
«İndiki cavanlar məni özümdən çıxarır» - müsahibə
ƏDƏBİYYAT
- 24.03.2014
- 0 Şərh
- 841 Baxış
«Gecə yazanda sonra uzun müddət yata bilmirəm, odur ki, bundan qaçmağa çalışıram»
"Kalvino mükəmməl bir yazıçı olmaqla yanaşı, həm də olduqca həyat dolu bir dahi idi. O keçmişə aid hekayələri daha əvvəl olmadığı yerlərə aparırdı” – Con Apdayk bu fikirləri 1985-ci ilin sentyabrında fantastik hekayələri və novellaları ilə Aralıq dənizi sahillərinin sevilən yazarlarından olan İtalo Kalvinonun ölümü ilə bağlı etdiyi çıxışında səsləndirib. 1923-cü ildə atası aqronom Mario Kalvinonun işi ilə əlaqədar ailəsi ilə birgə yaşadığı Las Veqas, Santiyaqo şəhərində doğulan yazar əslən italiyalıdır. Onun botanik anası alim Eva Kalvino isə əslən Sadiniyalı olub. İtalonun dünyaya gəlməsindən qısa müddət sonra ailə professor Marionun ana vətəni Liquriaya qayıdırlar və İtalo San Remon sahilləri ilə yüksək dağların ətəyində yerləşən kənddəki evlərində böyüyür. Gənclik illəri müharibə dövrünə düşən yazıçı müharibə dəhşətlərinin yaratdığı güclü qələm sahiblərindən biri olur. Ölümündən iki əvvəl "The Paris Review” jurnalından Damien Pettiqreu yazıçının uzun müddət ingilisdilli tərcüməçisi kimi işləmiş Uliyam Viverlə birgə Kalvino ilə müsahibə təşkil edir.
"Hər səhər öz-özümə deyirəm ki, bugün məhsuldar olmaq lazımdır, sonra nəsə bir şey çıxır və mən yaza bilmirəm. Bugün fikirləşdim ki, nə etməliyəm? Yadıma düşdü ki, müsahibə üçün gələcəklər. Qorxuram belə getsə, hekayə bir addım da irəliləməməyəcək. Hər gün nəsə bir şey olur, icra ediləsi bir şey çıxır – banka getmək, poçta getmək, nəsə ödəmək, nəsə almaq, bürokratik işlər. Hələ mən gündəlik bazarlıq kimi yorucu işdən azadam. Birinci işim qəzet almaq olur. Evə çatana kimi oxuyuram artıq, ya da ən azı tamamilə vaxt itkisi olan yazıların başlıqlarına nəzər salıram. Hər gün özümə deyirəm ki, bax bu qəzet oxumaq tamamilə əhəmiyyətsiz bir işdir, zaman itkisidir, amma dayana bilmirəm. Dərman kimidir. Günorta birtəhər yazı masasına yaxınlaşıram ki, bir qalaq məktub. Aşılması lazım olan daha bir maneə. Günorta gec saatlarda nəhayət ki, nəsə bir-iki cümlə yaza bilirəm, nəyisə düzəldirəm, silirəm, nəticələrə baxıram, yenidən yazıram və bütün bunlar baş verərkən paraleldə o qədər şey baş verir ki, telefon çalır, qapı döyülür, dostlar ziyarət edir, tərcüməçi gəlir, jurnalist gəlir nə bilim eee. Hansını deyim. Nə işlə məşğul olasan, danışasan, yazasan?! Elə suallar verirlər birdən heç onun cavabını özüm də bilmirəm. Hər müsahibədə eyni sual varsa, cavabları dəyişməyə çalışıram, improvizə edirəm ki, yəni içimdə dəyişib bu sualın cavabı. Dəyişiklik fərqli zamanlarda verilən sualların cavablarını da özü ilə gətirir. Ola bilər ki, onlar zamanla bir hekayənin qəhrəmanını yaradacaq. Bəlkə də özümlə bağlı həqiqətləri bu formada kəşf etmişəm. Ay Allah özün kömək ol!!!” – İtalo Kalvinonun müsahibədən əvvəlki düşüncələrindən.
-Ağlınıza gələnlərin iş həyatınızda necə bir yeri var?
-Fərz edək ki, belə cavab verirəm. Mən həmişə rasionalam. Dediyim və yazdığım hər şey konkret nəticənin, aydın məntiqin subyektidir. Haqqımda nə düşünərsiniz? Elə fikirləşərsiniz ki, mən özüm haqqında danışmaq lazım olanda tamamilə korlaşan, nəsə bir növ qorxaq, paranoyikəm. Təbii ki, mən başqa cür də cavab verə bilərdim ki, ah, əlbəttə mən yazanda demək olar ki, trans vəziyyətində oluram, yuxu ilə gerçəyin arasında gedir-gəlir, sayıqlamalarımı qələmə alıram. Bilmirəm heç belə dəli, ağılasığmaz şeylər hardan gəlir ağlıma, bunları necə yazıram. Onda başqa şey düşünəcəkdiniz. Bizim başlanğıc sualımız belə olmalı idi ki, mən özümü yazdığımız içinə qoya bilirəmmi? Cavabım – mən beynimdəki nəticəni, prosesin inkişafını, zövqlərimi, aid olduğum mədəniyyəti qoyuram yazıma, amma mən onu idarə eləyə bilmirəm, bu da var. Bunu sizin dediyiniz kimi sayıqlamalarımın günahı kimi də qələmə vermək olar.
-Xəyallarınızın təbiəti haqqında nə deyə bilərsiniz? Freyddən çox Cunq ilə maraqlanırsınız?
-Bir dəfə Freydin "Xəyalların interpretasiyası” ("The İnterpretation of Dreams”) əsərini oxudum, birbaşa yatağa getdim. Xəyal elədim. Səhəri gün həmin xəyalı bütün detalları ilə xatırlayırdım, yəni Freydin üsulunu mən uğurla tətbiq edə bildim. Həmin gün inandım ki, mənimlə bağlı nəsə yeni bir dövr başlayır, o gün mənim beynimdəkilərin, xəyallarımın, yuxularımın mənim bilmədiyim sirri qalmamışdı. Bu Freydin mənim qaranlığıma işıq yandırdığı yeganə məsələ idi. Sonra mən əvvəlki kimi xəyal qurdum, yuxu gördüm, lakin mən təbii ki, onları unudurdum. Çox vaxt isə hansı nöqtədən başladığını xatırlamırdım. Mənim yuxularımın təbiətini izah etmək bir Freyd analitikini məmnun etməyəcək. Mən Freydi çox oxuyuram, çünki mənə görə o mükəmməl bir yazardır. Cunqu da oxuyuram, o simvollar və mistik işarələr kimi dərin şeylərlə maraqlanan yazardır. Amma Freyd qədər mükəmməl bir yazar deyil. Amma hər ikisinin nəzəriyyəsi və fəaliyyəti ilə maraqlanıram.
-Necə yazırsınız? Yəni fiziki akt kimi yazmaq necə icra olunur?
-Qələmlə yazıram, düzəlişlər edirəm, çox düzəliş etməli oluram. Deyə bilərəm ki, yazdığımdan çox düzəlişlər edirəm. Danışanda söz ovuna çıxmalı oluram, yazanda da eyni çətinliklə üzləşirəm. Sonra çoxlu əlavələr, interpolasiyalar edirəm, çox xırda yazıram. Elə olur ki, o qədər xırda olur ki hərflər öz yazdığımı oxuya bilmirəm, böyüdücüdən istifadə edirəm nə yazdığımı anlamaq üçün. Iki fərqli əlyazım var. Nəsə köçürəndə və ya yazdığım beynimdə hazır olanda olduqca iri hərflərlə yazıram. Nisbətən zəif ruhi, əqli vəziyyətdə olanda, yazdıqlarımı düşünmək və nələrinsə formalaşmasını gözləyəndə hərflər nöqtə boyda olur, elə alınır. Bunu deşifrə etmək mənim üçün belə ağırdır. Yazdığım səhifələr həmişə sıraları və kənarları xətlənmiş səhifələr olur. Bəzən o qədər düzəliş edilmiş versiyalar olur ki, onları nömrələyirəm. İlk düzəlişdən sonra adətən yazını yığıram, naməlum yerləri aydınlaşdırmağa çalışıram. Yığılmış yazını oxuyanda görürəm ki, kağızdakı əlyazmadan və bu mətnin beynimdəki ilkin versiyasından tamamilə fərqli bir şey alınıb. Yazıda düzəliş etmək məni yorur, bəzən səhifələr oxunmaz hala düşür. Düzəlişə ehtiyac qalmadan yaza bilənlərə paxıllıq edirəm.
-Hər gün işləyirsiniz? Yoxsa konkret iş günləriniz, iş saatlarınız var?
-Nəzəri olaraq hər gün işləmək istərdim. Lakin hər səhər işləməmək üçün üzrlü bir səbəb kəşf edirəm – evdən çıxmalı oluram, nəsə alıram, qəzet almasam, olmur. Bir qayda olaraq səhərləri səmərəsiz işlərə sərf etməyin öhdəsindən mükəmməl bir şəkildə gəlirəm və bu uğurlu idarəetmə günorta bitir və mən yazmağa başlayıram. Mən bütün gün işləyən yazaram, amma səhərləri belə ziyan etdiyimdən, günorta yazıçısı olmuşam. Gecələr də yaza bilərəm, amma gecə yazanda sonra uzun müddət yata bilmirəm, odur ki, bundan qaçmağa çalışıram.
-Bir-birilə əlaqəsi olmayan kiçik ideyalardan başlayırsınız, yoxsa beyninizdə sizi tamamilə əhatələmiş geniş bir konsepsiya olur?
-Bircə dənə və xırda bir şəkillə başlayıram, sonra ideyanı genişləndirirəm.
-Bir neçə şəhərdə yaşamısınız, Romadan Parisə, Turinə və bu evin yerləşdiyi dənizkənarı şəhərciyə kimi, tez-tez yer dəyişmisiniz. Yaşadığınız yerlər işlərinizə təsir edibmi?
-Mən elə düşünmürəm. Hansısa bir yerdə gündəlik həyat tərzi, təcrübələr nə yazdığınıza təsir edə bilər, amma bu fakta və məhsuldarlığa təsir etmir. Hazırda yazdığım kitab Tuskanidəki bu evlə zaman-zaman bağlanır, mən bir neçə il yayları burada yaşamışam. Amma köçüb başqa bir yerdə də yaşasam, yenə bu yazmağa davam edəcəm.
-Qeydləriniz və kağızlarınızla səyahət edirsiniz?
-Bəli, qeydlərimizi, əlyazmalarımı çox vaxt özümlə gəzdirməli oluram. Son on ildə, bəlkə də, daha çox, həyatım axarından çıxıb və daha çox məcburi təsiri bağışlayan bir şeyə çevrilib.
-Bugünkü gənclik sizə necə təsir bağışlayır, sizin gəncliyinizdən çoxmu fərqlidir? Yaşlandıqca müasir gəncliyi bəyənməməyə meyillənmə varmı sizdə?
-Zaman-zaman cavanlar məni özümdən çıxarır. Uzun-uzun danışmağı, məsləhət verməyi sevmirəm, ikincisi, danışsam da mənə qulaq asan kimdir. Yəni ki mənim bununla bununla bağlı edə biləcəyim bir şey yoxdur, odur ki, gənclərlə ünsiyyətdə çətinliklər yaşayıram. Mənim dövrümün gəncliyi ilə onlarınınkının arasında nəsə baş verdi. İki nəsil arasındakı ortaq nöqtələri dağıdan bir şey. Ancaq bu işdə bir həqiqət də var ki, mən öz gəncliyimə geri dönsəm, əsla başqalarının tənqidlərinə, iradlarına və məsləhətlərinə fikir verməzdim. İndiki gənclər buna fikir vermədikləri üçün bizim də danışmaq imkanımız yoxdur.
-Oxumaqdan zövq aldığınız yazarlar kimlərdir? Kimlərin əsərləri sizdə dərin təsirlər qoyur?
-Tez-tez öz əsərlərimə qayıdıram, yenidən oxuyuram, gənclik illərimdə yazdıqlarımı. Stivensonu oxumağı sevirəm, onda qəribə işıq, enerji var. Uşaqlığımın sevimli yazarları Kiplinq, Stendal, Stivenson idi.
-Yazıçılar nə etməlidir, yalnız bacardıqlarınımı yazmalıdır?
-Yazıçılar nəyi bacarırsa, onu yazmalıdır. Yazmaq bir fiziki akt kimi bir məqsəd güdür birinin daxili dünyasını mümkün ən təsirli bir yolla digərinə göstərmək. Bu proses zamanı yazar bir neçə ədəbi texnika haqqında düşünür – struktur, forma, janr, klassik tragediyanın qaydaları. Bunlar işin texniki tərəfidir və yazar bu mərhələdə özünü ifadə sərbəstliyi hiss edir. Digər tərəfdən burada həm də dini, etik, fəlsəfi bir sıra sosial məhdudiyyətlər və siyasi məsuliyyətlər var. Bunlar birbaşa mətnə yerləşdirilə, köçürülə bilməz, mütləq filtrlənməlidir. Yazıçı özü nəyin öhdəsindən gələ bilirsə, özünün nələri aşmağa, nəyi necə yaşamağa gücü çatır, bacarırsa, onu yazmalıdır.
-"Henri Ceyms tərəfindən yazılmış bir hekayənin müəllifi mən olmaq istərdim” demisiniz? Başqaları da varmı bu siyahıda?
-Hə, "The Jolly Corner” hekayəsini demişdim. Onu demişəmsə, onda indi dəyişirəm, Adelbert Çamissonun "Piter Sçlemihl” hekayəsi mənim olsun istərdim.
-Ceyms Coys və ya başqa modernistlərdən təsirlənmisinizmi?
-Mənim yazıçım Kafka, ən sevdiyim hekayə isə "Amerika”-dır.
-Belə məlum olur ki, özünüzü italiyan yazarladan çox Konrad, Ceyms, Stivenson kimi ingilis və ya ingilisdilli yazarlara daha yaxın hiss edirsiniz.
-Giakomo Leopardi ilə həmişə yaxın hiss etmişəm. Parlaq bir şair olmaqla yanaşı, o həm də yumoru, təxəyyülü, hikməti bir neçə sətirdə birləşdirərək təkrarsız bir tərz yaratmış qeyri-adi yazardır.
-Hekayələrin Amerikada necə bir yol keçdi?
-"Görünməz şəhərlər”- Birləşmiş Ştatlarda bu qədər sevilməsi təəccüblü idi, çünki bu kitab elə asan başa gəlmiş kitablardan deyildi. "İtaliya Xalq Nağılları” orada maraqla qarşılanan və uğurlu satılan digər bir kitabdır. İtaliyada nəşr olunduqdan 25 il sonra o ingilis dilinə tərcümə olundu və məncə, ən yaxşı ictimai dəstəyi də elə o qazandı.
-Heç darıxdığınız olubmu?
-Hə, uşaqlığımda. Amma onu da deməliyəm ki, uşaqların darıxmağı və ya bezməyi xüsusi növ bir darıxmaqdır. Bu darıxmaq halı əsasən xəyallarla, başqa yerlərdə qurulan həyatlarla, başqa bir real dünyada yaşamaq hissi ilə doludur. Yaşlılıqda darıxmaq da mənasızdır – indi darıxanda da elədiyim şeylər təkrar şeylərdir, qeyri-adi nəyinsə olmayacağını anlamaq özü də adamı sıxır. Həm də darıxmağa elə çox vaxt olmur.