Lalə. Şeirlər (İlk dəfə)

Lalə. Şeirlər (İlk dəfə)

ÖLÜM

Salam, ölüm, xoş gəlmisən.
Hara deyirsənsə keçək.
Yaman uzaq yol gəlmisən.
Otur bir az yeyək-içək.

Otur dərdləşək hər kimsən.
Qardaşsan, bacısan, nəsən?
Dərd deyirəm, ağlayırsan.
Özün ki ən böyük dərdsən.

Soruşursan hər ağrımı.
Hər ağrımı sənə verdim.
Mənə təsəlli verməyə,
Məndən can almağa gəldin.

Əlin əsir, dilin çaşır,
Sən özün də yorulmusan.
Bu qapıya gələnədək
Neçə-neçə can almısan.

Daşdan deyilmiş ürəyin.
Nəfəsin də gəlir, gedir....
Bir yol var ki, sənə gəlir.
Bir yol var ki səndən gedir.

Sən də danış o yollarda
Kimlər sənə yoldaş olub?
Soruşdunmu özlərindən
Ata olub, ana olub,
bacı olub, qardaş olub?

Üstün başın qandır elə
Hansı sənin öz qanındır?
Nə bilirsən öldürdüyün
Bəlkə elə öz atandır, öz anandır?

Bəlkə də heç kimin yoxdur.
Bəlkə bir yetim oğlansan.
Hər kim olursan ol, sənin
bir adın var, can alansan.

Gözlərini dikmə yerə.
Sən başını düz tut gülüm.
Hər ömrün ki bir sonu var.
Hər ömrün ki sonu ölüm.
Hər sonun başlanğıcı var
Ölüm..   ölüm..
ölüm..  ölüm...

GÖZLƏRİN DİLİ

Dilini zəncirləyib
Niyə baxırsan elə?
Mən gözlərin dilini
Öyrənməmişəm hələ.

Nə yaman asan imiş
Dildən dilə danışmaq.
Nə yaman çətin imiş
Göz dilində baxışmaq.

Yanağına yaş düşdü.
Yazmaqmıdır ağlamaq?
Kipriklərinmi qələm,
Yanaqlarınmı varaq?

Kaş ki mən də biləydim
Bu dili sənin kimi
Kaş baxaydı gözlərim
Sənin gözlərin kimi.

SUSMAQ QIZIL DEYİL

Susmaq qızıldır dedilər.
Aldandı insan oğlu.
Sükutundan boyunbağı düzəldib
Doladılar boynuna.
Inandı insan oğlu.

Xəbəri olmadı boğulmağından.
Susdu,
xəbəri olmadı
Danışanda dincəlməyindən,
Susanda yorulmağından.
Unutdu danışmağı.
Qızıl – qızıl zəncirlər
Sözlərinin ayağına dolandı.
Danışanda sözləri də yıxıldı.
Insan oğlu sözlərindən yıxıldı.
Sükutuna yıxıldı.
Qızıl – qızıl qəfəslərə yığıldı.`
Qızıla düşgün idin.
Susmaq qızıldır dedilər.
Zəif nöqtəni tapdılar, insan oğlu.
Susdurdular, cilovunu sıxdılar.
Mindilər, çapdılar insan oğlun.
Mənə də sus sus dedilər.
Nə yaxşı ki mən susmuram.
Nə yaxşı qızıl sevmirəm.
Nə yaxşı qızıl taxmıram.

MƏN EVDƏ OLMAYACAM

Bəsdir daha uzun çəkdi bu həsrət.
Aylar, illər üzümüzə şiniyir.
Sabah yığış,
yığış bizə qonaq gəl.
Gözümdə gözünün yeri göynüyür.
Ünvanımız köhnə ünvan,
Bilirsən.
Binamızı, qapımızı bilirsən.
Yollar üstə axtarmasın gözlərin.
Sən gəldiyin yol üstə durmayacam.
Məni ki, hamıdan yaxşı bilirsən.
Sən gələndə
Mən evdə olmayacam.
Bilirəm evlənmisən,yoldaşını
Götür gəl.
Bilirəm balan da var, balanı da
Götür gəl.
Evcik – evcik oynasın
Balan mənim balamla.
Yemək də var, çay da var.
Yoldaşın süfrə açar...
Sən oturub söhbət et, tanış ol
Yoldaşımla.
Mən evdə olmayacam.
Arada qalx ayağa,
Yoldaşından, yoldaşımdan xəlvəti
Gəz evin künc bucağın.
Axtar məni o evdə.
Qoxla əşyalarımı.
Donsun əlin – ayağın.
O iydən anlayarsan, necə özgələşmişəm
O iydən anlayarsan
Doğurdan dəyişmişəm.
Sən evimdə olanda
Mənim əşyalarımdan
Sən məni qoxlayanda
Mən evdə olmayacam.
Olmayacam deyirəm
Bir də axı nə bilim
Bəlkə evdə olacam
Olsam da düşünmə gəl.
Mən o mən olmayacam.