilən bölgələrdən biri, heç şübhəsiz ki, Laçındır. İndi düşmən caynağında olan, torpağa, təbiətə bağlı insanları pərən-pərən dağılan Laçın, çörəyi çörək, suyu su, adamı adam kimi adam olan Laçın.
Şair dostum İlham Qəhrəmandan “Laçın folkloru” kitabının əlyazmasını alıb vərəqləri yarpaq-yarpaq çevirə-çevirə Laçına getdim. Uşaqkən dağlarına yaylağa getdiyim Laçını xəyalımda bərpa etməyə çalışdım. Qırılmış ayna kimi Abşerona, Sumqayıta, Gəncəyə, Ağcəbədiyə, Şirvana, Şəkiyə, Qubaya... səpələnmiş Laçınlıların dilindən toplanmış lətifələr, gülməcələr, əfsanələr, bayatılar, holavarlar, atalar sözləri, tapmacalar... ürəyimdəki, yaddaşımdakı Laçını yavaş-yavaş bir yerə toplayır, ilk gördüyüm mənzərəni bərpa edirdi.
Dağ və dağətəyi camaatın poetik təbi, gülməcə mədəniyyəti məşhurdur. Göyçə, Şuşa, Kəlbəcər, Qubadlı, Laçın... camaatının şairləri, aşıqları öz yerində, sıradan xalqın söz qoşmaq, sözdən söz çıxarmaq, vəsf edib öymək, vəznli, qafiyəli söhbətləşmə mədəniyyəti aran camaatından, şəhər əhlindən qat-qat artıqdır. Bu, istedadın, yaradıcılığın üstünlüyündən, dominantlığından deyil, hava ilə, su ilə, ucalıq – yüksəklik hissi ilə bağlıdır.
Heç təsadüfi deyil ki, şeirləri yalnız Azərbaycanın Şimalında deyil, Cənubunda da məşhur olan İlham Qəhrəman onu şair eləyən torpağa, oradakı insanlara öz soyuna minnətdarlıq əlaməti olaraq doğma Laçının lətifə və gülməcələrini, holavar və sayaçı sözlərini, bayatı və oxşamalarını, atalar sözü və məsəllərini toplamış, araya-ərsəyə gətirmişdir.
Dünyada məşhur Qrimm qardaşlarından başlayan bu toplamaların bir neçə baxımdan müstəsna əhəmiyyəti var. Xalqın sözünü xalqa qaytarmaq yalnız ədəbiyyat üçün, təhsil üçün, ədəbi dil zənginliyi üçün deyil, ümumən mədəniyyət üçün, milli mentalitet üçün olduqca əhəmiyyətlidir. Nəsillər dəyişdikcə, texnika həyata daha çox daxil olduqca, dil normativləşdikcə..., bu söz yatırımının toplanması zəruriləşir. 70-ci illərdə yazıçı M.Süleymanın başladığı və V.Əlixanovun, İ.Mehdiyevin, E.Məmmədovun, R.Hüseynovun, İ.Vəliyevin, N.Yaqublunun, N.Cəfərovun və b. kimi alimin, yazıçının yazdığı “Bulaq” verilişinin müəlliflərindən biri də mənəm. O illərdə “Dədə Qorqud” üslubunda veriliş yazmaq, dastan yaddaşımızı təzələmək yenilik idi. Və bu təcrübə bəhrəsini lazımınca verə bildi. Həmin verilişlərin materialı mərkəzdə olmaqla mənim hazırladığım “Elimizdən, obamızdan” və “Elin yaddaşı, dilin yaddaşı” kitablarını hazırladım. Bu kitabların tirajı 200 mini keçdi və mən xalq içində rəğbət, məhəbbət gördüm. Şübhəsiz elmi kitablara bu sayaq kütləvilik müyəssər deyil.
O illərdə xalq yaradıcılığı örnəklərinin toplanması və təbliği işinin nə qədər böyük təqdir gördüyünün canlı şahidlərindən biri kimi etiraf edirəm ki, 40-dan artıq kitabım çıxsa da, kitab ləzzətini, oxucu ilə ünsiyyət zövqünü daha artıq folklor ruhlu kitablardan almışam.
Almanların “Xalq kitabı” mədəniyyətini yaymaq və Azərbaycanda, ümumən Türk Dünyasında daha dərin və sistemli şəkildə gerçəkləşdirmək türklük üçün, dilimiz və milli mədəniyyətimiz üçün vacibdir. Hazırlanmasını nəzərdə tutduğum “Azərbaycan türkləri: xalq kitabı” 10 cild olacaq. Hər cild 70-100 səhifə. Şərhlər elmi dildə deyil, sadə dildə, üslubda veriləcək.
Məncə, regionlar üzrə folklor toplamaları çox gərəklidir. Xüsusilə qaçqın və köçkün bölgələr üzrə həyata keçirilən toplamalar xüsusi əhəmiyyət daşıyır.
Bütöv Türk və Azərbaycan folklorunun ayrılmaz hissəsi olan Laçın (eləcə də digər bölgələrimiz) folkloru həmin bütövü öz spesifikliyi ilə (ləhcə, söz, deyim tərzi, yerli kolorit, yer və tayfa adları və s.) tamamlayır.
Laçın folklorunu bu kitabla bitmiş saymaq sadəlövhlük olardı. Laçın folklorundan (mifdən dastana kimi) neçə-neçə kitab bağlamaq olardı.
Bu zənginliyi qeyd edən İlham Qəhrəman öz atasından, tanıdıqlarından və tanımadıqlarından söz toplamış, dəyərləndirmə aparmışdır.
İlham Qəhrəman bu toplama işini elə məhəbbətlə aparmışdır ki, onunla söhbət edəndə gördüyü işin təfərrüatını, topladığı örnəklərin yerini, zamanını, məğzini, mənasını, təsir gücünü sevə-sevə anladır, bir növ öz işi ilə yaşayır, bu işdən böyük zövq və enerji alır.
İlham Qəhrəmanın ürəyi Vətən üçün, söz üçün alışıb yanmasaydı “Laçın folkloru” kitabı bu qədər səliqə-sahman və mədəniyyətlə araya-ərsəyə gəlməzdi.
“Laçın folkloru” kitabının əlyazmasını oxuyanda gözəl şairimiz rəhmətlik Eldar Baxışın “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” kitabı yadıma düşdü. Eldar Baxış da bu kitabı böyük məhəbbət və zəhmətlə hazırlamışdı.
Mən İlham Qəhrəmanın başlamış olduğu bu işi bitmiş, sonuclanmış hesab etmirəm. İnanıram ki, İlham dostum yurd-yurd, oymaq-oymaq dağılmış Laçınlıları görüncə, xeyir-şər məclisində olunca bu iş özü istəsə də, istəməsə də davam edəcək. Mən bu işin davamı kimi Laçın miflərini, yuxu yozmalarını, xalq təbabətini, ağac, su, ot, çiçək, dağ-daş dilini ifadə edən örnəklərin də toplanmasını gözləyirəm. İnanıram ki, İlham Qəhrəman bu zənginliyə daldıqca daha çox inci toplayacaq və topladığı örnəklərin dil bakirəliyini, gözəlliyini əks edən sözləri, deyimləri seçəcəkdir. Xalq sözünün şəffaflığında, arılığında, duruluğunda yaşanan ülvilik, təmənnasızlıq o dəyərlərdəndir ki, o dəyərlərsiz xalq xalq olmur, millət də millət. Gülməcə, atmaca və lətifələrdəki incə yumor gülüş mədəniyyətimizin ayrılmaz parçasıdır. Məncə bu gülməcələr özü gələcəkdə artaraq ayrılıqda bir kitab olacaq.
İş kəmiyyətdə, sayda deyil. İlham Qəhrəmanın təvazökarlıqla yazılmış ön sözündə göstərdiyi kimi bəzən tək bir bayatı, təkcə bir lətifə insanın gözündə elə bir mənzərə yaradır ki, həmin mənzərəni o sözdən başqa heç nə yarada bilməz.
Dünyanın bütün mədəni xalqları öz folklorunu toplayır, əzizləyir, dəfələrlə çap edir. Mədəni xalqlar öz sözü ilə yanaşı Afrikanın, Asiyanın geridə qalmış xalqlarının, etnoslarının da folklor nümunələrini toplayır ki, insanlığın dünyagörüşünü, etnoqrafik incəliklərini, özünəməxsusluğunu öyrənə bilsin.
Bizim xalq ədəbiyyatını, el sözünü toplamaq mədəniyyətimiz Mahmud Kaşğarlıdan başlamış, modern çağda bir məktəb şəklində davam etdirilmişdir. Biz burada F.Köçərlinin, S.Mümtazın, H.Əlizadənin, V.Xuluflunun, M.Təhmasibin, M.Qasımlının... folklor sahəsindəki xidmətlərini qeyd etməyə bilmərik. Heç təsadüfi deyil ki, bu qiymətli insanların böyük bir qismi soyqırıma uğrayanlardandır. Bu gün Azərbaycan MEA-nın Folklor İnstitutunun H. İsmayılov başda olmaqla toplama və araşdırma işindəki uğurlarını göstərməmək insafsızlıq olardı.
İlham Qəhrəman “Ey dil” kitabındakı şeirlərin birində deyir:
O səs tək məni səsləyir,
İşi yox bir ayrı kəsnən.
Ətəyindən tuta bilsəm,
Çıxıb gedəcəm o səsnən...
Bu sözlər məni çox duyğulandırdı. Şairin bəhs etdiyi səs əcdadınmı, doğmalarınmı, ilk sevgininmi səsi olduğunu biz bilmirik. Bu misraları oxuyan hər kəs onu çağıran öz səsini düşünür, o səsin unudulmaz həyəcanına qapılır.
Məncə, bu əziz səs həm də bizim ata-babalarımızın, nənələrimizin lətifələrdən, bayatılardan, əfsanələrdən... gələn səsidir. İstər Laçın soraqlı olsun, istər Təbriz, Dərbənd, Borçalı, Qarabağ, Şirvan, Kərkük... o səsin izi ilə getmək, o səsə, sözə dalmaq, dərk etmək bizim borcumuzdur.
Bu böyük şərəfli işdə şair, toplayıcı dostum İlham Qəhrəmana yeni-yeni uğurlar arzulayıram.
İşin avand olsun, qardaşım!
Kitabdan seçmələr:
Lətifələr:
RAST MAŞIN DÜŞDÜ
Şəlvə zonasından bir məktəb direktorunu vacib iş üçün rayon mərkəzinə - maarif şöbəsinə çağırırlar. Səhəri günü çağırışa gələn direktor Laçında Su anbarı deyilən yerdə maşından düşür. Elə bu dəm yolun əks tayından « Şəlvəyə gedən? Şəlvəyə gedən?» - deyə başqa bir sürücü özünə uzaq yola qulaq yoldaşı olan müştəri axtarır. Rayon mərkəzindən kəndə qayıtmağın müşkülünü bilən direktor tez yolu keçib sürücünün yanında yerini rahatlayır və orada olan tanışlardan birinə deyir:
-Əmioğlu, maarifdə deyərsən ki, Şəlvədən məktəb direktoru gəlmişdi, Su anbarının yanında rast maşın düşdü, geri qayıtdı.
BREJNİYEV İNDİRA QANDİNİ NİYƏ ÖPÜR?
Bu hadisənin iştirakçıları mənim sinif yoldaşlarım olub. Onuncu sinifdə oxuyan beş-altı oğlan şəhərin başında söhbət eyləyirmişlər. Bu vaxt cərgə dükanların qabağı ilə üzüyuxarı çıxan erməni qızıyla atasına gözləri sataşır. Qonşu Gorusdan gələn erməni qızı çox gözəl olur. Oğlanlardan biri çeçələ barmağındakı qızıl üzüyə işarəylə deyir:
- Erməni qızını kim öpsə, bu halal xoşudu!
Üzük adı eşidən kimi oğlanlardan biri (həmin oğlan Qarabağ hadisələrində şəhid oldu) dəstədən aralanıb düz erməni qızının üstünə gedir, boynunu qucaqlayıb üzündən öpür və aradan çıxır.
Bazarlığa gələn ata-bala ermənilər hay-küylə milis idarəsinə şikayətə gedirlər. Az keçmir uşaqların hamısını tutub gətirirlər milis idarəsinə, amma qızı öpəni aradan çıxardırlar.
Rəis soruşur:
- Qızı hansınız öpdü?
O vaxt atası Laçın rayon İcraiyyə Komitəsinin sədri işləyən Allahverdiyev Şahin yalandan erməni qızını öpdüyünü boynuna alır.
- Niyə belə etdin ?– rəis bu dəfə sualı ona verir.
- Qonaq gəliblər, biz də qonaqpərvərliyimizi göstəririk - Şahin cavab verir. Bu yerdə qızın atası özünü saxlaya bilmir, deyir:
- Ara, mənim qızım sənin nəyindir ki, sən onu öpürsən?
Şahin cavabında:
- Bəs İndira Qandi Moskvaya gələndə Brejniyev onu niyə öpür?!
NAXÇIVANDA ÖLƏN BƏY
Keçən əsrin əvvəllərində Qarıqışlaq kəndində Əli adında bir ağıllı adam varmış. Kənddə baş verən hadisələrə Kefli İskəndər sayaq münasibət bildirirmiş. Təbii ki, avam kənd əhli də onu dəli gözündə görürmüş. Bir gün Naxçıvandan dönən bir atlı kəndin ortasında deyir ki, bəs Naxçıvanda filan bəy öldü. Bunu eşidən Əli üzünü camaata tutub:
-Naxçıvanda ölən bəyin zibili bizi tutacaq – deyir və evə gedir.
Kənd əhli həmişə olduğu kimi Əlinin dediyinə bənd olmur. Sən demə, naxçıvanlı bəy Sultan bəyin dostu imiş. Xəbəri eşidən kimi üç yüz atlıyla Kürdhacı kəndindən yola çıxırlar, axşama çatırlar Qarıqışlağa. İyun ayı imiş. Atları buraxırlar kəndin kövşənlərinə (Sultan bəyə qoruq-qaytaq yox imiş), özləri də kənddə dincəlirlər. Səhəri, bəyin dəstəsi yas yerinə – yoluna davam edəndən sonra camaat kövşənlərə baxıb görür ki, otdan əsər-əlamət qalmayıb – atlar səhərə qədər otladığın otlayıb, otlamadığın da dırnağında tərg eləyib. Yayda ot tədarükü edə bilməyən camaat qışda çox korluqlanır, mal-qaranın çoxu tələf olur. Əli kəndin içinə çıxıb camaata deyir:
-Sizə dedimmi, Naxçıvanda ölən bəyin zibili bizi tutacaq.
QARABAĞDA BİR QUŞ GÖRDÜM
Şuşadan məşhur tarzən Abbasqulu xanəndə ilə Laçında toy aparırmışlar.
Xanəndə oxumağa bu sözlərlə başlayır “Qarabağda bir quş gördüm ağlı-qaralı”. Bu yerdə Abbasqulu tara daban verib xanəndəyə deyir:
-Ə, tay denən sağsağan görmüşəm da!
Bayatılar:
Mən aşıq, “haşa” deyim,
Dərdimi daşa deyim.
Tək Laçını demirəm,
Şuşaynan qoşa deyim.
***
Bu bayatı Laçının Qızılca kəndindən olan Meyxanım Həsənovanın 1943-cü ildə cəbhədə vuruşan nişanlısına göndərdiyi şəklin arxasından götürülüb.
Bağında badam olmaz,
Yeməyə badam olmaz.
Adamın özü gərək,
Şəkildən adam olmaz.
***
Kəklik daşda nə gəzər,
Qələm qaşda nə gəzər,
Yurd itirən ananın
Ağlı başda nə gəzər?
***
Kəkülün topar-topar,
Yel vurar ürək qopar,
Heyvan məndən yaxşıdı,
Mələr balasın tapar.
SINAMA
Evlənməli oğlu olan ailənin bir qızdan xoşu gələrsə, payızda qız evinin çəpərinin dibinə iri bir daş qoyarmışlar. Yazda həmin daşı qaldırıb altına baxarmışlar. Qədim inanca görə, daşın altda cücərti olarsa bu, gözaltı edilən qızın ayağının sayalı olacağına işarə hesab edilərmiş. Ondan sonra elçi gedib qızı alarlarmış.
RƏVAYƏT:
HAXVARDİVANYOX
Üç həmkəndli bir yerdə yoldaş olub qazanc dalınca başqa məmləkətə gedirlər. Qarsa çatanda bir yerə nişana qoyurlar ki, filan vaxtı qayıdanda burda bir-birimizi gözləyək. Vədələri tamam olanda geri qayıdıb nişana qoyduqları yerdə görüşürlər. Deyirlər gəlin görək kim nə qədər pul qazanıb. Məlum olur ki, iki nəfər evdən çıxdığı kimi də geri qayıdır, qara qəpikləri də yoxdu. Üçüncü isə dəsmalı açıb çoxlu pul qazandığını göstərir. Pulsuz yoldaşlar sözləşib pullu yoldaşlarını öldürmək qərarına gəlirlər. Pullu kişi görür ki, onu öldürəcəklər yoldaşlarına deyir:
-Mən evdən çıxanda arvadım boylu idi. Kəndə gedəndə vəsiyyətimi ona deyin uşağın adını Haxvardivanyox qoysun.
Yoldaşlarını öldürüb pulunu götürən iki yoldaş kəndə gələndə deyirlər ki, bəs üçüncü yoldaşları yolda öldü. Eyni zamanda kişinin vəsiyyətini də arvadına çatdırırlar. Arvad da uşağın adını Haxvardivanyox qoyur. Uşaq bu adla böyüyür. Bir gün padşah Haxvardivanyox adını eşidir və uşağın anasını çağırıb maraqlanır ki, bu uşağın adını niyə belə qoyublar. Anası əhvalatı danışır. Padşah dərhal məsələnin nə yerdə olduğunu başa düşür. Darğaları göndərib həmin iki nəfəri gətirdir. Hökm verir onları şaqqalayıb şəhərin darvazalarından asırlar. Altından isə belə yazdırır: “Hax da var, divan da var!”.
XAN QIZININ SƏXAVƏTİ
Xan qızı Xurşid Banu Natəvan Sarıbabadan saxsı borularda Qalaya (Şuşaya) su çəkdirəndə yaxşı muzd verdiyi üçün Qarabağın hər tərəfindən insanlar bu işdə çalışırmışlar. Qızılca kəndindən Ramazan adlı kişi də su çəkilişində işləyirmiş. Ramazan kişi həm saz çalırmış, həm də gözəl şeirlər yazarmış. Ancaq yazdığı şeirləri qələmə alıb saxlayan olmayıb. Xan qızı bir dəfə işin gedişi ilə tanış olmaq üçün tikintinin üstünə gəlir. Ramazan kişi burada Xan qızına həsr etdiyi şeiri oxuyur. Həmin şeirdən Qızılcalı Rafiq Bəhlul oğlunun yadında qalan bu bənd oldu:
Götürübdü Sarıbabadan dəhnəsini,
Yığıbdı çınqıl təki yüz min fəhləsini,
Sırav edib Qalanın hər bir məhləsini,
Səni Xorasanda, Məkkədə durasan, qız.
Şeir xan qızının xoşuna gəlir və Ramazan kişiyə yəhərli-yüyənli at bağışlayır.
2
Bir dəfə də Xan qızı nökər-naiblə Minkənd İsti suyuna istirahətə gedirmiş. Yol üstü Qızılca kəndinin Alməmmədli deyilən bağlarında düşərgə salırlar. Xanım olduğu üçün Qızılcadan iki gözəl bacıları – Meyxanımla, Gülxanımı qonağa xidmət üçün göndərirlər. Bacıların samovar çayı və biş-düşündən razı qalan Xan qızı onlara iki qızıl onluq bağışlayır.
ƏKİN QAYDALARI
Yeri şumlamaq üçün 12 öküz qoşulmuş kotandan istifadə edilirdi. Əkinçilikdə buna “altı boyun öküz” deyilirdi. Kotana qoşulan öküz cütlərinin ayrı-ayrı adları varıdı. Güclü öküzləri kotana yaxın qoşardılar – bu cüt “ambul” adlanardı.
Öküzləri idarə edən adamlar “hodaq”, kotanın macından tutub əkini nizamlayan əkinçi isə “majgəl” adlanırdı.
Hər adamın 12 öküzlə bir kotanı olmadığına görə yeri şumlamaq üçün kollektiv təsərrüfatın ilkin variantı olan “avaja”dan istifadə edilirdi.
2 öküz bir “avaja”, 1 kotan isə iki “avaja” hesab olunurdu. Tutaq ki, 1 kotanı olub, öküzü olmayanın iki avajası, kotanı olmayıb 2 öküzü olanın bir avajası olurdu.
Beləliklə 1 kotan altı boyun (12) öküz cəmləşdirib əkinə başlayardılar. Hər bir kəsin əkin yerində növbə ilə avajasının sayına müvafiq işləyərdilər. Səpin və biçinlə torpaq sahibi fərdi qaydada məşğul olardı.
Kim növbəni pozardısa, həmin adam el içində “avajaya haram” – yəni, yoldaşlığa düz olmayan adlandırılardı. Heç kim el qınağına tuş olmaq istəməzdi.
Taxılı dəyirmanda üyütmək dəyirmanda növbə (nobat) tutub gözləməklə baş tutardı, sifarişlə yox. “Soruşan qalar, tökən üyüdər” zərb-məsəli də buradan qalmışdır.
TUT BƏHMƏZİ
Tut bəkməzi bişirmək üçün əvvəl tut əlnən əzilir. Dörd vedrə tuta bir vedrə su qatıb pörtdədirlər (Su ona görə qatılır ki, şirənin ocaqda bişmə ömrü uzansın, bu müddət ərzində qatılmış su buxarlanır). Pörtlənmiş qarışıq təmiz kisədə böyük tiyana (teşt) süzülür. Şirəsi tam çıxsın deyə kisənin üstünə ağır bir şey qoyulur.
Süzülmüş şirə yenidən ələkdə süzülür və tiyan ocağın üstünə qoyulur. Qaynadıqca kirli və acı kəfi yığılır. Bişənə macal bəkməzdən bir qaşıq düz boşqaba töküb barmaqla ortasından çəkirsən. Əgər barmaq yeri boşqabda ağarırsa (bu doşabın nə çox qatı, nə də çox duru vəziyyətidir) demək doşab bişibdir.
TUT ARAĞI
Laçında çayqırağı kəndlərdə tut bağları çox olduğu üçün burada təmiz araq çəkən usta kişilər var idi. Tutun ilk üzünə xönçək deyilir. Xönçək yeməyə yarasa da doşaba, mürəbbəyə və s. yaramır. Tut yeddi gündən bir çırpılır. Araq çəkmək üçün çəlləyə yığılmış tut tam qıcqırmalıdı. Bunu bilmək üçün qulağını çəlləyin ağzına tutursan. İlk vaxtlar çəlləkdən qıjıltı eşidilir. Elə ki, qıjıltı kəsdi, demək tut tam qıcqırıb, araq çəkmək olar. Mis qabdan düzəldilən, belə demək mümkünsə, mini zavod daimi axar suyun yanında qurulur. Qıcqırdılmış məhlulla dolu qazanın altı alovlandıqca qazandan qalxan buxar üstündən su axan boruda soyuyub mayeyə çevrilir. Əvvəl qazandan təxminən bir stəkan qabaq suyu deyilən maye gəlir. Araq çəkənlər həmin mayeni ayrı qaba yığırlar. Bundan sonra göz yaşı kimi təmiz araq gəlir. Altına qoyulan qaba süzüldükcə təmiz arağın dımırcığı qabın kənarında boyunbağı kimi dövrələnir. Hərdən borudan süzülən araqdan stəkana tutub ocağa atırlar. O vaxta qədər ki, ocağa atılan maye yanmır. Bu zaman araq qabını götürüb yerinə qabaq suyu yığılmış qabı qoyurlar. İndi gələn maye isə qazanın dal suyu adlanır. Qaba yığılmış qabaq və dal suyu tərkibində az da olsa spirt olduğu üçün növbəti qazanın içinə tökülür. Qazanın altını çox gur qalamaq olmaz, onda qazan qusar.
DİRƏDÖYMƏ OYUNU
Laçında dərsdən əvvəl və sonra ən çox oynadığımız oyun dirədöymə idi. Dirədöymə oynamaq üçün iki tərəf (komanda) olur. Hər tərəfdə iki nəfərdən tutmuş beş-altı nəfərə qədər oyunçu ola bilər. Əvvəl oyunçuların sayına uyğun olaraq dairə cızılır. Dairəni cızmaq üçün bir nəfər yerində dayanır, başqa birisi isə onun əlindən tutub yerdə cızıq çəkərək pərgar kimi fırlanır. Bundan sonra püşk atılır – hansı tərəfin əvvəl dairənin içərisində oynayacağı müəyyən edilir. İçəridəki oyunçuların sayı qədər toqqa dairənin içində cızıqdan bir ayaq boyu geridə qoyulur. Oyun başlanır. Dairənin çölündəki tərəfin oyunçuları çalışırlar əks tərəfin qoruduğu toqqaları çalıb onları toqqa ilə döysünlər. Bu biri tərəf isə çalışır ki, toqqanı götürməyə çalışan oyunçunun dizdən aşağı ayağına təpiklə vursun. Toqqanı götürmək üçün müxtəlif üsullara əl atılır, üz-üzə durduğun oyunçunun gözündən yayınıb yelli gəlib onun arxasındakı oyunçunu dairədən süpürləyib kənara çıxarmaq (qaydaya görə dairədən kənara çıxarılan oyunçunun bütün toqqalar çıxana qədər dairəyə qayıtmaq hüququ yoxdu), qarşı tərəfin oyunçusu ilə əl-ələ tutub dartıb dairədən çıxarmaq və s. Bu zaman darənin içindəki oyunçu hücum edənin dizdən aşağı ayağına təpiklə vura bilsə, tərəflər yerini dəyişirlər. Cızığın içindəkilər toqqaları əldən verdikdən sonra toqqalara yiyələnən tərəf toqqanın dəmir başından tutub onları qurşaqdan aşağı döyürlər. Bu zaman oyunun qaydasına görə içəridəkilər çöldəkilərin əlindən tutub aldıqları toqqa ilə çöldəkilərin hər yerindən vura bilərlər (bu şərtlə ki, vuranın bir ayağı cızıqdan kənara çıxmasın).
Dirədöymə oyunçuların uşaq yaşlarından canını bərkidir, onlarda el-oba təəssübü çəkməyi tərbiyə edir.
QEYD: Kitabı əldə etmək istəyənlər redaksiyaya müraciət edə bilər. Qiyməti 5 manat. (Telefon: 012-596-47-18)