Jalə. Heykəlin içindəki (HEKAYƏ)

Jalə. Heykəlin içindəki (HEKAYƏ)

- Vaxtında Bakıda bir xaraba alsaydı, indi çöllərə düşməzdik...
Yenə qardaşımdı. Yenə atamın qarasına deyinir. Mən yenə gülümsəyirəm onun deyinməsinə. Yola verməyə çalışıram. Əsəblərimiz ayaq üstdədi. Biz yenə köçürük. Kirayə ev dəyişməkdən birtəhər olmuşuq. Bunun çox əyləncəli tərəfləri də var, düzdü. Amma yeni yerə öyrəşənə qədər də bizimki bizə dəyir. Əslində, yalnız mən beləyəm. Qardaşımçünsə qonşusunda qəşəng qızlar olan hər yer cənnətdi. Sənətkar olub mənimçün.

...İndi dördüncü mərtəbədə yaşayacaqdıq. Bu mərtəbədə liftin qapısını bağlayıblar. Buna görə də qardaşımın deyinməsi daha böyük vüsət almışdı. Axşama kimi 3-4 dostuyla bərabər ancaq ki, əşyaları daşıyıb qurtardı. Mən də yerbəyer elədim birtəhər. Mən də deyinirdim. Hər şeyi bir-birinə qarışdırmışdılar. Boşqablar pal-paltarın içindən çıxırdı, ayaqqabılar taykeş düşmüşdü. Kitablarımın taleyi isə daha acınacaqlı idi – onların bəziləri xörək yağına bulaşmışdı və mən hirsimdən illik deyinmək planını doldurmaqdaydım.

Gecə 12-də mətbəxdə çay içməyə otura bildik axır ki. Qardaşım son qurtumunu alıb ayağa durdu:

- Mən düşüm uşaqların yanına, gələcəm, sən yat.
- Ona görə evi buradan tapdın ki, kefin istəyəndə gedib avaraları görəsən də. İstəyirsən, heç gəlmə.

Mən də belə dedim. Qardaşım yəqin ki, son sözlərimi eşitmədi. Evdən çıxmışdı artıq.

Çayımı içib qurtardım. Eyvana çıxdım. Gözəl yay gecəsi idi. Ulduzlar dənə-dənə görünürdülər. Sabah yenə isti olacaqdı. Gecənin ən böyük əsrarəngizliyi ağcaqanadın olmaması idi. Aşağı eyvandan televizorun səsi gəlirdi. Düşündüm ki, belə gecəni televizora həsr eləmək axmaqlıqdı. Amma təzə qonşularımı axmaq saymaq kimi tələsik qərar vermək istəməyib fikrimdə möhkəmlənmədən mətbəxə qayıtmaq istədim. Ayağım böyük, qara yeşiyə ilişdi. Evi təmizləyəndə topladığımız zibilləri yığmışdıq bu yeşiyə. Qonşuların eşidəcəyindən ehtiyatlanmayıb ucadan deyindim. Qardaşımın qarasına. "Bunu niyə burada atıb gedib e? Canı çıxır bir işi görənə qədər”-filan deyib, yeşiyə bir təpik vurdum. Yeşik aşdı. İçindəki qırıq stəkanlar, paslı qaşıqlar, taxta parçaları, oboy cırıqları yerə töküldü. Ardınca da bir tualet kağızı rulonu diyirlənib eyvanın qaranlıq küncündə görünməz oldu. Deyinə-deyinə (bu gün mənimki deyinməkdən gəlmişdi) əşyaları yenidən yeşiyə doldurdum. Əlimi atıb rulonu da tapdım, onu da yeşiyə atmaq istədim, amma dayandım. Fikirləşdim ki, lazım olar. Təzəydi.

Mətbəxə keçib rulonu masanın üstünə qoydum. Bir fincan da çay süzdüm. Divanda oturdum. Nə televizor, nə radio, nə kitab! Yalnız gecəni dinləmək istəyirdim. Mənim belə axmaq romantizmim tutur arada. Gözlərimi yumub-açdım, açıb-yumdum. Bunun romantizmə bir dəxli olmasa da, arada belə eləməyi sevirəm. Sevimli fincanımı götürüb çaydan bir qurtum aldım. Qardaşım söz verib ki, mən öləndə bu fincanı mənimlə bir qəbrə qoyacaq, əbədi olaraq ayrılmayaq deyə. Tavana, divarlara, soyuducuya baxdım, dəm çaynikinin naxışlarını yeni aldığım köynəyin naxışlarına oxşatdım, gülümsədim. Mətbəxdə hər yeri gəzəndən sonra nəzərlərim masanın üstündəki rulona ilişib qaldı. Qəribə tərzdə qabarıq görünürdü. Fincanı masanın üstünə qoyub rulonu götürdüm. Açmağa başladım və...gözlərimə inanmadım. Rulona yazılar yazılmışdı!

Anlamaq çətin olmadı – bu, gündəlik idi. Gah səliqəli, gah da qarmaqarışıq xətlə yazılmış gündəlik. Rulonu ehtiyatla, qədim əlyazma tapıbmışam kimi yavaş-yavaş açdım. Son yazılar təzə idi. Çox güman ki, bizdən əvvəlki kirayənişin yazmışdı. Öz-özümə güldüm. Bircə tualet kağızına gündəlik yazmaq qalmışdı, onu da yazdılar, onu da gördüm. İndi də şübhəsiz ki, oxuyacaqdım onu. Heç utanmayacaqdım da başqasının gündəliyini oxuduğuma görə. Divanda yerimi rahatladım. Böyük bir sirr öyrənəcəkmişəm kimi oxumağa başladım. Bəri başdan deyim ki, çox qəribə duyğuydu tualet kağızında gündəlik oxumaq.

Yazılar üç rəngdə yazılmışdı – qırmızı, yaşıl, qara. Qara yazılar daha səliqəli idi, qırmızılar aqressiv tonda yazılmışdı, yaşıl yazılarda isə sözlər qısa-qısa qeyd olunmuşdu. Stenoqrafçılıq da gəldi başıma. Əlaqəsiz, oxunası halda olmayan yazılar da çox idi. Son yazı mayın 20-də yazılmışdı. Qara qələmlə.

"20 may, səhər-səhər, qəti qərar qəbul eləmişəm.
Budey, Orxan Pamuk, məşhurdu deyə sevgilisindən hamı xəbər tutdu. Sadə bir kişi olsaydı, vurmuşdu indi hind sevgilisini qoltuğuna, dünyanın bütün kitab sərgilərini gəzmişdi. İndi yazıq ayağını yan ata bilmir. Hələ bu biri. Mayamidə bir nazirimiz villa alıb. Nazir olmasaydı, aldığını heç kim bilməyəcəkdi, Alla da onu tanımayacaqdı. Odur ki, mənim məşhur olmaq istəyimə bir quş. Lazım deyil.

20 may, gecə
Həmişə düşünmüşəm ki, dünyada fransızca ən gözəl danışan adam Patrisia Kassdır, fransızcanın ən gözəl eşidildiyi yer onun mahnılarıdı...ən gözəl aktrisa isə Şəfiqə Məmmədovadır. Etiraz istəmirəm, mən belə düşünürəm!

1 may, mənim günümdü, zəhmətkeşəm axı
Amma ən zəhmətkeş adamlar süpürgəçilərdir. Onları sevirəm. Birdən elə istəyirəm ki, alam əllərindən süpürgəni, ömrümdə heç olmasa bircə dəfə bu şəhərin küçələrinə süpürgə çəkəm. Heç olmasa bircə dəfə... Sabah heç kim şəhəri abıra salan süpürgəçilərdən birinin belə adını bilməyəcək, amma şəhəri bərbad edən icra başçılarını hamı xatırlayacaq. "Güləhmədovun vaxtında bu küçədə 3 dükan vardı” ya da "Allahverdiyev buranı satanda mənim yadımdadı, 9-da oxuyurdum” yaxud da "Abutalıbovun sonuncu fəvvarəsi açılan günüydü də sənə evlənmək təklif eləmişdim bulvarda”. Amma heç kim deməyəcək ki, Sona xalanın Elmlərin ətrafını süpürdüyü illərdə universitetdə oxumuşam...Alçaq dünyadı bu dünya...

Bir aprel gecəsi
Bu gün üç-dörd lətifə göndəriblər mənə. O qədər gülmüşəm ki. Guya Adəm gündəliyində belə yazıbmış ki, əziz gündəlik, bir alma, sadəcə bir alma. Bir almacan blatım olmadı yəni? Gülməkdən ölmüşdüm. Yazıq düz deyir də. Bəlkə düz demir?”

Rulon yəqin ki, ona cavab verə bilməmişdi. Qəribəydi, niyə qırmızı yazılmışdı bu qeyd, dünyanı söyəndə isə qara? Arada rulonun özü haqqında da fikirlər vardı. Özü də qıpqırmızı rəngdə. Məsələn, bu ilin aprel ayının son günündə yazılmışdı:
”Bura bax, sənnənəm. Bir də mən yazan yerdə cırılsan, aparıb qoyacam səni tualetə. Bilirsən də orada sənin başına nə oyun gələcək? Özünü yaxşı apar, məni cin atına mindirmə!

25 aprel, günorta, naharım ləzzətli olub, kartof qızartmışdım.
"Qudurmuş it adamı dişləyir, adam da qudurur. Onda iti nə dişləyib qudurdur bəs? Axı bütün qudurmuş adamların hamısını heç də it dişləmir. Demək, it yeganə qudurmaq mənbəyi deyil”.

Bu yaşıl yazının birinci cümləsi qısa variantda belə idi: "Qud. it ad. diş. adam da qud.” Lap ingilis dilinə oxşayırdı. Gülümsəmişdim – adam da qud.

"İsti aprel günü
Boğazım cırıldı bu gün qışqırmaqdan. İt uşağı oynaya bilmir də bu andırı. Nə qədər uduzmaq olar? Hələ qonşularım! Elə bil kişi deyillər, eyvana çıxıb mənə qışqırırlar ki, nə səs-küy salmısan? Elə bizim futbola oxşayır bədbəxtlər – çox mənasızdılar!

Bu günə tarix qoymuram. Çünki nənələri hər gün xatırlamaq mümkündü.
Nənəm yadıma düşüb. Ən böyük arzusu məni televizorda görmək idi. Ürəyimdə qalıb nəsə. Bəlkə çıxım televizora? Cəhənnəm olsun, canımı dişimə tutub meyxana yarışmasına gedərəm, deyərəm ki, ölüsüyəm bunun, çırtma da çalaram. Düz qabaqda oturdarlar, krupnı planla da göstərərlər məni. Nənəm mütləq görəcək. Ruhların evlərə gəldiyinə inanıram.

Aprelin 1-i.
Bu gün heç kim məni aldada bilmədi! Səhər tezdən bütün fikrimi toplayıb getmişdim işə. Nə dedilər, inanmadım. Amma şöbə müdirini hirsləndirdim. Sən demə, həqiqətən çağırtdırıbmış məni.

30 mart
Fikir vermişəm, mənim mindiyim avtobusun sürücüsü başqa avtobus sürücüləriylə davada həmişə haqlı olur. Bu mənim xoşuma gəlir. Düşünürəm ki, mənim ayağımdandı, yanında olduğum hər kəs haqlı çıxır. Amma niyə mən minən avtobuslar mütləq benzin doldurmağa dönür, hələ bunun sirrini aça bilməmişəm.

27 mart
Nar çiçəyinin zərifliyini şairlər çox tərifləyiblər. Onların təriflədiyinə görə yox a, amma mənim də xoşum gəlir nar çiçəyindən. Elə narın özündən də. Şirəsindən də. Heyf ki, nar gec çiçəkləyir. Nəsə, o, çiçəkləyəndə mən işdə oluram həmişə. Çox istəyirəm ki, narın çiçəklədiyini öz gözlərimlə görüm. Heç cür qismət olmur. Çiçəkləyən kimi də həyətdəki uşaqlar yolurlar...”

Nar çiçəkləri haqqında da qırmızı yazılmışdı. Aqressivlik yox idi bu dəfə. Yəqin onların rənginə görə seçilmişdi bu qələm. Aprelin 1-nin nə gün olduğunu bilməsəydim, qısa-qısa yazılmış yazının üstündən də keçəcəkdim yəqin ki. Axı mən nə bilim "am. şö. müd. hir.” nədi?

"25 mart
Biz hər şeyə gənckən nail olmağa çalışırıq. Amma istədik, istəmədik, söz sahibi olmaq üçün mütləq qocalmaq lazımdı. Gəncləri heç kim dinləmir. Nə qədər ağıllı söz desələr də. Mənim şöbə müdirim özünü ağıllı saydı, durdu getdi yeni təklif haqqında bəri başdan direktora dedi. Direktorun da xoşuna gəldi, eləmədi tənbəllik, çökdü bunun boğazına ki, tez ol, bu layihəni işlə  ver. Həm də bir həftənin içində. İndi müdir 3 gündü arvadının üzünə həsrətdi. Hələ 3-4 gün də həsrət qalacaq. Düşüb qalıb işdə. Özü də təkbaşına. Axı mən ona dedim ki, qalsın bayramdan sonraya. Bir həftə dincələk, gələk, sonra deyərik. Sözümü eşitsinlər deyə qocalmalıyam da mən...

15 mart, deyirlər bayrama az qalır...hansı bayrama?
Əslində hər şey sadədi - ürəyinin səsini eşidəcəksən, nə əmr eləsə, yerinə yetirəcəksən. Problem sadəcə ürəklə başın qarşılıqlı münasibətlərinin pozulması zamanı baş verir. İndi ürəyim deyir ki, nəyin var, sat-sov, bir tapança al, 5-6 güllə. Çıx qabaqlarına, çax başlarına gülləni. Sonra nə olur, olsun. Za to, millətin canı qurtaracaq bu oğraşlardan. Amma baş ürəyi qısnayıb qabırğaya, deyir, ə, axmaq, nə kefin durub? Necə yəni, sonra nə olur, olsun? Bilmirsən guya sonra nə olur? Dalını dağıdarlar e. Ürək də deyir ki, ay-hay, onsuz da mənim dalım yoxdu, iki qulaqcıqdı, iki mədəcik... Onların davası məni məhv edir...tükənmişəm artıq...”

Kimi atmaq istəyirdi adam? Niyə bu yazı üç rəngdə yazılmışdı? Öldürmək istəyib öldürməyi bacarmamağın simvolu idi bu üç rəng. Ürəklə beynin çarpışması, hər şeyə tüpürmək yanğısının və eyni zamanda qorxu hissinin sintezi idi bu.

"1 mart, eşşək kimi darıxıram
Azərbaycan çox balaca ölkədi e. Adam Amerikadan, Rusiyadan əsərlər oxuyanda ləzzət eləyir.  Qəhrəmanlar başqa şəhərlərə köçürlər, həyata yenidən başlayırlar. Bizdəsə Bakıdan başqa şəhərə köçmək daha dərin ətalətə, həyatın lap dibinə düşmək deməkdi. Burada bir insanın manevr imkanları çox azdı. Bu ölkədə ancaq öz içinə səyahət edə bilərsən, onda da heç nə dəyişmir. Nə var e içimizdə guya? Bir az sevgi, yiyəsi yoxdu, avara-avara gəzir ortalıqda, bir az nifrət, yiyəsi çoxdu, aralarında bölə bilmirəm, balacana mərhəmət, o da elə axırımıza çıxan Əzrayılın başqa adıdı...

23 fevral
Üşüməkdən xoşum gəlir, üşütməkdən yox. Qaçmaqdan xoşum gəlir, qaçırtmaqdan yox. Ağlamağı sevirəm, ağlatmağı deyil. Amma nəsə çox vaxt sevmədiklərim baş verir. Xəstələnib işə çıxmamış laborant qızla guya zarafat elədim. Zəng eləyib dedim ki, müdir təcili səni çağırtdırır. Bu da inanıb. Qızdırmalı-qızdırmalı durub gəlib işə. İçəri necə hövlnak girdisə, elə bildim "Gənclik”dən bura qaça-qaça gəlib. Zarafat elədiyimi dedim. Oturub zır-zır ağladı. Çox pərt olmuşdum”.

14 fevral
Qəribə gündü bu gün. Çox qəribə. Olduqca qəribə.

10 fevral
Çörəksatan qadının gözləri başqa aləmdi. Görəsən, özü bilir? Pis başa düşməyə, bütün gün oturaram yanında, onun gözlərinə baxaram. Satdığı çörəklərə belə sevgi qarışıq təəccüblə baxır. Özü də bu yaşda. Ümumiyyətlə, var belə qadınlar. Bütün halları ilə "Məni sev!” deyir qarşısına çıxana”.

Yazan kişiydi, yoxsa qadın? Bir qadın başqa bir qadının gözlərinə baxmaq istərdimi? Bir kişi eşşək kimi darıxa bilərdimi heç?

"8 fevral, gecəyarı
Bu gün xoşbəxtlik haqqında çox düşünmüşəm nəsə. Bir nəticəyə gələ bilmədim amma. Nədi e bu? Gərək direktorumuzun məsləhətinə qulaq asam. O, həmişə bizi danlayıb deyir ki, nisbi şeylər barədə düşünməyin. O, əsasən pulu nəzərdə tutub deyir bunu. Ona görə, nisbi olmayan 1-2 şeyin tən ortasında hesabatı vaxtında hazırlayıb vermək durur. Axmaq kişidi. Xoşbəxtlik hara, hesabat hara. Bəlkə ömrün sonunda haqq-hesab ediləcək gözəl günlərin cəmidi xoşbəxtlik? Onda işimiz asan olacaq. Onsuz da belə günlərin sayı azdı...

5 fevral
Bu gün hava əlindən gələni elədi ki, ondan zəhləm getsin. İstədiyinə çatdı nəhayət. Murdar!”.

...Bir də başımı qaldırdım ki, dördün yarısıdır. 3 saat idi ki, oxuyurdum. Artıq əmin idim ki, bu adamı tanımaq istəyirəm. Rulonu oxuduqca səliqəylə yumrulayıb bükmüşdüm. İndi gündəliyin ortasına çatmışdım. Başladığı tarixə doğru gedirdim. Niyə başlamışdı, necə, nə vaxt. Mənimçün çox maraqlı idi. Düz ortada belə bir qeyd vardı:

"Bilirsən niyə sənə yazıram? Hmm, yox, qoy, deməyim. Qoy, bir sirrim qalsın da. Elə bir sirr ki, heç sənə də yazmayacam. Heç kimə deməyəcəm. Özümə də. İncimirsən ki? Sən məndən inciməzsən. Mənə elə gəlir ki, sirr açdıqlarımız bizdən inciyə bilmirlər heç vaxt. Onlara sirr deyib onları özümüzə borclu salırıq. Onları öz sirrimizə şərik etməklə özümüzə qarşı mərhəmətli edirik. Ona görə də heç kimə sirr vermirəm...mərhəmət istəmirəm mən – ya sevgi, ya nifrət!”.

Fikirləşdim ki, maklerdən ya da ev sahibindən tapmaq olar bu adamın koordinatlarını. Amma... bu həyətdə nar kolu yoxdu! Eyvana qaçdım. Dörd tərəfə baxdım. Yox idi. Yadıma salmağa çalışdım. Gündüz də gəlmişdim bura. Yoxdu burada nar kolu. Bəlkə başqa evdə yazıb? Həyətdəki çörək köşkü öz sehrini itirdi mənimçün o dəqiqə. Amma tarixlər təzəydi axı.

Sonra bunu fikirləşməkdən vaz keçdim. Nə dəxli var hansı həyətdə? Bunlar bu şəhərin istənilən həyətində yazıla bilərdi. Lap elə xəyaldakı həyətdə. "Daha bəsdi, yatmaq vaxtıdı” düşündüm...

Qardaşım hələ gəlməmişdi. Yəqin ki, artıq gəlməyəcəkdi. Çox avara uşaqdı. Bilir ki, ata-anasına deməyəcəm. Uşaq deyəndə ki, tələbədi qardaşım, heykəltaraşlığın sonuncu kursunda oxuyur. Ümid edirəm ki, bəlkə nə vaxtsa normal bir heykəltaraş oldu. Amma hələlik xalturayla məşğuldu. Tapşırıqları başdansovdu düzəldib atır üstlərinə. Sonra da əminliklə bəyan edir ki, onlara bu da çoxdu. Dərs keçirlər ki, adama? Onunla deyişmək mənasız işdi. Bildiyini bəy olmayan babasına vermir. Ev də həmişə plastilin, palçıq, gil, gips, yarımçıq heykəl, büstlə dolu olur. Mən bütün bu pintiliyə onun işıqlı gələcəyi naminə dözürəm. Hər şey bir yana, mən onu çox, lap çox istəyirəm axı. O da məni. Amma öldürsən də, boynuna almaz.

Mən rulonu şkafda gizlətdim. Kitablarımın arxasına qoydum. Üstünə də bir-iki qəzet atdım. Bu kitablara məndən başqa toxunan yoxdu onsuz da. Rulondan arxayın olub qarışıq hisslər altında yatağıma girdim. Yuxuda heç nə görmədim.

Səhər gec oyandım. Çay belə içmədən işə qaçdım. Saçımı liftdə daradım. Qısa saçda bir xeyir var. İşdə hər şey elə həmişəki kimi idi. Həmişəki kimi olmayan bircə məniydim. Bütün fikrim gündəliyin yanında qalmışdı. Halımı görən qızlar hətta təzə qonşularımdan birinə aşiq olduğumu da söylədilər. Bir gecədəmi? "Bunun adı sevgidi e, sevgi” – deyib, güldülər mənə. Adam axtarırlar məzələnməyə. Mənsə tez evə qayıdıb rulonu başa çatdırmaq istəyirdim. İş vaxtı bitər-bitməz güllə kimi otaqdan çıxdım. Evə girəndə qardaşımın fit səsini eşitdim. Allah bilir, nə vaxt gəlib evə. Otağa keçəndə son günlər başa çatdırmaqda olduğu metr yarımlıq heykələ yırtıq-yamaq vurduğunu gördüm. Otaq yenə it günündə idi. Mütləq dava salacaqdım. Amma gördüyüm mənzərə məni susdurdu!

Qardaşım tualet kağızını heykəlin paçasına soxmuşdu. Mən bəlkə də gizli infarkt keçirmişəm o vaxtdan, xəbərim yoxdu. Qışqırmaq, dalaşmaq, söymək...hər şey çox gücsüz idi artıq. Rulon qoyulmuş, üstündən də gips vurulub son suvaq işi görülməkdəydi. Qardaşım özündən razı halda gipsli əllərini mənim milyon dəfəli etirazlarıma baxmayaraq davam edən adətilə yaxasına sildi:

-    Görürsən? Şedevrdi e! Müsibət heykəl çıxıb.
-    Ora soxduğun nəydi?

Qardaşım süni təəccüblə:

-    Hara? – dedi.
-    Ora...
-    Həə, ora... Ora boş qalsa heykəl tez dağılar e, dəli. Heykəlin içini mütləq doldurmaq lazımdı. Eeee, sən nə bilirsən heykəltaraşlıq nədi.
-    Rulonu niyə ora dürtmüsən axı? – nəfəsim tutulurdu.
-    Sən fəlsəfədən həmişə axsamısan.

Qardaşım növbəti məruzəsinə başlamaqdaydı yenə. Ədası da yerində.

-    Əşyalar həmişə təyinatı üzrə istifadə oluna bilməz. Başa düşürsən? Belə maraqsızdı. Ona görə onların yerini arada dəyişmək lazımdır. Məsələn, tualet kağızını heykəlin içinə soxmaq. Ya da nəlbəkini külqabı kimi işlətmək. Ya da səsini tanımasın deyə, paltar sancağını burnuna keçirib köhnə sevgilinə zəng eləmək.

Qardaşımın kefi kök idi. İndi də sürrealizm xırdalayırdı mənə. Mənimsə diqqətim artıq gipsin altında qalmış rulonda idi. Mənə elə gəlirdi ki, o, nəfəs ala bilmir orada.

-    Yaxşı da. Sənə düz 5 dənə rulon gətirəcəm. Qoy, bunun pulunu alım. Hələ sənə adam arıqladan çay da alacam, içəsən. Pəhrizlər öldürəcək səni.

O, dayanmadan gülürdü. Mən kövrəlmişdim.

-    Ağlına başqa şey gəlmədi? O rulonu haradan tapıb soxdun ora?
-    Sənin şkafından.
-    Mənim şkafımda nə ölümün vardı?
-    Bacım deyilsən? Sənin şkafın, mənim şkafım, nə fərqi var? Sən ondansa sənəti qiymətləndir e. Çıxart qardaşına bir şax onluq ver heç olmasa, getsin pivələsin. Heykəlin pulunu alan kimi qaytaracam.

Yalan deyirdi yenə. O, heç vaxt məndən aldığı pulu qaytarmır. Mən heykələ yaxınlaşıb əlimi onun paçasına sürtdüm. Rulonun vəziyyətini təsəvvür eləmək istəyirdim. Başımı bulayıb qardaşımın üzünə baxdım. O, çox xoşbəxt idi. Mən onun xoşbəxtliyinə necə qıyım axı? Heç nə deyə bilmədim ona. Osa danışırdı elə:

-    Bəxtim gətirir, baculya. Düz 2 dənə də sifarişim var. Varlanacam. Bilirsən bu pulları neyləyəcəm?
-    Neyləyəcəksən? – mən özümə gəlməyə çalışırdım.
-    Tap görüm. Ağlına da gəlməz. Özümə fotostudiya açacam!
-    ...
-    Sonra da ver, Allahım, ver. Modellər, ulduzlar, şəhərin bütün maskaları başıma yığışacaq. Hamısı gəlib mənim studyamda şəkil çəkdirəcək. O "Bərksürən”in klipindəki qız var ha -  yavru, onu gətirib çəkəcəm fotosessiyalarda.
-    Yaxşı plandı.
-    Nə yaxşı? Əladı.
-    Sən gərək o rulonu ora qoymayaydın.
-    Dəlidi e. Onun içinə baxan kimdi ki? O elə qaldı onun içində. Düüz bu heykəli yıxıb dağıdana qədər. O vaxta kimi də mən sağ qalmayacam. Bu heykəlin yıxıldığı günü sən yox e, heç mən də görməyəcəm. Ona görə də əlimə gələni doldurmuşam içinə. Köhnə oboylar vardı ha, özünü öldürürdün ki, apar tulla, zibildi, zibildi, bax, onlar da bunun içindədi. Millətə gözəl görüntü lazımdı, onu da eləmişəm. Nə dəxli var gözəlin içindəki nədi?!
-    ...sən gərək o rulonu ora qoymayaydın...
-    Bəsdi də. Kayfımı öldürmə. Hələ bunu rəngləyim, gör, nə müsibət olacaq.

Qardaşım yenə həvəslə heykəlinə baxmağa başladı. Yavaşca divanda oturdum.

-    Bu heykəli harada qoyacaqlar? – rulonun gələcəyi haqqında bilmək istəyirdim.
-    Bilmirəm. Nəsə bir idarə müdiri sifariş eləyib. Uşaqlar aparacaq.
-    Dəqiq öyrən yerini.
-    Yaxşı. Neynirsən e? İstəyirsən, qardaşın sənə bundan da yaxşısını düzəltsin. Əlin cibində olsun, no problem.

Onda həmişə xüsusi həvəs olub məndən pul çəkməyə.

-    Neynirəm mən heykəli?
-    Qoy evə, ya da işdə otağına qoy. Bəlkə qabağa getdin də.

Ucadan güldü. Mən ömrümdə belə istedadlı və vecsiz adam görməmişəm. Amma heykəl doğrudan da yaxşı çıxmışdı. Oxşayırdı. Qızılı rəngdə olacaqdı. Bir idarə müdirinin otağını bəzəyəcəkdi və heç kim də bilməyəcəkdi ki, heykəlin içində nə var. Bir ömür var, bir insan yaşantıları var. Bir də axı, kimi maraqlandırırdı bir insanın düşüncələri? Həm də tualet kağızına yazılmış...

-    O biri sifarişlər haradandı?
-    Biri bilirəm ki, zavod direktorudu, biri də restoram müdiri.
-    Restorana qoyacaq?
-    Əşii, hara qoyur, qoysun. Heykəl onundu, özü bilər. Mənim pulumu versin, tezliklə maskaları yığım başıma.
-    Maskalardan hələ heç kimə xeyir gəlməyib.
-    Sən nə bilirsən maska nədi? Nə özün maskasan, nə də maskalarla oturub-durursan.

Qəhqəhəsindən, deyəsən, heykəl də diksindi. Məni nəinki gözəl, hətta ortayaraşıqlı bir qız saymadığı təzə məsələ deyildi. Amma rəfiqələrimə haqsızlıq edirdi. Rəna da, Leyla da gözəl qızlardır. Bu heç. Mən rulonu oradan çıxara bilməzdimmi artıq?

-    Bu rulonu çıxart, mən sənə təzəsini alaram.
-    O dəqiqə görünür ki, piyadasan bu işdə. Görmürsən, day quruyub bu? Hara çıxır ordan? Elə pazlamamışam ki, onu.
-    Offf...

Qardaşım gəlib yanımda oturdu, boynumu qucaqlayıb təsəlli verməyə başladı:

-    Qocaldıqca hər şeyin fikrini eləyirsən. İndi də rulonun dərdi alıb səni. Olmaz axı belə.

Onun ironiyasına cavab verəcək halda deyildim.

-    Onun içindəki yazıları görmədin?
-    Nə yazı? Tualet kağızına yazı yazmışdın?

Xeyli güldü. Məni yumruqlamağa başladı.

-    Mən "qocalırsan” deyəndə xətrinə dəyir. Sən bilirsən ki, mənim yazı deyilən şeydən zəhləm gedir. Gör, necə zəhləm gedirsə, heç rulonda da görməmişəm. Dünyada ən mənasız iş yazı yazmaqdı.
-    Sən ki mesaj yazırsan gecə-gündüz.
-    Ooo, mesaj heç də. O, həyatın mənasıdı.
-    Çox mənalı həyatın var.
-    Nə yazmışdın ki, rulona?
-    Mən yazmamışdım.
-    Bəs kim?
-    Mən nə bilim? Kimsə yazmışdı. Maraqlı yazılar idi. Məhv elədin yenə hər şeyi.
-    Sən yaradanın qüdrətinə bir bax!

O, ayağa durub heykəlin yanında dayandı.

-    İndi o maraqlı, gözəl yazılar başqa bir gözəlliyin yaşamasına xidmət edəcək!
-    Gözünə girsin sənin gözəlliyin! Sən bu heykəldən min dənə də düzəldərsən. Amma o yazılar bir də yazılmayacaq!

Qardaşımın geri çəkilməklə arası yoxuydu.

-    Sən də vaxtında kserksini çıxaraydın da andırın... Özü də bu yazıların bir qiyməti olsaydı, burada atılıb qalmazdı...

Onun səsini artıq eyvanda eşidirdim. Çox hirsliydim. Bəlkə elə qəsdən qoyub gedib, hə? İstəyib ki, kimsə oxusun, onun fikirlərilə tanış olsun. Adamda oxunmaq istəyi yaranıb bəlkə? Bəlkə elə yadından çıxıb? Bəzən qaçaqaçda adamın yadından ən lazımlı şey çıxıb qalır haradasa...

Qardaşım fit çalırdı otaqda, mahnı oxuyurdu. Mən heykəlləri, osa yazını heç vaxt sevməyəcəkdik. Bu, artıq gün kimi aydın idi. Aşağı baxdım. Həyətin ömründən bir-birinə oxşayan günlərdən biri də getməkdəydi -  uşaqlar oynaşır, qadınlar yun çırpa-çırpa qeybətləşir, kişilər siqaret çəkirdilər. Çörəksatan qadın da köşkdən milçəkləri qovurdu. "Məni sev!” deyənə oxşamırdı heç. Birdən ağlıma gəldi ki, gələn yaza qədər burada qalsaq, həyətdə mütləq nar çubuqları əkəcəm. Təsəvvürümə gətirirəm, mənim vecsiz qardaşım nə qədər güləcək bu yeni ideyama. Onu başa salmaq çətin olacaq ki, bu şəhərdə heç olmasa bircə dənə ağac əkmək lazımdır...heç olmasa bircə dəfə süpürmək lazımdı onun küçələrini...

Ağlıma gələn başıma gəlsin deyə üzümü göyə tutmaq istəyirdim ki, qəfil sual başımı yarıyolda saxladı  – birdən sahibi gəlib gündəliyini istəsə, ona nə deyəcəm?

Qardaşımın evi başına götürmüş fit səsi işin altından çıxmaqla bağlı heç bir perspektiv vəd etmirdi...