İlqar Fəhmi. Yeni şeirlər.

İlqar Fəhmi. Yeni şeirlər.

İtmiş kimiyəm

Mən ki zülmət gecələrdə azıb itmiş kimiyəm,
Öz yanımdan da gözüm görməyib ötmüş kimiyəm

Necə dərin yara vursan da mənə ağrısı yox,
Yaramı özgə öpüşlərlə keyitmiş kimiyəm,

Demə buzdur ürəyin, məndə ürəkdən yox əsər,
Onu bir isti xəyanətdə əritmiş kimiyəm.

Nəfəsimdə daha əvvəlki odu axtarma,
Baxma yanındayam, amma elə getmiş kimiyəm.

Əbədi musiqi yox, mən də sənin ömründə
Qəmli bir mahnı idim ki daha bitmiş kimiyəm.

Olduğundan ki böyük zənn eləmişdim səni mən,
Ondan ötrü sənə dünyanı dar etmiş kimiyəm.

Söyləmə dərdini Fəhmi, bilirəm hər şeyi mən
Deməmişdən elə zənn eylə eşitmiş kimiyəm.

Bu gecə

Gedirəm, gözlərimi bağla mənimçün bu gecə
Yoxdu bir ağlayanım, ağla mənimçün bu gecə.

Soyuğam, öpmə üzümdən dodağın xəstələnər,
Gəl dəyiş yorğanı torpaqla mənimçün bu gecə.

Əcəl almış məni ağuşuna, yox fərqi daha,
Qoca dünyanın oyuncaqla mənimçün bu gecə.

Qəmi təklikdə yedin hər gecə məndən gizlin,
Doymusansa, azacıq saxla mənimçün bu gecə.

Ağlayıb yolma saçın, yox, eləcə yas saxla
Səs-səmirsiz dəli olmaqla mənimçün bu gecə.

Fəhminin ömrü bitir, bir də uzat əllərini
Son dəfə gözlərimi bağla mənimçün bu gecə.

Köhnə romantikaya elegiya

İndi şeyrin ləzzəti yox, dadı yox,
Daha şan-şöhrəti yoxdur, adı yox,
İndi şeyrin azacıq istisi var ki,
qoruyub saxlamasan, heç.

«Yaxşı» eşqin sonu yox, əvvəli yox
Hər yana şölə saçan məşəli yox,
Yaxşı eşqin sarı bir tüstüsü var ki,
ona da ağlamasan, heç.

«Köhnə yar»ın daha o meydanı yox,
Cərgə-cərgə düzülən qurbanı yox,
Köhnə yarın dəli bir aşiqi var ki,
sinəsin dağlamasan, heç.

Sənsiz ömrün daha qəmgin səsi yox,
Göyə qalxan o həzin nəğməsi yox
Sənsiz ömrün elə cingiltisi var ki,
qulağın bağlamasan, heç.

Fələyin indi daha qüdrəti yox,
Aləmə lərzə salan dəhşəti yox,
Fələyin köhnə, sınıq çarxı qalıb ki
arabir yağlamasan, heç.

Fəhminin qalmışı yox, ölmüşü yox,
Ruhu göylərdədi, burda işi yox,
Fəhminin yerdə quru cismidi ki
üstünü torpaqlamasan, heç.


Təngnəfəs ayrılaq...

Bu sevgi çat verən bir
şəkildi,
Yapışdıran tapılmır
min ildi.

Bəs ayrılıq nədir ki?
bir addım.
Nə fərqi var sən atdın,
mən atdım.

Qapın döyən qonaq yox,
ölümsə,
Qonaq kimi qəbul et,
gülümsə.

Bu gün sənin əcəllə
toyundur
Duvağı aç başından,
soyundur.

Çiçək açarmı yanmış
çubuqdan,
Əlin donur əlimdə
soyuqdan.

Nəfəs dəyir yavaşca,
sönür şam.
Yuxum gəlir səninçün
bu axşam.

Kim oynadı həyatla,
uduzdu.
Ölüm qara qəpikdən
ucuzdu.

Gözündə parlayan bu
nə yaşdı?
Mənimçün ağlayırsan?
Nə yaxşı?

Payız gəlir küləklə,
yağışla.
Səni atıb gedərsəm,
bağışla…


***

Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
Getsəydi, bu dünyanı beş-on şeyrə satardım,
Dünyanı beş-on şeyrə satardım
və yatardım.

Səndən qaça bilsəydim əgər, sənsiz həyatı
Əvvəl acı dərman kimi ehmalla dadardım,
Dərman kimi ehmalla dadardım
və udardım.

Bir qırmızı paltarlı qadınçün gecə yarı
Bir qırmızı yanğıyla yuxumdan oyanardım.
Yanğıyla yuxumdan oyanardım
və yanardım.


Son dəfə mənimçün gözünün yaşı axardı,
Göz yaşını son dəfə öpüşlərlə silərdim,
Son dəfə öpüşlərlə silərdim
və ölərdim.

Bir gün səni də yadlara xoşluqla verib mən
Sonra durub ardınca xəcalətlə baxardım,
Ardınca xəcalətlə baxardım
və baxardım.


****

Tökülür sənli saatlar o ömürdən, bu ömürdən
Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən,

Evimə dərd girir hər gün, o başından, bu başından
Gözümə kölgə salırsan, o maşından, bu maşından.

Səni sakitcə soruşdum o yağışdan, bu yağışdan
Saçının ətrini aldım o balışdan, bu balışdan

Süzülür sel kimi yaşlar o gözündən, bu gözündən
Səni hicran öpür hər gün o üzündən, bu üzündən

Bezmişəm sənsiz həyatın o adından, bu adından
Zərrə-zərrə səni yığdım o qadından, bu qadından

Tökülür sənli saatlar o ömürdən, bu ömürdən
Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən…


***


Ömür gedir dayanmadan, “dayan” dedim, dayanmadı,
Dayanmasan da, bir qədər “yuban” dedim, yubanmadı.


Pis adət eyləmiş yaman, ömür qısalır anbaan,
«Qısalma, əksinə bir az uzan», dedim, uzanmadı.

Ömür dedikləri yuxu, oyanmaq istəmir çoxu,
Özüm özümə «barı sən oyan” dedim, oyamadı

“Hemise derd rengine boyanmisan konul yeter
Bir az da sevgi rengine boyan” dedim boyanmadi

Son anda “Fehmi eşq olar səni xilas edən, yeqin.
Yalan da olsa bu sözə inan” dedim, inanmadı.



Yenə də

Yenə xatırlayacaqsan bu evi
Yenə də zəng edəcəksən: Gəlirəm
Yenə də yalvaracaqsan: Gözlə,
Heç yerə getmə, bu günlük səninəm.

Yenə kölgən cızacaq pəncərəmi
Girəcəksən elə bil öz yuvana,
Yenə palton düşəcək qollarıma
Yenə çantan uçacaq boş divana.

Yenə sakitcə yumub gözlərini
Kürəyin söykədəcəksən sinəmə
Yenə guya unudub sözlərini
Deyəcəksən ki, demə, heç nə demə.

Yenə dinməz dayanıb bir müddət
Arxadan boynuna ahlar səpəcəm
Saçını sonra səliqəylə yığıb
Çiyninin ağ dərisindən öpəcəm.

Ağ belindən götürüb əllərimi
Yenə bərk-bərk sıxacaqsan döşünə
Yenə də tuş gələcək lal baxışım,
Al dodaqlarını sıxmış dişinə.

Sinən aramsız enib qalxınca
Mən gedib bağlayacam çöl qapını.
Söndürülmüş siqaretlərlə yenə
Birbəbir dolduracam külqabını.

Yenə də seyr edəcəm dinməzcə
Çiyinindən sürüşən köynəyini,
Yenə də gözləyəcəm tez soyunub
Tələsik lampanı söndürməyini.

Yenə qoynumda bu çılpaq bədənin
Sübhəcən çırpınacaq, ağlayacaq
Yenə dırnaqların ac qırğı kimi
Sinəmi, boynumu cırmaqlayacaq.

Yenə qışqırtın, iniltin qopacaq,
Sıxacam ağzını ovcumla yenə
Qonşuda xeyli qulaq şəklənəcək
Ehtirasın bu həyasız səsinə.

Yenə həzzin çatacaq son həddə
Bədənin od tutacaq, allanacaq……
Sonda halsız düşəcəksən yatağa,
Ayağın çarpayıdan sallanacaq.

Yenə titrək həyəcanlı səslə
Açacaqsan mənə öz hisslərini,
Yenə də axtaracaq süst baxışım
Bədənində yad öpüş izlərini.

Yenə də inciyəcəksən məndən
Deyəcəksən: Soyuyub ehtirasın.
Yenə xatırlayacaqsan bir vaxt
Bizi uydurmaş o şəhvət havasın.

Yenə laqeydliyimdən usanıb
Əsəbi yellədəcəksən əlini,
Sanki qəsdən məni cırnatmaq üçün
Yenə tərifləyəcəksən ərini.

Bezib axır susacaqsan, birdən
Yenə də yastığa çırpıb üzünü,
Dözməyib gəldiyin üçün bu evə
Yenə lənətləyəcəksən özünü.

Yenə də hönkürəcəksən xeyli
Nəmli yastıq udacaq göz yaşını,
Sonra sakitləşəcəksən azacıq,
Ah çəkib qaldıracaqsan başını,

Yenə qalxıb yığacaqsan yerdən
Səpələnmiş təzə pal paltarını,
Geyəcəksən yenə tənbəl-tənbəl
Əyninə köynəyini, şalvarını.

Qapıda bir də  yumub gözlərini
Kürəyin söykədəcəksən sinəmə,
-Sənə mən ömrümü bəxş eylərdim
Bircə yol barı desəydin - ELƏMƏ….